8
buna görə də o zaman xarici ölkələrlə əlaqəni öz inhisarı altına almış "Drujba" cəmiyyətinin xüsusi mükafatına
layiq görülmüşdü. 70-ci illərdə mərhum alimimiz Abbas Zamanov vasitəsilə öz vətəni
ilə də əlaqələr yaradan
Məmməd Məhərrəmov Azərbaycanın kitab fondlarına da bir sıra kitablar hədiyyə etmişdi. M. Məhərrəmov
1919-cu ilin aprelində İstanbuldan Parisə yola düşən Azərbaycan Nümayəndə Heyətinin həyatda qalan sonuncu
üzvü idi. Tale ona hətta Azərbaycanın yenidən öz istiqlalına qovuşduğunu görmək xoşbəxtliyini də nəsib
etmişdi. Uzun illər Fransada yaşayan, YUNESKO-nun əməkdaşı olan, diplomat Ramiz Abutalıbovun verdiyi
məlumata görə, Məmməd Məhərrəmov 1992-ci ildə Parisdə, 97 yaşında vəfat etmişdi.
Abbasbəy Atamalıbəyov haqqında məlumatlarımız çox azdır. Onun siyasi arenadan uzaqlaşmadığı
İkinci dünya müharibəsi illərindəki fəaliyyətindən aydın olur. 1942-ci ildə Almaniyada sovet hərbi əsirlərindən
milli legionlar təşkil olunarkən A. Atamalıbəyov da bu işdə yaxından iştirak etmişdi. O, Ə. Fətəlibəyli-
Düdənkinski və Fuad Əmircanla birlikdə Şərq Nazirliyinin yaratdığı "Əlaqə heyəti"nin (milli legionlarla iş
aparmaq üçün) tərkibinə daxil idi və burada SD birliklərindəki legionerləri təmsil edirdi. 20-30 - cu illərində
Azərbaycan siyasi mühacirləri arasındakı mövqe mübarizələrində A. Atamalıbəyovun M. Ə. Rəsulzadəyə
müxalifət mövqeyində dayandığı və mərkəz kimi Parisin seçilməsi ideyasına tərəfdar çıxdığı da məlumdur. SD
birlikləri ilə əməkdaşlıq etdiyinə görə İkinci dünya müharibəsi başa çatdıqdan sonra A. Atamalıbəyov Avropada
qalmaqdan ehtiyatlanmış və daha uzaqlara Çiliyə mühacirət etmişdi...
Bütünlükdə isə, Nümayəndə Heyəti fəal siyasətlə məşğul olan son üzvünü itirənə qədər siyasi arenadan
çəkilməmiş "Azərbaycan davasını" bacardığı qədər davam etdirmişdir.
Nümayəndə heyətinin sənədlərdə
yaşayan tarixi
Nümayəndə heyətinin sədri Ə. M. Topçübaşov əvvəlcə İstanbuldan, daha sonra isə Romadan və
Parisdən öz hökumətinə heyətin fəaliyyəti – apardığı danışıqlar,
keçirdiyi görüşlər, yeni yaranmış dövlətlərin
təmsilçiləri ilə fikir mübadilələri və s. barəsində ardıcıl məlumat verirdi. Kommunikasiya çətinliklərinə və
diplomatik poçtun olmamağına baxmayaraq, o, 1919-cu ilin mart-noyabr ayları ərzində Azərbaycan
Cümhuriyyətinin Nazirlər Şurasına 11 məlumat göndərmişdi. 4-5 mart tarixli birinci, 17-19 mart tarixli ikinci və
18 aprel tarixli üçüncü məlumatlar İstanbuldan, 4 may tarixli dördüncü məlumat Romadan, 15 may tarixli
beşinci, tarixi dəqiqləşdirilməyən altıncı, 8-10 iyun tarixli yeddinci, 8-9 iyul tarixli səkkizinci, 22-25 sentyabr
tarixli doqquzuncu, 6-10 noyabr tarixli onuncu, 29 noyabr -2 dekabr tarixli on birinci məlumatlar isə Parisdən
yola salınmışdır. Təəssüf ki, bu məlumatlardan yalnız yeddisi arxivlərdə mühafizə olunmuşdur. Sıra etibarilə
ikinci, dördüncü, beşinci və altıncı məlumatlar ya itirilmiş ya da Moskvaya aparılmışdır.
Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bu mühüm sənədlər ilk və sonuncu dəfə 1927-ci
ildə Bakıda, bolşevik tarixçi A. Rayevski tərəfindən "Musavatskoe pravitelstvo Azerbaydjanskoy Respubliki na
Versalskoy konferentsi" (mart-dekabr 1919 q.) adı altında ayrıca kitab şəklində çap edilmişdir. Tərtibçi mətnləri
olduğu kimi vermiş, lakin kitaba yazdığı əhatəli müqəddimədə onları öz dövrünün bolşevik tarixçiliyi ruhunda
təfsir etməyi də unutmamışdı. Başqa sözlə desək, bu gün bizim üçün dövlətçilik tariximizin mühüm sənədləri
olan bu nadir materiallar A. Rayevsinin təsəvvürünə görə, Azərbaycanı ingilis imperializminə satmaq
niyyətində olan bir ovuc müsavatçının intriqalarından başqa bir şey deyildi. Lakin siyasi mövqeyindən asılı
olmayaraq, həmin nəşr üçün A. Rayevskiyə minnətdar olmaq lazımdır. ümumiyyətlə, 20-30 - cu illərdə
Azərbaycan Cümhuriyyətinin tarixini təhrif etməklə onun liderlərinə, məqsəd və amallarına ləkə yaxmaq
məqsədilə yazılmış əsərlər indi nə qədər qəribə görünsə də, tarixi gerçəkliyi dərk etməyə və qiymətləndirməyə
yardım göstərir. Bu kitablar ən azı həmin sənədlərin həmişəlik itirilməsinin qarşısını almışdır.
Məlumatların əksəriyyətinin Parisdən göndərildiyini nəzərə alaraq, biz onların toplandığı bu kitabı
"Paris məktubları" adlandırmağı daha məqbul hesab etdik. Ə. M. Topçubaşovun İstanbuldan öz hökumətinə
göndərdiyi diplomatik məlumatların bir neçə il bundan əvvəl H. Həsənov və H. Paşayev tərəfindən
"Diplomatiçeskie besedı" adı altında ayrıca kitab şəklində çap olunduğunu yada salsaq, "Paris məktubları" ilə
Azərbaycan Cümhuriyyətinin diplomatiya tarixinin mühüm səhifələrini əks etdirən özünə-məxsus tarixi sənədli
dialogiyanın meydana çıxdığı aşkar olur.
Azərbaycan hökumətinə göndərilən məlumatların hamısı üzərində "President de la delegation de paix de
la Republique d'Azerbeidjan" ("Azərbaycan Respublikası Sülh nümayəndə heyətinin prezidenti") rəsmi ştampı
olan blankda yazılmışdır. hər bir məlumatın əvvəlində verilən qoşa tarixlər (məsələn, 17-19 mart) onun
başladığı və başa çatdırıldığı tarixi bildirir. Məlumat mətnlərinin bir hissəsi müxtəlif xətlərlə əllə yazılmış, bir
hissəsi isə makinada çap edilmişdir. Xətt müxtəlifliyinə baxmayaraq, məlumatların əvvəldən axıra kimi bir
nəfərin düşüncələrinin məhsulu olduğu şübhə doğurmur. Məlumat mətnləri ya bilavasitə Ə. M. Topçubaşovun
özü tərəfindən, ya da onun diktəsi altında yazılmışdır. Bu məlumatların üslubundan, təhkiyə tərzindən, habelə
birbaşa sədrin funksiyaları ilə bağlı məsələlərin ön plana çəkilməsindən də aydın seçilir. Ə. M. Topçubaşovun
müəllifliyi bu diplomatik sənədlərin ilk nəşri A. Rayevskidə də heç bir şübhə doğurmamışdır. Nəhayət, hər bir