4
Sədrin müavini - Məmməd Həsən Hacınski (1875-1931) Bakı realni məktəbində və Peterburq Yol
Mühəndisləri İnstitutunda təhsil almış, uzun müddət Bakı Dumasında tikinti işlərinə rəhbərlik etmişdi. Ə. M.
Topçubaşovla birlikdə İcraiyyə Komitəsinin rəhbərlərindən idi. "Müsavat"ın I qurultayında partiyanın MK üzvü
seçilmişdi. 1918-ci ildə Transqafqaz komissarlığında və Seymdə rəhbər vəzifələr tutmuşdu. F. Xoyskinin
qurduğu ilk hökumət kabinəsində xarici işlər, ikinci kabinədə isə maliyyə naziri vəzifələri ona həvalə edilmişdi.
Azərbaycan Parlamentinin üzvü idi.
Nümayəndə heyətinin üzvü - Əkbərağa Şeyxülislamov (1891-1961) İrəvan gimnaziyasını və Peterburq
Yol Mühəndisləri İnstitutunu bitirmişdi. Transqafqaz Seyminin üzvü, Transqafqaz hökumətində daxili işlər
nazirinin müavini olmuşdu. Siyasi fəaliyyətini "Hümmət" (menşevik) partiyasında davam etdirirdi. Azərbaycan
Cümhuriyyətinin qurulması haqqındakı İstiqlal Bəyannaməsini - Misaqi-Millini imzalayanlar içərisində Ə.
Şeyxülislamov da vardı. O. F. Xoyskinin qurduğu ilk hökumətdə torpaq və əmək naziri vəzifəsini tutmuşdu.
Parlamentdə sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin üzvü - Əhmədbəy Ağayev (Əhməd Ağaoğlu 1869-1939) tanınmış publisist və
ictimai xadim idi. Parisdə ali hüquq təhsili almışdı. "Həyat", "İrşad", "Tərəqqi" kimi qəzetlərin redaktoru olmuş,
XX əsrdə Azərbaycanda ilk milli siyasi partiya sayılan "Difai"ni qurmuşdu. 1909-cu ildə təqiblər üzündən
Türkiyəyə mühacirət etdikdən sonra burada "Gənc türklər"lə yaxınlaşmış, "Türk Yurdu" və "Türk ocağı"
təşkilatlarının qurucuları sırasında Yer almış, Türkiyə parlamentinə deputat seçilmişdi. 1918-ci ilin iyununda
Nuru Paşanın siyasi məsələlər üzrə müşaviri kimi Azərbaycana gəlmişdi. Azərbaycan Parlamentinin üzvü idi.
Lakin "İttihad və Tərəqqi" liderləri ilə yaxınlığına görə təqib olunan Ə. Ağayevin Parisə getməsinə imkan
verilməmişdi. O, ingilislər tərəfindən həbsə alınaraq Malta adasına sürgün olunmuşdu. Ə. M. Topçubaşovun
kömək cəhdləri boşa çıxmışdı.
Nümayəndə heyətinin məsləhətçisi Ceyhunbəy Haçıbəyli (1891-1962) Sorbonna universitetində və
Paris Siyasi Biliklər Məktəbində təhsil almışdı. Ehtiraslı publisist və gözəl musiqişünas idi. Azərbaycan
Cümhuriyyəti qurulduqdan sonra hökumət ofisiozunun - rus dilində çıxan "Azərbaycan" qəzetinin baş redaktoru
idi. Rusdilli Bakı və Qafqaz mətbuatında kəskin ictimai problemlərə, mədəniyyət və mənəviyyat məsələlərinə
həsr edilmiş onlarla məqaləsi çap olunmuşdu.
Nümayəndə heyətinin məsləhətçisi - Məhəmməd Məhərrəmov (1895-1992) İrəvan gimnaziyasını
bitirmiş, gənc yaşlarından İrəvan azərbaycanlılarının təmsilçilərindən biri kimi tanınmışdı. 1917-ci ilin
noyabrında Rusiya Müəssislər Məclisinə İrəvan quberniyasından nümayəndə seçilmişdi. Transqafqaz Seyminin
üzvü olmuş, 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayanlar içərisində yer almışdı. Azərbaycan
parlamentində sosialist fraksiyasını təmsil edirdi.
Nümayəndə heyətinin məsləhətçisi - Miryaqub Mirmehdiyev (?-?) ali təhsilli hüquqşünas idi.
Parlamentdə "İttihad" fraksiyasında təmsil olunmuşdu.
1919-cu ilin avqustunda Parlamentin sosialist fraksiyası Nümayəndə heyətinin tərkibindəki üzvləri
barəsində rotasiya qərarı çıxarmış və M. Məhərrəmovu əvəz etmək üçün Abbasbəy Atamalıbəyovu (?-?) Parisə
göndərmişdi. Lakin həmin dövrdə heyətin başqa bir üzvü - M. H. Hacınski artıq Azərbaycana qayıtdığından
həm M. Məhərrəmovun, həm də A. Atamalıbəyovun Parisdə qalmaları məqbul sayılmışdı. Həyat və fəaliyyəti
haqqında çox cüzi məlumat toplaya bildiyimiz A. Atamalıbəyov Nümayəndə heyətinin katibi vəzifəsini yerinə
yetirirdi.
Bundan başqa Nümayəndə heyətinin tərkibinə əməkdaşlar - Əlibəy Hüseynzadə (1864-1940), V.
Marçevski, katiblər - S. Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A. Qafarov (fransız dili), Q.
Qafarova (ingilis dili), H. Məmmədov (fransız və türk dilləri) daxil idilər. Rəşidbəy Topçubaşov sədrin şəxsi
katibi vəzifəsini yerinə yetirirdi. Ə. Ağaoğlu kimi Əlibəy Hüseynzadə də "İttihad və Tərəqqi" partiyası ilə
əməkdaşlıqda günahlandırılaraq "Antanta" dövlətləri tərəfindən Parisə buraxılmamışdı. Səfvət bəy Məlikov isə
Nümayəndə heyəti Parisə yola düşərkən Azərbaycanın İstanbul təmsilçisi kimi Türkiyədə qalmışdı.
Nümayəndə heyəti hələ İstanbulda ikən ciddi təşkilatlanmış və dəqiq iş bölgüsü aparmışdı. heyətin
tərkibində üç bölmə - siyasət və milli məsələlər, iqtisadiyyat və kommersiya, təbliğat və məlumat bölmələri
yaradılmış və üzvlər ixtisas və maraq səviyyələrinə uyğun şəkildə həmin bölmələrdə fəaliyyətə cəlb
olunmuşdular.
Bununla bir sırada Nümayəndə heyətinin hər bir üzvünün görəcəyi konkret iş, məsuliyyət daşıyacağı
sahə də müəyyənləşdirilmişdi. Ə. M. Topçubaşov siyasi məsələlər və memorandum hazırlanması üçün məsul
idi. O, həm də heyətin təşkilati işlərinə və maliyyə vəsaitinin xərclənməsinə nəzarət edirdi. Sədr müavini M. H.
Hacınski eyni zamanda həm də xəzinədar idi, o, iqtisadiyyat və maliyyə məsələlərinə rəhbərlik edir, Azərbaycan
hökuməti adından əcnəbi iş adamları və təşkilatlarla danışıqlar aparırdı. Ə. Şeyxülislamov daha çox sərhəd
məsələləri ilə məşğul olur, statistik göstəricilər, diaqramlar, xəritələr hazırlanması işini təşkil edir, nəhayət,
Nümayəndə heyətinin kitabxanasına baxırdı. M. Məhərrəmov xalq təsərrüfatı və əkinçilik sahələri üçün
məsuliyyət daşıyır, həm də protokolların Azərbaycan türkcəsində yazılmasına nəzarət edirdi. Ticarət və sənaye
ilə bağlı məsələlər üçün məsul olan M. Mehdiyevin vəzifələri sırasına maliyyə hesabatlarını yoxlamaq da daxil
idi. Ə. Ağaoğlu və C. Hacıbəyli isə daha çox informasiya və təbliğat məsələləri ilə məşğul olmalı, Fransa