ürəyimi əzən, sıxan düşüncələrimi şəhərdəki bir dostuma
məktub formasında yazım. Bu güclü hissin qarşısında davam
gətirə bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də
gördüm ki, hekayə yazıram. Növbəti gün də, ondan sonra da
belə oldu. Dalbadal 9 hekayə yazdım".
Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin
axırlarında atmağa başlamış İ. Əfəndiyev, bundan əvvəl bir
jurnalist, mətbuat işçisi kimi qələmini sınağa çəkmişdi.
Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq qalmış,
daha dəqiq desək, səhv işıqlandırılmış məsələlərdən biri də
İ.Əfəndiyevin ilk mətbu əsərinin nə vaxt çap olunmasıdır. Bu
məlumatın dəqiq olmamasının bir səbəbi də, müəyyən
mənada, yazıçının özü ilə əlaqədardır. Belə ki, 1938-ci ilin son
aylarından etibarən intensiv şəkildə yaradıcılığa başlamış
İ.Əfəndiyevin imzası dövri mətbuat səhifələrində tez-tez
görünməyə başlamışdır. Onun bir sıra məqalə, oçerk və
hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu.
Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında
yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı ilk
oçerki, "Bataqlıq saldatları" kinofilminə yazdığı ilk resenziyası,
"Aşağı mətbuata rəhbərliyi canlandırmalı" adlı ilk məqaləsi,
"Namuslu fəhlələrin sırasını çoxaltmalı", "Şərəf və iftixar işi"
adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə "Kommunist" və
"Ədəbiyyat qəzeti" də İ.Əfəndiyevin ilk yazılarına yer verirdi.
Yazıçının ilk mətbu hekayəsi olan "Berlində bir gecə" əsəri də
bu aylarda oxuculara çatdırılmışdır.
İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar yazır: "1939-cu ildə
"İnqilab və mədəniyyət" jurnalında "Gözlənilməyən sevgi" adlı
ilk hekayəm çıxdı. Bundan az sonra "Kənddən məktublar"
kitabım nəşr olundu." Bu qeyri-dəqiq məlumat yazıçının son
illərdə dərc etdirdiyi bir sıra yazılarında da verilmişdir. Və
yazıçının bu məlumatına əsaslanan jurnalist və
ədəbiyyatşünaslar da həmin səhvi təkrar etmişlər.
İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi"
əsərindən xeyli əvvəl, yazıçının bir sıra hekayə, oçerk və
məqalələri artıq respublika mətbuatında dərc olunmuşdur ki,
bu haqda yuxarıda danışılmışdır.
Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini
götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında
nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir.
Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını
məsləhət görür. Beləliklə də yazıçının "Kənddən məktublar"
adlı ilk kitabı işıq üzü görür.
İ. Əfəndiyev "Dostumuzu xatırlayarkən" adlı xatirələrində bu
haqda yazmışdır: "...hekayələri mərhum yazıçımız Əbülhəsənə
təqdim etdim. O, mənim təhər-töhürümə, ayağımdakı
uzunboğaz çəkmələrə baxaraq soruşdu: - Nəçisən ? Nəçi
olduğumu dedikdə o: - Əzizim,əzizim, – dedi – coğrafiya
müəllimi hara, yazıçılıq hara?.. Mən bu barədə bir söz
deməyərək soruşdum: - Hekayələrin cavabını nə vaxt ala
bilərəm? - Ünvanını qoy get, vaxt olanda oxuyub cavab
yazarıq. - Yox, -dedim, – xahiş edirəm mən rayona
qayıdanacan oxuyasınız ki, cavabını özümə deyəsiniz.
Soruşdu: - Rayona nə vaxt qayıdırsan? Dedim: - On gündən
sonra. - Əzizim, əzizim, on günəcən bunları oxuya bilmərəm.
Özü də əlyazmasında gətirmisən. Mən təkid elədim. O, mənim
əl çəkməyəcəyimi hiss eləyib: - Yaxşı, – dedi, – on gündən
sonra mənə dəyərsən. Bəlkə oxuya bildim. On gündən sonra
o, məni ayrı cür qarşıladı. Gülümsəyib soruşdu: - Əzizim,
əzizim, sənin hekayələrin hansı qəzet-jurnallarda çıxıb? – Heç
birində – dedim. – Bunlar mənim ilk hekayələrimdi, heç birini
də hələ çapa verməmişəm. - Doğrudan? Amma mənə elə
gəldi ki, sən çoxdan çap olunursan. Hekayələr yaxşıdı...yaxşıdı.
Xoşuma gəldi. Mən bizim sədrimizə də dedim. Gedək, o,
səninlə tanış olmaq istəyir... Əbülhəsən məni Əli Məmmədova
təqdim edərək dedi: – Hekayələri barədə sizə danışdığım
oğlan budur. Sədr gülümsəyib mənimlə əl tutdu. Haradan
olduğumu və sairə...öyrənib biləndən sonra Əbülhəsəndən
soruşdu: – Neçə hekayədi? - Doqquz,- deyə Əbülhəsən cavab
verdi. - Neçəsini çap etmək mümkündür? - Hamısını – deyə
Əbülhəsən qətiyyətlə cavab verdi. – Elə isə göndərin
Azərnəşrə, qoy kitab halında çap eləsinlər". Beləliklə də,
Əbülhəsən xeyirxahlıq edərək İ.Əfəndiyevin yaradıcılıq
yolunun başlanğıcında yaşıl işıq yandırmış oldu, "Kənddən
məktublar" adlı ilk kitabı İlyas Əfəndiyevə "ədəbiyyat
dünyasına", yazıçılar aləminə çıxmasına səlahiyyət verdi.
.Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun
yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə
qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz gənc yazıçı
İ.Əfəndiyev o vaxtlar Yazıçılar İttifaqında partkom işləyən
görkəmli yazıçı Əli Vəliyevlə tanış olur və onun köməyilə "Yeni
yol" qəzetində mədəniyyət və ədəbiyyat şöbəsində ədəbi işçi
vəzifəsinə işə düzəlir.
Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd
Vurğun kömək edir, "Əski Şərq" mehmanxanasında bir otaq
alır, yazıçı orada üç il yaşayır. Bakıda keçirdiyi ilk günləri yada
salan İlyas Əfəndiyev qeyd edir ki, rayonda o qədər zülm
çəkmişdik, o qədər təhqir olunmuşduq ki, burada adamlardan
kömək, hörmət, insani münasibət görəndə ürəyim kövrəlirdi.
Mənə elə gəlir ki, tamam yeni bir aləmə düşmüşəm. Demə səs
hüququndan məhrum edilmiş tacir oğluna da kömək, hörmət
olarmış...
Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə
olunmuş gənc yazıçı məhzuldar yaradıcılıqla məşğul olmağa
və ilk mətbu əsərlərini respublikanın dövri mətbuat
orqanlarında dərc etdirməyə başlayır.Yazıçı "Yeni yol" qəzeti
Dostları ilə paylaş: |