9
Ön söz
Hal-hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə
nisbətinin pozulmasıdır. Qeyd etmək lazımdır ki, hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş
ölkələrdə il ərzində iyirmi səkkiz milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində yüz səksən iki milyondur.
Hamiləliyin süni şəkildə pozulmasının müxtəlif səbəbləri vardır. Bəzi qadınlar ailə planlaşdırmalarında ikinci,
üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi iqtisadi və ya sosial səbəbləri
göstərirlər. Bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar.
Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən kişinin, qayınana və
qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi
cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Uşaqların cinsi nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti
düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək
düzgün olmazdı. Lakin təəssüflər olsun ki, bu proses bir çox hallarda müdaxilə nəticəsində baş verir.
Azərbaycan hökuməti digər sahələrdə olduğu kimi, bu istiqamətdə də milli qanunvericilik bazasına
malikdir. Azərbaycan dövləti Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” Konvensiyasına
qoşulmuşdur. “Əhalinin sağlamlığının qorunması” haqqında Qanun qəbul olunmuşdur. Hazırda isə
“Reproduktiv sağlamlıq”haqqında Qanun müzakirə edilir. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində
hamiləliyin süni surətdə pozulması üçün xüsusi məsüliyyət müəyyən edilmişdir.
Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə
xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə
planlaşdırılması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması və s.) bağlı
maarifləndirmə kampaniyalarının aparılması zəruri haldır. Qeyd etmək istərdim ki, artıq iki ildən çoxdur ki,
Komitə “Sağlam ailə - sağlam cəmiyyətin təməlidir” adlı silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində doğulan
uşaqların cinsə görə nisbətinin pozulmasının qarşısının alınması məqsədilə müxtəlif layihələr həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda “Ana və uşaqların sağlamlığının
yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nı imzalamışdır. Bu sənədin əsas
məqsədlərindən biri də hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması istiqamətində tədbirlər
görməkdir. Bildiyiniz kimi, “Azərbaycan 2020- gələcəyə baxış” Konsepsiyasında digər məsələlərlə yanaşı,
bu problemin həlli istiqamətində xüsusi sənədin hazırlanması nəzərdə tutulur. Bir məsələni qeyd etmək
lazımdır ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin fəallıq göstərməsi də vacibdir.
“Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət
və kəmiyyət əsaslı tədqiqat” bu sahədə mövcud vəziyyətin dəyərləndirilməsi və təkliflərin verilməsi
istiqamətində aparılan mühüm işlərdən biridir.
Əminəm ki, tədqiqatın nəticələri problemin həllinə öz müsbət töhvəsini verəcəkdir.
Prof. Hicran Hüseynova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsinin sədri
10
1-ci FƏSİL
Giriş
D
ünyaya gələn uşaqların cinsinə görə nisbəti anadan olan 100 nəfər qız uşağına
düşən oğlan uşaqlarının sayı kimi müəyyən olunur. Bioloji prosesin nəticəsi olaraq
bu göstərici (yəni oğlan uşaqlarının sayı) heç bir xarici müdaxilə olmadığı təqdirdə
103-lə 106 arasında dəyişir.
Doğulan uşaqların cinsinə görə nisbəti müəyyən bir ölkədə oğlan və ya qız uşağının üstün
tutulması dərəcəsinin mühüm göstəricisi ola bilər. Dünyaya gələn hər 100 nəfər qız uşağına
düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa yeni doğulan uşaqların cinsinə görə bu cür
nisbəti oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa bu nisbət qız
uşaqlarına üstünlük verildiyini göstərir. 1980-ci illərdən başlayaraq demoqraflar Çin, Cənubi
Koreya və Hindistan da daxil olmaqla bir neçə Asiya ölkələrində dünyaya gələn uşaqların cinsinə
görə nisbətinin yüksək olduğunu göstərmişdir. (Das Gupta, 1987; Yi et al, 1993; Park and Cho,
1995; Guilmoto, 2007; Zhu, Lu and Hesketh, 2009; Guilmoto, Hoang and Van, 2009; Guilmoto,
2009; Sedgh, Singh and Henshaw, 2011; Guilmoto, 2012). Bu problem ana bətnindəki dölün
cinsini müəyyən etməyə imkan verən texnologiyaların təqdimatı və geniş şəkildə istifadəsindən
sonra yaranmağa başladı. Daha sonra 1990-cı illərdən başlayaraq eyni fenomen Azərbaycanda,
Ermənistanda və Gürcüstanda da özünü göstərməyə başladı (Hortaccu et al, 2001; Mesle, Vallin
and Badurasvili, 2007; Guilmoto, 2009; Duthé et al, 2012; Guilmoto, 2013).
Azərbaycana gəldikdə, dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti 1980-ci illərə qədər əsas
etibarilə gözlənilən bioloji səviyyədə idi. Əsasən reproduktiv sağlamlıq texnologiyalarının
inkişafı və istifadəsinə başlanması nəticəsində 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə
110-a, daha sonra 2010-cu ildə 117-yə qalxdı. Azərbaycanın, ölkə olaraq, anadan olan
uşaqların cins nisbətinin pozulması üzrə narahatlıq doğuran göstəricilər müşahidə olunan
ölkələr sırasında olmasına baxmayaraq (BMT, 2011), bu məsələ üzrə məhdud sayda elmi
tədqiqatlar aparılıb (Hortaccu et al, 2001; Mesle, Vallin and Badurassvili, 2005; Duthé et
al, 2012). Mövcud tədqiqatlar əhalinin siyahıyaalınması, qeydiyyat sistemi və demoqrafik
sorğulara əsaslanır və diqqəti əsasən problemin özünə cəmləşdirərək, məsələnin kökündə
dayanan səbəbləri araşdırır.
Hazırki tədqiqat digərlərindən onunla fərqlənir ki, mövcud mütləq (kəmiyyət) məlumatlardan
istifadə olunmaqla yanaşı, burada keyfiyyət üsullarının tətbiqi ilə ətraflı müsahibələr və qrup
müzakirələri vasitəsilə məlumatların toplanması və təhlili aparılmışdır. Beləliklə, tədqiqatın
bir-birilə qarşılıqlı əlaqədə olan dörd əsas məqsədi var: