V fəsil
PROSESSUAL MÜDDƏTLƏR
Maddə 22. Müddətlər
22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim
edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda
isə, elan edilmə anından başlanır.
22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.
Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin
hesablanması
23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu
Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara
(qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi
məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının
və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən
başlanır.
23.2. Hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə
qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim
olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan
olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin müddətdə şikayətin
verilməməsinin təbii fəlakət və ya digər qarşısıalınmaz hadisə ilə, eləcə də hüquqi
müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı
olduğunu sübut edən proses iştirakçısı, hüquqi müdafiə vasitələrindən istifadə etməyə
mane olmuş hallar aradan qalxdığı gündən 15 gün ərzində şikayət verə bilər.
Maddə 24. Prosessual müddətlərin bərpa olunması
24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri
olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış
prosessual müddəti bərpa etməlidir.
24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl
olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir.
Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən
məhkəmə iclasında əsaslandırılmalıdır.
24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də
edilməlidir.
24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə
vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar
istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin
bərpasına dair ərizə verilə bilməz.
24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin
ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə
məlumat verilir.
24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul
edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll
etməlidir.
24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə
qərardadından şikayət verilə bilməz.
VI fəsil
PROSES İŞTİRAKÇILARI. İDDİANIN NÖVLƏRİ
Maddə 25. Prosessual hüquq qabiliyyəti
25.0. İnzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar
malikdirlər:
25.0.1. fiziki və ya hüquqi şəxslər;
25.0.2. dövlət orqanları və ya bələdiyyələr.
Maddə 26. Prosessual fəaliyyət qabiliyyəti
26.1. İnzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna
aşağıdakılar malikdirlər:
26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan
şəxslər;
26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab
edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq
normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər.
26.2. Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual
hərəkətləri onların nümayəndələri və ya dövlət, bələdiyyə və ya hüquqi şəxs tərəfindən
xüsusi səlahiyyət verilmiş şəxslər həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər
tərəfindən səlahiyyət verilmiş nümayəndə ilə təmsil olunmuş inzibati orqan da dövlətin
adından prosessual hərəkətləri həyata keçirə bilər.
26.3. Məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər
inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar.
Maddə 27. İnzibati məhkəmə icraatının iştirakçıları
27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar:
27.0.1. iddiaçı;
27.0.2. cavabdeh;
27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.
Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması
28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı
instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər
şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti
vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları
üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının
qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin
icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv
edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri
inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın
qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə
icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə
qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda
məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət
verilə bilməz.
28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb
olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla
qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına
cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün
müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında
qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Maddə 29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual
hüquqları
29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq
məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual
hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər
tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər.
Maddə 30. Prosessual həmiştirakçılıq
30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və
yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs
birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə
bilərlər.
Dostları ilə paylaş: |