nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi,
xalası) uşağı, bacanağı (baldızı) olduqda;
18.0.2. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin
nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki
əri (arvadı) olduqda və ya olmuşdursa;
18.0.3. bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri)
ilə müvafiq qohumluq əlaqələrində olduqda;
18.0.4. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin
nümayəndəsinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini),
qayınatası (qayınanası) olduqda.
Maddə 19. Hakimə etiraz olunması üçün əsaslar
19.1. Hakimə aşağıdakı hallarda etiraz oluna bilər:
19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda;
19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən
inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə;
19.1.3. o, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin
mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe
bildirdikdə (və ya açıq bəyanat verdikdə);
19.1.4. o, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər
nümayəndəsi olduqda;
19.1.5. o, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun
qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.
19.2. Etiraz haqqında vəsatət yazılı formada, məhkəmə iclasının gedişində isə
şifahi formada verilə bilər. Vəsatətdə etiraza səbəb olan əsaslar göstərilməlidir.
19.3. Etiraz haqqında vəsatət, etiraz etmək üçün əsasın proses iştirakçısına məlum
olduğu andan dərhal, üzrlü səbəbdən bunun dərhal mümkün olmadığı hallarda isə 3
gün müddətində verilə bilər.
IV fəsil
MƏHKƏMƏ AKTLARINI VƏ SƏNƏDLƏRİNİ TƏQDİMETMƏ
Maddə 20. Təqdimetmə
20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları,
qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə
iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan
məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim
edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya
sənədlər iş üzrə materiallara əlavə olunur.
20.2. Azərbaycan Respublikasının ərazisində yaşayış yeri və ya olduğu yer
olmayan proses iştirakçısı, məhkəmənin tələbinə əsasən ona ünvanlanmış məhkəmə
aktlarını və digər məhkəmə sənədlərini almaq üçün Azərbaycan Respublikasının
ərazisində daimi yaşayış yeri olan tam fəaliyyət qabiliyyətli şəxsi müvəkkil təyin
etməyə borcludur. Müvəkkilin təyin edilmədiyi hallarda, məhkəmə həmin proses
iştirakçısı qarşısında təqdimetmə vəzifəsi daşımır və təqdim edilməli sənədləri
məhkəmə binasının elanlar lövhəsində asmaqla kifayətlənə bilər.
20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin
xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual
Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir.
Maddə 21. Kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə elan etmə
21.1. Məhkəmə aktının 40 nəfərdən çox şəxsə elan edilməsinin tələb olunduğu
hallarda, məhkəmə həmin aktın kütləvi informasiya vasitələrində dərc olunma yolu ilə
elan edilməsi haqqında qərardad qəbul edə bilər.
21.2. Qərardadda məhkəmə aktının dərc olunacağı kütləvi informasiya vasitəsi
(gündəlik qəzet) göstərilməlidir. Bu zaman həmin aktın qüvvəsinin şamil olunacağı
ehtimal edilən ərazilərdə daha çox yayılan kütləvi informasiya vasitələrinə (gündəlik
qəzetlərə) üstünlük verilməlidir.
21.3. Qərardad proses iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə
aktının növbəti dəfə hansı üsulla elan ediləcəyi və həmin aktın nə vaxt təqdim olunmuş
sayılacağı barədə məlumatlar nəzərdə tutulmalıdır.
21.4. Məhkəmə dərc olunma haqqında qərardadını istənilən vaxt ləğv edə bilər. Bu
Məcəllənin 21.1-ci maddəsində göstərilən şərtlər mövcud olmadıqda və ya aradan
qalxdıqda məhkəmə həmin qərardadı ləğv etməyə borcludur.
21.5. Məhkəmənin dərc olunma haqqında qərardadından şikayət verilə bilməz.
21.6. Dərc olunma yolu ilə elan edilməsi nəzərdə tutulan məhkəmə aktı müvafiq
ərazidə yayılan kütləvi informasiya vasitəsində (gündəlik qəzetdə) dərc olunmalı və
eyni zamanda məhkəmədə elanlar lövhəsindən asılmalıdır. Məhkəmə aktı bu
Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş gündəlik qəzetlərdə dərc olunduğu
hallarda, elanlar lövhəsində məhkəmə aktının nəticəvi hissəsini və ondan şikayət
qaydası haqqında məlumatı asmaq kifayətdir. Məhkəmə aktı əvəzinə elanlar
lövhəsində və ya gündəlik qəzetdə həmin məhkəmə aktının tam mətni ilə harada və
necə tanış olmaq barədə müvafiq olaraq məlumat asıla və ya dərc edilə bilər.
21.7. Məhkəmə iclasının vaxtı və məhkəməyə çağırış haqqında qərardadlar tam
şəkildə elanlar lövhəsindən asılmalı və dərc olunmalıdır.
21.8. Məhkəmə aktları və sənədləri gündəlik qəzetdə dərc olunduğu gündən 2
həftə sonra təqdim olunmuş sayılır.
21.9. Məhkəmə aktı kütləvi informasiya vasitələrində dərc olunduqdan sonra,
proses iştirakçıları həmin aktın bir nüsxəsinin onlara verilməsini yazılı şəkildə tələb
etmək hüququna malikdirlər.
21.10. Məhkəmə aktı bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
dərc olunduqda, bu Məcəllənin 21.8-ci və 21.9-cu maddələrində nəzərdə tutulmuş
qaydalar barədə həmin nəşrlərdə müvafiq məlumat verilməlidir.