U “audiT” fənnindən mühazirələr konspekti Mövzu Auditin mahiyyəti, məqsədi,vəzifələri və tənzimlənməsi


Mövzu 4. Pul vəsaitlərinin auditi



Yüklə 119,99 Kb.
səhifə8/23
tarix26.02.2022
ölçüsü119,99 Kb.
#84166
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
Audit- mühazirələr konspekti

Mövzu 4. Pul vəsaitlərinin auditi

1. Pul vəsaitlərinin auditinin məqsəd və vəzifələri.

2. Pul vəsaitləri əməliyyatları üzrə auditin normativ hüquqi bazası.

3. Pul vəsaitləri auditinin ümumi prinsipləri və məlumat mənbələri.

4. Pul vəsaitlərinin sənədlərdə düzgün əks etdirilməsinin auditi.

5. Bankda olan hesablaşma hesabı üzrə əməliyyatların auditi.

6. Valyuta hesabı üzrə əməliyyatların auditi.

7. Pul vəsaitləri əməliyyatlarının auditinin nəticəsinin yekunlaşdırılması.

Pul vəsaitlərinin auditinə kassa əməliyyatlarından başlamaq daha məqsədə-uyğundur. Kassa əməliyyatlarının aparılmasını tənzimləyən əsas normativ sənədlər “Mühasibat uçotu haqqında” Qanundan və kassa əməliyyatlarının aparılması haqqında Mərkəzi Bankın təlimatlarından ibarətdir. Bu sənədlər kassalarda nağd pulların hərəkətini, onların qorunmasını, kassa sənədlərinin tərtib edilməsini, kassa kitabının aparılmasını və kassa intizamına nəzarəti təmin edir.

Kassanın yoxlanması (inventarlaşdırılması) auditor tərəfindən qəfləti yoxlama metodu ilə həyata keçirilməlidir. Yoxlama maddi məsul şəxsin, kassirin və baş mühasibin iştirakı ilə həyata keçirilməlidir. Bu zaman kassir kassa hesabatını tərtib edir və auditora təqdim edir. Auditor kassada olan mədaxil və məxaric sənədlərini götürür. Audit standartlarına müvafiq olaraq auditor ilk növbədə kassir – maddi – məsul şəxsdən iltizam alır. Kassir auditorun iştirakı ilə kassada olan nağd pulları sayır, əskinaslara görə qruplaşdırır.

İnventarlaşdırma vaxtı kassada olan qiymətli kağızlar, pul sənədləri də yoxlanır. Auditor tərəfindən akt tərtib edilir və sonrakı mərhələdə üzləşdirmə cədvələi üzrə kassada aparılmış inventarlaşdırmanın yekunu mühasibat uçotu ilə müqayisə edilir. İnventarlaşma zamanı artıqlıq aşkar edilərsə, auditorun tövsiyyəsi ilə kassaya mədaxil edilir. Bunun üçün hesablar planının “Kassa” hesabının debetində və “Mənfəət və zərərlər” hesabının kreditində əks etdirilməklə müxabirləşmə aparılır.

İnventarlaşdırma - zamanı ola bilsin ki, çatışmazlıq aşkar edilsin. Onda bu çatışmazlıq maddi məsul şəxs tərəfindən ödənilməlidir. Həmin əməliyyat zamanı kassa mədaxil orderi yazılmalı və vəsait kassaya mədaxil edilməlidir.

Audit zamanı çatışmayan pul vəsaiti barədə auditor müəssisə və təşkilatın rəhbərliyinə məlumat verir.

Aparılmış inventarlaşdırmanın nəticəsi üzləşdirmə cədvəlində əks etdirilir və həmin sənədi müəssisənin rəhbəri və baş mühasibi imzalayır.

Kassa əməliyyatlarının auditi zamanı auditor aşağıdakıları yoxlamalıdır:


  • kassir – maddi məsul şəxslə maddi məsuliyyət müqaviləsinin bağlanmması;

- kassa otağının müvafiq tələblərə cavab verməsini;

- kassanın pul vəsaitlərinin və qiymətli kağızlarının saxlanması üçün seyf və ya yanmayan dəmir şkaf ilə təmin olunmasını;

- seyf və ya dəmir şkafın ikinci açarının saxlanmasının tələblərə cavab verməsini;

- bank tərədindən nağd pul qalığının saxlanması üçün limitin verilməsi;

- mühasibat tərəfindən kassaya müntəzəm olaraq daxili nəzarətin həyata keçirilməsini;

Bunları yoxladıqdan sonra auditor kassa əməliyyatlarının sənədləşdirilməsinin düzgünlüyünün auditinə başlayır. Bu mərhələdə bunları aydınlaşdırır:

- kassa mədaxil və məxaric orderləri nömrələnib və bunun üçün jurnal tərtib edilməsini;

- bütün kassa sənədlərinin bu jurnalda öz şəxsini tapmasını;

- kassa kitabının qaytanlanıb, möhürlənib və nömrələnməsini;

- müəssisədə bir kassa kitabından istifadə edilməsini;

Kassa əməliyyatlarının aparılmasının təlimata uyğunluğu araşdırılmalıdır. Kassa əməliyyatları aparılan zaman alınan nağd pulların kassaya necə madaxil edildiyi yoxlanılmalıdır. Auditor əmin olmalıdır ki, bankdan aılnan bütün nağd pullar vaxtında və tamamilə kassaya mədaxil edilib və təyinat üzrə istifadə olunub. Auditor bank çıxarışları ilə çek kitabçasını, kassa mədaxil ordenini və kassa kitabını üzləşdirməlidir.

Bazar iqtisadiyyatı şəraitində müəssisə və təşkilatlar nağd yolla məhsul satır, işlər yerinə yetirir, xidmətlər göstərirlər. Bu zaman müəssisə və təşklatların kassasına külli miqdarda pul mədaxil olunur. Təlimata müvafiq olaraq kassada 3 gündan sonra limitdən artıq nağd pul saxlanmağa icazə verilmir. Odur ki, kassaya daxil olan pul əməliyyatlarının auditini aparan zaman məxaric orderlərinin yoxlanmasına ciddi yanaşmalıdır. Kassa məxaric orderi ilə pul vəsaiti bir neçə formada buraxıla bilər: ərizə ilə, əmr ilə, təhtəlhesab şəxsə, əmək haqqı şəklində və s. Bütün hallarda kassa məxaric sənədləri müəssisənin rəhbərliyi tərəfindən imzalanmalıdır. Bu baxımdan auditor məxaric orderlərinin hüquqi baxımdan düzgün tərtib edilməsinə fikir verilməlidir. Əgər nağd pul vəsaitini alan şəxs həmin müəssisənin işçisi deyilsə, onda həmin çəxsin pul vəsaitini nağd şəkldə kassadan almasını təsdiq edən vəkalətnamə verilməlidir və vəkalərnamədə nağd pulu alan şəxsin pasport məlumatları öz əksini tapmalıdır.

Sənədlərin auditi başa çatdıqdan sonra auditor kassaya mədaxil edilən nağd pul vəsaitlərinin təyinatı ilə sərf edilməsini yoxlamalıdır. Bunun üşün audit standartlarına uyğun olaraq nağd pul vəsaitlərinin hərəkətini təsdiq edən cədvəl tərtib edilməlidir.

Bəzi hallarda bankdan alınmış və ya kassaya mədaxil edilmiş nağd pulların təyinatı üzrə sərf olunmaması aşkar edilir. Bu halda auditor nağd pulların təyinatı üzrə sərf edilməsi barədə rəhbərliyə məlumat verilməsini və gələsəkdə buna yol verilməməsini tövsiyyə etməlidir.

Kassa sənədləri vasitəsilə müəssisə və təşkilatlarda nağd pullar mədaxil və məxaric olunur. Bu səbəbdən də kassa əməliyyatlarının həyata keşirilməsində tətbiq edilən ilkin sənədləri iki hissəyə bölmək olar: mədaxil və məxaric sənədləri.

Kassa əməliyyatları aparılarkən nağd pul vəsaitinin qəbulunda istifadə olunan, ciddi hesabat blankı sayılan kassa mədaxil orderi mədaxil sənədlərinə aid edilir.

Kassa məxaric orderi müəssisə və təşkilatların rəhbərliyinin icazəsi, sərəncamı və əmri ilə tərtib edilir və imzalandıqdan sonra kassadan nağd pul buraxılır.

Kassa əməliyyatlarının aparılmasında ilkin sənədlərdən biri də kassa kitabıdır. Bu kitab müəssisə və təşkilatlarda nağd pul vəsaitinin ilkin uçotunu əks etdirən hüquqi sənəddir.

Kassa kitabı iki hissədən ibarət olur. Birinci hissə doldurulan zaman surətçıxaran kağız vasitəsilə ikinci hissəyə düşür. Tam doldurulduqdan sonra kəsilən xəttdən kəsilərək birinci hissə kitabda qalır, ikinci hissə isə ilkin sənədlərlə kassa hesabatına əlavə edilir.

Kitab günün axırına bağlanmalıdır. Kassa kitabında mədaxil və məxaric edilən hər bir əməliyyatın müxabirləşmə hesabı öz əksini tapmalıdır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra kassa kitabında gün ərzində mədaxil və məxaric olunan pul vəsaitinin cəminin məbləği göstərilir və sonrakı günün əvvəlinə qalıq əks etdirilir. Gün ərzində mədaxil və məxaric olunan sənədlərin sayı kitabda qeyd edilir.

Kassa kitabının ikinci hissəsinə gün ərzində yazılmış və tam doldurulmuş mədaxil və məxaric orderlərinin əsli tikilir və yekun memorial orderi tərtib edilib kassa əməliyyatlarının uçotunun hesabatına əlavə edilir.

Kassa əməliyyatlarının uçotu “Kassa” hesabına aparılır. Bu hesab müəssisənin kassadaxili pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında məlumatları uçota almaq üçün nəzərdə tutulmuşdur. “Kassa” hesabı aktiv hesabdır. Kassa əməliyyatları aparılan zaman analitik və sintetik uçot sistemlərindən istifadə olunur.

Analitik uçotun aparılmasının düzgünlüyü auditor tərəfindən yoxlanılan zaman müəssisə və təşkilatların kassa mədaxil-məxaric orderlərinin kassa kitabında düzgün qeydiyyatına fikir verilməlidir.

Sintetik uçot kassa mədaxil və məxaric sənədlərinin kassa kitabında qeyd edildikdən sonra mühasibat müxabirləşməsi əsasında 1 № - li jurnal orderdə öz əksini düzgün tapmalıdır. Nağd şəkildə müəssisənin kassaına mədaxil edilən pul vəsaiti müxtəlif məqsədlərə - istehsalat üçün material, xammal alınmasına, təhtəlhesab şəxslərə hesablaşmalara, müəssisənin kreditorları ilə hesablaşmalara və s. istifadə edilə bilər. Bu halda sintetik uçot mühasibat tərəfindən dəqiq aparılmalı, hər əməliyyat üzrə müxabirləşmə düzgün verilməlidir. Auditor analitik uçotla sintetik uçotun mühasibat hesablarında düzgün əks etdirilməsinə nəzarət etməlidir. Bunu aşağıdakı qaydada həyata keçirmək olar.

1 № - li jurnal - orderlə 2 № - li jurnal – orderi, 1 № - li jurnal - orderlə 70,71 № - li hesabların qalıqlarını, “Kassa” hesabında audit aparılan dövrə olan qalıqla 1 № - li jurnal – orderin, müəssisənin Baş kitabının və balansın qalıqlarını üzləşdirmək lazımdır. Əgər üzləşdirmə zamanı kənarlaşma aşkar edilərsə, bunun aradan qaldırılması üçün auditor tərəfindən tədbir görülməlidir. Auditor qarşısında qoyulan bütün şərtlərə nail olmaq üçün tək sənədli yoxlama aparılması kifayət deyil. Bunun üçün sorğu forması vasitəsi ilə yoxlama aparmaq olar. Auditor iki formada sorğu apara bilər: şifahi və yazılı.

Şifahi sorğunu auditor maddi məsul şəxslə aparır. Auditor kassa əməliyyatlarının necə aparılmasına, hansı təlimat və qanunlara əsaslanaraq fəaliyyət göstərilməsinə və auditoru maraqlandıran bir çox başqa suallara şifahi söhbət əsasında cavab axtarır. Bu formanın mənfi cəhəti ondan ibarətdir ki, kassa əməliyyatları aparılan zaman ciddi nöqsanlara yol verildiyi aşkar olunduqda, cavabdeh şəxs şifahi dediklərindən imtina edə bilər.

Yazılı sorğu forması səmərəlilik və cavabdehlik nöqteyi-nəzərindən şifahi sorğu formasından üstündür. Yazılı sorğu formasını həyata keçirməmişdən öncə auditor müəssisə və təşkilatın spesfik xüsusiyyətini nəzərə alıb onu maraqlandıran sualları hazırlayır. Suallar maddi məsul şəxsə və baş mühasibə yazılı formada verilir. Sorğu vərəqəsi maddi məsul şəxsə (kassirə) və baş mühasibə təqdim edildikdən sonra onlar həmin sorğuya yazılı şəkildə cavab verərək, imzaları ilə təsdiq edirlər. Bu sənəd auditor sübutlarından biri hesab olunur.

Sorğu vərəqəsində suallar auditor tərəfindən seçilir. Suallar audit aparılan müəssisə və təşkilatın kassa əməliyyatlarının uçotunun aparılmasını demək olar ki, tam əhatə etməlidir.

Auditor sübutları auditor rəyinin formalaşmasında böyük rol oynayır. Buna görə də kassa əməliyyatlarının auditi zamanı hansı sübutların toplanacağını auditorun özü müəyyən edir. Bu aşağıdakı qaydada ola bilər:

1. kassa əməliyyatlarına daxili nəzarət riskinin qiymətləndirilməsi;

2. auditorun ümumi kassa hesabatları üzrə riskin səviyyəsinin xüsusiyyətini qiymətləndirməsi;

3. yoxlanılan məlumatların dəqiqliyi;

4. məlumatların alınma mənbələri və onların etibarlılıq dərəcəsi.

Kassa əməliyyatlarının yoxlanılmasında tətbiq edilən auditor sübutlarının toplanmasından çox şey asılıdır. Belə ki, auditor sübutları toplandıqdan sonra kassa əməliyyatları auditinin necə aparılmasına qərar verilir.

Müəssisə və təşkilatlar arasında istehsal münasibətləri və iqtisadi münasibətlər elə qurulub ki, aparılan əməliyyatların əksər hissəsi, bəzi hallarda hamısı onların bankdakı hesablaşma hesabı ilə həyata keçirilir. Buna görə də hesablaşma hesabında olan pul vəsaitlərinin hərəkəti mühasibat işçiləri tərəfindən daimi nəzarətdə saxlanılır və tənzimlənir.

Auditor üçün audit zamanı hesablaşma hesabının hərəkətinə nəzarət və onun yoxlanılması çox vacibdir. Aparılan audit yoxlamaları sübut edir ki, müəssisə və təşkilatların maliyyə - təsərrüfat fəaliyyətində ən çox nöqsan və çatışmazlıq hesablaşma hesabının auditi zamanı aşkar edilir. Buna görə də auditorun əsas vəzifəsi hesablaşma əməliyyatlarının vaxtında həyata keçirilməsinə, onun qanuniliyinə və məqsədyönlülüyinə fikir verməkdir.

Bank vasitəsilə həyata keçirilən bütün əməliyyatların auditi aparılmalıdır. Bank əməliyyatlarının auditi zamanı auditor əsasən aşağıdakılara fikir verməlidir:

1. hesablaşma hesabında olan pulun qalığının düzgünlüyü, bank çıxarışları ilə müəssisənin məlumatlılığının əsaslılığı;

2. hesablaşma hesabında istifadə edilən pul vəsaitlərinin düzgünlüyü;

3. cari hesablardan istifadənin düzgünlüyü;

4. çek kitabçalarının saxlanması və qorunması qaydaları;

5. akkreditivlərin, limitləşdirilmiş çeklərin və s. əməliyyatların düzgünlüyü.

Bank əməliyyatları yoxlanılmazdan əvvəl yoxlanılan müəssisənin hansı bankda hansı hesablarının olduğu öyrənilməlidir.

Auditin aparılma mənbəyini bank çıxarışları, ödəmə tapşırıqlarının surəti, çek kitabçalarının kötüyü, nağd pul qəbulu qəbzləri, akkreditivin açılması üçün ərizə və başqa sənədlər təşkil edir. Audit işini yaxşılaşdırmaq məqsədi ilə bu sənədlər xronoloji qaydada ardıcıllıqla yığılmalıdır. Bank çıxarışları yoxlanılan zaman onların əslı olduğuna əmin olmaq lazımdır. Bundan başqa, bank çıxarışlarının günün axırına olan qalığı sonrakı günün əvvəlinə olan qalığı ilə düz gəlməlidir. Bank çıxarışlarında düzəlişə yol verilərsə, bu düzəliş bank tərəfindən təsdiq edilməlidir. Əgər audit zamanı bank çıxarışında səhv aşkar edilərsə, bu barədə banka məlumat verilməli, kənarlaşmanın səbəbləri aydınlaşdırılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Bank çıxarışlarının əsli yoxlanılmaqla bərabər, onlara əlavə edilmiş ilkin sənədlər də yoxlanılmalıdır.

Hesablaşma hesabı vasitəsi ilə həyata keçirilən əməliyyatların düzgünlüyünü yoxlamaq məqsədi ilə auditor qarşılıqlı üzləşdirmələr aparmalıdır. Belə ki, hesablaşma hesabından köçürülən pul vəsaitlərinin məqsədyönlülüyü yoxlanılmalıdır. Xammal-material alınması üçün köçürülən pul vəsaiti əvəzinə müəssisəyə daxil olan xammal və materiallar qarşılıqlı yoxlanılmalıdır.

Auditor əmtəəsiz mal dövriyyəsinin qarşısını almaq məqsədilə hesablaşma hesabından köçürülən pullara diqqətlə fikir verməlidir. Bütün qeyri-normal hərəkətlərin qarşısını almaq və aşkar etmək üçün başdan-başa yoxlama həyata keçirməlidir. Hesablaşma hesabından silinmiş pul vəsaiti müəssisənin istehsal xərclərinə aid edilərək, qanunsuz əməliyyatlar həyata keçirilə bilər. Belə ki, debitor borcu gizlədilə bilər, mal-material alınması üçün köçürülən pul vəsaiti mədaxil edilmədən gizlədilə bilər, işçilərin götürdükləri kreditlərin faizi, cərimələr ödənilə bilər.

Kreditor borcunu bağlamaq üçün hesablaşma hesabından köçürülən pul vəsaiti yoxlanılan zaman onun ödəmə sənədləri, kreditorların bank rekvizitləri, hər bir kreditor üzrə analitik uçot yoxlanılmalıdır. Nəticədə kənarlaşma aşkar edilə bilər. Bu halda audit edilən müəssisənin rəhbərliyinə məlumat verilməlidir.

Hesablaşma hesabından alınan nağd pulların auditi zamanı çek kitabçalarının məlumatları ilə bank çıxarışı və kassa mədaxil orderi üzləşdirilməlidir. Auditor ardıcıl olaraq bankdan alınan nağd pul vəsaitlərinin hərəkətinə nəzarətin vəziyyətini yoxlamalıdır.

Hər bir müəssisə və təşkilatın bankda valyuta hesabı açmağa ixtiyarı vardır. Müəssisə və təşkilatlar hər valyuta üçün bir hesab aça bilərlər. Belə ki, məsələn dollar-dollar hesabında, avro-avro hesabında əks etdirilə bilər.

Müəssisəyə valyuta məhsul ixracından, ya da valyuta bazarından alınan vəsaitdən daxil olur.

Mövcud qanunvericiliyə görə respublika daxilində xarici valyuta ilə hesablaşma aparılmasına icazə verilmir. Yalnız xaricə ezamiyyətə gedənlər üçün xarici valyuta ilə ödəniş aparıla bilər.

Mühasibat uçotunda valyuta əməliyyatlarının uçotunu aparmaq üçün “Valyuta hesabı” hesabından istifadə edilir. Əgər müəssisə və təşkilatlar valyuta alırsa, onda həmin valyuta məbləği mühasibat müxabirləşmələrinə uyğun olaraq müvafif hesabın debetində əks etdirilir və hesaba mədaxil olunan gün Mərkəzi Bankın valyuta məzənnəsi ilə manatla ekvivalentdə uçota alınır.

Müəssisə ixrac əməliyyatları aparırsa, satışdan daxil olan pul vəsaiti satılmış malların yükləndiyi günün məzənnəsi ilə hesablarda əks etdirilir. Əgər əməliyyatlar ikitərəfli barter vasitəsilə həyata keçirilərsə, mühasibat uçotunda vəsait gömrük bəyənnaməsində göstərilən məbləğə əsasən əks etdirilir. Əgər qaimə ilə gəlibsə, bu halda qəbul-təhvil aktı tərtib edildiyi günə olan məzənnə fərqi ilə uçotda əks etdirilir.

Auditor görsə ki, müəssisə və təşkilatlar uçotu xarici valyuta ilə aparıb, malların dəyəri, xammal və materialların, əsas vəsaitlərin məbləği valyuta ilə göstərilib, o, uçotda dəyişiklik etməli və uçotu xarici valyutanın manata olan ekvivalentinə çevirib hesabları manatla aparılmasını ondan tələb etməlidir.

Hesablaşma hesabından başqa, banklarda xüsusi hesablar açılır ki, bu da mühasibat uçotunun hesablar planında “Bankda olan xüsusi hesablar” hesabı adlanır.

Bu hesabdan xarici valyuta üzrə və manatla pul vəsaitlərinin hərəkəti, həmçinin məqsədli maliyyələşmə, çek kitabçaları üçün, xaricdə yerləşən müəssisələrə akkreditiv açılması üçün istifadə edilir.

Bu hesab üzrə audit aparılan zaman aşağıdakılar yoxlanılmalıdır:

1. tətbiq edilmiş akkreditiv üzrə hesablaşmanın düzgünlüyü və qanuniliyi;

2. akkreditivin bağlanmasının düzgünlüyü, bank çıxarışı və onun ilkin sənədləri;

3. limitləşdirilmiş və limitləşdirilməmiş çek kitabçaları üzrə keçirilmiş əməliyyatların düzgünlüyü;

4. məqsədli maliyyələşdirmə üçün ayrılmış pul vəsaitinin düzgün sənədləşdirilməsi;

5. yerləşdiyi yerlərdə fəaliyyət göstərən müstəqil balanslı müəssisələrə açılan cari hesabların qanuniliyi və düzgünlüyü;

6. bankdan alınmış nağd depozitlərin qanuniliyi;

7. mühasibat müxabirləşməsinin düzgün aparilması.

Kassada olan pul sənədlərinə pul vəsaitləri və qiymətli kağızlar aiddir.

Pul sənədlərinin auditi zamanı aşağıdakılar yoxlanılmalıdır:

1. pul sənədlərinin uçotunun düzgünlüyü, onların uçotu pul sənədlərinin hərəkəti kitabında əks etdirilməsi;

2. pul sənədlərinin uçotu kitabının və mühasibat müxabirləşmələrinin düzgünlüyü.

Səhmlərin yoxlanılmasına auditor ciddi fikir verməlidir. Səhmlərin buraxılmasına icazə dövlət tərəfindən verilir. Müəssisənin kassasında olan səhmlərin nominal qiymətlə, düzgün uçota alınmasını auditor nəzərdən keçirməlidir.

Yolda olan vəsaitlərin uçotunun auditini apararkən audit olunan müəssisə və təşkilatın yolda olan vəsaitlərinin uçotunu necə apardığına birinci növbədə fikir verilməlidir.

Yolda olan vəsaitlərin uçotunu aparmaq üçün müəssisələr “Yolda olan köçürmələr” hesabından istifadə edirlər. Bu hesabda milli və xarici valyuta ilə ödənilən və yolda olan vəsaitlər, göndərilən, lakin yerinə çatmayan vəsaitlər əks etdirilir.

Yolda olan pul vəsaitlərinin auditi auditor tərəfindən başdan-başa aparılır və bütün ilkin sənədlər öyrənilir. Yadda saxlamaq lazımdır ki, banka, poçt şöbələrinə, filiallara köçürülən pul vəsaitləri hələ yerinə çatmayıb və əvəzində müəssisə və təşkilata heç nə daxil olmayır.

“Yolda olan köçürmələr” hesabının krediti ilə pul vəsaitlərini uçota alan hesabların debeti üzləşdirilməlidir. Üzləşdirmə zamanı yolda olan pul vəsaitlərində çatışmazlıq aşkar edilə bilər. Baxmaq lazımdır ki, bu faktlar müəssisənin maliyyə göstəricilərinə necə təsir göstərir.

Qısamüddətli maliyyə qoyuluşlarına bir ildən az olmaq şərti ilə başqa müəssisələrin qiymətli kağızları üçün qoyulan vəsaiti, istiqrazların faizlərini, həmçinin başqa müəssisələrə verilən istiqrazları, depozitləri və sairləri aid etmək olar.

Belə əməliyyatlar üçün sərf olunan vəsaitlər qısamüddətli maliyyə qoyuluşları adlanır və “Qısamüddətli maliyyə qoyuluşları” hesabında uçota alınır.

Qısamüddətli maliyyə qoyuluşları üzrə analitik uçot hər bir əməliyyat üzrə ayrıca aparılır. Belə uçotun aparılması ona nəzarəti yüngülləşdirir. Bu baxımdan auditor qısamüddətli maliyyə qoyuluşlarının auditini aparan zaman aşağıdakılara fikir verilməlidir:

1. qısamüddətli maliyyə qoyuluşlarının “Qısamüddətli maliyyə qoyuluşları” hesabında analitik uçotunun aparılmasının düzgünlüyü;

2. mühasibat müxabirləşmələrinin düzgün verilməsi və ilkin sənədlərin düzgün tərtibi;

3. qiymətli kağızların alış qiymətilə nominal qiyməti arasında yaranan fərqin uçota alınmasının və silinməsinin düzgün həyata keçirilməsi;

4. qiymətli kağızların alqı – satqısı zamanı onların uçotda düzgün əks etdirilməsi.

Audit vaxtı başqa hüquqi şəxsələrə verilən qiymətli kağızların hərəkətinə ciddi fikir verilməlidir, çünki, əgər həmin hüquqi şəxslərin buna hüququ çatmırsa və ya lisenziyası yoxdursa, bu onların maliyyə fəaliyyətində ciddi çətinliklər yarada bilər.




Yüklə 119,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə