www.kitabxana.net
– Milli Virtual Kitabxana
70
- Naçannik, xahiş edirəm, məni çox yox, yarım saatlıq onun yanına buraxın. Söz verirəm ki, bilmək
istədiyiniz həqiqəti öyrənməkdə sizə bacardığım qədər kömək edçəcəyəm. Siz də tezliklə bu işi başa
çatdıracaqsınız.
Kapitan etiraz etməsə də həmən razılıq vermədi:
- Bu gün yox, gecdir. Sabah görüş üçün böyüklərdən icazə alaram, sonra baxarıq. Görüşünüzün
alınacağına arxayın olun. Bu günlük bəsdir. Sabah özüm çağıraram. Hələlik...
Səmədliyə ehtimallarını yerbəyer etmək, düşünmək üçün vaxt gərək idi. Həbs edilənədək Fatehin səsini
tanımamasını bildirən İncinin onunla görüşməyə can atmasında məqsədi nə idi? Analığının nəyə görə
öldürüldüyünü öyrənmək, yoxsa istintaq zamanı adını çəkməməsini Fatehə tapşırmaq? Bu cinayətin baş
verməsində onları birləşdirən nədir? Məsmənin öldürülməsinə zərurət vardımı? Hərgah, səhərki görüşdə çox
mətləblər açılacaqdı. İnci xahiş etməsəydi də Səmədli onu Fatehlə qarşılaşdırmağın marağındaydı. Gec-tez
həqiqət bilinməliydi. Dünyada nə qədər ki, haqqın qüdrəti var, həqiqət üzülməyəcəkdi.
Fatehin həbsə alınması İncinin qanını qaraltmışdı. Səmədlinin sözlərindən belə məlum olurdu ki,
istintaqın gedişində başqa təqsirkar tapılmazsa məsuliyyət Fatehin üzərində qalacaqdı və zavallı uzun illər
günahsız olduğu halda ömrünü məhbəsdə keçirəcəkdi. Bu, nə dərəcədə düzgün olardı? Axı heç kim bilməsə də,
o, Fatehin qatil olmadığına tam əmin idi. Ola bilməzdi ki, onun sevdiyi insan kimisə öldürsün. Elə səviyyəsi
olsaydı, gecə vaxtı soyuq suya baş vurub İncini həyata qaytarmazdı. Fatehin günahı Məsmənin qonağı
olmasındaydı. Daim cavan qızlarla əylənən oğlanın, anası yaşında qadınla aralarında doğrudanmı nəsə ola
bilərdi?! İncini ən çox düşündürən elə bu idi. Fateh eyş-işrət düşgünü olsaydı minnətdarlıq əvəzi kimi İncinin
ona açdığı qucağına çoxdan atılmış olardı. Amma, həmişə Allahın bəlası hesab etdiyi Məsmə də az aşın duzu
deyildi, öz işinin sənətkarı idi. İnsanları tanımaq çətin işdir...
Əgər nəsə olubsa da Fateh buna görə nə İncinin, nə də başqalarının qarşısında hesabat verməməlidir. O,
subay, müstəqil insandı, öhdəliksiz, filansız. Odur ki, onu günahlandırıb umu-küsü etməyə dəyməzdi. Əksinə,
ona olan sevgisini göstərmək üçün əlindən gələni etməli idi. Tanış olarkən minnətdarlıqla dediyi sözlərini
xatırladı: göydə Allaha, yerdə sənə bir can borcluyam....
Polis şöbəsindən çıxandan sonar küçədə qarşısında dayanan taksinin siqnalı İncini fikirdən ayırdı:
- Gəlin əyləşin, - saçlarına təzə dən düşmüş orta yaşlı sürücü tanış adamlar kimi ərklə onu maşına dəvət
etdi. İnci adəti üzrə qapını açıb, arxa oturacağa oturdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
- Salam xanım. Necəsən?
- Sağ ol. Mənə görə dayandın?
- Əlbəttə! Hara gedirik? Evə, yoxsa dəniz qırağına?
Düzünə qalsa özü də bilmirdi hara getsin. İşdən də soyumuşdu, evdən də. Heç birində qərar tuta
bilmirdi. Məsmənin otağını bağlı saxlasa da, bəzən analığının qulağına gələn səsindən, qarabasmasından
qorxub gecələr də işıqları söndürmürdü. İşdə də fikirdən çöhrəsi açılmadığı üçün hələlik bir müddət bara
gəlməməyi, dincəlməyi məsləhət görmüşdülər.Bu əhvalla dincəlməkmi olardı?.. Belə yaşamaq olmazdı, çox
çəkməz ya dəli olacaqdı, ya da başını götürüb harasa getməliydi. Hara?!
- Nə evə sürmə, nə də dəniz qırağına. Başqa hara istəyirsən, sür.
- Xanım, ötən dəfəkindən gözümə birtəhər dəyirsən. Olmaya nasazlamısan?
- Soruşmaq ayıb olmasın, ola bilsin fikrimdən çıxıb, deyin görüm harda görüşmüşük ki, məni tanıyırsan?
- Ba... necə harda? Yolda. Mənimki yoldur. Gecəm, gündüzüm hər işim yolluqdur. Məndə vaxt hardan
bara, restorana gedəm. Heç arasından bir həftə keçməyib ki, səni axırıncı dəfə görməyimdən. Gecə vaxtı,
yadındadı? Əvvəlcə axşamüstü restorana apardım. Sonra gecə məni çağırdın, evə gətirdim, on-on beş dəqiqə
küçədə gözlədim, təzədən restorana qayıtdın.
- Gecə gətirib məni qaytardın? - İnci elə bil yuxudan səksəndi. O dəhşətli gecənin sərxoşluğundan
unutduğu ən əzablı yerini xatırladı. Həmin ürəkçəkən, giziltili anlar yenidən yaddaşına qayıtdı.
- Yadından çıxıb? Ay içmişdin ha... Necə lazımdı. Yaralı şirə dönmüşdün. Bərk də əsəbiləşmişdin.
Evdən necə acıqlı çıxmışdınsa, qorxudan yol boyu bir kəlmə də soruşmadım. Restorana çatmamış - saxla -
deyən kimi saxladım. Ayaq üstə güclə yeriyirdin....
Sürücü İnciyə sanki bir qorxulu yuxudan danışırdı. O qorxulu yuxunun ağrısını bir daha təkrar yaşamaq
istəmirdi:
- Bəsdir! Qurtar....
Sürücü gözləmədiyi acıqlı səsə diksinib əyləci basdı. Çevrilib, təəccüblə İnciyə baxdı:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
- Xanım, nə oldu sənə? Nədən hirsləndin?
- Köhnə palan içi sökmə, danışma! Sür, saxlama...
Əlləri ilə üzünü örtüb başını aşağı dikdi, çığırmasına peşman olub utandı:
- Mənə fikir vermə, sən Allah...
- Xanım, yoxsa xətrinə dəydi elə danışmağım? Bağışla məni. Olmayan keyfinizi daha da korladım.
Bilsəydim qanınız qarqlacaq xatırlamazdım. Heyf. Nə edim ki günahımı yuyum?
Sürücünün dilxoşluğu İncinin könlünə yatdı. Başını qaldırıb, mənalı baxışlarla pəncərədən çölə baxdı.
Saçlarına barmaqları ilə daraq çəkdi:
- Bu gündən sabaha ümid yoxdur. Sür yaxın qəlyanaltıların birinə. Könlümə içmək düşüb. Hə, mənə
yoldaşlıq edərsən?
- Yox, mənə olmaz. Sükan arxasındayam...
- Onda mən içərəm. Sənsə məni axıradək müşayiət edərsən. İstəmirəm məni tək görsünlər. Sən narahat
olma. Bugünkü qazancını mən ödəyəcəyəm. Başqa sözün var? Baxarıq, istəsən, könlündən keçsə, gecəni də
qonağım olarsan.Hə, razısan?
Sürücü dinməyib maşını yaxınlıqdakı restorana tərəf döndərdi...
O axşam gözlərindəki nisgili, qəmi gizlədə bilməyən İnci özünü olduğundan kefli və şən göstərməyə
çalışırdı. Onun şaqraq gülüşləri sevincdən çox, intihara hazırlaşan insanın qalibcəsinə ölümə meydan
sulamasına oxşayırdı.
***
Ertəsi gün Səmədlinin çağırışını gözləmədən İnci polis şöbəsinin qapısını kəsdirmişdi. İncinin Fatehlə
görüşünün cinayətkarın axtarışında mühüm irəliləyiş yaradacağını ehtimal edən Səmədli dünəndən bəri xüsusi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
73
hazırlıq görmüşdü. Oturduğu masanın dolabında lazım gələrsə istifadə üçün gizli səsyazan yerləşdirmişdi. Bu
görüş məlum mətləblərin üstünü açmalıydı.
Səmədli otağın pəncərəsindən İncini çöldə, giriş qapısında görüb qayğılandı. Qapıda dayanan işçilərdən
birinə İncini onun otağına gətirməyi göstəriş verdi. Xeyirli olsun, nə yaman tələsir, - fikirləşdi. Danışıb-
düşündüklərini bir yana çıxarmamışdı ki, İncinin otağa daxil olduğunu gördü.
- Sabahınız xeyir, naçannik, gəlmək olar?
- Gəl, gəl, olar. Hə, necəsən? Yaman əzgin görsənirsən, nəyə görə? Gecəni barda keçirmisən?
- Xeyr, bara gedəsi əhvalım yoxdur. Sizdən ayrılandan beləyəm. Rahatlığım olmayıb. Gecə də gözümə
yuxu getməyib, fikir xəyaldan.
- Nəyin fikrini çəkirsən? Cinayətkarı tutmuşuq. İndi sizi görüşdürəcəyəm, özün də əmin olacaqsan. Ola
bilsin müəyyən şübhələrimiz bir qədər də reallaşacaq. Sən əyləş.
Qapıya yaxınlaşıb dəhlizdəki çavuşu səslədi:
- Mənə bax, sənə dediyim o müttəhimi otağıma gətir.
İncinin baxışları qapıya dikildi. Fatehlə iki aydan çox olardı rastlaşmırdı. Daha bara gəlmirdi. Özünə
hardasa başqa yerdə məskən tapmışdı. Yaman darıxmışdı onun üçün. Beş-on dəqiqə yanaşı oturub
könülxoşluğu ilə şirin-şirin söhbətə də tamarzı qalmışdı. Bəzən Fatehin gözünün ucu ilə də ona baxmamasını,
onun qadınlığına olan biganəliyini düşünəndə ürəyindəki acıqdan az qala ona nifrət edirdi. Belə olanda verdiyi
mənəvi əzabların əvəzinə Məsməyə görə günahsız həbs edilməsini ona Allah tərəfindən göndərilən cəza hesab
etmək istəyirdi. Ancaq tez də razılaşmayıb özünü qınayırdı. Çünki sevgini almırlar, qazanırlar. Sevəndə də
təmənna ummurlar. Qəlblə alver etmək olmaz. Sevmir, sevməsin. Bacarırsan, sən sev. İnsan sevəndə Allaha
yaxın olur...
Çox keçmədi, kök, tosqun çavuşun Fatehlə otağa daxil olması İncini düşüncələrindən ayırdı. Qeyri-
ixtiyari ayağa durdu. Fateh elə bil dəyişilmişdi. Yoxsa ona elə gəlirdi...
- Salam...
Nəzərlərini qolundakı qandallardan ayırmayan Fateh dalğın baxışlarla otağı süzərək ayağa durub ona
salam verən qadına tərəf baxdı. Tanıyıb gülümsədi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
74
- O... kimi görürəm! Salam.
Görünür Səmədli onu xəbərdar etməmişdi, İnci ilə görüşməyi gözləmirdi:
- Necəsən? Rəis də demir ki, kim gəlib? Dedim, yəqin təzə dəlil-sübutlar tapılıb.
- Əyləş, darıxma, vaxtı gəldikcə tapacağıq, - Səmədli onun sözünü kəsdi. Nə fikirləşdisə, çavuşu
tələsdirdi:
- Qandalı aç, özün də dəhlizdə gözlə.
Çavuş otaqdan çıxdıqdan sonra İnci Səmədliyə danışmağa imkan vermədi:
- Naçannik, dünən sizdən xahiş etmişdim axı, bizi on-on beş dəqiqəlik tək buraxasınız. Razı
olmuşdunuz. İndi icazə verin. Mümkünsə siz də çıxın, xahiş edirəm.
- Niyə tələsirsən, söz vermişəm, şərait yaradacağam.
- Bax, sonraya qalsa ürəyimdəki fikirləri unudacağam, ya da qatmaqarışıq olacaq. Özüm də heç
bilməyəcəyəm nə istəyirəm. Ona görə tələsirəm. Xahiş edirəm...
Səmədli İncinin inadına qarşı çıxmayıb, razılaşdı.
- Yaxşı, mən də çıxıram. Qurtaran kimi, məni çağır, dəhlizdəyəm, çox uzun sürməsin.
Səmədli otaqdan çıxsa da qapını örtməyib, aralı saxladı. İnci Fatehə yaxınlaşıb yanında oturdu.
Ehtiramla əlini əlinə götürüb sıxdı, gözlərinə baxdı. Nədən başlayacağını bilmədi.Fateh ondan tez dilləndi:
- Mənə sözün var? Nə soruşacaqsan de, eşidirəm. Məsməni mən öldürmüşəm, yoxsa yox? Bunu
öyrənmək istəyirsən?
- Yox, elə deyil. Səbirli ol.
- Bəs onda səni bura çağırıb mənimlə niyə üzləşdirirlər? Yoxsa sən də Məsmənin saxladığı qızlardansan?
- Mən özüm gəlib xahiş etmişəm ki, səninlə görüşəm. Məsmə mənim analığımdı.
- Necə? Analığın? Mən heç bilmirdim. İndi yəqin sən də məni bunlar kimi analığının qatili hesab
edirsən...
www.kitabxana.net
– Milli Virtual Kitabxana
75
- Bir imkan ver danışım. Nə yaman səbirsiz olmusan. Bilirəm, sən qatil deyilsən, onun ölümü sənlik
deyil. Mən gəlmişəm ki, sənə kömək edim.
- Bu üç gündə ilk adamsan ki, mənə ümid verirsən. Qulaqlarıma inanmağım gəlmir. - Fatehin çöhrəsi
dəyişdi, - hərhal belə danışmaqda əsl niyyətinin nə olduğunu bilməsəm də eşitmək xoşdur.
- Fateh, - İnci ah çəkdi, - qəlbimə toxunursan. Yadındadır, tanış olduğumuz gün? Məni boğulmaqdan,
ölməkdən qurtarmışdın. Sənə təşəkkür etmək, minnətdarlığımı bildirmək istəyirdim. Gəl ki, ilk gündən sənin
soyuq münasibətin ürəyimi ağrıtdı. Əvvəl elə bildim təvazökarlıq edirsən. Gözümdə daha da ucaldın. Özüm də
bilmədən səni sevməyə başladım. Gizlicə. Sonra bir gün dözə bilməyib sənə hisslərimi etiraf etmək istədim.
Sənin necə laqeyid, buz kimi soyuq olduğunu görəndə peşman oldum. Peşman oldum məni dənizdə ölməyə
qoymamağına. Kaş öləydim. Sən mənim cismimi xilas etsən də sevgiyə, insanlığa, kişilərə olan son inamımı,
ürəyimi qırdın.Məni daxilən öldürdün. Əgər mən fahişəyəmsə, demək ömrümün hansısa bir anında insan kimi
sevib-sevilməyə layiq deyiləm? Həmişəlik fahişə olaraq qalmalıyam. Sən belə düşünürsən, eləmi? Bəs məni
kim fahişə edib, yalnız Məsmə? Yoxsa siz kişilər?..
Fateh dinməyib başını yerə dikmişdi. Heç vaxt təsəvvürünə də gətirməzdi ki, adi gözlə baxdığı,
əhəmiyyət vermədiyi İnci onu gözləmədiyi dərəcədə bu cür sərt ittiham etsin. Görünür, bu vaxtadək bar
qadınlarının hamıdan yaxşı tanıdığını hesab etməsi əbəs imiş.
- Ancaq bir həqiqət var. Sevməyi kişiyə qadın öyrədir. Mən sənə sevməyi öyrədəcəyəm,səni sevginin
varlığına inandıracağam...
- Sən bunun üçün gəlmisən, - Fateh başını qaldırıb ona baxdı, - sevgi dərsini keçməyə?
- Tək buna görə yox, - nəzərlərini Fatehin gözlərinin içinə zillədi, - düzünü de o axşam sənin Məsmə ilə
aranızda yaxınlıq olmuşdumu?
Fateh İncinin nə düşündüyünü anlayıb heyrətə gəldi:
- Dəlisən? Sən məni nə hesab edirsən? Anam yaşında qadınla?! Düzdür, ola bilsin onun könlündən
keçirdi. Məni ləngitmək, gecəni qalmağımı istəyirdi. Onun yanına yalnız təzə tanış olduğum qız barəsində əlavə
məlumat öyrənmək üçün gəlmişdim...
İnci Fatehin bayaqdan tutub saxladığı əlini bir daha əllərinin arasına alıb sıxdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
76
- Mən də belə güman edirdim...
Bu an Səmədli qapıda görsəndi:
- Qurtarmadı söhbətiniz?
- Qurtardı, gəlin, - İnci Səmədliyə tərəf çevrildi, - çox sağ olun naçannik, ömrünüz uzun olsun.
Səmədli yerini rahatlayıb, masanın dolabını yoxlayaraq İnciyə müraciət etdi:
- Hə, söhbətinizin bir xeyri oldumu? Cinayətkarı müəyyən etmək olarmı?
- Bəli, olar, - İnci cavab verdi.
Fateh təəccüblə İnciyə baxdı. O, kimi nəzərdə tutur?
- Bəs, elə isə qətli törədənin açıq etirafına nə mane olur?
- Artıq heç nə. Mən etiraf edirəm, - İnci sözünü tamamlamayıb başını aşağı salıb günahkarcasına
nəzərlərini Səmədlinin baxışlarından qaçırtdı.
- Sən nəyi etiraf edirsən? - İndi Səmədli təəccübləndi. Şübhələrinin düz çıxacağını yəqin etdi: O, Fatehlə
xəlvəti əlbir olub!
- Məsməni öldürməyimi...
Səmədli eşitdiyi sözdən məəttəl qalmışdı: Bu qız dəli olub, nədi? Fateh donmuşdu, səsi çıxmırdı.
Səmədli dəqiqləşdirmək istədi:
- Mən başa düşmədim, sən nə demək istəyirsən? Məsməni sən öldürmüsən, o öldürüb, yoxsa ikiniz birgə
öldürmüsünüz?
- Mən öldürmüşəm.
Səmədli İncinin cavabından əsəbiləşdi. Yerində otura bilməyib, ayağa durdu. Otaqda var-gəl edə-edə
davam etdi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
77
- Xanım, mən bilmirəm sən hansı məqsədlə tamaşa qurursan. Yadda saxla ki, yalan ifadənə görə,
məsuliyyətə cəlb edilə bilərsən. Yox, əgər cinayəti öz boynuna götürürsənsə, bəs, niyə bir həftədir susurdun?
Fatehlə bu günkü görüşü gözləyirdin? Olmaya şərtləşib belə razılığa gəldiniz?
Fateh çaşqın nəzərlə İncinin nə cavab verəcəyini gözləyirdi. İnci etiraz etdi:
- Xeyr naşannik, mən yalan danışmıram. Fatehin də bu ölümə qarışacağı yoxdu. Günahkar təkcə mənəm.
Səmədli qayıdıb yerində oturdu. Əlini stolun üstünə çırpdı:
- Deyirsən günahkarsan, onda danış, sübut eylə ki, cinayəti sən törətmisən. Başla. Necə oldu ki, sən
analığını öldürmək fikrinə düşdün? Aranızda şərikli nəsə vardı?
Otağa ani sükut çökdü. O, analığının elədiklərinə görə cəzasız qalmayacağını bilirdi, amma bu cəzanın
onun əli ilə olub qatilə çevrilərək öz günahlarının da cəzasını çəkəcəyini ağlına gətirməmişdi. Düz deyirlər ki,
qisas yerdə qalmaz. Onu kimsə əfv etməyəcəkdi. Nə qədər ağır olsa da İnci həmin ğtən anları xatırlamalıydı:
- Öldürmək fikrim yox idi. Doğrudur, ürəyimdə Məsmədən acığım gəlirdi. Son zamanlar məndə ona
nifrətə oxşar bir hiss vardı. Hələ atam onu evimizə gətirən gündən evimizin bədbəxtliyi başlamışdı. O, fahişə
ollsa da atam onu sevmişdi. İstəyirdi onu ev qadını etsin. İstəsə də gücü çatmadı. İl yarım keçmədi, atam qəm-
qüssə ilə dünyadan köçdü. Hesab etmirəm ki, o bədbəxt hadisə nəticəsində öldü. İllərlə dənizdəki fırtınalara sinə
gərən insan adi bi küləkdə dənizə düşdü. Onu dənizə dərd saldı. Atam rəhmətə gedəndə mənim on altı yaşım
vardı. Məsmə yemək-içməyimi, pal-paltarımı heç vaxt kəsmirdi. Həm də hiss edirdim ki, məni öz ardıcılı
görmək istəyir. Çox istədim onun kimi olmayım. Lakin ilk sevgimin naxələfliyi məni sındırdı və mən
istəməsəm də analığımın davamçısı oldum. İkinci dəfə məni dənizdə ölümün pəncəsindən qurtaran bu oğlana
vuruldum, - əli ilə Fatehi göstərdi, - ancaq o da məni saymadı. İnsan sevgisiz yaşaya bilməz. Kimisə
sevməlisən. O məni sevməsə də, mən onu ürəyimdə sevirdim. Həmin axşam Məsmənin yanındakı kişinin Fateh
olduğunu səsindən tanıdım. Sizə səsi tanımadığımı yalan demişdim. İstəmirdim onu tutub incidəsiniz.
Məsmənin cavan oğlanlardan xoşu gəldiyini bilirdim. Taleyimi qara edən adamın sevdiyim oğlanı da ələ
keçirməsini düşünüb, qısqanclıqdan evdən dəli kimi çıxdım. Hikkəmdən işdə özümə yer tapa bilmədim. Özümü
sakitləşdirmək üçün barda nə qədər içdiyim yadımda deyil. Heç cürə qərar tuta bilmirdim. Elə bil yarı hissəm
evdə qalmışdı. Hamının gözündən yayınıb gecə ikən evə qayıtdım. Onları bir yerdə tutmaq istəyirdim. Məsməni
tək gördüm. Bununla belə bütün hirsimi, acığımı onun üstünə tökdüm. Sərxoşluqdan ayaq üstə güclə dayansam
da biz tutuşmalı olduq. Ona olan nifrətim gözlərimi necə örtmüşdüsə, boğazından yapışdığımı gördüm.
Boğmağa gücüm çatmadığından, səsi kəsilənə qədər başını divara vurdum. Sonra əl çəkib təzədən işə qayıtdım.
Maşını görməsinlər deyə uzaqda saxlatdırdım. Düşüb bara çatanadək halsızlıqdan yeriyə bilməyib ağaclıqdaa
www.kitabxana.net
– Milli Virtual Kitabxana
78
yıxılıb qaldım. Məni yoldaşlarım ağaclıqda tapanda nəm torpaqda uzandığım üçün soyuqdan əsirdim. Bax, ona
görə də xəstələnib iki gün barda yatmalı oldum. Özümə gələndə isə heç nə yadımda qalmamışdı. Məsmənin
ölməyini biləndə qəlbən sevinsəm də, kim tərəfindən öldürüldüyünü anlamırdım. Əmin idim ki, bu, Fateh
deyildi. Dünən Fatehi həbs etdiyinizi eşidəndə bərk təsirləndim. O, əcaib gecəni xatırlamağa özümü məcbur
etdim...
Fateh başını əlləri arasına alıb fikrə getmişdi. Səmədlinin İncinin hekayəsinə inanmağı gəlmird:
- Yaxşı, düzdün-qoşdun, biz də inandıq. O gecə barəsində danışdıqlarına dair heç olmasa bir şahidin
varmı?
- Var, - İnci Səmədlinin bu sualını da cavabsız qoymadı - taksi sürücüsü, gecə bardan evə, geriyə aparıb
gətirən taksinin sürücüsü. Nömrəsini verim, çağırıb dindirin.
- Kifayətdir, - Səmədli dolabdakı səsyazanın düyməsini basıb, ayağa durdu.
- Naçannik, bəs Fatehi azad etmirsiniz?
- Mən təcili prokurorluğa məlumat verməliyəm. Siz hələki gözləyin, gəlirəm, - Səmədli tələm-tələsik
otaqdan çıxdı.
- Sən düz etmirsən, - Fateh İnci ilə razılaşmadı, - nahaq yerə bu işi boynuna götürürsən. Taksi
sürücüsünün səni gecə evə aparıb-gətirməsi müqəssir sayılmaq üçün yetərli sübut hesab olunmamalıdır. Qoy
axtarıb əsl günahkarı tapsınlar. Onu sən öldürməmisən... Düz eləmirsən. Mən bilirəm sən niyə belə etdin.
Hamısını mənə görə uydurursan. Yadıma düşdü, hələ o vaxt, səni sahilə çıxardığım üçün ”sənə bir can
borcluyam" demişdin. İndi borcundan çıxırsan? Elə bilirsən başa düşmürəm? Mənə görə niyə özünü zülmətə
salırsan? Cavan qızsan, gələcəyini düşünürsənmi? Mən heç, kişi üçün elə də çətin deyil həbsxananın əziyyətinə
dözmək, bəs sən?..
İnci danışmağa imkan vermədi. Barmaqlarının ucunu sevgi ilə Fatehin dodaqlarına toxunduraraq saxladı.
Qadın barmaqlarının dodaqlarına dəyən xoş nəvazişindən Fateh sözünün ardını gətirə bilməyib susdu:
- Fatehim, mən heç nə uydurmuram, sənə elə gəlir. Cinayəti etdiyim üçün cəzanı da mən çəkəcəyəm.
Onsuz da zülmətdəyəm. Hansı gələcəkdən danışırsan? Əksinə, sən gərək gələcəyinin qayğısına qalasan. Mən
bacarmadım. Məni xoşbəxt edəcək kişini tapmadım. Sən həbsxanada yatmaqdansa əsil kişi olub heç olmas bir
qadını yiyəsiz qoyma, arxa ol, sev, xoşbəxt eylə...
www.kitabxana.net
– Milli Virtual Kitabxana
79
***
Axşamçağı polis idarəsinin müvəqqəti saxlama təcridxanasında kapitan Səmədlinin göstərişi ilə
kameralardan birinin qapısı açıldı:
- Vətəndaş Məmmədli Fateh, siz azadsınız.Tərk edin!..
Fateh tənbəl-tənbəl yerindən durub kameradan çıxmağa hazırlaşdı. Dünən ona sabah axşam istintaq
təcridxanasına göndərilməyi elan olunmuşdu. Bu gün isə qapısını açıb azadlığa çıxarırdılar. Dünyanın işini
bilmək olmur. Heç ağlına da gətiməzdi ki, kimsə ona belə tez həbsdən qurtulmağa köməkk edə bilərmiş. İndi
nədənsə getməyi gəlmirdi, vicdanı ağrıyırdı. Onu İnci ilə əvəz etmişdilər. ”Həqiqətən, o, analığını öldürmüşdü
yoxsa, məni sevdiyinə görə belə edir”.., - çaşqınlıq içərisində düşünürdü.
Dəhlizə çıxıb qonşu kameralara tərəf baxdı. Ürəyindən keçsə də, polislər İnci qalan kameranı nişan
vermədilər. Onu məcbur gətirdikləri kimi, məcbur da bayıra qovurdular. O, geri çevrilib söralanan kameraların
cərgəsi boyu uca səslə qışqırdı:
- İnci, eşidirsən? Darıxma. Sən günahsızsan. Günahsız... Mən məhkəmədə sənin günahsız olduğunu
sübut edəcəyəm. Belə qalmayacaq...
İncinin bütün günü müstəntiqlərlə sorğu-sualda keçdiyi üçün yorulduğundan dəhlizdən gələn haraya hay
verməyə halı yox idi. Fatehin qəribə bir tərzdə ifadə etdiyi "günahsız" sözündən sifətinə gülüş yayıldı.
Səs qulaqlarından çəkilənədək kameranın ölü sakitliyində öz-özünə xeyli düşündü. Günahsız... Amma,
qatil!..
Doğrudanmı, o, günahsız idi?!. Görəsən dünyada günahsız insan yaşayırmı?..
Mart, 2005
Dostları ilə paylaş: |