16
yenicə Yejovun yerinə NKVD-yə rəhbərliyə gətirilmiş Beriyadan onun
gözü heç su içmir, düzgün adam təsiri bağışlamır, ondan ehtiyatlı olmaq
lazımdır. İçkinin təsirindənmi, yoxsa özünə çox güvəndiyindənmi bu
bədbəxt unudub ki, Bağırovun beş il əvvəl yenidən dirçəlməyində və
Azərbaycana rəhbər gətirilməsində keçmiş Zaqafqaziya federasiyası
liderinin xüsusi rolu olub və Azərbaycanda sovet hökuməti qurulanda ÇK-
nın sədri təyin olunan Bağırovun yanında Lavrenti Beriya onun müavini
işləyirmiş. Bağırov söhbəti olduğu kimi köhnə dostuna və himayəçisinə
çatdırdıqdan sonra, Kosaryev tutuldu və və xalq düşməni elan olundu.
Müharibə dövründəki neft hasilatının ən yüksək səviyəyə qalxması
isə respublikanın rəhbərinə əlavə siyasi dividendlər gətirdi və onun bu
kapitalı əvvəlki dövrlərə nisbətən xeyli dərəcədə böyüdü. Elə gətirdi ki,
mən filosof alim İvan Tixonoviç Vinoqradovla bir müddət yaxın dostluq
etdim və o, Bağırovla şəxsən tanış olduğunu, dəfələrlə görüşdüyünü
xatırlayaraq müxtəlif əhvalatlar danışırdı. Həmin şəxs müharibədən sonra
partiya ierarxiyasında, Mərkəzi Komitədə ikinci şəxs sayılan Georgi
Malenkovun başçılıq etdiyi təşkilat şöbəsində onun birinci müavini
işləmişdi. "Bolşevik" jurnalının redaksiya kollegiyasının üzvü kimi o, az
qala Bağırovun qəzəbinə düçar olmaqdan təsadüfən yayındığını səmimi
şəkildə danışaraq, dönə-dönə qeyd edirdi ki, Bağırov özünü nə qədər sadə
aparsa da, zahiri görünüş xatirinə bizə, hətta təlimatçılara da baş çəksə də,
hamımız bilirdik ki, istənilən məsələni o, Stalinin yanında birbaşa həll
etmək qüdrətinə malikdir. Ona görə də hər birimiz ondan çəkinir, əslində
qorxurduq. Hətta Malenkov belə, onun məkrinə, qəzəbinə tuş gəlməkdən
ehtiyatlanırdı. Bəlkə də respublika rəhbərləri arasında yeganə şəxs idi ki,
istənilən məsələni Stalinin yanında qaldırmağa cəsarət edirdi və nə qədər
hiperbola edilmiş kimi səslənsə də, Dağıstan xalqlarının da guya almanlara
xidmət göstərməsi meyllərinə görə sürgün edilməsinin qarşısını almaqda
onun müstəsna rolu olması ehtimalına da şübhə ilə yanaşmamaq lazım
gəlir.
Dəvət olunan mədəniyyət xadimləri otağa girərkən Bağırovun hirsli,
ən azı kefsiz olduğunu hiss etdilər. Onsuz da cəbhədə işlər yaxşı getmirdi,
düşmən irəliləyirdi və belə getsə, təhlükə Bakının da qapısını döyəcəkdi.
Amma bu adamlar başa düşürdülər ki, onlar nə hərbçi, nə də bir səlahiyyət
sahibidirlər ki, müharibədəki vəziyyətin dəyişməsinə hansısa təsir göstərə
bilələr. İqtisadiyyatın da, neft istehsalının və nəql edilməsi vəziyyətinin də
onlara heç bir dəxli yoxdur. Yəqin özlərinə aid nəsə bir məsələ var. Heç
17
kəs xüsusən şair, yazıçı, artist hökmdarın yanına bircə dəfə də qorxusuz
girmir, çünki onlar bir-biriləri ilə yola getmir, digərini nüfuzdan salmaq
üçün dəridən qabıqdan çıxırlar. Həm də hansısa yazının, hansısa
tamaşanın hökmdara xoş gəlməməsi, yaxud da pis rəylə təqdim olunması
ehtimalları da az deyildir.
Onsuz da son vaxtlar bir qrup yazıçı və şairi yanına çağırıb, rüsvay
etmişdi ki, siz olduqca istedadsız adamlarsınız, gül-bülbül mövzusundan
uzaqlaşa bilmirsiniz, müharibə haqqında yazdığınız əsərlərə görə isə
yalnız xəcalət çəkmək olar. Vuruşan ölkənin şairi, yazıçısı bir qəhrəmanlıq
mövzusu tapmırsa, özünü Vətən yolunda fəda etməyin yüksəkliyini
tərənnüm edə bilmirsə, bu qədər adamı niyə arxada saxlayırıq, elə ön
cəbhəyə göndərək, orada kor qələmlərini atıb silaha sarılsınlar, bəlkə bir
fayda gətirdilər. Sizi ki, tanıyıram, ona görə də qorxuram ki, bir alman
görən kimi səngərdən çıxıb, əllərinizi qaldırıb, ondan aman diləyəcəksiniz
və and-aman eləyəcəksiniz ki, xalq bizim çağırışı gözləyir, biz desək hamı
sizə xilaskar kimi baxacaq, arxamızca gələcəkdir. Hətta, rişxəndlə gülüb
ki, xalqı qoyun sürüsü hesab etsəniz də, heç vaxt sizdən onu arxasınca
aparan qoç ola bilməz. Sizdən ancaq qəssabxanadakı provokator keçi ola
bilər ki, xalqı qəssab bıçağının altına aparasınız. Yaxşı ki, xalq arasında
elə bir nüfuzunuz da yoxdur, ona nə söz deyə bilirsiniz, nə təsir edə
bilirsiniz. Xalqın arasında aşığın, meyxana deyənin hörməti sizdən
artıqdır. Provokator keçisi olmağınızı isə bir-birinizə münasibətdə
bacarıqla göstərə bilirsiniz. Bu son 4-5 ildə nə qədər qələm yoldaşınızı,
səhnə yoldaşınızı güdaza vermisiniz. Vaxt gələcək, özünüzü təmizə
çıxaracaq, bütün günahı mənim üstümə yıxacaqsınız. Ona görə də sizə çox
üz vermirəm. Çünki adamların həyasız sifətləri də mənə bəllidir.
Bu fağır bəndələr yaxınlarda baş vermiş həmin ağır söhbətin
təsirindən qurtarmamış, yenidən onun dəmirçi çəkicindən ağır olan
yumruğunun altına düşməkdən qorxurdular. Ancaq onu da bilirdilər ki, o,
heç vaxt sürünün hamısını birdən bıçaq altına göndərmir, ovu tək-tək
ovlasa da, zənbil çox tezliklə ovlanmış quşlarla dolur, ancaq bir qədər
artıq vaxt sərf etmək lazım gəlir. Ona görə də əmin idilər ki, bu gün də
kiminsə başı üzərində ildırım çaxacaq. Hər birisi bircə onu arzulayırdı ki,
bu dəfə də zərbə ona dəyməsin, ondan yan keçsin.
Uzaqda, iri masanın arxasında oturan Bağırov başını aşağı dikmişdi,
ovcunda tutduğu karandaşları oynadan əli ilə deyəsən oturmaq işarəsini
andıran bir hərəkət etdi. Hamı divar boyu əyləşsə də, qocaman yazıçı,
Dostları ilə paylaş: |