7
məğlubiyyətlərini, uduzmalarını, qazandıqları qalibiyyət və uduşun
şəkildəyişməsi kimi qələmə verməyə cəhd edir, hər şeyə özlərinə məxsus
olan dəyərlər şkalasından baxırlar. Hansısa məqsəd qarşıya qoyulanda ona
çatmaq yolları və vəsitələri də tapılır. Özünü şöhrətləndirməyin ən asan və
ucuz yolu televiziya ekranında görünmək, həyatın, keçmişin barədə
təsəvvürlərə əl gəzdirmək üçün memuar və ya bir kitab nəşr etdirməkdir.
Çap məhsullarından birincisi çox vaxt muzdla tutulmuş adamlar tərəfindən
yazılır, çünki müəllif imzasını qoyan nə bir savada, nə də elə bir
dünyagörüşə malikdir. Özünü ucuz reklamın digər cəhdi, üzərində iri
portreti təsvir olunan kitabda həmin şəxsin fəaliyyətinin, keçdiyi yolun
sabun köpüyü kimi üfürülüb şişirdilməsidir. Burada həmin adamın
şəxsiyyəti, yalnız çəhrayı rəngdə nümayiş etdirilir. Böyük rəssam Pablo
Pikasso çəhrayı rəngin belə hörmətdən düşəcəyini bilsəydi, yəqin ki, öz
yaradıcılıq dövrlərindən birini bu rənglə rəmzləndirməzdi. Kitab həmin
adım haqqında yazılan xatirələrin məcmuudur. Xatirə söyləyənlərin özləri
də bazarda mal alıb satmağa, sadəcə alver etməyə gələnlər kimi
rəngarəngdir, olduqca müxtəlif tərkiblidir. Burada pul naminə istənilən
panegirik yazmağa hazır olan elm xadimləri də, keçmiş vəzifə sahibləri də,
zəhətkeşlərin məşhur nümayəndələri də vardır. Axırıncılar əsasən Sosialist
Əməyi Qəhrəmanı adını daşıdıqlarına görə nüfuz sahibi kimi təqdim
olunurlar. Rəy mənbəyi olanların hamısı mükəlləfiyyət xarakteri daşıyan
xidməti yerinə yetirməli - bu əlahiddə fəaliyyət sahibi barədə ən tərifli
sözlər söyləməlidir. Bu memuarların və kitabların kütləvi oxucusu isə
payladıqları qohum-əqrəba, dost-tanışdır. Belə kitablar keçən əsrin
ortalarında yaxın adamlara verilən və üstündə «yadigar üçün» və digər
standart sözlər yazılan fotoşəkilləri əvəz edir.
Bütün bunları araşdıranda çalışıram ki, həyatdakı hadisələrə daha
yüksək nöqteyi-nəzərdən baxım, onların görünən səthi ilə kifayətlənməyib
mahiyyətinə nüfuz edə bilim. Ona görə də səmimi etiraf xarakteri daşıyan
məhrəmanə söhbətə üstünlük verməklə, birinci növbədə bunu qəbul etmək
iqtidarında olan insanlara ünvanlayıram. Axı tənhalığa öyrəşmiş olanlar öz
dərdlərini ən yaxın saydıqları, etibar etdikləri adamlara bildirirlər, bu
barədə heç vaxt aləmə car çəkmək üsulundan istifadə etmirlər. Həyatda
aldığın ən ağır zərbəni isə yalnız səmimiyyətinə şübhə etmədiyin adama
bildirirsən. Yəqin ki, çoxları şərlə sirayətlənmiş cəmiyyəti təhlil etməyə
çalışır və bunun köklərini dərk etməyə, onlara qarşı mübarizə vasitələri
tapmağa cəhd edir. Mən də kimsəsiz adada yaşamıram, canlı insanlarla
8
əhatə olunmuşam, lakin artıq heç kəsi özümə dərd həmdəmi, sirdaş hesab
etmədiyimdən tənhalığa sığınmışam, az qala guşənişin həyatı keçirirəm.
Tarixçilər yazırlar ki, erkən xristian rahiblər şəhvət azdırmalarından,
tselibatı pozmaq təhlükəsindən uzaq olmaq üçün qaçıb səhralarda,
dağlardakı mağaralarda yaşamağa üz tuturdular ki, ümumiyyətlə qadın
cinsindən olan məxluqu görməsinlər. Mən heç yerə qaçmamışam,
adamların əhatəsindəyəm, lakin elə bil ki, hamı mənə yaddır, bəlkə də mən
hamıya yadam, çünki onlardan fərqli olduğumu hiss edirəm. Başıma gələn
hadisə, üzləşdiyim ağır itki məni belə həyat tərzini qəbul etməyə, ona
dözməyə məcbur etmişdir. Ətrafdakılar isə mənim halıma laqeyddir,
biganədir, belə münasibət isə məni tənhalığa daha möhkəm bağlayır. Bu
vəziyyətdə olanlar üçün insanın dəyərini və ləyaqətini dürüst dərk etmək
ehtiyacı yaranır.
Heç kəs güman etməsin ki, mövcud həyat tərzimə, ətrafdan təcrid
olunmağımla öyünürəm, saxta məğrurluq hissi keçirirəm, yaxud da
müstəsnalıq kompleksindən əziyyət çəkirəm. Burada hansısa qeyri-adilik
nümayiş etdirmək istəyindən də heç bir əsər-əlamət yoxdur, sadəcə olaraq
bu başıma gələn faciənin məntiqi nəticəsidir. Həmin dərdə dözməyin
ağırlığını da təkcə çəkirəm. Bircə təsəlli halı ondadır ki, bundan heç kəsə
ziyan dəymir, başaqlarına qarşı paxıllıq və ya kin hiss etmirəm.
Onu da yaddan çıxarmaq olmaz ki, bir dərdin faciəsi təkcə onun
özündə, tam təcrid olunmuş qaydada meydana gəlmir, müxtəlif
hadisələrin, talelərin çuğlaşmasından yaranır. Yazda ilan balaları
yumurtadan çıxanda bir-birinə elə dolaşırlar ki, başlarını, quyruqlarını
ayırd edə bilmirsən. Talelərin bir-birinə çuğlaşmasında da səbəbi və
nəticəni bir-birindən ayırmaq çətin olur. İnsanların tale cığırları da bir-
birilə daim kəsişir, başqalarına aid olana sən də reaksiya verməli olursan,
kənarda qala bilmirsən, lkin bu heç nəyi dəyişə bilmir. Bəzən həyatdan
bezdiyimdən, cana doyduğumdan hər şeyə birdəfəlik son qoymaq barədə
də düşünmüşəm, bu «Qordi düyününü» birdəfəlik kəsib atmaq istəmişəm.
Hər kəsin öz dünyası olduğu kimi, mənim də öz ayrıca ərazisi olan
aləmim var və son vaxtlar onu daim qəm, kədər dumanı əhatə edir. Lakin
ondan imtina da edə bilmərəm, heç Gülüstani-İrəmə ya Arkadiyaya
bənzəməsə də. Bəlkə də mən diri ola-ola Dante cəhənnəminin
dövrələrindən birində məskunlaşmışam. Heç nə edə bilmərəm, öz mövcud
olduğum məkanı və zamanı dəyişə bilmərəm, kinofilm qəhrəmanı deyiləm
ki, kadr dəyişən kimi nəinki özümü, hətta yaşadığım ərazini və dövrü
Dostları ilə paylaş: |