Göyçə adlı bir arzu var, dilək var.
Məndən ötrü Vedibasar, Ağbaba,
Dərəçiçək, Zəngibasar, Pəmbək var.
Məndən ötrü Ermənistan yoxdu, yox!
28.05.1993.
AY DURNA
Mən də qərib, sən də qərib,
Bu dərdimi qan, ay durna.
Göyçəmizdən keçər olsan
Şahdağına qon, ay durna.
Ağca güllər yerindisə,
Göycə göllər yerindəsə,
Bizim ellər yerindəsə
Məni orda an, ay durna,
Qoy dönüm sənin başına,
Gəl yuyum gözüm yaşına.
Dön bir səməndər quşuna,
Sən də məntək yan, ay durna.
Qəbristanı gəz ahəsətə,
Ruhlar qərib, ruhlar xəstə.
Qon anamın qəbri üstə,
Ağla, sızla, can, ay durna.
Eldar çaşqın, həyat zəhər,
Dünya yalan, ömür qəhər.
Ağbulaqdan versən xəbər
Heç də olmaz qan, ay durna!
ALLAH AMANATI
Hicran günü əsib getdim,
Haqsızlıqdan bezib getdim.
Bulud, səndən küsüb getdim,
Yellər, Allah amanatı!
Belə uçuş, pərən olmaz,
Bu karvanı sürən olmaz.
Sizi mənsiz dərən olmaz,
Güllər, Allah amanatı!
Dalğaları incik düşən,
Qırçınları itkin düşən.
Sonaları perik düşən,
Göllər, Allah amanatı!
Dərdi qovdum dərd ölüncə,
Düşdüm qürbətdə bir küncə.
Bəlkə gəldim, mən gəlincə,
Çöllər, Allah amanatı!
Od qılıncın sıyırdılar,
Məni sürgün buyurdular.
Ayrılmazdım ayırdılar,
Yollar, Allah amanatı.
Min illərlə mənli olan,
Dağda-daşda cığır salan...
Soyadımla yaşa dolan,
İllər, Allah amanatı!
Tüstüm gedib, külüm qalıb,
Məndən ötrü zülüm qalıb.
Qəbir-qəbir elim qalıb,
Ellər, Allah amanatı!
YAN SAZIM
Bilirsən könlümün üsyan səsini,
Yenə qoparmısan min tufan, sazım!
Göylərin qoynuna bir ün salıbsan,
Nə bulud görünür, nə duman, sazım.
Yenə yaman tikir, yaman sökürsən,
Üstünə qor səpib, çınqı tökürsən.
Kövrək ürəyimi suya çəkirsən
Bir aman istərəm, bir aman, sazım!
Şirin intizarlı, fərhad vəfalı,
Sən Dilqəm dərdlisən, Nəcəf cəfalı.
Yenə havalısan, yaman havalı,
Dözməz bu halına hər insan, sazım!
Fikrin tər-təzədi, qəmin qocalıb,
Eşqim də, andım da sənlə ucalıb.
Sən Xəstə Qasımın dərdini çalıb,
Gəl belə inləmə ay ozan, sazım.
Eldar, yanan ömür verilməz bada,
Ürəyin çınqısı sönməz dəryada.
Kərəm yanan oda, tutuşan oda
Bu dünya durduqca sən də yan, sazım.
.
QIŞIN OĞLAN ÇAĞI BİR ÖMÜR BİTƏR
Yaz gələr dağlara
Gülə bələnər.
Yay gələr
Dağlara
Yağış çilənər.
Payız bərəkəti
Axar dağlara.
Qış da ayaq tutub
Çıxar dağlara.
Qış keçər
Yenidən
Dağlar gül açar.
Yay ötüb keçməmiş
Payız gül açar.
Yenə də qış gələr,
Yenə yaz gələr.
Dağlar dünya boyu
Beləcə gülər.
Bir insan ömrünün
Yazı keçən tək
Yayı başlayar.
Payızı ötməmiş
Qışı başlayar.
Bu qış nə qurtarar,
Nə yaza ötər
Qışın oğlan çağı
Bu ömür bitər.
NEYLƏYƏK
Belə görmək istəməzdim mən səni,
Bu taledi, bu bir işdi neyləyək!
Nə sənlikdi, nə mənlikdi, nə onluq,
Bu vərdiş də bir vərdişdi, neyləyək!
Zaman atlı, bu köhlənə çatan yox,
Sona qədər bu yüyəni tutan yox.
Bu dünyada uduzan çox, udan yox,
Bu gediş də bir gedişdi, neyləyək!
Sən getsən də məhəbbətin qalandı,
Ruhum hər gün başın üstə dolandı.
Ulu dünya şahlara da yalandı,
Bu da belə bir gərdişdi, neyləyək!
SƏKSƏNİB DÜNYA
Dünyanın beşik dövründən
Bu gününə kimi,
İnsanla gülüb dünya.
İnsanla sevinib,
Öyünüb dünya.
Bütün varlıqların şahı insan,
Ümidi, məqsədi,
Pənahı insan.
İnsan ziynət olub
Yerə, göyə, səmaya.
İnsan gur işıq olub,
Bu gecəli,
Gündüzlü dünyaya.
İnsan ağıl verib,
Ağıllı olub.
Qəlbi nur dəryalı,
Dili nağıllı olub.
İnsanla bəzənib,
Öyünüb dünya.
Nədənsə inciyib,
Dəyinib dünya!
İnsanın bu gün ki,
Əməllərindən
Olmaya bir bala
Diksinib dünya?!
Olmaya insanın
Od silahından
Səksənib dünya?!
İnsan ağıl verib,
Ağıllı olub.
Gərək öz ağlından
İbrət alaydı!
Gərək bu ağılsız
Əməllər üstə
İnsana bir ağıl
Verən olaydı!
SƏN YANANDA
Nə yanırsan yenə, ürək,
Həzin-həzin, için-için?
Sən yanırsan yenə ürək,
Nə tüstün var nə alovun,
Belə yanğı nəyə gərək!!
Nə yanırsan öz-özünə
Yeni şeir, yeni əsər sorağında…
Nə yanırsan kürə kimi
Təzə deyim, təzə bir söz marağında.
Mən yan deyim, yanma deyim?!
Yan, ey ürək, elə yan kı,
Bu yanğının qabağında mən baş əyim!
Bu yanmaq ki, bu dünyada
Sənin əzəl, sənin ilkin qismətindir.
Deyərdim ki, yanğı deyil,
Bunlar sənin şərəfindir, şöhrətindir.
Dostları ilə paylaş: |