17
«Ürəyini sıxma, inşallah yaxşı olar».
Sonuncu söz kişinin dodaqlarından üzülməmiş işıqlar yandı. Kişinin gözləri
parıldadı:
«Gördünüz, Allah var, irəhimi var. Oğlundu?
...Söhbət xeyli uzandı. Sonra kişi durub televizoru işə saldı. Televizor
göstərmədi.
«Andırı dünən düzəltdirmişdim» – deyib də televizorun «təpəsinə» bir yumruq
ilişdirdi. Bu an Bəxtiyar Vahabzadə göründü ekranda. O, vətənpərvərlik və Qarabağ
mövzusunda danışırdı. Şeir də oxudu. Biz şairə qulaq asa-asa Yasəmənin gətirdiyi
qatıq doğramasından yedik. Qablar bir az çirkli olduğundan mən güc-bəla ilə yedim.
Bir yandan da Yasəmənin hərəkəti yer eləmişdi mənə. O, hər dəfə stola yaxınlaşanda
yenə səssiz gülüşlə içində uğunub gedir, başını və göyçək çöhrəsini hamıdan
gizlətməyə çalışırdı. Dədəmin vecinə deyildi heç nə. İki-üç qaşığa boşqab par-par
parıldadı.
Bir azdan, dədəm demiş, havamızı dəyişməyə çıxdıq. Qayıdanda gördük
Yasəmən iki nəfər üçün yer hazırlayıb. Yəqin yenə gülə-gülə. Döşəmədəki nazik
döşəklərdən birinin üstünə uzandım. Dədəmgil üz-üzə oturub təzədən söhbətə
başladılar. Bayaqkı veriliş də qurtarmamışdı hələ.
Mənə elə gəldi ki, gülməli əhvalat danışır
Bir həmyerlimiz Bakıda pullu tualetlərdən birinə gedir. Beş yüz manat alırlar
ondan. Tualetdən bir-iki addım uzaqlaşan kimi üzünü təxminən qoyub gəldiyi dağlara
tərəf tutur:
«Can ay dağlar, bu hesapnan sizə nəxərtə borşdu qaldım».
Məncə yanılır o kişi! Əksinə, biz bütün borclarımızı bu yolla qaytardıq o torpağa.
Bəli, məhz bu yolla! Bir qara qəpik belə verəcəyimiz qalmadı.
Əvvəllər Daşburundan Beyləqana gələn yolun çala-çuxurunda bir mistika
axtarırdımsa, indi belə işlərə soyuq başla yanaşıram. O vaxt hesab edirdim ki, torpaq
bu çala-çuxurla maşınların sürətini azaldır ki, mümkün qədər gec getsin, onu qoyub
qaçmasın.
Dədəmlə Cəbrayılın Dağtumasından mindiyimiz «Qaz 53» maşının «kuza»sında
Ağcabədiyə gəlirdik və Daşburun-Beyləqan arası həmin çala-çuxurların təsirindən
poetik xülyalara dalmışdım. Dədəmin nə düşündüyü bəlli deyildi. Çünki o, heç nə
danışmırdı. Eləcə gözlərini maşının sinəsinin altından sürətlə axıb keçən asfalta dikib
susurdu.
***
Taxtakörpü. Ağcabədi rayon mərkəzinin 11 kilometrliyi. Bura sonralar Laçın
rayonunun mərkəzinə çevriləcək, ağ şirmayi evlərdən böyük bir qəsəbə salınacaq,
icra hakimiyyti üçün dəbdəbəli saray tikiləcək, çardağına üçrəngli bayraq taxılacaqdı.
İcra binasından azacıq aşağı rayonun polis şöbəsinə miskin bir bina tikəcəkdilər,
18
böyründə də təcridxanası… Ən əsası, təcridxananın əlli metrliyindən keçən və bütün
Laçın yataqlarını dolanıb İmişliyə – Şirin Quma qədər uzanan xır yolunun üstünə bir-
birinin ucuna bağlanmış və arxasına ağır KAMAZ diski keçirilmiş payalardan
əzəmətli şlaqbaum qoyulacaqdı və təzə Laçın bu şlaqbaumdan başlayacaqdı.
İndi demək olar ki, heç nə yox idi bu düzəngahda. Beton divarlardan ibarət
hasara alınmış sahə, bir-iki balaca köşk, təkər təmiri sexi, vaqon və s. Heç bir maneəsi
olmayan xır yolu ilə «evimizə» gedirdik. Xalamgilin Baş yataqda daxalı var idi və
bütün qohum-övlad (ana tərəfdən) bu daxala yığışmışdı.
Görüşəndə ilk dəfə biri-birimizə «necəsən» söyləmədik.
O gecədən ən çox yadımda qalan anamın giley-güzarı oldu:
«Nə qədər yalvardım qohumlarınız bir gəbə də götürmədilər».
Anam qonşu kənddən idi. Həmişə dədəmin qohumlarının bizə olan məhəbbətinə
şübhə toxumu səpmək istəyir, əvəzində öz qardaş-bacısının daha yanımcıl olduğunu
beynimizə yeridirdi. İndi, ilin-günün bu vədəsi arvadın əlinə əməlli-başlı fürsət
düşmüşdü.
Sonralar soruşub öyrəndim ki, qaçhaqaç vaxtı maşın olmadığından tək anamdan
yox, heç kəsdən yorğan-döşək, gəbə-filan götürməyiblər. Hər beş uşağa bir kisə un,
vəssalam! Aran onsuz da istidi, bircə, ac qalmayasan.
«Cələkəsən köppəyuşağı! Elə bildilər girov qalacayıq. Allah mənimkilərin canını
sağ eləsin».
Evimizi xalam oğlu göndərdiyi maşınla çıxarmışdılar deyin anamın qarşısında
duruş gətirmək çətin idi. Odu ki, dədəm dinmirdi.
***
Məni səhər ertədən qaldırdılar. Füzulinin Alxanlısına – qohumlara əmanət qoyub
gəldiyim mal-qaranın yanına qayıtmalı idim. Ayağa duran kimi açıq qapıdan daxalın o
biri otaqçasında sərələnib mış-mış yatan qohumlarıma baxdım. Xocalı meyidlərini
xatırladırdılar -üstlərindən tank keçmişdi elə bil.
***
…Əmim iri əli ilə boynumun arxasını sığallaya-sığallaya dedi ki, əgər dədən o
tüfəngi məndən almasaydı, Kəlbəcər oğrularına heyvan verməzdim, qorxmazdım
onlardan. Sonra güldü, heç qorxana oxşamırdı və birdən mənə elə gəldi ki, gülməli
əhvalat danışır və mən də güldüm…
Oyatdılar məni. Əl-üzümü yuyub yüngülvari çay içdim və inəkləri holadım.
Alxanlının bahar havasını ciyərlərimə çəkə-çəkə fitlə bir iki saz havası da çaldım.
Haramı düzəngahının kəndə yaxın ütülü təpələrinin birinin başına qalxmışdım ki,
yaxınlığımızdakı taxıl zəmisinin qoruqçusu şalvarı qılçalarında hövlank ayağa durdu.
Kök olduğundan şalvarını dalından keçirib ortasını bağlamağa macal tapmadı.
Şalvarını düzəldə-düzəldə arxasına baxmadan uzaqlaşan taxıl qoruqçusunun nəcisi
göy otların arasında buğlanırdı.
***
Axşama yaxın uzaqdan bir qaraltı göründü. Gəlhagəl, gəlhagəl… gəlib çıxdı ki,
məndən kiçik qardaşımdı. Yanıma çatar-çatmaz dedi:
«Əmim itkin düşüb».