19
Çaşıb qaldım, ilk dəfə idi ki, belə söz eşidirdim. Necə yəni itkin düşüb?! Heç
adam da itərmi?
«Qohumlarnan bir yerdə heyvanlarını Kəlbəcər üzə aparırmış. Bir dəstə silahlı
adam qarşılarını kəsib, elə biliblər ermənidi. Silahsız olduqlarına görə qorxublar. Elə
ki, həmin adamlar heyvanı alıb bunlara dəyməyib, əmim şübhələnib. Sonra məlum
olub ki, Kəlbəcər oğrularıdı. Təzədən kəndə qayıdıb yiyəsiz heyvanlardan adama bir
dəstə düzəldib, gəliblər Kəlbəcərə. Əmim soyuqladığından yoldaşlardan icazə alıb
Murovdan Gəncəyə, ordan da «çerez» Ağcabədi keçib Füzuliyə – “Horadizin
kruqu”na. Ailəsinin-uşaqlarının sığınacaq tapdığı yerə… Orda - «Vadaproz»da
qohumlarımız çoxdu. Hamısı istinin dərdindən doluşub ictimai tövləyə. Əmim də
tövlənin bir küncünü taxta ilə kəsib «ev» düzəldib, qəpik-quruşdan uşaqlara xərclik
verib, sonra yollanıb babamgilin qaldığı yerə – Beyləqanın Binnətli kəndinə…
Xəstəliyi şiddətli imiş. Kürəyinə bankə salıblar, deyiblər bir az qal, sonra gedərsən.
Deyib yox, yoldaşlara söz vermişəm. Səhəri babamgillə bir maşında Ağcabədinin
girəcəyinə qədər gəlib. Gəncəyə gedən maşınlara minmək üçün orda – Qarabağ
kanalının yanında düşüb.
Bir aydan sonra yoldaşlar gəlib çıxıblar ki, əmim yoxdu. Onlar elə bilirmişlər
xəstəliyinə görə Horadizdə qalıb» - qardaşım udqunub susdu.
***
Dədəm kənddə mağazada işləyirdi. İmkanına söz ola bilməzdi. Əmim kasıb idi
amma. Bir gün dədəmdən nisyə nəsə istəyir, dədəm vermir, inciyir dədəmdən.
Yadımdadı, hamımızla dost idi, dədəmdən başqa. Ona görə bizə gəlmirdi. Dədəmlə
salamlaşmırdı da. Bir gün dədəm bizi göndərdi ki, gedin, Cəfərqulugildən (yəni
əmimgildən) tüfəngimizi alın, gətirin. Əmim yaxşı ovçu idi. Öz tüfəngi yox idi amma.
Qardaşımla gedib tüfəngi istədik. Dinməz-söyləməz gətirib verdi. Bütün ləvazimatı ilə
bir yerdə: patrondolduran, ehtiyat gilizlər, ölçü qabı, qırma, barıt, piston,
pistonçıxaran, lüləni silib yağlamaq üçün polad məftil, qatar və s. Sevindiyimizdən
atılıb düşürdük. Uşaq ağlımızla özümüz ova gedəcəkdik…
***
Evdə ali məktəbə hazırlaşmağımı istəyirdilər. Heyvanlarımızı maşına doldurub
Ağcabədiyə – Cəfərbəyli kəndində anamgilin yığışdığı evə gəldik. Dədəm yox idi.
Soruşdum, dedilər qohumlarına dəyməyə gedib. Qohumlar da hərəsi bir rayonda…
Gecikməyi təbii idi, amma bu qədər yox. Az qala iki ay tamam olurdu. Arada xəbər
gəldi ki, bəs qohum-əqrəbanın başbilənləri əmimi axtarmaqla məşğuldu. Televizorda
elan veriblər, pasportunun surətini Qızıl Ayparaya çatdırıblar, Kəlbəcərə gediblər, onu
görənlərlə söhbət ediblər və bizim bilmədiyimiz daha hansısa işləri görüblər. Dədəmə
görə qayğımız bir az azaldı. Amma üçüncü ayın tamamından sonra anam gecələr yata
bilmirdi. Evdə on nəfər idik, əksəriyyəti də azyaşlı. Dədəm demiş, qanayaqlı körpə…
Göz görə-görə acından ölmək təhlükəsi varıdı.
***
İsti yay günəşi qaldığımız məhəllənin həyətindəki budanmış tut ağacının lüt-
üryanlığından istifadə edib pəncərədən ədəbsizcəsinə içəri soxulur, adamın əhvalını
doğrudan-doğruya təlx edirdi. Aranın istisi Murovun soyuğunu laçınlıların
sümüyündən çoxdan çıxarmışdı. İt kimi ləhləyirdi camaat.
20
Pəncərənin qabağında üzümü qırxırdım, yaxınlarda qəbul imtahanları başlamalı
idi. Dədəm isə gəlmək bilmirdi.
Qəflətən gözümə bir qaraltı sataşdı və tez də pəncərənin qarşısından ötüb keçdi.
Üzü köpüklü qapıya yüyürdüm. Üst-başı cır-cındır, əlində ağac, qəddi əyilmiş, uzun
və çal saqqalı toqqasına sallanmış, dərvişvari bir kişi gördüm. Dilənçi zənn etdim,
hətta pul üçün əlimi cibimə də atdım. Birdən səsini çıxardı:
“Salamməlöyküm!”
Dədəm idi.
***
Axşam hamı heyrətdən böyümüş gözlərini dədəmin ağzına dikmişdi. Kişi elə
şirin-şirin danışırdı ki, adamın ağzı sulanırdı. Protez dişlərinin hərdən zəif
şaqqıldaması da söhbətə bir şirinlik qatırdı. Heç vaxt belə yaxından görmədiyimiz
uzun, çal saqqalın müdrikcəsinə qalxıb-enməsi isə bambaşqa aləm idi.
«Kəlbəcər tərəfdə, onun gedə biləcəyi bütün binələrə, yaylaqlara, köç yollarına
getdik, yüzlərlə laçınlı gördük, hər şeyi yerli-yataqlı danışdıq, gördüm deyən olmadı»
– söylədi dədəm. Dedi, əmimin Kəlbəcərə gedib çıxmadığına əmin olublar:
«Necə ola bilər ki, bu qədər adamdan biri ona rast gəlməsin?»
Dədəm kimə hesabat verdiyini, bu qəribə sualı bu dəqiqə cavabını alacaqcasına
inamla kimə ünvanladığını özü də bilmirdi, odur ki, cavab üçün çox yubanmadı.
«Bircə ehtimal qalır: təsadüfən maşın vurub, meyitini gizlədiblər. Onu
soyğunçuluq məqsədi ilə öldürməzdilər, çünki pulu yox idi. Davakar adam da deyildi
ki, deyəsən kiməsə ilişib».
Dədəmə görə daha ağıllı ehtimal bu idi: əmim babamgildən ayrılıb Gəncə
yolunda düşdüyü vaxt hava çox isti imiş. Ağcabədinin həmin yerində kölgəlik
olmadığından və Gəncə maşınları seyrək gəldiyindən istiyə dözməyib, yuyunmaq və
ya çimmək üçün Qarabağ kanalına yaxınlaşıb. Yuyunmaq ehtimalı daha məntiqidir.
Çünki əmim xəstə olduğundan və axşam kürəyinə bankə qoyulduğundan soyunub
suya girməzdi. Həm də əgər belə olsaydı, paltarı kanalın kənarında olardı. Sözündən
belə çıxırdı ki, dədəm Qarabağ kanalının sahilini qarış-qarış gəzib, hər daşa-kəsəyə
əli, ya ayağı ilə toxunub, nəsə bir nişanə axtarırmış.
Bəli, əmim əlini yumaq üçün kanala əyiləndə huşunu itirbmi, gözü qaralıbmı,
sürüşübmü, hər nə isə düşüb kanala boğulub. Amma belə yarımçıq ehtimalla əmimin
dörd azyaşlı qızının, iki oğlunun qarşısında duruş gətirmək çətin idi. Bunu dədəm də
yaxşı bilirdi, elə bu qədər gecikməyinin səbəbi də işin axırınacan getməyi olub. O,
Qarabağ kanalı boyu piyada gəzməyə başlayıb. Az qala rastına çıxan qarğı-qamışdan,
şüvərək yulğun kollarından belə nəsə soruşub. Harda gecəyə düşübsə, ora yaxın
obalardan bir gecəlik yer istəyib. Verən də olub, verməyən də…
«Yer verməyənin pisliyi özünə qaldı. Dünyanın üzünü su almayıb ha? İsti yay
gecələridi, istədiyin yerdə yıxıl, yat! Uzağı ağcaqanadlar bir az incidəcək səni».
Qarabağ kanalının Beyləqan civarlarında çimişən cavan uşaqlardan biri xəndəyin
üstündə oturub ayaqlarını bulanıq sulara çırpa-çırpa dədəmə deyib:
«Dayı, təxminən bir ay əvvəl bax orda» – əlini kanalın nisbətən burularaq
dayanan sahilinə uzadıb – «üzüqoylu çevrilmiş bir meyit gördüm. Toqqadan yuxarı
paltarsız idi. Uşaqlara da göstərdim, amma qorxudan yaxınlaşa bilmədik. Tez geyinib