6
alırsan, a namussuz! Dostunun ailəsinə göz dikən biqeyrət! Ailəsinə göz dikib cavan
balasını bədbəxt eləyən qudurğan. Səni görüm qanını yalıyasan!”
İsfəndiyar kişinin qızına heç nə deyə bilməmişdi Kəndxuda. Bütün günahı
Çoban Səlimin tütəyində görmüşdü. Axşam örüşdən qayıdan vaxtı Səlimi atdöşü edib
kürəyinə həmən simli qamçı ilə bir-ikisini çəkmişdi. “Oy dədə” – demişdi Səlim.
Camaat bilməmişdi “dədə” deyəndə kimdən imdad umur binəva. Öz doğma
atasındanmı, yoxsa atrıq atası zənn etdiyi Kəndxudadanmı. Sonra tütəyini almışdı
Səlimin, dizində iki bölüb atmışdı. Kimsə yerə çömbəlib hönkür-hönkür ağlayan
Səlimin qolundan tutub qaldırmaq istəyəndə “Dəymə” – demişdi İsfəndiyar kişi –
“Fürsətdi, qoy ürəyini boşaltsın”.
Səlimin tütəyini susdurmaq elə də asan deyildi. O, Kəndxudaya “dədə” deyə
bilərdi, ancaq tütəksiz qala bilməzdi.
Səlimin təzə düzəltdiyi tütəyin səsi daha çox təsir edirdi adamlara. O, kəndin
bütün dərdlərinin tərcümanı idi. Səsi gəldimi, insanlar nəfəsini qısıb qulaq asırdılar.
Kəndin heyvanları da öyrəşmişdi bu səsə. Adamlar qarışıq bütün canlılar qulaqları ilə
deyil, bədənləri ilə eşidirdilər Səlimi. Tütəyin səsi ətinə-qanına hopurdu bütün
canlıların. Hopurdu və onlara ilahi bir sakitlik gətirirdi.
Bu gün Kəndxuda da hiss edirdi bu rahatlığı, ləzzətlə qulaq asırdı Səlimə.
Arada qəhərləndi də!
Tütək susan kimi ayağa qalxdı, kənd idarəsinin qarşısına toplaşan adamlara
tərəf qışqırdı:
“Səlimi bura gətirin!”
***
“O günü idarənin qarşısına toplaşan adamlara nə demisən?” – Səlimin bozarmış
şalvarına, əzik-üzük pencəyinə, dağınıq və kirli saçlarına, həyəcandan böyümüş
gözlərinə ötəri nəzər yetirib soruşdu.
Səlim başını aşağı salıb dinmədi.
“Sənnənəm, qorxma, danış”.
Səlim yenə dinmədi.
“Danış, danış. Pul verəcəm sənə, danış. Nə görmüsən o günü, dedin keçilər nə
edirdi?”.
“…”
“Sənnənəm!” – Kəndxuda əlini balaca yuxarı qaldırdı, Səlim gözlərini qırpıb
boynunu qısdı – “Bax döyərəm səni, danışmasan”.
Səlim yenə dinmədi.
Kənd ağsaqqalı İsfəndiyar kişi içəri girdi, üzünü Kəndxudaya tutub narazı səslə
dilləndi:
“Nə istiyirsən uşaqdan? Bilmirsən, qaradinməzdi”.
Səlimə yaxınlaşdı, mehribanlıqla başını tumarlayıb soruşdu:
“Oğlum, dünən bizə danışdıqlarını yenə söylə, utanma”.
Səlim təntiyərək İsfəndiyar kişinin üzünə baxdı. Həyəcandan az qala gözləri
yerindən çıxacaqdı:
7
“Keçilərin…. hamısı… bala salır, qoçların…. buynuzu əyilib öz gözlərini
çıxarır” – dedi və tələsik otaqdan çıxdı.
Kəndxuda dərindən köks ötürdü:
“Kəndin başının üstündə qəza var, İsfəndiyar kişi!”
“Bu hardan çıxdı?” – ağsaqqal istehza ilə soruşdu.
“Qəza var, görəcəksən”.
İsfəndiyar kişi dinmədi, ağ saqqalını ovuşdura-ovuşdura təqvimdən döşəməyə
dammış qana baxdı.
***
İdarənin həyətində səs-küy qopmuşdu. Kəndxuda İsfəndiyar kişi ilə bahəm
həyətə çıxdı:
“Nə olub, ay camaat!”
Meşədən gələn bir dəstə adam az qala xorla qışqırdılar:
“Yaş çökəyin altından adam səsi gəlir”.
“Bu nə deməkdi, adam danışanda, qışqıranda səsi gələr də”.
“Yox ey, yerin altından… ”
Kəndxuda tutuldu.
“Yerin altından?” – İsfəndiyar kişi təəccüblə soruşdu.
“Həə… Yerin altından. İsfəndiyar dayı, üstümdə andın yoxdu, inanmırsan
gedək özün qulaq as”.
“Bu nə səfehlikdi, məni dolamısız?” – İsfəndiyar kişi heyrətdən donub qalan
insanlara, sonra rəngi ağappaq olmuş Kəndxudaya baxdı, özü də tutuldu. Çiynindəki
çuxanı düzəldə-düzəldə camaatın qabağına düşdü.
***
Doğrudan da yerin altından qarışıq səslər gəlirdi. Onların hansı dildə danışdığı
bəlli deyildi, amma insan olduqlarına şübhə yox idi. İsfəndiyar kişi həyəcandan
titrəyən kənd sakinlərinə əli ilə “sakit olun” işarəsi verdi və qulağını yerə söykəyib
dinşəməyə başladı. Bir azdan ayağa qalxdı, hədəqəsindən çıxan gözlərini Yaş çökəyin
nəm torpağına zillədi, sonra dalı-dalı çəkildi. Camaat da onun kimi geri çəkilməyə
başladı. İsfəndiyar kişinin dili batmışdı deyəsən. Kəndxuda onun qoluna girdi, kişiyə
su verdilər, tütün eşdilər. Hannan-hana özünə gəlib camaata baxdı:
“Gələn ölülərimizin səsidi, onlar nədənsə narahatdılar!”.
***
Bir saat çəkməmiş meşədəki ağacların qara çiçək açdığı, bulaqların qan
rəngində axdığı, qayaların döşü ilə gedən yolların öz-özünə uçub dağıldığı, kənddə bir
qadının ölü uşaq doğduğu barədə xəbərlər gəldi.
Kəndxuda yerində dayana bilmir, idarənin qabağında sağa-sola var-gəl edirdi.
Həmişə olduğu kimi yenə də çıxış yolunu İsfəndiyar kişi tapdı:
“Gedək Gərəhməzin yanına!”
***
8
Gərəhməz il on iki ay evdən çölə çıxmırdı. O, ömrünün 8 ilini türmədə
keçirmişdi. Ərini öldürdüyünə görə… Meşədə odun qırdıqları yerdə öldürmüşdü
ərini. Arxadan balta ilə başına iki zərbə vurmuşdu. Ərini öldürdüyünü boynuna
almırdı Gərəhməz. Deyirdi, bir şaxı sürüyüb maşın ayağına gətirdim, geri qayıdanda
ərimin qan içində çabaladığını gördüm. Qardaşları evimizdəki vara-dövlətə yiyə
durmaq üçün öldürtdülər onu, işi də mənim üstümə atdılar.
Gərəhməzin guşənişin olmasının səbəbkarı da ərinin qohumları idi. Türmədən
çıxanda yanına gələn adamları qovmuşdu qapısından, “Rədd olun, sizin sifətinizi
görmək istəmirəm!” – demişdi.
Gərəhməzin mərhum ərinin çoxlu qızılı-pulu varmış. Mehriban dolansalar da,
övladları olmurmuş. Danışırdılar ki, Gərəhməzi qohumları öyrədib. Deyiblər uşağın
olmur, o var-dövlətdən sənə bir qəpik də qalmayacaq, ərini öldür, qızılları da götür,
gəl, səni ürəyin istəyən cavan bir oğlana ərə verək, övladın da olsun, şad-xürrəm yaşa.
İşin üstü açılmayıb əvvəlcə. Deyilənə görə mərhumun qardaşları əvvəldən
Gərəhməzdən şübhələnibmişlər. Ona görə gözdən qoymurmuşlar onu.
Dəfndən bir həftə sonra Gərəhməz anasıgilə getmək üçün icazə alır. Uzun qış
gecəsi anası ilə ordan-burdan söhbət eləyən Gərəhməz axır ki, baş verənləri olduğu
kimi danışır. Hətta qohumlarının onu aldatmasından gileylənir, ərini öldürdüyünə
peşman olduğunu söyləyir. Deyir ki, yazığa birinci baltanı vuranda üzüqoylu yıxıldı,
amma tez özünə gəldi, dedi, Gərəhməz, day vurma məni, öldürmə, onun-bunun sözü
ilə özünü də, məni də məhv eləmə, səni aldadırlar… “Amma gözümü qan örtmüşdü,
eşitmədim onun dediklərini, ikinci baltanı da yerdə ikən vurdum, canını tapşırdı” –
guya Gərəhməz etiraf etmişdi.
Bütün bu söhbətlərə mərhumun qardaşı damın bacasından gizlicə qulaq
asırmış…
Gərəhməzlə bağlı başqa əhvalat da danışırdılar kənddə. Guya türmədə ikən
yuxuda ona vergi verilib. Əvvəlcə qəbul etməyə gücü çatmırmış, ona görə ağlını itirib.
Sonradan qəbul edib. Hətta bir dəfə cinlərin köməyi ilə türmənin hündür divarından
aşıb qaçmaq istəyirmiş… Güc-bəla ilə saxlayıblar.
Gərəhməz evdən bayıra çıxmadıqca onun barəsində yaranan əfsanələrin sayı
artırdı. Danışırdılar ki, gecələr cinlərlə söhbət edir, ölən qohumları evinə qonaq gəlir.
Guya Gərəhməz nəinki cinlərin və ölülərin, heyvanların, quşların, hətta ağacların
dilini bilir, onlarla söbət edirdi. Guya gecələr Gərəhməzin həyətindəki qarağacda ocaq
yanır, o ocağın tüstüsündən iyləyən adam heç vaxt ölmür.
Daha bir əhvalat Gərəhməzin uşaqlığı ilə bağlı idi. Guya uşaq ikən cinlər
dəyişmişdilər onu. Anası gəlib beşiyin içində gözəl-göyçək körpəsinin yerində
eybəcər bir məxluq görəndə özündən gedibmiş.
Onu da deyirdilər ki, Gərəhməz gecələr kəndin bütün yerlərini gəzir, meşəyə
gedir, yaylaqlara qalxır. Gecələr kəndin arasında, örüşdə bir xəyalatın dolandığını
bilirdi hər kəs. Bu xəyalatın Gərəhməz olduğunu düşünüb sakitləşirdilər…
***
Dostları ilə paylaş: |