gecələrsə sahibi ilxını dərəyə doldururdu və onlar yenə də həmin həyətə
çapırdılar. Ertəsi gün hələ səhərin gözü açılmamış Tanabay yenə atın belində
hazır olurdu. Gizli yollarla, dar cığırlarla at oğrusu kimi xəlvət çapa-çapa
onlar gəlib ilxıya yetişirdilər. Atları dərədən çıxarıb bir-bir sayandan
sonra Tanabay özünə gəlirdi. Ancaq atın işi daha çətin idi. Oraya gedəndə də,
oradan qayıdıb gələndə də sahibi onu tələsdirirdi. Üstəlik, gecənin
qaranlığında, əyri-üyrü cığırlarla yol getmək o qədər də asan məsələ deyildi.
Fəqət, nə etmək olardı, insan belə istəyirdi.
Ancaq atın istəyi başqa
idi. Əgər ixtiyarı özündə olsaydı, o, heç vaxt ilxıdan ayrılmazdı. Gülsarı
əsil ayğıra çevrilirdi. Hələlik o, ilxıdakı burnu yelli bala ayğırlardan
biri ilə gəzib-dolansa da son vaxtlar madyan dalınca qaçanda onların davası
düşürdü. Tez-tez Gülsarı boynunu əyib, quyruğunu qaldırır, ilxının
qabağında lovğa-lovğa gərdiş eləyirdi. O kişnəyib nərə çəkirdi, madyanların
budlarını dişləyirdi və bundan, görünür, dişilərin xoşu gəlirdi, onlar
Gülsarının böyrünə qısılıb bala ayğıra acıq verirdilər. Bala ayğır da özünə
görə deyildi, köhnənin davakarı idi, çox vaxt Gülsarı öz ehtirasının
cəzasını çəkirdi, bala ayğırın qabağından qaçıb can qurtarmalı olurdu. Ancaq
bu da o uzaq həyətdə tək-tənha dayanmaqdan yaxşı idi. Orada Gülsarı
madyanlar üçün darıxırdı. Xeyli vaxt vurnuxurdu, ayaqlarını yerə döyürdü,
sonra yorulub sakit dayanmağa məcbur olurdu. Kim bilir, bu gecə səfərləri
nə qədər çəkəcəkdi – əgər o əhvalat olmasaydı...
O əhvalat gecələrin birində baş verdi, yenə Gülsarı həyətdə idi, ilxı üçün
darıxırdı, sahibinin
yolunu gözləyirdi. Gülsarı ayaq üstdə mürgüləyirdi, çünki cilovu ucadan
dirəyə bağlamışdılar, bu halda uzanmaq mümkün deyildi. At hər dəfə başını
əyəndə dəhnələr ağzını kəsirdi, ancaq yuxu da Gülsarını rahat qoymurdu.
Havada nəsə bir ağırlıq vardı, qara buludlar göyün üzünü almışdı.
Yarı yuxulu,
yarı oyaq halda Gülsarı birdən-birə ağacların bərk-bərk silkələndiyini hiss
elədi, sanki, kimsə qəfildən ağacların üstünə düşmüşdü, onları gücü
gəldikcə tərpədirdi. Külək vıy-vıy vıyıldayırdı, həyətdəki boş sərnici
danqadanq yumbalayırdı, şəriddən pal-paltarı götürüb atırdı. Köpək heybət-
heybət zingildəyirdi, ora-bura vurnuxurdu, girməyə yer axtarırdı. Gülsarı
hiddətlə fısıldadı, qorxudan qulaqlarını şəkləyib tərpətmədən dayandı. O
yanda – çöl tərəfdə, qara zülmətin içində nəsə şübhəli-şübhəli qaynayırdı və
nəsə qorxunc bir şey gurultu ilə axışıb həyətə sarı gəlirdi. Sonra nəsə
xarçıldadı, sanki gecəni bir nəhəng ağac kimi ortadan sındırdılar, göy
guruldadı, ildırım qara buludu cadar-cadar elədi. Yağış töküldü. Gülsarı ilan
vurmuş kimi sıçrayıb, səsi gəldikcə kişnədi. Bu saat onun daxilində əbədi
instinkt baş qaldırmışdı. İlxı gözünün qabağında dayanmışdı. Belə qorxunc
bir vaxtda o öz nəslinin köməyinə getməli idi. İnstinkt Gülsarını oraya
çağırırdı və dəhşətə gəlmiş at yüyənin, dəhnənin, onu burada dayanmağa məcbur
eləyən nə vardısa hamısının əleyhinə qiyam qaldırmışdı. O özünü didib-
dağıdırdı, dırnaqları ilə torpağı eşirdi və fasiləsiz kişnəyərək, bu səsə
ilxının da səs verməyini gözləyirdi. Ancaq tufan ulayırdı, vıyıldayırdı,
ətrafda özgə bir səs eşitmək mümkün deyildi. Kaş Gülsarı o yüyəni qıra
biləydi!.. Tanabay ağ köynəkdə həyətə cumdu, sonra qadın çıxdı, o da ağ
köynəkdə idi. Bir andaca yağış onların hər ikisini qaraltdı. İldırım çaxdı.
Qadının da, Tanabayın da qorxmuş gözləri göründü. İldırım evi də
işıqlandırdı, evin açıq qapısı çırpılırdı.
Bərkdən çığıra-çığıra Tanabay atın üstünə
yeridi.
– Dayan! Dayan! – O, atı açmaq istəyirdi. Ancaq at heç kimi tanımırdı.
Gülsarı dişlərini qıcırdıb sahibinin üstünə yeriyirdi, dırnaqları ilə
divarı qazıyırdı, divar sökülüb tökülürdü, sarğı yerindən oynayırdı. Divarın
dibinə qısıla-qısıla Tanabay birtəhər qabağa yeridi, əlləri ilə başını
tutub özünü ata yetirdi və bərk-bərk yüyəndən yapışıb sallandı. O, ucadan
qadını çağırdı:
– Tez ol, ipi aç görüm!
Bübücan ipi açan kimi Gülsarı
yerindən götürüldü, dikəlib dal ayaqları üstündə fırlanaraq, Tanabayı həyət
boyunca sürüdü.
– Tez ol, qamçını gətir!
Qadın qamçı dalınca qaçdı. Tanabay
qamçını atın baş-gözünə vurdu.
– Dayan, – dedi. – Dur görüm, öldürərəm səni! – Tanabay yəhərə sıçramaq
istəyirdi, bu saat o özünü ilxıya yetirməli
idi. Görəsən, orda nələr olmuşdu? Sel ilxını haralara qovub aparmışdı?
Elə Gülsarı da bunu istəyirdi. Ancaq tez – elə bu saat, bu dəqiqə! İnstinkt
Gülsarını çağırırdı. O, buna görə dik yuxarı qalxmışdı, buna görə kişnəyirdi,
buradan qaçmaq istəyirdi.
Yağışsa tökürdü, şırhaşır tökürdü, şimşəkdən
parçalanmış gecəni tufan çulğalayırdı.
Tanabay bir daha qışqırıb qadına əmr elədi:
– Yüyəni tut! – dedi və qadın yüyəni tutan kimi o sıçrayıb yəhərin
üstünə düşdü. Hələ Tanabay yəhər üstdə rahatlanmamış at həyətdən götürüldü,
Bübücan cilovu nə vaxt əlindən buraxdığını bilmədi, uçunub yağış
gölməçəsinə düşdü.
Daha Gülsarı üçün nə qamçı, nə yüyən vardı, daha o, sahibinin səsini də
eşitmirdi, gecənin tufanında sel kimi axıb gələn leysan
yağışının arası ilə çapdıqca hansı gizli bir qüvvəsə ona yol göstərirdi.
Sahibinin tabeliyindən çıxmış at hökmsüz, ixtiyarsız insanı kükrəyən
çaylardan, gurlayan sulardan, kolluqlardan, çökəkliklərdən, dərələrdən
keçirirdi; çapırdı, durmadan çapırdı. Gülsarı heç vaxt belə sürətlə
çapmamışdı
– nə o bayram cıdırında, nə də qorxunc keçiqapma oyununda.
Quduzlaşıb divə dönmüş atın üstündə Tanabay necə çapdığını bilmirdi. Yağış
alov kimi üzünə
vururdu, sifətini, canını yandırırdı. Tanabayın beynində yalnız bir fikir
dolanırdı: “Görəsən, ilxı necə oldu? İndi atlar haradadırlar? Allah
eləməsin ki, çayın aşağısına axışsınlar, gedib dəmir yoluna tökülsünlər.
Toqquşma! Allah, özün kömək ol! Ya babaların ruhu, siz hardasınız, mənə
kömək olun! Yıxılma, Gülsarı, yıxılma! Məni ora yetir, çölə – ilxının
yanına!”
Orada – çöldə isə ağ şimşəklər çaxırdı, ağ alov gecənin qaranlığını
itirirdi. Yenə zülmət, yenə tufan, bir yandan yağış, bir yandan külək.
İşıq, qaranlıq. İşıq, qaranlıq...
Qızmış at şahə qalxırdı, kişnəyib ağzını
cırırdı. O çağırırdı, səsləyirdi, öz ilxısını axtarırdı: “Ey siz, hardasınız?
Səs verin!” Bunun cavabında göy guruldayırdı – yenə hücum, yenə
axtarış, yenə tufan...
İşıq, qaranlıq. İşıq, qaranlıq...
Tufan səhərə yaxın dayandı. Buludlar yavaş-yavaş çəkilməyə başladı, ancaq
şərq tərəfdə hələ də
göy guruldayırdı, buludlar gərnəşirdi, toqquşurdu. Cadar-cadar olmuş
torpaqdan buxar qalxırdı.
Bir neçə ilxıçı həndəvərdə dolanıb dağılışmış atları
bir yerə yığırdı.
Arvadısa Tanabayı axtarırdı, daha doğrusu, axtarmırdı, yolunu gözləyirdi.
Hələ tufan başlayanda o atlanıb qonşularla birgə ərinin
köməyinə getmişdi. İlxını tapmışdılar, qovub qaya arasına yığmışdılar. Ancaq
Tanabay yox idi. Başqaları zənn etmişdi ki, Tanabay haradasa azıb. Ancaq
Tanabay azmamışdı – bunu arvadı yaxşı bilirdi. İndi qonşu uşağı qışqırıb:
“Odur, Caydar-apa, gəlir! – deyə qabağa qaçanda qadın yerindən tərpənmədi.
O, atın üstündə dinməz-söyləməz oturub, öz xəyanətkar ərinə tamaşa elədi.
Tərləmiş atın üstündə Tanabay, papaqsız-filansız, bircə alt köynəyində
hirsli-hirsli gəlirdi. Gülsarının sağ qıçı axsayırdı.
Uşaq qaçıb qabağa çıxdı:
– Biz də bayaqdan sizi axtarırıq! – dedi. – Caydar-apa lap narahat
Dostları ilə paylaş: |