Hətta onu da, – o arvad ki Tanabayın əhvalını həmişə dəyişirdi, o arvad ki
hər rastına çıxanda Tanabay atı addım-addım getməyə məcbur eləyirdi, – heç
o arvadı da Tanabay bir dəfə də ata mindirməmişdi. Ya da kim bilir, bəlkə
arvadın özü də bunu istəmirdi.
O il Tanabayı kolxozun Təftiş Komissiyasına
üzv seçmişdilər. Tanabay tez-tez kəndə gedirdi və demək olar ki, hər dəfə o
arvadla görüşürdü. Kolxoz idarəsindən çıxanda çox vaxt Tanabay acıqlı
olurdu. Bunu Gülsarı onun səsindən, gözlərindən, əl-qolunun hərəkətindən hiss
eləyirdi. Ancaq o arvadı görən kimi Tanabayın əhvalı dəyişirdi.
Belə
vaxtlarda Tanabay Gülsarını qaçmağa qoymurdu:
– Yavaş, a heyvan, – deyirdi, – hara qaçırsan! – Pıçıltı ilə deyirdi və
qızmış atı sakitləşdirib,
addım-addım arvadın yanınca sürürdü.
Gedə-gedə onlar nə haqdasa astadan pıçıldaşırdılar, ya da susurdular, səssiz-
səmirsiz yeriyirdilər. Belə
vaxtlarda sahibinin qəlbindəki yüngüllüyü, səsindəki hərarəti, əlindəki
mehribanlığı at da hiss eləyirdi. Buna görə də Gülsarı o arvadla yanaşı
getməyi xoşlayırdı.
Axı at haradan biləydi ki, kolxozda vəziyyət xarabdır, kolxozçuların
əməkgününə heç nə düşməyib və bütün bunlara görə onun sahibi
Tanabay Bakasov hər dəfə kolxoz idarəsinə girəndə əsəbiləşir, Təftiş
Komissiyasının bir üzvü kimi o, hər şeylə maraqlanır, deyişir, dalaşır,
soruşub
bilmək istəyir ki, bəs nə vaxt bu işlərə son qoyulacaq, elə bir təsərrüfat nə
vaxt qurulacaq ki, həm dövlətə bir şey düşsün, həm də camaat havayı
işləməsin.
Keçən il məhsul qıtlığı olmuşdu, mal-qara üçün yem çatışmırdı. Bu il
Tanabayın kolxozu dövlətə başqa kolxozların da yerinə, plandan əlavə
taxıl və mal-qara vermişdi ki, rayon pis vəziyyətdə qalmasın. Sonra necə
olacaqdı, kolxozçu hansı ümidlə işə gedəcəkdi – məlum deyildi. Vaxt keçirdi,
adamlar az qalırdı davanı yaddan çıxarsın, ancaq camaat hələ də öz bağı-
bostanı ilə dolanırdı, kolxozdan oğurluq eləyib birtəhər baş girləyirdi.
Daxılda pul da yox idi: nə satılırdı ziyan gətirirdi – taxıl da, süd də, ət
də.
Heyvandarlıq yaydan-yaya dirçəlirdi, ancaq qış düşən kimi hər şey
batıb gedirdi, soyuq bir yandan, aclıq bir yandan – mal-qara qırılıb tələf
olurdu. Gərək tezliklə tövlələr tikiləydi, otu-samanı yığmaq üçün mərəklər
hazırlanaydı, ancaq heç bir tikinti materialı yox idi və o material, sanki,
heç vaxt olmayacaqdı. Üstəlik, davadan sonra gör vəziyyət hara gedib
çıxmışdı? O adamlar ki böyük bazarların yolunu tanıyırdılar, kartof, mal-qara
alveri eləyirdilər, ev tikən, dam-daş salan da ancaq onlar idi.
Belələri böyük bir qüvvəyə çevrilmişdi, onlar üçün tikinti materialı da
tapılırdı.
– Yox, yoldaşlar, belə şey ola bilməz, burada nəsə qaydasında
deyil, nəsə bizim əl-ayağımıza dolaşır. Mən inanmıram. İnanmıram ki, belə
olsun! Ya özümüz kələfin ucunu itirmişik, ya da bizə düzgün rəhbərlik
eləmirlər.
Hər dəfə kolxoz idarəsinə gələndə Tanabay bu söhbəti salırdı və hər dəfə də
kolxozun hesabdarı kağız-kuğuzu çıxarıb onun gözünə soxurdu:
–
“O” nədir? Nədir o düz olmayan? Bu sən, bu da plan, götür bax... Aldığımız
bu, verdiyimiz bu, bu sənin debetin, bu sənin kreditin, gəlirin bu,
çıxarın bu... Daha nə istəyirsən? Əvvəlcə yaxşı-yaxşı öyrən, sonra danış.
Bircə sən kommunistsən, yerdə qalanlar xalq düşmənidir, eləmi?
Söhbətə
başqaları da qarışırdı, mübahisə düşürdü, səs-küy qalxırdı və Tanabay başını
əlləri arasına alıb dəhşət içində düşünür, heç bir qərara gələ bilmirdi.
Kolxozun dərdini Tanabay təkcə kolxozçu olduğuna görə çəkmirdi – burada başqa
məsələlər də vardı. Adamlar vardı ki, hələ Tanabayla keçmişin haqq-
hesabını çürütməmişdi. Tanabay bilirdi ki, indi onlar xısın-xısın gülürlər və
hər dəfə rastlaşdıqca ona baxışları ilə meydan oxuyurlar: hə, indi
necəsən, de görək indi nə deyirsən? “Bəlkə yenə qolçomaqlarla mübarizəyə
girişəsən? Ancaq gözlə ha, əlin boşa keçər, daha aparılası bir şey qalmayıb.
Niyyətin hara – mənzilin ora. Uf, sən gərək davada gəbərəydin, ürəyinə güllə
dəyəydi!..
Tanabay da öz baxışı ilə onların cavabını verirdi: dayanın,
əclaflar, dayanın, onsuz da biz deyən olacaq! Əslini, kökünü axtarmağa
dursan, Tanabaya nifrət eləyən o adamlar heç özgə də deyildilər. Biri elə
Tanabayın ögey qardaşı Qulubay idi. Saçı-saqqalı ağarmış Qulubay hələ
müharibədən qabaq yeddi il Sibirdə yatıb gəlmişdi. Onun oğulları da xalis
özünə
çəkmişdilər, Tanabaya ürəkdən nifrət eləyirdilər. Axı niyə də onlar Tanabayı
sevəydilər? Özləri bir yana dursun, onların lap övladları da, bəlkə,
Tanabayın nəsilbənəslinə lənət oxuyacaqdı. Bütün bunlar səbəbsiz deyildi.
Əhvalat köhnənin əhvalatı olsa da, adamların ürəyində kin-küdurət hələ də
yaşayırdı. Məgər Qulubayla o cür rəftar eləmək lazım idimi? Məgər o, ala-
babat güzəran keçirən ortabab kəndli deyildimi? Bəs qardaşlıq, bəs qan
məsələsi? Axı ayrı-ayrı anadan doğulsalar da, onlar bir atanın övladları
idilər, qırğız adətincə belələri doğma qardaş hesab olunurdu. Deməli,
Tanabay öz nəslinə xilaf çıxmışdı, bunun üstündə o vaxtlar Tanabaya nələr
deməmişdilər? İndi bu məsələni camaat min cür səmtə yozurdu. Bəs onda? Onda
Tanabay yalnız kolxoz üçün belə bir işə əl qatmışdı. Lazım idimi, lazım
deyildimi? Əvvəllər doğru iş tutduğuna Tanabay heç vaxt şübhə eləməmişdi,
ancaq müharibədən sonra o, hərdən başqa cür düşünürdü. Bəlkə səhv eləmişdi?
Bəlkə artıq düşmən qazanmışdı – özünə də, kolxoza da.
Hər dəfə kolxoz
idarəsinə gələndə Tanabay əlləri ilə başını tutub düşünməli olurdu. Adamlar
onu fikirdən ayırırdılar, əvvəlki söhbətə qaytarırdılar.
– Nə yatmısan,
Tanabay, dursana, – deyirdilər və hər şey təzədən başlanırdı: gərək peyin qış
qurtarmamış çölə daşınaydı. Təkər yox idi, deməli, qarağac alınmalıydı
ki, arabalara təkər qayrılsın, təkərlər üçün çənbər dəmiri alınmalıydı. Ancaq
necə, hansı pulla, kredit veriləcəkdimi, necə veriləcəkdi? Axı bank
quru sözə inanmırdı. Köhnə arxlar təmir olunmalı idi, təzə arxlar
qazılmalıydı, bütün bunlar asan iş deyildi. Qışda camaat belə işə getmirdi,
yer
donurdu, qazılmırdı. Yazda isə vaxt çatmırdı – səpin, döl, alaq işi; gözünü
yumub açmamış biçin başlanırdı... Bəs qoyunçuluq? Bir örtülü dam yox idi
ki, ora qoyun qatasan, törəsin, artım versin. Mal fermasında da vəziyyət
bundan yaxşı deyildi. Dam-daş uçub tökülürdü, yem çatmırdı, sağıcılar
işləmək istəmirdilər. Axı, niyə də işləyəydilər – səhərdən axşamacan çalışıb-
çapalayırdılar, aldıqları nə idi? Hələ nə qədər başqa işlər vardı, kəm-
kəsir vardı. Düşünəndə adamın tükləri qabarırdı.
Buna baxmayaraq, onlar ruhdan düşmürdülər; partiya yığıncaqlarında, heyət
iclasında hər şeyi dönə-
dönə müzakirə eləyirdilər. Kolxoz sədri Çoro idi. Çoronun qədrini Tanabay
ancaq sonralar bilmişdi. Tənqid eləmək, hay-küy salmaq, görünür, asan
məsələ imiş. Tanabay yalnız at üçün, ilxı üçün cavabdeh idi, Çoro isə bütün
kolxoza cavab verirdi. Bəli, möhkəm adam idi, Çoro. Təsərrüfatın lap
bərbad vaxtlarında rayonun rəhbər işçiləri əllərini stola döyüb onu
hədələyəndə də, camaat yaxasından yapışanda da Çoro özünü itirmirdi. Onun
yerində
olsaydı, Tanabay ya dəli olardı, ya da özünü öldürərdi. Ancaq Çoro dözdü,
təsərrüfatı güc-bəla ilə idarə eləyib axıracan, xəstə ürəyi tamam üzülüb
qurtaranacan dözdü; üstəlik, iki il də partorq işlədi. O, adamları inandıra
bilirdi, camaatla dil tapıb danışmağı bacarırdı. Onun sözlərini eşidəndə
Tanabay inanırdı ki, hər şey düzələcək, yaxşılaşacaq, lap onların cavanlıqda
düşündükləri kimi olacaqdır. Cəmisi bircə dəfə onun Çoroya olan inamı
qırılmışdı, ancaq bunun da günahı Tanabayın özündə idi.
Dostları ilə paylaş: |