22
rəhbərliyi altında bütün əkinçilik təsərrüfatlarında (5 mln.ha sahədə) irimiqyaslı torpaq tədqiqatlarına başlanır.
Bakı və Gəncədə yaradılmış torpaq ekspedisiyaları bu mühüm və mürəkkəb işi yerinə yetirir.
Bu və digər
tədqiqatların nəticəsi kimi 1953-cü ildə “Azərbaycan SSR torpaqları” (rus dilində) monoqrafiyası çap olunur.
50-ci illərin sonlarında çoxillik torpaq-coğrafi tədqiqatların vacib nəticələrindən biri də Azərbaycanda 1:200000
miqyasında ümumiləşdirilmiş torpaq xəritəsinin tərtibidir. Tərtib olunmuş xəritənin orijinalı SSRİ EA
Geologiya-Coğrafiya Bölməsinin qərarı ilə çapa məsləhət görülür və 1957-ci ildə Moskvada rus dilində nəşr
olunur (miqyas 1:500000). Elə həmin dövrdə, 1953-cü ildə V.Volobuyevin
“Torpağın iqlimi”(1953) monoq-
rafiyası nəşr olunur.
XX əsrin ikinci yarısı bütövlükdə akad. H.Əliyev, V.Volobuyev, M.Salayev kimi tanınmış torpaqşünas
alimlərin elmi fəaliyyəti ilə əlamətdar olmuşdur. 60-cı illərdə H.Əliyevin torpaqların
genezisi, coğrafiyası,
sistematikası, aqroekologiyası sahəsində çoxillik tədqiqatlarının nəticələrini ümumiləşdirən və orijinal nəzəri
məsələləri həll edən “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqları” (1964), “Qəhvəyi
meşə torpaqları” (1965), “Cinnamon Forest Soils in the Eastern Part of the Greater Caucausus” (1969)
monoqrafiyaları çap olunur. 1969-cu ildə ilk dəfə olaraq Azərbaycan torpaqlarının sistematikası və
nomenklaturası hazırlanır (H.Əliyev, V.Volobuyev, K.Ələkbərov, M.Salayev).
V.Volobuyevin “Kür-Araz ovalığı torpaqlarının şorlaşmasının genetik formaları” (1965) monoqrafiyasında
asan həll olan duzların torpaqda toplanması, miqrasiyası, miqdarı, dərəcəsi araşdırılır, “Torpağın ekologiyası”
(1963) kitabında torpaqla mühitin əlaqəsinin geniş təhlili verilir və ilk dəfə olaraq bu monoqrafiyada torpağın
ekologiyası anlayışı, onun tərifi açıqlanır.
Lənkəran vilayətinin rütubətli subtropik torpaqlarına həsr olunmuş monoqrafiyada (R.Kovalyov, 1966)
rütubətli subtropik torpaqların genezisi şərh olunmuş torpaq tiplərinin diaqnostikası verilmiş, təsnifatı
işlənmişdir. Bu tədqiqatlat əsasında Lənkəran vilayətinin torpaq xəritəsi (1:100000 miqyasında) tərtib
olunmuşdur.
Çoxillik regional torpaq tədqiqatlarının nəticəsi olaraq M.Salayevin “Kiçik Qafqazın torpaqları” (1966)
monoqrafiyasında yüksək dağlıq torpaqların genezisi, coğrafiyası və sistematikası şərh olunur.
Beləliklə, bu dövrün 25 ili (1945-1970) ərzində torpaqşünaslıq üzrə əsaslı tədqiqat işləri aparılmış, bu
müddətdə torpaqşünaslıq sahəsində görkəmli alimlər kollektivi yaranmışdı; H.Əliyevin, V.Volobuyevin,
K.Ələkbərovun, B.Ağayevin, M.Salayevin rəhbərliyi altında çalışan gənc alimlər yetşmişdir.
Bütövlükdə
Azərbaycanın torpaqşünaslıq elminin tarixində bu mühüm dövr – böyük elmi-nəzəri və təcrübi əhəmiyyəti olan
tədqiqatlarla əlamətdardır. Ayrı-ayrı rayonların torpaq örtüyünün öyrənilməsi və orta miqyaslı torpaq
xəritələrinin tərtibi işlərinə də elə bu dövrdən etibarən başlanılır (Ş.Həsənov, M.Babayev, B.Həsənov,
Q.Məmmədov, V.Həsənov, B.Cəfərov, Ç.Cəfərova və başqaları). Keçən əsrin 1955-1970-ci illərində Cənub-
Qərbi Azərbaycanın Arazboyu 7 rayonunda bir milyon hektar sahədə Ş.G.Həsənovun rəhbərliyi altında iri
miqyaslı kompleks torpaq tədqiqatı aparılmış, seriya xəritələr (torpaq, aqroistehsalat, aqrotorpaq rayonlaşması,
bonitirovka) tərtib edilmişdir.
XX əsrin ikinci yarısından etibarən
bütün dünyada olduğu kimi, respublikamızda da ekoloji problemlər ön
plana çəkilir. Akad. H.Əliyevin rəhbərliyi altında meşə torpaqşünaslığı üzrə respublikada geniş tədqiqatlar
aparılır. Torpaqların zonal yayılma qanunauyğunluqları, nomenklaturası və sistematikası müəyyən edilir.
Subtropik və xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilir.
Dövlət sahəqoruyucu meşə
zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu
torpaq tədqiqatı aparılır. Meşəsalmaya yararlı torpaqların meşə və meşə-kol bitkilərinin inkişafı üçün yararlı
ekoloji şəraiti nəzərə alınmaqla xəritəçilik materialları tərtib olunur. Dövlət sahəqoruyucu meşə zolaqlarının
salınması və bu məqsədlə yamaclarda terrasların salınması dövlət əhəmiyyətli işə çevrilir. Geniş torpaq-coğrafi
tədqiqatların aparılması ilə əlaqədar olaraq Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya institutunda akad.
H.Əliyevin rəhbərliyi ilə meşə torpaqları laboratoriyası yaradılır. Böyük və Kiçik Qafqazın, Talış meşə
massivlərinin ardıcıl olaraq torpaq-ekoloji şəraiti öyrənilir.
Bu dövrdə aparılan torpaq tədqiqat işləri Azərbaycan ərazisinin xeyli hissəsinin
müxtəlif dərəcədə səthi
yuyulmalara və külək eroziyasına məruz qaldığını göstərirdi. Ona görə də hələ 1945-ci ildən başlayaraq Torpaq-
şünaslıq və Aqrokimya İnstitutunda torpaq eroziyasını öyrənmək məqsədilə müntəzəm elmi tədqiqatlara
başlanılır. İlk mərhələdə respublikada eroziya doğuran amillərin xəritəsi tərtib edilir (K.Ələkbərov). Sonrakı
illər tədqiqatlar genişləndirilir. Eroziya üzrə elmi tədqiqat işləri eroziyanın respublikada coğrafi yayılması,
tipləri,
törədici amillərin xarakteri, ayrı-ayrı sahələrin eroziyaya davamlığı, eroziyaya məruz qalmış torpaq
sahələrinin müəyyənləşdirilməsi, eroziya ilə mübarizə üçün aqrotexniki, meşə-meliorativ tədbirlər və s. bu kimi
məsələləri əhatə etməyə başlayır. Eroziyaya uğramış torpaqların münbitliyinin bərpası və yaxşılaşdırılması
məqsədilə onların gübrələnməsi və digər aqrotexniki məsələləri araşdırılır. Bir sıra çayların, xüsusən də
eroziyaya daha həssas olan Böyük Qafqazın Cənub və Cənub-Şərq yamacı caylarının
hövzələri və inzibati
rayonların əraziləri tədqiq edilir. K.Ələkbərovun “Azərbaycanda torpaq eroziyası və onunla mübarizə”
monoqrafiyası (1961) və “Azərbaycanın torpaq-eroziya xəritəsi” (1:600000 miqyasında) torpaq eroziyasına
qarşı mübarizədə ən dəyərli vasitələrdən hesab edilə bilər.