181
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Humanitar elmlər seriyası 2010
AZƏRBAYCANDA MİQRASİYANIN SƏBƏB VƏ İSTİQAMƏTLƏRİ
(XIX-XX əsrlər)
S.Z.QULİYEVA
Bakı Dövlət Universiteti
seidequliyeva@gmail.com
Məqalədə XIX-XX əsrlərdə Azərbaycanda miqrasiyaya səbəb olmuş siyasi, iqtisadi və
sosial amillər tədqiqata cəlb olunmuş, tarixi faktlar və tarixi-demoqrafik tədqiqatlar əsasında
miqrasiya prosesləri nəzəri araşdırılmışdır. XIX-XX əsrlərdə Azərbaycan ərazisində baş
vermiş miqrasiya proseslərinin əsas səbəbləri olan siyasi hadisələr nəticəsində əhalinin
məcburi miqrasiyasının, iqtisadi-sosial hadisələr nəticəsində isə əmək, təhsil, nikah miqra-
siyasının baş verdiyi göstərilir. Miqrasiyaların istiqamətləri ilə yanaşı daxili və xarici, məc-
buri və digər formaları da araşdırılır. XX əsrin sonundan başlayaraq beynəlxalq miqrasiyanın
xüsusi tədqiqat obyektinə çevrilməsi beynəlxalq təşkilatların və dövlətlərin miqrasiyanın tən-
zimlənməsi və idarəolunması istiqamətində, həmçinin tədqiqatların aparılmasında əmək-
daşlığa üstünlük verməsinə səbəb olmuşdur. Beynəlxalq təcrübənin öyrənilməsi və miqrasiya
proseslərinin tənzim edilməsi məqsədilə bu mövzuda tədqiqatların aparılması zəruridir.
Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyasında demoqrafiya
sahəsində dövlət siyasətinin əsas prioritetləri sırasında əhalinin demoqrafiya sahəsin-
də biliklərinin yüksəldilməsi, demoqrafiyanın tədrisi və elmi tədqiqat işlərinin güclən-
dirilməsi və miqrasiya proseslərinin tənzimlənməsi nəzərdə tutulur. Bu konsepsiya Azər-
baycan ərazisində mövcud olmuş miqrasiya proseslərinin tədqiqini aktual edir [5].
Miqrasiya əhalinin demoqrafik vəziyyətinə təsir edən mühüm amillərdən biri-
dir. Latın dilindən tərcümədə “köçürəm, keçirəm” mənasını verən miqrasiya anlayışı
əhalinin yaşayış yerini daimi və ya müvəqqəti dəyişməsini bildirir. Miqrasiyanın
daxili (kənddən şəhərə, rayonlar arası və s.) və xarici (emiqrasiya və immiqrasiya),
məcburi və digər formaları vardır [12, 215; 21, 645]. Tədqiqatçılar ümumi olaraq si-
yasi, iqtisadi və sosial amilləri miqrasiyanın səbəbi olaraq göstərirlər [10; 11; 12; 21].
Bu tədqiqatımızda XIX-XX əsrlərdə Azərbaycanda miqrasiya ilə nəticələnən ha-
disələri araşdırmağı nəzərdə tuturuq. Tarixi faktlar və Azərbaycan əhalisinə dair
tarixi-demoqrafik tədqiqatlar XIX-XX əsrlərdə Azərbaycan ərazisində baş vermiş
miqrasiya proseslərinin səbəblərini və istiqamətlərini araşdırmağa imkan verir.
Miqrasiyaların səbəbləri: XIX əsrdə Rusiya–İran müharibələri, həmçinin
xanlıqların öz aralarında və Rusiya ilə müharibələri əhalinin yerdəyişməsi üçün əsas
səbəb olaraq göstərilə bilər. Belə ki, hərbi əməliyyatlar nəticəsində əhali yaşayış
yerlərini dəyişməyə məcbur olurdu. Xanlar isə köçürmə siyasəti və hərbi əsirlər
vasitəsilə öz əhalisinin sayını artırmağa çalışırdılar. Sosial-iqtisadi şərait, vergilər,
təbii fəlakətlər (məsələn, Şamaxı zəlzələsi) də əhalinin miqrasiyasına səbəb olurdu.
Məsələn, Quba xanlığının əhalisinin təsvirinə dair 1820-ci ilə aid sənədlər təsdiq
182
edir ki, qonşu ərazilərdən köçürülmüş əhaliyə müəyyən güzəştlər edilirdi. Bu isə xanlığın
əhalisini artırmaq məqsədilə məcburi köçürülmə ilə yanaşı, həm də firavan həyat axtarışı
ilə könüllü olaraq xanlığın ərazisinə köçməyə imkan yaratmışdı [13; 16, 31]. Rusiya-
İran müharibələri nəticəsində Qarabağ xanlığından Şəkiyə köçmüş əhali mühari-
bələrdən sonra geri qayıtmışdır [9; 20, 138-139]. Naxçıvan xanlığında isə hakimiyyət
uğrunda mübarizə, sosial şəraitdən narazılıq, vergilərin ağırlığı əhalinin qonşu xan-
lıqlara (xüsusilə Qarabağa) miqrasiyasına səbəb olmuşdur [17].
Rusiya-İran müharibələri nəticəsində və Şimali Azərbaycan ərazilərinin Rusiya
tərəfindən işğalını rəsmiləşdirən Türkmənçay müqaviləsinə (1828) əsasən, bölgəyə
xristian əhalinin köçürülməsinə başlanılmış və onlar daimi məskunlaşdırılmışlar.
Dövrlər və regionlar üzrə tədqiqatlar çarizmin köçürmə siyasətinin məhz işğalçılıq
siyasəti ilə əlaqəli həyata keçirildiyini təsdiq edir. Qafqazı xristianlaşdırma məqsədilə
bura əvvəlcə ermənilər (xüsusilə İrəvan və Qarabağ xanlıqlarına), əsrin ikinci
yarısında isə ruslar, kazaklar, malakanlar (xüsusilə Muğana, Qazaxa, Gədəbəyə,
Şirvana və Abşerona) köçürülmüşlər [14, 97; 15, 146-151].
XIX əsrin ortaları və XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı ilə əlaqədar
Azərbaycana Rusiya, İran, və Avropa dövlətlərindən işləməyə gələn xaricilərin sayı
artmışdır. Bu əsasən, XIX əsrin ortalarından başlayaraq neft sənayesinin inkişafı ilə
bağlı olmuşdur. Sahibkarlıq fəaliyyəti (məsələn, Nobel və Rotşild kimi şirkətlər və
onların mühəndisləri və s.) ilə yanaşı, adi fəhlə qismində işləmək üçün gələnlər (mə-
sələn, iranlılar) də vardır. Neft sənayesinin inkişafı ilə əlaqədar Bakıya həm xaricdən,
həm də daxildən əhali axını olmuşdur. XIX əsrin 50-60-cı illəri ilə əsrin sonunu
müqayisə etdikdə, şəhər əhalisinin immiqrantların hesabına artaraq bütün əhalinin
12,4%-dən 16%-ə çatdığı məlum olur. Tədqiqatlar göstərir ki, Bakı və Yelizavetpol
quberniyalarında iqtisadi və mədəni mərkəzlərin inkişafı ilə əlaqədar əhalinin əsasən
bu şəhərlərə axını baş vermişdir [19, 210-215].
Azərbaycanda XX əsrdə, xüsusilə Sovet hakimiyyətinin qurulmasından sonra
əhalinin miqrasiyasında bir neçə cəhət xüsusi qeyd edilməlidir.
Əsrin əvvəllərindən başlayaraq siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədar
əhalinin hərəkəti artmışdır. Birinci dünya müharibəsi (1914-1918), ermənilərin azər-
baycanlılara qarşı soyqırım siyasəti, erməni-bolşevik hücumları ilə əlaqədar daxili və
xarici, həmçinin məcburi miqrasiyalar güclənmişdir. Bir sıra tədqiqatçılar 20-ci illəri
Azərbaycan əhalisinin xaricə miqrasiyasının ən geniş dövrü hesab edir [1, 10-12] .
Bu dövrdən başlayaraq regiona rus millətindən olan əhalinin miqrasiyası əhə-
miyyətli dərəcədə artmışdı. Xüsusilə, sənayeləşmə ilə əlaqədar Azərbaycana ixtisaslı
mütəxəssislər göndərilirdi. XX əsrin 20-ci illərində sovet rejiminə etiraz əlaməti ola-
raq mühacirətin artması ilə yanaşı, 30-50-ci illərdə əhali Sibir və Orta Asiyaya de-
portasiya olunmuşdur. II Dünya müharibəsi illərində (1939-1945. SSRİ xalqları üçün
Böyük Vətən müharibəsi, 1941-1945) cəbhə xəttinə yaxın ərazilərin əhalisi, həmçinin
sənaye strukturları və onların mütəxəssisləri (Belorus, Ukrayna və s.) SSRİ-nin digər
respublikaları ilə yanaşı Azərbaycana da köçürülmüşdür.
XX əsrin 50-ci illərindən başlayaraq, bütün dünyada olduğu kimi, Azərbay-
canda da şəhərlər sürətlə inkişaf etmiş və böyümüşlər. Əhali siyahıyaalma material-
larına və cari statistik materiallara əsasən bu prosesin əhalinin yerləşməsi vəziyyətinə
də təsir etdiyini görürük [2, 19-20; 7]. Mingəçevir və Sumqayıt şəhərlərinin salın-
ması, Gəncə, Şuşa, Naxçıvan, Lənkəran və digər şəhərlərdə sənaye obyektlərinin
183
tikilməsi, ali və orta ixtisas təhsili müəssisələrinin açılması, nəqliyyat sisteminin
yaradılması əhalinin hərəkətinin canlanmasına səbəb olmuş, sənayeləşmə əhalinin
şəhərlərə miqrasiyası ilə nəticələnmişdir. Bu isə miqrasiyanın xarakterinin dəyişdiyini
göstərir.
Həm Azərbaycan daxilində, həm də Azərbaycandan kənara (bu dövrdə SSRİ-
nin müttəfiq respublikalarına) təhsil və əmək fəaliyyəti ilə əlaqədar başlayan müvəq-
qəti miqrasiya (o cümlədən, təyinatla) sonradan əhalinin daimi məskunlaşması ilə
nəticələnirdi.
1979 və 1989-cu illərin Ümumittifaq əhali siyahıyaalma materialları, 1999-cu il
müstəqil Azərbaycanın ilk əhali siyahıyaalma materiallarının müqayisəsi miqrasiya
proseslərinin əhalinin demoqrafik strukturuna, milli tərkibinə təsirini də aydınlaş-
dırmağa kömək edir (3, 8-9). Belə ki, bu materiallarında respublikada yaşayan yəhudi,
erməni və rus millətindən olan əhalinin sayında azalma qeydə alınmışdır.
SSRİ-nin dağılması ilə sərhədlərin açılması, Ermənistan SSR ərazisində
yaşayan azərbaycanlıların qovulması – məcburi miqrasiyası, siyasi və sosial-iqtisadi
vəziyyət XX əsrin sonunda Azərbaycanda miqrasiyanın, xüsusilə xarici miqrasiyanın
canlanmasına səbəb olmuşdur. Qeyd edək ki, 1988-ci ildən başlayaraq Ermənistanda
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və Ermənistanın Azərbaycan ərazi-
lərini işğal etməsi əhalinin məcburi miqrasiyasına səbəb olmuşdur.
XX əsrin sonunda Azərbaycan ilə dünyanın aparıcı şirkətləri arasında imza-
lanmış müqavilələr, neft və qaz kəmərinin işə düşməsi, «Böyük İpək Yolu»nun bər-
pası və digər beynəlxalq layihələrin həyata keçirilməsi xaricdən bura əmək miqrant-
larının axınına səbəb olmuşdur.
Beləliklə, XIX-XX əsrlərdə Azərbaycan ərazisində baş vermiş miqrasiya
proseslərinin əsas səbəbi kimi siyasi və iqtisadi-sosial səbəbləri göstərə bilərik. Siyasi
hadisələr əhalinin məcburi miqrasiyasını (mühacirət, deportasiya, qaçqın, məcburi
köçkün), iqtisadi-sosial səbəblər isə əmək, təhsil, nikah və sair miqrasiyasını şərtlən-
dirmişdir. Miqrasiya prosesləri nəticəsində əhalinin demoqrafik strukturunda bir sıra
dəyişikliklər baş vermişdir. Əmək miqrasiyası və «beyin axını» ölkənin iqtisadi-sosial
həyatına mənfi təsir etmişdir.
Miqrasiyaların istiqamətləri: XIX əsrin əvvəllərində Şimali Azərbaycan əra-
zisində əhalinin həm daxili, həm də xarici miqrasiyası (xanlıqlararası, qonşu region-
lara) qeydə alınmışdır.
XIX əsrdə Rusiya imperiyası Qafqazda işğalçılıq siyasətinin tərkibi kimi İran,
Türkiyə və Rusiya ərazilərindən (həmçinin, Krımdan) xristian əhalini (əsasən, erməni,
rus və malakanları) bura köçürməyə başlayır. Bu dövrdə, Rusiya imperiyası əsirlikdə
olan almanları və polyakların bir hissəsini də Azərbaycan ərazisində yerləşdirir. Bu
miqrantlar Azərbaycanın bütün bölgələrində və daimi məskunlaşdırılırdı.
Tədqiqatlar XIX əsrin ortalarından başlayaraq kapitalist münasibətlərinin inki-
şafı nəticəsində Bakı, Gəncə, Quba, Şamaxı, Şuşa, Nuxa, Lənkəran kimi şəhərlərdə
əhalinin gəlmələrin (immiqrantların) hesabına artdığını göstərir. Gələnlərin əsas
hissəsini Cənubi Qafqaz, Dağıstan və Rusiyanın bir sıra quberniyalarından, həmçinin
Cənubi Azərbaycandan olan əhali (xüsusilə müflisləşmiş kəndlilər) təşkil edirdi. Bu
miqrantlar sonralar Şimalı Azərbaycanın şəhərlərində daimi məskunlaşmışdılar.
XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların XX əsrdə 4 dəfə mər-
hələlərlə soyqırım və deportasiyaya məruz qalması onların əsasən qərbdən şərqə
184
miqrasiyası ilə nəticələnmişdir. Soyqırımlar nəticəsində əhalinin qonşu regionlara –
əsasən Türkiyə və İran istiqamətində də hərəkəti qeydə alınmışdır. 1920-ci ildə Azər-
baycan və Ermənistan Sovet Sosialist Respublikaları qurulduqdan sonra Azərbaycana,
İrana və Türkiyəyə məcburi miqrasiya etmiş əhalinin bir hissəsi öz tarixi torpaqlarına
qayıtmışdır [15, 160-162]. Əsrin sonunda Ermənistandan qaçqın düşmüş vətəndaşlar,
həmçinin müxtəlif xarici dövlətlərdən, xüsusilə də Əfqanıstan, İran, Rusiya (əsasən
Çeçenistandan) qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər də
Azərbaycana immiqrasiya etmişdir [8].
Bundan əlavə, xarici miqrasiyanın əsas istiqamətlərini, həmçinin Azərbaycana
olan axının istiqamətini də müəyyən etmək mümkündür. Həm emiqrantlar, həm də
immiqrantlar üçün miqrasiyanın istiqaməti dəyişməmişdir: XX əsrin əvvəllərində
Rusiya, Türkiyə, İran, Avropa ölkələri, sonlarında isə Rusiya, Türkiyə, Hollandiya,
Almaniya, İsveç və ərəb dövlətləri olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin məlumatına görə, 1991-1997-ci illər ərzində 272 min şəxs leqal şəkildə
Azərbaycandan Rusiya, Ukrayna, Türkiyə, Almaniya, İsrail və Hollandiyaya miqra-
siya etmiş və orada məskunlaşmışlar. Ümumiyyətlə, Avropa ölkələrindən Hollandiya
və Belçika Azərbaycandan ən çox emmiqrand qəbul edən ölkələrdir [8].
XX əsrin ortaları, xüsusilə II Dünya müharibəsi dövründə azərbaycanlıların
daha çox məskunlaşdıqları ölkələrdə təşkilatlanmaq üçün ilk cəhdlər edilmişdir.
Amerika və Avropa qitəsində məskunlaşmış azərbaycanlıların əksəriyyəti bir müddət
Türkiyə və Rusiyada yaşamış əhalidir. Hazırda Amerika və Avropa qitəsi ilə yanaşı,
Orta Asiya, Hindistan, Banqladeş, Əfqanıstan, Pakistan, Çin, İndoneziya, İordaniya,
Yəmən, Oman, Birləşmiş Ərəb Əmirliyi və digər Asiya və Afrika dövlətlərində yüz
minlərlə azərbaycanlı yaşayır [1, 12-18].
Tədqiqatlar azərbaycanlıların, ümumiyyətlə, az hərəkətli olduqlarını göstərir
[12, 211, 219, 258]. Bununla belə, Azərbaycan daxilində kənd və şəhər arasında, bir
regiondan digərinə istiqamətlənən miqrasiyanın məcburi, mövsümü, əmək, təhsil,
rəqqas kimi formaları mövcud olmuşdur.
XX əsrin 90-cı illərindən başlayaraq miqrasiya axınlarının beynəlxalq münasi-
bətlərə təsiri gücləndiyindən, beynəlxalq miqrasiya müstəqil sahə kimi öyrənilməyə
başlandı. Konkret məqsədi və eyni hərəkət istiqaməti olmadığı üçün miqrasiya pro-
seslərini vahid nəzəriyyə tətbiq etməklə izləmək, öyrənmək və idarə etmək mümkün
deyildi. Hazırda, miqrasiyanın hərəkətinə imkan yaradan aşağıdakı amillər müəyyən
olunmuşdur:
1)
Struktur şərtləri: regionlar və ölkələrarası iqtisadi inkişaf fərqləri əhalinin
cəlbedici görünən dövlətə miqrasiyasına şərait yaradır. Dövlətlərarası münaqişələr və
digər bu kimi hadisələr isə əhalinin daha təhlükəsiz əraziyə köçürülməsinə səbəb olur.
2)
Təsisat kanalları: dövlətlərin miqrasiya və inteqrasiya rejimi, hüquqi və
tənzimləmə bazası. Bir sıra dövlətlər özləri miqrasiya üçün şərait yaradırlar.
3)
Bir-biri ilə əlaqədə olan sosial şəbəkələr (məsələn, diaspora). Belə şəbəkə-
lər miqrantların öz adət-ənənələrini, dillərini və mədəniyyətlərini qorumağa imkan
verir, hətta növbəti miqrasiyalar üçün zəncir yaradır [22].
Qloballaşma prosesi bu amillərin miqrasiyanın strukturunun formalaşmasındakı
roluna, həmçinin onun səbəb və istiqamətlərinə təsirini gücləndirir. Dövlətlər bu
prosesə uyğunlaşmaq üçün əhalinin idarə edilməsində və miqrasiya proseslərinin
tənzimlənməsində yeni mexanizmlər işləyib hazırlayırlar. Çünki miqrasiya proses-
185
lərinin tənzimlənməməsi demoqrafik vəziyyətin kəskinləşməsinə təsir edən amil-
lərdən birinə çevrilmişdir (xüsusilə əmək yaşda olan əhalinin emiqrasiyası).
Dünyada miqrasiya axınlarının əsasən Avropa və Amerikaya istiqamətləndiril-
diyi nəzərə alınaraq, həmin ölkələrin miqrasiya siyasətinin öyrənilməsi, bu sahədə
təcrübə mübadiləsi əhəmiyyətli və vacib vəzifəyə çevrilmişdir. Avropa İttifaqı (Aİ),
Müstəqil Dövlətlər Birliyi (MDB) kimi beynəlxalq təşkilatlar, həmçinin ABŞ,
Yaponiya, Türkiyə, Rusiya kimi dövlətlər miqrasiya proseslərinin dövlətlər tərəfindən
idarə olunması və tənzimlənməsi sahəsində əməkdaşlığa, həmçinin elmi-nəzəri təd-
qiqatlara xüsusi əhəmiyyət verirlər. Miqrasiya proseslərinin tənzimlənməsində bey-
nəlxalq təcrübənin öyrənilməsi və ondan istifadə olunması ölkə daxilində miqrasiya
qaydalarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini, iki və çoxtərəfli
əsaslarda beynəlxalq müqavilələrin bağlanmasını, digər ölkələrlə qarşılıqlı şəkildə
miqrasiya siyasətinin uzlaşdırılmasını şərtləndirir. Buna uyğun olaraq, hazırda
Azərbaycan Respublikası Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təş-
kilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Aİ, MDB, Avropa Şurası kimi beynəlxalq
təşkilatlar, Almaniya, Avstriya, İsveçrə, Rusiya və başqa dünya dövlətləri ilə sıx
əməkdaşlıq edir, ikitərəfli və çoxtərəfli sazişlərə, həmçinin Avropa Şurasının kon-
vensiya və hüquqi aktlarına qoşulmuşdur.
Azərbaycanın miqrasiya siyasətinin əsas məqsədi milli təhlükəsizliyi və milli
maraqları qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya pro-
seslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantlara öz hüquqlarını həyata
keçirmək üçün şəraitin yaradılması, əsas vəzifələri isə miqrasiya proseslərindən
ölkənin inkişafı üçün səmərəli istifadə olunması; miqrasiya proqramlarının və
tədbirlərinin həyata keçirilməsində dövlətin, cəmiyyətin və insanların mənafelərinə
riayət edilməsi; qeyri-qanuni miqrasiyanın qarşısının alınması; miqrantların mövcud
sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması və miqrant-
ların hüquqlarının müdafiəsidir.
Bu məqsədlə bir sıra qanunvericilik sənədləri (“Azərbaycan Respublikasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”; “Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər)”; “İmmiqrasiya haq-
qında”; “Əmək Miqrasiyası haqqında” və s. Qanunlar) qəbul edilmiş [4; 6], respub-
lika qanunvericiliyi Konstitusiyaya və insan hüquqları sahəsində tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğunlaşdırılmışdır.
“Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahə-
sində Dövlət Proqramı”nda miqrasiya proseslərinin tənzimlənməsinə dair 10 tədbir
nəzərdə tutulmuşdur. Buna uyğun olaraq, miqrasiya sahəsində dövlət siyasətinin hə-
yata keçirilməsi, idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin
tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə müvafiq dövlət orqanlarının fəaliy-
yətinin əlaqələndirilməsi məqsədilə 2007-ci ildə Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidməti yaradılmışdır.
2004-2008-ci illəri əhatə edən “Regionların İqtisadi İnkişaf Proqramı” da ra-
yonlarda miqrasiya prosesinin tənzimlənməsi üçün bir sıra imkanlar yaradır.
Yuxarıda göstərilənlər – beynəlxalq və milli qanunvericilik (o cümlədən, xa-
ricdə yaşayan azərbaycanlıların vəziyyəti ilə əlaqədar qəbul edilən qanunvericilik
sənədləri), həmçinin digər dövlətlərin təcrübəsi miqrasiya prosesinin tənzimlənməsi
barədə tədqiqatlar aparılması üçün bazanın mövcud olduğunu göstərir. Bundan əlavə,
186
miqrasiyanın əsas istiqamətləri, səbəbləri, tənzimlənməsi, miqrasiya proseslərinin,
diasporanın demoqrafik göstəricilərinin öyrənilməsi və bu sahədə siyasətin təkmil-
ləşdirilməsinə dair təkliflərin hazırlanması üçün tarixi, xüsusilə tarixi-demoqrafik və
miqrasiya problemlərinə dair tədqiqatların aparılması zəruridir.
ƏDƏBİYYAT
1.
Azərbaycan diasporu: böyük yolun başlanğıcı. Bakı: Çaşıoğlu, 2006, 208 s.
2.
Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. 10 hissədə. I hissə.
Bakı: Səda, 2000, 565 s.
3.
Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. 10 hissədə. IV hissə.
Bakı: Səda, 2000, 585 s.
4.
Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramı. // Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 2004, № 11 (89),
s.3198-3224.
5.
Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası. 9 dekabr 1999-cu il. //
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 1999, № 12, s.2921-2927.
6.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər). //
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. 2006, № 7 (109), s.1617-1627.
7.
Azərbaycan Respublikasının Statistika Komitəsi. // http://www.azstat.org/
8.
Azərbaycandakı miqrantların mövcud durumu və problemləri mövzusunda dəyirmi masa.
18 fevral 2009 // http://deyerler.avantajprim.com
9.
Cavadova Z.Ə. Şimal-Qərbi Azərbaycanın əhalisi və tarixi-demoqrafiyası (XIX əsrin
əvvəlləri - 70-ci illəri). Bakı: Altay, 2002, 191 s.
10.
Fətullayeva M. Miqrasiyanın mahiyyəti, strukturu və xüsusiyyətləri. // Dirçəliş – XXI əsr
jurnalı. № 133-134/2009, s. 285-290.
11.
Həsənova L.L. XX yüzilin ikinci yarısında Azərbaycanda əhalinin miqrasiyası (Sovet
əhali siyahıyaalmaları üzrə). // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri
toplu. I buraxılış. Bakı: Bakı universiteti nəşriyyatı, 2003, s. 96-104.
12.
Həsənova L.L. Azərbaycan əhalisi XX yüzilliyin ikinci yarısında (sovet siyahıya almaları
əsasında). Bakı: BDU, 2003, 302 s.
13.
İbişov S. Quba xanlığının əhalisi. Bakı: Bakı universiteti nəşriyyatı, 2004 – 208 s.
14.
Qazax sultanlığı. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III
buraxılış. Bakı: “MBM”, 2009, s. 88-102.
15.
Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə. // Dünya azərbaycanlıları: tarix və
müasirlik. Elmi-nəzəri toplu. III buraxılış. Bakı: “MBM”, 2009, s. 142-177.
16.
Quba xanlığının əhalisi. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu.
III buraxılış. Bakı: “MBM”, 2009, s. 16-33.
17.
Quliyev N.Ə. Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat). Bakı: Elm, 2006,
162 s.
18.
Məmmədova A. Ə. Car-Balakən camaatlığı. Bakı: UniPrint, 2009, 256 s.
19.
Rzayeva-Əliyeva Y.Ə. XIX əsrin II yarısında Bakı əhalisinin tərkibində sosial dəyişik-
liklər barədə. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III bura-
xılış. Bakı: “MBM”, 2009, s. 210-215.
20.
Şəki xanlığının əhalisi. // Dünya azərbaycanlıları: tarix və müasirlik. Elmi-nəzəri toplu. III
buraxılış. Bakı: “MBM”, 2009, s. 132-141.
21.
Şükürov K.K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları. Bakı: Elm, 2004, 978 s.
22.
Фомичёва О.В. Структурирование миграционного пространства в эпоху глобали-
зации: роль развитых государств. // Международные отношения. Политология. Ре-
гионоведение. Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2007,
№ 5, с. 167–174.
187
ПРИЧИНЫ И НАПРАВЛЕНИЯ МИГРАЦИЙ В АЗЕРБАЙДЖАНЕ
(XIX-XX вв.)
С.З.ГУЛИЕВА
РЕЗЮМЕ
В статье привлечены к исследованию политические, экономические и социальные
факторы, обусловившие миграции в Азербайджане в XIX-XX веках. Эти миграционные
процессы изучены на основе исторических фактов и историко-демографических иссле-
дований. Указывается, что в результате политических событий, являвшихся основными
причинами миграционных процессов, происходивших на территории Азербайджана в
XIX-XX веках, происходили вынужденные миграции, а трудовая, учебная и брачная
миграции происходили в результате социально-экономических событий. Превращение
международной миграции в объект специальных исследований, начиная с конца XX
века, привело к тому, что международные организации и государства отдают предпоч-
тение сотрудничеству в направлении урегулирования и управления миграционных
процессов, в том числе в проведении исследований. Проведение исследований в этой
области необходимо в целях изучения международной практики и урегулирования
миграционных процессов.
THE REASON AND DIRECTIONS OF MIGRATION IN AZERBAIJAN
(XIX-XX centuries)
S.Z.GULIYEVA
SUMMARY
The article, theoretically researching the process of migration on the basis of historical
facts and historical-demographic researches involves the investigation of political, economic
and social factors that caused the migration in Azerbaijan in XIX-XX centuries. The author
states that, the obligatory migration of people occurred as a result of political events which
conditioned the migration process in the territory of Azerbaijan during XIX-XX centuries and
labor, education and marriage migrations happened as a result of socio-economic events. The
article investigates the directions of migration along with its internal, external, obligatory and
other forms. Overturning of international migration into the main object of research from the
beginning of the XX century led to the cooperation in the direction of regulation and control
of the migration processes and in the implementation of investigations.
Dostları ilə paylaş: |