AYDIN TALIBZADƏ
Ş Ə R Q T E A T R I T A R İ X İ
ali məktəblər üçün dərslik
BAKI - 2008
_____________ Milli Kitabxana_____________
2
AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT
VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ
Elmi redaktor: Timuçin Əfəndiyev
ADMİU-nun rektoru, filologiya
elmləri doktoru, professor
Rəyçilər: İ .Rəhimli
sənətşünaslıq doktoru, professor
M.Əlizadə
sənətşünaslıq doktoru, professor
Dərs vəsaiti ADMİU-nun “Teatrşünaslıq”
kafedrasında müzakirə olunduqdan
sonra Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 17.07.07 tarixli 887 saylı
qərarına əsasən çapa məsləhət görülmüşdür.
Bakı 2008
_____________ Milli Kitabxana_____________
3
Ön söz
Giriş əvəzinə yazdığım bu Ön söz dərslik və predmet
barədə bəzi elmi düşüncələrdən, mülahizələrdən, izahat tipli
qeydlərdən, qısa açıqlamalardan və lakonik təsvirlərdən
ibarətdir. Onları şərtləndirən başlıca səbəb budur ki, bizim
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
“Teatrşünaslıq” kafedrasında hazırlanmış
“ŞƏRQ TEATRI
TARİXİ”
dərsliyinin bütün dünya masştabında analoqu,
bənzəri yoxdur. Hər halda mən beləsinə nə Azərbaycanın, nə
Rusiyanın kitabxanalarında, nə də ki İnternet səhifələrində rast
gəlmişəm. Düzdür, hələ 1929-cu ildə qonşu Rusiyanın Sankt-
Peterburq, o zamanların Leninqrad, şəhərində şərqşünas
A.M.Mervartın rəhbərliyi ilə “Şərq teatrı” adı altında bir
məqalələr toplusu çapdan çıxmışdı. Lakin bu kitab geniş oxucu
kütləsinə ünvanlanıb Şərq teatrının eqzotik formaları ilə ümumi
tanışlıq məqsədi güddüyündən dərslik xarakteri daşımırdı və
tədrisin tələblərinə birbaşa cavab vermirdi.
Bu dövrdə, yəni təqribən 1925-30-cu illər intervalında, adı
çəkilən topludan əlavə böyük şərqşünaslar N.İ.Konradın,
A.Y.Krımskinin, Y.E.Bertelsin, R.A.Qalunovun Şərq teatrının
bu və ya digər təzahür formalarına həsr olunmuş kitab və ya
məqalələri də işıq üzü
_____________ Milli Kitabxana_____________
4
görür. Onların tədqiqatlarının müstəqim obyekti heç vaxt teatr
olmadığından bu alimlər həmin formalara yalnız öyrəndikləri
xalqın mədəniyyətinin eqzotik gerçəkliyini təsdiqləyən bir
element kimi yanaşmış və teatr formalarının tarixini,
poetikasını, təbiətini, estetik hüsnünü sistemli şəkildə
araşdırmağı qarşılarına məqsəd qoymamışlar. Belə olan su-
rətdə, əlbəttə ki, dərslik barəsində düşünmək əbəs və mənasız
bir xülyadır. Hərçənd XX əsr boyunca dünyanın müxtəlif mər-
kəzi şərqşünaslıq məktəblərində mütəmadi şəkildə, şübhəsiz ki,
yuxarıda adları çəkilən alimlərin verdikləri dolğun infor-
masiyalara əsasən, ayrı-ayrı Doğu ölkələrinin məzmun və
qayəcə fərqli, eqzotik xislətli teatr formalarını təsvirləyən, on-
ların yaranma tarixini, estetik xüsusiyyətlərini təhlilə çəkən
çoxsaylı monoqrafiyalar nəşr etdirilmişdir. Ancaq, təəsüf ki,
bunların heç biri “Şərq teatrı tarixi” predmetini əhatələyəcək
dərs vəsaiti qismində işlənilməmişdir. Buna görə də mən tam
teatrşünas və şərqşünas arxayınlığı və məsuliyyətilə bəyan edi-
rəm ki, Şərq teatrı ilə bağlı bilgiləri, nəzəri fikirləri bir yerə
toplamaq, onları tarixilik prinsipinə, zaman və məkan para-
metrlərinə uyğun bir tərzdə sistemləşdirmək baxımından uni-
versitetin “Teatrşünaslıq” kafedrasında görülən bu iş həm sə-
nətşünaslıq, həm də şərqşünaslıq elminin koordinatlarında ilk
təcrübədir, sınaq nümunəsidir və təbii ki, mümkün səhv və xə-
talardan xali deyil. Məhz Azərbaycan teatrşünaslıgı bu mühüm
elm və təhsil probleminin aradan qaldırılmasında, çözül-
məsində birinci olmağa iddialıdır.
Çünki “Şərq teatrı tarixi” fənni “teatrşünaslıq” ixtisası üzrə
bakalavr və magistr pillələrində aparılan tədrisin ayrılmaz,
vacib bir hissəsidir. Universitetin tədris sistemində bu predmet
“Xarici teatr” fənninin bərabərhüquqlu bölmələrindən biri olub
mütləq kurs hesab edilir. Teatrşünasın topladığı bilgilər
panoramında və ya şəbəkəsində “Şərq teatrı tarixi” tələbəyə
_____________ Milli Kitabxana_____________
5
yeni elmi-nəzəri, fəlsəfi-estetik məlumatlar verməklə yanaşı,
həm də onun dünya görüşünün dəyişməsində, formalaşmasında
və sistemləşməsində ciddi rol oynayır. Təbii ki, bu prosesdə bir
çox məsələlər “Şərq teatrı tarixi”ni tədris edən müəllimin
şəxsiyyətindən, onun natiqlik və tələbəni söylədiyinə
inandırmaq bacarığından asılıdır. Təkcə teatrşünaslıq şöbəsində
təhsil alan gənc teatr yazarlarının yox, həm də universitetin
aktyor və rejissor tələbələrinin də bu predmetə ehtiyacı var:
belə ki, “Şərq teatrı tarixi”nin köməyilə onların sənət
təssəvvürləri, sənət düşüncələri xeyli zənginləşir,
fantaziyalarının hüdudları genişlənir, teatr bilgiləri keyfiyyətcə
tamam yeni bir müstəviyə yüksəlir və haradasa kökündən
başqalaşır. Odur ki, bu fənnin tədris saatları çərçivəsində
oxunan hər bir mühazirə, mən bunu çoxillik müşahidələrimin
nəticəsində deyirəm, tələbələr tərəfindən həvəslə, diqqətlə
dinlənilir və asanlıqla, əlüstü qavranılır.
Şərq teatrı dünya teatrı mədəniyyətinin elə bir möcüzəli,
sirli və füsünkar hücrəsini təşkil edir ki, burada, yəni nağıl və
gerçəkliyin sərhəddində yerləşən səhnə məkanında, tanrılar və
iblislər, divlər və əcinələr, mələklər və şeytanlar, ruhlar və
vəhşilər, kuklalar və kölgələr sadə insanlarla birgə gəzib
dolanır, “kosmos” adlı bir tamın eyni hüquqa, eyni təbiətə və
eyni uyuşqanlığa malik zərrəcikləri kimi görünürlər. Doğu
məmləkətlərində teatrın təzahür formalarının hamısı eqzotikdir,
alabəzəkdir, unikaldır, qeyri adidir, bənzərsizdir; yəni yalnız
yeganə, tirajlanmayan nüsxədədir. Ol səbəbdən “Şərq teatrı
tarixi” dərsliyinin müəllifi onların bircəciyini belə nəzərdən
qaçırmaq istəmir. Busa müəllif qarşısında həməncə bir sıra
ciddi problemlər törədir. Həqiqətən, “Şərq teatrı tarixi” üzrə
dərslik hazırlamaq olduqca çətin və məsuliyyətli bir işdir.
Nədən ki, tədqiqatçılar bu sahədə hələ bir çox məsələlərə
Dostları ilə paylaş: |