42
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2 Humanitar elmlər seriyası 2010
ABDULLA ŞAİQİN DRAM ƏSƏRLƏRİNDƏ FOLKLOR ROMANTİZMİ
F.H.AĞAMALIYEVA
Bakı Dövlət Universiteti
ay.fidan@mail.ru
A.Şaiqin bir çox dram əsərlərinin mövzusu folklordan götürülmüşdür. Folklor materialı
həyatı romantik rəngli tonlarda əks etdirdiyi kimi real göstərir. Yazıçı bir sıra pyeslərini («Ay-
doğdu», «Həqiqətə doğru», «Yazıya pozu yoxdur», «İldırım», «Aldanmış ulduzlar», «Nüşabə»
və s.) romantik üslubda yazmışdır.
Abdulla Şaiqin dram yaradıcılığında folklordan istifadə geniş şəkildə özünü
göstərir. Onun pyeslərindəki folklor üslubu romantizmdən qaynaqlanır. Məmməd
Arif qeyd edir ki, «Dram yazan şəxs əvvəlcə öz əsərinin məfkurəvi qayəsini təyin
etməlidir, yəni tamaşaçıya nə demək istədiyini, hansı böyük bir fikri təbliğ etmək
istədiyini özünə aydınlaşdırmalıdır; bunsuz heç bir bədii əsər yarana bilmədiyi kimi,
dram əsəri də yarana bilməz (12, 240). Abdulla Şaiq də dram əsərləri yazarkən, ilk
növbədə bu tələbləri nəzərə almışdır. Abdulla Şaiqin dram yaradıcılığı, xüsusən ilkin
dövrlərdəki pyesləri folklorla çox bağlıdır. Abdulla Şaiq dramaturgiyasındakı folk-
lorla bağlılığı belə səciyyələndirir ki, «Ədəbi fəaliyyətə başladığım ilk illərdə məni ən
çox məşğul edən sahələrdən biri xalq ədəbiyyatı idi. <...> Bakıya köçdükdən sonra
xalq ədəbiyyatını daha ətraflı öyrənməyə başladım, bildiyim nağılları, tapmacaları,
bayatılar və atalar sözlərini bir böyük dəftərə yazdım. Yay tətili zamanı müxtəlif
qəzalardan gəlmiş tələbələr evlərinə qayıdarkən onların hər birinə bir dəftər verib xalq
nağılları, atalar sözləri və tapmacalar yazıb gətirmələrini tapşırırdım» (15, 192).
A.Şaiqin uşaqlar üçün əsər yazmasının səbəbi, əsasən, onların nə teatr, nə kino,
nə kitabxana, nə də klublarının olmaması idi. O, bunu belə yazırdı: «Balalarımıza
məxsus nə teatr, nə kino, nə kitabxana, nə də klub vardı. Gənc nəslimizin bu vəziyyəti
məni çox düşündürürdü. Buna görə də, bir zamanlar məktəblərdə gördüyüm işin bir
qismini bədii yaradıcılıqla əvəz etdim» (16, 209). XX əsrin yazıçısı uşaqlar üçün əsər
yazarkən keçmiş həyatın çətinliklərini, zülm və istismarı uşaqların qavraya biləcəyi
tərzdə, onların dünyagörüşünə uyğun şəkildə təsvir etməli idi. Biz bu cür yaradıcılıq
üsulunu A.Şaiqdə görürük. Onun belə yaradıcılıq üsulunu nəzərə alan A.Zamanov
qeyd edir ki, «Ədibin uşaq əsərlərində hər şeydən əvvəl onun müəllimliyi özünü büru-
zə verir. Bu əsərləri yazarkən müəllif öz kiçik oxucularının maraq və psixologiyasını nə-
zərə almış, onlara yüksək bəşəri keyfiyyətlər aşılamaq məqsədi güdmüşdür (19, 14).
Əziz Mirəhmədov yazırdı ki, «İctimai vəziyyəti etibarilə xırda burjuaziyaya
mənsub olması, uzun müddət Azərbaycan, Rusiya hadisələrindən kənarda yaşaması,
habelə yarı dini, yarı dünyəvi təhsil-tərbiyə görməsi və s. səbəblər onun 1905-ci il
fırtınasının məna və əhəmiyyətini vaxtında, aydın dərk etməsinə mane oldu. Odur ki,
43
1905-ci ildən ta Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər olan dövr Şaiq üçün
axtarışlar dövrü, enişli-yoxuşlu bir yaradıcılıq dövrü olmuşdur» (9, 18). Ə.Mirəhmə-
dovun bu yanaşmasında ziddiyyətli fikirlər özünü göstərir. O, belə bir həqiqəti nəzərə
almaq istəmir ki, Şaiq yaradıcılığının ilk dövrünü folklor mərhələsi təşkil edir. A.Şaiq
xalq içərisindən çıxmışdı. Şifahi xalq yaradıcılığını çox gözəl bilirdi. Yaradıcı şəx-
siyyətin ömrünə 1905 və 1917-ci il inqilablarının siyasi mənasından qiymət vermək
ən azı onun yaradıcılığını qiymətləndirməməkdir. Y.Qarayev də bu fikirdə idi ki,
yaradıcılığın mükəmməl təhlilini məhz yaradıcının özündən, onun uşaqlıq dövründən,
təhsilindən, şəxsiyyətindən, mühitindən, həyatından başlamaq lazımdır (7).
Abdulla Şaiqin dram yaradıcılığında folklor düşüncəsindən bol-bol istifadə
olunmuşdur. Həm də A.Şaiq ictimai mövzulara meyl edən sənətkardır. O, əsərlərində
əzən və əzilənlər sinfini təqdim edir, bir dramaturq kimi əzilənlərin tərəfində durur.
O, əsərlərini oxunaqlı etmək üçün, həm də bədii təsir qüvvəsini gücləndirmək üçün
folklor motivlərindən istifadə edir. Onun «İntiqamçı xoruz» pyesi də haqqın, ədalətin
aradan çıxmasına, kəndli sinfinin mənafeyinin tapdalanmasına, bir sözlə, ağalar-qullar
dünyasının mərhəmətsizliyinə qarşı yazılmışdır. «İntiqamçı xoruz» pyesində kəskin
konflikt vardır. Əsər folklor motivləri ilə zəngin olsa da, dramaturq burada da ictimai
ziddiyyətlərin baş verməsinin səbəblərinə toxunur. A.Şaiq əsərdə kəndli sinfinin
nümayəndəsi Həsənlə fəhlə Aslanı öz şəxsiyyətləri uğrunda mübarizədə birləşdirir.
M.Ağamirov həmin surətlərin hər ikisini yoxsullar, əzilənlər qütbünə daxil edir (1,
81). Onlarla varlılar arasında ictimai uçurum vardır. A.Şaiq bu uçurumu aradan
qaldırmaq, problemi əzilənlərin xeyrinə həll etmək üçün folklor düşüncəsindən
istifadə edir. Problemin bu cür həllinin tapılmasına A.Şaiqin yaradıcılığında çox rast
gəlirik. Bu problemin həll edilməsi də A.Şaiqin baxışlarından irəli gəlir.
Dramaturqun əvvəlki əsərlərindən fərqli olaraq, bu pyesdə hadisələr dramatik
şəkildə inkişaf edir, zülmün həddi-hüdudu qarşısında kəndlilər hüquqsuz insanlar
kimi təsvir olunurlar. Əsərin hadisələrinin gedişatından aydın olur ki, müəllif ictimai
münasibətlərin həllini inqilabda görür. Lakin inqilab etmək şüuru hələ əsərin qəh-
rəmanı Həsəndə formalaşmamışdır. Əslində bu çatışmazlığı A.Şaiqin romantizmində
görürük. Sentimental düşünən bir dramaturq kimi A.Şaiq ictimai münasibətlərin
həllini folklor motivinin köməyində görür. Son tikəsini yoxsul qadınla bölən Həsənə
Sənəm qarı xoruz bağışlayır və deyir ki, bu intiqamçı xoruzdur. Keçələ həsr olunmuş
nağıllarda axırıncı tikəsini kiminləsə bölməsindən sonra ona sehrli əşya verilir ki, bu
sehrli vasitənin köməyi ilə keçəl sinfi düşməninə qalib gəlir. Folkloru gözəl bilən
A.Şaiq bu motivdən istifadə edərək əsərdə ictimai konflikti belə asanca həll edir.
M.Ağamirovun A.Şaiqin fəlsəfi və dünyabaxışı haqqında, xüsusilə onun inqilaba
meylli olduğu barədəki fikirləri ilə razılaşmaq olar. O, Şaiqin dram əsərlərində inqilab
əhval-ruhiyyəsi görür və Şaiqi bu fikirdə olan yazıçı hesab edir. Xüsusilə A.Şaiqin
«İntiqamçı xoruz» əsərində «inqilabla doğar yeni bir cahan» fikrinə istinad edərək
filosof bu əsərdə onun fikirlərində inqilabın zəruriliyi qənaətini görmüş, onun ictimai-
simyasi baxışlarının mahiyyətini inqilabla bağlamışdır. Lakin bu pyesdə dramaturqun
inqilabi çağırışları çox dərindən hiss olunmur. Bu, ilk baxışdan da belədir. A.Şaiq
bilirdi ki, ağa-nökər münasibətləri, ziddiyyətləri maarifləndirmənin köməyi ilə də həll
oluna bilir. Səhnə əsəri də maariflənmənin ən tərbiyəvi üsuludur. Həm də pyes
uşaqlar üçün yazıldığından, uşaq dünyasına uyğunlaşdırıldığından konfliktin folklor
motivi əsasında həll olunması A.Şaiqin uğurudur. Nağıllardakı əhvalatlar bu pyesdə
44
təkrar olunur. Həsən yol yoldaşı bəyin mehtəri olan oğlanın qisasını ağa və bəylərdən
almağa gedir. Əsərin ikinci pərdəsində Həsənin xoruzuna güvənib bəylərdən qisas
alması təsvir olunur. Xoruz sehrlidir, ona kim toxunsa yapışır. Kim köməyə gəlirsə
bir-birinə yapışır. Xoruz onları oynadır. Həsən xoruzun sehri ilə Aslanı xilas edir.
A.Şaiq pyesdə konflikti həll edərkən uşaq dünyagörüşünü nəzərə almışdır. Bu
zaman o, folklor romantizmi ilə realizmi birləşdirir. XX əsrin görkəmli tədqiqat-
çılarının da əsərlərində Şaiqin ancaq romantizminin, realizminin xüsusiyyətlərindən
danışılır. M.Arif Şaiqi yaxşı və ya pis romantik olduğu üçün deyil, yaxşı realist
olmadığı üçün tənqid etmişdir. Yaşar Qarayev onun fikrinə qarşı çıxaraq öz fikrini
belə ifadə edirdi ki, «tədqiqatçılar heç bir romantiki pis romantik olduğu üçün ittiham
etmirlər, əksinə, onları realist olmadıqları üçün tənqid edirlər… Halbuki belə ya-
naşma üsulunun özü elmi cəhətdən şikəst və qüsurludur» (8, 25). XX əsrin ilk illə-
rindəki ədəbi hərəkatdakı romantizmin mövqeyini M.Cəfər düzgün başa düşmüşdü.
O, bu cərəyanın yaradıcılıq metodu kimi realizmdən fərqləndirsə də, ona qarşı durma-
dığını, lakin ona rəğbət bəslədiyini, ondan müsbət mənada təsirləndiyini qeyd edirdi
(3, 24-31). Onun bu fikrini davam etdirən Kamal Talıbzadə də Şaiqin romantizminin
ideya-bədii prinsiplərinin bəzi nöqtələrdə realizm ilə birləşdiyini qeyd edib yazırdı ki,
bu iki əsas ədəbi cərəyanı bir-birini rədd etmir, onlar bir-birilərini təsdiq edə-edə
yaşayır, ədəbi prosesdə qabaqcıl rol oynayırdılar (18, 82).
A.Şaiqin xalqla bağlılığı, bu romantizmin və realizmin ideya köklərinin
haradan qaynaqlandığı məsələsinə toxunulmur. Məsələn, M.İbrahimov 1966-cı ildə
yazdığı «Abdulla Şaiqin realizminin bəzi xüsusiyyətləri» məqaləsində Şaiq yara-
dıcılığındakı ictimai mənanı, fəlsəfi fikirləri, ictimai mühiti diqqətə çatdırır, əsərlərin-
dəki romantizm və realizm görüşlərinə toxunur (4). O, Abdulla Şaiqin realizminə
M.F.Axundovun, C.Məmmədquluzadənin, Sabirin davamı kimi baxır, bir sıra yeni
xüsusiyyətlərini də göstərir (6, 354). Sənətkarın real və ya romantik-ideal qəhrə-
manları ilə mütərəqqi şəxsi fikirlərini verməyə tam hüququ vardır. Sənət əsərində
eyni zamanda müəllifin hər şeyi dərindən hiss edən ürəyi döyünməzsə, gələcəyi aydın
görən gözləri gülməzsə, xalq ruhunu, zəmanə ruhunu ifadə edən hər bir sözü, kəlməsi
ürək qanı ilə yazılmazsa, sənətə səmimiyyət, böyük ehtiraslar, nəcib hisslər, duyğular
yol tapa bilməz (2, 6). İnsan psixologiyasnda əmələ gələn dəyişikliklər ədəbiyyatın,
dramaturgiyanın mövzusunu, yaradıcılıq üsulunu, hətta üslubunu dəyişirdi. A.Şaiqin
romantik üslubdan realist üsluba keçməsində məhz bu meyarların təsiri olmuşdur.
Təbiilik, sadəlik və səmimiyyət bədii yaradıcılığı zinətləndirən, zahirən sərt və soyuq
görünən həqiqətləri belə mülayimləşdirən ilıq, hərarətli bir nəfəslə qızdıran, gözəlləş-
dirən, bununla da oxucu qəlbində məhrəmlik vasitəsinə çevrilən sənətkarlıq keyfiy-
yətlərindəndir (14, 78). Bu sözlər də A.Şaiqi xarakterizə etmək üçün deyilmişdir.
A.Şaiqin romantizmini başa düşmək üçün S.Hüseynin romantik sənətkarlara
verdiyi qiymətə nəzər yetirək. O yazırdı ki, romantik mühərrirlər heç bir qanuna tabe
olmaq istəməzlər. Onların şəxsi zövqləri onlar üçün bir qanundur. Onlar – romantiklər
öz düşüncə və mühakimələrində sərbəstdirlər. Onlar hər şeydə gözəlliyi görürlər və
bu yolda hissiyyati-şədidəyə namütənahi bir surətdə qapılırlar. Hələ bəziləri tarixi
simaları istədikləri təbiət və xasiyyətləri vermək, tarixin xilafına hərəkət etdirib söz
söylətdirmək səlahiyyətinə də malik bulunurlar (3, 12) Lakin burda deyilənlərin heç
də hamısını A.Şaiqə ehtiva etmək olmaz. Məmməd Cəfər A.Şaiqin yaradıcılığında
türkçülük ideyalarının özünü büruzə verdiyini qeyd edir (3, 216).
45
C.Cəfərov «Ədəbiyyat və incəsənət» qəzetində (1947, 25 fevral) A.Şaiqin ilk
dramlarını nağıl-pyeslər adlandırır (10, 190).
Məmməd Arif Hüseyn Caviddən danışarkən «Cavid teatrımıza nə vermişdir?»
sualına cavab vermək lazım gəlsə, birinci növbədə onu deyə bilərik ki, Cavid səhnə-
mizə ilk dəfə şeiriyyət gətirmişdir» qeydini edir (11, 115). Bu sualı A.Şaiqin də
yaradıcılığına versək, onun dramaturgiyasının səhnəmizə nə verdiyini düşünsək, ilk
növbədə bütöv obrazlar sistemi verdiyini deyə bilərik. Bura uşaq dramaturgiyasının
obrazlar qalereyası da bağlıdır. Dram əsəri nə qədər qüvvətli olarsa, səhnə də o qədər
güclü olar (11, 122).
M.Rzaquluzadə Şaiqin dram yaradıcılığını inkişaf etməkdə olan, yeni-yeni ide-
yalarla, obrazlarla zənginləşən dramaturgiya hesab edirdi. O, bu xüsusiyyəti qeyd
edərək yazırdı ki, «Tənqid-təbliğ teatrı üçün ilk pyeslərini yazdıqdan sonra («Aydoğ-
du», «Həqiqətə doğru», «Yazıya pozu yoxdur» - 1921) ədib «İldırım» (1927),
«Aldanmış ulduzlar» (1928), «Nüşabə» (1945) dramlarını yaradır (17, 356).
Kamal Talıbzadə də A.Şaiqin dram yaradıcılığındakı folklor romantikasını yük-
sək qiymətləndirmişdir. O yazmışdır ki, «Azərbaycan uşaq və gənc tamaşaçılar teatrı-
mızın fikri-estetik inkişafında Abdulla Şaiqin əsərləri çox böyük rol oynamışdır. «Gö-
zəl bahar», «Çoban», «İntiqamçı xoruz», «Xasay», «Eloğlu», «Vətən», «Qaraca qız»,
«Bir saatlıq xəlifəlik» və s. pyesləri uşaq teatrımızın sütunları olmuşdur» (17, 9).
C.Hacıyev də həmin əsərləri A.Şaiqin ilk dram əsərləri adlandırır (40, 381). M.Arif
qeyd edir ki, uşaq yazıçısı kimi şöhrət qazanan Abdulla Şaiq məktəb səhnəcikləri
üçün bədii əsərlər yazmışdı və bu səhnəciklər o zamankı məktəb həyatında yeni bir
hadisə idi. Bədii tərbiyə üçün məktəb səhnəsinin böyük rola malik olduğunu yəqin
edən Şaiq müəllim bir neçə əsərini məktəb səhnələri üçün pyes halına salmaqla
bərabər, sonralar Gənc Tamaşaçılar Teatrı üçün bir sıra dram əsərləri yaratmışdı (11,
178; 13, 174-187). O, vətənpərvərlik ruhunda yazılan «Eloğlu», «Vətən», «Xasay»
kimi dramları tərbiyəvi mövzuda yazılan əsərlər hesab edirdi.
Abdulla Şaiqin ilkin dramlarında folklordan bəhrələnmə daha çoxdur, bu
pyeslər, əsasən, nağıl süjeti və motivlərinə görə kiçikyaşlı oxucuların diqqətini cəlb
edirdi. Şaiq pedaqoq olaraq bilirdi ki, folklorun tərbiyəvi əhəmiyyəti vardır. Sənətkar
ona görə də, ilk dramlarının süjet xəttini şifahi xalq yaradıcılığının qaynaqları əsa-
sında qururdu. O, həm də çalışırdı ki, süjetdə konfliktin həlli balacalar üçün anlaşıqlı
olsun. Bunun üçün Azərbaycan nağılları əsas vasitə idi.
ƏDƏBİYYAT
1.
Ağamirov M. Abdulla Şaiqin dünyagörüşü. Bakı: Maarif, 1983, 242 s.
2.
Cəfər M. Həyatın romantikası. Bakı: Azərnəşr, 1968, 172 s.
3.
Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: Azərbaycan SSR EA, 1963, 217 s.
4.
«Ədəbiyyat və incəsənət» qəzeti, Bakı, 1976, 26 fevral.
5.
Hacıyev C. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərbaycan Universiteti, 1955,
435 s.
6.
İbrahimov M. Seçilmiş əsərləri. 4 cilddə, III c. Bakı: Azərnəşr, 1972, 484 s.
7.
Qarayev Y. Meyar – şəxsiyyətdir. Bakı: Elm, 1988, 212 s.
8.
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s.
9.
Mirəhmədov Ə. Abdulla Şaiq. Bakı: Azərbaycan SSR Elmlər Akademiyası, 1956, 141 s.
10.
Məmmədov Ə. Abdulla Şaiq. Bakı: Gənclik, 1983, 212 s.
11.
Məmməd Arif. Sənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 s.
46
12.
Məmməd Arif. Seçilmiş əsərləri. 3 cilddə, I c. Bakı: Azərbaycan SSR Elmlər Akademi-
yası, 1967, 620 s.
13.
Məmməd Arif. Şaiq müəllim. Şaiqanə yad et. Bakı: Gənclik, 231 s.
14.
Mustafayev İ.N. Yazıçı idealı və həyat həqiqəti. Bakı: Yazıçı, 1989, 232 s.
15.
Şaiq A. Xatirələrim. Bakı: Gənclik, 1973, 364 s.
16.
Şaiq A. Xatirələrim. Bakı: Uşaqgəncnəşr, 1961, 224 s.
17.
Şaiq A. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1984, 444 s.
18.
Talıbzadə Kamal. Seçilmiş əsərləri. 2 cilddə, II c. Bakı: Azərnəşr, 1994, 431 s.
19.
Zamanov A. Abdulla Şaiq. Bakı: Azərbaycan SSR siyasi və elmi bilikləri yayan cəmiy-
yət, 1956, 21 s.
ФОЛЬКЛОРНЫЙ РОМАНТИЗМ
В ДРАМАТИЧЕСКИХ ПРОИЗВЕДЕНИЯХ А.ШАИГА
Ф.Г.АГАМАЛИЕВА
РЕЗЮМЕ
Тема в большинство драматических произведениях А.Шаиги взята из фольк-
лора. Фольклорный материал отражает жизнь как реально, а также в романтических
красочных тонах. Писатель некоторые свои пьесы («Айдогду», «Хагигата догру», «Языя
позу йохдур», «Илдырым», «Алданмыш улдузлар», «Нушаба»» и др.) написал в
романтическом стиле.
FOLKLORE ROMANTIZM IN DRAMATIC WORKS BY A.SHAIG
F.H.AGAMALIYEVA
SUMMARY
The theme of the most dramatic works of A.Shaig refers to the folklore. Folklore
materials reflect the life as real as in romantic colourful tones. The writer wrote a number of
his plays (“Aydogdu”, “Hagigata dogru”, “Yazıya pozu yoxdur”, “İldırım”, “Aldanmısh
ulduzlar”, “Nushaba”) in the romantic style.
Dostları ilə paylaş: |