Kamil Vəli NERİMANOĞLU
61
Türk Dünyası 34. Sayı
təmizlənir, büllurlaşır. Puşkinin dediyi kimi “Siz yeni doğulan uşağın hansı
çirkinliklərdən, natəmizliklərdən keçib gəldiyini görsəniz heyrətlər içində
donub qalarsınız. Söz sənətinin mahiyyətini, məğzini, genezisini öyrənərkən
biz eyni mənzərə ilə qarşılaşmalı oluruq. Mirzə Fətəlinin altı komediyası bu
prosesin ən dolğun örnəkləridir desək, haqqı danmış olmarıq.
...Mirzə Fətəlinin bir üzü var idi və o ikiüzlülüyə və ikiüzlülərə nifrət
edirdi. O, həyatı boyu insanlara bir olan üzünü göstərmiş, o bir olan üzü ilə
dostu ilə də, düşməni ilə də üz-üzə gəlmişdi. O, hər kəslə anladığını, dərk
etdiyini paylaşmışdı. Onun iddiaları da, təsbitləri də mübahisələri və davaları
özününkü idi və riyakarlıqdan uzaq idi.
Mirzə Fətəli qara güruhun qarşısında deyil, Allah qabağında hesab verməli
olan nadir insanlardan biri idi. Məlun, mürtəd, zındıq iftiraları, küfrləri Mirzə
Fətəliyə deyil, o kəlmələri ağzı köpüklənə-köpüklənə söyləyən qaragüruhun
özünə aid idi. Mirzə Fətəlinin yanlışına da, xətasına da, günahına da qiyməti
yalnız və yalnız Allah verə bilərdi. Bu mənada Allah böyük olduğu kimi onun
yaratdığı bəndələr içində Mirzə Fətəli də böyük idi. Hər şeyi ilə: günahıyla da,
səvabıyla da, elmiylə də, sənətiylə də...
Qədim Roma şairi Vergilinin bir sözü yadıma düşür:
Cəhənnəmə düşmək asandan asan,
Amma geri dönmək, çətindən çətin...
Söhbət Mirzə Fətəlinin cənnətə və ya cəhənnəmə düşməyindən getmir.
Onu Allah bilir. Məsələ Mirzə Fətəlinin bu dünyadakı mücadiləsindən çəkdiyi
çilədən, iztirab və ağrılardan gedir. Dünyada hər şeyin görünən və görünməyən
tərəfi var. Görünən görünməyəni, görmək və dərk etmək hər kəsə müyəssər
olmur.
Bizim borcumuz keçmişi, keçmişin dəyərli insanları bütöv görmək,
öyrənmək və dəyərləndirməkdir. Bu mənada da bizim Mirzə Fətəliyə borcumuz
çoxdur. Borclunun borclunun sağlığını istəməsindən başqa əlacı yoxdur.
Gənc Mirzə Fətəli arayışlar içində olan, Qərbi dərindən öyrənən, Şərqi Qərb
baxışı ilə araşdırandır. Orta yaşlı Mirzə Fətəli ən böyük bədii kəşflərini edərək
ucalan Mirzə Fətəlidir. Bu Mirzə Fətəlinin bədahəti dünyanı önləyənlərin və
əbədiyyətin qapısını açanların sırasındadır. Azad bədii düşüncə Şərqin çoxdan
gözlənən intibahı, yeni başlanğıcıdır.
Yaşlı Mirzə Fətəli inqilabçıdır. Ömür şahmatında seytnot təhlükəsi
onu filosof, sosioloq, inqilabçı, reformator olaraq önə çəkmişdir. Artıq o,
cəmiyyətin uzun müddətli müalicəsindən daha çox cərrah bıçağına möhtac
olduğuna inanır. Artıq o radikaldır və Əzrayılın ayaq səslərini eşitdikcə bu
radikallıq zirvəyə yüksəlir. Ahıl Mirzə Fətəli barışmazdır.
Mirzə Fətəlini antitürkçülüklə suçlayanlar da az deyil. Bizcə, hardansa
Azmış Ulduzun Kədərlı̇ İşığı: Başlanğıc, İnqı̇lab və Zı̇ddı̇yyət
Türk Dünyası 34. Sayı
62
bir sitat tapıb, nəyi isə yozub M.F.Axundzadəni türklüyə qarşı qoymaq böyük
ədalətsizlikdir.
Mirzə Fətəlinin altı komediyası, nəsr əsərləri, şeirləri, ədəbi-tənqidi,
publisist əsərləri türklüyünən böyük çağdaş ədəbi qalası, fikir təməlidir. Bu, o
qədər açıq-aydındır ki, heç bir isbata ehtiyac yoxdur.
M. F. Axundzadənin yalnız türklüyü deyil, Türkiyəyə sevgisi də mübahisə
mövzusu deyil. Mirzə Fətəlini rus yanlı, ruspərəst hesab etmək siyasət
şahmatını, manevr və arayış yollarını bilməməkdir. Əlifba məsələsində
Türkiyəyə üz tutan Mirzə Fətəli ürəyinin qibləsinə üz tutmuşdu. Əsasında
Güney Azərbaycan türklüyü dayanan İrana məhəbbət, yanğı tamamilə təbiidir.
Mirzə Fətəlinin o torpaqlarda doğulduğunu, atasının o coğrafiyadan olduğunu
da unuda bilmərik. Böyük maarifçinin xəyalındakı Millət, Vətən anlayışını
anlamaq üçün M. Ə. Rəsulzadənin “Əsrimizin Səyavuşu”nu oxumaq lazımdır.
Söhbətin bağıran, hayqıran millətçilikdən getmədiyini, yəqin ki,
anlayırsan, oxucum.
Şübhəsiz ki, mənim bu dəyərləndirməm şərtidir. Təbiətdəki, cəmiyyətdəki
və başlıcası daxilindəki ziddiyyətdən təkan və ilham alan Mirzə Fətəli bu
ziddiyyətlərin doğma övladıdır desək zənn edirəm yanılmaram.
Heç bir şey, o cümlədən insan, öz qabından böyük ola bilməz. Maddi olaraq
bunun belə olması şübhəsizdir. Fəqət dahiləri maddi olaraq dəyərləndirmək
yetərli sayılmaz. Yerlə bərabər onların bir də fəza ölçüsü, başqa sözlə desək
başının üstündəki göy üzü, fəza var. Dahilərin fəza ölçüsü öz qabından böyük
ola bilmə parametrini də ortaya çıxarır. Belə olmasaydı dünyanın böyük
kəşfləri edilməzdi, insanlıq böyüyə-böyüyə irəliləyə bilməzdi.
O, Azərbaycan insanını yazdı. Bu insan bizim kimi danışan, düşünən,
doğru yolu tapan və tapmayan uğurlu və ya uğursuz, qalib və ya məğlub, ac və
ya tox insandır, aldadandır, aldanandır. Bir sözlə, insandır. Bizim hər birimiz
kimi gerçək insandır. İnsanı yazmaq özü də Allaha ibadətdir.
Bu baxımdan Mirzə Fətəli onun yaratdığı, ədəbi, elmi məktəbi bütün Şərq
üçün də, Qərb üçün də ayrı bir önəm daşıyır.
Allahsız Mirzə Fətəlinin ədəbi əsərlərində onlarca Allahlı insan olması,
təsadüf sayılmaz. Müsəlman qadınlar da, erməni cütçülər də, fransız təbiətşünas
– Müsyö Jordan da Allahlı, saf insanlardır. Mirzə Fətəlinin yaradıcılıq dühası
bu insanları necə varsa, elə verməyə yönəlmişdir.
Bu anlamda da Mirzə Fətəlidə iki başlanğıc var: biri, əslində birincisi ilahi
başlanğıcdır. Bu başlanğıc onun ədəbi əsərlərində təcəlli tapmışdır. İstərsən
ona realizm de, istərsən tənqidi realizm de, istərsən də heç bir şey demə. Bu
ədəbi əsərlər modern Azərbaycan ədəbiyyatının təməlidir. İkincisi, Avropavari
fəlsəfi ictimai-siyasi arayışlardır, mühakimə və qənaətlərdir ki, bunlar... Mirzə