mədəniyyətin, ədəbiyyatın inkişafında dəmir bir qanunauyğunluq
var. Nizami özündən əvvəlkilərlə müqayisədə şeiri elə bir
əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn sənətkarlar
artıq ondan yüksəyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə
getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət
saymışlar. Nizami mövzularında əsərlər yazmaq, ondan mənalar
iqtibas etmək artıq bir ənənəyə çevrilmişdi.
Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda
tərbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviyyəti
dərk etməyə çağırır, ağlın, qüdrətinə, haqqın, ictimai xeyirin
qələbəsinə inam hissləri oyadır.
Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan
olmuşdur. Şairin yaşayıb-yaratdığı XII əsr mədəni-elmi
nailiyyətlərlə zəngin bir dövr idi. Şairin əsərlərindən anlaşılan
budur ki, o, təhsilini də öz doğma şəhərində almiş, hələ çox gənc
ikən ərəb, pəhləvi, fars və çox güman ki, yunan dilini də
öyrənmiş, zəmanəsinin elmlərinə dərindən yiyələnmişdir. O
dövrdə Gəncə şəhərində təhsil almaq üçün kifayət qədər geniş
imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının
Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir.
Alimlər onun babasının adındakı iki sözdən birinin ləqəb
olduğunu düşünürlər ki, bu da şairin mövqe, hörmət sahibi
olduğunu düşünməyə əsas verir. Şair əsərlərində ancaq Nizami
təxəllüsünü işlətmişdir. Bu söz nizamlı, ölçülü sözə, nəzmə, başqa
ifadə ilə desək, şeirə mənsub olan adam deməkdir. Nizaminin
ləqəbini bəzi qaynaqlar Nizaməddin, yaxud Cəmaləddin kimi
yazırlar, ancaq şairin əsərlərində bu ləqəbi təsdiqləyəcək əlamətlər
yoxdur.
Nizaminin doğulduğu, ömrü boyu yaşadığı və vəfat etdiyi yer
Gəncə şəhəridir. Bütün qədim və etibarlı mənbələrdə onun
Gəncəyə gəlmə olduğu barədə heç bir qeyd yoxdur. Ancaq
Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş
nüsxələrində “İqbalnamə”nin bir yerində şair Gəncədən danışan
zaman fikir yarımçıq kəsilərək aşağıdakı dörd misra artırılmışdır:
Gəncə dənizində olsam da pünhan,
Yerim Qum şəhridir, yurdum Qohestan.
Təfrişdə Ta adlı bir kənd dayanıb,
Nizami ad-sanı ordan qazanıb!
Nizami çox gənc yaşlarından ədəbi yaradıcılığa başlamış və ilk
çağlardan sarayların diqqətini cəlb etmişdir. Zəmanəsinin
hökmdarları şairi öz saraylarına gətirmək istəmiş, bu məqsədlə
ona qiymətli hədiyyələr gondərmişlər. Lakin şair şahların saraya
gəlmək təkliflərindən inadla boyun qaçırmış, ömrünün sonuna
qədər Gəncədən kənara çıxmamış, heç kimin himayəsinə
sığınmamışdır. Dərbənd hakimi Bəybars ibn Müzəffərə
göndərdiyi hər şeyə görə qiymətli hədiyyələrə layiq görülmüş,
ərməğanı olan Afaq adlı qadınla evlənmiş və ondan da 1174-cü
ildə Mühəmməd adlı bir oğlu olmuşdur. Ancaq onların ailə səadəti
uzun sürmür. Afaq çox gənc yaşlarında vəfat edir. Nizami bu
vaxtsız ölümü ömrü boyu unutmamış, əsərlərində özünün ilk
məhəbbətini tez-tez xatırlamış, hətta “Xosrov və Şirin” əsərindəki
Şirin obrazı üzərində işlərkən sevimli qadınını göz önündə
tutmuşdur. Sonralar şair daha iki dəfə evlənsə də, Afaqı ömrü
boyu
sevgi
ilə
xatırlamış,
taleyinin
uğursuzluğundan
gileylənmişdir.
Nizami özünün yeganə ovladı olan Məhəmmədi də çox sevmiş,
əsərlərində bir neçə yerdə ona nəsihətlər etmişdir. Dahi şair öz
poemalarında müasirlərinə olan münasibəti, doğma vətənə,
xalqına məhəbbəti, gəncliyə qaygısı və. s. haqqında da aydın
məlumat verir. Şairin müasiri olduğu Azərbaycan hökmdarları
onunla sıx əlaqə saxlamış, Məhəmməd Cahan Pəhləvan Eldəgiz
onun adına yeni bir əsər yazmağı Nizamidən xahiş etmişdi.
Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən Qızıl
Arslan şairi görmək üçün Gəncəyə gəlmiş, Gəncə şəhəri
yaxınlığında onunla görüşmüşdür. Şirvanşah Axsitan da
Nizamiyə qasid göndərərək ona Leyli Məcnun məhəbbəti
haqqında əsər yazmağı təklif etmişdir. Nizami özünün “Yeddi
gözəl” poemasını da Azərbaycan hökmdarlarından Marağa hakimi
Əlaəddin Körpə Arslana ithaf etmişdir. “Xəmsə”nin son əsəri
“İsgəndarnamə”də şair Gəncədə baş verən dağıdıcı zəlzələdən
bəhs etmiş, şəhərin zəlzələ nəticəsində viranəyə çevrildiyini ürək
ağrısı ilə təsvir etmişdir.
Nizaminin əsərləri eyni zamanda onun saf, təmiz mənəviyyatı,
xeyirxah təbiəti, bəşəri arzuları və pak niyyəti haqqında da aydın
təsəvvür yaradır.
Nizami 1209-cu il martın 12-də doğma şəhəri Gəncədə vəfat
etmişdir. İndi onun məzarı üzərində möhtəşəm bir məqbərə
ucalmaqdadır. Dahi şair və mütəfəkkirin adı doğma vətəni
Azərbaycanda əbədiləşdirilmiş, əsərləri dəfələrlə kütləvi tirajla
nəşr olunmuşdur.
Nizaminin ilk iri həcmli əsəri “Sirlər xəzinəsi” poemasıdır.
Yaxın və Orta Şərq ədəbiyyatında didaktik poema janrının ən
qiymətli nümunəsi olan bu əsər dahi şairin yaradıcılığında epik
şeir sahəsində ilk qələm təcrübəsi idi. Əsər hicri tarixilə 570-ci
ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun
gəlir.
Poemanın əsas məzmununu iyirmi məqalət təşkil edir. Bu
məqalətlərin hər birində Nizami müəyyən aktual bir problemi əsas
götürərək şərh etdikdən sonra onu maraqlı bir hekayə ilə
aydınlaşdırır. Bu hekayələrin mövzusu xalq ədəbiyyatı və tarixi
şəxsiyyətlərlə bağlı olsa da şair hər hekayədən çıxardığı nəticə ilə
müasirlərinə üz tutur, dövrünün ədalətsiz hökmdarlarını, insafsız
darğalarını, vəzir və başqa ixtiyar sahiblərini ədalətə, xalqın
qaygısına qalmağa çağırır. Şair zəmanəsinin yalançı sufilərini,
zəhmətə xor baxan tüfeyli gəncləri, sədaqətsiz dostları, dili uzun,
hünəri az adamları tənqid edir. O, “Nuşirəvan və bayquşların
söhbəti” hekayəsində dövrünün zalım şahlarına quşların dili ilə
ədalət dərsi verir.
“Sirlər xəzinəsi”ndə əməyin, zəhmətin tərənnümü xüsusilə
qabarıq verilir. Şair öz əlinin zəhməti ilə dolanan sadə insanlardan
məhəbbətlə söz açır, son dənini torpağa səpib onu gözlərinin yaşı
Dostları ilə paylaş: |