Naxçıvan Universiteti İdarəetmə fakültəsi



Yüklə 4,45 Mb.
tarix21.04.2023
ölçüsü4,45 Mb.
#106602
Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi


Naxçıvan Universiteti
İdarəetmə fakültəsi
İxtisas: Beynəlxalq münasibətlər
Kurs: III
Fənn: Beynelxalq munasibetlerin formalasmasi ve tekamulu
Mövzu: Azərbaycan və Kollektiv Təhlükəsizlik Müqaviləsi
Tələbə: Qaya Babayev
Naxçıvan 2022
PLAN
Giriş
Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı
Kollektiv Təhlükəsizlik Təşkilatı
1992-ci ildə keçmiş SSRİ-nin mövcud olduğu Avrasiyanın əhəmiyyətli geosiyasi məkanlarına hər hansı xarici və kənar güc mərkəzlərinin daxil olmasının qarşısını almaq üçün Rusiya bəzi keçmiş sovet respublikalarının iştirakı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi adlanan (1) (KTM) hərbi blok yaratmış və hazırda onu daha da genişləndirmək kursu yürüdür.
Yarandığı gündən KTM-in və onun əsas himayədarı olan Rusiyanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsindəki regional təhlükəsizlik siyasətinin əsasında bölgə ölkələrini hərbi-təhlükəsizlik sahəsində NATO və Qərbin təsirindən qorumaq, onları vahid hərbi-strateji çətir altında saxlamaqdan ibarətdir. Əvvəllər özünü daha çox müxtəlif bəyanatlar verməklə təsdiq etdirməyə çalışan və üzv ölkələrin təhlükəsizliyini təmin etmək anlamında heç bir təşkilati strukturu və yaxud hüquqi səlahiyyəti olmayan KTM, 2003-cü ilin oktyabrından konkret hərbi-siyasi blok adı ilə çıxış edir. Həmin il oktyabrın 7-də MDB-nin Kişinyov sammitində Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan prezidentləri Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTM) Kollektiv Təhlükəsizlik Təşkilatına (KTT) çevrilməsi və onun “vahid təhlükəsizlik qüvvələrinin” yaradılması haqda müqavilə imzaladılar.
Rusiyalı bəzi politoloqlar fəaliyyət göstərdiyi 18 il ərzində postsovet regionunda səmərəli kollektiv təhlükəsizlik strukturuna çevrilə bilməmiş KTM-in KTT ilə əvəz olunmasını müsbət hadisə kimi xarakterizə edərək, onu “Avrasiya hərbi-siyasi blokunun yaradılması” kimi təqdim edirlər. Lakin müstəqil ekspertlərin fikrincə, KTT-nin bugünkü fəaliyyəti nə üzv dövlətləri tam qane edir, nə səmərəli bir təşkilat kimi digər ölkələr üçün cəlbedicidir, nə də əksər postsovet ölkələrinin vahid təhlükəsizlik maraqlarına cavab verir. Məsələn, Cənubi Qafqaz və Qara dəniz ətrafı ölkələrindən yalnız Ermənistanın blokda təmsil olunmasına, KTT-nin tərkibindəki əksər ölkələrin Rusiya ilə mövcud geosiyasi və geoiqtisadi münasibətlərinə, təşkilat daxilindəki real vəziyyətə nəzər salan politoloqlar KTT-ni vahid bir təhlükəsizlik bloku kimi qəbul etmirlər.
Təşkilatın əsas üzvləri olan Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Ermənistan arasındakı həqiqi dostluq münasibətləri, hərbi maraqların tarazlığı və ortaq təminatı məsələsi də bir çox müstəqil ekspertlərdə ciddi şübhə doğurur. Onların fikrincə, təşkilata üzv olan ölkələr arasındakı bütün sahələr üzrə mövcud olan geosiyasi, hərbi və iqtisadi ziddiyyətləri gizlətmək mümkün deyildir. Məsələn, Rusiya ilə Belarusun münasibətləri ciddi hərbi-geostrateji müttəfiqlik və tərəfdaşlıqdan çox uzaqdır. Yaxud Orta Asiya ölkələrinin, Belarus və Qırğızıstanın, Rusiya və Tacikistanın, Rusiya və Özbəkistanın ikitərəfli münasibətlərinin mövcud vəziyyətini, Özbəkistan, Tacikistan, Qırğızıstan arasındakı mübahisəli müxtəlif etnik məsələləri və s. faktları mütəxəssislər KTT-nin ciddi problemlər yaşamasının göstəricisi hesab edirlər
Rəsmi Moskva son zamanlar Ukrayna, Azərbaycan, Moldova və Gürcüstanın da bu blokda təmsil olunmasına çalışır. Lakin adı çəkilən hər bir ölkənin bloka qoşulmamasının öz səbəbi mövcuddur. Azərbaycan Respublikasını KTT-yə qoşmaq istiqamətində göstərilən sonuncu cəhd 2004-cü ilin payızında - MDB dövlət başçılarının Astanada keçirilən sammitində baş vermişdir. Lakin rəsmi Bakı Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə və ölkənin pozulmuş ərazi bütövlüyü bərpa olunmayana qədər özünün regional təhlükəsizlik məsələləri ilə bağlı mövqeyində hər hansı dəyişiklik etməyə, hansısa hərbi bloka qoşulmağa heç bir əsas olmadığını bəyan edərək, KTT-yə qoşulmaqdan imtina etmişdir.
Cənubi Qafqazın digər ölkəsi - Gürcüstan da dəfələrlə bu hərbi-siyasi bloka üzv olmaq niyyətində olmadığını bildirərək, əksinə, öz ərazisindəki Rusiya hərbi bazalarının ölkədən çıxarılması tələbi ilə çıxış etmiş və sonrakı illərdə buna nail olmuşdur.
O ki qaldı Moldova və Ukraynaya, birincidə hələ kimin və hansı qüvvələrin gələcəkdə ölkənin siyasi taleyini həll edəcəyi qaranlıq qalır. Ukraynada isə sonuncu hakimiyyət dəyişikliyindən sonra bu dövlətin Rusiya ilə geosiyasi münasibətlərini hərtərəfli şəkildə yaxşılaşdırmasına, NATO-ya üzv olmaq fikrindən rəsmi şəkildə imtina etməsinə baxmayaraq, Xarici İşlər Nazirliyi “Kiyevin yaxın zamanlarda hər hansı hərbi bloka qoşulmaq fikrində olmadığını” bəyan edərək, KTT-yə üzv olmaq fikrindən uzaq olduğunu bildirmişdir. Bundan başqa, KTT-nin rəsmi üzvü olan Özbəkistan da neçə illərdir ki, prezident səviyyəsində KTT-nin sammitlərini boykot edir. Bu da təşkilatın “vahid hərbi-strateji blok olması” fikrini şübhə altına alır.
KTT-nin 2010-cu ilin dekabrında Moskvada keçirilən son sammitində Özbəkistan prezidentinin çox ciddi narazılığı və səsləndirdiyi bəyanat göstərdi ki, hazırda KTT-yə üzv dövlətlər arasında mövcud olan ziddiyyətli və ayırıcı məqamlar onları birləşdirən və hərbi-geostrateji müttəfiq kimi bir-birinə bağlayan məqamlardan çoxdur. Rusiya son zamanlar çalışır ki, qurumun nizamnaməsinə bəzi dəyişikliklər edərək onu digər üzv dövlətlərin daxili münaqişələrini həll etmək üçün “operativ hərbi təşkilat”a çevirsin və lazım gələndə KTT-nin ümumi hərbi missiyasından istifadə edərək, üzv dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyi ilə bağlı yerli və xarici təhlükələrin qarşısını alsın.
Lakin Özbəkistan və başqa KTT üzvlərinin etirazına baxmayaraq, KTT-yə postsovet məkanında daxili və ölkələrarası münaqişələrə de-yure müdaxilə etmək səlahiyyəti verən dəyişikliklər qəbul edilmişdir. Mütəxəssislərin fikrincə, Rusiya NATO təcrübəsindən istifadə edərək, KTT-ni regionun vahid hərbi-strateji təşkilatına çevirmək, bölgədə baş verən əksər hərbi, strateji, siyasi və s. hadisələri öz nəzarəti altında saxlamaq istəyir. Lakin onların fikrincə,
* üzv ölkələrin hərbi gücünün, hərbi-geostrateji maraqlarının və bu təşkilata təsir etmə imkanlarının tamamilə fərqli olmasından;
* MDB-nin digər üzv ölkələrinin ayrı-ayrı səbəblərdən (hərənin öz səbəbi var) bu təşkilatda iştirakdan imtina etməsindən;
* üzv ölkələrin hərbi-siyasi liderlik anlamında vahid məqsədlərinin olmaması və fərqli vəzifələrə xidmət etməsi səbəbindən və s. Rusiya de-fakto bu məqsədlərinə nail ola bilmir.
KTT-nin gələcək inkişafı və davamlı mövcudluğu ilə bağlı hazırda ortada hər hansı ciddi bir konsepsiya və strategiyaya mövcud deyildir. Bunu qurumun ayrı-ayrı dövrlərdə Ukrayna, Azərbaycan, Gürcüstan, Özbəkistan, Moldova, Belarus və başqa postsovet ölkələri ilə bağlı reallaşdırdığı ziddiyyətli geosiyasətin məzmunu və nəticələri də sübut edir. Məsələn, adıçəkilən bu ölkələrdən biri və yaxud hamısı nə zamansa yenidən Qərbə, yaxud onun hərbi strukturlarına üz tutsa, KTT-nin hansı addımları atacağı, yaxud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra təşkilatın Qafqazda bu iki ölkəyə münasibətinin daha hansı manevrlər üzərində reallaşacağı və s. bu kimi məsələlər nə KTT-nin, nə də ki, Rusiyanın hazırkı hərbi-geostrateji planlarında öz əksini tapmamışdır.
Hazırda Rusiya əksər postsovet ölkələrini KTT-yə qoşmaq və onların NATO-ya meyillənməsini önləmək üçün ciddi tədbirlər görür. Qərbin ikili standartlara söykənən tələblərinə o qədər də ciddi reaksiya vermədən, Rusiya Avrasiyanın məqsədəuyğun hesab etdiyi bütün bölgələrində, bütün məqbul vasitələrlə “öz həyati maraqlarını” qorumaqda və geosiyasi təsir mexanizmlərini saxlamaqda davam edir. Son illərdə bu ölkənin bəzi siyasi dairələrinin dilindən “böyük ölkələrin regional maraq dairələrinin və geosiyasi təsir zonalarının” tanınması və qorunması, belə demək mümkünsə, planetar məkanların “Jirinovski sxemi üzrə, müxtəlif iri dövlətlərin təsir və maraq dairələrinə bölünməsi”, kiçik ölkələrin hüquqlarının nəzərə alınmaması hesabına “böyüklərin təhlükəsizlik maraqlarının dönməz şəkildə təmin edilməsi” və s. kimi beynəlxalq hüquqa zidd çağırışlar səslənməkdədir.
Bir faktı qeyd etmək lazımdır ki, “dünyanın maraq dairələri üzrə faktiki olaraq yenidən bölünməsini” rəsmən bəyan edən və “planetin yeni təhlükəsizlik memarlığı” adlanan belə geostrateji plan və mülahizələrə, rəqib hərbi bloklara və ölkələrə meyil göstərən dövlətləri və xalqları müxtəlif iqtisadi, siyasi, sosial və s. təzyiq vasitələri ilə sıxışdırmaq cəhdinə bütün böyük ölkələrin timsalında rast gəlmək mümkündür. Tədqiqatçıların fikrincə, son zamanlar bir çox kiçik ölkələrin regiondakı müstəqil geosiyasi amil kimi çıxış etməsinə mane olan əsas səbəblər onların böyük ölkələrdən strateji sahələr üzrə - təhlükəsizlik, enerji, iqtisadi, ərzaq və s. asılılığı hesab olunur.
MƏNBƏ
http://www.anl.az/down/meqale/iki_sahil/2013/may/310128.htm
https://www.bizimyol.info/az/news/81085.html
http://unec.edu.az/application/uploads/2018/11/M-mm-dzad-N-rgiz.pdf

Diqqətiniz üçün təşəkkürlər!!!


Yüklə 4,45 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə