Müqəddİmə Bir neçə zəruri xatırlatma


Namazda məkruh sayılan (bəyənilməyən) əməllər



Yüklə 9,34 Mb.
səhifə30/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

Namazda məkruh sayılan (bəyənilməyən) əməllər


Məsələ 1040: Namaz qılan şəxsin xüzu-xüşusunu (namazda qəlb və bədən təvazösünü) pozan istənilən bir iş məkruhdur (bəyənilmir). Sola-sağa baxmaq, (əlbəttə üz xeyli çevrilsə namaza tə’siri var), saç-saqqalla oynamaq, barmaqları oynatmaq, tüpürmək, üzüyün yazısına baxmaq, həmd-surə və zikr söyləyən vaxt başqasının sözünü eşitmək üçün sakit dayanmaq məkruhdur, bəyənilmir. Eləcə də, yuxulu halda namaz qılmaq, ayaqyoluna getmək zərurəti yaranan vaxt namaz qılmaq, dar paltarda namaz qılmaq bəyənilmir.

Hansı hallarda namazı dayandırmaq olar


Məsələ 1041: Ehtiyata əsasən, vacib namazı bilərəkdən kəsmək olmaz. Amma əhəmiyyətli maddi və ya həyati zərərin qarşısını almaq üçün namazı kəsməyin eybi yoxdur. Məsələn, namaz qılan şəxsin və ya başqa birinin həyatı üçün təhlükə yaranarsa və namazı kəsmədən təhlükəni uzaqlaşdırmaq mümkün olmazsa, namaz kəsilməlidir. Eləcə də, insan qorunmalı olan malını hifz etmək üçün namazı kəsə bilər. Amma əhəmiyyətsiz bir mal üçün namazı kəsmək məkruhdur, bəyənilmir.

Məsələ 1042: Əgər namaza başlayandan sonra borclu öz borcunu tələb edərsə, namaz qıla-qıla, namazın surətini pozmadan borcu qaytarmaq mümkün olarsa, yaxşı olar ki, borc sahibinə verilsin. Amma namazı kəsmədən bu işi görmək mümkün olmasa, namaz bitənədək səbr etmək lazımdır. Xüsusi bir zərurət olmadıqda (məsələn, borc sahibinin yoldaşları onu incitmədikdə) borcu namaz həddində yubatmağın eybi yoxdur.

Məsələ 1043: Əgər namaz əsnasında mə’lum olsa ki, məscid murdarlanıb və məscidin paklanması namazı kəsmədən mümkünsə, paklamaq lazımdır. Başqa hallarda namazı bitirdikdən sonra məscid paklanır. Ehtiyat budur ki, bu hallarda namaz uzadılmasın.

Məsələ 1044: Namazı saxlamaq vacib olduqda onu davam etdirmək günahdır və namaz üçün eyib sayılır.

Məsələ 1045: Əgər rükudan öncə mə’lum olarsa ki, azan və iqamə yaddan çıxıb, namazın vaxtı dar olmadıqda namazı kəsib, azan və iqaməni demək, yenidən namaza başlamaq lazımdır.

Namazda şəkk (“şəkkiyyat”)


Məsələ 1046: Namazda iyirmi üç qisim şəkk var:

1.Səkkiz şəkk namazı batil edir;

2. Altı şəkkə əhəmiyyət verilməməlidir.

3. Doqquz şəkk düzgün sayılır və bu şəkləri aradan qaldırmaq üçün növbəti Məsələlərdə göstərişlər verilir.

1. Namazı batil edən şəklər:


Məsələ 1047: Namazı batil edən şəklər:

1. Sübh namazı, müsafir namazı kimi iki rəkətli namazların rəkətlərinin sayında şəkk; Amma iki rəkətli müstəhəb namazlarda belə şəklər namazı batil etmir.

2. Üç rəkətli namazların rəkətinin sayında şəkk (şam namazı);

3. Dörd rəkətli namazlarda bir rəkət, ya çox qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, bir rəkət qılıb, yoxsa üç rəkət, namazı batildir.

4. Dörd rəkətli namazlarda ikinci səcdə tamamlanmamış iki, ya çox rəkətin qılınması ilə bağlı şəkk; məsələn, namaz qılan şəkk etsə ki, iki rəkət qılıb, yoxsa, üç rəkət, namazı batildir.)

5. İki, ya beşdən çox rəkətin qılınması ilə bağlı şəkk;

6. Üç və ya altı rəkət qılınması ilə bağlı şəkk; (Əlbəttə ki, bu qəbil şəklər nadir hallarda baş verir. Bununla belə, onların hökmü aydın olmalıdır.)

7. Dörd rəkət, ya altı rəkət, ya daha çox rəkət qılınması ilə bağlı şəkk; Vacib ehtiyat budur ki, belə məqamlarda dörd, ya beş rəkət qılınması ilə bağlı şəkkin hökmünə əməl olunsun. Yə’ni dörd rəkət qılındığı qəbul edilsin, namaz tamamlansın və namazdan sonra iki səcdeyi-səhv yerinə yetirilsin. Sonradan həmin namazı təzələmək lazımdır.

8. Ümumiyyətlə neçə rəkət namaz qıldığını bilməyən adamın rəkətlərin sayı ilə bağlı şəkki.

Məsələ 1048: Əgər insan namaz əsnasında namazı batil edən şəklərdən biri ilə rastlaşarsa, namazı kəsə bilməz. Öncə bir qədər fikirləşməli, şəkk öz gücündə qalsa, namazı kəsməlidir.

2. Hansı şəklərə əhəmiyyət verilməməlilir?


Məsələ 1049: Altı şəkkə əhəmiyyət verilməməlidir:

1. Vaxtı keçmiş şəkk;

2. Namazın salamından sonra şəkk;

3. Namazın vaxtı ötdükdən sonrakı şəkk;

4. Çox şəkk edən insanın (“kəsiruş-şəkk”) şəkki;

5. İmamın və ya mə’mumun (iqtida edənin) şəkki;

6. Müstəhəb namazlarda şəkk.

1.Vaxtı ötmüş şəkk


Məsələ 1050: Əgər namaz əsnasında bir hissəsinin vaxtı keçdikdən sonra şəkk yaransa ki, həmin hissə yerinə yetirilib, yoxsa yox, (məsələn, rükuya getdikdən sonra şəkk yaranır ki, Həmd-surə deyilib, yoxsa yox) həmin şəkkə əhəmiyyət verilməməlidir. Növbəti hissənin rükn olub-olmamasının fərqi yoxdur.

Məsələ 1051: Əgər Həmd və ya surədə şəkk yaransa, məsələn, ikinci ayəni deyərkən birinci ayəni deyib-demədiyinə şəkk etsə, (ya da ayənin bir sözünü deyən vaxt ondan əvvəlki sözünü deyib-demədiyinə şəkk etsə) ehtiyata əsasən, geri qayıdıb onu Allaha yaxınlıq məqsədi ilə deməlidir və ardını davam etdirməlidir.

Məsələ 1052: Rüku və ya səcdələrdən sonra zikri düzgün deyib-demədiyinə şəkk etsə, həmin şəkkə etina etməməlidir.

Məsələ 1053: Əgər qalxdığı vaxt təşəhhüdü deyib-demədiyinə şəkk etsə və ya səcdəyə getdiyi vaxt rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, vacib ehtiyat budur ki, geri qayıdıb yerinə yetirsin.

Məsələ 1054: Oturaq və ya uzanmış halda namaz qılan şəxs Həmd və təsbihatı deyərkən səcdə və ya təşəhhüdü yerinə yetirib-yetirmədiyinə şəkk etsə, buna əhəmiyyət verməməlidir. Amma Həmd və təsbehə başlamamış belə bir şəkk yaransa onları yerinə yetirməlidir.

Məsələ 1055: Əgər bir hissənin məqamı keçdikdən sonra şəkk edib geri qayıtsa və onu yerinə yetirsə, sonradan həmin hissəni yerinə yetirmiş olduğunu və ikinci dəfə yerinə yetirdiyini bildikdə, həmin hissə rükn olduqda, namaz batildir. Əgər rükn olmasa namaz düzgündür.

Məsələ 1056: Əgər bir hissənin yeri ötdükdən sonra şəkk etsə və göstəriş əsasında əhəmiyyət verməyib keçsə, sonradan həmin hissənin yerinə yetirilmədiyi mə’lum olduqda sonrakı rüknə başlamayıbsa geri dönməlidir. Əgər rüknə daxil olubsa namazı düzgündür. Bir şərtlə ki, şəkk etdiyi və buraxdığı hissə rükn olmasın.

Məsələ 1057: Əgər şəkk etsə ki, namazın salamını söyləyib, yoxsa yox, düzgün söyləyib, yoxsa səhv, başqa namaza başladıqda və ya namazı pozan bir iş gördükdə namaz halından çıxdığı üçün öz şəkkinə əhəmiyyət verməməlidir. Əgər bütün bunlardan qabaq olarsa geri qayıtmalı və salamı söyləməlidir.

2. Salamdan sonra şəkk


Məsələ 1058: Namazın salamını dedikdən sonra şəkk yaransa ki, namazı düzgün qılıb, yoxsa yox, rəkətlərin sayına, namazın şərtlərinə, qiblə və paklığa, rüku və səcdə kimi hissələrə aidliyindən asılı olmayaraq şəkkinə əhəmiyyət verməməlidir.

3. Vaxt keçdikdən sonra şəkk


Məsələ 1059: Namazın vaxtı keçdikdən sonra namazın qılınıb-qılınmaması ilə bağlı şəkkə əhəmiyyət verilmir. Hətta qılmadığını güman etsə də bu hökm gücündədir. Amma namazın vaxtı ötməmiş belə bir şəkk yaransa, hətta namazı qıldığını güman etsə belə onu yenidən yerinə yetirməlidir.

Məsələ 1060: Əgər günorta və ikindi namazlarının vaxtı ötdükdən sonra cəmi dörd rəkət qıldığını bilərsə və hansı niyyətlə qıldığını bilməzsə, istər günorta, istər ikindi namazı olsun, vacib namazın qəzası niyyəti ilə dörd rəkət namaz qılmalıdır. Amma şam və xiftən namazlarının vaxtı ötdükdən sonra onların hansı birini qıldığını bilməsə, həm şam, həm də xiftən namazlarının qəzasını yerinə yetirməlidir.

4. Çox şəkk edənin şəkki (“kəsirüş-şəkk”)


Məsələ 1061: Çox şəkk edən şəxs öz şəkkinə əhəmiyyət verməməlidir. Bu şəkkin rəkətin sayı, onun hissələri və ya şərtləri ilə bağlı olmasının fərqi yoxdur.

Məsələ 1062: Əgər bir şəxs bir namazda üç dəfə və ya üç ardıcıl namazda şəkk edərsə, “kəsirüş-şəkk”, yə’ni çox şəkk edən sayılır.

Məsələ 1063: Əgər bir insan xəstəlik, əsəb, müsibət səbəbindən bir müddət çox şəkk edərsə, şəkkinə əhəmiyyət verməməli və göstəriş əsasında hərəkət etməlidir.

Məsələ 1064: Şəkkə əhəmiyyət verməmək dedikdə iki ehtimaldan öz faydasına olanı əsas götürmək nəzərdə tutulur. Məsələn, bir şəxs şəkk edirsə ki, səcdə və ya rükunu yerinə yetirib, onları yerinə yetirdiyini qəbul etməlidir. Bu hissələrin yerinin ötməsinin fərqi yoxdur. Sübh namazını iki və ya üç rəkət qılmasına şəkk etsə, onu iki rəkət qıldığını qəbul etməlidir.

Məsələ 1065: Əgər bir şəxs namazın bir hissəsi ilə bağlı çox şəkk edərsə, (məsələn, Həmd-surədə şəkk) başqa hissələrlə bağlı şəklərinə göstəriş əsasında əməl etməli, yalnız adətən üzləşdiyi şəkkə etina etməməlidir. Eləcə də, bir şəxs müəyyən bir namazda, məsələn, sübh namazında şəkk edərsə, yalnız həmin namazla bağlı şəkkinə əhəmiyyət vermir. Əgər bir şəxs yalnız müəyyən məkanda (məsələn, cəmiyyət arasında) namaz qıldıqda şəkk edərsə, yalnız həmin məkandakı şəklərinə etina etmir.

Məsələ 1066: İnsan şəkk etsə ki, “çox şəkk edən” hökmündədir, yoxsa yox, hələ ki, çox şəkk edən olmadığını qəbul etməlidir. Amma çox şəkk edən olduqdan sonra həmin haldan çıxdığına şəkk etsə, öz şəkkinə əhəmiyyət verməməlidir.

Məsələ 1067: Çox şəkk edən şəxs bir rüknü (məsələn, rükunu) yerinə yetirib-yetirmədiyinə şəkk etsə və ona əhəmiyyət verməsə, sonradan yadına düşdükdə onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə daxil olmayıbsa onu yerinə yetirməsi lazımdır. Əgər sonrakı rüknə başlayıbsa, namazı batildir. Amma həmin hissə rükn olmadıqda və sonradan onu yerinə yetirmədiyini xatırladıqda, sonrakı rüknə keçənədək onu yerinə yetirməlidir. Əgər sonrakı rüknə keçsə geri qayıtmır və namazı düzgündür.

Məsələ 1068: Vasvası şəxslər öz əminliyinə və şəkkinə əməl etməməlidir. Onlar adi fərdlər kimi hərəkət etməli, əmin olub-olmadıqlarını əsas götürməməlidirlər. Əks təqdirdə bir çox hallarda namazları batil olasıdır.

5. İmam və ya mə’mumun şəkki


Məsələ 1069: Əgər imam-camaat rəkətlərin sayı ilə bağlı şəkk etsə, məsələn, bilməsə ki, üç rəkət qılıb, yoxsa dörd rəkət, mə’mumlar rəkətlərin sayını bildikdə bunu işarə ilə imama anladırlar və imam bu işarəyə əsasən hərəkət edir. İmam rəkətlərin sayını bildiyi vaxt mə’mum şəkk edərsə, imama tabe olmalı, öz şəkkinə əhəmiyyət verməməlidir.

Məsələ 1070: İmama işarə üçün rəkətlərin sayı qədər əli dizə vurmaq və ya “Allahu əkbər” söyləmək olar. Ümumiyyətlə, artıq söz və ya namaza xilaf işə yol vermədən hər hansı şəkildə işarə etmək olar. Amma mə’mum imamdan qabaq durub namazını davam etdirməməlidir.

6. Müstəhəb namazlarda şəkk


Məsələ 1071: Əgər müstəhəb namazların rəkətlərinin sayında şəkk yaransa namaz qılan şəxs yuxarı və ya aşağı sayı götürməkdə azaddır. Yuxarı say namazı batil etdikdə, aşağı say əsas götürülür. Məsələn, bir və ya iki rəkət namaz qılındığına şəkk yarandıqda, həm bir, həm də iki rəkət əsas götürmək olar. Amma iki və ya üç rəkət namaz qılındığına şəkk yarandıqda, hökmən iki rəkəti əsas götürmək lazımdır.

Məsələ 1072: Rüknlərin artırılıb-azaldılmasının nafilə namazlarına da tə’siri var.

Məsələ 1073: Namazın hərəkətləri baxımından müstəhəb namazla vacib namaz arasında fərq yoxdur. Məsələn, Həmd və ya rüku ilə bağlı şəkk yarandıqda həmin hissənin yeri ötüb keçənədək yerinə yetirilir. Əgər yeri ötmüşsə, şəkkə etina olunmur.

Məsələ 1074: Müstəhəb namazlarda vacib ehtiyata əsasən, zənn-gümana namazı batil edənədək əhəmiyyət verilir. Məsələn, iki rəkət namaz qılınmasına şübhə yaranmışsa, iki rəkət qəbul edilir. Əgər üç rəkət qılındığına güman yaranmışsa, iki rəkət əsas götürülür.

Məsələ 1075: Müstəhəb namazlarda səcdeyi-səhv yoxdur. Yə’ni əgər müstəhəb namaz qılan şəxs, vacib namazlarda səcdeyi-səhvə səbəb olan işi yerinə yetirsə, səcdeyi-səhv lazım deyil. Həmçinin müstəhəb namazlarda yaddan çıxmış səcdə və təşəhhüdün qəzası yoxdur.

Məsələ 1076: Əgər nafilə namazının vaxtı keçdikdən sonra onun yerinə yetirilib-yetirilməməsi ilə bağlı şəkk yaranarsa, bu şəkkə əhəmiyyət verilmir. Əgər vaxt varsa, yerinə yetirilir.

3. Düzgün şəklər


Məsələ 1077: Qeyd olunduğu kimi dörd rəkətli namazların rəkətlərinin sayı ilə bağlı şəklər doqquz halda düzgündür və şəklə bağlı vəzifəyə əməl etmək lazımdır:

1. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya üçüncü rəkət olması ilə bağlı şəkk: Bu halda üçüncü rəkət olduğu qəbul edilməli, əlavə bir rəkət qılmaqla namaz tamamlanmalıdır. Namaz tamamlandıqdan sonra göstəriş əsasında bir rəkət ayaq üstə ehtiyat namazı qılınır. Əgər ikinci səcdədə vacib zikr deyildikdən sonra şəkk yaranarsa, vacib ehtiyata əsasən, eyni göstərişə əməl olunur və sonra namaz yenidən qılınır. (Bu hökm ikinci səcdədən başı qaldıranadək bütün hallara aiddir.)

2. Üçüncü, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Namazın istənilən bir yerində belə bir şəkk yaranarsa, dördüncü rəkətin qılındığı qəbul edilir, namaz tamamlanır, namaz tamamlandıqdan sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaq ehtiyat namazı qılınır.

3. Başı ikinci səcdədən qaldırdıqdan sonra ikinci, ya dördüncü rəkət olması ilə bağlı şəkk: Bu vaxt dördüncü rəkət olduğu qəbul edilməli, namaz tamamlanmalı, sonra iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalıdır.

4. Başı ikinci səcdədən qaldırdıqdan sonra iki, ya üç, ya dörd rəkət qılınması ilə bağlı şəkk: Dörd rəkət qılındığı qəbul edilməli, namazdan sonra iki rəkət ayaq üstə, sonra iki rəkət oturaq ehtiyat namazı qılınmalıdır.

5. Başı ikinci səcdədən qaldırdıqdan sonra dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Dördüncü rəkətin qılındığı qəbul edilməli, namaz tamamlanmalı, sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir.

8. Ayaq üstü vəziyyətdə dördüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra bu şəkk üçlə dörd arasındakı şəklə əvəz olunur. Dördüncü rəkət qəbul edilir, namaz tamamlanır, sonra ya bir rəkət ayaq üstə, ya da iki rəkət oturaq ehtiyat namazı qılınır. Vacib ehtiyat budur ki, həmin namaz yenidən qılınsın.

7. Ayaq üstü vəziyyətdə üçüncü, ya beşinci rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk iki ilə dörd arasındakı şəkkə çevrilir. Dördüncü rəkət olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət ehtiyat namazı qılınır. Vacib ehtiyata əsasən, namaz yenidən qılınmalıdır.

8. Ayaq üstü vəziyyətdə üç, ya dörd, ya da beşinci rəkətin olması ilə bağlı şəkk: Bu vaxt oturmaq lazımdır. Oturduqdan sonra əvvəlki şəkk iki, ya üç, ya dördüncü rəkətin olması ilə bağlı şəklə əvəz edilir. Dördüncü rəkətin olduğu qəbul edilir, namaz tamamlanır, sonra ayaq üstə iki rəkət, daha sonra oturaq iki rəkət ehtiyat namazı qılınır. Ehtiyat budur ki, namaz yenidən qılınsın.

9. Ayaq üstü vəziyyətdə beşinci, ya altıncı rəkət olması ilə bağlı şəkk: Bu halda oturmaq lazımdır. Oturduqdan sonra şəkk dördlə beş arasındakı şəklə əvəz olunur. Namaz tamamlanır, iki səcdeyi-səhv yerinə yetirilir. Ehtiyata əsasən, namaz təzələnməlidir.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə