A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XI nömrə
2003‐cü il hesabatlarında qeyd olunurdu ki,
məzunlarının 80,1%‐i məzun olduqdan sonra 9 ay
ərzində öz ixtisasları üzrə işə qəbul olunmuşlar.
Hesabatın hazırlanmasına məsul olan Məktəb
rəsmisinin ifadələrinə görə, hesabat hazırlanarkən o,
təkcə 9 ay ərzində işləyən məzunları deyil, həm də
həmin dövrdə müəyyən müddətə rəsmi olaraq işləmiş
məzunların siyahısını tərtib etmişdir.
Alaburda tərəfindən məhkəməyə iddia ərizəsi 2011‐ci
ildə verilmişdir. Məktəbə qarşı 15 müxtəlif məzun
tərəfindən analoji iddia verilmişdir ki, bunlardan yalnız
Anna Alaburdanınkı Kaliforniya Ali Məhkəməsinin qərarına əsasən icraata qəbul olunmuşdur.
İddia ərizəsinə əsasən, öz tərcümeyi‐halını 150 hüquq şirkətinə göndərməsinə baxmayaraq,
Annaya məzun olduqdan sonrakı 8 il ərzində ona yalnız 1 iş təklifi gəlmişdir. Halbuki, o, Məktəbi
fərqlənmə diplomu ilə bitirmişdir. Məktəbin nümayəndələrinin dediklərinə görə, Anna təhsilini
bitirər‐bitirməz ona iş təklifi gəlməsinə baxmayaraq, onu qəbul etməmişdir. Halbuki, vaxtında
həmin işi qəbul etsəydə, onun illik gəliri 60 min ABŞ dolları olacaqdı. “Məhz buna görə, Məktəb
Annanın “gerçəkləşməmiş xəyalları” üçün məsuliyyət daşımır”, Məktəb nümayəndəsi demişdir.
Alaburda Məktəbdəki təhsilinə 150 min ABŞ dolları xərcləmişdir. Həmin məbləği o, bankdan kredit
olaraq götürmüş və işsiz qaldığı üçün ödəyə bilməmişdir. 8 %‐lik kredit dərəcəsinə əsasən, onun
bu günə olan borcu artıq 170 min ABŞ dollarına qalxmışdır.
68
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
Asudə
Oxucularımıza vəkil Nazlı Əhmədovanın müəlliflik hüququ ilə bağlı
maraqlı yazısını təqdim edirik.
“Qazanc gətirməsəydi, musiqiylə məşğul olan olmazdı”.
Musiqi kimi ruhsal bir fenomen haqqında ilk duyduqda aşırı dərəcədə
praqmatik səslənən bu fikri tarixin ən məşhur məhkəmə hakimlərindən
biri – ABŞ‐ın Ali Məhkəməsinin keçmiş sədri, hüquqda etdiklərinə görə
yüksək dəyər verdiyim Oliver Vendel Holms (Oliver Wendell Holmes)
məşhur “Herbet Şenliyə qarşı” (Herbert v. Shanley Co.) məhkəmə işi üzrə
ABŞ Ali Məhkəməsinin qərarında yazmışdır. 1917‐ci ildə. Demək olar
ki, bununla da o, dünya çapında musiqi sənayesinin yaradılmasına fətva vermişdir. Niyə? Çünki
Holms, Ali Məhkəməni o qərarı verməyə təşviq etməklə qərardan cəmi 2 il əvvəl yaradılmış bir
təşkilatın mövcudluğuna dəstək olmuşdur. Həmin təşkilat sonralar dünya musiqi və şou biznesinin
əsas oyunçularından birinə çevrilərək, bir neçə nəslin musiqi zövqünün formalaşmasında birbaşa
rol oynamış və sərhəd tanımayan İnternetin hegemonluğu dövrünədək hansı musiqi cərəyanının
və ya ifaçının trenddə olacağına və qalacağına dair dolayısıyla qərar verənlərdən biri olmuşdur.
Söhbət 1915‐ci ildə yaradılmış və ötən il 100 yaşı
tamam olmuş Amerika Bəstəkarlar, Müəlliflər və
Yayımçılar Cəmiyyətindən (ingiliscə: ASCAP – the
American Society of Composers, Authors and
Publishers) gedir. O cəmiyyətdən ki, bu gün
dünyaca məşhur əksər ifaçı, bəstəkar və yayım
təşkilatları onun üzvüdür. Yeri gəlmişkən, ASCAP‐
ın yaradıcılarından biri də, fikrimcə, tarixin ən
böyük musiqi plagiatının obyekti olmuş və ayrıca
yazıda işıqlandıracağım “Putting on the Ritz”
mahnısının müəllifi, tanınmış bəstəkar İrvinq
Berlin idi.
Sözügedən məhkəmə işində Baş Hakim Holmsu yuxarıdakı fikri səsləndirməyə vadar edəcək nə baş
vermişdi?
İddiaçı – Viktor Herbert (Victor Herbert) – Amerikalı bir bəstəkar və o vaxt yenicə yardılmış
ASCAP‐ın sədri idi. Onun əsərləri mütəmadi olaraq müxtəlif kafe və restoranlarda, digər ictimai
yerlərdə fon musiqisi olaraq pianoçulr tərəfindən canlı və ya yazılmış şəkildə, çalınırdı. Herbert
əsərlərinin havayı çalınmasının yetərli olduğu qənaətinə gələrək, Nyu Yorkun o vaxt məşhur olan
“Shanley’s” restoranını məhkəməyə verib əsərlərindən istifadəyə görə haqq tələb edir. İş Ali
Məhkəməyə qədər gedib çıxır və Ali Məhkəmə məhz hakim Holmsun sayəsində o dövr üçün inqilabi
addım ataraq, Herberti dəstəkləyir və restoranı ona haqq ödəməyə məcbur edən qərar qəbul edir.
Qərar Herbertdən daha çox onun yaratdığı ASCAP‐ın qələbəsi idi, çünki artıq musiqi əsərlərinin
pulsuz olaraq kütləvi ifası erasının başa çatmasından və ASCAP kimi təşkilatlar vasitəsilə müəlliflərin
hüquqlarının qorunmasının yeni mərhələyə qədəm qoymasından xəbər verirdi.
Haşiyəyə çıxaraq qeyd edim ki, “Herbet Şenliyə qarşı” işi üzrə məhkəmə qərarı Hakim Holmsun
qələmindən çıxan və müəlliflik hüququnda praqmatik yanaşmanın hegemonluğunu təsbit edən 3
məşhur məhkəmə qərarından (trilogiyadan) sonuncusu olmaqla, məsələyə nöqtəni qoyan qərar
idi. Ali Məhkəmənin əvvəlki iki qərarı isə Holmsun da hakim kimi (amma o zaman baş hakim deyildi)
69
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
iştirak etdiyi “Bleistein Donaldson Lithographing Co.‐ya qarşı” (1903‐cü il) və “WhiteSmith Music
Publishing Company Apollo Company‐yə qarşı” (1908‐ci il) işləri üzrə idi. Holmsun nə qədər
uzaqgörən olmasını White‐Smith qərarından görürük. Belə ki, Ali Məhkəmənin iş baxan bütün
heyəti qərara aldı ki, avtomatik, özü‐çalan pianolar (bu alətlərə o zaman “pianola” deyirdilər) üçün
perforasiya edilmiş kağızda musiqi əsərlərini mexaniki vasitələrlə çap edənlər bəstəkara royalti
ödəməməlidir, çünki həmin vərəqlər bəstəkarın əl ilə yazdığı not vərəqinin bilavasitə surəti
olmadığından, qanuna (US Copyright Act) zidd deyil; iddiaçı Ali Məhkəməyə deyil, Konqresə
müraciət etməlidir. Holms qərarın əsaslandırmas ilə razılaşmayaraq, xüsusi rəy yazmış (ABŞ
hüququnda hasil olunan nəticəni məqbul sayaraq, onun əsaslandırmasıyla razılaşmayan
hakimlərin rəyinə “concurring opinion” deyilir) və mülkiyyətin digər formaları kimi, əqli
mülkiyyətin də hər bir maddi formasının qorunmasının vacibliyini vurğulayaraq, qeyd etmişdir:
“Musiqi kompozisiyası səslərin maddi şəkildə ifadə edilmiş və həmin maddi formadan insanın
davamlı iştirakı ilə və ya həmin iştirak olmadan ifa edilə bilən rasional kombinasiyasıdır”.
Yeri gəlmişkən, Ali Məhkəmə White‐Smith işi üzrə 24 fevral 1908‐ci il tarixli qərarında həm də
ABŞ‐ın üzv olmadığı Bern Konvensiyasının o zamanki mətnində mexaniki reproduksiyasnı
müəlliflik hüququnun əhatə dairəsindən çıxaran maddəsinə hüquqi konsepsiya kimi istinad
etmişdir. Və iş elə gətirdi ki, Bern Konvensiyası ölkələri qərardan cəmi bir neçə ay sonra ola bilər
ki, elə Holmsun rəyindən ilham alaraq, Konvensiyaya dəyişiklik etdilər (Berlin sazişini
imzalayaraq) və icazəsiz mexaniki reproduksiyaya yol verən maddəni mətndən çıxardılar. Ardınca,
1909‐cu ildə, ABŞ Konqresi də qanunvericiliyə (Copyright Act‐a) müvafiq dəyişiklik etdi.
Odur ki, həmin trilogiyanın musiqidə müəlliflik hüququnda inqilabi rolu olmuşdur.
Shanley işi üzrə qərardan ilhamlanaraq, ASCAP bu gün də tətbiq edilən royalty ödənişi mexanizmini
təqdim etdi. Buna ingiliscə “blanket license” (ana lisenziya) deyilir: lisenziya sahibi (radio
stansiyalar, restoranlar və s.) bir‐bir bütün bəstəkar və ifaçıların qapısını döyüb icazə almır;
ASCAP‐a müəyyən illik haqq ödəməklə, ASCAP‐ın təqdim etdiyi siyahıda olan bütün əsərləri
gecə‐gündüz yaya, ifa edə bilər.
Bu gün ASCAP‐ın kataloqunda 8 milyondan çox əsər var! Və il ərzində bu təşkilat üzvlərinə 650
milyon ABŞ dollarından artıq royalti ödəyir.
Düzgün tətbiq edildikdə, hüquq həyatı asanlaşdırır.
Mənbə:
https://nazliahmad.wordpress.com/2016/01/27/ascapv%C9%99holms/
70
71
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
“Sualınıza vəkil cavab versin!” rubrikası
*
Sual 1. Mən 1984‐cü ilə kimi atama məxsus evdə
yaşamışam. 1984‐cü ildə ailə qurmuşam və o tarixdə
də ata evində qeydiyyatdan çıxmışam. 1990‐cı ildən
sonra ev özəlləşdirilib və anamın adına keçirilib.
Anam bir neçə ildir ki, rəhmətə gedib, amma ev hələ
də onun adındadır. Hazırda bu ata evimizdə
qardaşım ailəsi ilə və bacım yaşayırlar. Bilmək
istəyirəm ki, bu evdə qeydiyyatda olmamağıma və
orada yaşamamağıma baxmayaraq mənə bir vərəsə
kimi ata evindən pay düşür?
Cavab. Sizin miras əmlakdan (mənzil və digər əmlakdan) pay almaq hüququnuz evdə qeydiyyatda
olmanız və (və ya) yaşamanızdan asılı deyildir. Siz birinci növbədə vərəsə kimi mənzildən pay
almaq hüququna maliksiniz (Azərbaycan Respublikası Mülki Məcəlləsi, m. 1133.1, 1159.1.1). Lakin
nəzərə almaq lazımdır ki, adı çəkilən Məcəllənin 1243.2‐ci və 1246‐cı maddələrinin tələbləri
baxımından Siz bu hüququnuzu ananızın vəfatından sonra 3 ay ərzində (1) mirasın açıldığı yer
üzrə notariat kontoruna mirası qəbul etdiyiniz barədə ərizə verməklə və ya (2) əmlaka sahiblik
etməyə və ya əmlakı idarə etməyə faktik başlamaq və bununla da mirası qəbul etdiyinizi şəksiz
nümayiş etdirməklə həyata keçirməli idiniz. Əgər həmin müddət ərzində hər hansı üzrlü səbəb
olmadan miras əmlakı qəbul etməmisinizsə, onda miras əmlakdan pay almaq hüququnuzu
itirmisiniz və Sizə mənzildən hər hansı pay düşmür. Əgər miras əmlakı qəbul etmisinizsə, onda
miras əmlakdan Sizə düşən pay üzərində mülkiyyət hüququnuz ananızın vəfatı tarixindən
yaranmışdır. Çünki sözügedən Məcəllənin 1255‐ci maddəsinə görə, qəbul edilmiş miras onun
açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Sual 2. Qardaşımın banka olan borcuna görə evdəki əşyaların icra məmuru tərəfindən
siyahıya alınacağı və satılaraq əldə edilmiş pul hesabına borcun ödəniləcəyi bildirilmişdir.
Lakin evdə qardaşımla yanaşı mənə də məxsus əşyalar vardır. Əgər mənə məxsus əşyalar da
siyahıya alınarsa, onda mən nə etməliyəm?
Cavab. "İcra haqqında" qanunun 43.1.1‐ci maddəsinə görə, məcburi icra tədbiri kimi borclunun
əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi mümkündür.
Adı çəkilən Qanunun 4‐cü fəsli tələbin borclunun əmlakına yönəldilməsi qaydasını tənzimləyir.
Əgər qardaşınıza məxsus əşyalarla birlikdə Sizin mülkiyyətinizdə olan əmlaklar da məcburi icra
tədbirinin tətbiqi çərçivəsində siyahıya alınarsa, onda Siz "İcra haqqında" qanunun 89‐cu
maddəsində təsbit edilmiş hüququnuzdan istifadə edə bilərsiniz. Həmin maddəyə görə, tələbin
yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə
yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan
çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər.
Sual 3. Keçmiş həyat yoldaşımla mənim aramda əmlak bölünməsi ilə bağlı məhkəmə işi
olmuşdur. Məhkəmə əmlakların əksər hissəsini bizim aramızda bərabər bölsə də, keçmiş
həyat yoldaşımın adına qeydə alınmış avtomobilin bizim faktiki olaraq ayrı yaşadığımız
müddətdə alındığını əsas gətirərək yalnız ona məxsus olduğunu bildirmişdir. Halbuki biz
həmin avtomobil alınan anda faktiki ayrı yaşasaq da, nikahımız qüvvədə olmuşdur.
Avtomobilin yalnız keçmiş həyat yoldaşıma qalması nə dərəcədə qanunidir?
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
72
Cavab. Ümumi qayda ondan ibarətdir ki, nikah müddətində əldə etdikləri əmlakın ər‐arvadın
ümumi birgə mülkiyyəti sayılması üçün təkcə tərəflər arasında nikahın mövcud olması kifayət
etmir; eyni zamanda əmlakın əvəzli əqdlər üzrə ər‐arvadın ümumi gəlirləri hesabına əldə edilməsi
də tələb olunur (Azərbaycan Respublikası Ailə Məcəlləsi, m. 32.1 və 32.2). Qanun nikah dövründə
üzürlü səbəblərə (ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər) görə
müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olmasını nəzərdə
tutur (Həmin Məcəllə, m. 32.3). Sizin qeyd etdiyiniz hal isə Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 36.5‐ci maddəsinin təsiri altına düşür. Çünki həmin maddəyə görə, məhkəmə,
ər‐arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı
onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan məhkəmənin mövqeyi Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 36.5‐ci maddəsinə uyğundur.
Sual 4. Atam özünə məxsus şəhərdəki mənzili bacıma vəsiyyət edib. Lakin kənddəki evlə bağlı
vəsiyyətnamədə hər hansı qeyd yoxdur. Bacım kənddəki evə də iddia edir. Bu halda, bacımın
kənddə yerləşən evə dair hər hansı hüququ varmı?
Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1‐ci maddəsinə görə, ölmüş şəxsin (miras
qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla
keçir. Həmin Məcəllənin 1172‐ci maddəsinə görə, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin
payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun
üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür
vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Göründüyü
kimi, əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, kənddə yerləşən ev qanun üzrə
vərəsəlik qaydasında Siz və bacınızın mülkiyyətinə keçəcəkdir. Bu zaman həmin evə münasibətdə
sizin paylarınızın bərabər sayılır. Bundan başqa, qeyd edək ki, Sizin şəhərdə yerləşən mənzilə
münasibətdə məcburi payınız vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı Sizə çatası payın
yarısını təşkil etməlidir (Adı çəkilən Məcəllə, m. 1193).
Sual 5. Məişət avadanlıqları satan mağazadan aldığım qabyuyan maşın qüsurlu çıxmışdır.
Satıcı da bu halı qəbul etmiş və malı istəyimə uyğun eyni və ya fərqli modelli malla dəyişdirə
biləcəyini bildirmişdir. Lakin manatın dəyərinin azalması ilə bağlı mənim ödədiyim qiymətlə
malın indiki qiyməti arasında fərq vardır. Sualım ondan ibarətdir ki, qeyd edilən iki halda yeni
qabyuyan maşının qiymət fərqini ödəməliyəm?
Cavab. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 7‐ci maddəsinin IV hissəsinə
görə, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət
dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan,
lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri
göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır.
Göründüyü kimi, istehlakçı hər iki halda (yəni qüsurlu malın eyni modelli və ya başqa modelli mala
dəyişdirilməsi zamanı) da qüsurlu malın alınması tarixindən yeni lazımı keyfiyyətli mala
dəyişdirilməsi tarixi arasında konkret malın qiymətində yaranmış fərqi ödəməli deyildir. Yuxarıda
adı çəkilən Qanunun 7‐ci maddəsinin IV hissəsinin 2‐ci cümləsindəki "qiymətlərin yenidən
hesablanması" ifadəsi qüsurlu malın və onun dəyişdirildiyi başqa modelli malın qüsurlu malın satın
alındığı tarixə mövcud olmuş qiymətləri arasındakı fərqin yenidən hesablanmasını ehtiva edir,
başqa sözlə, satış tarixi ilə dəyişdirmə tarixi arasındakı qiymət artımını nəzərdə tutmur.
Sual 6. Atamızdan qalan mənzil mənim və iki qardaşımın paylı mülkiyyətindədir.
Qardaşlarımdan biri bizim xəbərimiz olmadan öz payını girov qoyaraq bankdan pul götürüb.
Bilmək istəyirəm ki, qardaşım paını girov qoyarkən bizim razılığımız alınmalı idimi? Qardaşım
krediti ödəmədiyi halda, mənzilin bizdən alınması təhlükəsi varmı?
73
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.6‐cı maddəsinə görə, paylı mülkiyyətin
mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam
verə bilər ... . "İpoteka haqqında" qanunun 8.2‐ci maddəsinə görə, ümumi paylı mülkiyyətin
iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər.
İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o, satıldıqda Azərbaycan
Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.
Beləliklə, qardaşınız bütövlükdə mənzilə deyil, yalnız öz payına dair sərəncam verdiyindən (payını
girov qoyduğundan) Sizin və digər qardaşınızın razılığı tələb edilmir. Qardaşınızın kredit borcunu
ödəyə bilməməsi halında mənzilə deyil, yalnız onun həmin mənzildəki payına tutma yönəldilə
bilər. Başqa sözlə, mənzilin sizdən alınması təhlükəsi mövcud deyildir.
Sual 7. Əmlak bölgüsü tələbi ilə bağlı işdə məhkəmənin çağırışına baxmayaraq iclasda iştirak
etməkdən boyun qaçırmağa görə şahidin məsuliyyəti varmı?
Cavab. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı
olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs
məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.
Şahid ... məhkəmə iclasına gəlmədikdə, məhkəmə onun iştirakı olmadan işə baxmağın mümkün
olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını
davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır. Çağırılmış şahid
... məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz
on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada
gətirdilə bilər (Azərbaycan Respublikası Mülki prosessual məcəlləsi, m. 62.1, 62.2, 186.1 və 186.2).
* Rubrikada təqdim olunan sualların cavabları Vəkillər Kollegiyasının üzvü Dünyamin
Novruzov tərəfindən tərtib olunmuşdur.
Dostları ilə paylaş: |