Mirzə Baxış Nadim haqqında yeni faktlar



Yüklə 98,69 Kb.
tarix01.11.2017
ölçüsü98,69 Kb.
#7969

Mirzə Baxış Nadim haqqında yeni faktlar.
XIX əsr Azərbaycan ədəbiyyatıın tanınmış nümayəndələrindən olan Mirzə Baxış Nadimin ədəbi irsi bu günə qədər tam öyrənilməmiş, barəsində müəyyən fikirlər söylənilsə də, deyilənlər tutarlı dəlillərlə sübuta yetirilməmişdir. Şair haqqında ilk məlumata biz Salman Mümtazın tərtib etdiyi “El şairləri” kitabında rast gəlirik. Tədqiqatçı onun haqqında olduqca qısa məlumat verdikdən sonra şairin şeirlərini nümunə olaraq topluya daxil etmişdir. Onun verdiyi məlumat əhatəli olmasa da, ilkin olduğu üçün mühüm əhəmiyyət kəsb edir.

Daha sonra Nadim haqqında nisbətən geniş məlumata biz akademik Feyzulla Qasımzadənin tədqiqatlarında təsadüf edirik. Xüsusilə alimin 1956-cı ildə nəşr etdirdiyi “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nadimin həyatı və qismən də yaradıcılığı haqqında verdiyi məlumat olduqca maraqlıdır. Burada ilk dəfə olaraq Nadimin tərcümeyi-halının bərpasına, eləcə də anadan olma və ölüm tarixlərinin dəqiqləşdirilməsinə, şairin dünyagörüşünün, onun ədəbiyyatımızdakı mövqeyinin dəqiqləşdirilməsinə təşəbbüs göstərilir. Lakin F.Qasımzadənin verdiyi məlumat da səthi xarakter daşıyır. O, şairin “Qışın təsviri”, “Ala cöngə”, “Mirablıq”, “Misir nəvəsi İmamverdi”, “Murad xan”, “Kərbəlayi”, “Mahmud”, “Haray”, “Qoşarlar” kimi bir neçə şeirinin adını çəkib onlardan cəmi dörd nümunə verməklə kifayətlənir. Alim bu nümunələrlə Azərbaycan xanlıqlarının yadelli işğalçılara göstərdikləri müqaviməti, bu qeyri-bərabər qarşıdurmada baş verən ayrı-ayrı döyüş səhnələrini, Gəncənin ruslar tərəfindən işğal edilməsini, Azərbaycan kəndlərinin İran ordularının tapdağı altında əzilib talan edilməsini, əmirlərin hüdudsuz ağalığını, kəndlilərin at əvəzinə heyvan kimi işlədilməsini, təhkimçi-feodal quruluşunun nəhayətsiz zülm və zorakılığını, çarizmin Azərbaycandakı hakimlərinin rüşvətxorluğunu sübut etməyə çalışmış və son olaraq “Nadimin belə satirik çıxışları ilə ruhən Zakirə yaxınlaşdığını və satirik poeziyanın inkişaf tarixində özünə məxsus şərəfli yer tutduğunu” qeyd edir.

XIX əsr ədəbiyyatımızın başqa bir görkəmli tədqiqatçısı professor Kamran Məmmədov “XIX əsr Azərbaycan şeirində satira” adlı əsərində Mirzə Baxış Nadimin satirik yaradıcılığı ilə bağlı müəyyən fikirlər söyləsə də, ümumilikdə nə onun həyatı və nə də geniş aspektdə yaradıcılığı haqqında heç bir məlumat verməmişdir. O, monoqrafiyasının 80, 84, 87, 133, 137, 150, 151, 154, 167, 169, 182 və 212-ci səhifələrində digər XIX əsr satirik şairləri ilə yanaşı Nadimin də adını çəkmiş, səhıfə 137 və 150-də isə şeirlərindən nümunələr vermişdir. Həmin nümunələr F.Qasımzadənin əsərində də verilmişdir. Onların hər ikisi eyni mənbədən, AMEA ƏYİ-nin arxivində mühafizə olunan B-8021 şifrəli cüngdən istifadə etmişlər. K.Məmmədovun əlində kifayət qədər material olmadığı üçün Nadimin dünyagörüşü, onun profesional satirik şair kimi yaradıcılıq xüsusiyyətləri haqqında tutarlı söz deyə bilməmiş, barəsində ümumi fikirlər söyləməklə kifayətlənmişdir.

Mirzə Baxış Nadim haqqında nisbətən geniş məlumata biz professor Mustafa Mustafayevin “Azərbaycan” jurnalında dərc edilmiş “Mirzə Baxış Nadim” adlı məqaləsində rast gəlirik. O, Feyzulla Qasımzadənin söylədiyi bəzi fikirləri təkrar etməklə yanaşı, Nadimin irsi ilə hələ XX əsrin 20-ci illərində maraqlanan və ilkin olaraq onun əlyazmasını üzə çıxarıb tədqiq edən, üzünü köçürən və şərhlər yazan salyanlı müəllim Ağakərim Canıbəyovun adını çəkmiş və onun verdiyi məlumatlara əsaslanaraq şairin tərcümeyi-halını bərpa etməyə çalışmışdır. M.Mustafayev ilk dəfə olaraq şairin “Rəncbər Mahmud” adlı müxəmməsini, “Murad xan” adlı qoşmasını və “Polkovnik İsmayıl bəyə” adlı mənzuməsini tam şəkildə oxuculara təqdim etmişdir.

İstər F.Qasımzadə, istərsə də M.Mustafayevin verdiyi məlumatların üst-üstə düşdüyünü nəzərə alaraq belə qənaətə gəlmək olar ki, onların hər ikisi eyni mənbədən – Ağakərim Canıbəyovun orijinaldan üzünü köçürdüyü əlyazmasından istifadə etmişlər. Həmin əlyazması hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda D-350/10327 şifri altında mühafizə olunur. Əlyazmanın üzərindəki qeyddən məlum olur ki, əvvəllər onun inventar nömrəsi B-8021 olmuşdur. Yuxarıda adlarını qeyd etdiyimiz tədqiqatçılar da məhz mənbə kimi həmin inventar nömrəsi altında saxlanılan əlyazmasından istifadə etdiklərini göstərirlər. Və bu fakt da aşkar olunur ki, nə F.Qasımzadənin və nə də adlarını çəkdiyimiz digər tədqiqatçıların əlində Mirzə Baxış Nadimin başqa bir əsəri olmayıbdır. Bu əsər isə öndə qeyd etdiyimiz kimi, Nadimin orijinal əsəri deyil, onun üzündən köçürmədir. Əlyazmanın 54-cü səhifəsində əsərin üzünü köçürən, Nadim haqqında ilk söz deyən, onun anadan olma və ölüm tarixlərini müəyyənləşdirməyə, əsərlərini təhlil etməyə cəhd göstərən şəxsin kimliyini müəyyən edən belə bir qeyd vardır: Müəllim Ağakərim Canıbəyli. Salyan, 10 iyul, 1928.

Ağakərim Canıbəyli haqqında əlimizdə ətraflı məlumat olmasa da, yazılarından məlum olur ki, o, ədəbiyyata, şeir sənətinə maraq göstərən istedadı bir şəxs olmuşdur. Onun Nadim haqqında söylədiklərini akademik F.Qasımzadənin təkrar və təsdiq etməsi fakt olaraq bunu bir daha təsdiq edir. O, üzünü köçürdüyü topluya 54 səhifədən ibarət ön söz də yazmışdır. Ümumilikdə 250 səhifədən ibarət olan bu əlyazması səhifə1-dən səhifə 99-a qədər qara mürəkkəblə, səhifə100-dən sora isə karandaşla səhifələnmişdir. Səhifələnmə bəzən düzgün aparılmamış, ardıcıl səhifələr arasında boş vərəqlər saxlanılmışdır (99-100, 100-101, 103-104, 108-109, 172-173, 181-182, 194-195, 209-210, 214-215, 218-219, 219-220, 222-223). Əlyazması ümumi həcmi (boş səhifələr də nəzərə alınmaqla) 252 səhifədən ibarətdir. Əksər səhifələr tam doldurulmamış, bəzi səhifələrdə bir, iki beyt, yaxud cümlə yazılmış, vərəqin qalan hissəsi ağ buraxılmışdır. Hiss olunur ki, Canıbəyli ilk mənbədə olan şeirləri ardıcıl deyil, seçmə üsulla köçürmüşdür. Bizim fikrimizcə, müəllif yarımçıq və ağ buraxılmış həmin səhifələrə şairin şeirlərini köçürməyi nəzərdə tutsa da, sonradan bizə məlum olmayan hansı səbəbdənsə bu fikrini həyata keçirə bilməmişdir.

Üzünü köçürdüyü bu əlyazmada Canıbəylinin müəyyən qeyd və şərhləri də verilmişdir. O, misralar daxilində oxuya bilmədiyi bəzi sözlərin yerinə nöqtələr qoymuş və misranın qarşısında “oxuya bilmədim”, yaxud “oxunmur” sözlərini yazmışdır. Görünür bu sözlər ya pozulmuş, ya da şikəstə xəttilə yazıldığı üçün oxunmaz olmuşdur. Nadimin əlimizdə olan digər çox güman ki, orijinal variantda olan əsərinin şikəstə-nəstəliq xətti ilə yazılması bizə yuxaıdakı qənaətə gəlməyə əsas verir. Bu fakta əsaslanaraq söyləyə bilərik ki, o digər əsərlərini, o cümlədən, Canıbəylinin üzünü köçürdüyü əlyazmasını da şikəstə-nəstəliq xətti ilə qələmə almışdır. Məhz bu səbəbdən də onun əlyazmalarının oxunuşu çətinləşmiş və nəticədə əksər oxucular, eləcə də Canıbəyli üçün də çətinlik yaratmışdır.

Bəzi mülahizələri şübhə doğursa da, ümumilikdə, Canıbəylinin gəldiyi nəticələri düzgün hesab etmək olar. Faktlar onu göstərir ki, Mirzə Baxış Nadimin keçdiyi həyat yolu və ədəbi irsinin ilk tədqiqatçısı məhz salyanlı müəllim A.Canıbəyli olmuşdur. Əfsuslar olsun ki, Nadim irsinin sonrakı tədqiqatçıları bu təəssübkeş ziyalının tədqiqatlarından kifayət qədər bəhrələnsələr də, onun barəsində fikir söyləməmiş, adının üstündən sükutla keçmişlər. Biz tədqiqatçının bu təşəbbüsünü yüksək qiymətləndirərək Nadim haqqında yazdıqlarını obyektivlik naminə olduğu kimi verməyə çalışacağıq. O yazır: - “Nadimi görüb tanıyan yaşlı şəxslərdən və Nadimin mədrəsəsində oxuyan tələbəsindən topladığım məlumatdan böylə anlaşılır ki, guya XIII əsr hicri ilində əvvəllərində Şirvan məmləkətində baş verən hərc-mərclikdən və ardı-arası kəsilməyən iğtişaşlardan naşı Nadimin atası Molla Əsədulla bəzi qohum-qardaşları ilə bərabər Şamaxıyı tərk edərək Nəvahiyə köçmüşlər və orada da sakin olub qalmışlar. Nadimin şamaxılı olmasını sübut etməyə çalışan şəxslərdən bəziləri yalnız Nadimin Şamaxı ilə olan sıxı əlaqəsinə, Şamaxıda oxumasına, əksər ovqat aylar ilə gedib Şamaxıda qalmasına istinad edirlər. Fəqət ağızdan-ağıza eşidilən bu xəbərlər də bizi qane edəcək qədər doğru və qəti ola bilməz. Çünki Nəvahi kəndi dəfələrlə gah Salyan qəzasına və gah da Şamaxı qəzasına daxil olmuşdur. Salyan qəzasına daxil olanda, əhalinin əlaqəsi qəzanın mərkəzi şəhəi olan Salyan şəhəri ilə, Şamaxı qəzasına daxil olanda Şamaxı şəhəri ilə sıxı olacağı bəllidir. Zira onlar hər bir işlərində qəzanın mərkəzi olan şəhərə möhtacdırlar. Buna görə də Nəvahi əhli çox vaxt övladlarını gah Salyana və gahi Şamaxıya göndərib oxudurlarmış. Həmçinin Nadimin də istər Salyan şəhəri və istərsə də Şamaxı şəhəri ilə pək sıxı əlaqə və rabitəsi olduğunu əsərlərində görürüz. Hətta iki-üç ayar ilə bu şəhərlərdə sakin olub gözü ilə gördüyü bir qaç tarixi hadisələri yazıb bizə yadigar buraxmış və bu şəhərlərdə olan məşhur simaların dəxi bir çoxuyla görüşüb tanış olmuşdur. Və bəlkə:


Yenə vəqtində adım söylənir Şirvanə, İbrahim,

Xəstə Baxış Nəvahi sakini-Salyan, haray.


- deməsi də yaşadığı Nəvahi kəndinin mənsub olduğu qəza etibarilə olmuşdur.

Nadim Salyan şəhərində “Beş dəli” məhləsində Molla Məhəmməd Rza deyilən birinin bacısı ilə evlənmiş, uzun illər Salyanda yaşamışdır. Bu saat qohum-əqrəbalarından Salyanda çoxdur. Nadimin nərəli olduğunu və nərədə doğulduğunu həqqilə təyin etmək mümkün olmadığı kimi, tarixi-təvəllüdünü də təyin etmək çox müşküldür. Ağızdan-ağıza eşitdigim məlumatdan 1205 tarixi-hicridə doğulub 1300 tarixində 95 yaşında vəfat etməsi miyana çıxır. Bu da ömrünün axır çağlarında 95 yaşım vardır” deməsi və vəfatından altı ay sonra doğulan bir nəvəsinin tarixi-təvəllüdü ilə təxmin olunur. Bundan əlavə 1200 tarixi-hicridə doğulub 1298-ci tarixdə 98 yaşında vəfat etmiş olduğunu da bəziləri söyləyirlər. Zira ikincisi birinciyə nisbətən bir qədər doğru olsa gərəkdir. Çünki şairin nəzmən yazıb buraxdığı bir qaç tarixi əsərlərini gözdən keçirtdikdə görürük ki, 1217 tarixi-hicridə (1803 miladi) Rusiya çarı I Aleksandr tərəfindən Gürcüstanı idarə etmək üçün göndərilmiş general Tsitsianovun Tiflisə gəlməsindən başlayaraq 15-20 sənə zərfində Gürcüstan, Dağıstan, Gəncə, İrəvan, Şirvan, Salyan, Talış, Bakı, Dərbənd və Quba xanlıqlarında vaqe olan bir çox mühüm və tarixi hadisələri qeyd etmiş və bunlardan bir çox sənələr sonra 1297-ci tarixi-hicridə yaşadığı Nəvahi kəndində və ətrafında vaqe olan tarixi bir nühusatı – qəhət və giranlığı dəxi nəzmən təsvir etmişdir. Bundan belə məlum olur ki, bu qocaman şairimiz 1217 sənədə şeir deməgə müstəd olub, 1297-ci sənədə dəxi hali-həyatında imiş.

Əgər 1205-ci tarixi-hicridə doğulduğunu fərz edərsək, on iki yaşında şeir deməgə başlamış olduğu miyana çıxır. Bu da sinni-müqtəzasınca bir qədər uyğun olmadığından birincinin yanlış, ikincinin isə doğru olduğunu zənn ediyorom.

Nadim ibtidai təhsilini Nəvahidə, atasından almışdır. O zaman mollalıq mütərəqqi olduğundan atası bunu oxuyub molla olmaq məqsədi ilə Şamaxıya göndərir. Orada farsca, türkcə və ərəbcəyi mükəmməl bir surətdə oxuyub Nəvahiyə müraciət edəndən sonra nədənsə pədərinin arzusuna əks olaraq büsbütün mollalığı buraxıb kənd təsərrüfatı ilə məşğul olmuşdur”.

A.Canıbəylinin müqayisəli, təhlili şəkildə apardığı araşdırmanı, gəldiyi nəticələri məntiqi və düzgün hesab etmək olar. Xüsusilə tarixi hadisələrin fonunda irəli sürdüyü mülahizələri, Nadimi şəxsən görüb tanıyan şəxslərlə söhbəti onun söylədiklərinin həqiqət olduğunu bir daha təsdiq edir. Digər tərəfdən, akademik Feyzulla Qasımzadənin də onun dediklərini təsdiq etməsi Canıbəyliyə olan etimadı daha da artırır.

Sadə zəhmət adamı olan Nadim əkinçilik və heyvandarlıqla məşğul olmuş, o qədər də xoş güzəran keçirməmişdir. Daim xalqın içərisində olması, ən ağır günlərində onlara hayan çıxaraq öz gücü və imkanı daxilində problemlərini həll etməyə çalışmasının nəticəsi olaraq insanlar onu sevmiş, ən çətin anlarda ona müraciət etmişlər. Camaatın ona olan ehtiramını yüksək qiymətləndirən Mirzə Baxış, əldə olan məlumata görə, dəfələrlə kəndlilərin mübahisəli torpaq məsələsini müsbət həll etmək üçün günlərlə, hətta aylarla Bakı, Salyan və Şamaxıda olmuş, yüksək çinli, vəzifəli şəxslərlə görüşərək onların arzularını həyata keçirməyə nail olmuşdur. Təbii ki, torpaq məsələsi bəylər və mülkədarlarla kəndlilər arasında baş verirdi. Nadimin kəndliləri, yaxud kasıb zümrələri müdafiə etməsini qəbul edə bilməyən bu istismarçı təbəqə nümayəndələri hər vasitə ilə ona qarşı mübarizə aparır və şairi el arasında hörmətdən salmağa çalışırdılar. Deyilənə görə, bir dəfə şair kəndlilərin torpaq məsələsi ilə bağlı Şamaxıya gedir. Bu dəfə onun səfəri bir qədər uzun çəkir. Bundan istifadə edən düşmən qüvvələr camaat arasında şaiyələr yaymağa çalışırlar. Camaat arasında narazılığın artdığını görən oğlu Mirzə Fərəculla atasına məktub yazaraq onu vəziyyətdən xəbərdar edir. Nadim oğlunun məktubunu oxuyan kimi, məsələnin nə yerdə olduğunu – düşmən qüvvələrin öz işini gördüyünü dərhal anlayaraq oğluna nəzmlə cavab məktubu yazır:


Desələr guşzəd olma, mənə böhtandı, oğul,

Acığın dövlətə vardır zərəri, qan, oğul.


İki aydır məni salmışlar “bu gün”, “zaftra” ya,

..........................................................................


Kəsmişəm qapusunu icz ilə mən “İvan”ın,

Mər* eşitmüblər, oğul, “zaftra”sın Divanın?1


Gətirdiyimiz bu nümunələr bizə müqtədir şairimiz Qasım bəy Zakiri xatırladır. Nadim də Zakir kimi “İvanın” “zavtra”sından, “divan”ından, bir sözlə, rus süründürməçiliyindən cana doymuş, heç nədən çəkinməyərək öz nifrətini açıq şəkildə ictimaiyyətə elan etmiş və bununla da Zakir səviyyəsinə ucalmışdır. Əlyazmasında bu nümunəni verən A.Canıbəyli haqlı olaraq onu Nadimin “xalq yolunda fədakarlığının” sübutu kimi qiymətləndirir: “Zənnimcə qırıq və natamam bir şəkildə oxuduğumuz bu beş sətir Nadimi, Nadimin səmimiyyətini və xəlq uğrundakı fədakarlığını müxtəsər də olmuş olsa bizə tanıdacaq bir vasitə ola bilər”.

Kamran Məmmədov da şairin bu keyfiyyətini nəzərə alaraq onun xidmətlərini yüksək qiymətləndirir: “Həyatı zillətdə və mşəqqətdə keçən, müasiri bəylər tərəfindən “adam” yerinə qoyulmayan Mirzə Baxış Nadimin rəncbərlər arasında böyük hörməti varmış. Mirzəliyi özünə peşə edən məğrur şair bacardığı qədər zəhmətkeş kəndlilərə kömək etmiş, onların hüquq və imtiyazlarının tapdalanmaması üçün əlindən gələni əsirgəməmişdir.

A.Canıbəyli daha sonra şairin fərdi xarakterli həcvlərinə münasibət bildirərək yazır: “İnşa etdiyi həcvlərə gəldikdə, kəndi şəxsi-qərəz üçün degil, ümumiyyətcə pək məqul və ədibanə bir tərzdə fəqir və yoxsul kəndlilər ilə vicdansızcasına rəftar edən alçaqlara qarşu qızğın saldırılardan və dəhşətli tənqidlərdən ibarət olmuşdur”.

Akademik F.Qasımzadə Nadimin bu keyfiyyətini nəzərə alaraq yazır: “Kəndlərdə yaşayan, bəylərin zülmünü görən və şəxsən özləri bu zülmə məruz qalan el şair və aşıqları öz satirik şeirlərində çar hakimləri və çarizmin qanun və qaydaları əleyhinə, kəndli hüququnu tapdalayan zülmkar bəylərə qarşı mübarizə aparırdılar. Nadim öz əsərlərində biçinçilərin haqqını kəsən mülkədarı, kəndlini kotana qoşan zalım xanı şiddətli satira atəşinə tuturdu”.

İstər Canıbəyli və istərsə də F.Qasımzadə öz mülahizələrini təsdiq etmək üçün şairin “Murad xan” rədifli qoşmasından nümunələr verməklə kifayətlənirlər. Altı bənddən ibarət olan bu qoşmada şair rəncbərlərin zəhmət haqqını verməyən və bununla da sadə zəhmət adamlarını ağır məşəqqətlərə düçar edən Murad xanı, eləcə də onun timsalında digər müftəxor parazitləri kəskin satira atəçinə tutaraq onları şeirin ikinci bəndində “kəpəyə yüyürən eşşəyə”, “tayqulaq köpəyə” bənzətməklə kifayətlənməyib, altıncı bənddə “çoxdur sənin kimi dərədə itlər” deyərək, üçüncü bənddə üzünə tüpürür: “Tu yüzivə, ..... çürük dişivü”- deyir. Həcvin beşinci bəndində şair “Biçinci əhlinin olsa hikməti, çəkdirərlər səni darə, Murad xan” deyərək bir qədər də irəli gedib kəndliləri öz hüquqlarını qorumağa, mübariz olmağa səsləyir:


Ey ağalar, süzə tərif eyləyim,

Nə iş tutub yüziqarə Murad xan.

Tamam kəsdi biçinçinin həqqini,

Heç vermədi sikkə, parə Murad xan.


Şəltik bilimindən tikibdir dəgə,

Eşşək kimi yügürərdi kəpəgə.

Münasibdir bir tayqulaq köpəgə,

Qanuq olub cənavərə Murad xan.


Əzdireydim yarımaçinin başıvü,

Heç bilmədi rəncbərlər işivü.

Tu yüzüvə, ..... çürük dişivü,

Biçinçini gətdin zarə, Murad xan.


Pərvərdigar artıreydi cəfasın,

Görmüyəsən fərzəndivün səfasın,

Neçün kəsdün fəqirlərün bəfasın,

Həq biçmişdi o biçarə, Murad xan.


Bitpərəst kim neçün sevdin sən biti,

Yal veribən doyuzdurdun bu iti,

Biçinçi əhlinin olsa hikməti,

Çəkdirəllər səni darə, Murad xan.


Çoxdur sənin kimi dərədə itlər,

Əgləşib komadə bir-birin bitlər.

.............................olsun sögütlər,

Bəs, gəlməsən bu diyarə, Murad xan.

Nadim “Kərbəlayi” rədifli başqa bir şeirində də kəndlilərin mənafeyini müdafiə edir. Onun bu şeirdə hədəf seçdiyi şəxs adi mülkədar deyil, o həm də Kərbəla ziyarətinə gedib gəlmiş, ictimaiyyətdə müəyyən mövqeyi olan Kərbəlayidir. Lakin Kərbəlayi olmasına baxmayaraq o da Murad xan kimi qaniçən zülmkardır. Onların hər ikisinin məslək və amalları eynidir – nəyin bahasına olursa, olsun insanları istismar edib var-dövlət toplamaq.

Nadim bu şeiri öz dilindən deyil, Kərbəlayinin taxılını biçdirmək üçün Muğandan gətirdiyi muğanlı biçinçilərin dilindən yazmışdır. Dörd bənddən ibarət olan bu şeirdə onların öz halal zəhmət haqlarını almaq üçün Kərbəlayiyə müraciətləri təsvir olunur. Bu hadisədən bir qədər sonra Kərbəlayinin Nəvahiyə gəlib Nadimin Kərbəlayi Salman adlı yaxın dostunu həcv etməsi şairi qəzəbləndirir və o həmin şəxsin ünvanına “Kərbəlayi” rədifli başqa bir həcv yazır. Birinci həcvdən fərqli olaraq ikincidə Kərbəlayinin şəxsi keyfiyyətləri tənqid olunur.

A.Canıbəyli Nadimin bu xüsusiyyətlərini nəzərə alaraq yazır ki, “o əhalinin ehtiyacını ruhunda yaşadan bir şair idi. Əgər biz bir az da yavuqdan tanımaq istəsək o zaman onun dostu Mahmuda yazdığı mənzum bir məktubunu gözdən keçirməliyiz”. Şeirin yazılma səbəbini Canıbəyli belə şərh edir: “Nadimin yaşadığı Nəvahi kəndinin qonşuluğunda ikinci bir Nəvahi kəndi var, hansı ki, qədim zamanda şahlara, xanlara rəncbər olduqlarından onlara indi də Rəncbər Nəvahi deyirlər. Azərbaycan iranlıların təsərrüfündə olduğu zaman (hal-hazırda da) həmin Rəncbər Nəvahi camaatının əkənəcəyi olan Çarəkdar adlı yerli hökumətdən götürüb çarəkinə (dördə bir) əkərmişlər. Hasil olan çarəki göyüb, hazırlayıb şahlıq quyularına doldurmaq üçün hökumət məmurları həman kənddən gündə üç nəfəri atı ilə bərabər biyara aparırlarmış. Bir gün növbə Mahmud adlı yoxsul bir kəndliyə düşür. Mahmud - atım yoxdur, məmur məni öldürmiyəcək ki, - deyə, biyara getməkdən imtina edir. Məmurun əmri ilə Mahmudun özünü aparıb o biri atlar ilə bir yerdə qoşdurur... Bu hadisəni bir müddət sonra eşidən Nadim, həqiqəti bilmək üçün Rəncbər Nəvahiyə gedərək artıq ömrünün son günlərini yaşayan 90-95 yaşlı qoca Mahmudla görüşüb dostlaşır və məsələnin təfsilatını öyrəndikdən sonra aşağıdakı mənzuməni yazıb ona göndərir:
Mahmuda! Aya, rəncbərara mərdi-yeganə,

Nahaq yerə rəncidə olub gəlmə fəqanə,

Xaliq sizi rəncbər yaradıbdır bəgə, xanə,

Hərçənd gərəkdir qoşalar at bu kotanə,

At olmasa heç incimə, insan da qoşarlar.
Şahlıq quyular buğda ilə dolmasa olmaz,

Məmur da buna amir əgər olmasa olmaz,

Salyani Həsən xan da əgər soymasa olmaz,

Sal gərdəninə gərdənbənd, gir bu kotanə,

Lal ol, dilini kəs, xışa insan da qoşarlar.
Canun çıxacaq lap öləsən də əkəcəksən,

Vəl olsa da, xış olsa, kotan da çəkəcəksən,

Əkdin o çərəkdarı axırda biçəcəksən,

Şah nökərisən, damğalı qulsan o şahanə,

Keçmişdə deyərlərdi ki, heyvan da qoşarlar.”
A.Canıbəyli böyük təəssüflə yazır ki, 110-120 sənə bundan əvvəl yazılan bu mənzumənin bu gün az bir hissəsini bisavad kəndlilərdən öyrənə bildim. Bu da həmin mənzumənin o zaman kəndlilərə nə kimi təsir etmiş və nə dərəcə maraq oyatmış olduğunu isbat edir. Bir hərfinə belə dəyməyərək eşitdigim kimi yazdım.

Professor K.Məmmədov Nadimin bu şeirindən təsirlənərək yazır: “Şeirlərindən əməkçi kəndli, rəncbər qoxusu gələn, rəncbərlərin ağır güzəranını özünə məxsus kinayə ilə təsvir edən, yaradıcılığında həmin cəhətlə fərqlənən Mirzə Baxış Nadimin bir parça çörək üçün gecə-gündüz qul kimi çalışan yoxsul kəndli Mahmuda həsr etdiyi şeiri iztirabsız oxumaq mümkün deyil” (s.137).

Doğurdan da reallığa söykənən bu hadisə olduqca acınacaqlı və üzücüdür. XIX əsr Azərbaycanda quldarlıq, qul əməyindən istifadə rəsmi şəkildə olmasa da, kəndlilərin istismar olunması qul əməyindən heç də fərqlənmirdi. Nadimi düşündürən, narahat edən də bu idi. O, vətən övladlarının qul kimi istismar edilməsinə dözə bilmir, təskinlik üçün qələmə sarılaraq bu acınacaqlı vəziyyəti ürək yanğısı ilə təsvir edir və bununla da insanlarda rəhm hissi yaratmağa çalışırdı. Əlbəttə, bu, passiv mübarizə üsulu olsa da, xalqı oyatmaq, ona hüququnu tanıtmaq üçün atılan mütərəqqi bir addım idi.

A.Canıbəyli Nadimin “açıq fikirli və doğru danışan, ictimai işlərdə çalışan bacarıqlı, kimliyindən asılı olmayaraq “eybini və hərəkəti-naməqbulunu üzünə deməkdən qorxmayan və çəkinməyən” bir şəxs olduğunu qeyd edir. Məhz bu xüsusiyyətlərinə görə Nadimin düşmənləri günü-gündən çıxalırdı ki, bunların da əksəriyyəti cəmiyyətdə müəyyən mövqeyi olan mollalar və mülkədarlardan ibarət idi. Onlar hər vəchlə Nadimi xalqın gözündən salmağa, onu el-oba içində bihörmət etməyə çalışırdılar. Nadim isə sözünü deməkdən çəkinmir, bəzən birbaşa, bəzən də dolayısı ilə bu antipodların, riyakar, yalançı din xadimlərinin iç üzünü açmaqdan çəkinmirdi. Canıbəyli onu da qeyd edir ki, o ən çox münaqişədə olduğu mollalarla mübahisə edir və çox zaman da onları həcv atəşinə tuturdu. Nəhayət, şairi susdurmaq üçün daima fürsət gözləyən bu zümrənin əlinə girəvə düşdü. Onlar Nadimin h.1297-ci ildə (m.1879-1880) Nəvahidə baş verən aclıq və qəhətliklə əlaqədar yazdığı 168 misralıq şeirinin sonundakı:

Nadima, etmə şikayət belə ildən həqqə,

Nə xudavənd bilir fəsli, nə də peyğəmbər.

-beytindən istifadə edərək şair haqqında ictimaiyyətdə mənfi fikir yarada bildilər. Bu təbliğatın nəticəsində şair hətta dinsiz-imansız bir şəxs hesab olundu və ona “Molla Baxış” deyil, “Mirzə Baxış” deyə müraciət edildi.

Mollaların əlindən təngə gələn Nadim “Sənə nə” rədifli uzun bir mənzuməsini qələmə alır. Bu addım mollaları daha da fəallaşdırdı və onlar Nadimi ləkələyib aradan götürmək üçün əməli işə keçdilər. Tezliklə Nadim “ailəsini müflis bir vəziyyətdə buraxıb naçar Nəvahiyi tərk etdi” (5.s.30). Nadimin uzun zaman haralarda olması barədə heç bir məlumat yoxdur. Ancaq şairin əldə olan bəzi şeirlərindən məlum olur ki, o, bir müddət qürbətdə yaşamış, son dərəcə ağır güzəran keçirmiş, vətən bəsrətiylə od tutub yanmışdır:


Kimsənəm yox mənə yazsın bir namə,

Qürbət içrə bu diyara bənimçün,

Məlum olsun sizə-əhli möhübban,

Dua qılın sahibkara bənimçün.


Malü əmlakımı etdilər təraş,

Tökər mərdümlərim müdam qanlı yaş,

Əlac edin mənə, ey qohum-qardaş,

Bir yerdən olmadı çarə bənimçün.

Yaxud:

Gecə-gündüz qan-yaş töküb ağlaram,



Vətən tərkin qılıb eldən ayrıldım.

Bibəhərdür heç görmədim səfasın,

Bağban idim qönçə güldən ayrıldım.
Bu hisslər onun “Düşdüm”, “Ayrıldım”, “Bazarıdır”, “Bənimçün” rədifli qoşmalarında da qabarıq şəkildə özünü göstərir.

A.Canıbəyli Nadimin bir müddət zindanda olmasını qeyd edir. Lakin o bunu faktlar əsasında deyil, güman və fərziyələrə söykənərək söyləyir ki, bu da inandırıcı deyil.

Canıbəylinin fikrincə, Nadim yaradıcılığında dini mövzulu şeirlərə, növhəyə, qəsidəyə “əslən əhəmiyyət verməmiş və bu yolda da pək az vaxt sərf etmişdir”. Müəllif bu fikrini “növhə və qəsidəsi gözə çarpacaq qədər azdır” – deyə, əsaslandırır.

Canıbəylinin bu fikri ilə razılaşmaq olmaz. Ona görə ki, əvvəla, Nadimin də digər müasirləri kimi dini mövzuda yazmaması qryri-mümkün idi. İkincisi, görünür, Canıbəyli Nadimin digər əlyazmalarından, ən azı hal-hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivində B-4275/5900 şifri ilə mühafizə olunan 354 səhifədən ibarət əlyazmasından xəbəri olmamışdır. Bu əlyazmanın əsas hissəsini (təxminən üçdə iki hissəsini) dini mövzuda yazılmış qəsidə, minacat, növhə və sairə təşkil edir. Əlyazması 29-cu səhifəyə qədər kiril, 30-cu səhifədən sonra isə ərəb rəqəmləri ilə səhifələnmişdir. Səhifə 20-dən səhifə 225-ə qədər verilmiş şeir nümunələri qırmızı rəngli mürəkkəblə haşiyəyə alınmışdır. Burada şairin müxtəlif janr və mövzuda yazdığı 100-dən artıq şeiri verilmişdir. Bu şeirlər içərisində şairin dostları və tanışlarına yazdığı mənzumələr xüsusi yer tutur. Təbii ki, Nadim ünvanına müraciət etdiyi tanışlarının hamısına eyni münasibət bəsləməmiş, onlardan bəzilərinə həcv də yazmışdır.

Əlyazmanın giriş hissəsində ümumi qəbul edilmiş qaydaya uyğun olaraq müasirləri kimi Nadim də Böyük yaradanın, Peyğəmbər və imam Əlinin şərəfinə söz demiş, dinin aliliyini, ibadətin vacibliyini vəsf etmişdir. Bununla yanaşı o, sırası gəldikcə müxtəlif tarixi hadisələrə, nəzəri-fəlsəfi fikirlərə toxunmuş, şeir, sənət haqqında mülahizələr yürütmüşdür. Əlyazmada şair qəzəliyyat üçün məxsusi yer ayırmış və səhifə 134-dən səhifə 201-ə kimi 60-a qədər qəzəlini ardıcıl olaraq vermişdir. Həmin bölmənin başlığında şair farsca اشعارات عاشقاذ بفراحمی خودما.... (öz könül xoşluğumuz üçün yazılmış aşiqanə şeirlər) sözlərini yazmışdır. Bu qəzəllər onun təkcə satirik deyil, həm də gözəl lirik şeirlər müəllifi olduğunu əyani şəkildə sübut edir.

Səhifə 298-dən əlyazmanın son vərəqinə - səhifə 354-ə kimi şairin əsasən, Kərbəla hadisəsinə həsr olunmuş dini mövzulu şeirləri verilmişdir. Bu şeirlərində məxsusi olaraq Əlini, Fatimeyi - Zəhranı, Zeynəbi, Hüseyni, Qasimi, Əliəsgəri, həzrət Abbası və onların başına gətirilən müsibətləri təsvir və tərənnüm etməklə şair şiə məzhəbinə mənsub olduğunu sübut etmişdir. Nadimin dindar bir şəxs olması hətta onun dünyəvi mövcuda yazdığı şeirlərindən də aydın şəkildə görsənir. Görünür, A.Canıbəyli də əksər müasirləri kimi represiya ərəfəsində ölkə daxilində hökm sürən abü havaya uyğun olaraq Nadimin dini görüşlərini qəsdən kölgə altında saxlamışdır. Bu da faktdır ki, şair dindar olduğu qədər də yalançı din xadimlərinə, xüsusilə yarımçıq molla və mollanümalara qarşı həmişə mübarizə mövqeyində dayanmışdır. Əlyazmanın əvvəlində olduğu kimi, bu hissəsində də dini məzmunlu şeirlər arasında (298, 299, 300, 301, 302, 310, 311, 313, 315 və 341-ci səhifələrdə) şairin məhəbbət mövzusunda yazdığı on iki qəzəli, ümumilikdə isə əlyazmanın müxtəlif yerlərində şairin müxəmməs, müsəddəs, müstəzad, rübai və sair janrlada yazdığı çoxlu sayda şeirləri verilmişdir. Mirzə Baxış bir neçə təxəllüslə yazıb-yaratmışdır. Əldə olan iki əlyazmasında onun “Nadim”, “Xəstə Baxış”, “Xəstə Baxış Nəvahi”, “Nəvahi Baxış”, “Şikəstə Baxış”, “Miskin Baxış” və “Baxış” təxəllüsləri ilə şeir yazdığının şahidi oluruq. O, klassik nəzm şəkillərində yazdığı şeirlərində, əsasən, “Nadim”, heca vəznli şeirlərində isə daha çox digər təxəllüslərindən istifadə etmişdir. Şairin irsinin ilk tədqiqatçısı A.Canıbəyli göstərir ki, onun gənclik illərində yazdığı əsərlərin bir çoxunda “Xəstə Baxış”, “Nəvahi Baxış” kimi təxəllüslərinə rast gəlirik”. Bu fikrin nə qədər dəqiq olduğunu söyləmək çətindir. Lakin fakt olaraq o da məlumdur ki, Nadim təkcə gənclik illərində deyil, ömrünün müxtəlif dövrlərində, hətta qoca yaşlarında da bu təxəllüslərin hər birindən istifadə etmişdir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, şair qürbətdə olanda (təqribən ahıl yaşlarında) daha çox qoşma janrında şeirlər yazmış və həmin şeirlərdə, əsasən, yuxarıda qeyd etdiyimiz təxəllüslərdən istifadə etmişdir. Bu da maraqlıdır ki, heca vəznli şeirlərin heç birində o, “Nadim” təxəllüsünü işlətməmişdir.

Canıbəylinin verdiyi məlumata görə, “Nadim rusların istilasından sonra müxtəlif qulluqlarda olur. O, əsasən, hökumət idarələrində (divanxanalarda) katib (münşi) vəzifəsini ifa edərmiş. Ömrünün çox hissəsini də həmin vəzifə ilə keçirərək axırda, özünə ixtisas qərar verir. O, uzun bir müddət qürbətdə yaşadıqdan sonra kənd katibliyi vəzifəsində Nəvahiyə müraciət edir”.

Yenidən Nəvahiyə qayıdan şair camaat, el arasında öz keçmiş hörmət və izzətini bərpa edir. Düşmənləri onun vəzifə başında olmasından ehtiyatlanaraq zahirən də olsa sakit durmağa üstünlük verirlər.

Nadim bir neçə ildən sonra tutduğu vəzifəsindən azad edilir. O özünə yeni iş yeri axtarır, bunun üçün müxtəlif şəxslərə, o cümlədən, polkovnik İsmayıl bəy Qutqaşınlıya da müraciət edir. Lakin dostlarından heç kəs ona kömək edə bilmir. Nadim məcburiyyət qarşısında qalaraq yenidən İsmayıl bəyə müraciət etməli olur. Ona ünvanladığı iyirmi iki beytlik mənzuməsində şair əlindən başqa bir iş gəlmədiyini ürək ağrısı ilə qələmə alır və ondan kömək diləyir:
Əgər gəleydi əlimdən bir özgə kəsb mənim,

Bu zəhməti sana verməzdim, ey həmidəxisal,


Ticarət eyləyə bilməm və nə kəştü zər etmək,

Nə çarə ədlü tərazu qurum, olum baqqal.


İşimdi münşiyi-divan olub qələm yazmaq,

Kəmalə sinnə yetib ta ağartmışam saqqal.


Əlac yoxdu, dəxi, bu işə sərəncam et,

Bidune-mayə dögüldür ki, həq verü həqq al.


Ümidi-Nadim odur, məlcai-pənahidən,

Bu əmrə rövnəq əncam edə, olam xoşhal.


Lakin Nadimin bu cəhdi də baş tutmur. Dostlarının ona verdiyi vədlər də boşa çıxır. Olduqca çətin vəziyyətə düşən şair təsəllisini onlardan biri – Molla Məhəmmədə yazdığı həcvdə tapır. Nadimin bu həcvi fərdilikdən daha çox ictimai xarakter daşıyır. Şair burada Molla Məhəmmədi bəhanə edərək, komendantı, çar üsul-idarəsində olan süründürməçiliyi, rüşvətxorluğu Zakiranə şəkildə tənqid atəşinə tutur:

Yazmışam dərdi-halım komendanta.....

Deyillər “post paşol, zaftradur” həm bazar.
Getdim naibimə surəti-halım deməgə,

O da bir şəxs dögül kim, gələ ondan bir kar.


Başıma nə kül töküm, axəri kimə yalvarım,

Aşinavü dustü rəfiqi görürəm bədətvar.


... Hər kəsə söz deyirəm ovcun açır kim, mənə ver,

İstəyir qırxa başım misali-dəllək Ağayar.


Düşmənin tənə sözü, həm rusun zaftrası,

Bağrımı parə edib, qoymayıb aramü qərar.


Bütün cəhdləri başa çıxan və işsizlikdən təngə gələn Nadim nəhayət, ona layiq olmayan bir vəzifəyə - Pirsaat çayına mirab təyin olunmağa razı olur:
Mənə mirablıq əmrin kim olur eyb duta,

Lacərəm, nə edim – zati-xudavəndə qəsəm.


Vəqti-namərddü bu mərd bilür bunda nə var,

Zilləti-mərdilə namərd tapub izzəti-dəm.


A.Canıbəyli şairin ömrünün bu çağlarını təsvir edərək yazır ki, o mirablıq etdiyi zaman həyatının ən ağır bir vaxtı idi. Bu ağır vəziyyətlə Nadim gah hökumət qulluğunda və gahi kənd təsərrüfatında çalışmışdır. Ömrünün axır çağlarında Nəvahidə məktəb açıb müəllimlik də etmişdir. Nadimin məktəbində oxuyan tələbələrindən hal-hazırda həyatda olanları da var, hansı ki, tərcümeyi-halına dair topladığım məlumatın bir çoxunu da onlardan öyrənə bilmişəm. Canıbəylinin bu qeydlərindən məlum olur ki, o vətənpərvər bir ziyalı kimi Nadimin ədəbi irsinə böyük maraq göstərmiş, uzun müddət axtarışlarda olmuş, onunla bağlı olan ən kiçik epizodları belə nəzərdən qaçırmamış, ən əsası isə faktlara söykənərək şairin tərcümeyi-halını bərpa etməklə ədəbi ictimaiyyətə qiymətli töhfə vermişdir. Bunun nəticəsi idi ki, ondan sonra Mirzə Baxış Nadim haqqında yazan hər bir kəs bilavasitə onun yazdıqlarından bəhrələnərək şair haqqında fikir söyləmişlər.

Bütün deyilənlər bir daha təsdiq edir ki, Mirzə Baxış Nadim sözün həqiqi mənasında XIX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yeri olan istedadlı şairlərdən biri olmuşdur. Ola bilməz ki, belə istedadlı şairin külliyyatı qeyd etdiyimiz bu iki topludan ibarət olmuş olsun. Şübhəsiz ki, şairin bir neçə əlyazması olmuşdur. Lakin hələlik şairin əsərlərini araşdırarkən bu iki mənbə ilə kifayətlənməli olduq.

Hal-hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M.B.Nadimin irsinin öyrənilməsi və tədqiqi sahəsində məqsədyönlü fəaliyyətə başlanmışdır. Şairin avtoqraf hesab etdiyimiz əlyazmasının tapılmasını aparılan bu ciddi axtarışların uğurlu nəticəsi hesab etmək olar.Əminik ki, şairin ədəbi irsinin ortaya çıxarılması XIX əsr ədəbiyyatımızın öyrənilməsinə sanballı töhfə olacaqdır.

AMEA Əlyazmalar Institunun əməkdaşları:

Filologiya elmləri doktoru Paşa Kərimov.

Filologiya üzrə fəl. doktoru Raqub Kərimov.

Qəzəl

Genə meyl etdi köyül şövqilə dildara tərəf,



Necə bülbül guzər eylər gülü gülzara tərəf.
Qəmzəyi-şux gözündən necə ollam eymən,

Şövqilə baxsam əgər qəmzəyi-xunxara tərəf.


Yarı əğyarilə çıxmış gözümüz gördü genə,

Necə baxsın bu kor olmuş gözüm əğyara tərəf.


Məni Mənsur kimi lütf elə, qəmdən qurtar,

Sana qurban oluram çəksən əgər dara tərəf.

173.

Eşq dərdinə dəva yox, mən onun düşkünüyəm,



Hanı bir eşq təbibi gələ bimara tərəf.
Məni duzəx oduna qəhri-Xuda yandırmaz,

Yanmağım bəsdi dəxi arizi-gülnara tərəf.


Nə olur, lütf elə, cana, bizə mehman gələsən,

Səni-pakə deməzəm gəlmə bu murdara tərəf.


Əndəlibin qərəzi ancaq odur gül görmək,

Gül əgər olmasa getməz, nə gərək xara tərəf.


Nadimə eyləsələr şövqilə təklifi-behişt,

İstəməz cənnəti, əlbəttə, gedər yara tərəf.





** Mər – məgər sözünün qısa formasıdır.

11 Nümunə A.Canıbəylinin göstərilən əlyazmasından götürülmüşdür. Orada belə bir qeyd verilmişdir: “Əfsuslar olsun ki, ağızdan-ağıza öyrənə bildigim yalnız bu beş sətr olmuşdur. Bir hərfini belə dəyişdirməyərək eşitdigim kimi yazdım”.



Yüklə 98,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə