dövlətində türk dilinin mövqeyinin güclənməsində xüsusi rol
oynamışdır.
I rus inqilabının (1905-07) başlaması Qacarlar dövlətində
də rejimdən narazı qüvvələrin inqilabi hərəkata başlamasına öz
təsirini göstərir və bu dövrdə rejimə qarşı siyasi təşkilatlar
formalaşmağa başlayır. Bu təşkilatlardan aparıcı yer tutanı
1905-ci ildə Quzey Azərbaycan sosial-demokratlarının (N.Nə-
rimanov və b.) iştirakı ilə Güneydən olan inqilabçılar
tərəfindən Bakıda yaradılan “İctimaiyyunəl-amiyyun”
(sosial-
demokrat)
partiyası (qısa olaraq “Mücahid” partiyası)
olmuşdur. Bu partiyanın fəal funksionerləri olan Əli Müsyo
(1879-1910), Hacı Əli Davafuruş (1871-1912), Hacı Rəsul
Sədəqyani (1879-?) və b. tərəfindən Təbrizdə yaradılmış “gizli
mərkəz” inqilabda həlledici rol oynamışdır.
1905-ci ilin dekabrında Tehran, Təbriz, Kirman, Şiraz və
b. şəhərlərdə ilk kütləvi nümayişlər baş verir. Davamlı etiraz
aksiyalarının bütün ölkəni bürüməsi nəticəsində 1906-cı il,
avqustun 5-də Müzəffərəddin Şah konstitusiya haqqında, 9-da
isə məclisə seçkilər haqqında fərman verir. İnqilabçı qüvvələr
tərəfindən əyalət əncümənləri formalaşdırılır. Bu əncümənlərdə
məclis üçün nümayəndələr seçilir. Təbrizdə olan vəliəhd
Məhəmmədəli Mirzə isə islahatlar ilə razılaşmır.
1906-cı il, dekabrın 30-da Müzəffərəddin Şah konsti-
tusiyanın birinci hissəsini qəbul edir. Onun vəfatından sonra
1907-ci ilin yanvarın 19-da taxta çıxan Məhəmmədəli şah
konstitusiyanı qəbul etmir. Həmin il, fevralın 8-də Təbrizdə ilk
silahlı üsyan baş verir. İnqilabçılar tərəfindən formalaşdırılmış
məclisin konstitusiyanın ikinci hissəsini qəbul etmək tələbini
şah hakimiyyəti qəbul etmir. Aprel-iyun aylarında inqilabçılar
tərəfindən silahlı dəstələr yaradılır və ölkədə vətəndaş
müharibəsi başlayır. İnqilabçıların güclü təzyiqi nəticəsində
1907-ci ilin oktyabrın 7-də Məhəmmədəli şah konstitusiyanın
ikinci hissəsini təsdiq etməyə məcbur olur. Lakin şah gizli
əksinqilabi fəaliyyətini dayandırmır.
1908-ci il, iyunun 23-də şah ölkədə olan rus (kazak)
qoşunlarının dəstəyi ilə əksinqilabi çevriliş edir. Məclis dağı-
dılır, konstitusiya ləğv edilir. Bir çox vilayətlərdəki əncümənlər
də dağıdılır.
Ərdəbil və Meşkindən başqa digər Azərbaycan vilayət-
lərində isə inqilabçılar öz hakimiyyətlərini saxlaya bilirlər.
Belə ki, Səttarxan (1867-1914) və Bağırxanın (1861-1917)
fədai dəstələrinin əksinqilabçılarla qəhrəmancasına döyüşməsi
nəticəsində inqilabçılar ilin sonuna qədər Təbrizdə və digər
Azərbaycan əyalətlərində hakimiyyəti tam ələ alırlar və
demokratik islahatlar keçirirlər. Üsyançılar həmçinin İsfahan,
Rəşt, Buşəhr və Bəndər-Abbasda hakimiyyəti ələ alırlar.
1909-cu ilin yanvarın axırlarından Təbriz şəhəri yenidən
şah qoşunları tərəfindən mühasirəyə alınır. Aprelin sonlarında
çar qoşunları Cənubi Azərbaycan ərazilərinə, o cümlədən
Təbrizə yeridilir. Şah qoşunları buradan çıxır. İnqilabçılar çar
qoşunlarına müqavimət göstərmir. Fədai dəstələri çar qoşunları
tərəfindən tərkisilah olunmağa başlayır.
Çar qoşunlarının Azərbaycan vilayətlərində olmasından
istifadə edən İsfahan və Gilan inqilabçıları Tehrana hücum
edir. 1909-cu il, iyulun əvvəlində Məhəmmədəli şah devrilir,
onun 14 yaşlı oğlu Əhməd şah taxtda oturdulur. Keçmiş
parlament nümayəndələrindən, nazirlərdən, varlı tacirlərdən,
nüfuzlu ruhanilərdən ibarət “Ali məclis” (“Fövqəladə şura”)
yaradılır. Konstitusiya bərpa edilir. Azərbaycan vilayətlərində
də əncümən hakimiyyəti möhkəmlənir. Lakin Tehranda
Sepəhdarın başçılığı ilə yaradılmış hökumət İngiltərə və
Rusiyanın təzyiq və hədələri nəticəsində mücahid və fədai
dəstələrinin tərkisilah olunmasına çalışır.
Bu dövrdə inqilabçı qüvvələr arasında da təşkilati ayrılma
baş verir. Liberal qüvvələr tərəfindən “Etidaliyyun” partiyası,
radikal demokratik qüvvələr tərəfindən isə İran Demokrat
Partiyası (İDP) yaradılır. İDP-nin yaradılması və fəaliyyətində
Şimali Azərbaycandan olan ziyalıların (M.Ə.Rəsulzadə və b.)
xüsusi xidmətləri olmuşdur.
1909-cu il, noyabrın 15-də Azərbaycan nümayəndələrinin
də iştirakı ilə açılan ikinci məclisdə Sepəhdar hökumətinin
mücahid və fədai dəstələrinin tərkisilah edilməsi təklifi
dəstəklənir.
1910-cu ilin aprelində Daxili İşlər Naziri Sərdar Əsəd
tərəfindən Tehrana çağırılmış Səttarxanın 100 nəfərlik fədai
dəstəsinə qarşı daşnak Yefremin silahlı dəstələri tərəfindən
xaincəsinə hücum təşkil edilir. Səttarxan yaralanır. Səttarxan
və Bağırxan Tehrandan buraxılmır. Lakin bu da inqilabı qıra
bilmir və inqilabçı qüvvələrin, o cümlədən vilayət əncümən-
lərinin hakimiyyəti öz fəaliyyətini davam etdirir.
Bundan bərk narahat olan imperialist İngiltərə və Rusiya
1911-ci ilin iyulunda keçmiş şah Məhəmmədəlini ölkəyə
qaytarır. Avqustun 24-də əksinqilabi qüvvələr Təbrizə hücüm
təşkil edir. Oktyabrın əvvəllərinədək davam edən ağır
döyüşlərdən sonra hücum inqilab fədailəri tərəfindən dəf edilir.
Ölkənin digər bölgələrində də əksinqilabçı qüvvələr
məğlubiyyətə uğradılır. Məhəmmədəli ölkəni son dəfə tərk
edərək Rusiyaya qayıdır.
Keçmiş şahın hakimiyyətini bərpa etmək cəhdi baş
tutmayan Çar Rusiyası başqa yola əl atır. Rusiya səfirliyi 1911-
ci il, noyabrın 29-da Amerikalı maliyyə müşavirinin ölkədən
çıxarılması və başqa tələblərlə məclisə ültimatum verir. Məclis
ültimatumu rədd edir. Dekabrın 25-də hökumətin silahlı
dəstələri
məclisi
dağıdır. Yerlərdəki ciddi etirazlara
baxmayaraq Samsamüssəltənə hökuməti ültimatumu qəbul
edir. Məşrutə inqilabı süquta uğradılır və inqilabın nailiyyətləri
ləğv edilir.
Dekabrın 20-26-da külli miqdarda çar qoşunları Təbriz
üzərinə hücuma keçir. Fədai dəstələri güc fərqini nəzərə alıb
müqaviməti dayandırır. Şəhər çar qoşunlarının nəzarətinə keçir.
1912-ci ilin əvvəllərində ölkədə olan çar və ingilis qoşunları
tərəfindən digər vilayətlərdə də inqilab mərkəzləri dağıdılır,
inqilabçılara divan tutulur və inqilabın nəticələri ləğv edilir.
Dostları ilə paylaş: |