Microsoft Word tarix bay doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix23.11.2017
ölçüsü0,55 Mb.
#12130
1   ...   17   18   19   20   21   22   23   24   25

 

49 


18 MAY 

 

BEYNƏLXALQ MUZEYLƏR GÜNÜ 



 

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 

1977-ci ildə Beynəlxalq Muzeylər  Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə 

təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün 

Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və 

ekspozisiyalara tamaşa edirlər. 

"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında 

incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və  mənəvi mədəniyyət abidələrini 

komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və  təbliğ edən elmi müəssisələr bu adla 

adlandırılmışdır. 

Dünyada ilk muzey Ellin dövründə qədim Misirin paytaxtı  İsgəndəriyyə şəhərində yaradılmışdır. 

Burada 40.000-dən artıq eksponatlar - sikkələr, heykəllər, sarkofaqlar, gil qablar, papiruslar və bir-

birindən gözəl təsviri sənət nümunələri toplanmışdır. Bu eksponatlar qədim misirlilərin həyatı, məişəti, 

mədəniyyəti, eləcə də yunan-roma mədəniyyətləri haqqında zəngin məlumatlar verir. 

İndi dünyada muzeylər çoxdur. Onlardan ən məşhurları Parisdə Luvr muzeyi (Fransa), Londonda 

Viktoriya və Albert muzeyi (Böyük Britaniya), İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-

Peterburqda Ermitajdır (Rusiya). 

Azərbaycanda muzey işinin tarixi çox da qədim deyil. XX əsrin əvvəllərində Bakı ticarət məktəbi 

nəzdində  Sənaye, Xalq məktəblərinin Bakı-Dağıstan müdiriyyəti nəzdində Pedaqoji, Rus texniki 

cəmiyyəti Bakı şöbəsi nəzdində Texniki muzeylər fəaliyyət göstərmişdir. 

İlk milli muzeyin yaradılması isə Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il 

dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başladı. Muzeyin təsisi ilə əlaqədar "Azərbaycan" qəzeti (1919, 

23 sentyabr) yazırdı: "Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli 

muzey təsisidir. Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını "milli muzey" qoymaq fikrində 

idiksə  də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə  "İstiqlal muzesi" olmasını 

əhəmiyyətli görürüz". Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əş-

yaları, silahlar və  əlyazmalar toplanmışdı. Muzeyin təşkili və  fəaliyyəti ilə bağlı bütün xərclər 

Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra "İstiqlal" muzeyinin 

eksponatları yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi 

(o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin  əsli, Azərbaycan 

Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı. 

Sovet hakimiyyəti illərində Respublikada muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına 

Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası  və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi

Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, əksər rayon və  şəhərlərdə tarix, diyarşünaslıq 

muzeyləri, elm və  mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir.  İftixar hissi ilə qeyd 

olunmalıdır ki, Azərbaycan Xalçası  və  Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu 

muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır. 

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda 

(Kəlbəcər) və  Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər sübut edir. Məşhur Norveç alimi və 

səyyahı Tur Heyerdal Qobustanda olarkən buranı obrazlı şəkildə "səma altında muzey" adlandırmışdır. 




 

50 


1 İYUN 

 

UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜ 



 

XX  əsrdə  uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara 

məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik 

zəmində toqquşmalar, aparteid, soyqırımları yüz minlərlə  uşağı valideyn himayəsindən məhrum etmiş, 

onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. İndi də dünyanın bir çox 

ölkələrində  uşaqlar aclıqdan  əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq 

satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ  də davam etməkdədir. Erməni faşistləri minlərlə 

azərbaycanlı  uşağını xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar 

törətmişlər. 

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən 

məsələlərdir.  İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. 

Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd 

olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi 

sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda 

qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəa-

liyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir. 

BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya" adlı  sənədi uşaqların hansı dövlətdə 

yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun 

müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını  bəyan edirlər, yəni bu müddəalardakı 

göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərilərinə götürürlər. Onlar bu istiqamətdə görülən tədbirlər 

haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları haqqında Komitəsinə  təqdim edirlər. 

Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildə 

ratifikasiya edib. 

Konvensiyanın  əsas fəlsəfi ideyası  uşaq  şəxsiyyətidir. Konvensiyada əsas müddəa uşağın 

maksimum müdafiəsidir. Bununla yanaşı, Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-

siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır. 

Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin 

rəngindən, cinsindən, mənşəyindən,  əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq 

vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. 

Uşağın bütün hüquqları  əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. 

Bunlar ilk növbə-də uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur. 

YUNİSEF-in "XXI əsr üçün gündəlik" - XXI yüzillikdə  ətraf mühit və inkişaf üzrə Qlobal 

Fəaliyyət Proqramında deyilir ki, "Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının passiv 

qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa 

düşməli və buna uyğun hərəkət etməlidirlər". 

Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu 

sahədə  əsas milli sənəd olan "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul 

olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə  də  Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd 

olunur. 

 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə