86
Q i t ə
Düşmənlə dost ol ki, o da heç zaman
Düşmənlik tiyğilə vurmasın səni.
Dostunu o qədər incitmə ki, o
Özünə dost etsin sənə düşməni.
Hekayət.
Tülküyə dedilər: «Yüz dinar alıb bu xəbəri kənd itlərinə
çatdıra bilərsənmi?» Dedi: «Vallah, yaxşı muzd verirsiniz,
canımdan keçmək qorxusu olmasaydı, ondan əl çəkməzdim».
Q i t ə
Alçaqdan kəramət ummaq odur ki,
Gəmini salasan böyük tufana.
Düşmənə əyilmək mal, mənsəb üçün
Zərbədir, ölümdür hər mərd insana.
***
Hekayət.
Bir dəvə bir səhrada otlayır və onun kol-kosu ilə
dolanırdı. Bir tikan koluna rast gəldi; gözəllər zülfü tək
təravətli, sevimlilər üzü tək məlahətli idi. Boynunu uzatdı ki,
kolun boynunu üzsün, gördü ortasında bir əfi ilan yatıb, elə
qıvrılıb ki, başı quyruğuna çatıb. Geri döndü və onu yeməkdən
əl çəkdi. Kol elə güman etdi ki, dəvənin fikrini dəyişməsi onun
tikanlarından qorxması, iynələrinin ona batmasıdır. Dəvə bunu
duyub dedi: «Mənim qorxuma səbəb qonaqçının aşkar tikanı
deyil, bəlkə də o gizlənmiş qonaqdır, tikanın vuracağı yaradan
deyil, ilanın dişindəki zəhərdən qorxdum, dərdini çəkməsəy-
dim, qonaqçını bir tikəyə yeyərdim».
87
Q i t ə
Nanəcib adamdan qorxarsa nəcib,
Canından qorxmur o, hörmətdən qorxur.
Hər kəs kül üstünə ayaq qoymursa,
Altında gizlənən atəşdən qorxur.
***
Hekayət.
Ac-yalavac, bir tikə çörəyə möhtac bir it bir şəhərin
darvazası ağzında durmuşdu. Birdən gördü ki, bir dəyirmi fətir,
şəhərdən çıxıb, diyirlənə-diyirlənə səhraya tərəf gedir. İt onun
dalınca düşüb qışqırdı: «Ey canımın qidası, ruhumun qüvvəti,
ayaqlarıma güc, əllərimə qüdrət verən, sən baş alıb hara
gedirsən? Yolun haradır, məqsədin hara?!»
Dedi: «Bu çöldə canavarlar və pələnglərin sərkərdələri ilə
dostluğum var, onların ziyarətinə gedirəm». İt dedi: «Məni
qorxutma, nəhəngin kamına, aslanın ağzına getsən də, dalınca
gələcəyəm».
Q i t ə
Mən haman adamam, ömür boyunca
Sevgi və arzumla bəzərəm səni,
Əgər sən dünyanı dolansan, mən də
Ardınca düşərək gəzərəm səni.
Q i t ə
Onlar ki, çörəkçin candan keçərlər,
Alçaq adamlardan umarlar çörək.
Əgər başlarına yüz qapaz dəysə,
Yenə ac it kimi cumarlar, çörək?
88
Hekayət.
Bir qurbağa cütündən aralanmış, onun fikrindən dəniz
kənarında tək dayanmışdı. O, bərk darıxır, dərdini dağıtmaq
üçün o tərəf-bu tərəfə baxırdı. Birdən suyun içində gözünə bir
balıq sataşdı.
89
Məsnəvi
O suda bir balıq gördü ki, haman
Su kimi axaraq keçir durmadan.
Qayçı tək doğrayır gümüş rəqqası,
İkiyə bölünür suyun atlası.
Ya da bir dəyişməz hilala bənzər,
Sağ-sola hərəkət eyləyib üzər.
Qurbağa onu görcək dostluq etmək xəyalına düşdü.
Özünün tənhalığından söz saldı, balıqla dost olmaq arzusunu
bildirdi. Balıq dedi: «Dostlar arasında bir münasibət olmalıdır.
Əgər belə münasibət yoxsa, onlar necə həmsöhbət ola bilər?
Mən dənizin dibində yaşayıram, sən suyun kənarında; mən
ağzımı açıram su dolur, sən ağzını açırsan səs-küy qopur, sənin
oxumağın bəlaya qalxandır, səsini eşidən qulağını tıxayır,
üzünü görən gözünü qapayır. Mənim gözəlliyim isə başıma
bəladır, şəklimi görənlər həsrətlə baxır, özümü görənlərin
ağzının suyu axır. Göydəki quşlar məni udmaq üçün suya
batırlar, səhradakı vəhşilər məni tutmaq üçün can atırlar.
Ovçular məni ələ keçirmək üçün bəzən ayaq üstə durur, torlar
qururlar, gah tavada bişirmək üçün bellərini əyir, hey güc
vururlar».
Bunu deyib suyun dibinə daldı, qurbağa isə yenə sahildə
tək qaldı.
Q i t ə
Xasiyyətcə düz gəlməyən adamlarla oturma,
Ürəkləri birləşdirən eyni cinsli gövhərdir.
Cinsi cinslə ya nacinslə yoxlasan,
Bu, yağla su; osa şirü şəkərdir.
Müqayisə et: biri süd ilə şəkər, o biri su ilə yağ kimidir.
90
91
Hekayət.
Göyərçinə dedilər-: «Nə üçün ildə ikidən artıq bala çıxara
bilmirsən, toyuqca da yoxsan?!» Dedi: «Göyərçin balaları ata-
analarının dimdiyindən dolanır, toyuq cücələri isə adamların
zibilindən. İki dimdiklə iki baladan artıq dolandırmaq olmaz,
yarım qalaq zibil ilə gündə min cücə saxlamaq olar».
Q i t ə
İstəsən ki, halal olsun qismətin,
Bir evdə çox arvad saxlama, aman!
Çünki bu darısqal, qaranlıq yerdə
Halalın harama qatışar, inan.
Hekayət.
Bir sərçə ata evini buraxıb leylək yanında yurd səldı. Ona
dedilər: «Sənə yaraşmır, belə balaca boyunla elə böyük bir quşa
qonşu olur, yer tutmaqda, mənzil salmaqda özünü ona tay
edirsən». Dedi: «Mən də elə bu fikirdəyəm. Ancaq öz fikrimə
əməl edə bilmirəm. Mənim qonşuluğumda bir ilan yaşayır. Mən
hər il bala çıxardır, müsibətlə onları böyüdürəm. Qəflətən
hücum edib balalarımı tutur, bir göz qırpımında hamısını udur.
Bu il ondan qaçmışam, bu böyük qonşumun ətəyindən
yapışmışam. Ümid edirəm, bu, mənim qisasımı ondan alacaq,
hər il o, mənim balalarımı özünə qida etdiyi kimi, bu il bu onu
öz balalarına qida edəcəkdir».
Q i t ə
Şirin meşəsində yaşasa tülkü,
Qurdların dişindən nə qorxusu var?
Kiçiyin zülmündən qurtarar o kəs
Ki, böyük adamın yanında yaşar.
92
Hekayət.
İtdən soruşdular: «Nə səbəbə sənin durduğun qapıya bir
yolçu yaxınlaşa bilmir, oturduğun astanadan bir dilənçi keçə
bilmir?»
Dedi: «Mən acgözlülük və artıq tamahkarlıqdan
usanmışam, az yeyib qənaət etməkdə şöhrət qazanmışam, süd
əvəzinə yalaq, ət əvəzinə sümüklə dolanmışam. Lakin dilənçilər
tamahkar, acgöz və hərisdirlər, xurcunları bir həftəlik yeməklə
dolu olduğu halda, hər gələnə əl açarlar, çantasında on günlük
sursat olduğu halda, hər qapını döyər və ehtiyac üçün əllərində
çomaq tutarlar. (Odur, harda olsa, onları axtarıb tapıram, ya
hürüb qorxuduram, ya dişləyib qapıram).»
Q i t ə
Hər kimin ki, ürəyinə ayaq basdı qənaət,
Acgözlüyün əl-qolunu bağladı o haman gün.
Harada ki, qənaət öz mətaını döşədi,
Kasad etdi ehtirasın bazarını büsbütün.
Hekayət.
Bir tülkü balası anasına dedi: «Mənə bir hiylə öyrət ki, itə
rast gəlsəm, canımı onun əlindən qurtarım». Anası dedi:
«Bunun üçün hiylə çoxdur, ancaq ən yaxşısı odur ki, evdə
oturasan, nə itə rast gələsən, nə canını qurtarmaq üçün hiylə
axtarasan».
Q i t ə
Düşmən sənə itlik etsə, darıxma,
Ona qarşı hiylə etmə, aqil ol!
Min kələkdən faydalıdır həlimlik,
Nə sülhə, nə davaya sən vermə yol.
93
***
94
Hekayət.
Bir qırmızı arı bir şana hücum edib onu yeməyə başladı.
O inildəyib dedi: «Bu qədər şirin bal ola-ola məndə nə var ki,
onu qoyub mənə hücum edirsən?».
Qırmızı arı dedi: «Əgər o baldırsa, sən bal şanısan, əgər o
şirindirsə, sən şirinlik kanısan».
Q i t ə
O həqiqət adamına eşq olsun ki, hər zaman
Quru salam göndərməkdən üz döndərib vəsl istər.
Fər pərdəsi arxasında əsli görən kimi tez
Fəri atıb hərarətlə həqiqət və əsl istər.
***
Hekayət.
Gördülər bir qarışqa zorla bir çəyirtkəni çəkib aparır.
Təəccüb edib dedilər: «Bu qarışqaya baxın, görün bu balaca
bədənlə bu böyüklükdə gövdəni necə dartıb aparır?!» Qarışqa
bunu eşidib güldü və dedi: «İgidlər yükü qeyrət və cəsarət zoru
ilə dartarlar, bədənin böyüklüyu, cüssənin zorbalığı ilə apar-
mazlar».
Q i t ə
Yer-göy aciz qalan yükü
Çəkə bilməz bu cismü can.
Eşq əhlindən kömək alıb,
Hümmət ilə çəkər insan.
***
Hekayət.
Noxtası ayağına dolaşa-dolaşa bir dəvə çöldə otlayırdı.
Bir siçan onu yiyəsiz görüb tamaha düşdü, noxtasından tutub
95
yuvasına dartmağa başladı. Dəvə də təbiətən üzüyola
olduğundan, kim noxtasından yapışdısa, onun dalınca getməyə
adət etdiyindən, siçana müqavimət göstərmədi. Siçanın
yuvasına çatdıqda balaca bir deşik olduğunu gördü və dedi:
«Ay korafəhim, bu nə işdir tutdun, bu balaca deşiyə mən necə
girəcəyəm? Nə bundan sonra sənin evin böyüyəcək, nə mənim
bədənim kiçiləcək. Mənimlə sənin dostluğun necə baş tuta
bilər, mənimlə sənin yoldaşlığın necə davam edə bilər?!»
Q i t ə
Dəvə kimi yol gedirsən hey əcəlin yolunda,
Dalındasa tamah yükü həddindən artıq çoxdur.
Yaxşı olar bu yükünü yüngül edib gedəsən,
Bu yüklərə o darısqal qəbr evində yer yoxdur.
Hekayət.
Bir qoyun bir arxdan atlandı, quyruğu yuxarı hoppandı.
Keçi gülüb dedi: «Ayıb yerin görsəndi». Qoyun üzünü geri
çevirib dedi: «Ay insafsız, mən illər boyu sənin ayıb yerini
görmüşəm, lakin gülməmişəm, istehza edib ələ salmamışam,
sən ömründə bircə dəfə mənim ayıb yerimi görməklə nə üçün
gülürsən?»
Məsnəvi
Nanəcibin özündə min eyib var,
Xalq içində gəzir aydın, aşikar.
Bir nəcibdə azacıq nöqsan görcək,
Min lənətlə o şəxsi yad edəcək.
O hey bundan deyib gələr çox hədə,
Busa ondan danışmaz bir kəlmə də.
***
96
Hekayət.
Bir öküz öz sürüsü içərisində ən qüvvətli sayılar və
başqalarına başçılıq edərdi. Canavar sürüyə daraşanda onun
buynuzuna rast gələr, geriyə çəkilməyə məcbur olardı. Birdən
ona bədbəxtlik üz verdi, fələk ondan üz döndərdi: buynuzu
sındı. Bundan sonra hər canavar gələndə qaçıb başqa öküzlərin
dalına girərdi, səbəbini soruşanda deyərdi:
Rübai
O gündən ki, sərvim getdi, qaldım tək,
Döyüş meydanında soyudum həmən.
Məsəl var, deyərlər: vuruş çağında
Zərbə hərbədəndir, davasa mərddən.
Hekayət.
Bir dəvə ilə bir dovşan yoldaşlıq edir, bir yerdə yol
gedirdilər. Bir böyük çaya çatdılar. Çaya birinci dəvə girdi. O,
çayın ortasına çatanda, su da onun qarnına çatmışdı. Qışqırıb
dovşana dedi: «Qorxma, gəl, su qarından yuxarı qalxmır».
Dovşan dedi: «Doğru deyirsən, lakin qarından qarına fərq var.
Sənin qarnına çatan su mənim başımdan aşar».
Q i t ə
Ey qardaşım, heç kim səni səndən yaxşı tanımaz,
Tük qədər də sən özünü artıq vermə qələmə.
Sənə səndən yüksək qiymət versələr də bilmədən,
Öz həddini yaxşı anla, çox füzulluq eləmə!
Hekayət.
Bir tavusla bir qarğa bağda rastlaşdılar, bir-birinin hünər
və eybini görüb fikirləşdilər. Tavus qarğaya dedi: «Sənin
ayağında olan o qırmızı çəkmə mənim atlas paltarıma, zərbaft
97
qanadıma, naxışlı quyruğuma yaraşır (həqiqəqə qalsa, o elə
əslində mənim olmuşdur). O vaxt yoxluq gecəsindən varlıq
gündüzünə qədəm qoyduqda, biz səhv edib başmaqlarımızı
dəyişik salmışıq, mən sənin üzüqara çarığını, sən mənim üstü
qırmızı çəkməmi geyibsən». Qarğa dedi: «Deyəsən, həqiqət
bunun tərsinədir. Dəyişiklik düşübsə də, başqa geyimlərdə
düşübdür. Sənin yerdə qalan bütün paltarların mənim çəkmələ-
rimə yaraşır. Görünür, yuxulu olduğumuz halda, səhvən sən
mənim paltarımı geyibsən, mən də sənin paltarını».
O yaxınlıqda bir bağa oturub onların sözlərinə qulaq asır
və mubahisələrinə diqqət edirdi. Başını qaldırıb dedi: «Ey əziz
dostlar və təmiz məxluqlar, bu boş mübahisədən əl çəkin və bu
yersiz mübadilə haqqında danışmayın... Kimin nəyi var, onunla
razılaşsın, getsin, rahat yaşamağa başlasın».
Q i t ə
Başqasına, həsəd çəkmək heç ağıldan deyildir,
Uzaqlaşma bir an belə ağıldan, fərasətdən.
Xalqdan tamah, həsəd kimi ürəyə dərd gətirər,
Tamahını kəsib qurtar bu daxili zülmətdən.
Hekayət.
Bir tülkü bir kaftarın cənginə keçdi. Kaftar tamah dişini
qıcıyıb, iti dişləri ilə onu sıxmağa başladı. Tülkü qışqırıb dedi:
«Ey şir kimi qüvvətli, pələng kimi qüdrətli ağam. Bu yazıq
quluna rəhmin gəlsin, allaha bax, mənim bu dünyanı gəzək
ayağımı burax. Bir də ki, bir dəri bir sümükdən və ya bir kilkə
tükdən ibarət olan məni yeməkdən sənə nə olacaq? Nə ürəyin
dincələcək, nə qarnın doyacaq...».
Nə qədər belə söz dedisə, kaftara təsir etmədi. Tülkü
dedi: «Heç olmasa, mənim yaxşılıqlarımı yadına sal, haqqımı
itirmə. Məndən nə qədər dostluq istəyibsən, dostluq etmişəm,
kömək diləyibsən, kömək göstərmişəm».
98
Kaftar tülkünün bu yalan sözündən qəzəbləndi, özündən
çıxdı, ağzını açdı desin ki, «bu nə axmaq sözdür, havaxt və
harada belə bir iş olubdur?».
Ağzını açmaqla tülkünün qaçmağı bir oldu.
99
Q i t ə
Xoş dil ilə düşmənindən qurtarmaq baş tutmursa,
Yaxşıdır ki, vuruşmaqçın başlayasan pis dilə.
Paslı qıfıl ahəstəcə açılmazsa, yəqin ki,
Onu daşla sındıraraq son qoyarsan müşkülə.
***
Hekayət.
Bir çaqqal səhər yuxusu vaxtı bir xoruzu tutdu. Xoruz ah-
fəryad edib dedi: «Mən yatanların bançısı, oyaq qalanların
azançısıyam. Gəl məni öldürməkdən vaz keç, qanımı nahaq
yerə axıtma».
B e y t
Nə üçün sən mənimlə səbəbsiz vuruşursan,
İstəyirsən qəlbimdən günahsız tökülsün qan?
Çaqqal dedi: «Mən sənin ölümündən əl çəkə bilmirəm,
ancaq xahişindən də keçə bilmirəm. Ona görə bu qərara
gəlmişəm ki, ixtiyarı sənə verim, necə istəsən, elə də edim.
İstəyirsən bir zərbə ilə canını alım, istəyirsən tikə-tikə doğrayıb
qazana salım».
Q i t ə
Bir yaramaz şər atarsa sənə, əqlə arxalan,
Ancaq əqlin tədbirilə dəf olunar şurü şər.
Yalvarmaqla xilas olmaq fikrinə heç düşmə sən,
Çünki pisdən qurtaran tək daha pisi rast gələr.
100
XATİMƏ (SON)
Ürəyimə damır, fikrimdə dolanır ki, bu kitab qurtarana
oxşamır; xəyal düşünməkdən, qələm işləməkdən yorulmur.
Lakin yazanın təb güzgüsünü yorğunluq pası basdığından,
oxucunun mərhəmət əli onu cilalandırmadığından, burada
dayanmağı məsləhət bildim.
Ey Cami, aç sözün büsatını sən
Ki, sözdən daha xoş bir büsat yoxdur.
Lakin xamuş olub sakitcə otur,
Əgər bu halətdə bir nişat yoxdur,
Təbində şadlığın nə mənası var,
Əgər bu məclisdə qəlbi şad yoxdur.
Burda deyilən şerlər, nağıl edilən hekayələr başqalarının
adından deyilməyibsə, bu kitabı yazanın öz fikrinin
məhsuludur.
Rübai
Cami ki, hər yerdə bir əsər yazsa,
Heç kəsdən sözü borc almağa getməz.
Kimin ki, dükanda öz malı çoxdur,
Özgənin malına dəllallıq etməz.
Mən oxucuların alicənablığına bel bağlayıb ümid edirəm
ki, bir nöqsan görsələr, mərhəmət göstərib ona göz yumacaqlar,
rüsvay etmək üçün ağızlarını açıb dillərini işə salmayacaqlar...
Bu kitabın yazılma tarixi haqqında.
Bu gözəl əsərdə qələm gəzərkən,
Cami öz təbini sınadı gözəl.
Bitməkdə tarixin bilmək istəsən,
101
Səkkiz yüz doxsanın üstə iki gəl!
Dostları ilə paylaş: |