M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 222,71 Kb.
səhifə10/57
tarix24.08.2023
ölçüsü222,71 Kb.
#120862
1   ...   6   7   8   9   10   11   12   13   ...   57
muhazirə felsefe 2021

Klassik mərhələ. Qədim yunan fəlsəfəsinin bu mərhələsi insana doğru dönüş ilə səciyyələnir, insanın kosmosda yeri və məqsədi haqqında yeni təsəvvürlər formalaşır. Bu mənada sofistlərin (müdriklik müəllimi) insan və şüur mövzusu əhəmiyyətli yer tutur.
Sofizmin əsas nümayəndələrindən Protaqor və Qorqiy adlarını çəkmək olar.
Sofizmin əsas prinsipi Protaqor tərəfindən belə ifadə olunmuşdur:”İnsan hər şeyin-mövcud olan və mövcud olmayan bütün şeylərin ölçüsüdür”.Onun fikrincə insana xoş olan hər şey yaxşıdır, əzab verən isə pisdir.
Sokratın fəlsəfi baxışları. Klassik dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri Sokrat idi. Sokrat (e.ə. 469-399) qədim dünyada hikmətlilik təcəssümü, müdriklik nümunəsi kimi tanınmışdır. Buna baxmayaraq, o, özünü müdrik hesab etmirdi. Sokrat deyirdi ki, mən yalnız müdrikliyi sevən filosofam, "yalnız onu bilirəm ki, heç bir şey bilmirəm". Sokrat fəlsəfədə idealizm mövqelərindən çıxış edərək deyirdi ki, "dünyanı hər şeyə qadir, hər yerdə mövcud olan, ən böyük Allah yaratmışdır". Onun fikrincə, dünyanın əsası, onun mahiyyəti "ruhi prinsip"dən ibarətdir.
Sokrat fəlsəfəsinin əsasını insan problemi təşkil edirdi, onun mərkəzində isə insanın icmaya, cəmiyyətə, qanuna, allahlara münasibəti dururdu. Sokratın fıkrincə, fəlsəfə insanın dərk edilməsinə həsr olunmalıdır, bunun üçün, birinci növbədə gərək "insan özü-özünü dərk etsin". Sokratın fikrincə, öz-özünü dərk insanın öz daxili dünyasını dərk etməsi deməkdir.
Sokratın insan haqqındakı fəlsəfi düşüncələrində əsas məsələlərdən biri də xeyirxahlıq və onun mahiyyəti haqqındakı fikirləridir. Onun nöqteyi-nəzərincə, xeyirxahlıq çox yüksək əxlaqi keyfiyyətdir. Xeyirxah insan səbrli, qeyrətli və ədalətli olur. Xeyirxah olmayan insan bu keyfiyyətlərə malik ola bilməz. Sokratın fikrincə, həqiqi mə"nəvi kamillik xoşbəxtliyi, gözəlliyi, eyni zamanda, insan üçün xeyirli olanları bilmək deməkdir. Bunları dərk etmək insana öz xoşbəxtliyinə nail olmaqda kömək edir. Sokrat belə hesab edirdi ki, xeyirxahlığa gerçəkliyi və öz-özünü dərk etmək qabiliiyyətinə malik olan nəcib və alicənab insan nail ola bilər. Sokrat yaşadığı dövrün və mövcud hakimiyyətin qanunsuzluqlarına və ədalətsizliklərinə qarşı həmişə öz kəskin e"tirazını bildirirdi. Onu düşündürən başlıca məsələ qanunlara ciddi əməl edilməsi və dövlətin bacarıqla idarə olunması məsələsi idi. Sokrat belə hesab edirdi ki, dövlətə təcrübəli, səriştəli adamlar rəhbərlik etməlidir. O, dövlət başçısını gəmi kapitanı ilə müqayisə edərək deyirdi ki, gəmini müəyyən biliyə, təcrübəyə və vərdişlərə malik olan adamlar idarə edə bildiyi kimi, dövləti də bu kimi adamlar idarə etməlidirlər.
Sokrat özü aristokratiya dövlət hakimiyyəti formasının tərəfdarı idi. Sokrat gənclərin tərbiyəsini pozmaqda, allahsızhqda, naturfəlsəfə ilə məşğul olmaqda ittiham edilərək e.ə.399-cu ildə ölüm hökmünə məhkum edilmişdir. O, həbsxanada zəhər içərək özünü öldürmüşdür.
Platonun fəlsəfi baxışları. Antik yunan fəlsəfəsinin klassik dövrünün şöhrət tapmış filosoflarından biri də Platondur. Platonun (e.ə. 427-347) fəlsəfi yaradıcılığının formalaşmasına pifaqorçuların, Heraklitin və Sokratın güclü tə"siri olmuşdur. O, Afinada özünün şəxsi fəlsəfi məktəbini yaradaraq onu Akademiya adlandırdı. Son nəticədə bu fəlsəfi məktəb antik idealizmin mərkəzinə çevrildi. Platon çox böyük fəlsəfi irs qoyub getmişdir. O, "Sokratın apologiyası" (tə"rifləmnəsi), "Qanunlar" adlı traktatlarla yanaşı, dialoq formasında 34 əsər yazmışdır. Platon"Pir", "Teetet", "Fedon", "Parmenid", "Fedr", "Menon", "Alkiviad", "Meneksen", "Laxet", "Yevtifron" və s. bu kimi dialoqların müəllifidir.
Platon fəlsəfədə obyektiv idealizm mövqeyindən çıxış etmişdir. Onun obyektiv idealizm tə"limində demək olar ki, keçmiş idealist tə"limlərin bütün elementləri öz əksini tapmışdı. Platon fəlsəfəsi idealizmin inkişafının yüksək pilləsi kimi qiymətləndirilir. Onun fikrincə, bizi əhatə edən və hiss üzvlərimiz vasitəsilə dərk etdiyimiz maddi aləm ancaq "kölgədir", o, ideyalar aləmindən yaranmışdır. İdeya birincidir, maddi aləm ikinci. Maddi aləmin bütün predmetləri, təzahürləri keçicidir, meydana gəlir, məhv olur və dəyişir. Buna görə də onlar əsl mə"nada varlıq adlana bilməzlər, ideyalar isə dəyişməzdir, hərəkətsizdir və əbədidir. Ona görə, Platon ideyaları gerçək varlıq hesab edir.
Onun fikrincə, ideyalar əsl mahiyyətdir, onlar maddi dünyadan asılı deyillər, obyektiv xaraklerə malikdirlər. Daha sonra o qeyd edirdi ki, hiss ilə qavranılan aləm, hisslərdən yüksəklikdə duran ideyaların solğun izləridir, gölkələridir. Platonun əsərlərində zəngin dialektik fikirlərə rast gəlmək olar.
Platonun əsərlərində gerçəkliyin dərk edilməsi məsələlərinə xüsusi diqqət yetirilir. O, "Fedr" və "Menon" dialoqlarında bu məsələni ardıcıl idealizm mövqelərindən həll edir, hissi idrakı rasional idrakdan ayırır, hissinin əzəli, rasionalın isə ikinci, ondan törəmə olduğunu sübüt etməyə çalışır. Platonun fikrincə, hissi idrakın predmeti onun qeyri-varlıq adlandırdığı maddi aləmdir. Əsl varlıq olan ruh haqqında mə"lumatı isə rasional idrak vasitəsi ilə əldə etmək mümkündür.
Platonun fəlsəfəsində onun kosmoloji düşüncələri özünəməxsus yer tutur. O deyirdi ki, kosmos "birdir". O, əbədi deyil, ona görə də, yaradılmışdır. Kosmos sonludur və şarabənzər formadadır, onun mərkəzi planetlər və hərəkətsiz ulduzlarla əhatə olunmuş yerdir. Göy cisimlərini Platon, canlı varlıqlar, allahlar adlandırırdı. O yazırdı ki, "kosmos ruhu və əqli olan canlı varlıqdır, o, Allah tərəfindən yaradılmışdır".
Platonun sosioloji baxışları, dövlətin meydana gəlməsi haqqındakı fikirləri də xüsusi maraq doğurur. Onun fikrincə, insanlar öz ehtiyaclarını ödəyə bilmədikləri üçün dövləti yaradırlar. O belə hesab edirdi ki, "ideal dövlət" 3 sosial qrupun birliyindən meydana gəlir:
İdarə edənlər - filosoflar;
Ölkəni qoruyanlar, onun təhlükəsizliyini tə"min edənlər - əsgərlər;
İstehsalçılar - əkinçilər və sənətkarlar;
Platon "ideal dövlətin" idarə formalarını 2 yerə bölür:
Münasib dövlətforması.BuradaPlatonaristokratik respublikanı nəzərdə tutur.O, monarxiyanın əleyhinə olmuşdur.
Reqressiv – tənəzzülə uğrayan dövlət forması. Bu hərbi qüvvəyə əsaslanan bir neçə şəxsin hakimiyyətidir. Belə hakimiyyət forması demokratiya adlanır. Qədim Yunanıstanda demokratiya idarə forması eramızdan əvvəl V və VI əsrbrdə Sparta dövlətində olmuşdur.
Demokratiyadan bir qədər aşağı olan dövlət formasını Platon oliqarxiya adlandırır. Bu ticarətçilərə arxalanan bir neçə şəxsin hakimiyyətidir. O, demokratik dövlət formasının əleyhinə olmuş, onu qara camaatın, qədirbilməz xalqın, qaniçən zalımların hakimiyyəti hesab edirdi.
Platon fəlsəfəsi idealist əsaslar üzərində qurulsa da bəşər fikrinin inkişafı tarixində az rol oynamamışdır.
Aristotelin fəlsəfi baxışları. Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən görkəmli nümayəndəsi Aristoteldir. Aristotel (e.ə.384-322) bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində xüsusi rol oynamışdır. 0, dünya şöhrətli fllosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan bir şəxsiyyət kimi tanınmışdı.
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur. O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun akademiyasına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun ideyalar haqqında tə"limi Aristotelə böyük tə"sir göstərmişdir. Lakin Akademiyaya daxil olduqdan on il sonra, o, müstəqil fikirlər söyləməyə, öz müəlliminin tə"liminə qarşı çıxmağa başladı. Son nəticədə o, Akademiyanı tərk etdi, II Filippin də'vəti ilə Makedoniyaya qayıtdı və çar sarayında onun oğlu Aleksandrın tərbiyəsi ilə məşğul olmağa başladı. Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə onun arasında münaqişələr, ziddiyyətlər başlandı. Aristotel Aleksandrın qəsbkarlıq siyasətini tənqid edir, onunla yola getmirdi, ona görə də çar sarayını tərk edib Afinaya qayıtdı. 337-ci ildə o burada özünün "Likey" adlanan xüsüsi fəlsəfi məktəbini yaratdı. Aristotel 150-yə qədər elmi əsərin və fəlsəfi traktatın müəllifidir.
Aristotelin ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, varlıq haqqında xüsusi bir tə"lim yaratmış, onu "birinci fəlsəfə"-"metafizika" adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa daxil olan Aristotelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca - ontos - varlıq və loqos-tə"lim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu qəbildən olan əsərləri bir traktatda birləşdirərək onu "Metafizika" adlandırdı (fizikadansonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət elmlərinin fəlsəfi məsələlərinə həsr olımmuş "Fizika", "Səma haqqında", "Meydana gəlmə və məhv olma haqqında", "Meteorologiya", "Heyvanlarun meydana gəlməsi" haqqında və eləcə də ictimaiyyətşünaslıq problemlərinə dair "Siyasət", "Ritorika", "Etika", "Poetika" adlı əsərlər yazmışdır. Daha sonra o, məntiqə, metodologiyaya aid "Kateqoriyalar", "Anlayış haqqında", "Birinci analitiklər", "Ikinci analitiklər", "Ümumi dəlillər" adlı traktatlar işləyib hazırlamış və onları "Orqanon" adlanan ümumi bir başlıq altında birləşdirmişdir.
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi diqqət yetirmiş və hər cür varlığın əsasını "birinci materiyada" görmüşdü. Lakin o bu materiyanı varlıqla qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret varlığın sadə, tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə, bu "birinci materiyanın" ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: od, hava, su və torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən "birinci materiya" ilə, hiss üzvləri ilə qavranılan və real surətdə mövcud olan aləm arasında müəyyən keçid pilləsidir. Aristotel yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki mahiyyəti fərqləndirmək lazımdır. Bunlar istidən və soyuqdan, yaşdan və qurudan ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin dörd əsas üzrə birləşməsi, dörd əsas elementin meydana gəlməsini tə"min edir:
1). Od istinin və qurunun,
2). Hava istinin və rütubətin,
3). Su soyuğun və rütubətin,
4).Torpaq isə soyuğun və qurunun birləşməsi nəticəsində yaranmışdır.
Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin kombinasiyalarının, qarşılıqlı təsirinin nəticəsidir.
Aristotelin nöqteyi-nəzərincə, "birinci materiyadan" fərqli olaraq, hiss ilə qavranılan varlıq dərk ediləndir. Bu varlığı isə əsas kateqoriyalar vasitəsilə müəyyən etmək olar. Aristotel belə hesab edirdi ki, konkret şeylər - hiss ilə qavranılan varlıq materiya ilə formanın birləşməsi nəticəsiadə yaranmışdır. Forma bu əsas elementdən gerçək real varlığı yaradır. Onun fikrincə, həqiqi varliq materiya və formanın vəhdətindən ibarətdir. Formalar forması isə Allahdir.
Aristotelin əsarlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O, "Metafizika" və "Fizika" əsərlərində hərəkət haqqında xüsusi tə"lim yaratmışdı. O, "Metafizika"da sübut etməyə çalışırdı ki, hərəkətin mənbəyi ilk hərəkətverici qüvvə olan Allahdır. Aristotel "Kateqoriyalar" əsərində hərəkətin meydana gəlmə, məhv olma, artma, azalma, dəyişmə və yerdəyişmə kimi növlərini göstərmişdir.
O həm də zaman və məkan kateqoriyalarının şərhini vermiş, konkret varlıq və zaman arasında sıx əlaqə görmüş, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına xüsusi diqqət yetirmişdir.
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci səviyyəsi hesab edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-ayrı şeyləri hiss üzvləri vasitəsi ilə, konkret gerçəkliyin ümumi qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı inkişafda olan bir proses kimi xarakterizə edir, onun aşağı pillədən yüksək pilləyə doğru yüksəlməsini göslərirdi. Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri aşağıdakılardan ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu inkişafın ən yüksək zirvəsidir.
Aristotel hissi idrakla mətıtiqi idrak arasındakı dialektik vəhdəti görürdü. O deyirdi ki, ümumini yalnız müşahidə və ya "xatırlama" vasitəsilə dərk etmək olmaz. Bunun üçün təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq, müqayisə etmək lazımdır. Aristotel hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə edilən anlayışlara əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi.
Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. O, hesab edirdi ki, ideyalar aləmi haqqında Platonun tə"limi real varlığın dərk olunmasına nəinki kömək etmir, əksinə onu bir qədər də çətinləşdirir.
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi idrakın silahı hesab edirdi. Məhz buna görə də özünün məntiqə dair ən böyük əsərini "Orqanon" (silah) adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri əsaslarını işləyib hazırlamışdır.
Aristotelin kosmoloji baxışları da çox maraqlıdır. O deyirdi ki, kosmos da dünyanın mərkəzi olan Yer kürəsi kimi şara bənzərdir. Burada ayrı-ayrı ulduzlar hərəkət edirlər. Yerə daha çox yaxın olan Aydır, ondan sonra gələn Günəşdir və başqa planetlərdir. Yerdən ən çox uzaqda olan bərəkətsiz ulduzlardır. Aristotelin fikrincə, Aydan Yerə qədər məkanda nə varsa, hamısı materiya və efirlə doldurulmuşdur. Bütün Kainat 5 elementdən -od, su, hava, torpaq və efirdən ibarətdir. Aristotel belə hesab edirdi ki, göy cisimləri dəyişməzdir, lakin daimi dairəvi hərəkətdədir. Yer dəyişir, amma hərəkət etmir. Aristotelin ilk təkan ideyası, sonralar göy cisimlərmin hərəkəti haqqında teoloji konsepsiyaların meydana gəlməsinə səbəb oldu.
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun "Siyasət" adlı traktatında şərh olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən məsələlərdən biri də insanın ictimai varlıq kimi xarakterizə edilməsidir. O, quldarlıq quruluşunun ardıcıl müdafıəçilərindən biri idi. Aristotel quldarlığı cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə olması, digərinin isə hökmranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə qul olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini "əbədiləşdirsə"də başa düşürdü ki, getdikcə bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən artıq varlanmanın əleyhinə çıxır və belə hesab edirdi ki, bu, cəmiyyətdə tarazlığı pozur.
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır.
Ən çox varlılar.
Orta sinif.
3. Son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər.
Onun fikrincə, dövlətin əmin-amanlığı üçün ən sərfəli orta sinifdir. Aristotel dövlətin 3 münasib idarə formasından danışışır, onları monarxiya, aristokratiya və politeya adlandırırdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət hesab edirdi:
1.Vətəndaşların həddindən artıq varlanmasının qarşısmı almaq.
2.Şəxsiyyətin siyasi hakitniyyətinin həddindən artıq güclənməsinə imkan verməmək.
3.Qulları itaətdə saxlamaq.
Aristotelin yaradıcılığı Antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün yüksək zirvəsi idi. O, Qədim dünyanın ən böyük alimi, görkəmli filosofu idi. Fəlsəfə tarixində etika, estetika və məntiq haqqındakı tə"limlər Şərq filosoflarından sonra özünün ən geniş şərhini Aristotelin əsərlərində tapmışdı. Aristotel öz dövrünün elmi nailiyyətlərini sistemləşdirməklə yanaşı, həm də onları fəlsəfi cəhətdən ümumiləşdirmişdir. Aristotel tə"limi, sonrakı dövlərdə meydana gələn bir sıra fəlsəfi sistemlərin başlanğıcı oldu. O, Şərqdən bəhrələnməklə, həm də Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikrinin inkişafına böyük tə"sir göstərmişdir.
Ellinizm dövrü fəlsəfəsi. Ellinizm Dövrü Makedoniyalı İsgəndərin yürüşlərinin başlanmasından, onun imperiyasının ayn-ayrı xırda dövlətlərə parçalanmasından, romalıların Misiri fəth etməsinə qədər olan dövrü əhatə edir. E.ə. IV və III əsrlərdə azad yunan polislərinin (dövlətlərinin) böhranı kulminasiya nöqtəsinə çatmışdı. Yunan şəhərləri əvvəlcə Makedoniya hakimiyyətinin, sonralar isə Romanın tə"siri altına düşmüşdü. Yunanıstanın iqtisadi və siyasi cəhətdən süquta uğraması, imperiyanın ayn-ayrı xırda dövlətlərə parçalanması, polislərin-dövlətlərin rolunun heçə enməsi Yunan fəlsəfəsinininkişafınadaözmənfitə"sirinigöstərdi.
Yunanıstanda obyektiv aləmin dərk edilməsinə yönəldilmiş bütün cəhdlər, filosofların siyasi həyatda fəal iştirakı tədricən fərdiyyətçilik, skeptisizm və aqnostisizmlə əvəz olundu. Bir müddət sonra, fəlsəfi təfəkkürə maraq kəskin şəkildə azaldı. Belə bir şəraitdə mistika, dini-fəlsəfi sinkretizm (bir-biri ilə uyğunlaşmayan ziddiyyətli görüşlərin birləşdirilməsi), xristianlıq fəlsəfəsi dövrü başlandı. Bu zaman Yunanıstanda bir neçə fəlsəfi məktəb fəaliyyət göstərirdi.
Aristotel fəlsəfəsinin varisi kimi peripatetika (gəzinti zamanı fəlsəfi söhbətlərin, mübahisələrin aparılması) meydana gəldi və təqribən min il fəaliyyət göstərdi. Bu məktəbin nümayəndələri -Teofrast, Evdem, Aristoksen, əsasən, Aristotel fəlsəfəsinin təhlili və şərhi ilə məşğul idilər. Afinada peripatetika məktəbi ilə yanaşı, Platonun yaratdığı akademiya da fəaliyyət göstərirdi. Akademiya eramızdan əvvəl I əsrdə tədricən tənəzzülə uğradı, son nəticədə Platonun idealizmindən imtina edildi və nəhayət, Epikürün materialist tə"limi meydana gəldi.
Epikür (e.ə. 342-271) fəlsəfəsinin mənbəyi Demokritin atomistika tə"limi idi. Demokritin fəlsəfəsini dərindən öyrənmiş və sonralar Afinada özünün fəlsəfi məktəbini ("Epikür bağı") yaratmışdı. O, atomist materializmin ən böyük nümayəndəsidir. Öz müəllimi Demokrit kimi Epikür də dünyanı bölünməz atomlardan və bunların hərəkət etdiyi boşluqdan ibarət bilirdi. Lakin Demokritdən fərqli olaraq Epikür qeyd edirdi ki, atomlar təkcə böyüklüyünə və formalarına görə deyil, habelə, ağırlıqlarına görə də fərqlənirlər.O, özünəməxsus şəkildə atom çəkisini bilmiş və atomun həcmini tə"yin etməyə cəhd etmişdir. Epikürə görə, atomlar əbədi, fasiləsiz hərəkət halındadırlar. Hərəkət atomların və boşluğun vəhdətinin, onların qarşılıqlı tə"sirinin nəticəsidir. Epikür atomların hərəkətinin səbəbini öyrənməyə səy göstərmişdir. Onun fikrincə, atomların hərəkəti onların ağırlığı ilə əlaqədardır. Ağırlıqlarından asılı olaraq atomlar şaquli xətt üzrə hərəkət etməklə bərabər, düzxətli hərəkətdən kənara meyl edib əyri xətlə də hərəkət edirlər. Epikürün zənnincə, atomlar boşluqda üç cür hərəkətə malikdirlər: I) düz xətt üzrə düşmə hərəkəti; 2) düz xətdən kənara meyl edilməsindən törəyən hərəkət; 3) atomların toqquşmasından əmələ gələn hərəkət.
Bununla Epikür atomlar aləminin quruluşuna baxışları dəyişdirdi və göstərdi ki, öz-özünə hərəkət etmək atomların daxili mahiyyətindən irəli gəlir.
Fəlsəfə tarixində Epikürün xidməti bir də ondadır ki, o, Demokritdən fərqli olaraq rəng, iy, dad kimi keyfiyyətlərin obyektivliyini qəbul etmişdir.
Epikürün idrak nəzəriyyəsi. Epikür duyulan maddi şeyləri insan biliyinin mənbəyi hesab etmiş, idrakın mexanizmi və yolları haqqında sadəlövh materialist müddəalar söyləmişdir. Epikürün tə"liminə görə, idrak müşahidə, hissi qavrayışlar əsasında baş verir. Onun fikrincə, cisimlərin surətləri hiss üzvlərində əks olunaraq insanda duyğu yaradır, bu da öz növbəsində insan beynində xarici cisim və hadisələrin uyğun surətlərini əmələ gətirir.
Epikür duyğuların obyektiv məzmununu açıb göstərməklə yanaşı, ruhu maddi varlıq hesab edir və bu fikrini əsaslandırmağa çalışırdı. Onun fikrincə ruh da atomlardan təşkil olunmuşdur, lakin şeylərin atomlarına nisbətən o daha incə və sür"ətlə hərəkət edən atomlardan ibarətdir. Epikür fəlsəfəsinə görə, Kainat sonsuzdur, qeyri-məhduddur, maddi aləmdən başqa və ondan kənarda heç bir şey yoxdur. O öyrədirdi ki, insanlar nə təbiətin dəhşətli hadisələrindən, nə də allahlardan qorxmamalıdır. İnsanlar üçün ölüm qorxulu görünməməlidir. Çünki, nə qədər ki, biz varıq ölüm yoxdur, ölüm gəldikdə isə artıq biz olmayacağıq. Epikür axirət dünyasının mövcudluğunu rədd edirdi. O deyirdi ki, insan öləndən sonra onun atomlardan ibarət olan ruhu da məhv olur, odur ki həyat zövqü yalnız bu dünyaya məxsusdur.
Ellinizın dövründə əvvəllər Yunanıstanda, sonralar isə Romada stoisizm, skeptisizm, eklektisizm kimi digər fəlsəfi tə"limlər də geniş yayılmışdır.
Stoisizm fəlsəfi cərəyanının əsasını Zenon (Kition şəhərində) qoymuşdur. Stoiklərin fikrincə, insanlar təbiətin tələblərinə uyğun şəkildə yaşamalıdırlar. Onlar o dövrün fəlsəfəsinin 3 tərkib hissəsini - məntiqi, fizikanı və etikanı bir sistem halında birləşdirmək istəyirdilər. Onlar fəlsəfəni insan orqanizmi ilə müqayisa edərək, məntiqi onun skeleti, etikanı damar sistemi, fizikanı isa ruhu adlandırırdılar. Stoiklər ontologiyada 2 əsas başlanğıcı - maddi və mə"nəvini qəbul edirdilər. Onlar belə hesab edirdilər ki, bu başlanğıcların birləşməsindən ayrı-ayrı cisimlər, şeylər yaranır. Onların fəlsəfəsi panteist mahiyyət kəsb edirdi, idrak nəzəriyyəsində sensualist idilər, lakin əqlin rolunu da tam inkar etmirdilər.
IV əsrin axınnda yunan fəlsəfəsində skeptisizm cərəyanı formalaşır. Onun əsasını Pirron qoymuşdur. Skeptiklər idarkın həqiqətliyini şübhə altına alırdılar.
E.ə. II əsrin əvvəlindən Yunan fəlsəfəsi süquta uğrayır. Belə bir şəraitdə eklektisizm tə"limi meydana gəlir. Onun nümayəndələrindən Filonun (e.ə. 20-e. 50), Antioxun (e.ə. I və e. II əsrləri) adlarını çəkmək olar. Eklektiklər müxtəlif fəlsəfi sistemlərdən, bir-birilə üzvi surətdə bağlı olmayan fəlsəfi fikirləri mexaniki surətdə birləşdirib özünəməxsus bir tə"lim yaratmışdılar.

Yüklə 222,71 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə