Kafedra: "İctimai elmlər" Fakültə: Humanitar Fənnlər



Yüklə 47,99 Kb.
tarix31.12.2021
ölçüsü47,99 Kb.
#81899
Vidadi multikulturalizm


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ

Sərbəst iş


Kafedra: “İctimai elmlər”

Fakültə: Humanitar Fənnlər

İxtisas: Sosial İş

Fənn: Multikulturalizmə giriş

Kurs: 1


Qrup: 212807A

Mövzu: “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə münasibətdə mümkün siyasət modelləri: assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm”

Müəllim: Afiq Nadirov

Tələbə: Vidadi Cəfərov

Bakı-2021

Multikulturalizm bir siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir:

a. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur;

b. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir.

İkinci halda bu siyasət aparteid adlanır. Aparteid (afrika dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər” . 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə, digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdi. Məlum olduğu kimi, Cənubi Afrika Respublikasında aparteid sistemi bu ölkənin ilk qaradərili prezidenti, Nobel Sülh mükafatı laureatı Nelson Mandelanın rəhbərliyi altında 1994-cü ildə demokratik qüvvələrin ümumi seçkilərdə qələbəsindən sonra ləğv edildi.


Tarixi hadisələrin sonrakı gedişatı etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönələn bu iki siyasət modelinin səmərəsizliyini göstərdi. Belə ki, xalqların dünyagörüşünün və fəaliyyətlərinin əsasını təşkil etməklə həyatlarında müsbət rol oynayan etnik-mədəni dəyərlərin rolunun artdığı bir dövrdə assimilyasiya siyasətinin düzgün olmadığı kimi, qloballaşma, mədəniyyətlərin qovuşduğu bir şəraitdə izolyasiya siyasətinin də yanlış olduğu müəyyən olundu. Etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönəlmiş assimilyasiya və izolyasiya siyasətlərinin iflasa uğraması ötən əsrin 60- 70-ci illərində əvvəlcə Kanadada, sonra isə Avropanın bir sıra çoxmədəniyyətli ölkələrində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur. Artıq qeyd olunduğu kimi, multikulturalizm siyasətinin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur.

Multikulturalizm etnik, irqi, dini və mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumaqla yanaşı, izolyasiya siyasətindən fərqli olaraq milli azlıqların etnikmədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır və milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir.


Çoxmədəniyyətli Azərbaycan cəmiyyətindəki etnik- mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətini assimilyasiya və izolyasiya siyasətlərindən üstün tutan ulu öndər Heydər Əliyev multikulturalizmə cəmiyyətdəki çoxmədəniyyətliliyi, etnik-mədəni müxtəlifliyi xarakterizə edən pozitiv hadisə kimi yanaşırdı. Ümummilli lider cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunmasına yüksək önəm verərək deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
...Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun”.

Ümummilli lider Heydər Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıraraq onu dövlət ideologiyasının, azərbaycançılığın tərkib hissəsi hesab edirdi.


Müasir dövrdə Azərbaycanda olan multikultural durumu daha da möhkəmləndirmək məqsədilə Prezident İlham Əliyevin göstərişi ilə bir sıra mühüm əhəmiyyət kəsb edən işlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı 28 fevral 2014-cü il tarixli sərəncamla Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi xidməti təsis edilmiş, 7 may 2014-cü il tarixli fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, 15 may 2014-cü il tarixli fərmanla isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Prezidentin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il Azərbaycanda“Multikulturalizm ili” elan edilmişdir. 11 mart 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq olunmuşdur. Həmin planın 2.4.-cü yarımfəslində göstərildiyi kimi, bu təsisatların və sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə yönəlmişdir.
Ədəbiyyat siyahısı
1. Multikulturalizmə giriş- Ali məktəblər üçün dərslik-2019

2. Azərbaycan multikulturalizmi -Ali məktəblər üçün dərslik-2017



3. Qorxmaz Quliyev, Ülviyyə Rəhimova- Multikulturalizmin əsasları dərs vəsaiti-2016
Yüklə 47,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə