İPƏK YOLU, No.1, 2018, səh.41-55
41
AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QORUNMASI
VƏ MÜCADİLƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİNƏ DAİR
(XIX əsr və XX əsrin əvvəlləri-Rusiya istilasindan milli istiqlala aparan
yola qisa tarixi nəzər)
Salman İbişov
Azərbaycan Universiteti, Bakı, Azərbaycan
e-mail:
salman.ibishov@au.edu.az
Xülasə. Təqdim olunan məqalədə Rusiya istilasının fəlsəfəsinə dair
Cümhuriyyət qurucularının M.Ə. Rəsulzadə, Ə. Topçubaşov, M.B.
Məmmədzadə və s. müəlliflərin əsərlərinin öyrənilməsinə xüsusi diqqət
yetirilir. Məqalənin məzmununun ana xəttini - xalqın mənəvi bütövlüyü,
genefondun və dəyərlərin qorunmasında ali zümrə-ruhani və ziyalıların
rolunun araşdırılması tutur. Məqalədə bir əsr ərzində, maarifçilikdən –milli
istiqlala qədər - tarixşünaslığımızdan nisbətən kənarda qalmış məsələyə -
məhkum xalqın milli-mənəvi dəyərlərin qorunması uğurunda mücadiləsi
elmi ədəbiyyat əsasında araşdırılır.
Açar sözlər: Azərbaycan Cümhuriyyəti, Ali müsəlman zümrəsi, kolonial
siyasətin fəlsəfəsi, tatar, məhkumiyyət acısı,mənəvi bütövlük.
ON A PROTECTION OF MORAL-
NATIONAL VALUES OF AZERBAIJANI
PEOPLE AND ACTUAL PROBLEMS OF
THE HISTORY OF NATIONAL-
INDEPENDENCE FIGHT
Salman Ibishov
Azerbaijan University, Baku, Azerbaijan
Abstract. The article mainly deals with the
studying of the works written by the founders of
Azerbaijan Democratic Republic M.A.Rasulzade,
A.Topchubashov, M.B.Mammadzadt and others on
the Tsar Russian invasion. Main essence of the
article is to find out the role of higher class –
clergies and the intelligentsia in moral integrity of
the nation and protection of genofund and values.
The article studies the fight of the nation, that were
left beyond our thy history, from awareness to
national independence for about a century, for the
protection of national and moral values.
Keywords: The Azerbaijan Democratic Republic,
the highest Muslim class, the Tatars, the
condemned nation, moral integrity.
О СОХРАНЕНИИ НАЦИОНАЛЬНЫХ И
НРАВСТВЕННЫХ ЦЕННОСТЕЙ
АЗЕРБАЙДЖАНСКОГО НАРОДА И
ПРОБЛЕМЫ ИСТОРИИ НАЦИОНАЛЬНО-
ОСВОБОДИТЕЛЬНОГО ДВИЖЕНИЯ
Салман Ибишов
Университет Азербайджан, Баку, Азербайджан
Резюме. В представленной статье дана степень
освещения на основе произведений и мыслей
основоположников АДР М.А.Расулзаде, А.Топ-
чубашова, М.Б. Маммедзаде и др. к сущности
колониальной политики Российской империи в
Азербайджане. Исследование роли интеллиген-
ции и высшего мусульманского сословия на
защите духовного единства и генофонда Азер-
байджанского народа является главной идеей
данной статьи. В статье проведены на основе
научно-исторической литературы, исторические
процессы от завоевания Российской империей
до национальной независимости на протяжение
столетия, история освободительного движения
осужденной нации направленная на защиту
национальных и духовных ценностей.
Ключевые cлова: Азербайджанская Демокра-
тическая Республика, высшее мусульманское
сословие, татар, осужденная нация, моральная
целостность.
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
42
Rusiya işğalı dövrü (XIX əsr və XX əsrin əvvəlləri) tariximizin ən ağır və faciəli
dönəmlərindən birini təşkil edir. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “siyasi hüququnu itirən
xalqımız məhkumiyyətin acısını tamamilə dadmışdı” [19, s.16]. Hərbi-siyasi və iqtisadi
istilaya məruz qalan xalqımız ağır müstəmləkə tarixini yaşamağa məcbur edildi, ruslaşdırma
və xristianlaşdırma isə imperiyanın dövlət siyasətinin əsas məqsədinə çevrildi. “Məhkumiyyət
acısını” yaşayan xalq nəinki rus dilində danışmalı, hətta rus məmurlarının fikrincə həmin
dildə düşünməli idi. Beləliklə, hərbi-siyasi, iqtisadi işğala məruz qalan Vətənimiz rus kolonial
siyasətinin obyektinə çevrildi. Hərbi-siyasi ilhaq nəticəsində əvvəlcə Vətənimizi və xalqımızı
iki yerə parçalayan istilaçılar xalqın adını dəyişib əvvəlcə “müsəlman”, sonra isə “tatar”
qoydular. Daha sonra 1828-1911-ci illərdə Azərbaycanın tarixi ərazilərinə bir milyon erməni
və 1830-1914-cü illərdə yüz minlərlə rusdilli əhali köçürüldü. Məqsəd İranla Rusiya arasında
əhalisi bir milyon olan, rus dilli əhalidən ibarət yeni bir quberniya, eyni zamanda, Osmanlı və
Rusiya arasında erməni dövləti yaratmaq üçün zəmin hazırlamaq, xalqımızı təcrid etmək idi.
“Erməni müəllifi C. Kirokosyan yazırdı: Zaqafqaziya və Azərbaycan türklərini Kiçik Asiya
türklərindən ayıran erməni xalqı türk tayfalarının bədəninə çaxılmış bir xərcəngdir. Biz, bu
xəncərin aradan götürülməsinə və onun yerində bizə yağı kimi baxan bütöv müsəlman
toplumunun ortaya çıxmasına yol verə bilmərik” [1, s.210]. X.Xəlilli yazırdı: “Azərbaycan
xalqı Rusiya istilasına qarşı özünəməxsus mənəvi bütövlüklə mücadiləyə başladı, Azərbaycan
xalqı mənəvi bütövlüyün qorunmasına xüsusi əhəmiyyət verir, onun rus imperiyası tərəfindən
pozulmasına imkan vermirdi.” [13, s.60]. Rusiyanın işğal prosesində və işğaldan sonrakı 100
ilə yaxın bir dövrdə iqtisadi-sümürgəçilik, maarif, din, mənfur köçürmə, inzibti idarəetmə,
hüquq və məhkəmə siyasəti “Velikorus” şovinist ideologiyasına uyğun olaraq sistemli
formada və dövlət səviyyəsində aparılırdı. Bu məsələyə münasibət bildirən M.Abdullayev
yazır ki, Azərbaycanda rus müstəmləkəçiliyinin qanunsuzluqları və özbaşınalıqları haqda
cild-cild kitablar yazmaq olar və bu baxımdan o dövrün, tariximizdə ola bilsin ki, analogiyası
yoxdur və qismən Monqol işğalları dövrü ilə müqayisə edilə bilər [1]. 1829-30-cu illərdə
Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın
nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın huququ, namusu və mülkü
komendantların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və ya başqa
mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, içtimai vəziyyət və mulahizələrə əməl
olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar” [4, s.27]. Görkəmli
Azərbaycan tarixçisi H. Baykara qeyd edir: Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya
imperiyasının ədliyyə naziri olmuş D.B. Daşkova göndərdikləri raportda yazırdılar ki, bu
vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür
pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə
gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz
dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş,
qanunsuzluq, cinayət, qarətçilik, rəislərin özbaşınalığı hökm sürür. Qeyd etmək lazımdır ki,
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
43
mənəvi sahənin bir istiqaməti olan din sahəsində də qatı müstəmləkəçilik siyasəti həyata
keçirilirdi.
“Müsəlman ruhaniliyini xalqın gözündən salmaqla onarın xalqa təsir imkanlarını heçə
endirmək, onları “buyruq qulları”na çevirmək siyasəti yeridirdi.” [19, s.42].
Azərbaycan xanlıqlarının işgalından başlayaraq, İmperiyanın köçürmə, maarif və din
siyasəti bir məqsədə - xristianlaşdırma və ruslaşdırmağa yönəlmişdi. Bir sıra rus məmurlrı və
o cümlədən, Rozen, fon Aşeberq, Qolovin, Xanıkov, Meçnikov, Kutaysov və bir çox
başqalarının adını çəkmək olar ki, müsəlman ruhaniliyinə qarşı hərbi zorakı metodlardan
istifadə etməyi vacib bilirdilər. Bütün bunlar həyata keçirilərkən “ali və xeyirxah məqsəd”
nəzərdən qaçırıılmamalı, əhali xristian pravoslav dininin şöləsi ilə nurlandırılmalı idi”.
Kutaysov və Meçnikov Azərbaycan müsəlmanlarının bir o qədər də fanatik olmadıqlarını,
eləcə də Axalsıx paşalığında 800 türkün dönüb xristian olduğunu əsas gətirərək bu məqsədə
qısa müddətdə və asanlıqla nail olmağı mümkün sayırdılar. Onlardan biri hətta yazırdı; “mən
əminəm ki, islamın xarabalıqları üzərində həyatverici xaç hamının gözlədiyindən əvvəl
parlamağa başlayacaqdır.” [10, s.58]. Senatorlara görə, xristianlaşdırma siyasəti ilə paralel
olaraq ruslaşdırma siyasəti də aparılmalı idi. İstər 19-cu əsrin əvvəllərində, istərsə də 19-cu
əsrin 30-40-cı illərində mübarizə dövrü olsun həmin tarixlərə nəzər salsaq, onda xanzadələr,
bəyzadələr, ağalar və ruhanilərin xalqla bir yerdə işğalçılara qarşı mücadilə etdiyinin şahidi
olarıq. Mənbələr və çoxsaylı elmi-tarixi ədəbiyyat bunu təsdiq edir. Xalqın inandıqları
(müsəlman aristokratiyasını) ali zümrənin nümayəndələrini və ruhaniləri, daxildən
parçalamaq məqsədilə 40-cı illərin “islahatları” həyata keçirildi. Qeyd etmək istərdik ki, milli
satqınları xalq qəbul etmirdi. “Azərbaycan xalqı mənəvi bütövlüyünün qorunmasına xüsusi
əhəmiyyət verir, onun rus imperiyası tərəfindən pozulmasına imkan vermirdi. Xalq rus dini
məktəblərində təhsil almaqla yaradılan “mollaları” “dəfdər mollası”, qeyri-zadəgan silkindən
olan “bəyzadələri” “rus balası”, rus idarələrinin arayışı ilə titul alan “bəyləri” “quru bəy”
adlandırır, milli-mənəvi dəyərləri itirmiş bu adamlara inanmırdı.” [13, s.60]. Məlum olduğu
kimi, min illər boyu Azərbaycanda xalqın yuxarı təbəqəsinin əhəmiyyət vermədiyi bir məsələ
(elm və təhsilin ərəb və fars dilində öyrədilməsi) ənənəyə çevrilmişdi. Belə ki, məktəb və
mədrəsələrdə fars dili öyrədilir və tədris əsasən bu dildə aparılırdı. Milli mənlik şüuru olduqca
zəif olan siyasi elita XVIII əsr də daxil olmaqla fars dilini dövlət dili səviyyəsinə qaldırmışlar.
Rusiya işğalına qədər Şərqdə islami dəyərləri ortaq bölüşən xalqlar buna o qədər də diqqət
etmirdi, adət-ənənə və şəriət baxımından düzgün hesab edirdi.
İ.Ziyadxanlı Rusiya Dövlət Dumasında olduqca cəsarətli tarixi çıxışında işğalçı
dövlətin bu siyasətini tənqid edərək deyirdi: Ölkəmiz istila edilən kimi dərhal milli
varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi, şəriət
müəllimlərimizin seçilməsinə mane olundu, bizə hökumət tərəfindən 20 manat maaş alan
müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət
və xalqın nəzərində heç bir qədir-qiyməti yoxdur, buna baxmayaraq ki, onlar bir əsrdir bizə
din rəhbərliyi etmişlər. [4, s.126-127].
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
44
M.Ə. Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərində Rusiyanın müstəmləkə
siyasətinin mahiyyətini və bu siyasətə qarşı xalqın öz dəyərlərini qoruma üsullarını ciddi təhlil
edərək yazır: “Xəvass (yuxarı təbəqqə) düşdüyü bu yalnış girəvənin çıxılmaz bir yol olduğunu
sezmədiyi halda, avam və pak xalq laqeyd deyildir. Xalq qeyri-təbii olan bu halə ünsürü bir
müqabilə yapıyordu. Türk xalqı xəvvasdan (yuxarı zümrədən) heç bir kimsənin əhəmiyyət
vermədiyi bu hala kəndi milliyyətindən isqat edilməsinə qarşı qiyam etmişdir” [19, s.14].
“Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” kimi dastanların ürək yaxan aşıq sazlarının
ruhnəvaz ahəngləri vasitəsilə Sədini, Tolstoyu və s. dünya məşahiri ədibini anlamaq üçün
Füzulilərini, Nəbatilərini nə qədər kiçik də görünsələr Seyidlərini, Sabirlərini, Cavidlərini,
Cavadlarını öyrənməlidirlər [19, s.17]. Xüsusilə vurğulamaq istəyirəm ki, tarixi prosesdə
xalqın etno-mənəvi dəyərlərinə sahib çıxmaq zərurətinin mahiyyətini M.Ə. Rəsulzadə tarixi
faktlarla təqdim edir. Vətən tarixinin obyektiv öyrənilməsi baxımından elmi əhəmiyyətini
nəzərə alıb onun fikirlərini işdə geniş formada təqdim etməyə cəhd göstərmişəm.
Hələ Rusiya-Osmanlı və Rusiya-İran müharibələri gedişində “xristian Rusiyasının
müsəlman dövlətləri üzərindəki hər bir kiçik qələbəsi şərəfinə müsəlman məscidlərində
moizələr oxunmasını, rühanilərin rus əsgərləri və impertoruna dualar etməsini tələb edirdilər”.
[10,s.43].
Qeyd etmək lazımdır ki, bu dövrdə xalqın mənəvi bütövlüyünün qorunmasında axund
və mollaların rolu az olmamışdı. Baxmayaraq ki, Rusiya onları daxildən parçalamaq siyasəti
yürüdürdü. Sözügedən mövzu ayrıca tədqiqat mövzusu olsa da, öyrənilən problemlə əlaqədar
olduğunu nəzərə alıb xalq arasında ciddi nüfuz sahibi olan və dəyərlərimizin qorunmasında
müstəsna xidmətləri olmuş belə şəxsiyyətlər haqqında bəzi qeydlər etməyi lazım bilirəm.
Onlardan 39 il Qafqaz şeyxülislamı olmuş Məhəmmədəli Səlyani (1791-1852) və onun
qardaşı oğlu Axund Əhməd Səlyaninin (1812-1884) Azərbaycan tarixində xüsusi yeri var. Əli
bəy Hüseynzadənin babası olan Axund Əhməd Səlyani Qafqaz şeyxülislamı olduğu 32 il
müddətində sözün geniş mənasında Azərbaycanın ruhani həyatını maarifçilik düşüncəsinə
yönəldə bilmişdi [22, s.11]. “Axund Əhməd Səlyani nəinki ruhanilər, eləcə də demokratik
fikirli ziyalılar arasında böyük nüfuza malik idi.” [22, s.15]. O, maarifçilik hərəkatında aparıcı
simalardan biri olsa da, nədənsə o dövrə dair araşdırmalarda adı az çəkilir. Rus ədəbiyyatının
dahisi M.Lermontovun Rayeviskiyə yazdiği məktubda adı keçən türk alimi Əhməd odur,
M.F.Axundova görə “müxdəlif elmlər və fənlər sahəsində astranomiya, coğrafiya, hesab
riyaziyyat, tarix, hikmət və xüsusi ilə fiqh elmi sahəsində bütün Qafqaz ölkəsində
şeyxülislamın tayı bərabəri yox idi. O, filiosof təbiətli, liberal məsləkli, təriqət sevən, fitrən
fəsahətli bir adam idi.” [22, s.12].
XIX-XX əsrlərdə xalq arasında böyük nüfuz sahibi olan, istiqlal məfkurəsinin
formalaşmasinda tarixi xidməti olan məşhur Şeyxzamanlı, Pişnamazzadə və Şeyxülislamovlar
kimi ruhanilər soyadını da qeyd etmək lazımdır. Bir məsələni xüsusilə vurğulamaq lazımdır
ki, Rusya imperyası siyasiləri Azərbaycanda ali zümrə nümayəndələrini və o cümlədən,
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
45
ruhaniləri özününküləşdirmək üçün məkrli siyasət yürüdürdü və sovet işğalından sonra dövlət
səviyyəsində aparılmış siyasi repressiyalar - qırmızı teror bunun davamı idi. Belə ki,
bolşeviklər din xadimlərinə daxildən zərbə vurmaq niyyətində idilər. Məhz məqsədlərini
həyata keçirmək üçün yeni hökuməti müdafiə edən din xadimlərindən “qırmızı mollalar
ordusu” yaradılmışdı [10, s.129].
Rusiya müstəmləkə siyasətinin aparıcı quvvələrindən sayılan Baron Rozen, Kutaysov,
Meçnikov, Xanikov kimi məmurlar islam dininə və müsəlman rühaniliyinə qarşı kəskin
mövqeyi ilə seçilir və savadlı, elmli mollaların, axundların cəmiyyətdən və maarifdən
uzaqlaşdırılması üçün əllərindən gələni edirdilər. Rusiya məmurları “çar hökümətinə qarşı
bütün üsyanların onların iştirakı ilə baş verdiyini xüsusi vurğulayırdılar” [10, s.57].
Rühanilərə münasibətdə əsas kriteriya “onların hökümətə sədaqətli olmaları idi”. Beləliklə,
istilaçılar bilərəkdən xalqı nadan, cahil etmək üçün kölə və kütlə psixologiyası aşılayırdılar.
Bunun üçün ilk növbədə xalqın inandıqlarını-bəyzadələri, xanzadələri və rühaniləri sındırmaq
siyasəti yeridirdilər. Xalqımızın min illər boyu formalaşdırdığı etno-mənəvi dəyərlər məhv
edilir vəxalqımız ciddi deqredasiyaya məruz qalırdı. “İsmayıl bəy Qaspıralı hələ 1887-ci ildə
rusca nəşr etdirdiyi “Rusiya müsəlmanları” adlı əsərində göstərirdi ki, “Asiya və Avropanın
bir qismində sakin böyük bir millət-türk-tatar milləti var. Bu millət dağınıq, parça-parça, zəif,
digər millətlərə nisbətən elm və mərifətcə, sərvət və mədəniyyətcə çox geridə qalmışdır. Belə
davam edərsə, əbədi mübarizə qanununa uyğun olaraq məhv olacaq, başqa millətlər tərəfindən
udulacaqdır” [3, s.150].
Azərbaycanın görkəmli ziyalısı və dövlət xadimi Ə. Topçubaşov Rusiyanın
Azərbaycanla bağlı müstəmləkə siyasətinə belə münasibət bildiriridi: “Qafqaz əhalisinin
sayca daha çox olan və özlərini ümumi şəkildə “Qafqaz müsəlmanları” adlandıran hissəsi ilk
baxışdan sanki yeni, Avropa tipli “cinayətkarlar” sırasına daxil deyildi. Lakin onlar
imperiyanın tərkibindəki bütün digər xalqlarla müqayisədə daha əvvəl, həm də xüsusi özləri
üçün düşünülmüş “cinayətdə” suçlu bilinərək artıq çoxdan nəzarət altına almışdılar. Bu
“cinayətin” adı “panislamizm” və “pantürkizm” idi.” [25]. Həm də birincilərin, yəni erməni
və gürcülərin günahları boyunlarına qoymaq, onları “cinayət” başında yaxalamaq, faktları
aşkara çıxarmaq və məhkəmə qurmaq tələb olunurdusa, hakim dairələrin nəzərində
müsəlmanların günahları üstlərində idi. Onlar movcudluqlarına zorla dözülən yad ünsür kimi
hər vasitə ilə sıxışdırılırdı. Müsəlmanların başqa xalqlardan təcrid vəziyyətdə saxlanmaları
dövlətin maraq və mənafelərinə cavab verən məqbul addım sayılırdı. Həqiqətən də polis
qamçısından, soyuq zindanlardan, dilini anlamadıqları ruh və mahiyyət etibarı ilə yad
məhkəmələrin hökmü ilə göndərildikləri Sibirin uczus-bucaqsız çöllərindən başqa onlara
göstərilən hər hansı qayğıdan danışmaq mümkün deyildi” [25].
Çar Rusiyasının mənfur kolonial siyasətinin nəticəsində cəhalətin, nadanlığın hökm
sürdüyü Azərbaycan cəmiyyətinin vəziyyətini Ə. Hüseyinzadənin dillər əzbəri olan şeiri çox
düzgün əks etdirir. XX əsrin əvvələrində “Səadət” məktəbində nəğmə dərsi deyən Üzeyir
Hacıbəyov bu şeirə nəğmə qoşmuşdu. ”Səadət” məktəbində cəhalət nəticəsində xalqın
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
46
əsrlərdən bəri geridə qaldığını ifadə edən şərqilər, qəmgin musiqi təranələri ətrafa yayılırdı.
[21, s.166-167]
Millətin halı nə yaman olmuş,
Hamının qəlbi qəm ilə dolmuş,
Bir belə cəhalət olmaz, olmaz, olmaz...
Bir belə səfalət olmaz, olmaz, olmaz...
Xalqın milli kimliyini məhv etməyə yönələn Rusiya imperiyasının siyasətinin əsas
istiqamətlərinin fəlsəfəsini dəqiq bilən M.Ə. Rəsulzadə bu məsələni belə səciyyələdirir:
“Çarizm Azərbaycanı ruslaşdırmaq üçün iki cəbhədən gəliyordu. Bir tərəfdən xəlqin
hissiyyəti-diniyyəsini idarə edən üləma və mollaları kəndi kontroluna tabe tutur, digər
tərəfdən də milli tərbiyəyə meydan verməyərək xəlqi rus (uşkol) məktəblərində oxumağa
icbar ediyordu" [19, s.16]. Elmi əhəmiyyətini nəzərə alıb onun mülahizələrini mübaliğəsiz
təqdim edirəm. “XIX əsrin əvvəllərində xalq siyasi cəhətdən məğlub olmuşsa da, mənən
bərbad olmaq istəmirdi” [19, s. 17]. Əsrlərlə məktəb və mədrəsələrdə, mollaxanalarda tədris
zamanı fars və ərəb dilindən istifadə olunurdu. "Mirzəyə" işğal nəticəsində "uçitel" də əlavə
edildi. XIX əsrdə dilimizi, mənəvi dəyərlərimizi qorumaq xeyli çətinləşdi. Əvvəllər - XIX
əsrin əvvəllərinə qədər İran nüfuzunun mənəvi assimliyasiyası hiss olunmurdusa, indi
vəziyyət dəyişdi. Xristian və ruslaşdırma faktoru da əlavə edildi. M.Ə.Rəsulzadə “Azərbaycan
Cümhuriyyəti” əsərində yazırdı ki, “Fəqət xəvass (aristokratiya) yenə yanılmışdı. Vaxtilə
Firdovsinin romantizmi, Sədinin dərin hikməti, Hafizin dadlı qəzəlləri qarşısında bayılan
“Mirzə” bu dəfə Lermontovun dağlarda uçan ruhu, Puşkinin su kimi axan nitqi, Tolstoyun
məsihanə fəlsəfəsinə vurulmuş bir “uçitel” idi” [19, s.17]. Yenə də M.Ə. Rəsulzadə davam
edərək vurğulayırdı: “Sənələr keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” olurdu. Bunlar
bir çox zaman anlaşmadılar. Farslaşmış mirzə kimi ruslaşmış uçitel dəxi xəlqin hədsən
duyduğu mətləbi bir çox zaman dərk edə bilmədi. Nəhayət, bir çox kəcvaclardan keçildi.
Məktəb və mədrəsələrə qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı, bildi ki,
Sədini də, Tolstoyu da türk xalqına öyrətmək, türkü onlarla aşina etmək həm vacib (lazım),
həm faydalıdır” [19, s.17]. Fəqət, bununla bərabər türkü öz Sədisindən, öz Tolstoyundan da
məhrum etmək olmaz.
M.Ə. Rəsulzadə “Azərbaycan Cumhuriyyəti” əsərində Rusiya işğalının mahiyyətinə
münasibət bildirərək qeyd edir ki, "Azərbaycan xanlıqları kəndi mənliklərini həqqilə dərk
etmədən, kəndisini idrak etmiş milli bir sima göstərmədən tamamilə İran hərs və nüfuzi-
mənəvisi altında ikən mövqelərini müasir bir ordu ilə gələn rusun qüvvət bazusuna tərk və
qəzayə təslim oluyorlarsa da xəlq kəndinə məxsus ədəbiyyatı, şairləri, aşıq və dərvişləri ilə
hüzn və məsərrətini, kəndi lisanı ilə, idrakı ilə bir vücud olduğunu sezdiriyordu" [19, s.13].
Bəli! Pəhləsi (Fars düşüncəsi) üstündən enməyən Füzulisi, Koroğlu ilə bağrı yanıq Kərəmə
ağlayan aşiqləri, bu aşiqlərin ürək dağlayan sazları ilə çobanların ruhə sinən türküləri,
cocuqların sevə-sevə oxuduqları mahnıları, anaların yavrularını uyudurkən (yatızdırdıqları
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
47
zamanı) çağırdıqları ninniləri (laylaları), xəvassının (yuxarı ali - zümrənin, təbəqənin, xalqın
aristokratiyasının ) düşüncəsinə kəndisini İranlı bilən bu xalqın müdhiş bir zəlalətdə olduğunu
göstəriyor: “Xayır, degil, sən türksən! Diyordu.” [19, s.13].
Əsrlərlə öz dilinə xor baxmış siyasi elita tarixi səhv etmişdi. Türkcə əvam və köylü
lisanı ədd olunmuş, lisani-rəsmi və ədəbi olmaq üzrə farsi üstünlük təşkil etmiş, nəticədə
tühaf (qəribə) bir millət vücuda gəlmişdi: dili başqa, yazısı başqa bir millət! Araz çayının
cənubundakı Azərbaycanın halı bu haldır.” [19]. Orada hər kəs türkcə söylər, fəqət iş yazıya
gəlincə fars dili istifadə olunur. Xalqın yuxarı zümrəsinin -elitanın tarixi prosesdə hiss
etmədiyi, diqqət yetirmədiyi yanlış yanaşmaya xalq kütlələri heç vaxt laqeyd qalmamışdır.
“Xəlq qeyri-təbii olan bu halə ünsüri bir müqabilə yapıyordu. Türk xəlqi xəvassdan heç bir
kimsənin əhəmiyyət vermədiyi bu halə kəndi milliyətindən isqat edilməsinə qarşı qiyam
etmişdir” [19, s.14]. Rusiya işğal rejiminə gəldikdə isə - “Xəlqdə nə bu məmurluğu qəbul
edən mollalara etimad, nə də məzkur uşkollardan çıxan bəyzadələrə etibar vardı. Hökumət
tərəfindən təyin olunan mollalara “dəftər mollası”, rus uşkolunda oxuyan gənclərə də “rus
balası” deyən xalq kəndi hissi-fitrətilə sezdiyi ruslaşdırma siyasətinə bildiyi kibi müqabilə
etmişdir. O, dəftər mollasına öz “axund”unu, hökumət uşkoluna da kəndi “məktəbxanə”sini
qarşı qoymuşdu. [19, s.17] Çox təssüflə qeyd edirəm ki, Azərbaycan tarixinə dair nə
ümumiləşdirilmiş əsərlərdə, eləcə də Rusiya işğalının tarixşünaslığı ilə bağlı tədqiqat işlərində
məqalədə təqdim olunan problemlərə az toxunulmuşdur. Öyrənilən problemə dair E.B.
Muradəliyevanın ”Azərbaycan milli şürunun qatlarında Rusiya işğalı“ (Məhəmməd Əmin
Rəsulzadə və ictimai-siyasi ideallar) adlı məqaləsində M.Ə. Rəsulzadənin əsərləri geniş təhlil
olunur. Sözügedən əsərdən oxuyuruq: “M.Ə.Rəsulzadə Rusiya işğalına münasibət bildirərək
yazırdı: Rus iarəsi yeni istila etdiyi bu məmləkətlərə yüksək bir iqtisad və siyasət kültürü
gətirməmişdi. Müstəqil və yarımmüstəqil xanlıqları məhv edərək, çar hökuməti keçmişə aid
hər bir istiqlal xatirəsini silib atırdı.” [17. s.229]. Qeyd etmək lazımdır ki, “rus işğalı
nəticəsində nəinki xalqın soyadı inkar edildi, həmçinin ölkənin adının – “Azərbaycan”
məfhumunun rəsmi dövlət sənədlərində işlənməsi ləğv olundu və sonralar isə xəritələrdən də
silindi. Yalnız 28 may 1918-ci il Azərbaycan adı dövlət anlayışı kimi Xalq Cümhuriyyəti
tərəfindən təsdiq olundu. M.Ə. Rəsulzadə 1925-ci ildə İstanbulda oxuduğu mühazirələr
zamanı qeyd etmişdi: ”Rusiya idarəsindəki müsəlmanlara “türk”dedirtmək indi artıq
qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır.” [17,
s.226]. Beləliklə, Vətəni param-parça olan xalqın adına da təcavüz edilir və tatar adlandırılır.
İstilaçılar xalqın elitasının sosial-zümrə strukturunu dağıtmaq üçün “parçala və hökmranlıq
et” siyasətindən xanlıqların işğalında məharətlə istifadə edirdilər. Əhalinin sosial simasının
dəyişməsini arxiv sənədləri də sübut edir. Çar Rusiyası hərbi-siyasi işğalın gedişində, qismən
işğaldan sonra isə sistemli formada “xalqın sosial strukturunu, adət-ənənəsini, əxlaqını,
pozmaq siyasəti həyata keçirməyə başladı. Bu məqsədlə xan, bəy, və ümumilikdə, zadəgan
silkini etno-sosial strukturdan yox etmək üçün onların hüquq və vəzifələrini əlindən alıb, bir
təbəqə kimi məhv etmək istiqamətində tədbirlər həyata keçirməyə başladılar.” [13, s.50].
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
48
Rusiya boyunduruğunu qəbul etməyən, azadlıq mücadiləsinə qalxmış Cavad xan, Şeyxəli xan
kimi azadlıq mücahidləri, istilaçılara qarşı çıxan bəyzadələr, ruhanilər, ağalar, maaflar və sair
təbəqənin nümayəndələri ya öldürülür, ya da sürgünə göndərilirdi. Bu tarixi fakt işğal edilmiş
Azərbaycanın bütün Şimal xanlıqlarına aid idi. Azərbaycan xanlıqlıqlarının rus çarizmi
tərəfindən hərbi-siyasi işğalının ilkin dövrlərində Rusiya dövlətinin burada yeritdiyi iqtisadi
siyasətin əsas məqsədlərindən biri də yerli feodalların – bəy və ağaların – özünün sosial-siyasi
dayağına çevirmək idi. Azərbaycanda istilaçıların inamını qazanmayan, çarizmə xidmət
göstərməyən yerli feodallar kəndliləri idarə etmək hüququndan məhrum edilir və siyasi
repressiyaya məruz qalırdı. Məsələn, xidmət, qulluq göstərmədiklərinə görə Quba bəylərinə
məxsus kəndlərin dövlət xeyrinə geri alınmasına dair çoxsaylı tarixi faktlar var. [14, s.166,
167, 168]. Beləliklə, bəylərin, ağaların sosial siması dəyişirdi. Onların bir qismindən alınan
kəndlər çar idarə orqanlarının inamını qazanmış digərlərinə qaytrılırdı. Həmin faciəli
dövrlərdə müflisləşmiş, qüruru və hüququ tapdalanmış bəylər, ağalar çar idarələrində mirzə
kimi, tərcüməçi kimi xidmətə keçirdilər. Rusiyaya qarşı döyüşən xanların əksər tərəfdarları
mühacirət etmişdilər.” [14, s.167]. Digər bir tərəfdən ruslara sədaqətlə xidmət edən bəylər də
az deyildi və onların bir neçəsinin adını çəkmək isdərdim. Bakılı II Mirzə Məhəmməd xan,
Qubalı Ağabəy Sadıqov, Şamaxı xanının qardaşı Qasım xan, Buduqlu Məmməd bəy və
digərləri işğalçılara dəstək və sədaqət göstərənlərdən idilər. “Qubalı Şeyxəli xan Rusiya ilə
döyüşürdüsə də, onun başqa bir həmyerlisi –mülkədar Ağabəy Sadıqov (1769-1840) ruslara
sədaqətlə xidmət edirdi. [9, s.150-151], 1835-ci ildə baron Rozen tərəfindən müsəlman
əyalətlərində bəylər və ağaların hüquq və imtiyazlarını təyin edən komitəyə üzv təyin edilən
A.Sadıqov az bir vaxt içərisində Quba əyalətinin ən iri mülkədarı olur. XIX əsrin 30-cu
illərində Buduq mahalının naibi işləmiş Məmmədxan bəy onun oğlu olmuşdur. (Ş. F. s-152).
Rusiya işğalları dövründə keçmiş Şamaxı xanının qardaşı Qasım xan Quba əyalətində ən iri
torpaq sahibkarına çevrilmişdi [14, s.167-168]. Göründüyü kimi, müstəmləkəçilərə loyal
münasibəti ilə fərqələnən “aristokratiya” nümayəndələri “xüsusi hörmətə” malik idilər.
Rusiya özünə siyasi dayaq olacaq ictimai zümrə hazırlayırdı (sapı özmüzdən olan
baltalardan). M.Ə. Rəsulzadənin bu məsələyə münasibəti onu görkəmli tarixçi-alim kimi
təqdim etməyə imkan verir. Dahi şəxsiyyət yazır: Çarlıq yeni yerləşdiyi məmləkətdə istinad
edə biləcəyi ictimayi bir zümrə hazırlayırdı. Kimlərdən təşkil olunmalı idi bu zümrə? Bu suala
M.Ə. Rəsulzadə belə cavab verir: “Xanlıq dövründə qapıqulluğunda bulunub bəy adını alan
zatlar rus ordusunun istədiyi bu zümrəni təşkil edəcəkdi... Çarizm xanların əlindən qəsb etdiyi
hakimiyyəti özünə minnətdar etdiyi bəylərlə, bir az olsun, bölüşürdü.” [17, s.229]. M.Ə.
Rəsulzadə yeni ali zümrənin yaranış mexanizmini açıqlayır – “sırf rus intriqası ilə həyata
gəlmiş və məhz buna görə də xalq içərisində, Cənubi Qafqazın başqa xalqlarından fərqli
olaraq, onun nüfuzu yox dərəcəsində idi. Çarizmin yeritdiyi belə siyasət Azərbaycanda milli
şüurun oyanış dövrünü xeyli uzatdı.” [17, s.230]. Tarixi reallıq bundan ibarətdir ki, Rusiya
hakim dairələrinin uzunmüddətli müzakirələrindən sonra 1846-cı ilin dekabrında “ali
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
49
müsəlman silki” statusu verdiyi bəy və ağaların Rusiya dövləti qarşısında bir sıra öhdəlikləri
var idi ki, bunlardan da birincisi orduya çağırışa hazırlıqlı olmaları idi. Onlar buna məcbur
edilmişdilər, çünki tarixdən bəllidir ki, XIX əsrin 40-cı illərinə qədər çarizmin ali zümrəyə
münasibəti qeyri müəyyən olmuş, onların hüquq və imtiyazlarının ləğv edilməsi, torpaqlarının
müsadirəsinə dair əsasnamələr də verilmişdi. Hətta, onlara birdəfəlik ödənc verilməsi şərtilə,
Rusiyadan gətirilmə zadəganlarla əvəz edilməsinə dair dair fikirlər də səslənirdi. Belə bir
vaxtda - “Rus imperiyasının Azərbaycanda xan, bəy, ağa və bütövlükdə, zadəgan silkini
aradan qaldırmaq istiqamətində həyata keçirmək istədiyi tədbirlər” hər yerdə əhalinin ciddi
müqaviməti ilə qarşılandı” onların müdafiəsi üçün yerlərdə könüllü silahlı dəstələr yarandı.
Zadəganların öz din qardaşları içərisində tarixən yaranmış nüfuz və təsiri onların müdafiəsini
ümumxalq mübarizəsi səviyyəsndə təmin etdi.” [13, s.50]. Tarixin ziq-zaqları çoxdur. Bu
baxımdan, Azərbaycan tarixinin öyrənilən dövrünün yeni kontekstdə ciddi araşdırmaya
ehtiyacı vardır. Qeyd etmək lazımdır ki, işğal faktorunu qəbul edən, Rus ordusunda xidmət
edən və digər vəzifələrdə çalışan şəxslər arasında şüuraltı qatlarda xalqın mənəvi bütövlüyü
uğurunda mübarizə aparanlar da az deyildi. Tarixi faktaloji materiallar bunu sübut edir.
Genefondun və milli əxlaqın qorunmasında, bütövlükdə dəyərlərimizin Rus kolonial
mühitində yaşamasında bir sıra bəyzadələrin, ruhanilərin tarixdə rolu təkzibedilməzdir. Onlar
xalqın zəkası rolunu oynayır və bunu çətin bir şəraitdə müxtəlif üsullarla edirdilər. Biz
yuxarıda rus müstəmləkəçilərini alqışlayanlar arasında II Mirzə Məhəmməd xanın da adını
çəkdik. O, A. Bakıxanovun atasıdır və Bakıxanovlar nəslindən 17 nəfər yüksək rütbəli hərbçi
olub. Onlardan “Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov isə
general kimi yüksək rütbəyə layiq görülüblər. Hətta, Cəfərqulu ağa general–leytinant
rütbəsinə qədər yükslib.” [18, s.29]. Lakin, biz Bakıxanov dedikdə ilk növbədə diqqət
mərkəzinə Abbasqulu ağa Bakıxanov gəlir. Məlumdur ki, o da rus ordusunda xidmət edib və
hətta hərb tarixçisi Şəmistan Nəzirlinin son tədqiqatlarına görə general rütbəsinə qədər
yüksəlmişdir. [18]. A.Bakıxanov rusların xidmətində ola-ola Rusiyaya qarşı azadlıq
mücadiləsinə qalxmış və ömrünün axırına qədər döyüşmüş Quba xanı Şeyxəli xana yüksək
qiymət vermişdir. O yazır: Şeyxəli xan özünün laqeyidliyinə və başqa zəif cəhətlərinə
baxmayaraq, parlaq keyfiyyətlərə malik idi: onun cəsurluğu, əliaçıqlığı və qəlbinin böyüklüyü
hal hazırda da xalq arasında dillər əzbəridir.” [9, s.153]. Maarifçi kimi A.Bakıxanov hesab
edirdi ki, əgər” siyasi sabitlik və lazımi tərbiyə “Qafqaz sakinlərinin fitri qabiliyyətlərini
inkişaf etdirməyə imkan versəydi, onlar maarifin ən yüksək dərəcəsinə çatardılar [11, s.101].
Onun elmi-fəlsəfi fəaliyyəti xalqın inkişaf səviyyəsini ən azı 100 il qabaqlayırdı.
A.Bakıxanov “Gülüstani-İrəm” adlı fundamental əsərində xalqının tarixini böyük məhəbbətlə
şərh etmişdir. “Gülüstani-İrəm” vətənpərvər hisslərlə doludur. A. Bakıxanov öz vətənini,
xalqını sevir və onunla fəxr edirdi. O, təsadüfan demirdi: “Əslən bu ölkədən olduğum üçün
fəxr edirəm” [11, s.102]. Rusiynın milli müstəmləkə siysətinə baxmayaraq belə şəxsiyyətlər
var idi və onlar milli istiqlal məfkurəsinin bünövrəsini qoyurdular. Onlar 19-cu əsrdə xalqın
mənəvi bütövlüyünün qarantı rolunu oynayır və genefondun qorunmasında ciddi pay sahibi
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
50
idilər. Qasım bəy Zakir, Cəfərqulu ağa Cavanşir, Baba bəy Şakir və bir çoxları milli intibaha
xidmət göstərən şəxslərdən idilər. Həsən bəy Zərdabi kimi görkəmli maarifçini Azərbaycana
bəxş etmiş və el arasında “rus Ağayev” kimi tanınan xeyirxah insan general Fərəc bəy
Ağayev olmuşdur [18]. Xalq arasında “rus Əhməd” kimi tanınan “Qarabağamə” müəllifi
Əhməd bəy Cavanşir – Həmidə xanım Cavanşirin atası - Kəhrizli kəndində ciddi problemlərlə
üzləşmişdi. “Mürtəce dairələr “Əkinçi” qəzetinin və onun yaradıcısı H. Zərdabinin əleyhinə
kəskin şəkildə çıxışlar edərək onu “papaqlı rus” adlandırırdılar. Hökumət orqanlarına
Zərdabidən saysız-hesabsız şeytanlıq edildi. Məscidlərdə ruhanilər onun xristianlığın
təbliğçisi kimi yamanladılar.” Əkinçi”nin düşdüyü vəziyyətlə bağlı Hənifə xanım Məlikova
(Abayeva) yazırdı: ”Qəzeti çarın qorxusundan oxumayanlar onu Allahın qorxusundan
oxumayanlardan çox idi” [11, s.386]. Beləliklə, xalq arasında “rus balası”,”dəftər
mollası”kimi təqdim olunan kəslər arasında ziyalılar da az deyildi. Cəhalətdə bulunan kütlə
onları qəbul edə bilməzdi. Əslində, M.F. Axundzadənin çoxsaylı əsərlərində xalqın
maarifsizliyi, mövhumatçılığı, cəhaləti, inkişafdan qalması və s. qaldırdığı problemlərin çoxu
rus siysətinin nəticəsi kimi ortaya çıxmışdı. Yüksək dövlət vəzifəsində çalışan M.F.
Axundzadə xalqın dəhşətli vəziyyətinin əsas səbəbini tutduğu qulluq mövqeyinə görə deyə
bilmirdi. Çarizmin mənfur müstəmləkə siyasətini Rus tarixçiləri də təstiqləyir H. Baykara
sözügedən məsələ ilə bağlı yazır ki, rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə
olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla
xanlar arasındakı fərqi izah edir: Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus
komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər. Çar idarəsinin qaçaqların
ailəsinə etdiyi zülm heç bir insanliğa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir
etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi
Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdir. Bəzi qaçaq arvadlarının rus əskərlərinin
təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır [4, s.22]. Beləliklə, XIX əsrdə
xalqımız milli faciəsini yaşamaqdaydı.Cahangir Zeynaloglu yazırdı ki, Çar Rusiyası
Azərbaycanı öz hakimiyyəti altına aldığı gündən süqutuna qədər türklərin milliyyətini
söndürmək üçün nə lazım isə etməkdən durmamışdır. Azərbaycan türklərini " tatar " deyə
adlandıraraq. Nə Türkiyəyə, nə də İrana münasibəti olmayan üçüncü bir millət yaratmağa
çalışmışdır [24, s.104]. XIX əsrdə “milli adət-ənənələri rus həyat tərzinə qarşı qoyan və elə bu
zəmində də milli ideyaları vahidləşdirərək istiqlal ideologiyası yaradan Baba bəy Şakir
olmuşdur. Rusiya işğalının ümumi nəticəsini Baba bəy Şakir obyektiv və tam reallığı ilə
təqdim edir. Onun şerinin bəzi hissələrni təqdim etmək isdərdik [13, s.52]. O yazır:
Quberniya bina olandan bəri
Oğrunun hər biri bir xanə dönüb.
Çox yetişib ərzə divan eyləyən,
Dağılıb vilayət viranə dönüb.
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
51
Bu nə qubernator, bu necə sərdar?!
Dağılıb vilayət oldu tarimar.
Cəldlənibdi rüşvətə murovlar,
Xəlqin işi ahü-fəqanə dönüb.
Bu dövranda hünər söhbəti bitdi.
Bərəkət qeyb oldu, kişilik itdi.
Kərəmli kişilər rəhmətə getdi,
Kələf çözələndi, yumaq üstünə.
Vilayətdə urus olub ixtiyar,
Eyləyib bir bina, yoxdu görək kar;
Tamam işlər olub cahilə bazar,
Heyf bu vilayət, heyhatü heyhat!
Kişilər var idi xan əyyamında,
Əyləşmişdi hər kəs öz məqamında.
Beş yüz nəfər olurdu hər kəlamında,
Handa idi onda belə həşərat? [13]
Rusiya istilasından sonra Azərbaycan türk dilinin və milli-mənəvi dəyərlərinin qorunub
saxlanmasında XIX-XX əsrlərdə el aşıqları və şairləri müstəsna rol oynamışdı. Onlar
yüzlərcədir və ədəbiyyat tarixində onlar haqqında geniş məlumat verilir. Onların əsərlərində
Rusiya istilasının acı nəticələri “dövrün, zamanın ab-havası, ictimai-siyasi ovqatı” təqdim
olunur. “Çürük İslamın “Boş qalıb” qoşması XIX əsr insanın həyat və məişəti, gün-güzəranı
ilə yanaşı, psixoloji durumunun poeziyasında ifadə olunması cəhətdən xüsusilə seçilir:
Yeri bərbad olmuş viran Gümüşdü,
Bayquşlar banlayır, bağlar boş qalır.
Açılmış gülləri, dərilmir barı,
Görünmür bağbanı, tağlar boş qalıb. [15]
Şeirdə insanın varlığını yerindən oynadan, onun şəxsiyyətini sarsıdan faciə təsvir
olunmuşdur. Gümüşlü bərbad olmuş, bağları boş qalmış, evlərinin üstündə bayquşlar ulayır.”
[15, s.58-59]. Xalqin məhkümiyyət acısı demək olar ki, o dövrə aid olan bütün aşıq və el
şairlərinin əsərlərinin ana xəttini təşkil edir. Bu baxımdan “Udulu Musanın yurda məhəbbəti
ən uca və ülvi hadisə kimi öyməsinin, o cümlədən, onun yurd sevgisində təbiət və inasnın
boya-boy dayanmasının canlı sübutudur:
Ehtiyacdır insanların bəlası,
Onu təməlindən qıra biləydim.
Beşgünlük dünyada xoş gün gərəkdir,
Təzədən dünyanı qura biləydim...” [15. s.61]
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
52
Vurğulamaq istərdim ki, XIX əsrdə nəşr olunmuş dərsliklər sırf ruslaşdırma mahiyyəti
daşıyırdı. Çar Rusiyasının çoxşaxəli “humanitar” siyasəti xalqın etno-mənəvi bütövlüyünü
sındırmağa istiqamətlənmişdi.
Ümumiyyətlə, Azərbaycanda XX əsrin əvvəllərində xalqımızın ümumi durumu
olduqca acınacaqlı idi. Rusiya hakim dairələri məhkumluq acısı yaşayan xalqa kölə
psixalogiyası aşılayırdılar. Azərbaycanda maarifin vəziyyəti daha acınacaqlı idi. II Dumada
Azərbaycandan millət vəkili seçilən Mustafa Mahmudov maarifin vəziyyəti ilə bağlı belə
demişdi: “Biz müsəlman müəllimlər maarif sahəsində hər hansı bir yeri almaqdan məhrum
edilmişik. Bu vəziyyətdən maarif naziri heç utanırmı?... Rus olmayan millətlər, xüsusi ilə
türklər üçün maarif nazirliyi tərəfindən açılan məktəblər bomboşdur. Çünki maarif nazirliyi
bu məktəblərdə müqəddəs olan bir şey qoymamışdır. İnsanlıq adına nə varsa hamısı silinmiş,
sökülüb atılmışdır”. Mustafa Mahmudov sözünə davam edərək demişdir ki, Rus dövləti
Zaqafqaziyada yerləşən polis idarəsi üçün ildə 2.361.460 rubl məbləğində pul ayırdığı halda,
rus olmayan millətlərin təhsilinə cəmi-cümlətani 114.000 rubl pul ayırmışdır. [4, s.117].
İsmayıl xan Ziyadxanlının bu məsələyə munasibəti daha kəskin olmuşdu. Onun Dövlət
Duması tribunasından parlaq nitqində qeyd olunurdu: “Artiq bizim üçün də hərəkət etmək
vaxtı çatmış və bundan sonra susmamağı qərara almışıq. Zaqafqaziya bir əsr bundan əvvəl
ruslar tərfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük,
təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq.
Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz
qalmışıq. Siyasi, sosial və iqtisadi cəhətinin hansına nəzər salsanız, hamsında bizim
haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsanız. Ölkəmiz istila edilən kimi
dərhal milli varlığımıza təcavüz edildi. Xalq təhsilindən, ümumiyyətlə maarif sahəsindən
danışmağa belə dəyməz. Çünki bizim kəndlərin heç birində məktəb yoxdur. Yüz
kilometrələrlə gedilsə belə, hər hansı bir yaşayış məntəqəsində məktəbə rast gəlməzsiniz,
halbuki, bizdən maarif işləri üçün vergi toplanır”. Xalqımızın böyük oğlu sözünə davam
edərək qeyd edir ki, Cənablar. Bizə deyirlər ki, müsəlmanlar çox geri qalmışdır. Bu, əsla
doğru deyildir, əksinə, geri qalmaq üçün hökumət özü badalaq vurur... Hörmətli millət
vəkilləri, bizdəki idarə sistemi tənqiddən kənardır. Belə ki, əgər bütün Rusiya bir dəniz,
Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzumu olmayan nə qədər boş və
səfil adam varsa hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir
idarənin məmur kadırlarını təşkil edirlər. Bizim ölkəmizdə dövlət idarəsinin idealı rüşvət və
xalqa əziyyət verməkdir. ”Gözü çıxarılmalı müsəlmanlar“ üçün bundan daha yaxşısı olarmı?”
Cinayət məhkəməsi tərəfindən verilən sürgün, hərbi məhkəmələrin verdiyi edam qərarları
əslində tərcüməçilər tərəfindən təyin olunur. Çünki, bizdə müsəlmanlar rus dilini,
tərcüməçilər isə türk dilini bilmirlər.” [4, s.128]. Qeyd etmək lazımdır ki, məhkəmələrdə
süründürməçilik, rüşvət və özbaşınalıq adi hal almışdı.
XIX əsrin birinci yarsında və 1870-1884-cü illərdə çar fərmanı ilə türklər üçün tərtib
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
53
olunan dərsliklərdə açıq aşkar ruslaşdırma siyasəti öz əksini tapırdı. Hətta, 1905-1907-ci il
inqilabından sonrakı, nisbətən senzuranın yumşaldığı dövrdə də, maarifin vəziyyəti bərbad
olaraq qalırdı. Dövrün mənbələri bunu təsdiqləyir. 1905-ci il 17 oktyabr azadlıq fərmanı
əsasında Azərbaycandakı ibtidai məktəblər haqqında 37 maddədən ibarət nizamnaməyə
istinadən qeyd etmək olar ki, ruslaşdırma və xristianlaşdırma xətti maarif sahəsində Rusiya
işğalından milli istiqlala qədərki dövrdə dövlət siyasətinin ana xəttini təşkil etmişdir.
Nizamnamədə olan maddələrdən bəzilərini qeyd etməyi vacib hesab edirik: Maddə 2 -
yabancı millətlərin məktəbləri fikir, əxlaq, məişət cəhətindən o xalqın tərəqqisinə, həm dil,
həm də adət baxımından ruslarla yaxınlaşmalarına xidmət etmək məqsədilə təsvir
olunmalıdır. [4, s.116-117].
Maddə 13 - yabancı millətlərin dərs kitabları həmin xalqların dilində rus hərifləri ilə
nəşr olunmalıdır. Hər hansı bir xalqın milli əlifbası varsa, dərs kitabları həm milli, həm də rus
əlifbası ilə nəşr olunmalıdır.
Maddə 21 - Xiristianlığı təbliğ edən kilsə mahnılarının digər millətlərin qəlbinə yol
tapması üçün bütün məktəblərdə kilsə mahnıları oxunmalıdır.
Maddə 27 - Yabancı millətlərin məktəblərində, mədrəsələrində kilsə mahnıları lazım
olmasa da, digər millətlərin uşaqlarına əxlaq tərbiyəsi vermək məqsədi ilə bu mahnılar həm
rus, həm də ana dilində öyrənilməlidir.
Əgər yabanı millətlər övladlarına öz dini mahnılarını öyrətmək arzusunda olsalar,
məktəb müdiri müavinindən icazə almalıdır [4, s.117].
Qafqaz müsəlman müəllimlərinin I qurultayı iştirakçıları olan görkəmli ziyalılar - H.
Zərdabi, Ə. Ağayev, N. Nərmanov, M. Mahmudbəyov, A.R. Əfəndiyev və başqalarının
şahidliyi və qocaman müəllim Səməd bəy Acalovun qurultay haqqındakı tarixi məlumatları, İ.
Ziyadxanlı, M. Mahmudov və Əlimərdan bəy Topçubaşovun Azərbaycanda maarifin
acınacaqlı durumu haqqındakı tarixi qeydləri bir daha sübut edir. Qocaman müəllim Səməd
bəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: “Bakıda məktəblər üzrə Livitski adlı
bir inspektor (müfəttiş) vardı. Qatı irticaçı hərəkət və rəftarında ayrı-seçkiçiliyə, iriqçiliyə yol
verirdi. O məktəblərdə bir kəlmə də olsa belə Azərbaycanca danışmağı qadağan edirdi:
“Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (azərbaycanca) danışasız. Kim bu əmri pozsa
müəllimlikdən qovulacaq”. Müəllimlər dəhşətə gəlib nə edəcəklərini bilmirdilər. Onlar
deyirdilər ki, “rus dilində ifadə etdiyimiz sözləri nə sayaq başa salaq. “Sabaka” sözünü it kimi
hürüb “ham-ham”, pişik sözünü “miyo-miyo” edib əyan edək?!” [21, s.177-178].
Rus imperiyası Azərbaycan xalqının mənəviyyatına hakim olmaq üçün onun liderlərini
(xanzadələri, bəyzadələri və ruhaniləri) ləkələməklə gözdən salmağa, açdığı dini və dünyəvi
məktəblərdə insanların şüurunu xristian və rus adət-ənənələrini yeritməyə cəhd göstərirdi"
[13, s.51]. Xaqımızın böyük oğlu M.Ə.Rəsulzadə İstilaçıların tərəfinə keçmiş insanlara
xalqın kəskin münasibət göstərdiyini bir sıra əsərlərində tarixi faktlarla izah edir. Beləliklə,
Rusiya işğalının və kolonial siyasətinin əsas istiqamətləri, fəlsəfəsi: M.Ə. Rəsulzadə, M.B.
Məmmədzadə, Ə. Topçubaşov, Ə. Hüzeyinzadə, Ə. Ağaoğlu, İ. Ziyadxanlı kimi Cümhuriyyət
İPƏK YOLU, No.1, 2018
Azərbaycan Universiteti
54
qurucularının əsərlərində ciddi təhlil olunmuş və obyektiv qiymətini almışdır. Çar Rusiyasının
xalqın milli-mənəvi bütövlüyünü məhv etməyə yönəlik maarif və din siyasətinin mahiyyəti,
eləcə də ali müsəlman silkini özününküləşdirmək tədbirlərini, milli-mənlik şüurunun
formalaşmasına sədd çəkmək siyasəti Cümhuriyyət qurucularının əsərlərində öyrənilmişdir.
Lakin, nədənsə Azərbaycan tarixinə dair ümumiləşdirmiş əsərlərdə və XIX əsr
tarixşünaslığına dair tədqiqat əsərlərin də, Rusiya işğalının tarixşünaslığına dair
araşdırmalarda həmçinin maarifçi pedaqoji ədəbiyyat tarixinə dair elmi araşdırmalarda
onların geniş təhlilini görmürük. Təqdim olunan məqalədə Rusiya istilasından XX əsrin
əvvəlinə qədər xalqımızın keçdiyi acınacaqlı yola - milli-istiqlal məfkurəsinin yaranmasına
gətirib çıxaran məqamlara da nəzər yetirilir.
Ədəbiyyat
1.
Abdullayev M., (2005), Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali
Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40 – cı illərinə qədər), Bakı.
2.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki cilddə, I-cild, Bakı, 2004.
3.
Azərbaycan tarixi, (XIX – XXI əsrin əvvəli.Ali məktəblər üçün mühazirələr kursu), Bakı,
2010.
4.
Baykara H., (1992), Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı.
5.
Cəfərzadə Ə., (1974), Azərbaycanın aşıq və şair qadınları, Bakı.
6.
Cəfərzadə Ə., (2005), Azərbaycan qadın şairləri antalogiyası, Bakı.
7.
Düma A., (1985), Qafqaz səfəri, Bakı.
8.
Əhmədov H., (2000), XIX əsr Azərbaycan məktəbi, Bakı.
9.
Fərzəlibəyli Ş.F., (2001), Quba tarixi, Bakı.
10.
Hüseynli R., (2002), Azərbaycan ruhaniliyi, Bakı.
11.
Hüseynov H., (2006), XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən, Bakı.
12.
Hüseynzadə Ə., (1997), Türklər kimdir və kimlərdən ibarətdir, Bakı.
13.
Xəlilli.X., (2006), Qarabağ:etno mənəvi inkişaf tarixi, Bakı.
14.
İbişov.S.Ə., (2017), Quba xanlığı:əhali tarixi və azadlıq mücadiləsi, Bakı.
15.
Qəni T., (2010), Şirvan xalq poeziyasının inkişaf təmayülləri, Bakı.
16.
Məmmədquluzadə H.,(1967), Mirzə Cəlil haqqında xatirələrim, Bakı.
17.
Muradəliyeva E., (2004), Azərbaycan milli şürunun qatlarında Rusiya işğalı
(Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar), Elmi məcmuə, Xəzər
Universiteti, s.226-234.
18.
Nəzirli Ş., (1991), Azərbaycan generalları, Bakı.
19.
Rəsulzadə M.Ə., (1990), Azərbaycan Cümhuriyyəti, Bakı.
20.
Seyidov Ə., (1968), Pedaqogika tarixi, Bakı.
21.
Süleymanov M., (1989), Eşitdiklərim, oxuduqlarım, gördükləri, Bakı.
22.
Turan A., (2008), Əli bəy Hüseynzadə, Moskva.
S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN…
55
23.
Zərdabi H., (2010), Əkinçi (elm və həyat), Bakı.
24.
Zeynaloğlu C., (1992), Müxtəsər Azərbaycan tarixi, Bakı.
25.
Quliyev V., (2010), Ə.Topçubaşi – Zərdabişünas, 525-ci qəzet, 28 may, № 20.
Dostları ilə paylaş: |