8-5. İctimailəşmə və
məhəbbətin transferi
Cəmiyyətimizdə saf mənəviyyatı
bərqərar etmək, inkişaf etdirmək,
bütün mənfi hallara qarşı mübarizə-
ni gücləndirmək əsas vəzifəmizdir.
Heydər Əliyev
İnsanın ictimailəşməsi kişilərin simasında lap qədimdən başlanır. Əslində cismani və mənəvi başlanğıcla (ruh və bədənlə) yanaşı sosial komponent də insanı fərqləndirən ilk zəruri şərtlərdən biridir. Ona görə də biz müasir dövrdə ümumiyyətlə insanın yox, məhz «qadının ictimailəşməsi» prosesindən danışmaq istərdik.
İnsanların ictimailəşməsi qədim tarixə malik olsa da, müxtəlif dövrlərdə bu ictimailəşmənin miqyası müxtəlif olmuşdur. Qadınların ictimailəşməsi neçə min illər ərzində ailə və qohum-qardaş miqyasından o tərəfə keçmədiyinə görə biz bunu tam ictimailəşmə hesab etmirik. Ailə bir tərəfdən cəmiyyətin özəyi olsa da, digər tərəfdən cəmiyyət üçün xeyli dərəcədə qapalı bir sistemdir. Qərbdə qadınlar ailə «baryerini» çoxdan keçiblər. Bizdə isə bu proses yeni-yeni başlayır və onun yaratdığı sosial-psixik təbəddülatların öyrənilməsinə böyük ehtiyac vardır.
Bu hadisə, heç şübhəsiz, məhəbbətə də təsir göstərir və onun xarakterini xeyli dərəcədə dəyişir.
Neçə əsrlər ərzində Şərqdə qadın üçün ictimailəşmə dərəcəsi «ata evi», «qayınata evi» və bunlar arasındakı yoldan ibarət olmuşdur. Qadının həyatında ən böyük dəyişiklik bir ailədən başqasına köçmək, gəlmək, «gəlin» olmaqdan ibarət idi. Bir ailədə oturub başqa ailə üçün hazırlanmaq – ciddi bir sosioloji və psixoloji problem, qadın üçün isə hətta məhəbbətlə müqayisə oluna biləcək dərəcədə əhəmiyyətli bir hadisə idi. Biz indi buna «ailə qurmaq» deyirik. Lakin uzun muddət, bəzən elə indi də qız üçün söhbət əslində «ailəyə köçməkdən» gedir.
«Məhəbbət» sferası bir adamla münasibəti əhatə edir. «Köçmək» isə qarşıya tək sevdiyin oğlanla yox, onun ailəsi ilə münasibətlər qurmaq problemi qoyur. Gəlin-qayınana ziddiyyəti də ailələr arasındakı fərqdən, bir ailədə yetişmiş insanın başqa ailənin qaydalarına, ruhuna nə dərəcədə adaptasiya oluna bilməsindən və ya hətta bu başqa ailəyə yeni qaydaları nə dərəcədə məharətlə tətbiq edə bilməsindən asılı olaraq yaranır.
Düzdür, Avropada qızlar «köçmür», onlar oğlanla birlikdə yeni ailə qururlar. İndi bizim şəhərlərdə də çox vaxt «köçmək» «qurmaq»la əvəzlənir. Hansı daha yaxşıdır?
Əlbəttə, adamın ağlına gələn birinci rəy üstünlüyü qurmağa verir. Jəmiyyətin yüksək dərəcədə inkişaf etdiyi gen-bol bir şəraitdə bu, ola bilsin ki, ən yaxşı variantdır. Hər halda, iki şəxs arasındakı məhəbbətin sınağı üçün daha lokal bir mühit yaranır.
Lakin burada da özünəməxsus problemlər ortaya çıxır. Əvvəla, yenicə təhsilini başa vurmuş gənclərin qısa müddətdə ailə üçün zəruri olan tam şərait yaratması qeyri-mümkündür. Ona görə də, bu şəraitin yaradılması yenə də valideynlərin öhdəsinə düşür. Yenə də mühit genişlənir, zövqlər toqquşur, sevgililər Kimlərdənsə asılı vəziyyətdə qalır.
Lakin tutaq ki, bütün çətinliklərə baxmayaraq, müstəqil yaşamaq istəyən gənclər hər şeyi özləri həll edirlər. Bu zaman onların fəaliyyət istiqamətləri sosial-iqtisadi problemlərə və məişət qayğılarına yönəlmiş olur ki, bu da yenə romantik məhəbbətin yerə enməsi və bəzən arxa plana keçməsi ilə nəticələnir. Bu halda birgə quruculuq işi, ortaq çətinliklər yoxsulluqdan və ya vaxt çatışmazlığından irəli gələn narahatlıqlar məhəbbəti daha ağır bir sınağa çəkir. İstər-istəməz belə bir fikir yaranır ki, gəlinin qurulu evə köçməsi, məişət məsələlərində daha təcrübəli və təmkinli olan yaşlı nəslin himayəsini qəbul etməsi sevgililərin münasibətində romantikanın qorunub saxlanılması üçün daha əlverişli ola bilər.
Göründüyü kimi, «köçmək» və «qurmağın» – hərəsinin öz üstünlükləri və çatışmazlıqları vardır. Bütün hallarda məhəbbəti sərt reallığın ağır sınaqları gözləyir. Məhəbbətin ikinci, daha realistik mərhələsi bundan sonra başlanır. Mənafe birliyi, birgə quruculuq işləri, ortaq çətinliklər, birgə mübarizə və bu mübarizədə qazanılan uğurların ortaq sevinci – bütün bunlar göydən yerə enmiş məhəbbətin yeni şəraitdə möhkəmlənməsi üçün əlavə impuls verir.
Lakin ictimailəşmə şəraitində məhəbbət üçün yeni təhlükələr və yeni sınaqlar ortaya çıxır. Müstəqil yaşamaq və ailəni dolandırmaq üçün kişi işləməli və vaxtının çox hissəsini evdən kənarda keçirməli olur. Ərin ailə miqyasından kənardakı həyatı gəlin qarşısında ailə daxilində həyata uyğunlaşmaq və ya əri kimi ailədən çıxaraq ictimai həyata qatılmaq alternativini qoyur. Bu ikinci seçim ancaq son dövrlərdə aktuallaşmış və «qadınların ictimailəşməsi» prosesi üçün əsas olmuşdur. Bu zaman məhəbbət üçün yeni sınaqlar ortaya çıxır. Ərin iş yerində çoxlu sayda başqa qadınlar, gəlinin iş yerində də çoxlu sayda başqa kişilər çalışır ki, onlarla münasibətlərin qurulması zərurəti yeni mədəniyyət və yeni əxlaq normalarının formalaşmasını tələb edir. Şərqdə bu sahədə ənənəvilik olmadığından, çox vaxt Qərb stereotipləri önə keçir.
Ər və arvadın ailə daxilində keçirə billəcəyi romantik anlar azalır. Məişətdə və ailə quruculuğunda ortaya çıxan qayğılar, problemlər – bir tərəfdən, qayınata və qayınana ilə münasibətlərin çətinlikləri – ikinci tərəfdən, əgər kAsıbçılıq varsa maddi problemlər – üçüncü tərəfdən və s., və s. – hamısı yüksək estetik hissin və romantik anların əleyhinə işləyir.
Amma iş yerində… İş yerində hamı səliqə-sahmanlı, hamı sanki dərd-sərini evdə qoyub gəlir və burada rahat nəfəs alır, dinclik tapır.
İşdə dincəlmək paradoksu! Əlbəttə, bütün iş yerləri rahat deyil, insan burada da əlavə stress ala bilər. Və bunları da evinə daşıyar ki, bu da yenə məhəbbətin əleyhinədir.
Amma çox vaxt əsəblər ailədəki kimi tarım çəkilmir, qayğılar az olur. Zahirən hamı mədənidir və bir-birinə xoş sözlər deyir. Evdə xoş sözə həsrət qalan qadınlar bəzi iş yerlərində gen-bol kompliment eşidirlər. Bax, belə bir şəraitdə insanların romantik hiss üçün əhval ruhiyyəsi ailədəkindən daha əlverişli olur. Kimlərsə bu xoş əhval impulsunu işdə biruzə verməyərək evə ərməğan gətirir. Kimlərsə «səadətini» elə işdə tapmağa çalışır.
İctimailəşmə faktoru subaylar və ailəlilər üçün xeyli fərqli üfüqlər açır. Daha doğrusu, hələ seçimini etməyənlər üçün geniş seçim meydanı açıldığı halda, könlünü artıq kiminləsə bağlamış adamlar üçün nəfslə mübarizə meydanı açılır; məhəbbət və mənəviyyat sınağa çəkilir.
Beləliklə, qızların və dul qadınların ictimai həyata qatılması ilə ailəli qadınların işləməsi eyni tərtibli hadisə deyil və bu problemin geniş sosial-psixoloji tədqiqinə böyük ehtiyac vardır.
«Qadınların ictimailəşməsi» kişilərin iş yerlərini rəngarəng etməklə onları yeni həvəsə sala bilər. Xüsusən, ailə məhəbbəti həqiqi və güclü deyilsə, açılan yeni imkanlar müqabilində sınaqdan uğurla çıxmaq çətin ola bilər.
Qərbdə ictimai həyat ailə həyatına nəzərən daha önəmlidir. Ailələr çox vaxt qısa ömürlü olur. Qadınlar çoxdan ictimailəşiblər. Kişilər də ictimai həyatın açdığı «məhəbbət fonu»nu lazımınca dəyərləndirirlər.
Don Cuanlıq da təbii ki, Qərb təfəkkürü-nün məhsuLudur. Əgər məqsəd sadəcə qadında maraq oyatmaq, onu «yoldan çıxarmaq», «ələ keçirmək»dirsə və kimsə bu sahədə çox məharətlidirsə, bunun böyük sevgi ilə, eşqlə heç bir əlaqəsi yoxdur. Burada söhbət sadəcə olaraq hissiyatının fövqünə qalxa bilməyən qadınların zəifliyindən və ya SAdəlövhlüyündən sui-istifadədən gedir. Bundan da pisi isə heç qəlbi ələ keçirməyə təşəbbüs də göstərmədən, hansı isə gözəlin sadəcə cisminə sahib olmaq, öz şəhvətini söndürmək üçün istifadə etmək və bu yolda rəyasətdən, vəzifədən, var-dövlətdən yararlanmaqdır.
Əlbəttə, burada da həm zahirən, həm də nəticə etibarilə bir-birinə bənzəyən iki situasiya əxlaqi baxımdan fərqləndirilməlidir. Birinci halda, qarşı tərəf könüllü surətdə, heç bir inzibati və ya digər asılılığı olmayan, hətta heç tanımadığı adama pul müqabilində təslim olur. Gecə klublarının çoxu bu məqsədlərə xidmət edir. Burada qadın artıq konkret bir sosial-əxlaqi statusda çıxış edir. Və belə yerə gedən kişi də məhəbbət axtarmaq üçün yox, ancaq şəhvani hissini təmin etmək üçün gedir. Onun mənəvi təskinliyi də var ki, bu qadınları kluba o dəvət etməyib və onların əxlaqı üçün məsuliyyət daşımır. Qərbdə buna normal baxılır. Burada heç kimin öz kimliyini gizlətməsinə ehtiyacı olmur. Qərbdə belə hesab edilir ki, insan öz həyat tərzindən utanmamalıdır. Utanılası əməllər onsuz da hüquq müstəvisinə keçir. Hüquqla məhdudlaşdırılmayan bir sfera var ki, onun daxilində insan özünü tam azad hiss edə bilər. Yəni əməllər hüquq və ağılla tənzim olunur.
Şərqdə isə əxlaqi normadan azca da kənara çıxan əməllərin üstü açıldıqda hüquqda nəzərdə tutulduğuna nisbətən daha ağır cəza verildiyindən və ictimai tənbeh də həqarətli olduğundan, insanlar özlərinin hissi və iradi zəiflik məqamındakı əməllərini gizlətmək məcburiyyətində qalırlar. Nəticədə pərdəarxası reallıqlardan fərqli olaraq hamı zahirdə başqa cür, – «abırlı» görünməyə çalışır; cəmiyyət riyakarlaşır, əxlaqi baxımdan kimin kim olduğunu müəyyənləşdirmək xeyli çətin olur. Beləliklə, əxlaq məsələlərində Şərqdə insanları riyakarlığa sövq edən ictimai tənbehin və cəzanın əmələ adekvat olmaması, tərbiyəedici yox, qəhredici olmasıdır.
Lakin digər hal da var. Öz sosial-əxlaqi statusuna görə «küçə qadını» olmayan, ailədə və cəmiyyətdə müəyyən mövqe tutan gənc qıza, hətta ana olan, ailəsi olan bir qadına qarşı təhrikçi münasibət və bu zaman vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, – bu, daha ezamiyyət sərgüzəşti, gecə klubuna getmək və ya hansı isə ailəsiz qadınla könüllü münasibət qurmaq deyil. Bu, sadəcə əxlaqi səbatsızlıq da deyil; əxlaqi pozğunluğun ifrat halı, əsl cinayətdir və Qərbdə belə münasibətə, hətta «sadəcə» təşəbbüsə görə ciddi hüquqi cəza nəzərdə tutulur. Bəli, bizim bəyənmədiyimiz Qərbdə vəzifəli şəxsin tabeliyində olan işçiyə başqa gözlə baxması, müəllimin öz tələbəsinə müsbət qiymət müqabilində təmənnalı münasibət bəsləməsi halları nəinki hüquqi məsuliyyətə cəlb olunur, hətta cəmiyyət özü belə adamları Daşqalaq edir və ən başlıcası, belə şey normal insanların heç qəlbindən də keçmir; yəni Qərb bu məsələdə hüquq və əxlaqın adekvatlığına nail ola bilmişdir. Qadınlar da öz hüquqlarını gözəl bildiyindən və qarşı tərəfin qeyri-əxlaqi rəftarına görə onun əvəzinə utanmaq məcburiyyətində olmadıqlarından, belə hallarda mütləq məhkəməyə müraciət edirlər. Fəal hüquq, hüquqi mədəniyyətin yüksəkliyi nəticə etibarilə əxlaqı da yönləndirir. Yəni kişi qarşı tərəfin utandığındanmı, ya nədənsə susmayacağına əmin olduğu üçün heç belə bir təşəbbüs də göstərmir. Çünki cəzanın, ictimai tənbehin qaçılmaz olduğunu bilir. (Tək bir Monika əhvalatı hamıya görk deyildimi?). Tədricən bu qorxu əxlaqi mövqeyi formalaşdırır, daha doğrusu peşə əxlaqı qərarlaşır və öz işçisi ilə «sərbəst» rəftar, ona təmənnalı və ya sırtıq münasibət vəzifəli şəxsin heç ağlına da gəlmir.
Bəs bizdə? Hüquq öz funksiyasını yerinə yetirə bilmədiyindən və hüquqi mədəniyyət aşağı olduğundan sırtıq münasibətlə üzləşən qadın nə edəcəyini bilmir; ya ürək ağrısı ilə təhqirlərə dözməli, ya iş tapmağın belə çətin olduğu bir vaxtda «üzü sulu» işdən çıxmalı, ya da bunu ərinə, qardaşına, atasına deməklə qan tökülməsinə bais olmalıdır. Qərbdə ən optimal sayılan məhkəməyə müraciət variantı isə heç ağıla da gəlmir. «Kişilər» də məhz qadının bu «əlacsız» vəziyyətindən, «özünü biabır etmək istəməməsindən» sui-istifadə edirlər.
Əlbəttə, məhəbbət haqqındakı əsərdə söhbət təhsil müəssisələrində, iş yerlərində gənc qız və oğlanlar, subay kişi və qadınlar arasında yaranan sağlam dostluq münasibətlərindən və ya məhəbbətdən getsə, daha çox yerinə düşərdi. Lakin yuxarıda baxdığımız neqativ hallar o dərəcədə aktuallaşıb ki, biz bu kontekstdə psevdoməhəbbətdən və hətta antiməhəbbətdən də danışmaq məcburiyyətində qallırıq.
Təəssüflər olsun ki, poetik idealda eşqi göylərə qaldıran, məhəbbəti saf, təmiz və hətta müqəddəs duyğu kimi vəsf edən Şərq kişiləri ictimai həyatın reallığına enəndə çox vaxt başqa hava çalırlar. Görünür, burada ictimai rəyin düzgün formalaşmaması və kişi ilə qadın arasında məsuliyyət dərəcələrinin düzgün bölünməməsinin də rolu vardır. Belə ki, elə bil bütün məsuliyyət qadının üzərinə atılmışdır. Kişinin təhrikçi münasibətindən daha çox, qadın zəifliyi məzəmmət olunur. Bizim fikrimizə görə isə güclü cinsin nümayəndəsi olmaqla kişi daha çox məsuliyyət daşımalıdır. Lakin günahın çoxu kişilərdən də çox cəmiyyətdədir. Naqis cəmiyyətdə yüksək mənəviyyatın qorunması çətin olur.
Səbəblərdən biri də eşq ideologiyasının reallıqdan çox uzaq olması, adi insanlar üçün əlçatmaz olmasıdır.
Qərbdə evlənənlərin istifadəsində real ictimai mühitdən, hakim mənəvi dəyərlər sistemindən, üstün ictimai rəydən, ailə iqtisadiyyatından, hətta psixoloji və fizioloji bilgilərdən çıxış edən, əməli həyatda yararlı, mükəmməl bir ailə-məhəbbət təlimi vardır. Bizimkilər isə məcnunluqla, yüksək eşq idealı ilə elə yüksəklərə qalxıblar ki, buradan nəinki ailə həyatı, heç ümumiyyətlə yer də görünmür. Real həyatda, ailə münasibətlərində bu konsepsiya kara gəlmir. Daha doğrusu, «aşiqlik istedadı», cəmiyyətin fövqünə qalxmaq əzmi seçilmişlərin qismətidir. Həm də bu seçilmişlər adi mənada xoşbəxt ola bilməyərək, ancaq «cəfadan zövq almağa» məhkumdurlar.
İnsanların böyük əksəriyyəti isə ictimai mühitin, mövcud sosial reallığın bir hissəsidir. «Normal insanların» məhəbbətləri də öz səviyyələrinə uyğun olur. Şərqdə isə «normal məhəbbət» konsepsiyası yaradılmayıb; görünür, bu əskiklik sayılıb. Ona görə də, ailə quran gənclərin zehnində və əməli istifadəsində onlara yardımçı ola biləcək heç bir örnək, təlimat yoxdur. Bu sahədə biz bəyənmədiyimiz qərblilərdən geri qalırıq. Ailə isə ancaq qadınlarımızın fədakarlığı sayəsində qorunub saxlanır.
Təəssüflər olsun ki, bizdə qadına ikili münasibət az qala normaya çevrilmişdir. Özümünkü və başqası bölgüsü getmiş, əxlaqi eqoizm hakim kəsilmişdir; «hər kəs ancaq öz ailəsinə cavabdehdir».
Başqalarının haqq yolundan, əxlaq yolundan uzaqlaşmasına biganəlik göstərilir və bəzən hətta dəstək verilir. Bu «özgəyə» biganəlik hissi, antimilli mahiyyət kəsb edən fərdiyyətçilik və eqoizm özünü ancaq saf məhəbbət, izzəti-nəfs və namus məsələlərində deyil, daha geniş dairədə göstərir. Məmməd Araz da «Məndən ötdü, qardaşıma dəydi…» şeirində diqqəti məhz bu cəhətə yönəldir:
Səndən, məndən ötən zərbə
Vətən, Vətən, sənə dəydi…1
Vətən isə təkcə torpaq deyil, ərazi deyil, həm də milli mənəviyyat, milli namus və qeyrətdir. Ətrafda milli-mənəvi ənənələr pozulursa, məhəbbət ucuzlaşırsa, maddi ehtiyac ülvi hissləri ayaq altına atırsa, Füzulinin, Aşıq Ələsgərin vəsf etdiyi gözəllər mənən dəyərsizləşirsə, – və bütün bunlar sənin Vətənində, ən yaxın ətrafında baş verirsə, özünün də, övladlarının da gec-tez bu xəstəliyə mübtəla olmayacağına əminlik haradandır? Axı, insan mühitdə formalaşır. Və bu mühitdə «söymə nökər atama, söyərlər bəy atana» timsalı da vardır.
Şair biganəlikdən danışır. Lakin bu mühitin pozulmasında bilavasitə iştirak edən, əxlaqi dəyərlərə, bakirə könüllərə qəsd edən «insanlar» da var. Onlar bizim aramızda olmaqla yanaşı, həm də «hörmət sahibləridir». Belə olan halda, kimsə soruşa bilər ki, heç olmazsa özü düz olmağa çalışan bu binəva «biganə»nin təqsiri nədir?
Amma bütün məsələ də elə bundadır ki, əxlaqi normalardan kənara çıxan pozğun adamlar, naqislər, tüfeylilər hər yerdə ola bilər; lakin cəmiyyət onları məzəmmət edir, islah etməyə çalışır, cəzalandırır. Faciə o zaman baş verir ki, cəmiyyət onları başa mindirir. Bu isə ancaq biganəlik, etinasızlıq xəstəliyinə tutulmuş cəmiyyətdə mümkündür. Buna ancaq özünü, özünün də ancaq bugününü düşünən, «burnunun ucundan o tərəfi görə bilməyənlər» rəvac verə bilər.
Özünü qorumaq istəyən, ilk növbədə məhz ətrafını, yaşadığı mənəvi mühiti qorumalı deyilmi? Özünü mənən yüksək görə bilmək üçün yüksək mənəviyyatlı millətin nümayəndəsi olmaq şərt deyilmi? Alçaldılmış və təhqir olunmuş millətin övladı baş ucalığı, qəlb rahatlığı tapa bilərmi? Qəlbində Vətən sevgisi, millət sevgisi olmayan adamın şəxsi məhəbbətinə, ailə sevgisinə inanmaq olarmı?
Bu sualların cavabını şair gözəl vermişdir:
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm.1
Yaxud:
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz. 2
Lakin, əlbəttə, vicdansızlıq, biganəlik, milli heysiyyatdan məhrumluq heç də hamıya aid deyil. Hələ də millətin hər bir nümayəndəsinin şərəf və ləyaqətini özününkü hesab edən, hər bir Vətən qızına alçaldıcı münasibətin qeyrətini çəkən, Xocalı faciəsini də, Dubay ləkəsini də, əsir düşən və ya maddi ehtiyac üzündən könlünü satan, təhqir olunan hər bir qız-gəlinin izzəti-nəfsini də özününkü sayan və qəlbi qübar bağlayan, millətin bu böyük dərdini öz çiyinlərində daşıyan və bu ağırlıqdan bir az xilas olmaq üçün «mənə biganəlik öyrət, ürəyim», – deyən, amma bir an da biganə ola bilməyən Məmməd Arazlar nə yaxşı ki, hələ vardır… Vardır?!
Gözümüzün qabağında zəmanə eşqi ehtirasın ayağına verir. Yeni «aşiqlər» peyda olur və dinə, millətə, adət-ənənəyə meydan oxuyur. Həyat bayağılaşır. Böyük ideallar qərbləşmək pərdəsi altında qurban verilir. Amma Qərb heç biz sandığımız kimi deyil. Daha çox bayağılaşan əslində çağdaş Şərqdir.
Dostları ilə paylaş: |