Hüseynov Mövlud



Yüklə 1,58 Mb.
səhifə2/16
tarix10.11.2017
ölçüsü1,58 Mb.
#9227
1   2   3   4   5   6   7   8   9   ...   16

ALBALI
Al­balı gülçiçəklilər fəsilə­sin­dəndir. Al­balı cinsinin 240 növü var.

Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (alma və limon), karotin, C, B1, PP vitaminləri, fol tur­şusu (Bc vitamini), aşılayıcı və pektin maddələri vardır.

Albalı təzə, qurudulmuş və konservləşdirilmiş halda yeyilir. Ondan kompot, mürəbbə, şərbət, ekstrakt, konfet, nastoyka, nalivka, şərab və spirtsiz iç­kilər hazırlanır.

Tərkibində dəmir nisbətən çox olduğundan albalıdan və onun emalı məhsullarından qanazlığında istifadə olunması məsləhət görülür. Ondan albalı şərbəti və albalı şirəsindən içki hazırlanır.


ALMA
Alma gülçiçəklilər fəsiləsin­dən olub, 30-dan çox növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda, əsasən Şərq alması bitir.

Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə, 1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9% sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az miqdarda B1, B2 və PP vitaminləri də olur.

Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlü­koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-dən çox pektin maddəsi, 30-80 mq% C, B1, B2 vitaminləri, ka­rotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kal­sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi tur­şuların çox olması yabanı almadan təzə halda istifadəni məh­dud­laşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi pro­seslər nəticəsində dadı yaxşılaşır.

Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəb­bə, po­vidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsə­lən, sidr) hazırlanır. Tərkibində pektin maddəsi çox olduğu üçün onu marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi istifadə edirlər.

Yabanı alma qurusu çay və qəhvə içkilərində də işlədilir.

Almadan kompot, püre, mürəbbə, povidlo, pastila, marmelad, sirkə, kvas, sidr, şərab və spirtsiz içkilər hazırlanır.

Ondan mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuq­dəy­məyə və öskürəyə qarşı effektli dərmandır.

Alma ürək-damar xəstəliklərində və qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2 mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki, bundan da qanazlığının müalicəsində istifadə olunur.


ÇAYTİKANI
Çaytikanı İydə fəsiləsinin çaytikanı cinsinə mənsubdur. Məlum olan 3 növündən biri Azərbaycanda bitir. Çaytikanı meyvəsinin xoş ətrinə görə, çox vaxt «Sibir ananası» adlanır. O doğrudan da, ananas ətri verir.

Çaytikanı meyvəsi olduqca qidalıdır. Meyvəsinin tər­kibində 3,5% şəkər, 3,2% üzvi turşu, 6%-ə qədər zülali maddə, 9% yağ vardır. Toxumunda yağın miqdarı 12,5%-ə çatır. Çay­tikanı itburnu kimi vitamin mənbəyidir. Çaytikanının tərkibində 16,9-272,5 mq% C, 75-100 mq% P, 0,016-0,055 mq% B1, 0,037-0,066 mq% B2, 0,79 mq% B6, 8 mq% E, 1,1-10,9 mq% karotin (provitamin A), 0,79 mq% fol turşusu (vitamin Bc) və 1,2 mq% K vitamin vardır. Toxumunda 0,28 mq% B1, 0,38 mq% B2, 14,3 mq% E vitamin var­dır. Toxumundan alınan yağın tərkibində 250 mq% karotinoidlər, 165 mq% E vitamini və yarımdoymamış yağ turşuları (F vitamini aktivliyində) vardır.

Çaytikanının meyvəsindən müalicə əhəmiyyəti olan müxtəlif şirə, dadlı və ətirli kompot, kisel, mürəbbə, cem, jele, püre, povidlo, marmelad, vitaminli çay, spirtsiz içki, nastoyka və likör hazırlanır.
ÇİYƏLƏK
Bağ çiyələyi gülçiçəklilər fəsiləsindəndir. Çiyələk Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır.

Bağ çiyələyinin tərkibində 80-88% su və 10-12% quru maddə vardır. Sortundan və yetişdiyi yerdən asılı olaraq çiyə­lə­yin tərkibində 6-11% şəkər, 1-2% üzvi turşu vardır. 30-80 mq% C vitamini və az miqdarda B qrupu vitaminləri, karotin, tur­şu­lardan ən çox limon və azacıq alma turşusu vardır. Şəkərlərdən 2,8% qlükoza, 3,3% fruktoza və 0,4% saxaroza olur. Birinci yığımda çiyələyin tərkibində şəkərin miqdarı 2-ci və 3-cü yığıma nisbətən 1% çox olur.

Bunlardan başqa çiyələkdə 0,6% aşı və boya maddəsi, 0,6% yağ, 1,5% sellüloza, 1,3% pektin maddəsi, 0,5% mineral mad­də vardır. Ən çox dəmir, fosfor və kobalt duzları rast gə­linir.

Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəkdaşı xəstəliyində, yarpaqlarından isə sidikqovucu dərman kimi istifadə edirlər. Çiyələk, eyni zamanda orqanizmin maddələr mübadiləsinə kömək edir və həzmi yaxşılaşdırır, qaraciyərin və öd kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoza qarşı da yaxşı təsir göstərir.

Xalq təbabətində bağ çiyələyinin meyvəsindən qanaz­lığında, sinqa və böyrəkdaşı xəstəliyində geniş istifadə edirlər.
ƏRİK
Gül­çi­çəklilər fəsiləsindəndir. Ərik cin­sinin 10 müxtəlif yabanı forması vardır ki, bunun da 3 növü – adi, Sidir və Mancuriya əriyi daha çox yayılmışdır.

Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən, sa­xa­roza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar quru­mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miq­darında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məq­sədlərilə işlədilmir.

Ərik meyvələri mədə-bağırsaq xəstəliklərində həzmi yaxşılaşdırır və ürəyə qüvvət verir.
HEYVA
Gülçiçəklilər fəsiləsindəndir. Meyvə bitkisi kimi 4000 ildir ki, məlumdur. Yabanı halda ən çox Şərq yarımkürəsində daha çox bitir. Böyük Qafqazın şərq hissəsində, Mərkəzi Zaqafqaziyada və Talışda yetişir. Mədəni halda dünyanın bir çox ölkələrində becərilir.

Heyvanın tərkibində 5-12,2% şəkər, o cümlədən 2,14% qlükoza, 6,27% fruktoza və 0,64% saxaroza, 0,85-1,22% üzvi turşu (alma, limon), 0,35-1,25% aşılayıcı maddə, 0,27-0,45% pektin maddəsi, 0,51-0,85% minerallı maddə, o cümlədən 30 mq/kq dəmir, 1,4 mq/kq mis, 20 mq% C vitamin və karotin vardır. Heyvanın, əsasən qabıq hissəsində toplan­mış enant-etil və pelarqon-etil efiri onun ətrini əmələ gətirir.

Heyvanın meyvəsi marmelad, jele, povidlo, sukat, mürəbbə, kompot, cem hazırlamaq üçün qiymətli xam­mal­dır.

Təzə heyvadan hazır­lanmış ekstraktın tərkibində dəmir çox olduğundan qanazlığı və digər xəstəliklərə qarşı istifadə olunur.

Məşhur tacik həkimi və filosofu İbn-Sina heyvaya çox fikir verirdi. O, belə hesab edirdi ki, heyva həzm prosesinin pozulmasında və sifətin (üzün) rənginin yaxşılaşmasında müsbət təsir göstərir. Ona görə də o, təzə hazırlanmış heyva şirəsini bal və sirkə ilə iştahanın artmasına, mədənin möhkəm­lən­məsinə və qaraciyər zəifliyində istifadə etməyi məsləhət görürdü.
İNNAB
İnnab murdar­çakimi­lər fəsiləsinin innab cinsinə mənsubdur. 100 növ kol və ya meyvə ağaclarından bir növü yayılmışdır. Azərbaycanda qədim zamandan becərilir. Azər­baycanda yetişən innab qırmızı qabıqlıdır.

İnnabın tərkibində 22-30% karbohidrat, 5% zülali maddə, 1,5% üzvi turşu (alma və kəhrəba turşusu), 2,5% pektin maddəsi, 2% qatran, 1,2% aşılayıcı maddə, 880 mq% C vitamini var­dır. Quru meyvələrinin tərkibində şəkər 70%-ə çatır. P vita­mininin miqdarı limon qabığındakından çoxdur. Minerallı mad­dələrdən kalium, kalsium, fosfor, maqnezium və dəmir vardır.

İnnab təzə və qurudulmuş halda yeyilir. Ondan konserv, qənnadı məmulatı və innab şərbəti hazırlanmasında istifadə edilir.

İnnab meyvələri kataral xəstəliklərin, vərəmin, öskürəyin müalicə­sində, eləcə də yumşaldıcı, tonusqaldırıcı və sidikqovucu kimi tətbiq olunur. O, həmçinin, həzm orqanlarının işini yax­şılaş­dırır. İnnab meyvəsi həm də qan təzyiqini nizamlayır.


İTBURNU
İtburnu (dərgil) gülçiçəklilər fəsiləsinin qızılgül cinsinə mən­sub­dur. Bu cinsin 300 növündən 42 növünə Azərbaycanın dağ-meşə rayonlarında təsadüf olunur (bunlardan 6 növü becərilir). Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qı­rışıq itburnulardır.

İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə aşkar edilmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır.

Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektin maddəsi, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral mad­dələr vardır.

Qurudulmuş meyvələrində 5-6%-ə qədər C vitamini olur. Lakin seleksiya yolu ilə yetişdirilən dərgil meyvəsində C vitamini daha çox olur (15-16%). Ona görə də dərgil çox zən­gin C vitamini mənbəyi hesab olunur. Dərgil meyvəsində C vita­minindən başqa 12-18 mq% karotin (provitamin A), 0,3 mq% B1 və B2 vitaminləri, bir qramında 40 bioloji vahid K vita­mini, karotinoidlər, P vitamini, flavonoidlər (kempferol, kversetin və s.), 18%-ə qədər şəkər, 4% aşı maddələri, 3,7% limon və alma turşuları, pektin maddələri və s. vardır. Toxum­larında isə çoxlu miqdarda piyli yağ və E vitamini vardır. Dərgil meyvələrindən zəngin C vitamini, eləcə də polivitamin mənbəyi kimi təbabətdə geniş istifadə olunur. Meyvələrindən çay kimi dəmləmə şəklində bir sıra vitamin yığıntılarının tərkibində, bundan əlavə toz və həb formasında, təzə dərilmiş meyvələrindən isə konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn, sinqa, raxit, qızılyel, vərəm, böyrək, öd xəstəliklərində geniş istifadə olunur.


QOZ

Yunan qozu qoz fəsiləsindəndir. Bu fəsiləyə aid 8 cinsin 50 növündən 2 yabanı növü yayılmışdır. Azərbaycanda yabanı halda bitən və becərilən qozlar adi qoz növünə aiddir.

Bir qozun çəkisi 5-17 q, ləpəsinin çıxarı 40-58%-dir.

Qoz ləpəsinin tərkibində 54-74% yağ, 12-21% zülali maddə, B qrupu vitaminləri və karotin vardır. Yaşıl sütül qozlarda 3000 mq% C vitamini vardır. Bu qozlardan yüksək-key­fiyyətli mürəbbə bişirilir. Qozdan qənnadı sənayesində müxtəlif məmulat hazırlanır, ləpəsi yeyilir və yağ çıxarılır. Azərbaycanda qozlu-ayranlı və qozlu-südlü içkilər hazırlanır.


LİMON
Limon sədokimilər fəsiləsindəndir. Limon quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir.

Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo, daxili rəngsiz qat – albedo.

Limonun qabıq hissəsində 2%, ətli hissəsində 0,31% efir yağları olur. Limonun tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.

Limonun tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 36 – 70 mq% olduğu halda, qabıq hissədə 142-185 mq%-dir.

Limondan kulinariyada, qənnadı məmulatı istehsalında, spirtsiz və spirtli içkilərin (likör) hazırlanmasında, limon efir yağından isə ətriyyatda istifadə edilir.

Limondan sinqa, sarılıq, qarın boşluğuna su yığılmasında, böyrək daşları, babasil, vərəm, qarın xəstəlikləri, revmatizm, podaqra və radikulitdə istifadə olunur. Limon şirəsindən qızdırma və titrətmədə, hipertoniyada, avitaminozda və aterosklerozda da geniş istifadə edilir.


MORUQ
Moruq gülçiçəklilər fəsiləsinin Rubus cinsindən, 1-3 m hündürlükdə yar­paqları tökülən qol-budaqlı yarımkol bitkidir.

Moruğun giləmeyvəsi xoşagələn ətrinə və özünəməxsus turşa-şirin dadına görə qiymətlidir. Tərkibində 9-11% şəkər (əsasən, qlükoza və fruktoza), 2,5%-ə qədər üzvi turşular (alma, salisil, limon, şərab), 0,26% aşı maddəsi, 0,5-2,8% pektin maddəsi, 4-6% sellüloza, 2,7% pentozanlar, 0,8-1,9% azotlu maddə, 29 mq% C vitamini, B1, B2, PP, fol turşusu (B9 vita­mini), karotin və 0,4-0,8% minerallı maddələr (dəmir, kalium, mis və s.) vardır. Moruğun tərkibindəki -sitosterin ateroskle­roza qarşı təsir xassəsinə malikdir.

Moruğun meyvələri tam yetişdikdə yığılır. Təzə halda yeyilir. Ondan mürəbbə, kompot, şərbət, kisel, mar­melad, pastila, nastoyka, spirtli içki, likör, şərab, sərinləş­dirici içkilər və digər məhsullar hazırlanır. Moruğu qurudub dərman kimi istifadə edirlər.

Təzə meyvələr susuzluğu yaxşı söndürür, qidanın həz­mini yaxşılaşdırır.

Xalq təbabətində moruq meyvəsini çay kimi dəmləyib soyuqdəymədə tərlədici dərman kimi işlədirlər. Moruqdan, eyni zamanda elmi təbabətdə ödqovucu, sidikqovucu dərman kimi də dəmləmə və bişirmələr şəklində istifadə olunur.

Təzə də­rilmiş moruq meyvəsindən hazırlanan mürəbbə və şərbət böy­rək xəstəliyinin və soyuqdəymənin yaxşı dərmanıdır.



NAR
Nar fəsiləsindəndir. Yabanı halda Zaqafqaziyanın və Orta Asiyanın dağlıq rayonlarında bitir. Azərbaycanın Lənkə­ran, Zaqatala, Şəki, Ağsu, İsmayıllı, Ağdaş, Masallı, Göyçay, Şəmkir və başqa rayonlarında yabanı narın çoxlu ehtiyatı vardır. Yabanı nar kolluqlarının çoxu Talış ərazisindədir. Azərbaycanda mədəni yetişdirilən narın ən yaxşı sortları mövcuddur.

Narın tərkibində 8-19% qlükoza və fruktoza, 1% saxa­roza, şirin sortlarda 0,2-2%, turşa-şirin sortlarda 2-3%, turş narlarda isə 3-7% limon turşusu vardır. Bundan başqa nar şirəsində 0,53% mineral maddə, 0,50% azotlu maddə, 7 mq% C vitamini, qabığında 11,85% aşı maddəsi, 9,07% sellüloza, 5,38% pektin maddələri, 14,1% reduksiyaedici şəkər, 1% turşu vardır.

Yabanı narın tərkibində 8,2-12% şəkər, 3-9% üzvi turşu (limon turşusu), pektin maddəsi, aşılayıcı maddə və C vitamini vardır. Yabanı narın həm dərman, həm də texniki əhəmiyyəti vardır. Qatılaşdırılmış nar şirəsi – narşərab – ət və balıq xörəklərində tamlı qatqı kimi istifadə edilir.

Nar təzə halda yeyilir, ondan şirə, ekstrakt, şərbət, sərin­ləşdirici içki hazırlanır. Nar dənələrindən təzə halda və ondan hazırlanan nardança və nardaşa kimi məhsullardan kulinariyada geniş istifadə edilir.


NARINGİ
Narıngi sədokimilər fəsiləsindəndir. Sitrus meyvələrinin qabığının rəngi narıngidə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.

Narınginin tərkibində efir yağlarının faizlə miqdarı on­ların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narın­ginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23% efir yağları olur. Narınginin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ­ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan­mışdır.

Narınginin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 30-52mq% olduğu halda, qabıq hissədə 95-125 mq%-dir.

Ondan kompot, mürəbbə, marmelad, konfet və karamel üçün içlik və digər məhsullar hazırlanır. Kulinariyada müxtəlif meyvə içkilərinin hazırlan­ma­sında, likör-araq və sərinləşdirici içkilərin istehsalında istifadə olunur.

Narıngi qüvvətli bakterisid xassəyə malik olduğu üçün xroniki mədə-bağırsaq, böyrək xəstəliklərində, mədə pozun­tularında, xüsusən ishala qarşı müalicəvi məqsədlə istifadə olunur. Narınginin meyvəsi və qabığı da iştahaartırıcı, köpün qar­şısını alan və sidik yollarını dezinfeksiyaedici təsirə malik­dir.
PORTAĞAL
Portağal sədokimilər fəsiləsindəndir. Azərbaycanda becərilən əsas sitrus meyvələrindəndir. Portağalın qabığının rəngi sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.

Portağalın tərkibində efir yağlarının faizlə miqdarı on­ların ayrı-ayrı hissələrində müxtəlif olur. Yerli sort portağalın qabığında 2,4%, ətli hissəsində 0,24%, efir yağları olur.

Portağalın tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağ­ları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplan­mışdır.

Portağalın tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62 mq% olduğu halda, qabıq hissədə 121-175 mq%-dir.

Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir.

Təzə dərilmiş meyvəsinin lətində və ya ondan alınan şirədə 70%-ə qədər şəkər, 5-6%-ə qədər limon, alma turşuları və başqa üzvi tur­şular, pektin maddəsi, mineral duzlar, boyayıcı maddələr, C, B1, B2 vita­minləri və karotin vardır. Buna görə də, portağalın şirəsi avi­taminoz xəstəliklərinin müalicəsində çox faydalıdır.

Portağalın tərkibində kalium və C vitamini çox olduğundan hipertoniyada, aterosklerozda, qaraciyər xəstəliyində, piylənmədə və podaqrada istifadə etməyə imkan verir.
ÜZÜM
Üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 növündən ikisi Azərbaycanda bitir. Bunlardan meşə və Amur üzümü daha geniş yayılmışdır.

Meşə üzümünün tərkibində 10-13% şəkər, 1,2-2%-ə qədər üzvi turşu vardır. Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20% yeməyə yararlı yağ olur. Qovurduqda qəhvə əvəzedicisi kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir, ondan şirə, şərab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə və sərinləşdirici içkilər hazırlanır. Meşə üzümü qurudulur, bəzən qışa saxlamaq üçün şorabaya da qoyulur.

Üzüm giləsi və onun şirəsi ürək-damar sistemi xəstəliklərində, tənəffüs yolları, mədə-bağırsaq, qaraciyər, böyrək xəstəliklərində çox xeyirlidir.

Üzümdən hazırlanan bəkməz və ya doşab qanazlığında, ümumi zəiflikdə çox faydalı qüvvətverici vasitədir.

Üzüm təzə halda, qurudulmuş, üzüm şirəsi və must şəklində istifadə olunur, eləcə də ondan kompot, doşab, abqora və digər spirt­siz içkilər hazırlanır. Bu məhsulların həm pəhriz və müa­licəvi əhəmiyyəti var, həm də qidalı yeyinti məhsulu ol­maqla uşaqların, qocaların və zəif düşmüşlərin qidalanmasında is­tifadə olunur.

Təzə üzüm şirəsinin tərkibində 0,5-0,8% sərbəst üzvi turşular, pektin və zülal maddələri, A, C, P, B1, B2 və digər vitaminlər, lesitinlər, az miqdarda efir yağı, mineral maddələr, boya maddələri və bioloji fəal maddələr vardır. Üzümün tərki­bində olan qlükoza damarları genişləndirərək, ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır, onun qidalanmasını artırmaq hesabına qan təzyiqini qaldırır. Nəticədə qan dövranı normallaşır, qanda hemoqlobinin faizi artır, hüceyrələrin oksigenlə təmin olunması güclənir, əzələlərin fəaliyyəti yaxşılaşır. Üzümdəki üzvi tur­şular mədənin fəaliyyətini yaxşılaşdırır, mədədə xlorid turşu­sunun ifrazını azaldır, buna müvafiq olaraq öd axarı əzələ­lə­rinin tonusunun yaxşılaşması nəticəsində ödün ifrazı artır. Üzüm fiziki yorğunluq, qanazlığı, qan itkisi və ümumi zəiflik za­manı ürəyin fəaliyyətini bərpa etmək üçün əvəzsiz qida məh­suludur (10,11,14).


ƏTİRLİ-ƏDVİYYƏLİ BİTKİLƏR
Ətirli-ədviyyəli bitkilərdən milli şərbətlərin, spirtsiz içkilərin və ətirləndirilmiş çayların hazırlanmasında istifadə olunur. Bu bitkilərdən dəmləmə formasında, onlardan alınan ekstraktlar və su buxarı ilə qovulmasından alınan distillyatlardan (məs. gülab) istifadə edilir. Aşağıda şərbətlərin və digər spirtsiz içkilərin hazırlanmasında istifadə olunan ətirli-ədviyyəli bitkilərin qısa səciyyəsi verilir (10,15,18).

BOYMADƏRƏN haqqında kitabın VI fəslində (“Ovşa-la” şərbətinin hazırlanması üzrə “Texnoloji Təlimat”-da) geniş məlumat verilir (səh.179).

CÖKƏ

Cökə fəsiləsinə aid yabanı halda bitən 25 m-ə qədər hündürlükdə ağacdır. 50 növ kol və ağacdan Azərbaycanda yetişəni, əsasən Qafqaz cökəsi adlanır.

Cökənin çiçəklərində 0,1-0,3% xoşagələn efir yağı, onun da tərkibində farnezol (C15H26O) maddəsi vardır. Likör-araq sənayesində istifadə edilir. Cökə çiçəklərində gesperidin (C28H50O15) və tiliasin tipli flavon qlükozidləri, aşı maddələri, karotin və C vitamini, saponin, üzvi turşular və s. maddələr, toxum ləpəsində isə 58% yağ var.

Cökə yarpaqlarında 131,5 mq%, çiçəyində isə 31,6 mq% C vitamini vardır. Yaz vaxtı təzə cökə yarpaqlarından cökə dolması bişirilir. Cökə çiçəkləri çay əvəzedicisi kimi də istifadə edilir.Cökə çayının tərlədici və hərarətsalıcı kimi gözəl xassəsi vardır.Qədim vaxtdan bəri cökənin iyun və iyul aylarında toplanmış və qurudulmuş çiçəklərindən xalq təba­bə­tində dəmləmə kimi bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.

DAĞNANƏSİ
Dağnanəsi dodaqçiçəklilər fəsiləsindən olan birillik ot bit­kisidir. 30 növündən Azərbaycanda 13 növünə təsadüf edilir.

Dağnanəsinin çiçək açmamışdan dərilən yarpaqları əd­viyyə kimi istifadə edilir. Olduqca ətirli və xoş tamlıdır. Tər­kibində 1%-ə qədər efir yağı, onun isə tərkibində timol, fenol, karvakrol, pinen vardır. Təzə yarpaqlarında 50 mq% askorbin turşusu, 9 mq% karotin, 40 mq% rutin vardır. Dadı istiot dadına oxşar olub ədviyyə qatışıqlarında istiotu əvəz edir. Efir yağının əsas hissəsini karvakrol təşkil edir.

Dağnanə­sin­dən likör-araq sənayesində, spirtsiz içkilərin hazırlanmasında, ətriyyat və təbabətdə istifadə olunur.
DARÇIN
Darçın dəfnə fəsiləsinə aid olan həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarından soyulmuş və qurudulmuş qabıq­dan ibarətdir.

Darçının xoş ətri və nisbətən tünd tamı, tərki­bin­dəki darçın aldehidinin (C9H8O) olması ilə izah edilir ki, bu al­dehid darçındakı efir yağlarının 70-98%-ni təşkil edir. Bundan əlavə, efir yağlarında 4-10% evgenol, - pinen, kariofilen, fellan­­dren və qeyri-birləşmələr vardır. Darçın bitkisinin növün­dən, becərildiyi rayondan və hazırlanma üsulundan asılı olaraq 4 növə ayrılır: Seylon darçını, Çin darçını, Sayqon darçını, Baton və Maloy darçını. Bunlardan Çin və Seylon darçını yüksək keyfiyyətliliyi ilə fərqlənir. Ona görə də respublikamıza yalnız Seylon və Çin darçını gətirilir.

Darçın iki müxtəliflikdə satışa buraxılır: boruşəkilli darçın qabığı və üyüdülmüş darçın tozu.

Nəmliyi 13,5%-dən (üyüdülmüşdə 12,5%-dən), ümumi külü 5,8%-dən çox, efir yağı 0,5%-dən az olmamalıdır.

Darçının tərkibində 2-3,5% efir yağı vardır. Darçının xoşagələn iyi və şirintəhər dadı ondan kulinariyada və qənnadı sənayesində geniş miqyasda istifadə olunmasını təmin edir.

Milli mətbəximizdə darçın çox geniş miqyasda istifadə olunur. Darçınlı çay və ayrıca darçın dəmləməsindən xalq arasında istifadə olunur.

Darçın iştahanı artırır, bağırsaqların yüksək peristal­ti­kasını nizamlayır, köpün əmələ gəlməsini azaldır, mədə və bağır­saqlardakı ağrıları sakitləşdirir.

Darçın bakteriyalara və viruslara qarşı təsirə də malikdir. Darçın cövhəri qripə qarşı vasitə kimi tətbiq olunur.


GÜLXƏTMİ
Gülxətmi əməköməci fəsiləsindən olan çox­illik ot bitkisidir. 1-1,5 m hündürlükdə qol-budaqlı gövdəsi vardır. Azərbay­ca­nın bir çox rayonlarında aptek gülxətminə təsadüf olunur.

Gülxətmi kökündə 35%-ə qədər selikli maddə vardır. Bu parçalandıqda qalaktoza, qlükoza, arabinoza, ramnoza alınır. Kökündə 37%-ə qədər nişasta, 10,2% şəkər, 2% asparagin, 4% betain, 1,7% yağ, o cümlədən lesitin, fitosterin, 11-16% pek­tin maddəsi və vitaminlər vardır. Çiçəklərində pişikotunun ət­rini xatırladan turşular olan efir yağı vardır. Yarpaqlarında se­likli maddə, karotin, askorbin turşusu və efir yağının izi vardır.

Xalq təbabətində gülxətminin ən çox çiçəklərindən istifadə edilir. Çiçəklərini tam açılan vaxt yığır və kölgəli, quru havalı yerdə qurudurlar. Sonra bu çiçəklərdən çay dəmləyib bir sıra xəstəliklərin müalicəsində – soyuqdəymədə sinəyumşaldıcı kimi, sidik yollarının iltihabını aradan qaldırıcı kimi, eləcə də mədə-bağırsaq xəstəliklərində iltihaba qarşı tətbiq edilir. Gülxətmi çiçəklərindən dəmləmə şəklində bəzi şərbətlərə və milli içkilərə qatılır.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə