Hüseynbala MİRƏLƏmov



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix12.10.2018
ölçüsü0,77 Mb.
#73239
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

22 


- Ay qız, qızıl kimi oğlandır, beləsini hardan tapıbsan? Vallah, göz dəyməsin 

lap  səyyari  zərgərlik  mağazasına  oxşayır...  Bir-birinizə  çox  yaraşırsınız.  Çalış 

bu səadət quşunu əlindən buraxma söylədi.  

Ağ gəlinlik paltarında Fidanın həyadan qızaran üzü od tutub yanırdı. Yalnız 

Natəvanın eşidə biləcəyi tərzdə: 

- Bu səadət quşunu mən yox, atam tapıb...  

- Daha əvvəlki şıltaqlığından, yersiz qürurundan, quru-quru forsundan əl çək, 

atan  tapıbsa,  minnətin  olsun,  sən  qorumalısan,  Allaha  şükür  elə,  hər  qızın  tale 

gəmisi  təsadüflər  dənizində  yelkən  açmır.  Bunu  yaxşıca  dəyərləndirmək, 

qiymətləndirmək  lazımdır.  Biz  bu  axşam  təyyarə  reysiylə  Londona  yola 

düşürük. Cek  məni öz  valideynləri  ilə tanış etmək  üçün aparır. Sağ əlim sənin 

başına...  Vallah,  nə  görübsən  ey,  bu  qotur  şəhərdə,  çıx  dünyanın  seyrinə,  gəz-

dolan, eşitdiyimə görə Bəydadaşın valideynləri Almaniyada yaşayırlar.  

Bir-iki  dəqiqə  ərzində  dərənin  suyunu  qatdı  bir-birinə.  Görkəmi,  qiyafəsi 

azca dəyişsə də xasiyyəti dəyişməmişdi, elə həmin Natəvan idi, anası demişkən, 

canı yanmış od parçası idi.  

Natəvangil  ayaqüstü  təbrikdən  və  hərəyə  bir  qurtum  şampan  şərabı  içəndən 

sonra  çıxıb  getdilər.  Elə  bil  toya  yox,  rəfiqəsinə  xaricə  getmək  xəbərini 

verməyə  gəlmişdi.  “Bax,  Fidan  xanım,  görürsən  ki,  mən  öz  seçimimdə 

yanılmamışam. Sən  isə Cekə ərə  getməyimə  görə  məni qınayırdın,  hələ bu  bir 

yana, üstəlik məni “persona non qrata - arzuolunmaz şəxs hesab etdin. Toyuma 

gəlmədin,  məni  qınaq  hədəfinə  çəkirdin,  amma  mən  sənin  toyuna  da  gəldim, 

kimliyimi də sübuta yetirdim...”  

Bir azdan bəylə gəlin rəqsə dəvət olundu, hamı onlara qoşuldu.  

Kino  ulduzlarına  bənzəyən  Əfqan  özünü  elə  aparırdı  ki,  guya  çoxdan 

arzusunda olduğu vüsal anının bir addımlığındadır, o, Fidanın iri qara gözlərinə 

aşiqanə  nəzərlə  baxmaqdan  yorulmur,  kameraların  qarşısında  qalibanə 

təbəssümlə  məğrur-məğrur  gülümsünürdü.  Amma  nədənsə  heç  kəsin 

nəzərindən qaçmadı, bəylə gəlin masa arxasında bir-biri ilə kəlmə kəsmədikləri 

kimi  rəqs  zamanı  da  dinib-danışmamaları.  Burda  hər  kəs  öz  aləmində  idi,  bu 




 

23 


qeyri-adi  aləmdən  çox-çox  uzaq  bir  aləmdə.  Onlar  yad  adam  kimi 

oturmuşdular.  Sanki  aralarında  sərhəd,  keçilməz  sədd  vardı.  Bu  məftil  çəpəri 

keçməyə  gücü  çatmayan  Fidan  gecikmiş  suallarla  hələ  də  özünü  dinc 

qoymurdu.  “Fidan,  sevmədiyin,  tanımadığın  adamla  bir  ömrün  tarixini  necə 

yaşayacaqsan?”.  

Anasının səsi gəldi qulaqlarına: “Atan köhnə kişidir bala, yaxşını-yamandan 

ayırmaqda təcrübəlidir... Natəvan kimi sən də bal ayını xaricdə keçirərsən, yağ 

bal içində, lap kinolarda olduğu kimi...”. 

Toy  mərasimi  başa  çatandan  sonra  bəylə  gəlin  şadlıq  sarayından  birbaşa 

üçotaqlı,  yaraşıqlı,  təmirli  mənzillərinə  yollandılar.  Əfqan  deyirdi  ki,  mənzilə 

toyqabağı  yenidən  əl  gəzdirilib,  bütün  əşyalar  təzələnib,  amma  burada  –  bu 

bərli-bəzəkli,  mebelləri  par-par  parıldayan  evdə  Fidan  elə  bil  iynə  üstündəydi, 

qorxulu yuxu görürdü.  

Əfqan  özünü  azacıq  artistsayağı,  sərxoşluğa  vurmuşdu,  təklikdə  isə  ona 

şikarını tələyə salmış aslan kimi baxırdı.  

Fidanı fikir götürmüşdü. “Demək, burada – bu divarlar arasında mən onunla, 

tanımadığım, sevmədiyim insanla birgə yaşamağa məhkumam...”.  

Əfqan  tələsik  əlindən  tutub  otaqları  bir-bir  göstərdi,  sonra  sevgilisini  yataq 

otağına  apardı.  Fidan  bu  isti  süni  qılığa  öyrəşə  bilmirdi,  istəyirdi  desin,  burax 

əllərimi,  dayan,  mən  səni  düz-əməlli  tanımaq  istəyirəm.  Hələ  bir  az  özündən 

danış.  Bu  evlilik  o  qədər  ildırım  sürətiylə  baş  verdi  ki,  bir-birimizi  yaxından 

tanımağa imkan tapmadıq. Amma elə bil səsi içində qırılıb qalmışdı. Ha çalışdı, 

məhbəsdə  doğulan  səsini  azadlığa  –  bayıra  çıxarsın,  bacarmadı.  Əfqanın  kefi 

kök  idi,  tez-tez  onu  qucaqlayır,  dodaqlarını,  boyun-boğazını  öpüşlərə  qərq 

edirdi.  Hansı  qüvvəsə  onu  tələsdirirdi,  sanki  Fidan  bu  dəqiqə  onun  qolları 

arasından  çıxıb  harasa  naməlum  bir  istiqamətə  qaçacaqdı.  Şikarını  buraxmaq 

istəməyən, itirəcəyindən qorxan aslan kimi qızı özünə tərəf var gücüylə sıxdı.  

Az qala nəfəsi kəsilən qız zorla oğlanın qolları arasından çıxıb:  

-  Dayan  –  dedi,  -  yavaş  ol,  əllərini  çək,  mən...  mən...  qorxuram.  Birdən 

Fidanı  ağlamaq  tutdu,  üzünü  əlləri  ilə  tutub  o  biri  otağa  qaçdı.  Ər-arvad,  kişi-




 

24 


qadın  münasibətləri  barədə  yalnız  kitablarda  oxumuşdu,  televizorda  izlədiyi 

teleseriallardakı intim epizodlara baxanda isə həmişə daxilən həyəcanlanmışdı. 

Nə qədər həyatda təcrübəsiz olsa da, bu cür yanaşmanı bir qeyri-anormal, vəhşi 

əlamət sayırdı. 

Hər şey daha gözəl, daha zərif, romantik ola bilərdi. Fidanın təcrübəsizliyini, 

keçirdiyi  həyəcan  hissini  nəzərə  almayan  Əfqanın  davranışı  açıq-aşkar 

kobudluq  idi:  “Axı,  o,  mənimlə  mülayim,  incə  davrana  bilərdi,  bəlkə  bunu 

ondan mən tələb etməliyəm?”.  

Gecə ağır olsa da  Fidan sabahın açılmasını  heç  istəmirdi.  Bilirdi ki, belə bir 

gecədə nəzakət qaydalarına əməl etmək  vacib deyil. Ta bineyi-qədimdən qalan 

adətə  görə  zifaf  gecəsinin  səhəri  gəlin  köçən  qız  həm  öz  doğmalarına,  həm  də 

oğlanın  yaxınlarına  bir  növ  hesabat  verməlidir.  Bütün  bunları  bilən  Fidan 

düşünürdü  ki,  sabah  evə  gələn  adamlara  nə  deyəcək,  onu  yəqin  suçlayıb 

günahkar sayacaqlar.  

Əfqan sakitcə otağa keçib televizorun pultunu basdı. Özünə şərab süzdü.  

- Bəlkə sən də bir qədəh içəsən, cəsarət dərmanı kimi... 

- Mənim dilimə bu günədək spirtli içki dəyməyib. 

- Belə məqamda bu böyük qəbahət sayılmır, sadəcə bir qurtum... 

- Buna ehtiyac yoxdu, sən mənə azca vaxt ver... 

Əfqan əsəbiliklə qədəhini son damlasınacan başına çəkib kükrədi:  

-  Mənə  yaxşı  bax,  vaxt  istəməyini  başa  düşmədim.  Əgər  başqa  səbəb 

olmasaydı, boş-boş bəhanə gətirməzdin, sabah səni həkimə aparacağam... 

Bu sözlər güllə hədəfə dəyən kimi Fidanı qəlbindən yaraladı. Belə məqamda 

daxili təmkinini qorumağı bacarmaq, heysiyyətini alçaltmamaq asan deyil.  

-  Bu  nə  sözdü  ağzından  çıxardırsan?  –  dedi,  əvvəl  kövrəldiyindən  nə 

söyləyəcəyini bilmədi. Əsəbiliklə fatasını  başından atdı, hələ indiyə kimi onun 

mənliyini  bu  şəkildə  yerə  vuran  olmamışdı.  Əslində  bu  təhqirə  görə  Əfqan 

cəzalanmalı idi. Ən azından Fidan ondan da, onunla başlayan bu yeni həyatdan 

da  üz  döndərib  gedə  bilərdi.  Evlilik  həyatının  ismətinə,  namusuna  böhtanla 

başlaması,  mənliyinin,  heysiyyətinin  bu  dərəcədə  alçalması  qızın  qəlbini 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə