Zərərli vərdişlər içərisində ən təhlükəlilərdən biri də narkotiklərin
qəbuludur. Narkomanların orqanizmi zəifləyir, onlar arıqlayır, halsız olur, ruhi
pozğunluqlara düçar olurlar. Bu xəstələrin qaraciyər və böyrəkləri zəiflədiyi üçün zərərli
maddələr bədəni zəhərləyir. Belə insanların sinir sistemi pozulur. Onların əlləri əsir,
yaddaşları zəifləyir, əsəbi olurlar.
Zərərli vərdişlərə aludəçilik həm ailə, həm də cəmiyyət üçün
təhlükəlidir.
Bu gün özümüzü kompütersiz təsəvvür etmirik. İstədiyimiz məlumatı əldə etmək üçün
kompüter köməyimizə çatır. Lakin həkimlər azyaşlı uşaqlara kompüterdən çox istifadə
etməyi məsləhət görmürlər. Gözün inkişafı ilə əlaqədar olaraq uşaqların kompüterə və
ya televizora uzun müddət baxması ciddi problemlər yarada bilər.
Kompüter qarşısında çox oturmaq yuxu və sinir pozğunluğuna səbəb olur ki, bu da
nevroza gətirib çıxarır. Gecə saatlarında kompüterdən istifadə uşaqlarda və hətta
böyüklərdə də beynin inkişafına mane olur.
Sağlamlığımızı qorumağı öyrənməsək, heç bir təbib bizə kömək edə bilməz. Ona görə
də tez-tez “düzgünmü qidalanıram”, “istirahət edirəmmi”, “sinir hüceyrələrimi
qoruyurammı”, “təmiz havada gəzirəmmi” sualları ətrafında düşünməniz vacibdir.
1. Televizordan və telefondan asılılığın insan orqanizminə mənfi təsiri haqqında
məlumat toplayıb təqdimat hazırlayın.
2. Elə bir şüar və simvol yaradın ki, ona baxanlar zərərli vərdişlərin insanı hansı
hala saldığını təsəvvür etsin və zərərli vərdişlərə “yox” desin.
3. Elə bir tibbi cihazı təsvir edin ki, bu cihaz insanları zərərli vərdişlərdən xilas
edə bilsin.
4. “Siqaret çəkənlərin ətrafında olan insanlara dəyən ziyan” mövzusunda esse
yazın.
3. HANSI TƏHLÜKƏLƏRLƏ RASTLAŞA BİLƏRİK?
Lamiyə dərs oxuyurdu. Kiçik bacısı Sevinc otaqda yatdığından o, stolüstü lampanı
yandırdı. Elektrik naqili xalçanın altında qalmışdı. Lamiyənin anası bunu görüb tez
lampanı söndürdü. Sizcə, o bunu nə üçün etdi?
Bu gün respublikamızın regionlarında uşaqların doyunca əylənə biləcəyi parkların, uşaq
əyləncə mərkəzlərinin olması hamımızı sevindirir. Yəqin ki, boş vaxtlarınızda
valideynlərinizlə bu uşaq əyləncə mərkəzlərinə, parklara, yayda isə çimərliklərə
getməyi çox sevirsiniz. Lakin vaxtınızı maraqlı keçirmək istədiyiniz bu cür yerlərdə
gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməniz bəzən xoşagəlməz hallara
səbəb ola bilər.
Təyyarə qəzası
Elm və texnika inkişaf etdikcə qəza halları da durmadan artır. İl ərzində yüzlərlə insan
məişətdə və ictimai yerlərdə baş verən müxtəliftipli qəzalar nəticəsində dünyasını
dəyişir və yaxud müxtəliftipli xəsarətlər alır. Bu isə adi təhlükəsizlik qaydalarını
bilməməkdən və yaxud onlara əməl etməməkdən irəli gəlir.
Uşaq əyləncə mərkəzlərində, parklarda və çimərliklərdə əməl etməli olduğunuz
təhlükəsizlik qaydaları hansılardır və bu qaydalara əməl etməməyin nəticələri nə
ola bilər?
Elektrik xətlərinin həddindən artıq qızması və elektrik şəbəkələrinin həddindən artıq
yüklənməsi elektrik yanğınlarına səbəb olur. Elektrik yanğınlarının söndürülməsində
sudan istifadə etmək olmaz. Sudan istifadə yanğının artması və eyni zamanda ciddi
elektrik vurması ilə nəticələnə bilər. Uşaqların elektrik cihazları ilə oynaması, elektrik
şəbəkəsinə hər hansı bir əşya salması, elektrik cihazlarını suya yaxın tutması və s.
nəticəsində də elektrik vurmaları baş verə bilər. Elektrik cərəyanı bütün orqanizmə, ilk
növbədə isə sinir sisteminə təsir göstərir. Belə halda qıcolma baş verir, bədən soyuyur,
ürəyin fəaliyyəti zəifləyir, çox vaxt insan ölür.
Gündəlik həyatımızda, tibdə bədən temperaturunu ölçmək üçün civəli termometrlərdən
geniş istifadə olunur. Lakin ehtiyatsızlıq nəticəsində termometr sına bilər və civə ətrafa
yayılar. Civə dağılmaları zamanı aşağıdakı qaydalara əməl etmədikdə bədənə daxil
olan civə təzyiqin yüksəlməsinə, infarkta, dəridə qızartıların və yaraların yaranmasına,
gözlərin sulanmasına səbəb ola bilər.
Civə dağılarsa:
– Civə damcılarının üstünə çıxmamalı və azyaşlı uşaqları həmin yerdən
uzaqlaşdırmalı;
– Pəncərəni açmalı;
– Yerə tökülən civə parçalarını təmizləmək üçün tozsorandan istifadə etməməli;
– Plastik (rezin) əlcək geyib yerdəki civə damcılarını bir qabın içinə süpürməli;
– Yığılmış damcıları plastik torbanın içinə atıb ağzını bağlamalı;
– Plastik torbalar evdəki zibil qabına atılmamalı, tullantıların qaydalara uyğun
məhv edildiyi yerə təhvil verilməlidir.
Təhlükəsizlik qaydalarına əməl olunmaması bir sıra bədbəxt hadisələrə səbəb ola
bilər. Belə hallarda zərərçəkəni xilas etmək üçün vaxt itirmədən ilkin yardım
göstərilməli və təcili həkimə müraciət olunmalıdır.
1. İctimai yerlərdə hansı təhlükəsiz davranış qaydalarına əməl olunmalıdır?
2. Küçələrdə tez-tez sahibləri tərəfindən gəzdirilən itlərə rast gəlinir. İtin
sahibinin və ətrafdakı şəxslərin hansı təhlükəsizlik qaydalarına əməl etməli
olduğunu və it dişləyərsə, insanın üzləşəcəyi təhlükələri müəyyənləşdirin.
3. Kimya laboratoriyasında hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır? Əks
halda hansı təhlükələrlə rastlaşa bilərsiniz? Cədvəl tərtib edin.
4. EHTİYATI ƏLDƏN VERMƏYƏK
Novruz bayramı idi. Çingiz valideynləri ilə birlikdə Gəncədə yaşayan əmisigilə
qonaq gedirdi. Onlar əmisigilə həmişə öz maşınları ilə gedirdilər. Bu dəfə isə ata
oğlundan Gəncəyə nə ilə getmək istədiyini soruşdu. Çingiz Gəncəyə həm avtobus,
həm qatar, həm də təyyarə ilə getməyin mümkünlüyünü bildiyindən “Qoy bir az
düşünüm” deyib böyük qardaşının yanına getdi.
– Sizcə, Çingizin düşünməsinə nə səbəb ola bilərdi?
– O nələrə əməl etməlidir ki, təhlükələrdən uzaq olsun?
Hər birimiz piyada olmaqla yanaşı, həm də sərnişinik. Yaxın məsafələrə getmək üçün
metrodan, avtobusdan istifadə etsək də, uzaq məsafələrə getmək üçün avtobus və
taksi ilə yanaşı, qatardan, təyyarədən də istifadə edirik. İstənilən ictimai nəqliyyatdan
istifadə zamanı sağlamlığını, həyatını qorumaq üçün müəyyən qaydaları bilməli, lazımi
bacarıqlara yiyələnməlisiniz.
Avtobusda təhlükəsizlik qaydaları
Boş oturacaq olduğu halda əyləşməli;
Salonda gəzməməli, qaçmamalı, ayaq üstə duran zaman tutacaqdan
tutmalısınız. Əks halda sürücünün əyləci basması nəticəsində zədələnmə baş
verə bilər;
Qapıya söykənməməli;
Yüksək səsli musiqiyə qulaq asaraq və ucadan danışaraq sürücünü
çaşdırmamalı;
Bədənin müəyyən hissəsini və yaxud hansısa əşyanı pəncərədən bayıra
çıxarmamalısınız.
Metroda təhlükəsizlik qaydaları
Eskalatorda sağ tərəfdə, üzü hərəkət istiqamətinə dayanmalı və barmaqların
tutacağın altında qalmamasına nəzarət etməli;
Platformada qatarın gəldiyi yola yaxın durmamalı;
Relslər üzərinə hər hansı bir əşya düşərsə, təcili növbətçiyə bu barədə xəbər
verməli;
Vaqonun qapılarına yaxınlaşmaq üçün qatarın dayanmasını və sərnişinlərin
düşməsini gözləməli;
Qatara minəndə və düşəndə hərəkətli qapılarla ehtiyatlı olmalı;
Qapıya söykənməməli;
Vaqonda və yaxud platformada gördüyünüz sahibsiz əşyalara toxunmamalı, bu
barədə növbətçiyə xəbər verməlisiniz.
Təyyarədə təhlükəsizlik qaydaları
Uçuş zamanı siqaret çəkməməli və elektron vasitələrdən istifadə etməməli;
Təyyarə havaya qalxarkən və yerə enərkən mütləq təhlükəsizlik kəmərlərini
bağlamalı;
Hava gəmisindəki avadanlıqları korlamamalı;
Baqajda radioaktiv maddələr, fişəng, maqnit və s. aparmamalı;
“Sərt eniş” zamanı əyilərək əlləri dizlərin altında bağlamalı, başı mümkün qədər
aşağı salmalı, ayaqları döşəməyə dirəməlisiniz.
Dəmiryol qatarlarında təhlükəsizlik qaydaları
Vaqona daxil olarkən qəza çıxışlarının və yanğınsöndürən cihazların yerlərini
öyrənməli;
Baqajda tez alışan, kimyəvi təhlükəli, partlayışa səbəb ola bilən maddələri
aparmamalı;
Zərurət olmadıqda stop krandan (əyləc) istifadə etməməli;
Pəncərədən çölə boylanmamalı, vaqonun pilləkənlərində durmamalı;
Tüstü və ya yanıq iyi hiss etdikdə, şübhəli şəxs və ya bağlama gördükdə qatar
bələdçisinə xəbər verməli.
1. Lalə valideynlərilə birgə Türkiyəyə istirahətə getməyə hazırlaşırdı. İnternet
vasitəsilə təyyarədə təhlükəsizlik qaydaları haqqında məlumat topladı.
Topladığı məlumatda həm təyyarədə, həm də dəmiryol qatarlarında bəzi
təhlükəsizlik qaydalarının eyni olduğunu müşahidə etdi.
Sizcə, bu qaydalar hansılardır?
2. Xanımın babası 1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktı
zamanı həlak olmuşdu. Ona görə də elə hey metroda yanğın olarsa, hansı
qaydalara əməl edəcəyini düşünürdü. Xanıma bu işdə yardım etmək
məqsədilə metroda yanğın və partlayışlar zamanı təhlükəsiz davranış
qaydaları haqqında məlumat toplayın.
3. Gəmidə və dəmiryol nəqliyyatında təhlükəsiz davranış qaydalarını və bu
qaydalara riayət etmədikdə yaranan təhlükəni aşağıdakı cədvəldə qeyd edin.
İctimai nəqliyyatın növü
Təhlükəsizlik
qaydaları
Qaydalara riayət
etməməyin nəticələri
Gəmi
Qatar
4. Məktəbinizdəki şagirdlərin ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına əməl
etmələri üçün buklet və simvol hazırlayın.
4. BUNLARI HAMI BACARMALIDIR
Nazim və Samir dənizdə çimirdilər. Hava küləkli olduğu üçün dənizdə və sahildə
heç kim qalmamışdı. Nazim Samiri çağırıb evə getmələrini demək istədi. Ancaq o
gördü ki, Samir suya batıb çıxır. Nazim Samiri çox çətinliklə sahilə çıxardı. Samir
huşunu itirmişdi.
Bu zaman Nazim nə etməli idi?
Təbii, texnogen xarakterli fəlakətlər və qəzalar zamanı necə davranmalı olacağınız
artıq sizə məlumdur. Ancaq qəzalardan nə qədər qaçmağa çalışsaq da, çox vaxt
müxtəlif təhlükəli vəziyyətlərlə rastlaşırıq. Hər hansı bir zədələnmə zamanı həkim
gələnə qədər göstəriləcək ilk yardımın böyük əhəmiyyəti vardır. Əzilmə, burxulma,
çıxıq və sınıqlar, yanıqlar, qanaxmalar, huşun itməsi, müxtəlif zəhərlənmələr, ilan
sancması və s. hallar zamanı özünü itirmək, təmkinsizlik zərərçəkənin vəziyyətini bir
qədər də ağırlaşdıra bilər. Bəs belə hallar zamanı nə etməli?
Burxulma və çıxıqlar insanın oynaqlarında baş verən zədələnmələrdir. Bu zaman
zədələnmiş yerə buz, yaxud soyuq suda isladılmış dəsmal qoyulur. Burxulma zamanı
həmin yer möhkəm sarğı ilə sarınır. Çıxığı yerinə salmağa çalışmayın, onu tərpənməz
vəziyyətə gətirin. Əks halda bu ətraf toxumaları zədələyə bilər.
Zərərçəkəni əlverişsiz şəraitdən uzaqlaşdır. Dərhal təcili
yardım çağır! Təcili yardım gələnə qədər aşağıdakıları etmək
vacibdir.
Sınıqlar. Sümük sınıqları iki cür olur: açıq və qapalı sınıqlar. Adətən, açıq sınıq zamanı
sınmış sümüklər şiş uclu, iti olur. Onlar əzələ, qan damarları, sinirləri və dərini kəsir.
Belə olduqda yaranı təmizləmək, qanaxmanı dayandırmaq, üzərinə təmiz sarğı
qoymaq və şina qoyub tərpənməz hala gətirmək lazımdır. Qapalı sınıqlar zamanı da
şinalar qoyulur. Şinalar qoyularkən elə etmək lazımdır ki, ən azı iki oynaq əhatə
olunsun.
Ancaq bəzən elə sınıqlar olur ki, ona şina qoymaq olmaz. Qabırğalar, onurğa sütunu,
kəllə sümükləri sındıqda şina qoyulmur.
Qanaxma. Qan damarlarının zədələnməsi qanaxmalara səbəb ola bilər. Qanaxma
zəifdirsə, yaranın ətrafına yod çəkib bağlamaq, bəzən isə basıcı sarğı qoymaq
kifayətdir. Ən təhlükəli qanaxma arterial qanaxmadır. Bu zaman zərərçəkən bir neçə
dəqiqə ərzində çox miqdarda qan itirə bilər. İlk yardım zamanı ətrafı dərhal
zədələnmiş yerdən yuxarı turna və ya burulmuş parça, bel kəməri, rezin və s. ilə
möhkəm sıxmalı, təcili xəstəxanaya göndərilməlidir. Turnanın bağlandığı vaxt qeyd
edilməlidir. Çünki turna çox qalarsa, ətrafa qan işləməz və toxumalar məhv olar.
İlan sancmaları zamanı 2 qanayan nöqtədən ibarət olan yara və bu nahiyədə güclü
ağrı müşahidə olunur. Dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Xəstədə
ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq halları olur.
Bu zaman:
– Zərərçəkən hərəkət etməməlidir. Çünki bu, zəhərin yayılmasına səbəb olur. Bu
zaman “təcili yardım” maşınına qədər xərəkdə aparılmalıdır!
– Yaranı təmiz su ilə yuyub, yod və ya brilyant yaşılı ilə dezinfeksiya edərək steril sarğı
qoyulmalıdır. Ətraf şişdikdə sarğını bir qədər boşaltmaq lazımdır. Dişlək yer sarğının
altında qalmamalıdır. Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə buz və
ya soyuq kompres qoyulmalıdır.
– Zədələnmiş ətrafa (ayağı və ya qolu) sınıqlarda olduğu kimi şina qoyulur və ya
zədələnmiş ətraf sağlam ətrafa bağlanır. Bu yolla zəhərin orqanizmə yayılma sürəti
azalır.
Boğulma, suda batma, elektrik və ildırım vurması zamanı insanlara süni
tənəffüs verilə bilər. Bu zaman zərərçəkən üfüqi vəziyyətdə uzadılır, ağzı təmizlənir,
başı arxaya əyilir və ağzı açılır. Sonra dərindən nəfəs alıb onun ağzına hava üfürülür.
Bu, dəqiqədə 16-18 dəfə təkrar olunur.
Əgər ürək dayanıbsa, o, dolayı yolla masaj edilir. Yəni hər nəfəsvermədən sonra ürəyi
3-4 sm dərinlikdə 4-5 dəfə sıxmaq lazımdır. Bunu iki nəfərin etməsi daha faydalı olur.
Yanıqlar müxtəlif səbəblərdən: oddan, buxardan, kimyəvi maddələrdən, qızmış
metallardan və s. baş verə bilər. Yanıqların I, II, III və IV dərəcəsi olur. Ən qorxulu
yanıq IV dərəcəlidir.
Yanıqlar zamanı güclü ağrılar olur, zəhərli maddələr yaranıb qana sorulur və
zəhərlənmə baş verir. Zərərçəkənə ilk yardım zamanı onun yanan paltarını söndürmək,
çoxlu maye içirmək lazımdır.
Yanıq zamanı əmələ gələn suluqları deşmək, yaraya yağ və s. maddələr sürtmək
olmaz. Yaranı spirtlə təmizləyib, sarğı qoyub həkimə çatdırmaq lazımdır. Kimyəvi
Elektrik vurması
Suda boğulma
maddələrlə yanıqlar zamanı yanan yer mütləq 15 dəqiqə axar su ilə yuyulmalıdır.
Yanıb dəriyə yapışmış paltarı zorla dartıb çıxarmaq olmaz. Onu çox ehtiyatla kəsib
çıxarmaq lazımdır.
Dəm qazından zəhərlənmə. Son dövrlərdə dəm qazından zəhərlənməyə tez-tez
rast gəlinir. Zəhərlənmə zamanı aşağıdakı hallar müşahidə olunur:
başgicəllənmə;
quru öskürək;
başağrısı;
ürəkbulanma;
qusma;
qıcolma;
huşun itməsi.
Zəhərlənmə zamanı ilk yardım:
– zərərçəkəni açıq havaya çıxarmalı;
– paltarının yaxasını açmalı;
- zərərçəkəni yarıoturaq vəziyyətə gətirib, alnına, sinəsinə soyuq kompres qoymalı;
zərərçəkən nəfəs almırsa, süni tənəffüs verilməli və ürəyi dolayı yolla masaj
edilməlidir.
Ürəkgetmə (bayılma) – huşun müvəqqəti itməsidir. Bayılmaya səbəb istivurma,
günvurma, güclü ağrı, qorxu, yorğunluq, kəllə-beyin zədələnmələri və s. ola bilər. Belə
olan halda:
– zərərçəkəni başı bədəndən bir qədər aşağı olmaqla uzatmalı;
– paltarının yaxasını açmalı;
– təmiz hava daxil olması üçün pəncərələr açılmalı;
– zərəçəkənin üzünə soyuq su çiləməli və ya naşatır spirti iylətməli.
Dəm qazından zəhərlənmə, yanğın və müxtəlif qəzalar zamanı zərərçəkənlər dərhal
hadisə yerindən uzaqlaşdırılmalı, ilk yardım göstərildikdən sonra həkimə
çatdırılmalıdır. Siz gələcəkdə ilk yardımın başqa növləri haqqında da məlumatlar əldə
edəcəksiniz.
1. Suda baş verən təhlükəli hadisələrdən biri də əzələ qıcolmasıdır. Bu zaman
insanın ayağı tamamilə keyləşir. Bu halda özünüzə hansı yardımı göstərməli
olduğunuz barədə məlumat toplayın.
2. Aşağıdakı ilk yardım növləri hansı qəzalar zamanı göstərilə bilər?
İlk yardım
Qəza
Süni tənəffüsün verilməsi
Turnanın qoyulması
Şinanın qoyulması
Zədələnmiş nahiyəyə suda isladılmış dəsmalın qoyulması
3. Aşağıdakı hallarda hansı ilkin yardım tədbirləri görülməlidir?
Qəza
İlk yardım
Yanıq
Dəm qazından zəhərlənmə
Bayılma
Arterial qanaxma
Vaxtında edilən yardım insan həyatını qorumaq deməkdir.
Dostları ilə paylaş: |