Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə15/20
tarix07.12.2017
ölçüsü2,8 Mb.
#14194
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20

İNSAN ASILILIĞININ NƏTİCƏLƏRİ


Bu məktəb azadlıq barəsində başqa bir mətləb də söyləyib. Onun «insan azad və muxtar yaradılıb və hətta o, öz təbiətini özü tə᾽yin edir» sözləri fəlsəfi azadlıq mə᾽nasındadır. Amma sonra belə deyir: Azadlığa zidd olan hər bir şey insanı insanlıqdan çıxarır və onu bu nöqtədən uzaqlaşdırır.

İnsan zatən azad yaradılıb. Bir sıra amillər, o cümlədən bağlılıq və asılılıqlar insanın azadlığını əlindən ala bilər. İnsan mahiyyətindən asılı olmayaraq, hər hansı bir şeyə bağlananda və ona təslim olanda insanlıqdan çıxır. Onlar həmin şəxsin insanlıqdan çıxmasının səbəbində deyirlər ki, hər hansı bir şeyə bağlanan insanın azadlığı əlindən çıxdığı üçün, o, insanlıqdan xaric olur. İnsan azad və sərbəst varlıqdır. Onun, özünü nəyəsə bağlaması, onun azadlıq və sərbəstliyini əlindən alır.

İnsanın müəyyən bir şeyə bağlılığının bir neçə zəruri və qaçılmaz nəticəsi var. Birincisi, insan pul və ya bu kimi digər bir şeyə bağlandıqda həmin şey insanın fikrini özünə cəlb edir və onun diqqətini özündən uzaqlaşdırır və nəticə insanın özünü unudaraq özündən qəflət etməsi və başqalarına diqqət yetirməsi olur. Bəli, insan bir şeyə bağlanan kimi, həmin bağlılıq onun sərbəstliyini əlindən alır və onun özünü özünə unutdurur və diqqətini həmin şeyə cəlb edir. Həmin insan heç vaxt özünü yad etmir və həmişə həmin istəyinin fikrində olur. Bu, insan üçün tənəzzülə uğramaqdır; o, insanın azadlıq və agahlığını əlindən alır və insan agah varlıq olmaq əvəzinə, qafil və nadan varlığa çevrilir. O, həmin şey barəsində nə soruşsanız cavab verər, amma özündən xəbərsiz olar.

Bağlılığın ikinci zəruri nəticəsi isə, insanın öz insani dəyərlərindən qafil olaraq məftun olduğu şeyin dəyərlərinə diqqət yetirməsidir. Pulpərəst adam üçün insani dəyərlər əhəmiyyətsiz olur və ümumiyyətlə onun özü, özünü dəyərləndirmir; şərəf, kəramət, azadlıq və bu kimi şeylər onun zehnində heç bir rol oynamır; onun üçün yeganə şey puldur. O, öz dəyərlərini deyil, pulun dəyərlərini əsas dəyər hesab edir. Onun öz qiymət və şərəfi tənəzzülə uğrayır və pulun dəyəri canlanır.

Üçüncü xislət, bir şeyə bağlılığın əsirliklə nəticələnməsidir. özünü bir şeyə bağlayan insan, mütləq, hərəkət və təkamüldən geri qalmalıdır. Çünki belə bir insan, ağaca və ya tövlədəki mıxa bağlanmış heyvan kimi, həmin şeyə bağlanmış olur. Əgər siz, bir insan, heyvan və ya maşını ağaca bağlasanız onu hərəkətdən saxlamış olursunuz; onu donduraraq ətalətdə saxlayırsınız.

BU MƏKTƏB BAXIMINDAN ALLAHA E᾽TİQAD MƏSƏLƏSİ


Deməli, bu məktəb baxımından insanın cövhər və həqiqəti, insani dəyərlərin ən dəyərlisi, başqa sözlə desək, insani dəyərlərin anası azadlıq və ixtiyardır, insanlığını qorumaq və məhv olmaqdan saxlamaq istəyən şəxs isə azadlığını qorumalıdır. İnsanlığını qorumaq istəyən adam «ay üzlü nigara bağlılıq» və «haqq aşiqi olmaq» məsələlərini yığışdırmalıdır.

Bu məktəb deyir ki, insan tam azad olmalıdır. Buna görə də, ekzistansializm məktəbi nəzəriyyələrinin çoxu dialektik materializmlə zidd olmasına baxmayaraq, onun davamçılarının bir qrupu Allaha inamın iki baxımdan bu məktəblə düz gəlmədiyini vurğulayırlar. Həmin iki səbəbdən biri budur ki, Allaha inam ilahi təqdirə, ilahi təqdir isə icbara və insanın sabit təbiətə malik olmasına e᾽tiqad bəslənilməsini tələb edir. Çünki Allah varsa, insan Onun elmində müəyyən təbiətə malik olmalıdır və həmçinin Allahın olması insana ilahi təqdir və onun nəticəsində yaranan icbarın hakim olmasına səbəb olur və nəticədə azadlıq və ixtiyar aradan götürülür. Buna görə də biz azadlığı qəbul etdiyimiz üçün Allahı qəbul etmirik.

Digər səbəb isə budur ki, Allaha inamın azadlığa inamla zidd olması nəzərə alınmasa belə, həmin inam Allaha iman gətirilməsini tələb edir və bu imanın mə᾽nası Allaha bağlanmaq deməkdir, halbuki bağlılıq malik olduğu formadan asılı olmayaraq, insan azadlığına ziddir. Xüsusilə Allaha bağlılıq daha kəskindir, çünki bu bağlılıq bütün bağlılıqların başındadır. Şair demişkən:
Mən bəsteye to həstəm mohtace bəstəni nist

Əhdi ke ba to bəstəm hərgez şekəstəni nist.
Yə᾽ni: Mən sənə bağlıyam, bağlanmaq üçün başqa şeyə ehtiyac yoxdur; səninlə bağladığım əhd heç vaxt sınmaz.

Allaha olan bağlılığı heç bir şəkildə sındırmaq olmaz. Buna görə də bu məktəb insanın kamilliyini onun azadlığında görür.

Bu məktəb barəsində iki cəhətdən danışmaq olar: Birincisi, onların Allaha inamı, azadlıq və ixtiyara zidd hesab etmələridir. Bu, onların səhvlərindən biridir. Biz «Materializmə yönəlmənin səbəbləri» və «İnsan və taleh» kitablarında bu mətləbi izah edib məsələnin onlar deyən kimi olmamasını bildirmişik. Onlar ilahi təqdir barəsində qoca qarılar kimi fikirləşirlər. Bəli, onlar bu məsələni düzgün dərk etməyiblər, çünki islam maarifində olan ilahi təqdir məsələsi azadlıq və ixtiyarla heç cür zidd deyildir. Söhbətimizin əsas mövzusu bu məsələ olmadığı üçün onun haqqında çox danışmaq istəmirəm. Bizim söhbətimiz, ikinci hissə barəsindədir.

Bu məktəbin ikinci iradı «bütün bağlılıqlar insan azadlığına ziddir, hətta həmin bağlılıq Allaha bağlılıq olsa belə!» deməsidir. Mən burada bir müqəddimə gətirmək istəyirəm.


KAMİLLİK «ÖZ»DƏN «ÖZ»Ə OLAN HƏRƏKƏTDİR


Təkamül yolunda hərəkət edən bir varlıq təsəvvür edin. Məsələn, torpaqdan göyərərək inkişaf edib gül açan bir bitkini təsəvvürünüzdə canlandırın. Yaxud bir heyvanın yaranmasına səbəb olan və əvvəldən heyvan olana kimi mərhələləri keçən hüceyrə, yə᾽ni zəif vəziyyətdən başlayaraq ən yüksək təkamül mərhələsinə çatan varlıq haradan-haraya hərəkət edir? O, özündən başlayıb qeyri bir varlıq olmağa doğru hərəkət edirmi, yə᾽ni yad bir şeyə çevrilirmi?

Başqasından özünə doğru hərəkət edirmi? Başqasından başqasına doğru irəliləyir, yoxsa özündən özünə doğru gedir? Onun özündən başlayıb qeyrisinə doğru hərəkət etməsini deməyin mə᾽nası budur ki, o, nə qədər ki, hərəkət və inkişaf etməyib özü olur, amma hərəkətə başladıqdan sonra özünə yadlaşaraq özündən ayrılır və bundan sonra özü olmur. Keçmiş filosoflardan bə᾽ziləri deyiblər ki, «hərəkət qeyriliyin yaranmasıdır», yə᾽ni hərəkət başqalaşmanın özüdür. Əlbəttə bu səhv sözdür.

Məsələ budur ki, gül toxumu və ya insanın nütfəsi inkişaf etməyə başladığı ilk andan, kamilliyin son hədəfinə çatana kimi «öz»ündən «öz»ünə doğru hərəkət edir, yə᾽ni onun «öz»ü və gerçəkliyi bir həqiqətdir. Onun «öz»ü xüsusi olaraq, nə əvvəldəki, nə ortadakı və nə də sondakı vəziyyətdədir. Onun «öz»ü əvvəldən axıra kimi «öz»üdür; o, axıra çatdıqca daha da «öz»ləşir, yə᾽ni onun «öz»ü daha kamil olur. Bəli, o, «öz»ündən «öz»ünə doğru hərəkət edir, amma naqis «öz»dən kamil «öz»ə doğru! Həmin gül şüura malik olmamasına baxmayaraq, öz kamilliyinə doğru hərəkət edir. Görəsən həmin gülün şüuru olsaydı, bu kamilliyə eşq bəsləməyəcəkdimi? Bütün varlıqlar fitri olaraq öz kamilliklərinin aşiqidirlər; həmin gül də, cansız təbiət də öz kamilliyinin vurğunudur; bu məsələ, yə᾽ni kamilliyin aşiqi olmaq bütün varlıqlara aiddir. Buna görə də hər hansı bir varlığın özünün son kamalına bağlılığı Sarterin nəzərinin əksinə olaraq özünə yadlaşma deyil, özündə daha çox qərq olmaqdır! Yə᾽ni daha çox «öz» olmaqdır. Azadlığın insanın hətta öz kamilliyindən azad olması mərhələsinə çatması, yə᾽ni onun hətta özündən azad olması dərəcəsinə çatması, özünə yadlıq gətirir və bu, insanın kamilliyinə zidd olan azadlıqdır. Azadlığın insanın kamilliyinə də şamil olması, yə᾽ni həmin varlığın kamillik mərhələsini də əhatə edərək «mən hətta öz kamillik və təkamül mərhələsində də azadam» mə᾽nasını verməsi o deməkdir ki, mən «öz»ümdən daha kamiləm və mənim naqis «öz»üm, daha kamil «öz»ümdən azaddır. Bu azadlıq, insanı özündən, onun öz kamilliyinə bağlılığından çox uzaqlaşdırır.

Bu məktəbdə insanın başqasına bağlılığı ilə özünə, yə᾽ni öz kamilliyinə bağlılığı arasında fərq qoyulmayıb. İnsanın özündən başqa digər bir yad zata bağlanmasını, onun mahiyyətinin dəyişməsinə səbəb olmasını biz də qəbul edirik. Dinlərdə, dünyanın maddi şeylərinə bağlılıq nə üçün bu qədər qadağan edilib? Çünki maddiyyat insana yaddır və doğrudan da insani dəyərlərin tənəzzülünə səbəb olur. Amma insanın son kamillik nöqtəsinə bağlılığı yad bir şeyə deyil, «öz»ünə bağlılıqdır. İnsanın özünə bağlılığı, onun özünə yadlaşmasına, biganəliyinə, özündən xəbərsizliyinə səbəb olmur və insanın öz dəyərlərini unutmasını tələb etmir, yaxud insan hərəkətinin dayanması və ətalətdə qalması ilə nəticələnmir, çünki hər hansı bir şey son hədəfinə bağlananda ona doğru tələsir və hərəkət edir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə