, 15), F.Zeynalov və S.Əlizadənin “gəñəz” kimi oxuduğu bu söz (60, 32) “uzaq” mənasında açıqlanmışdır (60, 130). H.Araslı “Orxan Şaiq Gökyaya (Açıq məktub)” adlı məqaləsində bu arxaizm üzərində xüsusi dayanaraq yazır: “Gənəz” sözünü (gənəz yerin otlaqlarını – uzaq mənasındadır) siz özünüz də “geñəz” kimi yazmısınız. Sonrakı tərtibatınızda bunu “gögəz” kimi oxuyursunuz ki, əlbəttə, yanlışdır. “Gögəz” sözünü “göyərti” kimi düşünürsünüz. Ancaq mətndə “gənəz yerin otlaqların” ifadəsində “otlaq” sözü özü göyərtili yerdir. Amma “gen” sözü “uzaq” mənasındadır” (6, 194). Görkəmli alimin təhlilindən belə aydın olur ki, O.Şaiq bu sözün oxunuşu ilə bağlı vahid mövqedə olmamışdır. Fikrimizcə, bu şərh həm O.Ş.Gökyay, həm də M.Ergin oxunuş və yozumlarının əsassızlığını sübut etməyə kifayətdir. Bununla belə, sözün “uzaq” anlamında qavranılması da inandırıcı görünmür. Tanınmış türkoloq T.Tekin abidənin Vatikan nüsxəsindəki yazılışını da nəzərə çarpdırmaqla “geñəz” variantını daha düzgün sayaraq, “anlamı “yakın” olmalıdır” qənaətinə gəlir və fikrini belə izah edir: “Yukarıdaki cümlede geñez yer “yakın yer, kolay yer” anlamına olmalıdır. Çünkü yeşermiş yerlerin çimenlerini bilmek kulan için bir meziyet sayılamaz” (114, 143). Müəllif “kolay” qavramının türkmən dilində “yaxın” anlamı ilə əlaqəli olduğuna istinad edərək bu fikrə gəlir. S.Əlizadə son nəşrində bu sözü “geñəz” fonetik variantında oxusa da, mənalandırma baxımından ilkin fikrində qalmışdır (61, 32, 235). Ş.Cəmşidov isə onu “gökəz” kimi oxuyub (23, 101, 280) mənasını izah etmədiyindən M.Ergin mövqeyində durduğunu güman etmək olar. V.V.Bartoldun “луга ровных мест знает онагр” tərcüməsindən (138, 11) bu arxaizmin “düz, düzən” mənasında anlaşıldığı üzə çıxır. S.Tezcan-H.Boeschoten tərtibatında isə bu söz qarşısında sual işarəsi qoyulmaqla “kelez?” (116, 31) şəklıində oxunmuşdur.
S.Tezcan həmin oxunuşa verdiyi şərhdə O.Ş.Gökyay, M.Ergin və T.Tekinin yozumlarına münasibət bildirilərək mətnin bağlamına – kontekstinə uyğun düşmədiyi qənaətinə gəlir və sözün yanlış yazılışına istinadən onun bəzi şivələrdə “verimsiz (torpaq)” mənasına uyğun gələn “kelez” şəklində oxunmasını irəli sürür (117, 48). Lakin müəllif fikrində sona qədər israr etməyərək, “Eşqnamə”nin dilinə əsasən, onun “kolaylıkla erişilə bilen yer” (çətinliklə qovuşula bilən yer) mənasını ifadə edən “geñəz” sözü ola bilməsini göz önündə tutmağın gərəkliyini söyləyir (117, 49).
O.F.Sertkaya da adı çəkilən əsərində göstərilən məsəli ətraflı təhlilə cəlb etmiş, mübahisəli oxunuşa və məna açımına uğramış “geñəz” açar sözünü M.Ergin kimi “yeşillik, çemenlik” anlamında şərh etmişdir (110, 91-93).
Arxaik “geñəz” sözünün hansı mənanı ifadə etdiyini dəqiqləşdirmək üçün hər iki atalar sözünün məzmununa diqqət yetirək. Burada keyikin qulanla (çöl eşşəyi ilə) qarşılaşdırılaraq səciyyələndirildiyi şübhəsizdir. Belə isə, geniş yerin otlaqların tanımaq keyikə məxsus xüsusiyyətdirsə, hansı yerlərin çəmənlərin tanımaq qulanla bağlıdır?
Həmin əlaməti ifadə edən arxaik “geñəz” sözünə, T.Tekinin də qeyd etdiyi kimi, ilk dəfə “kenkes suw” birləşməsində M.Kaşğari lüğətində rast gəlinir. Ulu dilçi bu birləşməni “az mikdarda su. Kolay işə dəxi belə denir” şəklində izah verir (109, IIIc, 364). T.Tekin diqqətini izahın ikinci hissəsi üzərinə yönəldərək “kenkes” arxaizmini “kolay”, yəni “yaxın” mənasında izah etmişdir. Əslində bu fikirlə qəti razılaşmaq olamz. R.Əsgər tərcüməsindən də göründüyü kimi, M.Kaşğarinin “Asan işə də belə deyilir” fikri (55, IIIc, 317) sözün ərəbcə şərhini ifadə edir və buna görə də “türk dilində “kolay” tərcüməsində verilmiş sözü türkmən dilinə əsasən “yaxın” mənasında açıqlamaq məntiqsizdir. Sözün “asan” anlamında şərhi isə deyimə anlaşılan məna vermir. Odur ki diqqəti ilk mənaya – “az miqdarda” anlamına yönəltməyi vacib bilirik. Əgər birinci misradakı, həqiqətən, çoxaltma dərəcəndə işlənmiş “gen” sözünün “gendə gen” formasıdırsa, ikinci misradakı həmin sözün “az miqdarda” əks mənasını ifadə edən “geñəz” arxaizmi olmalıdır. Fikrimizcə, “geñəz” sözü etimoloji baxımdan “geñ” sifətinə kiçiltmə mənası bildirən -az //-əz şəkilçisinin artırılması yolu ilə düzəlib. Bu arxaik şəkilçi daşlaşmış formada kiçiltmə və əzizləmə mənası yaratmağa xidmət edən -cığaz4 şəkilçisinin tərkibində indi də yaşamaqdadır.
Beləliklə, araşdırma göstərir ki, daha geniş yerlərin otlaqların tanımaq keyikin məziyyətidirsə, az miqdarda yerlərin çəmənlərin tanımaq qulanın məziyyətidir. Deməli, keyiklər daha geniş ərazidə, qulanlar isə məhdud sahədə yaşayırlar ki, yuxarıdakı deyimdə, bizcə, bu fikir qabardılmışdır.
[13] F.Zeynalov-S.Əlizadə nəşrində və Ş.Cəmşidov oxunuşunda “köç-” feili deyil, “keç-” feili düşünülərək “keçdigin” kimi verilmişdir (23, 280; 60, 32). Sözün əski əlifba ilə yazılışı və karvan sözü ilə bağlılığı onun məhz bu variantda transkripsiya edilməsinin düzgünlüyünü ortaya qoyur. Abidənin dilində “Karvan kibi qondı köçdi” (D-34, 2) cümləsi də bunu təsdiq edir. Maraqlıdır ki, həmin naşirlər artıq bu məqamda sözü “köçdi” kimi oxumuşlar (23, 296; 60, 40).
[14] Əriñ ağırın, yenisin at bilür.
Bu Qorqud deyimi də mübahisəli oxunuşa və məna açımına uğramış hikmətli ifadələrdəndir. O.Ş.Gökyay “Er ağırın er yeynisin at bilür” variantında oxuyaraq (107, 21) “yeyni” sözünü “ağır olmayan, hafif, yünül” (107, 450), “ağır” sözünü isə, görünür, konkret məqamda bunun əksini ifadə edən “ağır, müşkül” mənasında (107, 203) anlamışdır. M.Ergin deyimi “Erüñ ağırın yiynisin at bilür” şəklində oxumuş (101, Ic, 75), “yiyni” sözünü “hafif, ağır olmayan, yüngül” mənalarında (101, IIc, 336) şərh etdiyi üçün məsəli müasir türkcədə “Erin ağırını hafifini at bilir” kimi ifadə etmişdir (102, 17).
H.Araslının deyimi “Ər ağırın, ər yünüsün at bilir” şəklində oxuması (59, 16) göstərir ki, o da eyni fikirdə olmuşdur. Həmin oxunuşla bağlı S.Əlizadə belə bir şərh vermişdir: “H.Araslı “yünü” sözünə izahat verməmişdir; güman etmək olar ki, həmin söz “ağır” sözünün antonimi (“yüngül”) kimi qəbul edilir. Lakin Drezden və Vatikan nüsxəsindəki yazılış belə oxunub yazmağa imkan vermir” (60, 226). Alimin həm F.Zeynalovla birgə, həm də ayrıca hazırladığı nəşrdə deyim “Əriñ ağzın yiynisin at bilür” şəklində oxunmuş (60, 32; 61, 32) və müasir dilimizə “Ərin ağzının kəsərini at bilir” şəklində çevrilmişdir (60,130; 61, 235). İlk növbədə qeyd etmək istərdik ki, çevirmədə tarixiliyə tam riayət edilməmiş, “igid” mənasında işlənən “ər” sözünün hazırda başqa mənada ifadə etməsi nəzərdən qaçırılmışdır. Sual olunur: məgər igidin (yaxud ərin) ağzının kəsərini, yəni gücünü atın bilməsi hikmətmidir? Digər baxımdan, abidənin mətni boyunca oxşar formaya malik “re” və “ze” samitlərinin bəzən sürətli yazı prosesini nəticəsi olaraq katib tərəfindən nöqtəli və nöqtəsiz yazılması nəzərə alınmamışdır. Ümimiyyətlə, “Kitab”ın orfoqrafiyası üçün səciyyəvi sayılan bu hadisə bir çox sözlərin düzgün oxunub açıqlanmasında başlıca maneə rolunu oynamışdır ki, məqamı gəldikcə şərh edəcəyik.
Deyimin Ş.Cəmşidov tərəfindən “Ərin ağırın-yünisin at bilir” şəklində oxunuşu (23, 280) onun mövqeyinin O.Ş. Gökyay, M.Ergin və H.Araslı yanaşmaları ilə üst-üstə düşdüyünə işarədir.
S.Tezcan-H.Boeschoten nəşrində deyim “Erüñ ağırın yeyni-sin at bilür” şəklində (116, 31) oxunsa da, açıqlanmadığından hansı məna çaları götürüldüyü məlum olmur.
Akademik V.V.Bartold “ağır” sözünü “ağız”, “yeyni” sözünü isə “burun” sözü kimi oxuduğu üçün “рот и нос человека знает конь” (138, 11) kimi tərcümə etmişdirsə də, əsərin ilk nəşrini hazırlayan H.Araslı və M.Təhmasib, eləcə də 1962-ci il nəşrini hazırlayan N.K.Kononov verdikləri şərhdə bu variantla razılaşmadıqlarını bildirmişlər (132, 161; 137, 260).
Müqayisədə “İgidin ağırını, yüngülünü at bilir” yozumu təcrübədən doğan məntiqi nəticə kimi görünsə də, deyimin başqa bir yanaşma üzərində qurulduğu qənaətindəyik. Məlumdur ki, atın digər minik heyvanlarından üstün cəhəti boyük sürətə malik olmasıdır. Atın sürətli hərəkəti isə onu minən igidin təpərindən, cəsarətindən asılıdır. Bu deyimdə at sürənin ləng, yoxsa çəld olmasını at bilir fikri ifadə olunmuşdur ki, bunu “ağır” və “yeyni” sözlərini məna açımı sübut üdir. Müasir dilimizdə ilkin məna çalarını hələ də saxlanaqda olan hər iki söz bir-birinin əksi olan “ləng” və “iti, cəld” anlamlarında antonim cütlük kimi işlənməkdədir. Qədim türk təfəkkürünün hikmətli deyimlər toplusu olan “Oğuznamə”də də bu qarşılaşdırma aşağıdakı məsəldə əks olunmuşdur:
Ağır qalqınca yeyin uçar (72, 31).
Eyni təfəkkürün məhsulu olan bu deyimlər olduqca yaxın səsləşir ki, bu da “ağır” və “yeyni//yeyin” sözlərinin daşıdığı məna ilə bağlıdır. Məsəlin işləndiyi soylama parçası başdan-başa təzadlar üzərində qurulduğu üçün bu daha inandırıcı görünür. Maraqlıdır ki, irəli sürülən yozum ilk dəfə V.V.Bartold tərcüməsinə şərhlər verən H.Araslı və M.Təhmasib qeydlərində (“ərin ağırın, yeynisin at bilir” // “человека прыткого и медлительного знаеть конь”) (132, 161) əksini tapmışdırsa da, nə H.Araslının özü, nə də digər naşirlər buna diqqət yetirmişlər. Beləliklə, deyimin həm yazılış forması, həm “ağır” və “yeyni” açar sözlərinin məna çalarları, həm də qədim əcdadlarımızın atı dəyərləndirmək, qiymətləndirmək meyarı irəli sürülən yozumun daha tutarlı olduğunu təsdiq edir.
[15] Nə yerdə sızılar varsa, çəkən bilür.
Göstərilən deyimin də məna yozumu oxunuş formasından asılı olaraq müxtəlif variantlarda getmişdir. V.V.Bartoldun həmin cümləni “в какой месте он обмотан, знает узел” şəklində tərcüməsindən (137, 11) aydın olur ki, tanınmış qorqudşünas deyimi əslinə uyğun oxuya bilməmişdir. Bu variantla razılaşmayan H.Araslı və M.Təhmasib öz mülahizələrini nüsxə katibinin səhv etməsi üzərində quraraq cümləni “Tul yerdə su varsa, cəkən bilir” (tərcüməsi: “Где имеется вода (т.е. колодец), знает достающий (воду)”) (132, 161) şəklində vermişlər. Lakin həmin qeydin müəlliflərindən biri akademik H.Araslı özünün tərtib etdiyi sonrakı nəşrlərdə bir-birindən fərqli yeni oxunuş variantları irəli sürməklə bu fikrin üzərində dayanmamışdır. Belə ki, alim “Kitab”ın 1962-ci il nəşrində “Nə yerdə sızlayır varsa çəkən bilir” (58, 13), 1978-ci il nəşrində isə “Nə yerdə sızlavarsa çəkən bilir” (59, 16) variantları üzərində dayanmışdır. Göründüyü kimi, deyimin açımında açar rolunu oynayan sözlər “sızlayır varsa” və “sızlavarsa” variantlarında oxunmuşdur. Oxunuşlara şərh verilmədiyindən müəllifin hansı anlamı nəzədə tutduğunu yalnız güman etmək olar.
Bu deyimi O.Ş.Gökyay “Ne yerde sı[z]ılar varsa, çeken bilür” (107, 21) variantında oxumaqla aparıcı söz olan “sızı” kəlməsini “acı, ince işleyen ağrı” (107, 404) mənasında, M.Ergin isə “Ne yirde sızılar var ise çeken bilür” (101, Ic, 75) prinsipcə oxşar variantda transkripsiya etməklə hələ də işləkliyin itirməmiş həmin sözü “sızı” mənasında (101, IIc, 268) açıqlamışlar.
Mübahisə obyektinə çevrilmiş bu söz F.Zeynalov-S.Əlizadə nəşrində əski əlifba ilə yazılışına əsasən “sırılur” şəklində verilməklə orijinal bir fikrin irəli sürülməsinə şərait yaratmışdır. S.Əlizadə Vatikan nüsxəsindəki yazılışı, eləcə də bunu əsas götürən O.Ş.Gökyay və M.Erkin nəşrlərində getmiş “sızılar” variantını yanlış hesab edərək yazır: “V-nın katibi qılınca işarə ilə işlədilən “sırılur” (yəni “sıyrılur”) söz-formasını başa düşməmiş, “sızıltı”, “inilti” mənasında “sızı” sözü ilə (cəm şəklində) əvəz etmişdir. Halbuki Dədə Qorqud dilindən xatırladılan hikmətli cümlələrin poetik-linqvistik sistemi I variantı tələb edir. Kontekstin məzmunu belədir: “Harada qınından çəkilən qılınc varsa, (onu) çəkən bilir” (60, 226). Abidənin gözəl bilicilərindən sayılan S.Əlizadə bu oxunuşu müstəqil hazırladığı nəşrdə də saxlamaqla (61, 32) fikrinin qəti olduğunu göstərmişdir.
Ş.Cəmşidov və S.Tezcan-H.Boeschoten nəşrlərində “sızılar” oxunuşuna üstünlük verilmişdir (23, 101, 280; 116, 11).
Beləliklə, qorqudşünaslıqda qeyd edilən deyimlə bağlı müxtəlif fikirlər söylənilsə də, əsas seçim verdiyimiz oxunuş variantı üzərində qalmaqdadır. Deyimin hansı mənada işləndiyini daha dərindən duymaq üçün işləndiyi soylama parçasını nəzərdən keçirmək kifayətdir. Öncə şərh etdiyimiz kimi, əgər birinci beytdə keyik və qulan geniş və ya az miqdarda yerlərin otlaqlarını tanıdıqlarına görə səciyyələndirilirsə, ikinci beytdə dəvə iz, tülkü qoxu, üçüncü beytdə torağay gecələr karvan köçdüyünü, ana isə oğlun kimdən olduğunu, dördüncü beytdə at iğidin ləngini və cəldini, qatır isə ağır yüklərin çətinliyini bildiklərinə görə xarakterizə edilir. Bu aspektdən yanaşdıqda araşdırılan məsəlin daxil olduğu beytdə də həmin məzmun konteksti “qafil (yatmış) başın ağrısını beyin, bədəndəki sızıltını – ağrını (onu) çəkən bilir” şəklində davam etdirilir. Cümlələr qrammatik və leksik baxımdan elə qurulmuşdur ki, fikrin izahında heç bir əlavə sözə ehtiyac duyulmur. Odur ki, “qılınc” və “qın” sözlərinin mətnə əlavəsinə əsaslanan F.Zeynalov-S.Əlizadə yozumunun əksinə olaraq, O.Ş.Gökyay və M.Ergin yanaşmaları daha uğurlu və inandırıcı görünür. Doğrudur, Drezden nüsxəsinə əsasən “sızılar” kimi oxunan sözü “sırılur” şəklində transkripsiya etmək mümkündür, ancaq bu, abidənin əski əlifba ilə yazılış xüsusiyyətlərini nəzərdən qaçırmaq, faktlara kor-koranə riayət etmək deməkdir. Məlumdur ki, “Kitab” boyu sürətli yazı prosesini nəticəsi olaraq bəzən “re” samiti nöqtəli, “ze” samiti isə nöqtəsiz yazılmış, sait səsləri, o cümlədən “a” səsini ifadə etmək üçün “vav” hərfindən istifadə olunmuşdur. Bununla belə, Drezden nüsxə yazılışında müəyyən nöqsana yol verildiyini qəbul etməklə, Vatikan nüsxə variantına istinadən (V-4, 4) bu sözü “sızılar” şəklində oxumaq daha məntiqi səslənir. Son olaraq belə bir faktı da nəzərə çarpdırmaq istərdik ki, müasir dilimizdəki “sızla-”, “sızıltı”, “sızılda-” sözləri ilə eyni mənşəli olan “sızı” sözü” “ağrı” anlamında əksər türk dillərində (152, IVc, 1h, 663-664), o cümlədən qədim abidələrdən sayılan “Oğuznamə”nin dilində də işlənməkdədir:
Kimin ki qızı var,
Belində önəlməz sızı var,
Həm göydə nəhs yıldızı var (72, 17).
[16] “İleyüñüzdə” sözünün oxunuşu da mübahisə yaradan məqamlardandır. M.Ergin və S.Tezcan-H.Boeschoten nəşrlərində “ileyüñüzde” (101, Ic, 74; 116, 31), H.Araslı nəşrində “iləyinizdə” (59, 16), ensiklopedik nəşrdə isə “iləyüñüzdə” (62, 37) kimi yaxın fonetik variantlarda transkripsiya edilən bu söz digər naşirlər tərəfindən fərqli varıantlarda oxunaraq şərh olunmuşdur. Belə ki, O.Ş.Gökyay tərəfindən “ileyüñde” kimi oxunan bu arxaizm (107, 210) -üñ ikinci şəxs təkinin mənsubiyyət və -de yerlik hal şəkilçisi qəbul etmiş “hüzur, yan, ön, karşı teref” və s. buna yaxın mənalarda işlənən qədim “iley” sözü kimi (107, 321) qavranılmışdır. F.Zeynalov-S.Əlizadə birgə nəşrində “el-evüñüzdə” variantında oxunan bu sözün (60, 32) M.Ergin və H.Araslı transkripsiya variantları qeyd edilməklə belə bir açıqlama verilir: “H.Araslı bu sözü “qarşınızda” kimi izah etmişdir. Lakin V nüsxəsindəki hərəkəli yazılışına əsasən sözü “el-eyüñüzdə” kimi də oxumaq mümkündür. Bizcə, burada “el” və “ev” sözləri qoşalaşmışdır” (60, 226). Görünür, bu oxunuş və açıqlamanın ziddiyyətli olduğunu hiss edən S.Əlizadə müstəqil nəşrində onu “ileyüñüzdə” kimi oxuyaraq “önünüzdə, qarşınızda” mənasında izah etmişdir (61, 32, 204). Ş.Cəmşidov mətn daxilində “elü gündə”, “İzahat” hissəsində isə “eyülü gündə” kimi oxuduğu bu sözü (23, 100, 280), görünür, V.V. Bartoldun təsiri ilə “yaxşı, xoş gündə” mənasında düşünərək irəli sürmüşdür. Maraqlıdır ki, böyük şərqşünas sözü “в день праздника” formasında çevirsə də, qarşısında (?) işarəsi qoymaqla mübahisəli yozum ola biləcəyini nəzərə çarpdırmışdır (137, 14). O.F.Sertkaya isə ümumilikdə cümləni “Ėli-öñünde çalup eyden ozan olsun!” kimi oxumaqla (110, 37) özünə qədərki bütün varıantları nəzərdən keçirmiş, Drezden nüsxəsində yazılış xətası ola biləcəyini güman edərək burada “el” və “ön” sözlərinin işləndiyini düşünmüş və bu iki sözü defis işarəsi ilə yazmaqla “halkı önünde”, yəni “xalqı önündə” anlamında açıqlamışdır (110, 96-99). Nə qədər orijinal səslənsə də, “el” və “ön” sözlərinin bu birləşmədə nə üçün defislə yazıla biləcəyini anlamaq çətindir. Fikrimizcə, Drezden nüsxəsində, həqiqətən, özündən sonrakı hərflə mexaniki surətdə birləşdirilərək şəklində yazılmışdır. Bu aşağıdakı faktlarla da sübuta yetirilir:
Birincisi, bütün boyların başlığından onların hansısa bir oğuz xanının qarşısında ozan tərəfindən söylənildiyi açıq-aydın görünməkdədir. Deməli, ulu Qorqudun alqış kimi söylədiyi bu deyimdə “qarşı tərəf, ön tərəf” anlamını verən arxaik “iley” sözünün (152, Ic, 2h, 1478; 154, 347) işləndiyi qəbul ediləndir. Bu sözə “Koroğlu” dastanında da “ön tərəf” anlamında rast gəlinir:
Gəlin deyirəm nazlanır,
Qız deyirəm xoruzlanır.
Dalında qarpız gizlənir,
İleydə buzxanası var. (64, 376).
İkincisi, “ilk”, “iləri//ilgəri” sözləri ilə eyni kökdən törəmiş bu arxaizm soylamalardakı alqış tərzinə uyğun formada -üñüz II şəxs cəminin mənsubiyyət şəkilçisi ilə işlənmişdir (-də yerlik hal şəkilçisidir). Məsələn:
On otuz yaşıñız dolsun! (D-4, 12-13).
Dövlətiñiz payəndə olsun, xanım, hey! (D-4, 13 – D-5, 1).
Ocağıñıza buncılayın övrət gəlməsün! (D-9, 12).
[17] Dədə Qorqudun islam dininin müqəddəs saydığı varlıqlar və şəxsiyyətlər haqqında söylədiyi soylamadan götürülmüş bu misralardakı “köbitdi” feilinin oxunuşu və açımı ilə bağlı müxtəlif variantlar irəli sürülmüşdür. Abidənin tanınmış naşiri O.Ş.Gökyay onu “köydü” şəklində (107, 22) oxuyaraq tərtib etdiyi lüğətdə bəzi mənbələrə əsasən, “yanmak, yakmak; üzülmek, kederlenmek; beklemek, gözlemek, sabırsızlanmak” mənalarında işləndiyini qeydə almışdır (107, 360). Bu yozumun yetərli olmadığını görən müəllif həmin məsələyə bir daha qayıdaraq onun “sesle oxumak” məna çalarına istinad etməklə “metndeki anlamı da “Kuran okudu” olmalıdır” (107, 943-944) fikrini söyləyir. Lakin son hökmün də mətn daxilində işlənmə məqamı ilə tam uyarlı olmadığını duyaraq əlavə edir:
“Metndeki cümlede küydi kelimesine “Kuran okudu” anlamı versek bile ondan sonra gelen biçdi ne demektir? Acaba bu cümleyi bir başka türlü anlayamazmıyız? “Osmanın yazıp düzdüğü Kuranı bilginler ögreninceye kadar yandı pişti” demek degilmidir? Çünki “köymek” kelimesi “yanmak” demekdir (...). Kelimenin Anadolu'nun türlü yerlerinde göymek, güymək, köymek, küymek söylenişiyle yaşadığını ve “beklemek, sabırsızlanmak, intizar etmek” anlamına geldiyini biliyoruz (...).
Bütün bu bilinen karşılıklar göz önünde tutulmakla birlikde bence cümle yine de tam ve kesin olarak anlaşılmış degildir” (107, 944).
“Kitab”ın digər tanınmış naşiri M.Ergin isə onu “küydi” variantında oxuyaraq (101, Ic., 75) “beklemek, intizar etmek, gözlemek, sabr etmek, gözetmek” anlamlarında şərh etmişdir (101, IIc, 208). Hər iki yanaşmanı təhlil edən T.Tekin M.Ergin oxunuşunu daha düzgün sayaraq bu arxaik sözün əski türkcə “korumak, himaye etmek, gözetmek” mənalı “kü-” kökünə sonradan “y” səsinə keçmiş “-d” şəkilçisinin artırılması ilə düzələn feil olduğunu irəli sürür və Drezden nüsxəsində “biçdi” şəklində verilmiş sözü isə “küy-” feilinin eyni mənalı qarşılığı kimi düşündüyü “bahdı” feilinin yanlış yazılış variantı bilərək açıqlayır (114, 143). Bu mülahizə S.Tezcan-H.Boeschoten nəşrində əsas götürülmüş və həmin feillər “güydi bahdı” variantında transkripsiya edilərək şərh olunmuşdur (116, 32; 117, 51-52).
Böyük şərqşünas V.V.Bartold həmin arxaizmi “yanmaq” anlamında qavradığı üçün cümləni “Тот Коран написавщему, расположившему в порядке, что бы научились ученые, пылавшему в огне, (все) распределившему, Осману, сыну Аффана, слава!” variantında tərcümə etsə də, bu hissənin ona tam aydın olmadığını bildirir (137, 12).
Akademik H.Araslı isə soylamanın deyilmə ahəngini gözləmədən həmin parçanı:
“Ol Quranı yazdı-düzdü üləmalar ögrənincə göydü
Biçdi, alimlər sərvəri Osman Üffan oğlu görklü” (59, 16)
variantında transkripsiya etmişdir. Göründüyü kimi, görkəmli qorqudşünas bu arxaizmi “göydü” variantında oxumaqla yanaşı, “yazdı-düzdü” modelinə uyğun qoşa işlənməsi tələb olunan “göydü-biçdi” feil formasını da müxtəlif misralarda verməklə parçalamışdır. Oxunuşa şərh verilmədiyindən naşirin hansı mövqedən çıxış etdiyi və həmin feili hansı mənada anladığı məlum olmur.
F.Zeynalov-S.Əlizadə nəşrində özündən sonrakı sözlə birgə “köydü-biçdi” kimi oxunan bu arxaizm (60, 32) formal uyğunluq əsasında müasir dilimizə “ölçdü-biçdi” variantında çevrilmişdir (60, 131). S.Əlizadə ayrıca hazırladığı nəşrdə “köymək” feilini “yandırmaq, ütüb-təmizləmək” kimi (61, 206) mənalandırmışdır ki, bu da deyimin açımına yeni bir şey vermir.
Ş.Cəmşidov həmin feilləri “köbədi-biçdi” variantında oxuyaraq (23, 281), mövcud nəşrlərdəki yozumların məntiqi səslənmədiyini söyləməklə fikrini belə əsaslandırır: “Bizə görə sözün dürüst şəkli “köbədi” (...) olub “biçdi” (...) kəlməsi ilə mütəradif ifadə kimi işlənmişdir. “Köbə” həm qədimdə və həm də hal-hazırda parçaya-paltara ilk yoxlama-prob tikişi vurmaqdır, köbələmək iri, kobud şəkildə müvəqqəti tikməkdir” (23, 102). Mövcud oxunuş və yozum variantlarını xüsusi tədqiqata cəlb edən O.F.Sertkaya Ş.Cəmşidovun bu fikirlərini “filolojik zorlama” adlandırsa da (110, 102), təəssüf ki, özünün də zəngin dil faktlarına istinad edərək gəldiyi nəticə inandırıcı səslənmir. Araşdırıcıya görə, abidənin mətnində “güydi biçdi” variantında işlənmiş bu qoşa söz “tasalandı, kayğılandı, telaşlandı, kederlendi” mənalı “güydi bişdi” şəklindən törəmişdir (110, 111). Odur ki cümləni müasir anlamda belə açıqlayır: “O, gözəl (insan), âlimlərin serveri, Affân oğlu Osman, Kur'ânı düzenledi, ülemâlar (hâfızlar) öğreninceye (ezberleyinceye) kadar (da) kayğılandı” (110, 111).
İlk baxışdan göründüyü kimi, göstərilən parçada müqəddəs “Quran”ın xəlifə Osman tərəfindən kitab şəklinə salınmasından söhbət açılır və üzərində dayandığımız sözlər də həmin tarixi xidməti ifadə etməyə yönəlmişdir.
Göstərilən arxaizmin “yandırmaq” mənalı “köydi” və “qorumaq” mənalı “küydi” şəkillərində oxunması xəlifə Osmanın özünə qədərki bir neçə variantda yazılmış “Quran”ın müsəlmanlar arasında fikir ixtilafı yaratdığını nəzərə alaraq vahid bir mətnini tərtib etdirməsi və qalan bütün nüsxələri yığdıraraq yandırması faktından (15, 153-154) qaynaqlanır.
Beləliklə, Vatikan nüsxəsinə düşməyən həmin arxaizmin “köbitdi” şəklində transkripsiya edilməsi üzərinə qayıdaq.
Öncə, sözün əski əlifba ilə şəklində yazılışına diqqət kəsildikdə görünür ki, burada bütün naşirlərin nəzərindən qaçmış qoşa nöqtəli “te” hərfi aydın oxunmaqdadır. “Kaf, vav, be, te, dal, yey” hərflərinin birləşməsi şəklində verilmiş bu arxaik sözdə “be” və “te” hərfləri konfiqurasiya baxımından bir bütöv kimi verildiyindən “te”nin nöqtələri aydın oxunsa da, o, ümumiyyətlə, nəzərə alınmamış, “be” hərfi isə Ş.Cəmşidovu çıxmaq şərtilə, “yey” kimi oxunmuşdur. Bizcə, bu oxunuşda əvvəlki misrada işlənmiş “yazdı-düzdü” modelinin də rolu az olmamışdır. Belə ki, məhz həmin feillərin tərkibinə görə bu sözlərin də ikihecalı sözlər əsasında qurulduğu düşünülmüşdür. Bu yazılışda əlyazmanın daha əski nüsxədən üzünü köçürən XV-XVI əsr katibinin də ilkin arxaizmlərə yanaşma tərzi öz izini qoymuşdur. Məlum həqiqətdir ki, katib mənasını anladığı arxaizmləri bəzən çağdaş dövrü üçün anlaşıqlı olan müvafiq qarşılığı ilə əvəzləmiş, ona aydın olmayan arxaizmləri isə ya eynilə saxlamış, ya da oxşar yazılışa malik sözlərlə əvəz etməklə təhrifə yol vermişdir. Bu baxımdan “köbitdi” feili də cüzi təhrifə uğramış sözlərdən sayıla bilər, çünki “be” qrafeminin başlanğıc forması aydın əks olunmamışdır. Bununla belə, əski əlifba ilə yazılışda bu cür kəsişən məqamlara tez-tez rast gəlinir və sürətli üzündənköçürmə prosesi üçün səciyyəvi olan xüsusiyyət sayılır.
Dostları ilə paylaş: |