Folklor instituti


Key words: Karachay-Malkar (Balkar) literature, The Caucasus battles, The Kipchaks, the formation of lite­rature of modern times



Yüklə 4,03 Mb.
səhifə16/24
tarix19.07.2018
ölçüsü4,03 Mb.
#56937
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Key words: Karachay-Malkar (Balkar) literature, The Caucasus battles, The Kipchaks, the formation of lite­rature of modern times.

QUMUQ TÜRKLƏRI ƏDƏBIYYATININ

DÜNƏNI VƏ BU GÜNÜ
Özət: XIX yüzilədək qaynaqlarda qumuq ədəbiyyatı ifadə­sinə rast gəlmirik. Rusiya Qafqazı müstəmləkəsinə çevirəndən sonra hakimiyyətini möhkəmləndirmək naminə xalqları böl­mək, bir-birindən ayırmaq üçün bir çox “tələlər” qurdu. Bu məqsədlə yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədəbiyyat tarixi, tarix yaradıldı.

Mahammat Apendi (Əfəndi) Osmanovun 1883-cü ildə Sankt-Peterburqda yayımlatdığı “Nоqайskiе i kumskskiе tеks­ts (Sbоrnik nоqайskiх i kumskskiх pеsеn, prеdаniй, pоqо­vоrоk, pоslоviц)” qumuq ləhcəsində ilk kitab sayılır. Qu­muqlardan toplanmış “Minkullnun yiri”, Şumer dastanı “Bil­qa­mıs”ı, “Engiligim, Sengiligim, eşikni ac!” nağılı yenə də şu­mer­lərin keçinin qurdla (və ya keçinin şirlə) savaşını, “Bozoğlan” nağılı “Kitabi-Dədə Qorqud”dakı “Bamsı Beyrək” boyunu, “Cavat biy” yırındakı qəhrəmanın ölüm mələyi Əz­rail­lə sa­vaş­ması “Kitabi-Dədə Qorqud”dakı Dəli Domrulu ya­da salır. “Ko­roğlu” nağılı “Koroğlu” dastanını xatırladır. Bu cür oxşar­lıqlar yalnız folklorda deyil, yazılı ədəbiyyatda da çoxdur.

Son illərdə qumuq yazılı ədəbiyyatının tarixini XV yüzildə yaşamış Kamal Ummu Nuri ilə başlayırlar. Onun yayımlanmış şeirləri isə günümüzün qumuq türkcəsindəkindən çox Azər­bay­can və Türkiyə türkcələrinə yaxındır. Araşdırıcıların bəziləri isə daha cəsarətli hərəkət edərək qumuqların ədəbiyyatını və tarixini şumerlərdən başlayırlar. Beləcə qumuqlar arasında ümumtürk ədəbi abidələrini ədəbiyyat tarixlərinə daxil etmək və onu öyrənmək meyli gündən-günə artır.

Rus-Sovet müstəmləkəçiləri 150 ildə qumuq dili, qumuq ədə­biyyatı yaratmağa çalışsalar da qumuqlardan toplanmış folk­­lor örnəkləri, hətta günümüzün qumuq yazıçılarının əsər­ləri bizim­kilərdən sadəcə ləhcəsinə görə fərqlənir. Düşüncə, üslub, möv­zu, söz­lük etibarı ilə isə onlar ümumtürk ədəbiyyatının bir parçasıdır.

Məqalədə Ummu Kamal (XV yüzil), Abdulrahman Atlıbo­yunlu (XIX yüzil), Yırçı Kazak (1830-79), Mahammat Apendi Osmanov (1838-1904), Abusupiyan Akayev (1872-1931), Ma­nay Alibekov (1861-1920), Nuhay (1865-1919) və Zeynalabid (1865-1919) Batırmurzayevlər, Abdulla Mahammadov (1864-1937), Temirbolat Biybolatov (1879-1942), Nabi Xanmur­zayev (1893-1950), Bahautdin Astemirov (1898-1967), Alim­paşa Salavatov (1901-42), Abdulvahab Suleymanov (1909-95), Yusup Qereyev (1903-1941), Atqay Acamatov (1910-98), Ka­mil Sultan (1911-2002), Rəsul Rəsulov (1912-77), Anvar Ha­jıyev (1914-92), Ibrahim Kerimov (1922), Mahammadsoltan Yahiyayev (1923-2007), Srajdin Tokbolatov (1923), Şarip Ali­beriyev (1926), Abdulla Abakarov(1928), Abdulmejit Məjidov (1936), Mahammatşapi Minatullayev (1937), Mahammat Ata­bayev (1938), Mahammatnabi Xalilov (1941), Badrutdin Mu­hammadov (1943), Şeyit Xanım Alişeva (1949), Atav Atayev (1949), Jeminat Kerimova (1949), Bahavutdin Hacıyev (1950), Supiyan Mamayeva (1958), Abdulkerim Zalimxanov, Nabiulla Mahammadov və b. qumuq ədiblərinin ömür yolundan və ya­radıcılığından söz açılır.
Açar sözlər: Qumuq və Azərbaycan türklərinin ədəbiyyatı, Minkullunun yırı, “Bozoğlan” nağılı, ümumtürk ədəbiyyatı.
Giriş
“Qumuq” sözünə rast gəlinən ilk qaynaq Mahmud Kaşğarinin “Divan-i Luğat it-Türk” əsəridir. Lüğət müəllifi bu sözü “Bir zaman yanında olduğum bəylərdən birinin adı” kimi izah edir. Qumuqların yayılma arealı noqaylar, tatarlar, qazax­lar kimi geniş deyil. Toplu halda Azərbaycanın quzeyində, yə­ni Rusiya Federasiyasının Dağıstan Respublikasında, az qismi isə qonşu Içkeriya (Çeçen), Inquş, Quzey Osetiya Respublikala­rında və Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Ataköy, Do­qan, Azize, Keyikqırı kəndlərində (Xalipaeva I., 1993:82) ya­şayırlar. 2002-ci ilin siyahıyaalmasında Rusiya Federasiya­sın­da qumuqların sayının 425 min nəfərə, onlardan 365,8 min nəfərinin Dağıstanda, 12 min nəfərinin Içkeriyada (Çeçenistan), 15 min nəfərinin Quzey Osetiyanın Mazdok rayonunda toplu halda, qalanının Rusiya Federasiyasının müxtəlif bölgələrində da­ğınıq halda yaşadığı göstərilir. Türkiyədə də 10 min nəfərdən çox qumuğun yaşadığını yazırlar.

Internet saytlarında isə qumuqların sayı yarım milyondan çox göstərilir. Qumuqların əksəriyyəti rus dilini ana dili kimi bilsə də, bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi kimi istifadə etsə də, öz aralarında ana dilində danışmağa üs­tünlük verirlər.

Qumuqların yaşadığı Dağıstan Respublikası sanki bir xalq­lar, dillər muzeyidir. Orta yüzilliyin ərəb səyyah və coğra­fi­yaçıları da buranı “cebel-ül elsan”, yəni dillərin dağı, çox ellər yaşayan dağ adlandırmışlar. Burada radiolar hər səhər 33 dildə yerli xalqları salamlamaqla verilişlərinə başlayır. Bu isə orada yaşayan xalqların və etnik qrupların hamısı demək deyil. Rəsmi qəzet-jurnallar, kitablar isə əsasən 14 dildə-qumuqların, noqayların, avarların, darginlərin, ləzgilərin, lakların, Azərbay­can türklərinin, tabasaranlıların, saxurların, rutulların, aqul­la­rın, tatların, çeçenlərin, rusların dilində nəşr olunur. Ümum­təhsil məktəblərində 14 dildə dərs keçilir. Bu dildən biri də qumuq dilidir. Bölgənin ən qədim xalqlarından biri olmasına baxmayaraq müasir qumuq ədəbiyyatı XIX yüzildən formalaş­mağa başlamışdır. Çünki qədim dövrlərdən ta XX yüzilədək nəinki türksoylu qumuqlar, hətta bölgədəki türk olmayan, fərqli dil ailələrinə daxil olan xalqlar belə türk dilindən ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər. 1937-ci ilədək qumuq dili Dağıstanda rəsmi dövlət dili sayılırdı.

Qumuq şairlərinin yazdıqları şeirlər Azərbaycanda da, Kırımda da, Kazanda da, Türkmənistanda da, Özbəkistanda da tərcüməsiz başa düşülmüşdü.

Rusiya işğal etdiyi ərazilərdə hakimiyyətini uzunömürlü etmək üçün “Parçala, hökm sür!” siyasəti yeritmiş, türk xalq­larını bir-birindən ayırmaq üçün az qala hər tayfadan bir xalq yaratmağa çalışmışdı. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədə­biyyat tarixi, tarix yaradılmışdı. Əslində bu türk xalqlarını bir-birindən ayırmaq siyasəti olsa da onlarda milli şüurun inkişa­fına da təkan vermişdi.

1917-ci ildə çar Rusiyasında son həddə çatan daxili qovğa­lar 300 illik Romanovlar sülaləsinin hakimiyyətdən uzaqlaş­dırılması ilə nəticələnmişdi. Fevralda Kerenskinin başçılığı ilə yeni yaradılmış Müvəqqəti Hökumətin 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silah gücünə hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdir­mişdir. Bu qarışıqlıqdan istifadə edən əsarət altına alınmış xalqlar azadlıqlarına nail olmaq istəmişlər. Osmanlı dövlə­tin­dən dəstək alan Quzey Qafqaz xalqları da 1918-ci il mayın 11-də müstəqilliklərini elan edib, yeni bir dövlət qurur. Bu çox­dilli xalqlardan qurulmuş dövlətin rəsmi dili qumuq dili olduğu elan edilir. Mondros anlaşmasına görə Antantaya məğlub ol­muş Osmanlı dövləti əsgəri birliklərini Qafqazdan çəkmək məc­buriyyətində qalır. Dəstəksiz qalan gənc dövləti yenidən Rusiya işğal edir.

Bolşeviklər bölgədə öz dayaqlarını möhkəmlətmək üçün çar Rusiyasından fərqli olaraq yerli xalqlara bir sıra güzəştlər edir. Onlara ana dillərində məktəblər, qəzet-jurnallar açmaqla yanaşı, sözdə müstəqil görünən dövlət qurumlarını yaratmağa imkan verir. Beləcə Quzey Qafqazda Dağıstan, Çeçen-Inquş, Qaraçay-Çərkəz, Kabarda-Balkar muxtar qurumları yaranır.

Lakin bu qurumlar da ədalətli, elmi, siyasi bir prinsip əsasında yaradılmır. Belə ki, sayca heç də başqa Qüzey Qafqaz xalqlarından az olmayan avarlar, ləzgilər, qumuqlar və b. üçün öz arları ilə muxtar respublika, muxtar vilayət və ya muxtar mahal belə yaradılmır. Qumuqlar daını çəkdiyimiz xalqlar və çoxlu etnik qruplarla Dağıstan MSSR-in tərkibinə daxil edilir.

Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağza (şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araş­dırıcıların fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi) əsasında yazılır (Dünya xalqları, 1998:106, Isayev M., 1970:91). Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.

1. Şifahi xalq ədəbiyyatı
Mahammat apendi (əfəndi) Osmanov 1883-cü ildə Pe­terburqda çap etdirdiyi kitaba noqaylardan və qumuqlardan top­lanmış folklor nümunələrini və yazarı bəlli olan şeirlər daxil etmişdir. Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültə­sində 1880-ci illərədək türk dili dərsi deyən M.E.Osmanov “Nоqайskiе i kumskskiе tеksts (Sbоrnik nоqайskiх i ku­mskskiх pеsеn, prеdаniй, pоqоvоrоk, pоslоviц)„ kitabını dərslik kimi çap etdirmişdir. Tələbələr ondan “Oxu kitabı” qismin­də istifadə etmişlər.

Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted Quzey Qafqazda qumuq türkcəsinin geniş yayılmasının, qonşu xalqlar arasında ünsiyyət vasitəsinə çevrilməsinin səbəblərini öyrən­mək üçün 1904-cü ilin sonlarında Dağıstana gəlir. O, burada qumuq ləhcəsinə, ədəbiyyatına, folkloruna və etnoqrafiyasına dair materiallar toplayaraq araşdırmalar aparır. Çox təəssüf ki, onun topladığı mətnlər zamanında çap olunmadığından uzun illər elmi araşdırmalardan kənarda qalır. Nə yaxşı ki, professor Emine Gürsoy-Naskali bu məsələyə diqqət yetirərək, 1991-ci ildə həmin mətnləri Helsinkidə ingiliscəyə tərcümələri ilə birlikdə çap etdirmişdir (Pekacar Çetin, 2003:319-340, 4-cü cild).

Q.J.Ramsted qumuq türkcəsinə təsadüfən belə önəm ver­məmişdir. 1918-ci ildə keçirilən Quzey Qafqaz xalqlarının milli qurultaylarında qumuq türkcəsi dağlı xalqları adlandırılan 50-ə yaxın xalqın və etnik qrupun ortaq dili kimi qəbul edilmişdi.

Professor Bəkir Çobanzadə 1926-cı ildə Bakıda qumuq dili və ədəbiyyatından bəhs edən silsilə məqalələr yazaraq onların bir qismini jurnallarda çap etdirmişdir (Çobanzadə Bəkir, 1925:29-31, sayı, 3). Az sonra bu məqalələri Azərbaycan Təd­qiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatında ərəb qrafikalı əlif­ba ilə kitab kimi çap etdirmişdir (Çobanzadə Bəkir, 1926). „Qu­muq dili və ədəbiyyatı tədqiqləri„ adlı 105 səhifəlik bu kitab olduqca yüksək elmi dəyərə sahibdir. Uzun müddət qumuq dili və ədəbiyyatı haqqında bu səviyyədə əsər ortaya qoyulmamışdır.

Azərbaycanın mühacirətdə olan ictimai-siyasi xadimi və elm adamı Mirzə Bala Məmmədzadə Islam Ensiklopediyasında qumuqlar haqqında yazdığı məqaləsində onların tarixindən, soykökündən bəhs etməklə yanaşı, ədəbiyyatları haqqında da bilgi vermişdir (Mirza Bala, 1967:986-990, 6.cild). O, yazır: “Ku­muk­larda ve komşularında yır-kazak tabiri meşhurdur. Ku­muk­lar yır yaratmakla tanınmışlardır. Halkın hafızasında kalan Irçı Kazak gibi en eski yır şairleri: Aksaylı Batır-Ay (Batray-Ə.Ş.), Tarkili Ananay-Arslan ve Torkalı Piridir. Yakın za­man­ların yır şairleri şunlardır: Aksaylı Sultanbeg, Endireyli Ansari Zülkameyn (Bu şəxs Aşıq Ansar kimi də tanınır-Ə.Ş.), Hama­matyurtlulı Alıp-Murza (Alıpmurza) ve Kostekli Harun.

Kumuk halk edebiyatının lirik kısmını sarın denilen dör­d­lük­ler ile yas adını taşıyan ağıtlar teşkil eder. Düğün ve eğ­len­celerde ve alelumun münasip düşen her fırsatta, bir çalğıcının refakatinde, irticalen söylenen dörtlükler, medhiyenin zıddı olan ve Azerbaycanda bedhiye (bedye) denilen ve tenkidi-hicvi bir mahiyet taşıyan halk şiirinin aynıdır. Her iki memlekette karşı-karşıya gelen iki şahs, o günün hakim bir mevzunu ve ya meseleni ele alarak, sıra ile dördlüklerini düzerler. Ekseriya dinleyenler de, el çırpmak sureti ile, buna iştirak ederler. Yas ise, matem günlerinde, bir ölü üzerinde ve ya arkasından söylenen ve benzerine yine Azerbaycanda şahid olduğumuz ağıtlardır (ağı)” (Mirza Bala, 1967:989, 6.cild).

Qumuq ədəbi dilinde yas, Quzey qumuqlarında vayax ve Güney qumuqlarında şahalay kimi işlədilən kəlmə həm mə­rasimə, həm də mərasimdə nəzm və nəsrlə söylənənlərə verilən addır. Keçmişdə gənç və ya toplumda nüfuz sahibi olan birisi öldüyündə, bir qadın başına torba geyərək ağılar söylər, başqa qadınlar “vöv-vöv!” diyərlər, kişilər isə “ay!” deyə bağırıb döyünərək dairəvi şəkildə dolanırmışlar. Bəzən ölənin atını da dolandırarlarmış. Bu mərasim qədim türklərdəki insan öldük­dən sonra o biri dünyada da yaşadığı inancı ilə bağlıdır.

Azərbaycanla sıx əlaqədə olan, XX yüzilin əvvəllərində kadr­larının burada hazırlanmasına üstünlük verən qumuqlar ki­tab, qəzet və jurnallarını, məqalələrini də burada nəşr etdir­məyə üstünlük verirdilər. N.M.Şabarov topladığı nağılı ruscaya çevirərək Bakıdakı Azərbaycanı Öyrənən Cəmiyyətin Xəbər­lərinin 1927-ci il 4-cü sayında çap etdirmişdir.

Araşdırıcı Afaq Xürrəmqızı “Azərbaycan mərasim folk­loru” əsərində aşağıdakı sitatları yazarkən Bəkir Çobanzadənin qumuqlar haqqındakı kitabına istinad etmişdir: 1. “Nisbətən son dövrlərdə çar Iraklinin cənazəsi ətrafında “çianuri” çalan ağiçının dil deyib ağlaması da mahiyyəti etibarilə türklərin yuğ törənini xatırladır (278; 53). Qırğızların “jok toşuu”, qazaxların “jok tau jilau” (245; 346), çuvaşların “sas kalarni” (158; 51), Kırım türklərinin “tokmak” ağı mərasimi (326; 101) də azər­baycanlıların analoji mərasimi kimi mənşəyini adıçəkilən törəndən götürür”. (Xürrəmqızı Afaq, 2002:135).

2. “Qumuq ağıları – “vayax”lar da bəzən qarğış əsasında qu­rulur:

Dars oxuyqan medresen bozulsun

Kitablarınq xar ayağına yozulsun

Kalam-tarın kara özenqe açılsın (326; 101)”

(Xürrəmqızı Afaq, 2002:146).

3. “Bundan başqa, qumuqlarda qızı ər evinə müşayiət edən şəxslərin “quda-xatın”, “quda-qızlar” adlandırılması (326; 101), Dağıstan tərəkəmələrində qızı bəy arabasına qız evinin gəlinlərinin əyləşdirməsi (138; 174) bu personajın vaxtilə qa­dın səciyyəli olmasından xəbər verir”. (Xürrəmqızı Afaq, 2002:94).

Türkoloq Güllü Yoloğlu da Azərbaycan mətbuatında qu­muq­lar, onların mədəniyyəti və ədəbiyyatı ilə bağlı bir sıra ma­raqlı məqalələr çap etdirmişdir (Yoloğlu Güllü, 1996: 23-29 fevral).

Azərbaycan şairi, rəssam və xeyriyyəçi, “Xan qızı” kimi ta­nınan Xurşidbanu Natəvanın əri knyaz Usmiyev də qumuq idi. Çox təəssüf ki, Azərbaycan-qumuq əlaqələri öyrənilmədi­yindən hələ bir çox məsələlərə aydınlıq gətirə bilmədik və faktları dəqiq­ləşdirmədiyimizdən bəzi mülahizələrimizi burada yazmadıq.

Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilmişdir. Buna görə də toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz “qumuqlara aid olan” folklor nümunələrini top­lamağa və nəşr etdirməyə üstünlük vermişlər.
1.1. Bölgülərə ayırma
Toplanmış nümunələrin bölgülərə ayrılmasında və janrlarinın müəyyənləşdirilməsində də fikir ayrılığı, qarışıqlıq yaran­mışdır. Beləliklə, folklor nümunəsinin bölgülərə ayrılması daha çox mövzusuna görə müəyyənləşdirilmişdir. Məsələn, “zahmat yırları„, “igitlik yırları”, “igitlik-tarixi yırları”, “ tarixi yırlar”, “Sibir yırları”, “tapşurma, ya da nasiqat yırları”,“mas­xara-irişxat yırları”, “kazak yırları”, “haşık yırları”, “oylu yır­lar”, “alışıp aytahan yırları” (Kumık xalk..., 2002) və s. baş­lıqlar altında antologiyalarda verilmiş nümunələrin böyük bir qismi türk xalqları folkloru üçün səciyyəvidir. Onların bir qis­mi yalnız qumuqlar yaşayan bölgələrdən toplandığına görə on­ları qumuq folkloru adlandırmaq olar. Hətta qumuq araşdırıcilarının topladıqları nümunələr arasında fərqlər olduğu kimi, bölgü prinsipində də fərqlər vardır. A.K.Abdullatipov və A.M. Sultanmuratovdan fərqli olaraq, Abdulhakim Hacıyev yırları “igidlik eposu”, “igidlik-tarixi yırlar”, “tarixi yırlar”, “balla­da­lar”, “qanna qazaq yırları”, “Sibir və tosnaq yırları”, “haşıq yırları” kimi janrlara ayırır (Türkiye dışındakı..., 2002:21-107, 20-ci cild). A.K.Abdullatipov və A.M. Sultanmuratov „Anjili kız“ı igidlik eposuna daxil edirsə, Abdulhakim Haciyev onların fikri ilə razılaşmır, „Javatnı yırı“nı igidlik eposuna daxil edir. Bu bir daha onu göstərir ki, araşdırıcıların müəyyən­ləşdirdikləri bölgülər, janrlar şərtidir. Qumuq folklorşünasliğındakı bu halı noqaylarda, qaraçay-malkarlarda və b. xalq­larda da görmək olar.
1.2. Qumuq folklor nümunələrində Şumer dastanının izləri
Qumuqların çap etdirdikləri yırın bir qisminə, yəni bölgənin tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Lakin bunlarda da qədim türk dastan, mif və nağıllarındakı ifadələrə, epitetlərə və başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Araşdırıcılar bədii təsvir vasi­tələrinin oxşarlığına görə qumuqlardan toplanmış “Minküllünü yırı”nı qədim şumer (sumer) dastanı “Bilqamıs”la müqayisə edir və onu ən qədim qumuq folklor nümunəsi sayırlar. “Min­küllünü yırı” belə başlayır:

Minküllü üyde tuvan, kırda ösqen,

- Minküllü evdə doğul­muş, çöldə böyümüş,



Haray, bugün art elkesin çaç qeçqen,

- Haray, bugün saçları çiyinlərinə tökülmüş,



Tuvarlağa yimik tük bitqen.

- Davarlar kimi bədənini tük örtmüş,



Katın-kızlağa yimik çaç bitqen

- Qadın-qızlar kimi saç bitirmiş



Korkunçlu talalaqa köş tikqen,

- Qorxunc talalarda köşk tikmiş,



Kaburqasın kıy qeçqen…

- Qabırğasına tezek keçmiş



(Kumuk xalk yırları, 1990:13).

“Bilqamıs” dastanının qəhrəmanlarından Enkidu ilə Min­kül­lü arasındakı oxşarlıqları başqa folklor nümunələrində də tapmaq olar. Qumuqlardan toplanmış “Eniligim, Seniligim, eşkini aç! ” uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (və ya şir) əhvalatı ilə də paralellər aparmaq olar (Uşaq ensik­lo­pediyası, 1999:333). Hətta onu da söyləmək olar ki, Azər­baycandan toplanmış “Şəngülüm, Şüngülüm, Məngülüm! Aç qapını mən gəlim! ” nağılı ilə müqayisədə qumuqlardan top­lanmış mətnlərdə keçinin balalarının adları şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır və qalib gəlir.

Qumuq folklorunda mifləri dilçilik baxımından incələyən I.A.Xalipayeva doktorluq dissertasiyasında Tanrılara sitayiş zamanı oxunan bir nəğməni verir:

Gök Tenqirim gökten mağa

- Göy Tanrım göydən mənə,



Gök gözlerini açıb bağa

- Göy gözlərini açıb baxa,



Gök çüman avlaqlarda

- Göy çəmən ovlaqlarda,



Gök çicekli tarlada

- Göy çiçəkli tarlada,



Gök kozular haydeygen,

- Göy quzular otlayır,



Gök çopkenli balama

- Göy çəpkənli balama,



Gök Tenqirim örden bağa.

- Göy Tanrım ucalardan baxa



(Şamil Ə., 2000:55).

Araşdırıcıya görə, bu nəğmə qədim dövrlərdə yaranmış bir ovsunun, sitayiş nəğməsinin, duanın qalığı, yaxud Tanrıya həsr olunmuş mərasimdə oxunan mahnının bir parçasıdır. Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Bu bölgədə yaşayanlar yüzillərdir islam dininə sitayiş etsələr də, əlli ildən çox ateist təbliğatının təsiri altında qalsalar da, bu gün yenə də Tanrıxan ağacına və bu kimi daş-qayalara sitayiş edir, Tanrının göy rəngdə olduğuna və bu rəngin “ilahi gözəllik” an­lamı verdiyinə inanırlar.

Onlarla folklor nümunəsi arasında paralelləri aparmaqla həmin süjetlərin türk xalqları arasında geniş yayıldığını göstər­mək olar. Bu, tarixçilərimizin də mövzu vermiş olar.

Azərbaycanda “Qodu-qodu” mərasimində oxunan nəğmə­nin bir hissəsi qumuqlarda “Oyunlar”, “Yumunçuqlar” (sanamalar) adı ilə oxunur. Məsələn:

Gün çıq,

Gün çıq, gün çıq!

Duşmanlanı janı çık,

Ariv kızın alıp çık,

Erşi kızınq

Eşik artda qoyup çık!



(Türkiye dışındakı..., 2002:50, 20-ci cild).

Azərbaycanda günəşin çıxması, yağışlı günlərin sona çat­ması üçün keçirilən “Qodu-qodu” mərasimində oxunan nəğ­mə­lər qaraçay-malkarlarda, qumuqlarda bir az fərqli şəkildədir. Qumuqlarda bu mərasim əsasən “Qüdürbay” adlandırılsa da ayrı-ayrı bölgələrdə “duqurmay”, “kassamay”, “massay”, “hüsemey”də adlandırılır.

Məsələn, birisi oxuyur:

Qüdür-güdür Qüdürbay!

O birilər xorla səs verir:

- Hossay!

Qüdürbaynı görqenler!

- Hossay!

Görüb salam berqenlər!

- Hossay!

Salamıngın ari koy!

- Hossay!

Kapçığıma tari kuy!

- Hossay!

Tartıp boza etermen!

- Hossay!



(Kumık xalk..., 2002:8)

Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin əksəriyyəti yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir. Araşdırıcı Əmin Abid hələ 1928-ci ildə “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri” mövzusnda araşdırmasını tamamlayaraq 1930-cu ildə “Azərbaycanı öyrənmə yolu”nda çap etdirmişdir. (Abid Əmin, 1930:24) O, türk xalqlarından top­lanmış beş min dördlük üzərində apardığı araşdırmasında ya­zır: “Qərb (Osmanlı) ləhcəsində mani, çöl Kırım türkcəsində çın, Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə, aşulə, Iraq türk ləhcəsində türkü, qazax və qırğızlarda kayım öləng, yaxud aytıspa adlanır”. Yazarın fikrincə bu dördlüklər müxtəlif cür adlandırılsa da, eyni kökdəndir. Qusardan olan tələbəsi Mus­tafa Əzəmətzadədən topladıği qumuq mani nümunələrini incə­ləyən araşdırıcı yazmışdır: “Qumuq türkçəsi ilə Dağıstan əhalisi arasında da mani nevi inkişaf etmiş haldadır. Bunlar ümumi quruluşca Azərbaycan bayatılarına çox yaxın bir şəkil göstərməkdədirlər:

Bar, bar gəltir, bar gəltir,

Bazarda satar əltir.

Qaşın bulan gözünü,

Arası çəltir-çəltir.


At mindim alaşasın,

Ogür yekdim qaşqasın.

Alsam səni alırman,

Alman səndən başqasın.


Tar tırğırıq tar sokmak,

Tartayım biləgindən.

Tamurlanğan terəksən,

Taymadıng yürəgimdən.


Qapqara qara yaşman,

Qaralığım yaşırman.

Sən mağa gəlməsən də,

Sağa gəlip baş vurman.”



(Abid Əmin, 1930:34).

Azəbaycanda “bayatı” dediyimiz janra qumuqlar da sarınlar deyirlər. Çox zaman sarınlar deyişmə şəklində söylənilir. De­yişmə şəklində söylənən, yəni əsasən bədahətən deyilən sa­rınlara “taqmaq” deyirlər. Bayatıları toplayıb başa çatdırmaq mümkün olmadığı kimi, sarınların toplanmasını da başa çatmış hesab etmək olmaz. Çünki yaddaşlarda qalanlarla yanaşı yeni yaradılanlar da olur. Bəzən onların hansının keçmişdə, hansinın çağımızda yarandığını müəyyənləşdirmək olmur.

Qumuq yırlarından bir nümunə verməkə fikrimizi tamam­layırıq:

Qız yoldan keçən atlıya deyir:

- Hey barağan hey atlı! - Hey gedən, hey atlı!

Atın nege burcuma? - Atın niyə balaca?

Özün ariv ulansan - Özün gözəl oğlansan

Börkün nege qırcıma? - Börkün niyə tüksüz?

Atlı da qıza bu sarınla cavab verir:

Sen özün ariv qızsan - Sən özün gözəl qızsan

Sarın bulan sınaysan. - Sarın ilə sınarsan.

Meni ariv görgen son - Məni gözəl görgünən sən.

Börküm nege sanaysan? - Börkümə nə baxarsın?

Il quraqlıq gələndə, yağış yağmayanda insanların bir yerə toplaşaraq müsəllaya çıxmalarına, Tanrıdan yağış istəmələri mərasıminə qumuqlar Zemire deyirlər. Zemire mərasiminə qa­dınlar qızlar da qatılır və mərasimlə bağlı nəğmələr oxunur.

Qumuqlarda, eləcə də bir çox türk xalqlarında janr kimi göstərilən yır, jır, cır, çır qədim türklərdə şeirə, nəzmə verilən ümumi ad olmuşdur. Bu günün özündə də Iran Islam Respublikasının mərkəzi vilayətlərindən olan Əraq ostanında yaşayan Savə türkləri şeirə yır, şeir söyləyənə yırçı deyirlər (Şamil Əli, 2000:98).

Qumuqlarda yırlar bir neçə misradan başlayaraq bir neçə yüz misrayadək uzana bilir. Mövzusunda isə məhdudiyyət yoxdur.

Qumuq folklorçularının “Minküllünü yırı”, “Anjili qız”ı igidlik eposu, “Abdullanı yırı”, “Işayının yırı”, “Zoruşnu yırı”, “Eldaruşnu yırı”, “Akmurzanı ve Bekmurzanı yırı”, “Ayqazini yırı”, “Torkalili Tonay biyii yırı”nı igidlik-tarixi yırları, “Sol­tanmutnu yırı”, “Islam batırın ve Soltanmutnu yırı”nı və b. tarixi yırlar kimi (Tür­kiye dışındakı..., 2002:50, 20-ci cild, Kumık xalkı..., 2002) təqdim etsələr də, xalq tərəfindən sevilə-sevilə oxunur və onlarca yeni-yeni əlavələr, dəyişik­lik­lər də edilir.

Əsarət altında olan xalqların işğalçılar əleyhinə yaratdıqları bədii əsərlərin ifası, yazıya alınması və nəşri yasaq olsa da, insanlar həmişə belə əsərləri sevmiş, gizlində olsa da ifa etmiş, soydan-nəslə ötürərək yaşatmışlar. Nəhəng Rusiya dövlətinə qarşı iyirmi ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuq­ların yaratdıqları və yaşatdıqları “Şamil yırı” da başucalığı ilə söylənmiş folklor nümunələrindəndir. Yırda deyilir:



Terekleni bulay başın quvartqan,

-Ağaclar belə başını sallamış,



Ertenqi aççı ayaznı, tumanı,

-Sabah ertənin acı ayazı, dumanı,



Maskev bulan on seqiz yıl dav etdi.

- Moskva ilə 18 il dava etdi,



Dağıstannı imam Şamil ulanı.

-Dağıstanlı imam Şamil oğlanı.



Dıstandan Şamil tay - y tay,

-Dağıstandan Şamil getdi-həmişəlik getdi,



Üstübüzden töre qerqen er taydı.

- Üstümüzdən törə yürütən ər getdi.



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə