Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə23/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   101

48
Kimin bəxti, bizim, yoxsa Sultan Yaqubun? 
Hamı  yatmışdı.  Aləmşahbəyim  oğlu  İsmayılı  bağrına  basıb  uzansa  da  axşamdan  bəri 
gözlərinə yuxu getməmişdi. Dar, ensiz pəncərədən Savalanın üstündə bir ulduz görünürdü. Elə
parlaq, elə işıqlı ulduz idi ki. 
Qapı döyüldü. 
“Kim olar? Niyə gəliblər? Bu gecə vaxtı nə istəyirlər? Yoxsa yenə Məsih Mirzədir? Yox, o 
qapını  ürəklə  döyərdi.  Bu  kimdisə,  aciz  adama  oxşayır.”  O  döşəyin  altından  ərinin  bir  yerə
gedəndə  ona  verdiyi  xəncəri  götürdü.  Səkinə  də  qalxıb  oturdu,  qorxa-qorxa  baxdı.  Heç  kim 
dinməyə  ürək  eləmirdi.  Qapı  bir  daha  döyüləndə  Sultanəli  də  qalxdı,  O  da  xəncərini  götürdü, 
qapıya tərəf gedəndə Aləmşahbəyim özünü ona çatdırdı, əlinin hərəkəti ilə kənara itələdi. O, heç 
vaxt oğlanlarına qapını açmağa icazə vermirdi. Qapı bu dəfə taqqıldayanda soruşdu:  
– Kimdi? 
 
– Xacə Bədrəddindir. 
– Gecənin bu aləmi nə istəyirsən? 
– Vacib söz var, çapar gəlmişdi. 
– Səkinə. 
– Burdayam. 
– Qoy geyinim, aç görək bu qoca nə deyir. – O geyindi, başına örpək atdı. 
– Hə, aç. 
Qapını  açanda  qocanın  əlində  tutduğu  tunc  çırağın  titrəyən  alovunun  işığı  onların  üzünə 
düşdü. Qocanın da sarı saqqalı, kağız kimi nazik dərisi, göy gözləri işıqlanmışdı. 
– Nədi, nə olub? 
– Xanım, bu fağır qocanı içəri buraxın. 
– Söhbət uzundu?  
– Bəli. 
– Sabaha saxlaya bilməzdiniz? 
– Olmaz, tapşırıq belədi. 
Onun qabağını kəsən yox idi. Keçib içəridə, qapının ağzında çöməldi. Çırağı yerə qoydu. 
İşıq onun kölgəsini hücrənin səqfinə qədər uzatdı. 
Qoca  da  qonşu  hücrədə  idi.  Onlara  kömək  üçün  göndərmişdilər.  Amma  bu  xacənin 
köməyinə heç kəsin ehtiyacı yox idi. Özü ilə çoxlu kitab gətirmişdi. Əbdülsalam əl Qəzvinin yüz 
il  qabaq  üzü  köçürülmüş  Qur’anın  üç  yüz  cildlik  təfsirini  oxumaqla  məşğul  idi.  Kitabı  rəhilə
qoyub avazla oxuyur, səsi hücrənin səqfinə dəyib yayılırdı. Səkinə onun səsini eşidəndə deyirdi: 
– Bayquş ulayır. 
Bu qocanın da öz uğursuz taleyi vardı. Uşaq vaxtı yadında qalmışdı ki, onun ətrafındakılar 
ayrı  dildə  danışırdılar.  Anasının  göy  gözləri,  qızılı  saçları  yadına  düşürdü.  Bir  də  meyvəsiz 
meşələr,  üstü  küləş  evlər  gözləri  qabağına  gəlirdi.  Bir  dəfə  bir  ordu  gəldi,  süvarilərin  yanar 
məş’əlləri  vardı.  Məş’əlləri  onların  komalarının  damına  tutur,  evlər  od  alıb  yanırdı.  Onu  isə
götürüb  apardılar.  Uzun  bir  yol  keçdilər.  Görmədiyi  yerlər  gördü,  eşitmədiyi  dillər  eşitdi! 
Bazarda satdılar. Onu alan adam uca hasarlı bir həyətə gətirdi. Ömrünün ən ağrılı, acılı günləri 
orada oldu. 
Cəlladmı gəldi onun üstünə? Yox, cəllad qırmızı geyinir. O isə ağ paltar geymişdi. Əlində
də  qılınc  yox,  iti,  parlaq  ülgüc  vardı.  Onun  ayaqlarını  zəncirləmi,  kəndirləmi  bağlayıb  yanlara 
çəkdilər.  Qollarını  da  iki  adam  tutdu.  Ağ  adamı  görəndə  gözləri  qabağında  kəndlərindəki  ağ
qüllə  gəlib  dayandı.  Həmin  adam  kobud  barmaqlarını  onun  ayaqları  arasına  soxdu  və  ülgüc 
çəkdi. Ağ qüllədəki zənglər çalındı. O səs qulaqlarından uzun müddət getmədi. Ayılanda ağrıdan 
çox  susuzluqdan  əziyyət  çəkirdi.  Başının  üstündə  anasının  göy  gözlərini  axtardı,  görmədi. 
Sifətində onun qızılı saçlarının gəzməyini istədi. Eh, bunların heç biri yoxmuş. 
O  vaxtdan  altmış  ilə  yaxın  bir  vaxt  keçirdi.  Amma  o  zəng  səsi  indi  də  hərdənbir 
qulaqlarında eşidilirdi. 
Sağalandan sonra onu beli qurşaqlı, qırmızı saqqallı kişi bazara apardı. Bazarda şirniyyat 
satırdılar,  qızıl  bər-bəzək,  xalçalar,  atlar,  qılınc-qalxanlar,  küplər  satırdılar.  Onun  ürəyi  şirni 


49
istəyirdi. Dilini bilmədiyi adama başa saldı, amma əvəzində sillə yedi. Sonra bir nəfər gəlib küp 
aldı.  Sonra  qurşaqlı  adamla  da  danışdı.  Kisəsindən  pul  sayıb  verdi.  Onu  da  aldı.  O  küpü  də
qucağına alıb apardı. Onu küplə bir :yerdə almışdılar. Sonra da başına min cür oyun gəlmişdi. 
– Hə, nə olub? 
– Deməyə dilim gəlmir. 
– Sənin, – deyə Səkinə onu sancdı. – Hərəmxanalarda o qədər laqqırtı vurmusan ki, Molla 
Nəsrəddinin arvadından da naqqal olmusan. Sən çinədanını boşaltmasan, arxayın olmazsan. 
Hərəmxanada arvad olasan, xacə olmayasan. Kim istəyər qara günlərə qalsın. 
– Çapardan danış. Nə vaxt gəlmişdi? Nə xəbər gətirmişdi? 
– Bu gün gəlmişdi. 
Yenə də susdu.   
Sultanəli onun üstünə təpindi. 
–  Qoca,  bu  qadınları  ələmi  salmısan?  Əgər  qanın  artıqlıq  eləyirsə,  adam  göndər  zəli 
gətirsinlər. Yoxsa Şeyx Səfi nəslinin qılıncı müqəddəsdir, hər həşəratın qanına bulanmaz. 
Onun da bu qocadan zəhləsi gedirdi. Fikirləşirdi ki, onların söhbətlərinə qulaq asıb xəbər 
vermək üçün burada saxlayırlar. 
Qoca  əllərini  yerə  basıb  Sultanəlinin  qarşısında  başını  yerə  əydi,  alnını  xalçaya 
toxundurmaq istədi. Sultanəlinin cingiltili səsi eşidildi. 
– Qalx və sözünü de. 
O qalxdı, dodaqaltı dua oxudu. 
– Allah min rəhmət eləsin. 
– Ürəyimizi üzmə, rəhmətə gedən kimdi? 
– Sultan Yaqub ömrünü sizə bağışlayıb. Özü də düz bir il qabaq. Və toy əhvalatını olduğu 
kimi danışdı. 
– İndi onun yerinə kim keçib? 
– Müharibədə Məsih Mirzəni öldürən Sultan Yaqub oğlu Baysunqur. 
–  Allah,  Allah,  atamdan  sonra  üstümüzə  gör  necə  bədbəxtlik  birdən  yağır.  İki  qardaş
birdən getdi. – Aləmşahbəyim Səkinəni qucaqlayıb ağladı. Səkinə də ona qoşuldu. 
Sultanəli ciddi bir ahənglə anasına dedi: 
– Niyə ağlayırsan, kimə yas saxlayırsan?  
Aləmşahbəyim bu dəfə oğlunu qucaqladı. 
– Qorxuram, oğlum, qorxuram. 
UNUDULMAYAN AND 
Meşələr  saralırdı.  Cır  armud  ağacları  lalə  kimi  qızarmışdı.  Həmərsinlər,  zoğallar  çılpaq 
ağaclardan  mərcan  dənələri  kimi  sallanıb  qalmışdı.  Suyu  azalmış  dağ  çayı  ilə  xəzəl  axırdı. 
Durğun yerlərdə xəzəllər suyun üzündə üst-üstə qalanmışdı. Havalar yaxşı keçdiyindən köçməyə
tələsməyən  quşların  səsi  meşəni  başına  götürmüşdü.  Bu  səsləri  çayın  yatağından  sivri  qalxan 
qaya  daha  da  artırırdı.  Qayanın  sağ  tərəfində  itən  yol  aşağıda  ağarırdı.  Qayanın  başında  isə
qalanın divarları bozarırdı. 
Bu ağaran yol enib çayın üstündəki qırmızı kərpicdən hörülən iki tağlı körpünün yanında 
karvan  yoluna  qovuşurdu.  Yollar  qovuşan  yerdə  çaylar  da  qovuşurdu.  Qala  tərəfdən  axan  çay 
ensiz olsa da, gur idi. Büllur kimi şəffaf suyun yatağı qayanın davamı olan daş suvağı idi. Orada-
burada sudan daş-qaya parçaları çıxmışdı. 
Karvan  yolunun  üstündə,  sağ  tərəfdə  xaraba  dəyirman  görünürdü.  Yuxarıdan  başlanıb 
gələn arx dəyirmanın çürüyüb tökülmüş novunda qurtarırdı. Bəlkə də bu dəyirman yüz il idi ki, 
un  iyinə  həsrət  qalmışdı.  Dəyirmanın  yanındakı  başqa  bir  tikilinin  xarabalığında  həmərsin, 
böyürtkən  kolları  bitmişdi.  Böyürtkən  salxımları  qaralmış,  çoxusu  qurumuşdu.  Qalaya  qalxan 
yol bu xaraba binanın sağ tərəfindən keçirdi. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə