Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə22/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   101

46
Ata-bala  qucaqlaşdı.  Neçə  ilin  həsrətliləri  biri-birilərinə  qovuşdular.  Qız  atasının  əllərini 
öpürdü, o kobud əllər göz yaşlarından islanmışdı. 
– Anam necədi? 
– Yaxşıdı, qurbanın olum. Çox şükür, çox şükür, bizim də baxtımız varmış. 
Sən də şükür eləyirsən, dədə? Səni də yola gətirdilər. 
– Sus. Eşidəllər, yaxşı düşməz. 
– Eşitsinlər də. Comərd necədi? 
– Kəs. Bunun Comərdinə bax. İtin başını qoydular xonçaya diyirlənib düşdü. Sən o boyda 
hökmdarın arvadı olacaqsan. Sənə belə təmtəraqla toy çaldırır, sən də atdan yıxılıb hüt-hütünü 
əldən qoymursan. 
– Neynirəm ey o qızıl teşti, içinə qan qusam. Ömrümün axırına kimi nə səni görəcəm, nə
anamı, nə də qardaş-bacılarımı. 
Cahankir kişi əllərini qızıl işləməli, qan rəngli libasına çəkdi. 
– Mən də sənin yanında olacam. İndi mən Cahangir bəyəm. Qoşunun əmiraxuru. Bütün at 
axurlarının böyüyü. Təbriz yanında da beş para kəndimiz olacaq. 
Səlcuqəşahbəyim onların söhbətinə çadırın arxasından qulaq asırdı. 
Comərd  adını  eşidəndə  alt  dodağının  üstündəki  xalı  dişlərinin  arasına  alıb  gəmirməyə 
başladı. “Yaxşı. Demək bu ilxıçı qızını hökmdara təslim olmağa qoymayan Comərddi. Mən onun 
tədbirini tökərəm”. 
Sultanbudda toy mərasimi başlamışdı. O qədər qoyun kəsilmişdi ki, arxla bir qan axırdı. O 
qədər  adam  yığılmışdı  ki,  nə  mağarlar  tuturdu,  nə  düzənlik.  Dikdirdə  köşk  düzəltmişdilər. 
Qarabağ gözəli də həmin köşkdə oturmuşdu. Pərdəni qaldırıb nəmli gözlərini adamların arasına 
zilləmişdi.  O,  Comərdi  axtarırdı.  Çoban  Comərdi,  elatda  cavanların  hamısının  kürəyini  yerə
vuran, cıdırda hamıdan əvvəl gələn Comərdi. Aşağıda, məclisin başında Sultan Yaqub taxtında 
əyləşmişdi. Toy təbriklərini və hədiyyələri qəbul eləyirdi. 
Gürcü knyazı hökmdarın qarşısında dayanıb deyirdi. 
–  Ey  Sultani-əzəm,  gürcü  xalqı  sənin  toyuna  mübarək  deyir.  Səni  həmişə  toy  içində
görmək  arzusundadır.  O,  sandıqdakı  qiymətli  əşyalardan  başqa  sultanıma  qulluq  eləmək  üçün 
qırx kəniz gətirmişəm. 
Sultan Yaqub başını tərpədib öz razılığını bildirdi. 
Knyaz sözünə davam elədi. 
– İcazə versəniz toyu gürcü adəti ilə təbrik eləyərdim.  
– Buyurun, ixtiyar sizindi. Toyda olar.  
O dönüb öz adamlarına işarə elədi. İri bir buynuz gətirdilər. 
–  Sultani-əzəm,  bu  buynuz  ki,  var,  onu  Qarabağ  bəyi  göndərib.  Camış  buynuzudu. 
Dünyada bu buynuzdan böyük buynuz ola bilməz. Bu Qarabağ buynuzu bütün qədəhlərdən çox 
çaxır tutur, sənin sağlığına içirəm. 
– İç, Dmitre, iç. 
– Qatso, doldurun. – Gürcülərdən biri tuluğu açıb az qala yarısını buynuza boşaltdı. Knyaz 
onu yavaş-yavaş içdi, axırıncı qurtumda güclə nəfəs alıb buynuzu öz adamlarına tərəf tulladı. 
– Gördün, içdim. 
– Sağ ol. 
O,  artıq  yerişini  itirmişdi.  Gürcü  aznaurları  onun  qolundan  tutub  götürüb  öz  çadırlarına 
apardılar. 
Şirvanşah  Fərrux  Yasar  toya  gəlməmişdi.  Bacısının  əri  təzədən  evlənirdi,  onu  da  toya 
çağırmışdı. Oğlunu toy hədiyyələri ilə yola salmışdı. 
Şirvan şahzadəsi Qazı bəy gəldi. Sultan Yaquba baş əyib dedi: 
 
–  Şirvanşah  qocalıb,  xəstədi.  Toya  gələ  bilmədiyi  üçün  üzrxahlığını  çatdırdı.  Hədiyyələr 
vəzirə təhvil verilmişdir. 
Sultan Yaqub gördü ki, onun bu evlənməyi Fərrux Yasarın ürəyindən deyil və bunu açıq-
aşkar bildirir. O toya qanqaralıq gətirməmək üçün üstünü vurmadı. Bircə söz atdı: 
– O qocadı, belə şeylərin ləzzətini yəqin ki, yaddan çıxarıb.   


47
Şirvan şahzadəsi başını aşağı salıb çəkildi.    
 
Sultan  Yaqubun  daha  nümayəndələri  qəbul  eləmək  həvəsi  qalmadı.  Bunu  başqa  vaxta 
saxladı. 
– Qoy cıdır başlasın. 
Cıdırı  Səlcuqəşahbəyim  xatun  öz  istədiyi  kimi  təşkil  eləmişdi.  Birinci  də  cıdıra  Qarabağ 
gözəlinin  tayfasındakı  cavanlar  çıxmalı  idi.  Bu  həm  onlara  hörmət  əlaməti  idi,  həm  də
Səlcuqəşahbəyim  xatun  adını  eşitdiyi  Comərdi  görmək  istəyirdi.  Əgər  Comərdlə  qızın 
məhəbbətindən  hamı  xəbərdardırsa  cıdırda  hamı  onu  irəli  buraxacaqdı.  Bu  cıdırın  qalibinə
hökmdarın özü xələt verəcəkdi. Bundan əlavə də Səlcuqəşahbəyim iki cam şərbət hazırlamışdı. 
Biri  qızıl  camda,  biri  də  saxsı  kasada.  Saxsı  kasadakı  şərbəti  Sultan  Yaqub  Comərdə  verməli, 
özü  qızıl  kasada  içməli  idi.  O,  hər  şeyi  ölçüb  biçmişdi.  Comərd  şərbəti  içən  kimi  onu  başları
üstündə  xüsusi  ayrılmış  çadıra  aparacaq,  orada  zəhər  öz  işini  görəcəkdi.  Həmin  kasanın  içinə
zəhəri Səlcuqəşahbəyim Sara xatunun ona verdiyi üzüyün qaşından tökmüşdü. 
Cıdıra çıxan atlılar toy məclisindən xeyli aralıda düzülmüşdü. Comərd də onların arasında, 
xına rəngli köhlənində gəlmişdi. Nə toya gəlmək istəyirdi, nə də cıdıra çıxmaq. Onu Cahangir 
kişi razı salmışdı. 
–  Səni  də  özümlə  Təbrizə  aparacağam.  Mən  bu  gün  varam,  sabah  yox.  Mənnən  sonra 
keçərsən  o  vəzifəyə,  bir  də  gördün  ki,  gəldin  oldun  bir  mahalın  bəyi.  Nə  vaxta  kimi  qoyun 
otaracaqsan? Sənsiz mən orada nə eləyə bilərəm. 
Comərd fikirləşmişdi ki, heç olmasa uzaqdan qızın kəcavəsini görər. Gəlmişdi. Zurnaçılar 
çalmağa başlayanda atlar oynağa getdi. Cıdırın başlanğıcına işarə verdilər. Otuza qədər atlı irəli 
şığıdı.  Bir  azdan  xına  rəngli  at  hamını  ötüb  irəli  çıxdı.  Cıdır  meydanının  hər  iki  tərəfində
dayanan adamlar qışqırırdı. 
– Sağ ol! 
– Comərd! 
 
– Ədə, qoyma çatdı. 
Qarabağ gözəli pərdəni aralayıb baxır, amma yaşın arasından heç nə seçə bilmirdi. Atlılar, 
bir  də  göyə  qalxan  tozdan  başqa  heç  nə  görmürdü.  O,  Comərdin  gözlərini  görmək,  nəfəsini 
duymaq istəyirdi. Atlar yaxınlaşanda o Comərdi tanıdı. Qışqırmaq, onu cuşə gətirmək istəyirdi. 
Səsi çıxmadı, dişləri bir-birinə dəyirdi. 
Cıdırı  Comərd  uddu.  Fərraşlar  onun  atının  cilovunu  əlindən  aldılar.  Hökmdara 
yaxınlaşmağı  tapşırdılar.  O,  yavaş,  ağır  addımlarla  gəlirdi.  O,  hökmdara  tərəf  düşmən  kimi 
gedirdi,  onu  nə  döyərdi,  çomaqla  nə  əzişdirərdi.  Neyləsin,  eləyər,  özü  o  yana,  bütün  nəslini 
qılıncdan keçirərlər. Ta ki, Apağ sağ, xoşbəxt olsun. Tale, qismət beləymiş. O taxtın yanına çatıb 
dayandı. Fərraşlar ona dedilər ki, baş əysin. O, yüngülcə baş da əydi. Sultan Yaqub ayağa qalxdı. 
Əmr  elədi  ki,  onun  çiyninə  bahalı  xələt  salsınlar.  Sonra  da  yanına  çağırdı.  Görünməmiş  bir 
mərasim başladı. Hökmdar cıdırı udan çobanla şərbət içmək istəyirdi. Yalnız Apağın xətrinə. O, 
piyalələrə baxdı. Qızıl piyaləni Comərdə uzatdı. 
– Qızıl piyalədən şərbət içibsənmi? 
– Yox, içməmişəm. 
– İç, ləzzətini gör. 
Özü isə saxsı piyaləni götürdü. Bir qurtum içmişdi ki, Səlcuqəşahbəyim xatun qıyya çəkdi. 
– Onu yox, onu yox. İçmə! 
Sultan Yaqub dayandı. Dizləri taqətdən düşən Səlcuqəşahbəyim xatun güclə özünü yetirdi, 
piyaləni oğlunun əlindən aldı. 
– İçdin? 
– İki qurtum. 
– Evim yıxıldı, – deyib qalan şərbəti öz başına çəkdi. Toy əhli biri-birinə dəydi. 
Təbrizdən  Apağı  Sultanbuda  gətirən  Kəcavədə  Sultan  Yaqubun  meyitini  aparırdılar. 
Kəcavə Beyləqan xərabələrini keçəndə alaçıqlardan yuxarıdakı dikdə dayanan Cahangir kişi elat 
qızları kimi geyinən Apağa qəfilə-qatırı göstərib dedi: 
– Qızım, adamın bəxti necə bağlanırmış ey! 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə