20
23 Yanvar – Şair Eldar İbrahimin 65 illiyi, (1953)
Məmmədov Eldar İbrahim oğlu 1953-cü il yanvarın 23-də Azərbaycanın
Cəbrayıl rayonunun Daşkəsən kəndindən anadan olmuşdur. 182 saylı Binəqədi
qəsəbə orta məktəbində təhsil almışdır. APİ-nin dil və ədəbiyyat fakültəsində
təhsilini davam etdirmişdir (1970-1974).
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Tərtər şəhərindəki 39 saylı texniki-
peşə məktəbində müəllim kimi başlamışdır. “Ədəbiyyat və incəsənət” qəzeti
redaksiyasında korrektor, müxbir (1975-1979), “Elm, publisistika, məktublar”
şöbəsində ədəbi işçi (1979-1992) vəzifələrində çalışmışdır. “Qızılbaş” qəzetində baş
redaktor olmuşdur (1993).
“Bakımızdasan” adlı ilk şeiri 1966-cı ildə “Azərbaycan pioneri” qəzetində
dərc edilmişdir. “Çinar pöhrələri”, “Yaşıl budaqlar”, “Azərbaycan” almanaxlarında
şeirləri çap olunmuşdur. Keçmiş SSRİ xalqları poeziyasından bədii tərcümələrini
müntəzəm dərc etdirmişdir.
Kitabları: “Borc” (1979), “Dünya mənim sirdaşım” (1986) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
21
26 Yanvar – Ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin 155 illiyi,
(1863-1920)
Firidun bəy Əhmədağa oğlu Köçərli 1863-cü il yanvarın
26-da Şuşada dünyaya gəlmişdir. 1876-cı ildə Şuşadakı rus
məktəbinə
daxil olmuşdur. 1878-ci ildə Aleksey
Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə
toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy
Köçərli öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci
illər ərzində o, burada təhsil alır, 1895-1918-ci illər ərzində
dərs deyir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan
şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci
illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında
açılmış Qazax müəllimlər seminariyasının müdiri vəzifəsində işləmişdir. “Vətən
dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin
xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı,
hekayələri artırmış, metodika və stilistikasını dəyişdirərək zənginləşdirmişdir.
Mütəxəssilərin də təsdiqlədikləri kimi, folklorşünaslığın yaranması şifahi xalq
ədəbiyyatının toplanması, sistemləşdirilib nəşr olunmasında Firidun bəy Köçərlinin
böyük xidmətləri olmuşdur. F. Köçərli Azərbaycanın tanınmış ədəbiyyatşunası,
pedaqoq və publisistidir. O, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə
aparmışdır. Onun uşaqlar üçün yazdığı “Balalara hədiyyə” kitabı Azərbaycanın ən
dəyərli sərvətlərindəndir. Firidun bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı”
adlı ilk iri həcmli əsərini qələmə almışdır. Zaqafqaziya müəllimlər seminariyasında
işlədiyi illərdə “Azərbaycan türk ədəbiyyatı” əsərini bitirmişdir (1908). Lakin bu
əsər sovet hakimiyyəti illərində Bakıda “Azərbaycan ədəbiyyatı tarixi materialları”(
iki cilddə) adı ilə nəşr edilmişdir (1925-1926). Burada XVIII-XIX əsr Azərbaycan
ədəbiyyatının ilk geniş elmi şərhi verilmişdir. Əfsuslar olsun ki, əsərin XX əsr
ədəbiyyatından bəhs edən hissəsi itmişdir. Zaqafqaziyanın dövri mətbuatında onun
rus, gürcü və Azərbaycan klassik yazıçıları haqqında saysız-hesabsız ədəbi
oçerkləri, məqalələri çıxmışdır. Firidun bəy Köçərli Sovet hakimiyyətinin ilk
aylarında repressiyaya məruz qalmışdır. 1920-ci il iyunun 2-də Gəncədə həbs
olunmuş, həmin ayın 21-də güllələnmişdir.
Kitabları: “Seçilmiş əsərləri” (1963), “Azərbaycan ədəbiyyatı tarixi materialları”
(1978), “Təlimi Sokrat” (1881), “Balalara hədiyyə” (1987) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat
kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.
22
Xarici yazıçılar
10 Yanvar – Rus yazıçısı Aleksey Tolstoyun 135 illiyi, (1883-1945)
Aleksey Nikolayeviç Tolstoy 10 yanvar 1883-cü ildə
Nikolayevsk şəhərində ( indiki Saratov vilayətinin Puqaçov
şəhərində) qraf ailəsində anadan olmuşdur. Samara real
məktəbini bitirdikdən sonra 1901-ci ildə Peterburq Texnoloji
İnstitutuna daxil olmuş, lakin ədəbiyyata olan güclü
həvəsinin təsiri ilə 1907-ci ildə diplom müdafiəsi ərəfəsində
təhsilini yarımçıq qoymuşdur. 1908-ci ildə “Niva” jurnalında
Aleksey Tolstoyun “Köhnə qala” adlı ilk hekayəsi, 1910-cu
ildə “Sağsağan nağılları” hekayələr kitabı çap olunmuşdur.
Onun bir-birinin ardınca “Mavi çaylar arxasında”, “Baməzə adamlar” (1911),
“Topal mülkədar” (1912) kitabları nəşr olunmuşdur. A.N.Tolstoy uşaqlar üçün də
bir çox nağıllar və hekayələr yazmışdır. “Balta” (1909), “Sərçə” (1911), “Simurq”
(1911), “Acgöz başmaq” (1911), “Qarlı ev” (1911) və başqaları.
Aleksey Tolstoy mühacirətdə bir çox əsərlərini, məşhur “Əzablı yollarla”
trilogiyasının birinci kitabını, “Bacılar” romanını (1922-1925), “On səkkizinci il”
(1927-1928) və “Tutqun səhər”i (1940-1941) isə o, vətənə qayıtdıqdan sonra
yazmışdır. Ümumiyyətlə, əsər üzərində 20 il (1921-1941) inam və səylə işləmişdir.
Bundan başqa rus ədəbiyyatının gözəl bədii-fəlsəfi nümunələri sayılan “Aelita”
(1922-1923), “Mühəndis Qarinin hiperboloidi” (1925-1927) fantastik romanlarını,
üç hissəli “Birinci Pyotr” tarixi romanını (1929-1945), “İvan Qroznı” (1942-1943)
dramatik povestini yazır.
Müharibə illərində üç dəfə Stalin mükafatına (1941;1943;1946 vəfat etdikdən
sonra) layiq görülmüşdür.
Aleksey Tolstoy “Gürzə”, “İvan Sudaryovun dediklərindən”, “Tufanlarda” və
“Qoçaqlar” hekayələrində kənd həyatının təbii və sosial ziddiyyətlərlə dolu sərt
mənzərələrini, müharibə illərini, rus həyatını ustalıqla, həqiqi vətəndaş yanğısı ilə
yaratmışdır.
A.N.Tolstoy 23 fevral 1945-ci ildə 63 yaşında xərçəng xəstəliyindən Moskva
şəhərində vəfat etmişdir.
Kitabları: “Seçilmiş əsərləri”, “Balta” (1909), “Sərçə” (1911), “Simurq” (1911),
“Acgöz başmaq” (1911), “Qarlı ev” (1911) və s.
İnternetdə
:
www.books.google.com