ƏFSƏr sadiqov



Yüklə 1,88 Mb.
səhifə7/34
tarix01.02.2018
ölçüsü1,88 Mb.
#23171
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   34

64. Əvvəla onu qeyd edək ki, “istənilən halda tranzitə razılıq” müəyyən hallarda, xüsusən də, beynəlxalq hüquq normaları pozulduğu zaman müvafiq hüquq qeyd-şərtsiz məhdudlaşdırıla və ləğv edilə bilər. Delikvent dövlətə qarşı belə tədbirlər BMT Nizamnaməsinin 51-ci maddəsindən (özünü müdafiə hüququndan) meydana gəlir. Digər tərəfdən, tranzitin azadlığı hüquqi təbiət baxımından beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən biri olan dövlətlərin əməkdaşlıq prinsipindən meydana gəlir. İqtisadi əməkdaşlıq hüququ nə qədər məcburi hüquqi qüvvə kəsb edirsə, tranzitin azadlığı bir o qədər ümumtanınmış normadır. Nəhayət, tranzitin azadlığı prinsipinin adət-hüquq mənşəli normaya çevrilməsi Dünya Ticarət Təşkilatı çərçivəsində GAAT-a uyğun olaraq (m.V) bütün və ya əksər çoxluq onu tanıdıqdan sonra mümkün ola bilər. Bir sözlə, tranzitin azadlığı qloballaşma tendensiyasından asılı olaraq hüquqi əhəmiyyət kəsb edəcək. Nə qədər ki, beynəlxalq iqtisadi inteqrasiya prosesində dövlətlərin maraqları balanslaşdırılmayıb, o halda tranzitin keçidi üçün qarşılıqlı razılıq qaçılmazdır.

65. Tranzitin hüququ bir qayda olaraq maraqlı dövlətlər arasında qarşılıqlıq prinsipi əsasında beynəlxalq sazişlərlə tənzimlənir. Tranzit dövləti tranzit hüququna icazəni özünün qanunvericiliyi əsasında verir və əgər tranzit verməkdən imtina edərsə, belə bir qərarı əsaslandırmağa borclu deyil. Müasir beynəlxalq hüquq tranzitin azadlığı haqqında şərtsiz norma nəzərdə tutmur. Lakin öncə də qeyd etdiyimiz müəlliflərin fikrinin əsası kimi müəyyən sferalarda, xüsusən də açıq dənizə çıxışı olmayan qitədaxili dövlətlərə sahilyanı qonşu dövlətin ərazisindən sərbəst çıxış hüququnun tanınması tranzitin azadlığı prinsipinin adət mənşəli təbiətə malik olduğunu təsdiqləyir. İlk öncə 1958-ci il Açıq dəniz haqqında Konvensiyasında (m.3), bir qədər sonra isə 1965-ci il Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında Konvensiya ilə, həmçinin 1982-ci il BMT-nin Dəniz hüququ üzrə Konvensiyası ilə müvafiq adət norması məcəlləşdirilmişdir.

66. Tranzitin qayda və şərtləri maraqlı dövlətlərin arasında bağlanan ikitərıfli və çoxtərəfli sazişlərlə tənzimlənir. Həmin sazişlərdə tranzit xətti, şəxslərin və yüklərin, nəqliyyat vasitələrinin təhlükəsizliyi ifadə edilir. Tranzit xidmətləri istisna olmaqla tranzit keçidi kömrük, vergi, rüsum və yığımlarından azaddır. Tranziti təşviq etmək məqsədilə rüsumsuz zonalar yaratmaqla yanaşı tranzit dövləti özünün milli və transmilli maraqları (xüsusəndə, iqtisadi, ekoloji, enerji təhlükəsizliyi) tələb etdikdə tranziti məhdudlaşdırmaq və dayandırmaq səlahiyyətinə malikdir. Lakin bu tədbirlər ayrı-seçkiliyə əsaslanmamalıdır.

Tranzitin azadlığı dəniz limanlarına sərbəst çıxış hüququnu, onlardan istifadə bərabər rejimi, sahilyani dövlətin daxili və ərazi sularından sərbəst keçid hüququnu, eləcə də, açıq dənizin azadlıqlarına dair hüquqları (gəmiçiliyi, balıq ovunu, sualtı kabel və boru kəmərlərinin çəkilişini, açıq dəniz üzərindən uçuşların azadlığına) nəzərdə tutur.



67. Tranzitin universal qaydada beynəlxalq hüququn tənzimlənməsi I Dünya müharibəsindən sonra Versal Müqaviləsinə (1919) təsadüf etsə də problemin daha ətraflı və spesifik həlli üçün

- Tranzit azadlığı haqqında 1921-ci il Barselona Konvensiyası;

- Elektirik enerjisinin tranzit ötürülməsi üzrə Konvensiya (1923);

- Tariflər və Ticarət üzrə Baş Saziş –GATT (1947);

- Avropa İqtisadi Birliyinin təsisi edilməsi haqqında 1957-ci il Müqaviləsi;

- Qitədaxili dövlətlərin tranzit ticarəti haqqında 1965-ci il Müqaviləsi;

- Enerji Xartiyasına Müqavilə (1994);

- Tranzit üzrə Avropa İttifaqının Direktivləri;

- Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası;

- Enerji Xartiyasına Müqavilənin tranzit üzrə Protokol lahiyəsi;

- Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi (1998);

- MDB iştirakçı-dövlətlərinin elektirik enerjisi və gücünü tranziti haqqında Saziş (2000) və s. qeyd edilə bilər.



68. Tranzit dəhlizlərinin yaradılması müvafiq regionda stabilliyin və təhlükəsizliyin təminat meyarı kimi çıxış edir.

Tranzitin azadlığına əsaslanan nəqliyyat infrasturukturunun yaradılması təhlükəszliyi və iqtisadi inkişafın komponenti kimi çıxış etməklə müharibə və hərbi konfiliktləri beynəlxalq hüququn ümumtanınmış prinsiplər və normalarına, xüsusən də, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, güc tətbiq etmək və güc tətbiq etməklə hədələməmək, paçta sunt servanda və s. prinsiplərinə uyğun olaraq həll edilməsini şərtləndirir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq Bakı konfransında (1998) qəbul edilmiş Bəyannamədə qeyd edilir ki, Tarixi İpək Yolunun bərpası konfransının beynəlxalq sülhün və təhlükəsizliyi bərqərar olması naminə regional və subregional qarşılıqlı əməkdaşlığın inkişafına, TRASEKA proqramı reallaşdırılması və Qafqaz-Mərkəzi Asiya ölkələrinin transavropa və transasiya nəqliyyat şəbəkələrinə çıxışını təmin etmək məqsədilə bəyan edirlər ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin davamlı fəaliyyəti və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının prinsip və qərarlarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında regional konfiliktlərin tənzimlənməsi istiqamətində sülhün, təhlükəsizliyin, etimadın və stabilliyi təmin olunmasına xüsusi əhəmiyyət verirlər (m.3).



69. Tranzitin təsbit etdiyi istər ümumi xarakterli, istərsə də spesifik tranzit qaydalarını tənzim edən beynəlxalq sazişlərdə tranzit üçün ümumi anlayış mövcuddur. İlk çoxtərəfli beynəlxalq sazişlərdən Barselona Konvensiyasında tranzit “razılığa gələn dövlətlərdən birinin ərazisindən kənarda başlayan və onun ərazisində keçərək sərhədlərindən kənarda qurtaran bütöv bir yolun müəyyən bir hissəsi kimi” başa düşülür. 1921-ci il Barselona Konvensiyasında əmtəələrin tranzit statusuna düşməsi üçün onların bir üzv dövlətin ərazisindən digərinin ərazisi vasitəsilə üçüncü dövlətin ərazisinə aparılması nəzərdə tutulub. Bu zaman həmən ərazidə olan əmtəələr, yüklər, enerji resusları tranzit rejimində olurlar. Başqa sözlə, onların nəqli tranzit rejiminə uyğun həyata keçirilir və müəyyən üstünlüklərə malik olur. Üstünlük isə tranzitin azadlığında ehtiva olunur.

Bundan fərqli anlayış Avropa Birliyinin Qazın tranziti üzrə və elektirik enerjisinin tranziti üzrə Direktivləri üçün xarakterikdir (m.2). Müvafiq Direktivlər tranzit anlayışında transsərhəd kontekstdən çıxış edir. Başqa sözlə, beynəlxalq hüquqda nəzərdə tutulan aralıq tranzit dövlət keçidi transmilli anlayışla əvəzlənir. Bu halda yalnız bir dövlətin sərhəddinin keçirilməsi tranzit üçün kifayət edir.

Tranzitin azadlığı prinsipi Barselona Konvensiyasından sonra daha geniş formada Tariflər və Ticarət haqqında baş Sazişin (1947) V maddəsində, UNCTAD-ın Prinsiplərində, Qitədaxili dövlətlərin tranzir ticarəti haqqında Müqavilədə və s. ifadə edilib. Daha sonra isə spesifik beynəlxalq saziş kimi Enerji Xartiyasına Müqavilənin 7-ci maddəsi bu problemə həsr edilib (464).
4.6. Preferensiya prinsipi
70. Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərin iqtisadi inkişaf tarazlığına nail olmaq üçün inkişafda olan ölkələrə münasibətdə təqdim edilib. Preferensiya prinsipi UNCTAD-ın 1964-cü il “Prinsiplərində”, GATT-1994-də, 1974-cü il YBİQ ilə bağlı “sənədlər üçlüyündə”, Ticarət preferensiyalarının qlobal sistemi haqqında 1988-ci il Belqrad Müqaviləsində və d. sənədlərdə əks olunub. Dövlətlərin qeyri-bərabər iqtisadi tarazlığını aradan qaldırmaq üçün qeyd olunan prinsipin tətbiq olunma zərurətini UNCTAD-in Katibliyi növbəti qaydada əsaslandırılıb. Ənənəvi prinsip olan daha əlverişlik prinsipi subyektlərə rejimlərin bərabərliyini təmin etmək üçün təqdim olunur, lakin belə bir fakt da diqqətdən yayınmamalıdır ki, iqtisadi cəhətdən qeyri-bərabər rejimin təqdim olunması əslində formal bərabərliyin təqdim olunmasıdır ki, bu da, öz növbəsində yenə də faktiki olaraq qetri-bərabərlik deməkdir. Bunu nəzərə alaraq beynəlxalq iqtisadi hüquqda xarici kapitala zərurət duyan inkişafda olan ölkələr üçün prefeneiyalar ifadə edilib. Preferensiya prinsipinin inkişafı yeni beynəlxaql iqtisadi qayda (YBİQ) institutunu meydana gətirmişdir.

71. Yeni Beynəlxalq İqtisadi Qaydanın konsepsiyası sənayecə inkişaf etmiş ölkələrin inkişafda olan ölkələrə münasibətdə əsaslı dəyişikliklər, o cümlədən, inkişafda olan ölkələrin iqtisadi inkişafını surətləndirən və dünya iqtisadi sistemində onların da maraqlarının nəzərə alınması üzrə təkliflər paketi olaraq XX əsrin 60-70-ci illərində meydana gəlib.

Müvafiq təşəbbüs beynəlxalq iqtisadi münasibətlərin stabilliyini təhlükə altında qoyan böhtan, beynəlxalq iqtisadi təhlükəsizliyin pozulduğu zaman daha da aktuallaşır. II Dünya müharibəsindən sonra qlobal iqtisadi sistemin əsasını qoymuş Bretton-Vuds sisteminin XX əsrin 70-ci illərində ciddi problemlərlə üzləşməsi, xüsusən də, 1973-cü ildə Yaxın Şərqdə müharibənin başlanması və az sonra dünya bazarında neftin qiymətinin qalxmağa başlaması yeni dünya düzəninin yaradılmasını (təsis edilməsini) zəruri etmişdir.



72. 1974-cü ilin əvvəllərində BMT Baş Məclisinin xüsusi sessiyasında etiraf olunur ki, fəaliyyətdə olan beynəlxalq iqtisadi qayda inkişafın tələblərinə cavab vermir, əksinə dünya miqyasında qarşılıqlı asılılıq şəraitində dövlətlərin inkişafının qarşısını alır. Bunu nəzərə alaraq Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında fəaliyyət Proqramı və eyni adlı Bəyannamə qəbul edilir. Yenə də həmin ildə BMT Baş Məclisi özünün növbəti sessiyasında YBİQ-nın təsis olunması yolunda irəliyə doğru daha bir addım atır və Dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xartiyanı qəbul edir. Xartiya hər bir dövlətin milli sərvətləri və təbii resusları üzərində müstəqil sərancam vermək, xarici investisiyanın dövlətdaxili qanunvericilik ilə tənzimlənməsi və xarici mülkiyyətin milliləşdirilməsi hüquqlarını bəyan edir. Xartiyada eyni zamanda milliləşdirmə zamanı kompensasiyanın ödənilməsi, mübahisələrin həlli qaydası da nəzərdə tutulurdu.

1974-cü il BMT-nin YBİQ-nın yaradılması haqqında Bəyannaməsində növbəti prinsiplər ifadə edilir:

a) dövlətlərin suveren bərabərliyi; xalqların öz müqəddaratını təyin etməsi; güc tətbiq edilməsinin yolverilməzliyi; ərazi bütövlüyü; dövlətlərin daxili işlərinə qarışmamaq;

b) dünya iqtisadi problemlərinin bütün ölkələrin maraqları çərçivəsində həll olunmasında dövlətlərin hərtərəfli və səmərəli iştirakı;

c) hər bir dövlətin təbii sərvətləri və özünün iqtisadi fəaliyyəti üzərində tam suverenliyinin tanınması;

d) milli iqtisadiyyatın maraqları nəzərə alınmaqla transmilli korporasiyaların fəaliyyətinin tənzimlənməsi və onun üzərində nəzarət;

e) inkişafda olan dövlətlərə ixrac edilən məhsulların qiymətləri ilə inkişafda olan dövlətlərdən idxal edilən məhsulların (xammal, hazır məmulatlar, yarımfabrikatlar və s.) qiymətləri arasında ədalətli və bərabərhüquqlu münasibətlərin yaradılması.

Sonradan həmin tələblər daha da dəqiqləşdirilir və



  • beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin suveren bərabərliyi;

  • dövlətlərin təbii sərvətləri üzərində ayrılmaz suveren hüquqlarının tanınması;

  • beynəlxalq iqtisadi problemlərin həllində demokratik əsaslarla iştirak;

  • bazarın bölüşdürülməsinin məhdudlaşdırılması;

  • inkişafda olan dövlətlərə müasir texnologiyanın verilməsi, onların xeyrinə ticarətdə güzəştlərin və mədaxil bölgüsünün yeni mexanizminin tətbiq olunması;

  • xarici borclar probleminin həlli;

  • inkişafda olan dövlətlər arasında qarşılıqlı əməkdaşığın genişləndirilməsi və s.

məsələlər irəli sürülür.

YBİQ-nın planlı şəkildə həyata keçirilməsi və iqtisadi maraqların müdafiəsi üçün 60-cı illərin əvvəllərindən başlayaraq inkişafda olan dövlətlər müxtəlif regional və subregional iqtisadi birləşmələrlə “77-lər qrupu”, “Qoşulmamaq hərakatı” və digər bu kimi regional fəaliyyətlə çoxtərəfli danışıqlar mexanizmini formalaşdırmağa çalışırlar.

1964-cü il UNCTAD-ın I sessiyasında hazırlıq çərçivəsində “77-lər qrupu” təsis edilir ki, bunun əsas vəzifəsi beynəlxalq iqtisadi əlaqələrin yenidən qurulması proqramını hazırlamaqdan ibarət idi. Bu təşkilat inkişafda olan dövlətləri özündə birləşdirir və onlar beynəlxalq iqtisadi problemlər üzrə müxtəlif beynəlxalq forumlarda və BMT-nin sessiya və konfranslarında bir mövqedən çıxış etməyə başlayırlar.

73. YBİQ uğrunda mübarizə BMT çərçivəsində xüsusi təsis olunmuş konfransda UNCTAD-da aparılırdı. UNCATD-ın fəaliyyətinin nəticəsi kimi Beynəlxalq ticarət və beynəlxalq siyasətin prinsipləri (1964), Ümumi preferensiya sisteminin yaradılması haqqında qərar (1970), Xammal üzrə inteqrasiya proqramı çərçivəsində ümumi fondun təsis edilməsi haqqında qərar (1980) və daha az inkişaf etmiş ölkələrə yardım proqramını qeyd etmək olar.

74. Asiya, Afrika və Latın Amerikası ölkələrinə texniki kömək və sənayeləşmə prosesinə yardım etmək məqsədilə 1966-cı ildə UNIDO- Sənaye inkişafı üzrə BMT Təşkilatı təsis olunur.

UNIDO-nın fəaliyyəti nəticəsində Lima Bəyannaməsi və sənayenin tərəqqisi və əməkdaşlıq üzrə fəaliyyət proqramı qəbul olunur. Əsas məqsəd və qarşıda duran məsələ dünya sənaye istehsalında inkişafda olan dövlətlərin payını artırmaq təşkil edirdi. Bunun üçün UNIDO-nun fəaliyyəti sənaye planlaşdırılması, yeni müəssisələrin tikilməsi, kənd təsərrüfatına texniki yardım, kadırların hazırlanması və digər layihələri həyata keçirməyə yönəldilmişdi. Əsas maliyyə mənbələri isə BMT-nin Daimi texniki yardım proqramı və inkişaf üçün BMT büdcəsindən müntəzəm olaraq ayrılan məbləğlər və həmçinin BMT-nin sənaye inkişafı fonduna könüllü ödəmələr təşkil edirdi.



75. YBİQ-nin yaradılması uğrunda birinci mərhələdə sənaye cəhətdən inkişaf etmiş dövlətlər inkişafda olan dövlətlərin iqtisadi problemlərini kifayət qədər fəal surətdə müzakirə etsələr də nəticələr elə də əhəmiyyətli olmamışdır. 70-ci illərin ikinci yarısından inkişaf etmiş ölkələrdə inkişafda olan dövlətlərə verilən güzəştlər yenə də Qərb ölkələri tərəfindən aparılan proteksionist siyasət nəticəsində pozulmağa başlanılır. Sənaye ölkələrinin idxal edilən mallara yüksək gömrük rüsumları qoymaq istəyi nəticədə fərdi “himayəçilik sistemi”ni formalaşdırır.

Bunun əvəzində UNCTAD-ın 1979-cu ildə Manilada keçirilən beşinci sessiyasında inkişaf etmiş ölkələrin “Transmilli korporasiyaların fəaliyyəti məcəlləsini” qəbul etmək cəhdi inkişafda inkişafda olan ölkələrin müqavimətilə toqquşur və qəbul edilmir.

1980-cı illərdə YBİQ-nın reallaşdırılmasının ikinci mərhələsində məlum olur ki, inkişafda olan dövlətlərin tələbi dəstəklənmir. Nəticədə YBİQ-nın yaradılması ideyası müvəqqəti olaraq beynəlxalq danışıqlıqlar müstəvisindən götürülür.

XX əsrin 80-cı illərinin sonundan (III mərhələdə) beynəlxalq iqtisadi münasibətlərin yeni hüquqi fəaliyyət mexanizminin hazırlanmasına daha ciddi şəkildə yanaşılmağa başlanılır. 1974-cü il “Sənədlər üçlüyü” ilə bağlı qəbul edilmiş BMT Baş Məclisinin Qətnamələri hüquqi əhəmiyyət kəsb etmədiyi üçün məhz bu dövrdə YBİQ-nın “bərk hüquq” normaları ilə ifadə olunması istiqamətində ilk addımlar atılır. Belə ki, 1988-ci ildə Ticarət preferensiyalarının qlobal sistemi haqqında Belqrad sazişi qəbul edilirsə, bir qədər sonra GATT-1994 YBİQ-nın təsis olunmasında əhəmiyyətli rol oynamışdır.

Uruqvay (1986-1994) raundunda inkişafda olan dövlətlərin beynəlxalq iqtisadi münasibətlərdə qeyri-bərabər iqtisadi statusu formal olaraq təsdiqlənir və həmin ölkələr üçün imtiyaz sistemi qəbul edilir (149-153).

76. YBİQ-yə görə

- inkişaf etmiş sənaye ölkələrinə şamil edilmədən inkişafda olan dövlətlər arasında qarşılıqlı preferensiyaların tətbiqi;

- bir tərəfli qaydada sənayecə inkişaf etmiş dövlətlər tərəfindən inkişafda olan dövlətlərə preferensiyaların verilməsi;

- inkişafda olan dövlətlərə təqdim edilən preferensiyanın müəyyən müddətlə məhdudlaşdırılması;

- inkişafda olan dövlətlərə verilən güzəştlərin tədricən həmin dövlətlər tərəfindən ləğvi istiqamətində tədbirlərin həyata keçirilməsi öhdəliyi və s. nəzərdə tutulur.
4.7. Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipi
77. Beynəlxalq iqtisadi təhlükəsizlik qlobal iqtisadi sistemdə bir-biri ilə sıx əlaqədə olan ayrı-ayrı dövlətlərin iqtisadi, ticarət, təsərrüfat, sosial təminat sisteminin xarici və daxili təhdidlərdən fasiləsiz, davamlı və proqnozlaşdırıla bilən müdafiə qabiliyyətinə malik olamasıdır. Beynəlxalq iqtisadi təhlükəsizliyin prinsipi ayrı-ayrı milli iqtisadi sistemlərin qarşılıqlı iqtisadi inkişaf təminatını formalaşdıran beynəlxalq hüquq normalarını öüzndə təsbit edir. AR-in Milli təhlükəsizlik haqqında 2004-cü il Qanununun 24-cü maddəsində qeyd edilir ki, AR öz milli təhlükəsizliyini sərancamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqaviləlrə müvafiq olaraq təmin edir.

Beynəlxalq iqtisadi təhlükəsizli yeni çağırışların (problemlərin) fonunda daha çox aktuallıq kəsb edib. Xüsusən də, enerji təhlükəsizliyi, iqtisadi fəaliyyətin transmilli ekoloji problemləri, nüvə və d. enerji resuslarından istifadənin neqativ halları, aclıq və yoxsulluğun nəticələri, miqrasiya, qida məsulları ilə dünya əhali artımında tərs mütənasiblik, dünya gəlirlərinin dünya əhalisinin sayına nisbətdə qeyri-bərabər bölgüsü və d. məsələlər beynəlxalq iqtisadi təhlükəsizliyə yeni bir məzmun vermişdir.



78. Afrika, Asiya və digər region dövlətlərdə iqtisadi yoxsulluq daxili konfiliktlərin və bunun ardınca humanitar faciənin yaranmasına səbəb olur. 2000-ci il Minilliyin Samitində BMT Baş Katibinin hesabatında qeyd olunur ki, dünya əhalisinin yatısının gündəlik yaşamı üçün əldə etdiyi gəliri 2 ABŞ dollarından azdır. Dünyada işləmək qabiliyyətinə malik olan 3 mlrd. əhalinin 140 milyonu işsizdir. Varlı ölkələrdə yaşayan 1mlrd. əhali dünyanın 60 % gəlirinə sahibdirsə, kasıb ölkələrdə yaşayan dünya əhalisinin 3/4 hissəsi 20% gəlirə malikdir. Proqnozlar göstərir ki, 2030-cu ilə kimi dünya əhalisi 10mlrd.-a çatacaq. Bu zaman yaşayış standartlarını saxlamaq üçün kənd təsərrüfatı istehsalı dörd dəfə, enerji istehsalı altı dəfə artırmalıdır.

İnformasiya və biotexnologiya, modifikasiya edilmiş kənd təsərrüfatı məhsullarının və s. insan sağlamlığının hansı təsirlərə məruz qalacağı qeyri-müəyyən olaraq qalmaqdadır. İnsan həyatının sosial, mədəni, mənəvi sahəsində fövqəlada və ciddi dəyişikliklər olmazsa elmi-texniki tərəqqi firavanlıq deyil, qlobal problemlər gətirə bilər. Qlobal iqtisadi sistemə keçid şəraitində informasiyanın, texnologiyanın ötürülməsində, xəstəliklərin yayılmasında, silah ticarətində, maliyyə əməliyyatlarında, əhalinin miqrasiyasında dövlətlər, milli hökumətlər tədricən nəzarəti itirmək təhlükəsilə üz-üzə qalacaqlar.

Dünyanın böyük əksəriyyətini təşkil edən ayrı-ayrı kasıb dövlətlərdə əhalinin yaşayış həddi təmin edilmədikcə etnik separatizm, terrorizm, narkobiznes, silah ticarəti, korrupsiya, transmilli mütəşəkkil cinayətkarlıq və s. problemlər daha da genişlənəcək.

Digər tərəfdən, ayrı-ayrı dövlətlər və dövlətlər qurupu arasında iqtisadi rəqabət genişləndikcə beynəlxalq iqtisadi əməkdaşlığı, bütün dövlətlərin iqtisadi maraqlarını təmin edəcək beynəlxalq iqtisadi təhlükəsizlik prinsipini formalaşdıran normalara zərurət artır. Beynəlxalq iqtisadi-ticarət əlaqələri, tarixən xalqlar arasında inteqrasiya meyillərinə xidmət etmişdir. Beynəlxalq sülhün təminatında beynəlxalq iqtisadi təhlükəsizlik əsas şərtlərdən biri kimi çıxış edir. Kant qeyd edirdi ki, sülhün təmin olunmasında beynəlxalq ticarətin funksiyası xüsusi əhəmiyyət kəsb edir, belə ki, ticarətin ruhu müharibə ruhu ilə bir araya sığmır. Qədim dünyada da hətta müharibələr zamanı iqtisadi-ticarət kateqoriyalarının qorunması qayğısı ifadə edilirdi (1).

Təsadüfü deyil ki, müasir beynəlxalq ticarət müqavilələri beynəlxalq sülhün və təhlükəsizliyin, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və inkişafına xüsusi əhəmiyyət verirlər. Təhlükəsiz və fasiləsiz ticarət əlaqələri beynəlxalq sülhün saxlanılmasında, qlobal təhlükəsizliyin formalaşmasında dövlətlərin iqtisadi əməkdaşlığının möhkəmləndirilməsini tələb edir.

79. Beynəlxalq iqtisadi təhlükəsizlik problemi II Dünya müharibəsindən sonra daha çox aktuallıq kəsb etməklə, BMT təhlükəsizlik sisteminin, o cümlədən, Bretton-Vuds valyuta-maliyyə sisteminin təsis edilməsini, GATT-ın qəbulunu həll etmiş oldu. XX əsrin 70-ci illərində baş verən enerji böhranı ilə beynəlxalq iqtisadi təhdidlərin dərinləşməsi beynəlxalq ictimaiyyəti daha kəsərli addımlar atmağa sövq edir (336). Bretton-Vuds sisteminin (242) təsis edilməsi dövlətlərin formal suveren bərabərliyinə faktiki iqtisadi məzmun vermək istiqamətində tədbirlər, o cümlədən YBİQ-nın (71), Dünya Ticarət Təşkilatının yaradılması (160), qlobal iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilməlidir.

BMT Nizamnaməsi (1945), BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında əməkdaşlıq və dostluq münasibətlərinə dair beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1975) Yekun Aktı, Yeni Beynəlxalq İqtisadi Qaydaya aid beynəlxalq ümumi hüququn prinsiplərinin mütərəqqi inkişafı haqqında 1986-cı il Seul Bəyannaməsi və s. aktlarda beynəlxalq iqtisadi təhlükəsizlik ya birbaşa, ya da dolayəsə ilə ifadə edilir.

Çoxtərəfli iqtisadi fəaliyyətdə qarşıdurmadan əməkdaşlığa doğru istiqamət BMT Baş Məclisinin 1990-cı il Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında Qətnaməsində də təsdiqlənmişdir. Beynəlxalq iqtisadi təhlükəsizliyin digər (stabillik, etibarlılıq, proqnozlaşdırma) prinsipləri ilə yanaşı iqtisadi problemlərin həllində əməkdaşlıq prinsipinə də xüsusi yer verilir.

80. Beynəlxalq iqtisadi təhlükəsizlik:

- iqtisadi sistemin müdafiə qabiliyyətinin möhkəmləndirilməsini;

- əlverişli və stabil beynəlxalq iqtisadi mühitin yaradılmasını;

- bütün xalqların bərabərhüquqluğu şəraitində hümanitar-iqtisadi inteqrasiyanı;

- beynəlxalq iqtisadi mübahisələrin dinc həllini (427);

- beynəlxalq iqtisadi mübahisələrdə gücün yalnız beynəlxalq hüquqa uyğun tətbiqini (465);

- beynəlxalq iqtisadi mübahisələrdə məcburiyyət mexanizmlərindən qarşılıqlı etimada üstünlüyün verilməsini və s. nəzərdə tutur.

Beynəlxalq iqtisadi təhlükəsizlik prinsipinə konkret bir beynəlxalq hüquqi akt mövqeyindən qiymət vermək düzgün olmazdı. Bütövlükdə müasir beynəlxalq iqtisadi hüquq müvafiq problemin həllinə yönəlib. Qeyd edilən problemlərin həlli yalnız kasıb milli iqtisadi sistemlərin maraqlarını da təmin edən qlobal iqtisadi əməkdaşlığın beynəlxalq hüquqi sasında mümkündür.


4.8. Qarşılıqlı mənfəət prinsipi
81. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq iqtisadi mübahisələrin balanslaşdırılması, beynəlxalq sosial ədalətin gözlənilməsi baxımında xüsusi hüquqi katiqoriya kimi diqqəti cəlb edir. İnteqrasiya prosesinin surətləndiyi, qloballaşma dövrünün mürəkkəb iqtisadi münasibətlərdə ədalətli mənfəət bölgüsü beynəlxalq iqtisadi mübahisələrdə balanslaşdırılmış ümumi beynəlxalq hüquqi rejim olmadan mümkün deyil. Qarşılıqlı mənfəət prinsipi dövlətlərin iqtisadi, sosial potensialına və açıq rəqabətinin təminatına yönəlir. Qarşılıqlı mənfəət beynəlxalq hüququn əməkdaşlıq prinsipindən irəli gəlir və beynəlxalq iqtisadi hüququn nisbətən daha yeni, formalaşmaqda olan prinsipərdən biri kimi qəbul edilməlidir. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq hüquqi aktlardan 1974-cü il Xartiyasında, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1975) Yekun Aktında əks olunmuşdur. Yekun aktında qeyd olunur ki, iştirakçı dövlətlər iqtisadi fəaliyyət sahəsində əməkdaşlığı bərabərlik və qarşılıqlı razılıq əsasında ikiktərəfli və çoxtərəfli sazişləri gözləməklə bütövlükdə ədalətli mənfəət nisbətində inkişafı təmin edəcəklər.

82. Qarşılıqlı mənfəət prinsipi beynəlxalq hüquqda digər konvension prinsiplə-qarşılıq prinsipi ilə sıx əlaqədə təzahür edir. Beynəlxalq iqtisadi mübahisələrdə qarşılığın tələb olunması əsasən hüquqlara, üstünlüklərə, güzəştlərə, mənfəətə və s. sferalara aid edilir. Qarşılıqlıq bir qayda olaraq, keyfiyyət və kəmiyyət üzrə bərabərliyi, simmetrikliyi, ekvivalentliyi, eynicinsliliyi və s. əhatə edir. Beynəlxalq hüquqda qarşılıqlığın əsasında dövlətlərin siyasi qarşılıqlı iradəsi dayanır. İradənin razılaşdırılması prosesi maraqların balanslaşdırılmasında ifadə olunur.

Qarışılıqlıq prinsipinə əsasən xarici fiziki və hüquqi şəxslərin hüquqları qəbul edən dövlətin fiziki və hüquqi şəxslərinin istifadə etdiyi hüqulardan artıq ola bilməz. Həmçinin xarici şəxs qəbul edən dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmayan, lakin şəxsi qanuna əsasən malikolduğu hüquları tələb edə bilməz.

Beynəlxalq hüquq sferasındakı beynəlxalq münasibətlərin bir qismi qarşılıqlığı istisna etdiyi halda, digər qismi beynəlxalq müqavilələr, o cümlədən, Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə, 1994-cü il Pakistan İslam Respublikası ilə 1995-ci il İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, həmçinin AR-in Hüquqi yardım haqqında müqavilələri, konsulluq konvensiyaları bilavasitə qarşılıqlıq əsasında bağlanmışdır. Qeyd olunan kateqoriya müqavilələrdə qarşılıqlıq ya birbaşa göstərilir, ya da müqavilənin məzmununda ifadə olunur. Dövlətlərarası münsibətlərin bir çox sahələrində, məsələn, daha əlverişlik prinsipi, həmçinin birtərəfli qaydada şərtsiz olaraq verilən milli rejim prinsipini nəzərdə tutan üçüncü qism müqavilələr qarşılıqlıqla əlaqədar heç bir göstərişi nəzərdə tutmur.


Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə