“Ədalət”.-2014.-16 yanvar.-№ 7.-S.6.
Nizami adına Ədəbiyyat İnstitutu 80 yaşının işığında
Azərbaycan elminin həyatında əlamətdar günlər yaşanır. Tarixlə çağdaşlığın mənəvi varisi olan
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 yaşı tamam olur. Bu nüfuzlu elm təşkilatının keçib
gəldiyi yolu - klassik tarixi irslə müasirliyin birliyini ehtiva edən bir kitab xalqımızın ixtiyarına
verilmişdir. "Kitabda bu elm məbədinin təşəkkülü və tarixi inkişaf yolu izlənilir. Ən qədim dövrlərdən
bəri xalqımızın yaratdığı şifahi və yazılı ədəbiyyatını toplayan, araşdıran, tərtib və nəşr edən tədqiqatçı
alimlərin elmi fəaliyyəti şərh olunur. Azərbaycan milli ədəbiyyatşünaslıq elminin yüksəlişi və dünya
ədəbi fikri ilə qarşılıqlı əlaqələri barədə məlumat verilir" (prof. Teymur Əhmədov).
"Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu" adlı kitabın müəllifi filologiya elmləri doktoru, professor
Teymur Əhmədov, redaktoru isə akademik Nizami Cəfərovdur. Bu dəyərli məcmuə ulu öndər Heydər
Əliyevin "Xalqın ümumi zəkasını, ağlını birləşdirən Azərbaycan Elmlər Akademiyası böyük bir sərvətdir.
Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir" və prezident, cənab
İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycanda fundamental və tətbiqi elmin
mərkəzinə çevrilmişdir. Azərbaycan tarixinə, mədəniyyətinə, dili və ədəbiyyatına, ictimai-fəlsəfi fikrinə
aid tədqiqatlar elmi-ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir çox sahələrdə
alimlərimizin əldə etdiyi nəticələr elm aləmində öz layiqli yerini tutmuşdur" - qiymətli fikirləri ilə
başlayır.
Kitabda AMEA-nın prezidenti, cənab Akif Əlizadənin ön sözü verilmiş, 80 yaşlı institutun təşəkkülü
və tarixi inkişaf yoluna nəzər salınmışdır. Akademik yazır: "Ədəbiyyat institutu Azərbaycan xalqının
mənəvi fikir aləminin salnaməsi olan ədəbi-bədii sərvətin araşdırıcısı, həm də hamisidir. Xalqın zəngin
mənəvi dünyasını, başqa sözlə, mənəvi varlığını ehtiva edən irsi tədqiq və nəşr etmək böyük sərvətdir"
(akad. Akif Əlizadə).
1923-cü ildə Ə. Haqverdiyevin sədrliyi ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti" yaradılmış,
1929-cu ildə onun bazası əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdir. İnstitutun
tərkibində ədəbiyyat sektoru fəaliyyət göstərmiş, 1933-cü ildə XMK-nın yardımı və Azərbaycan MİK-ın
qərarı əsasında Dil, Ədəbiyyat və Sənət İnstitutuna çevrilmiş (1 sentyabr 1933-cü il), ilk direktoru Vəli
Xuluflu olmuşdur. Onun rəhbərliyi ilə "folklor və yazılı ədəbiyyat şöbələri Azərbaycan ədəbiyyatı
problemləri ilə məşğul olmuşdur. Orada Əli Nazim, Hənəfi Zeynallı, Böyükağa Talıblı, Salman Mümtaz
kimi tədqiqatçı-alimlər işləmişlər".
Folklor şöbəsinin müdiri Hənəfi Zeynallı, yazılı Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri isə Əli
Nazim olmuşdur. Yazılı Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin çağdaş dövrünə Ə. Nazim, kapitalizmə
qədərki Azərbaycan ədəbiyyatı şöbəsinə isə Salman Mümtaz müdirlik etmişdir. H. Səmədzadə, Ə. Abid,
M. Rəfili, A. Baqriy və başqaları klassik ədəbi irsin toplanması, tədqiqi və nəşri sahəsində şöbənin
görkəmli əməkdaşları olmuşlar. Hətta, H. Cavid, B. Çobanzadə, M. S. Ordubadi, S. Hüseyn, A. Şaiq də
həmin xeyirxah işlərə cəlb edilmişlər.
Ruhulla Axundov, Mustafa Quliyev, Əli Nazim, Hənəfi Zeynallı, Vəli Xuluflu və Salman Mümtazın
ədəbiyyatşünaslıq, ədəbi tənqid, folklor və mətnşünaslıq sahəsində 1920-1932-ci illərdəki fəaliyyəti
Ədəbiyyat İnstitutunun təşkili üçün hazırlıq dövrü olmuşdur. "Ədəbiyyatşünaslıq İnstitutunda əməkdaşlıq
edən alimlərin fəaliyyəti Ədəbiyyat tarixini, nəzəri və tənqidi fikri, zəngin ədəbi-bədii irsi tədqiq və təbliğ
etməklə məhdudlaşmamış, onlar öz elmi fəaliyyətləri ilə fəlsəfə, şərqşünaslıq, incəsənət və əlyazmaları
institutlarının yaranmasına və formalaşmasına, ali və orta məktəblərdə ilk dərsliklərin yaranmasına,
humanitar fakültələrdə ədəbiyyat tarixi, folklorşünaslıq, tənqid, mətbuat tarixi kurslarının yaranmasına,
bütün ictimai-siyasi və elmi-nəzəri tədbirlərin keçirilməsinə yaxından kömək etmişlər" (prof. Teymur
Əhmədov).
Ədəbiyyat sektorunda bir il ərzində (1932) Ə. Nazim "Azərbaycan ədəbiyyatı tarixi", "M.F.
Axundovun fəlsəfi görüşləri" və "Molla Nəsrəddinin yaradıcılığı", Ə. Abid "Vaqif və həyatı", M.F.
Axundov və əsərləri", H. Səmədzadə "Ə. Haqverdiyev və yaradıcılığı" mövzusunda tədqiqatlar
aparmışlar. C. Məmmədquluzadənin arxivi əldə edilmiş, "Tərcümeyi-halım", "Dəli yığıncağı",
"Kamança", "Məhəmmədhəsən əmi" əlyazmaları üzə çıxarılmışdır. İ. Nəsimi, M. Füzuli, M.P. Vaqif, M.
F. Axundov və M. Hadinin əlyazma əsərləri tapılmış, Londonun Britiş muzeyindən Ş.İ. Xətainin
külliyyatı, Q. Təbrizi və Əmaninin əsərləri, Sankt-Peterburqun Şərq muzeyindən Ş.İ. Xətainin "Divan"ı
və "Dəhnamə"nin foto-surəti gətirilmişdir. M.S. Ordubadi, A. Şaiq, S. Hüseyn, Ə. Haqverdiyevin
xidmətləri sayəsində Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair materiallar, XX əsr Azərbaycan
ədəbiyyatı biblioqrafiyası, klassik sənətkarların kitab və əlyazmaları "Azərbaycan ədəbiyyatı kabineti"ndə
toplanmışdır. Ş.İ. Xətai, M.F. Axundov, C. Məmmədquluzadə və T. Şahbazinin külliyatı, "Azərbaycanın
ədəbi irsi" məcmuəsinin I cildi çapa hazırlanmışdır.
Dil, Ədəbiyyat və İncəsənət İnstitutu 1937-ci ildə xüsusi binaya köçürülmüş, struktur dəyişikliyinə
uyğun olaraq Tarix, Ədəbiyyat və Dil İnstitutu adlandırılmışdır. İnstitutun ilk direktoru prof. Heydər
Hüseynov, müavini isə prof. Məmməd Arif Dadaşzadə olmuşdur. Prof. M. Rəfili, prof. H. Araslı, prof. C.
Xəndan institutda şöbə müdirləri kimi fəaliyyət göstərmişlər. Bir müddət sonra Dilçilik İnstitutu
yaradılmış, Ədəbiyyat İnstitutu müstəqil inkişaf mərhələsinə qədəm qoymuş, 1951-ci ildə isə həmin
institutlar birləşdirilmiş, 1969-cu ilin sentyabr ayından ayrılaraq müstəqil fəaliyyət göstərmişlər. Dilçilik
institutuna prof. Məmmədağa Şirəliyev, Nizami adına Ədəbiyyat İnstitutuna prof. Mirzağa Quluzadə
direktorluq etmişdir.
1930-40- cı illərdə folklor nümunələri, habelə, Nizami, Xaqani, Füzuli, Xətai, Axundov və Sabir irsi
nəşrə hazırlanmışdır. M.F. Axundovun üç cilddə bədii əsərləri, tənqidi məqalələri və fəlsəfi məktubları,
Mir Cəlalın "Füzulinin poetikası", C. Xəndanın "Sabir" monoqrafiyaları, M. Təhmasibin "Aşığın səsi"
toplusu, Azərbaycan nağılları" (I cild), "Kitabi-Dədə Qorqud dastanları" çap edilmişdir. Hənəfi
Zeynallının "Koroğlu" dastanının variantları yazıya alınmışdır.
Ədəbiyyat İnstitutu demək olar ki, Yaxın və Orta Şərqdə ilk humanitar təmayüllü elmi təşkilat olmuş,
ədəbi-ictimai fikrin zənginləşməsinə, Nizami adına Ədəbiyyat muzeyinin yaradılmasına ciddi təsir
göstərmişdir.
II dünya müharibəsi illərində institutda şifahi xalq ədəbiyyatı (müdiri prof. M.H. Təhmasib), orta
əsrlər və XIX əsr (müdiri prof. H. Araslı) ədəbiyyatı, XX əsr ədəbiyyatı (müdiri prof. Mir Cəlal)
şöbələrində kadr çatışmazlığı sahəsində çətinliklər olmasına baxmayaraq, H. Hüseynov, M. Arif, F.
Qasımzadə, Mir Cəlal, H. Araslı, M. Təhmasib, M. Rəfili və Ə. Mirəhmədov aspirantları ilə birlikdə
gərgin iş aparmışlar. 1943-1944-cü illərdə Heydər Hüseynov və Məmməd Arifin redaktəsi ilə 2 cildlik
"Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", Məhəmməd Füzulinin 2 cildlik əsərləri, M.P. Vaqifin əsərləri,
"Azərbaycan nağılları", "Koroğlu" dastanı və "Ədəbiyyat məcmuəsi" nəşr olunmuşdur. İnstitutun ilk
aspirantları Mirzağa Quluzadə, Əzizağa Məmmədov, Məmmədağa Sultanov, Əziz Mirəhmədov, Kamal
Talıbzadə, Kamran Məmmədov və Mirəli Seyidov müstəqil elmi axtarışlarda uğurlu addımlar atmışlar.
Müharibədən sonra S. Vurğun, M. İbrahimov, M. Arif, M. Təhmasib, H. Araslı, M. Cəfərov, M.
Quluzadə, M. Əlizadə, M. Seyidov, Ə. Məmmədov, F. Qasımzadə, M. Sultanov, Ə. Sultanlı, Mir Cəlal,
Ə. Mirəhmədov, C. Xəndan, K. Talıbzadə, K. Məmmədov, O. Həsənov, Q. Qasımzadə, P. Xəlilov, M.
Vəliyev, B. Vahabzadə və başqaları üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ni yaratmışlar.
"Azərbaycan sovet ədəbiyyatı", "Azərbaycan ədəbiyyatı tarixi", "Folklor", "Əlyazmaları və köhnə
nəşrli kitablar" şöbələri milli ədəbiyyatımızın çoxşaxəli problemləri ilə məşğul olmuşdur. 1954-cü ildə
"Azərbaycan ədəbiyyatı tarixi" şöbəsi "Orta əsrlər Azərbaycan ədəbiyyatı", "XIX əsr və XX əsrin
əvvəlləri Azərbaycan ədəbiyyatı" şöbələrinə ayrılmşdır. "Əlyazmaları və köhnə nəşrli kitablar" şöbəsi isə
"Respublika əlyazmalar fondu" kimi fəaliyyətini davam etdirmişdir.
60-80-ci illərdə İnstitutda ədəbiyyatşünaslığın elmi istiqamətləri mifologiya, şifahi xalq yaradıcılığı,
ədəbiyyat tarixi, müasir ədəbi proses və mətnşünaslıq problemlərinə doğru yönəlmişdir. "Azərbaycan
şifahi xalq ədəbiyyatına dair tədqiqlər", "XX əsr Azərbaycan ədəbiyyatı məsələləri", "Ədəbi proses",
"Azərbaycan mətnşünaslıq məsələləri" kimi məcmuələrdə aktual problemlərə dair elmi-nəzəri fikirlər
ifadəsini tapmışdır. "M. Cəfərovun Azərbaycan ədəbiyyatında romantizm", A. Rüstəmovanın
"Azərbaycan epik şeirinin inkişaf yolları (XVII-XVIII əsrlər)", A. Dadaşzadənin "XVIII əsr Azərbaycan
lirikası", M. Quluzadənin "Füzuli lirikası", X. Yusifovun "Nizaminin lirikası", Ş. Salmanovun
"Azərbaycan sovet dövründə ənənə və novatorluq problemləri", Y. Qarayevin "Realizm: sənətə və
həqiqət", K. Məmmədovun "XIX əsr Azərbaycan şeirində satira" monoqrafiyaları Azərbaycan
ədəbiyyatşünaslığının uğurlarından olmuşdur. "Bu elm ocağında AMEA-nın həqiqi üzvləri M.A.
Dadaşzadə, M. İbrahimov, F. Qasımzadə, H. Araslı, M. Cəfərov, M. Şirəliyev, K. Talıbzadə, B. Nəbiyev,
EA-nın müxbir üzvləri A. Zamanov, Y. Qarayev, Ə. Mirəhmədov, professorlar M. Quluzadə, K.
Məmmədov, M. Seyidov, Ə. Ağayev, H. Babayev ədəbiyyatşünaslıq elminin bayraqdarı olmuşlar" (prof.
Teymur Əhmədov).
1954-cü ildə Azərbaycan Respublikası EA-nın prezident müavini, akademik Səməd Vurğun
mətnşünaslıq şöbəsinin yaradılması təşəbbüsünü müdafiə edərək Azərbaycan ədəbiyyatı klassiklərinin
"elmi-tənqidi nəşrlərini həyata keçirmiş, klassik irsin oxunmasındakı müxtəlifliyə son qoyulmuşdur".
Şöbəyə 1954-1964-cü illərdə prof. H. Araslı, 1964-cü ildən sonra prof. Ə. Mirəhmədov rəhbərlik
etmişdir. Ötən illər ərzində Nizami, Füzuli, Xətai, M.F. Axundov, Q. Zakir, S.Ə. Şirvani, C.
Məmmədquluzadə, M. Hadi, S. Vurğun kimi sənətkarların elmi-tənqidi mətnləri, yeni əlifba ilə "Molla
Nəsrəddin" jurnalının I cildi, "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyaları, "Azərbaycan mətnşünaslıq
məsələləri" məcmuəsi nəşr olunmuşdur.
50-ci illərdən başlayaraq Ədəbiyyat İnstitutunda yaradılmış "Ədəbiyyat nəzəriyyəsi" şöbəsi milli
ədəbiyyatımızın inkişafı üçün yeni perspektivlər müəyyənləşdirmiş, akad. M. Cəfərovun rəhbərliyi ilə
bədii metod, üslub, janr, onların inkişaf mərhələləri, XX əsr Azərbaycan tənqidinin təşəkkülü, tarixi
təkamülü nəzəri fikrin inkişafına geniş yol açmışdır.
1970-ci ildə institutda "Mifologiya" "Nizamişünaslıq", "Tənqid tarixi" "İnkişaf etmiş sosializm dövrü
ədəbiyyatı", "Müasir ədəbi proses", "Tərcümə tarixi və nəzəriyyəsi", "Cənubi Azərbaycan ədəbiyyatı
tarixi" şöbələri yaradılmışdır. Bu şöbələrdə "Antologiyalar", "Məcmuələr" tərtib və nəşr edilmiş,
monoqrafik əsərlər yazılmış və dissertasiyalar müzakirə olunmuşdur" (prof. Teymur Əhmədov).
Əlizadə Əsgərli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru