15
istifadə olunur. İxrac rüsumları malın dünya bazarındakı dəyərini artırdığından, onun rəqabət qabiliyyətini aşağı
salır.
Başqa hallarda isə, ölkələr yerli xammalın ölkədən axınının qarşısını almaq üçün tətbiq olunur. Belə hallar
Tailand və Myamadan (keçmiş Birma) düyü ixracı, Braziliyada isə kofe ixracı zamanı olmuşdur. Məsələn,
Avstriya ölkədən emal olunmamış oduncaq məmulatlarının çıxarılmasını məhdudlaşdırmaq üçün ixrax
rüsumları tətbiq edir. Anoloji hala Rusiyada da rast gəlmək olur.
Hal-hazırda idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri 05.VIII.1998-ci il tarixli 167
saylı, 30.X.1998-ci il tarixli 218 saylı, 27.02.1999-cu il tarixli 25 saylı, 25.05.2000-ci il tarixli 94 saylı, 6 iyul
2000-ci il tarixli 112 saylı, 15.VIII.2000-ci il tarixli 138 saylı, 07.09.2000-ci il tarixli 164 saylı, 25.09.2000-ci il
tarixli 173 saylı, 26.09.2000-ci il tarixli 174 saylı, 26.X.2000-ci il tarixli 195 saylı, 07.03.2001-ci il tarixli 62
saylı, 12.04.2001-ci il tarixli 80 saylı, 13.VIII.2001-ci il tarixli 138 saylı, 15.04.2002-ci il tarixli 65 saylı,
27.04.2002-ci il tarixli 71 saylı, 31.01.2005-ci il tarixli 12 saylı və 01.02.2006-cı il tarixli 31 saylı qərarlara
əsasən dəyişikliklər və əlavələr edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan
Respublikasında ixrac-idxald əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22.04.1998-ci il
tarixli 91 saylı Qərarı ilə tənzimlənir (bax. Əlavələrə).
3) tranzit - ölkə ərazisindən keçirilib aparılan mallara qoyulan rüsumlar. Bu rüsumların miqdarı
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Xarakterinə görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlaşdırılır:
1) fəsili (müvəqqəti) - fəsili xarakter daşıyan məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının
beynəlxalq ticarətini operativ tənzimləmək üçün tətbiq olunan rüsumlardır. Adətən onlardan istifadə müddəti il
ərzində bir neçə ay olur. Həmin vaxt ərzində bu mallara tətbiq olunan gömrük tarifinin fəaliyyəti dayandırılır.
(“Gömrük tarifi haqqında” Qanun, 5-ci maddə);
2) antidempinq (ingiliscə “dumping” hərfi mənada “dağıtma” deməkdir) - ölkə ərazisinə normal
qiymətlərdən daha ucuz mal gətirildikdə və bu cür idxal yerli mallara və ya yerli sahibkarlara ciddi ziyan
vurduqda, habelə belə malların yerli istehsalını genişləndirdikdə istifadə olunan rüsumlardır (“Gömrük tarifi
haqqında” Qanun, 8-ci maddə);
3) kompensasiya (latınca “compensatio” sözündən olub, hərfi mənası “ödəmə” deməkdir) - ölkənin
gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və ya dolayı yolla subsidiyalardan
(latınca “subsidium” sözündən olub, mənası “yardım”, “kömək” deməkdir) istifadə olunduqda və belə bir idxal
bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və yaxud bu hal istisna edilmədikdə tətbiq olunur
(“Gömrük tarifi haqqında” Qanun, 9-cu maddə);
4) xüsusi - əgər ölkənin gömrük ərazisinə gətirilən malların miqdarı və gətirilmə şərtləri, həmin malların
yerli istehsalçılarına ziyan vurursa və ya ziyan vura bilərsə, onda müdafiə tədbiri kimi tətbiq olunan rüsumlardır.
Adətən xüsusi rüsumlar, ölkəni onun ticarət tərəfdaşlarından haqsız rəqabətbən qorumaq, yaxud da digər
dövlətlər tərəfindən onun maraqlarına ziyan vuranlara qarşı cavab tədbiri kimi, birtərəfli qaydada istifadə
olunur. Bu cür rüsumlar ölkə hökumətinin və ya parlamentinin tapşırığı ilə ölkə bazarında aparılan xüsusi
təhqiqatlardan sonra həyata keçirilir. Təhqiqat zamanı ticarət ortaqları ilə ikitərəfli danışıqlar aparılır, tərəflərin
mövqeyi müəyyənləşdirilir, mövcud situasiyadan əmələ gələn mümkün izahatlar araşdırılır və əmələ gəlmiş
narazılığı aradan qaldırmaq üçün siyasi vasitələr və yollardan istifadə olunur.
Əgər ticarət razılığını tənzimləyən bütün cəhdlər boşa çıxarsa, onda xüsusi rüsumlar sonuncu vasitə
kimi tətbiq olunur.
Mənşəyinə (əmələ gəlməsinə) görə gömrük rüsumları aşağıdakı kimi təsnifatlandırılır:
1) avtonom - ölkənin hakimiyyət orqanlarının qərarı ilə birtərəfli qaydada tətbiq olunan rüsumlardır.
Adətən gömrük tarifinin tətbiqi ölkə parlamenti tərəfindən qəbul olunan qanunla, gömrük rüsumlarının
dərəcələri isə ölkə hökuməti tərəfindən qəbul olunmuş qərarla həyata keçirilir;
2) konvension (müqavilə yolu ilə) - ikitərəfli və ya çoxtərəfli razılaşmalar əsasında tətbiq olunan
rüsumlardır. Məsələn, Tariflər və Ticarət haqqında Baş Sazişə - TTBS (CATT - General Agreementon Tariffs
and Trade, 1995-ci ildən Ümumdünya Ticarət Təşkilatı - WTO - World Trade Organization adlanır) görə;
3) preferensial (güzəştli) - çoxtərəfli razılaşmalar əsasında inkişaf etməkdə olan ölkələrin mallarına
mövcud gömrük tarifləri ilə müqayisədə daha aşağı dərəcələrin tətbiq olunduğu rüsumlardır. Güzəştli
rüsumların əsas məqsədi, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını ixracı genişləndirmək yolu ilə köməklik
göstərməkdir. İnkişaf etməkdə olan ölkələrdən alınan hazır məhsullara, inkişaf etmiş ölkələr tərəfindən idxal
tarif dərəcələrini kifayət qədər aşağı salan Ümumi güzəştlər sistemi 1907-ci ildən fəaliyyət göstərir. Stavkaya
(dərəcəyə) görə gömrük rüsumları 2 yerə ayrılır:
1) daimi (sabit) - dövlət orqanları tərəfindən müəyyənləşdirilən və şəraitdən asılı olaraq dəyişilməyə
məruz qalmayan gömrük tarifi. Dünya ölkələrinin əksəriyyətində daimi tariflərdən istifadə olunur;
2) dəyişkən - mövcud şəraitdən asılı olaraq (dünya və ya yerli qiymətlərin səviyyəsi dəyişdikdə, dövlət
subsidiyalarının səviyyəsi dəyişdikdə) hökumət tərəfindən dəyişdirilən gömrük rüsumları. Bu cür tariflərdən az
da olsa, Qərbi Avropada vahid aqrar siyasət çərçivəsində istifadə olunur.