3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından.
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslik giriş, üç hissə, layihə, sinifdənxaric oxu üçün əsərlərin mətnlərindən,
“İnternet ünvanları”,
“Əlavələr” və
“Lüğət”dən ibarət olmaqla, 240 səhifədir.
Dərsliyə şifahi xalq ədəbiyyatından, eləcə də, klassik və çağdaş yazılı ədəbiyyatdan
nümunələr daxil edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə,
fənnin tədrisinə həftədə 2 saat olmaqla, 64 saat ayrılmışdır.
Dərslik komplektində 3 məzmun xətti üzrə əsas və alt standartların
reallaşdırılması nəzərdə tutulmuşdur. Sinifdənxaric oxudan başqa, dərslikdə verilən
digər mətnlər “Bədii əsərlərdə təsvir”, “Bədii əsərlərdə nəqletmə”, “Bədii
əsərlərdə təsvir-nəqletmə” hissələri üzrə qruplaşdırılmışdır.
1. “Bədii əsərlərdə təsvir” hissəsi aşağıdakı məsələləri əhatə edir:
1) Bədii əsərlərdə təsvirin müəyyən edilməsi
2) Bədii əsərlərdə insanın təsviri. İctimai varlıq kimi
3) Bədii əsərlərdə insanın təsviri. Xarici görkəmi
4) Bədii əsərlərin ideyasının müəyyən edilməsi
5) Bədii əsərlərdə təsvir və ifadə vasitələri
6) Bədii əsərlərdə təsvir vasitələrinin əlaqələndirilməsi
7) Təsviri xarakterli bədii əsərlərin quruluşu: əsərin hissələrinin müəyyən
edilməsi
2. “Bədii əsərlərdə nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir:
1) Bədii əsərlərdə nəqletmə
2) Nəqli mətnin oxusunun təşkili: proqnozlaşdırma
3) Nəqli mətnlərdə obrazlar və onların başlıca xüsusiyyətləri
4) Əsərdəki obrazların başlıca xüsusiyyətləri baxımından müqayisəsi
4
5) Təsviri və nəqli xarakterli əsərlərdə obrazların təqdim edilməsində oxşar və
fərqli cəhətlərin qarşılaşdırılması
6) Nəqletmə xarakterli əsərlərin quruluşu: mətnin hissələri. Nəqletmə xarakterli
əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi
7) Nəqletmə xarakterli əsərlərdə elementlərinin müəyyən edilməsi
8) Nəqletmə xarakterli əsərlərin nağıl edilməsi, nəticələrin çıxarılması
3. “Bədii əsərlərdə təsvir-nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir:
1) Bədii əsərlərdə təsvir və nəqletmə
2) Təsviri və nəqletmə xarakterli bədii nümunələrin oxşar və fərqli cəhətləri
3) Təsviri-nəqli bədii nümunələrdə təsvirilik və nəqletmə xüsusiyyətləri
4) Təsviri-nəqli xarakterli bədii nümunənin təhlili üzrə iş
5) Təsviri-nəqli xarakterli əsərin ideyasının müəyyən edilməsi
6) Təsviri-nəqli xarakterli əsərdə obrazlar üzrə iş
7) Təsviri-nəqli xarakterli əsərdə bədii təsvir və bədii ifadə vasitələri
8) Təsviri-nəqli xarakterli əsərlərin hissələri: hadisələrin ardıcıllığı və süjet
9) Təsviri-nəqli xarakterli əsərin elementləri və nəqletmənin təşkili
1. Dərsliyin strukturu qüsurludur. Mövzular, rəsmi sənədlərdə qeyd olunduğu
kimi, tədris vahidlərində cəmləşdirilməlidir. Bu bölgü mövzuların məzmun
komponentləri arasında struktur əlaqələri yaradıb, sistemləşdirmə aparmağı, onları
tədris vahidlərində toplamaqla fəndaxili inteqrasiya qurmağı tələb edir.
Dərslikdəki hər 3 hissənin daxilində fəndaxili inteqrasiyadan, əksər hallarda,
istifadə olunmayıb. Bunun nəticəsində də bədii mətnin öyrədilməsi strukturu pozulub.
Məsələn, əsərin ideyasının müəyyənləşdirilməsi üzrə iş obrazın öyrədilməsindən
əvvəl həyata keçirilir. Yaxud əsərin oxusu, təhlili həyata keçirildikdən sonra onun
nağıl edilməsi üzrə işin təşkili reallaşdırılır. Bu, kurikulumun tələblərindən, bədii
əsərlərin öyrədilməsi prinsiplərindən uzaqlaşmaqdır.
Beləliklə, istənilən hissədəki (dərslikdə “fəsil”adlandırılır) materialın yerini
dəyişdirmək mümkündür. Bu, fəndaxili inteqrasiyanın nəzərə alınmaması deməkdir.
2. Vəsait dərslik kimi deyil, dərslik-dəftər prinsipi ilə hazırlanıb. Yəni şagirdlər
bir sıra tapşırıqları yerinə yetirərkən təqdim olunan çoxlu sayda (həm də
təkrar-təkrar) cədvəl və sxemlər üzərində müvafiq işlər görməlidirlər. Məsələn,
aşağıdakı kimi yönləndirmələrlə:
a) “Cədvəldəki məsələlərə cavab tapdıqca qeydlər apar” (səh.14).
b) “Həmin nümunələri verilən cədvəldə müvafiq sütunlara daxil et” (səh.51).