DəDƏ qorqud dada gorgud elmi-ədəbi toplu



Yüklə 1,49 Mb.
səhifə10/18
tarix12.03.2018
ölçüsü1,49 Mb.
#31281
növüXülasə
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Ключевые слова: Балакен, хайла, дамбыр, Сэнэм, ашыг
Giriş. Bizim dambırla və hayla sənəti ilə ilk tanışlığımız 2005-ci ilin avqus­tun­­dan başlayır. 2005-ci ilin avqust ayında biz Balakən rayonun Tülü kəndində Dam­bırçı Nizamla görüşərək ondan bir kasetlik material toplamışdıq. Ancaq o zaman na­mi­zədlik dissertasiyası üzərində işlədiyimiz üçün dambırçıları və hayla sənətini araşdıra bilmədik. 2014-cü ilin may ayında və ondan sonra dəfələrlə dambırçılığın ge­niş yayıldığı Zaqatala və Balakən rayonlarında olduq və həmin ərazilərdə toplama apardıq. Balakənlilərin haqqında çox danışdıqları dambırçılardan biri də Haylaçı Sə­nəmdir. Ancaq çox təəssüf ki, Əzizə Cəfərzadənin “Azərbaycanın aşıq və şair qa­dın­ları” kitabına saldığı 213 haylanı və Sənəm haqqında yazdığı 6 cümləlik mə­lu­matı nə­­­zə­rə almasaq, Haylaçı Sənəmin həyatı və yaradıcılığı demək olar ki, öyrə­nilmə­mişdir. Əzizə xanım yazır: “Balakən rayonunda Gülüzən kəndində dün­yaya gəl­miş, ora­da da vəfat etmişdir. Aşıq Sənəm uzun ömür sürmüş, 1928-ci ildə I Aşıq­lar qurul­ta­yında öz tamburu ilə iştirak etmişdir. Sənəm bu yerlərdə Muğal adla­nan Azə­ri tay­fa­­larından biri arasında yayılmış “hayla gecələri”nin iştirakçısı olmuş­dur. El şən­lik­lərinin sevimli aşığı külli miqdarda hayla–bayatı qoşmuşdur. Bunları gö­zəl, məlahətli səsi ilə, çaldığı tamburun müşayiəti ilə oxumuşdur. Qədim musiqi alət­ləri­miz­dən olan tamburda, “Çay daşı, çaylaq daşı” və s. kimi el havalarını məharətlə ifa edən Aşıq Sənəm yaradıcı sənətkar olmuşdur.” [Azərbaycanın aşıq və şair qadın­ları. Səh. 212]. Onu qeyd edək ki, prof. Əzizə Cəfərzadənin işlətdiyi “Muğal adlanan Azəri tay­faları” ifadəsi kökündən yanlışdır. Muğal həmin bölgədə yaşayan Dağıstan mən­şəli xalqların Azərbaycan türklərinə verdikləri addır. Həmçinin Balakən rayonu­nun təəs­süb­keş ziyalısı, Balakən rayon “Mədəniyyət və turizm şöbəsi”nin əməkdaşı, şairə-publisist Tahirə Sultan (Tahirə Bayramova) “Mədəni həyat” jurnalında Sənəm haqqında bir neçə publisistik yazı çap etdirmişdir.

Biz bu yazımızda onun həyatı və yaradıcılığı haqqında məlumat verməyə ça­lış­mışıq.





Haylaçı Sənəmin Balakən rayon Rəssam Elnur Rəsulovun çəkdiyi bu şəkli

Tarix-diyarşünaslıq muzeyində də Balakən rayon Tarix-diyarşünaslıq

saxlanan şəkli muzeyindən götürmüşük.
Həyatı. Məmmədova Sənəm Hacı qızı 1887-ci ildə Balakən rayonunun Gülü­zən1 kəndində doğulmuş, 1978-ci ildə dünyasını dəyişmiş və evinin yanında yer­ləşən kənd qə­bi­ristanlığında da dəfn olunmuşdur. Baş daşının üzərinə öz hayla­larından biri yazılmışdır:

Su gələr, axar gedər,

Daş-qaya yıxar, gedər.

Dünya sərgi zalıdır,

Hər gələn baxar, gedər.

Baş daşının üzərində isə Aşıq Sənəm yazılsa da, o, el arasında daha çox Erkək Sə­nəm və Haylaçı Sənəm adları ilə tanınmışdır. Erkək Sənəm adını kişi paltarı geyi­nib kişi işləri gördüyü üçün almışdır. Dambır çalıb hayla oxuduğu üçün el arasında Haylaçı Sənəm kimi də xatırlanır. Sənəmlə bağlı xatirələrini bölüşən söyləyicilərin ək­sə­riy­yəti onu at belində gördüklərini dedilər. Bazara gedəndə atının yəhərindən torba asar, bazardan aldıqlarını həmin torbaya yığarmış. Muradov Abduləli Rahmat oğlunun dediyinə görə, o, Sənəmi gördüyündə 16 yaşında uşaq imiş. Sənəm də artıq yaş­lı bir qarı imiş. Sənəm hər həftə bazara gəlirmiş. Amma ölümünə bir neçə il qal­mış, artıq bazara gəlməyi səngimiş və ayda bir dəfəyə düşmüşdür.

Atın dalına qoşduğu daşqada isə meşədən qırıb gətirdiyi odunları daşıyarmış. Gü­lüzən kəndində toy olanda Sənəmin atı gəlin maşının qabağında gedərmiş. O, hə­mi­şə ça­lış­mış ki, toy karvanında olan maşınların hamısını ötüb, toy evinə birinci gir­sin. Demək olar ki, həmişə də buna nail olarmış və toy sahibi onun atının boynuna bir kəlağayı bağ­la­yarmış. Sənəm həmişə kişi paltarında gəzər, damağında siqaret olar­mış, başına ağ cu­na­dan yaylıq örtər, uclarını isə alnında düyərmiş. Sənəmin qon­şusu Qunduzova Ana Mur­tuzəli qızı isə onun gözəl və uzun saçının olduğunu dedi. İş gördüyü zaman başına yaylıq atar, bazara gedəndə isə yaylıq örtməz, saçını tək hörük edib çiynindən aşağı atarmış.

O dövrdə qadın­lar kişi paltarı geymədikləri üçün bu ətrafdakı insanların, xüsusilə də uşaqların ma­rağına səbəb olarmış. Sənəm kənd mağazasına gələndə atını mağazanın yanındakı tut ağacına bağlayıb içəri keçərmiş. Bundan xəbər tutan kənd uşaq­ları oraya toplaşar, maraqla ona tamaşa edərlərmiş. Üzü qırışıbmış, çənəsindən bir neçə tük sallanarmış. Görkəmcə arıq, boydan alçaq bir adammış. Bəzi söyləyi­cilər onun söyüşkən olduğunu da qeyd etdilər. Gülüzən kəndindəki kiçik evində yaşayırmış. Sənəmin mənsub olduğu nəsil kənddə Qaçaqlar adı ilə tanınır. Deyilənə görə, bu nəslin əcdadları qaçaqlar olduğu üçün onları belə adlandırmışlar.

Hal-hazırda evinin yanından axan bulağa “Sənəm bulağı” adını veriblər. Əvvəllər isə “Sənəm bulağı” Sənəmin evindən bir az kənarda kiçik bir bağın içəri­sində imiş. İndi isə həmin bulağın suyu quruyub. Bulağın üstünə də baş daşındakı hay­la bir qədər dəyişdirilmiş şəkildə:

Su gələr, axar gedər,

Qayalar yıxar, gedər.

Dünya bir pəncərədir,

Hər gələn baxan gedər

yazılıb. Kənd camaatı bu haylanın Sənəmə aid olduğunu dedi. Amma bu bayatı digər bölgələrimizdə də yayğındır. Bölgədə folklor topladığımız zaman həm digər dambır­çıların, həm də Sənəmin haylalarının xalq bayatılarından bəhrələndiyini də müşahidə etdik. Ümumiyyətlə, bu bəhrələnmə qarşılıqlı şəkildə olmuşdur. Yəni dambırçıların söylədikləri haylaların bir qismini xalqdan aldıqlarını, eyni zamanda onların vaxtilə dedikləri haylaların bir qisminin artıq müəllifi unudularaq xalq bayatılarına qarışdı­ğını müşahidə etdik.

Sənəm gənclik illərində bir oğlanı dəlicəsinə sevsə də, ona qovuşa bilməmiş, bu­na görə də heç vaxt ailə qurmamışdır. Bəzi söyləyicilər onun məhz bu səbəbdən ki­­şi kimi geyindiyini və özünü kişi kimi apardığını dedilər. Bununla bağlı Rəhmanov Əfqan Zeybəddin oğlundan belə bir rəvayət qeydə aldıq: “Sənəmin sevgilisi varmış. Çar Rusiyası onu hansısa səbəbdən tutur. Qərargah Zaqatala, ya da Şəkidə yerlə­şir­miş. Sənəm gedib qərargahın qarşısında oturub günlərlə yanıqlı-yanıqlı dam­bır ça­lıb oxu­yur. Bir gün qərargahın rəisi olan rus yanındakılara tapşırır ki, gedib bunun sə­bə­bi­ni öyrənsinlər. Qadını rəisin yanına gətirirlər. Sənəm onun yanında da bir az çalıb oxu­yur. Tərcüməçi rəisi başa salır ki, qadın sevgilisi üçün gəlib. Onun üçün ne­çə gün­dü burada ah-fəğan eləyir. Nəsə, qərargahın rəisinin ürəyi yumşalır, Sənə­min sev­gi­lisini azad etdirir. Həmin adam Sənəmin hesabına həyatda qalır, ancaq Sənəmlə ev­lənmir, başqası ilə evlənir. O gündən də Sənəm qadın paltarını çıxarıb tullayır, de­yir, elə kişi mən özüməmmiş. O gün, bu gün ərə getmir, həmişə də kişi paltarında gə­zir ”

Yaradıcılığı. Söyləyicilərin dediyinə görə, Sənəm daha çox tütün iməcilik­lərində çalıb oxuyarmış. Hər məclisə getməzmiş. Şindiyev Zahid Bayram oğlunun ver­diyi məlumata görə Sənəm daha çox tütün sahəsində hayla deyərmiş. Sahədə işləyən hər kəs dayanıb ona qulaq asarmış. Sənəmin “Çay daşı, çaylaq daşı”, “Qərib hava”, “Yerli hava”nı gözəl ifa etməsi ilə bağlı məlumatlar qeydə aldıq. Həmçinin Rəh­manov Əfqan Zeybəddin oğlu “Sənəm havası” adlı havanın da mövcud olduğunu söylədi və aşağıdakı haylaları həmin havanın üstündə oxudu. Mahnının yarısından Hatıyev Eldar Ömər oğlu da ona qoşuldu:
Əfqan:

Su gəlsə, arxa bəsdi,

Dolansa, çarxa bəsdi.

Yar üzünü bir gün görsəm,

Arxabaarxa bəsdi.
Su gələr, axar gedər,

Dağ-dərə yıxar, gedər.

Bu dünya pəncərədir = bir güzgüdür,

Hər gələn baxar, gedər.


Əzizim, Gülüzənə,

Gün düşər Gülüzənə.

Sənəmi görmək istəsən,

Gəlginən Gülüzənə.


Eldar:

Su axar bəndər-bəndər1,

Dağlardan qarı əndər.

Dərmansız dərdə düşdüm, ay qardaş,

Dərmanımı tez göndər.
Əfqan:

Ay işığı süd kimi,

Arxalığın çit kimi.

Gəlmə bizim məhliyə,

Öldürəllər it kimi.
Eldar:

Dağlarda, meşələrdə,

Şam yanar şüşələrdə.

Sən girdin yar qoynuna,

Mən qaldım küçələrdə.
Əfqan:

Oxuyan Sənəmdimi?

Gözündəki nəmdimi?

Camahatdan soruşun

Əvvəlki Sənəmdimi?
Eldar:

Xəncərimi bağlaram,

Düşmənimi dağlaram.

Yar yadıma düşəndə

Yüz il kimi = uşax kimi ağlaram.
Əfqan:

Gülüzanın yollarında

Morux bitər kollarında.

Ay Allah, öldür məni

Nazlı yarın qollarında = qucağında.

Eldar:

Mazımçayın1 haçası,

Bir sirrim var açası.

Bakıda2 bir qız gördüm,

Mən götürüb qaçası.
Əfqan:

Car yolunu düz gördüm,

Üsdündə bir qız gördüm.

Saçları beş yüz manat,

Mən hələ ucuz gördüm.

“Çay daşı, çaylax daşı” havasının adı bu hava üstündə oxunan hayladan götürülmüşdür. Həm Əzizə Cəfərzadənin yazdığına görə, həm də söy­lə­yi­ci­lə­rin dediyinə görə, Sənəm bu havanı çox gözəl ifa edirmiş. Rəhmanov Əfqan Zey­bəd­din oğlu həmin havanın üstündə bizə aşağıdakı haylaları oxudu:

Çay daşı, çaylax daşı,

Çaylağın xırda daşı.

Getmişdim iməciyə,

Verdilər lobya kaşı3.


Tənəkdə üzüm qara,

Dərib göndərdim yara.

Məni yardan ayıranı

Rahat getməsin gora.


Reyhanı səpdüm düzə,

Göyərib çıxdı dizə.

Ay istəkli sevgilim,

Gəl danışaq üz-üzə.

Bölgə insanlarının xatirələrində dambırçıların bədahətən hayla deməsi ilə bağ­lı xeyli əhvalat dolaşır. Hayla, adətən, bədahətən söylənir. Yəni yaxşı hayla deməyi bacaranlar yeri gələndə fikirlərini hayla ilə ifa edirlər. Balakəndə müxtəlif situasiyalarla bağlı yaradılmış haylalar haqqında əhvalatların bir qismi də Sənəm haqqındadır. Onlardan birini də bizə Dambırçı Nizam danışdı. “Sənəm əyninə sırıxlı geyinərmiş. Bir Əjdər Əsədov adında katib varmış. Görüb Sənəm gəlir. Yanın­da­kılara deyib: “Habı istidə bu niyə sırıxlı geyinib? İsti olmurmu, görəsən?” Sənəm də elə bil bunun dediklərini hiss eliyibmiş. Bunların yanına çatanda deyir:

Sinavar duran yerdə,

Burğusun buran yerdə.

Ət gedib, sümük qalır,

Qocalıx duran yerdə.

Yəni isti havada əyninə sırıqlı geyinməsinin səbəbini izah edir ki, qocalmı­şam, soyuq olur. Deyir, katib birbaşa yüzdüyü qaşqasına yapışdırıf ki, halaldı sanıa.” Dam­bırçı Nizam Sənəmin bir neçə haylasını da bizim üçün dambırda çalıb oxudu. Onun dediyinə görə, məclislərdə dambır çaldığı zaman bəzən məclis iştirakçıları on­dan Sənəmin də haylalarını oxumasını istəyirlər və o zaman aşağıdakı haylaları de­yir:

Əzizim, Gülüzana,

Gün düşüb Gülüzana.

Sənəmi görmək istiyən,

Gəlsinnər Gülüzana.


Çağırdım Sənəm deyib,

Hay verdi: “Mənəm deyib”.

Əyil, üzünnən öpüm,

“Bu mani sənin” deyib.


Hayla diyən Sənəmdimi?

Gözlərində nəmdimi?

Bir Sənəmnən soruşun siz,

Həminki Sənəmdimi?

Bu bayatının nəqarətli formasını da qeydə ala bildik. Söyləyicinin dediyinə görə, bu, asta oxunan haylaydı. Qızlar oxuyurmuşlar:

Gələn Sənəmdimi aman, aman, yarım?

Gözündəki nəmdimi, nazik bədən?

Görənlərdən soruşuram, aman,

Aman yarım Sənəm ol, Sənəm.

Deyilmi nazik bədən?


Nəqarət:

Ay nazik bədən,

Səndən ayrılmışam, gözəlim.

Dambırçı Nizam sonda özündən əvvəlki sənətkarlara hayla ilə rəhmət oxumağı da unutmadı:

Qoy Nizamın adı olsın,

Həmişə ağızda dadı olsun.


Cəmi ölən sənətdəkilərin,

Qoy ruhları şad olsun.



Haylaçı Sənəmin aşıqlarla deyişmələri. Bölgə insanlarının xatirələrində Sənəmin digər bölgələrdən olan aşıqlarla deyişməsinə aid də əhvalatlar yaşayır. Biz belə əhvalatlardan üçünü yazıya ala bildik. Onlardan nisbətən pozulmuş vəziyyətdə olanını bizə Hacıyev Ərəbiddin Molla Teyyub oğlu danışdı: “Tovuzdanmı, hardansa bir aşıx gəlifdi buynan deyişməyə. O aşıx diyifdi ki, mən səni heç cürə başa düşə əlmirəm. Sənəm də deyif, mən səni başa salaram. Bu başdıyıfdı oxumağa. Aşıx Sənəmi helə də tərgiyif çıxıf gedifdi. Adını da deyirdilər o aşığın. Amma indi yadıma düşmür. Bilirsənmi, Sənəm ürəkdən deyir, aşığ da buynan bacarmır. Axı öz sözü yoxdu. Ona görə bacarmır.” Bu rəvayətin daha mükəmməl variantını Rəhmanov Əfqan Zeybəddin oğlundan qeydə aldıq: “Qazma kəndinin aşağı hissəsinə Şambul1 deyirlər. Tovuzlu Aşıq Hüseyn Bozalqanlı ora qonaq gəlib, eşidib ki, burda söz deyən Sənəm adında xanım var. Hansısa yolnan Sənəmnən bu aşığı üzləşdirirlər. Deyilənə görə, bunlar dörd gün, dörd gecə deyişiblər. Axırda heç biri məğlub olmadan bunlar ayrılıblar. Sənəm buna deyir ki, aşıx, qış olsaydı, sənnən uzun-uzadı deyişərdim, amma sahədə tütünüm batır. ” Hər iki söyləyici bizə mətnin, sadəcə, rəvayət hissəsini danışdılar, deyişmə hissəsini isə bilmədiklərini dedilər.

Bayramova Tahirə İsmayıl qızı isə bizə Aşıq Sənəmlə Aşıq Bilalın deyişməsi haqqında məlumat verdi. Onların hər ikisi 1928-ci ilin 5-7 may tarixində keçirilmiş Azərbaycan Aşıqlarının I Qurultayının iştirakçıları olmuşlar. Yeri gəlmişkən qeyd edək ki, Sənəm bu qurultayın yeganə qadın iştirakçısıdır. Həmin vaxt qurultayın sədri Şamaxının Qəşəd kəndindən olan Mirzə Bilal olub. Sonralar Mirzə Bilal repressiya qurbanı oldu. Onların deyişməsi maraqlı süjet əsasında qurulub. Aşıq Bilal Sənəmə eşq elan edir, Sənəm isə yavaş-yavaş bu söhbəti dostluğa yönəldir. Sənəm deyir:

Yağış yağar Şirvana,

Gün doğar hər bir yana.

O deyilmi yar gəlir,

Şam kimi yana-yana.

Sənəm burada Bilalı nəzərdə tutmur, sadəcə, bir məhəbbət mahnısı oxuyur. Bilal deyir:

Şirvan çiçəkdi, güldü,

Yağış yağdı, kəsildi.

Yarım yola çıxacaq,

Hələ Gülüzəndədi.

Ona işarə vurur ki, mənim yarım sən ola bilərsən. Aşıq Sənəm cavab verir:

Gəl dayanaq yan-yana,

Oxuyaq qana-qana.

Açıq söz qəlbi qırar,

Keçmə həcvi-hədyana.


Bilal isə ondan əl çəkmir:

Yetirdim gülə zəndi,

Gülün bağrı zədəndi.

Sən gülsən, mən də bülbül,

Bülbül ki gül üzəndi.

Sənəm deyir:

Çək mizrabı sazına,

Simlər qoy gəlsin cana.

Görən cavab verirmi,

Səsinə, avazına?

Yəni sən mənlə deyişə bilərsənmi? Bilal onda deyir:

Sənəm, xalın dən-dəndi,

Pərişanlıq nədəndi?

Səsin ağlım apardı,

Sözlərinsə üzdəndi.

Yəni sən məhəbbət haqqında ürəkdən danışmırsan. Onda Sənəm deyir ki:

Sənəm qəsd edər cana,

Dost yolunda qurbana.

Tale qismət edəydi,

Bir gələrdim Şirvana.

Bilal:

Bilal əhli-düzdəndi,



Şirvan gülü dizdəndi.

Sən Qəşədə qədəm qoy,

Qulluq etmək bizdəndi və s.

Deyilənə görə, Sənəmin söz ehtiyatını görən aşıqların heç biri onunla deyiş­məyə razı olmamış, yalnız Aşıq Bilal özündə bu cəsarəti tapmışdır.

Söyləyicilərdən Sənəmin dambırçılarla deyişməsinin olub olmadığını soruş­duq­da bu barədə dəqiq bir şey bilmədiklərini dedilər. Bir məclisdə iki dambırçı varsa, bir çox hallarda onların deyişmələrinin şahidi olmuşuq. Bu fikir deyişməyi bacaran dambırçılara aiddir. Dambırçıların heç də hamısı deyişə bilmirlər. Sənəmin də mükəmməl dambırçı olduğunu nəzərə alsaq, güman etmək olar ki, o, öz müasirləri ilə deyişmişdir.

Sonuc. Vaxtında yazıya alınmadığı üçün Haylaçı Sənəmin, eləcə də digər ustad dambırçı və haylaçıların yaradıcılığı haqqında daha dolğun təsəvvür yaratmaq mümkün deyil. Haylaçı Sənəmin öz müasirləri olan dambırçılarla deyişmələri, əgər bu cür deyişmələr doğrudan da, mövcud olubsa, necə deyişməsi, onu məclislərdə meyçilərin1, nağaraçıların müşayiət etməsi, əgər edirdisə, kimlərin etməsi və s. haqqında əlimizdə dəqiq məlumat yoxdur. Prof. Əzizə Cəfərzadə zamanında ondan 213 haylanı toplayıb nəşr etdirməsəydi, bu gün Sənəmin haylalarından da əlimizdə çox az qalmış olardı. Hərçənd ki, bir məclis zamanı yaxşı haylaçının heç olmasa, 50-60 hayla dediyini nəzərə alsaq, Sənəm kimi haylaçı üçün 213 hayla çox azdır. Amma yenə də bu haylalar Haylaçı Sənəmin yaradıcılığı haqqında bizdə müəyyən təsəvvür yaradır. Kaş ki, zamanında digər dambırçıların da söylədiyi haylalar beləcə toplanıb nəşr olunardı. Odur ki, Əzizə xanımın ruhu qarşısında baş əyirik!
ƏDƏBİYYAT

1. Cəfərzadə Əzizə. Azərbaycanın aşıq və şair qadınları. Bakı, Gənclik, 1991, səh. 212-336

2. Sultan Tahirə. Haylaçı Sənəm. “Mədəni həyat” jurnalı. 2012, № 9 (259), səh.71

3. Sultan Tahirə. Hayla haylanın başı, Qərib yerin yoldaşı. “Mədəni həyat” jurnalı. 2013, № 10, səh.56-57

4. Sultan Tahirə. Haylaçı Sənəm nisgilində Füzuli dərdi. “Mədəni həyat” jurnalı. 2013, № 11, səh.94-95

5. Bayramova Gülşən Ramazan qızı. 1965-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. Orta-ixtisas təhsilli mədəniyyət işçisidir. Milliyyətcə Azərbaycan türküdür.

6. Bayramova Nargilə Əhmədiyyə qızı. 1961-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. Orta təhsillidir. Hal-hazırda Balakən rayonunun Hənifə kənd Diyarşünaslıq Evinin direktorudur. Milliyyətcə Azərbaycan türküdür.

7. Bayramova Tahirə İsmayıl qızı (Tahirə Sultan). 1962-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. İxtisasca jurnalistdir. Milliyyətcə Azərbaycan türküdür.

8. Əzizova Tamam Bəxtiyar qızı. Doğum tarixini bilmir. Təxminən 80-ə yaxın yaşı olar. Gülüzən kənd sakinidir. Evdar qadındır. Milliyyətcə Azərbaycan türküdür.

9. Dabaxov Nizam İsmayıl oğlu. 1963-cü ildə Balakən rayonunun Tülü kəndində doğulub. Orta təhsillidir. Dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.

10. Qarayev İbadullah Zeynalabdin oğlu. 1950-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. İxtisasca mexanizator idi. Eyni zamanda yaxşı dambır ifaçısı idi. 2016-cı ildə dünyasını dəyişib. Milliyyətcə Azərbaycan türküdür.

11. Qunduzova Ana Murtuzəli qızı. 1936-cı ildə Balakən rayonun Gülüzən kəndində doğulub. 2 sinif oxuyub. Həmişə təsərrüfatda çalışıb. Milliyyətcə Azərbaycan türküdür.

12. Hacıyev Ərəbiddin Molla Teyyub oğlu. 1939-cu ildə Balakən rayonunun Qazma kəndində doğulub. Təsərrüfatda çalışır və dambır ifa edir. Milliyyətcə Azərbaycan türküdür.

13. Hatıyev Eldar Ömər oğlu. 1975-ci ildə Balakən rayonunun Mahamalar kəndində doğulub. Orta təhsillidir. Dambır çalıb oxumaqla yanaşı, dambır da düzəldə bilir. Milliyyətcə avardır.

14. Mirəliyev Xəlfə Molla Musa oğlu. 1948-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. İxtisasca tarix müəllimidir. Milliyyətcə Azərbaycan türküdür.

15. Muradov Abduləli Rahmat oğlu. 1961-ci ildə Balakən şəhərində doğulub. Orta-ixtisas təhsili alıb. Hal-hazırda Qabaqçöldə yerləşən musiqi məktəbinin direktoru vəzifəsində çalışır. Milliyyətcə Azərbaycan türküdür.

16. Rəhmanov Əfqan Zeybəddin oğlu. 1982-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub. Orta təhsillidir. Yaşının az olmasına baxmayaraq, gözəl dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.

17. Şindiyev Zahid Bayram oğlu. 1964-cü ildə Gülüzəndə doğulub. Orta təhsillidir. Hayla deyir. Milliyyətcə Azərbaycan türküdür.

18. Şirinov Çingiz İsmayıl oğlu. 1951-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub. İxtisasca baytardır. Milliyyətcə Azərbaycan türküdür.

Çapa tövsiyə edən: Fil.ü.e.d.Ramazan Qafarlı

Elmira MƏMMƏDOVA-KEKEÇ

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

e-mail: mamedovaelmira4@gmail.com
AŞIQ VALEHİN VÜCUDNAMƏSİNİN ARXİTEKTONİK TƏHLİLİ
Xülasə

Aşıq Valehin yaradıcılığında aşıq şeirinin bir çox şəkillərini gördüyümüz kimi, vücudnaməyə də rast gəlirik. Aşıq Valehin vücudnaməsi klassik bir örnək kimi diqqəti xüsusilə cəlb edir.

Arxitektonika bədii mətnin məzmun və forma baxımından tamlığını, özündən öncəki mətnlərlə əlaqəsini dərk etmək üçün istifadə edilən termindir. Aşıq Valehin vücudnaməsi özündən öncəki para­lel mətnlərlə əlaqədədir və bu əlaqə müxtəlif qəlib, formul və arxetiplər vasitəsilə yerinə yetirilir.

Açar sözlər: Aşıq Valeh, vücudnamə, arxitektonika, arxetip, mətnlərarası əlaqə
ARCHITECTONIC ANALYSIS OF ASHIG VALEH'S VUJUDNAMA (AGE-POETRY)
Summary

We may observe not only the different forms of ashig poetry but also the vujudnama in the Ashiq Valeh's creativity. Ashiq Valeh's vujudnama especially attracts attention as an classic example. Architectonics is a term which is used for understanding the integrity of the artistic text in terms of content and form, relationship among the previous texts. Ashig Valeh's vujudnama is connected with the previous parallel texts and this connection has been accomplished by means of different forms, formuls and archetypes.



Key words: Ashig Valeh, vujudnama, architectonics, archetypes, intertextual connection.
АРХИТЕКТОНИЧЕСКИЙ АНАЛИЗ ВУДЖУДНАМЕ АШУГА ВАЛЕХА

Резюме

В творчестве Ашуга Валеха встречаются многие формы ашугской поэзии, в том числе и вуджуднаме. Как классический пример вуджуднаме, имеет особое место среди них.



Архитектоника, как термин, используется как понятие, целость художественного текста и формы, так же его связь созданными до него текстами. Вуджуднаме Ашуга Валеха связано до него параллельными текстами и этот связь был выполнен различными моделями, формулами и архетипами.

Ключевые слова: Ашуг Валех, вуджуднаме , архетип, архитектоника, текстовые связи.
Məsələnin qoyuluşu: Azərbaycan aşıq yaradıcılığında xüsusi yeri olan vücud­na­mələrin arxitektonik təhlili bizə imkan verir ki, həm Aşıq Valehin, həm də digər mü­əl­liflərin şeirlərinin məzmun və forma xüsusiyyətlərini vəhdət halında izləyə bilək.

İşin məqsədi: Aşıq Valehin vücudnaməsinin arxitektonik xüsusiyyətini üzə çıxarmaq, strukturunu və onu formalaşdıran vahidləri öyrənmək, müəllif para­diqma­sı­nı müəyyənləşdirmək işin məqsədini təşkil edir.
Giriş: Arxitektonika deyildikdə, ədəbiyyatşünaslıqda bədii mətnin ümumi struk­turu nəzərdə tutulur. Burada məzmun və forma xüsusiyyətləri tam bir vəhdət ha­lın­da çıxış edir. Arxitektonika termini ilə elmi ədəbiyyatşünaslıqda daha çox struktur anlayışı ifadə edilir. Ümumiyyətlə, struktur anlayışı burada məzmun və forma kimi başa düşülür. Formanı – formal xüsusiyyətləri öyrənmək üçün mətnin ümumi se­man­tikasını araşdırmaq vacibdir. “Semantik poetikada bədii əsər xüsusi işarəvi dil kimi alınır və bu dil daxilindəki estetik mənalar, məna yaradıcıları və daşıyıcıları, bədii məna­nın təkamülü və saxlanması mexanizmi araşdırılır” (3, s. 73). Bu baxımdan ar­xitektonik təhlil dedikdə sadəcə struktur deyil, məna ilə bağlı məsələlər də öyrə­nilməlidir. Ümumi olaraq bütün vücudnamələr əslində vahid məzmun özəlliyinə malikdir. Yəni bütün vücudnamələrdə insan həyatının müxtəlif yaşlarından bəhs olu­nur. Bu cür məzmun vəhdəti janrın tarixi təkamülündə və mətnlərarası əlaqədə qə­lib poetik model, eyni zamanda kollektiv təhtəlşüur elementləri – arxetiplər vasi­təsi­lə real­laşır. Arxetip anlayışından ilk dəfə K.Q.Yunq istifadə etmişdir. Daha sonra ədəbiyyat­şünaslıqda mətnin məna qatlarının məzmunu açmaq üçün bu termin ümumişləklik qazanmışdır. Bir çox bədii mətnlərin daxilində elə daxili mikromətnlər var ki, bunlar yazıçının paradiqmasında kollektiv təhtəlşüurun elementi kimi çıxış edir. Oxucu tərəfindən bu element (arxetipik simvol) çox vaxt tam mənası ilə qavranılmır. Bu gizli məzmun qatlarını açmaq və təhlil etmək ədəbiyyatşünaslığın problemlərindən­dir. Yun­qa görə, arxetiplər ilkin qəliblərdir: “Arketipin kendi boştur, saf biçim, kalıp halin­dedir. Apriori verilmiş bir ‘tasvir olanağından’ başka şey değildir” (6, s. 403). Bu ha­zır qəlibləri “məzmunun forması” kimi də dəyərləndirə bilə­rik. Zaman-zaman müxtəlif yaradıcı insanların qələmində bu hazır “məzmunlar” (arxetiplər) təhtəlşüurun təzahür forması kimi üzə çıxır. “Özgün konular yaratıp işlemek yerine, hazır ve bilindik ko­nular işleyen sanatçılar... aslında konu seçiminde kolektif bilinçdışının malzemele­rinden – arke­tip­­­lerden – yararlanırlar; çünkü bu hazır konuların kaynağı, mitler, efsaneler ve masallar gibi farklı kültürlerde benzerlikler sergileyebilen kültürel olgu­lardır” (8, s. 12). Mif dövründən indiyə qədər insanların təxəyyül və təhtəl­şüurunda təzahür edən arxetiplərin Yunq tərəfin­dən müəyyənləşdirilən formaları bun­lardır: qəhrəman, ana, yaşlı müdrik adam, saylar, rənglər, kölgə və s.

Aşıq Valehin vücudnaməsinin arxitektonik təhlilini aparmaq üçün onun əsərində əks olunmuş arxetipləri müəyyən etməklə yanaşı, ondan əvvəl qələmə alın­mış digər vücudnamələrə də nəzər salmaq vacibdir. Çünki arxitektonik təhlildə mət­nin məzmun və formasını tam şəkildə dərk etmək və açıqlamaq üçün mətnlərarası əla­qə qurmaq zəruridir. M.Baxtin tərəfindən bu əlaqə “mətnlərarası dialoq” və ya “polifoniya” adlandırılır. (4) Bu “dialoq”un və ya bir mətndən digər mətnə keçərək, onlar arasında “körpü yaradan” elementlərin və ya arxetiplərin üzə çıxarılması və hər müəllifin fərdi baxış bucağında fərqli şəkildə təqdimetmənin şəklinin müəyyən­ləşməsi mətnə daha geniş prizmadan nəzər salmağı tələb edir.

Aşıq Valehin də vücudnaməsinin Azərbaycan aşıq şerində və türk xalqları ədəbiyyatında yerini müəyyənləşdirmək və arxitektonik təhlilini aparmaq üçün struk­tur və semantik özəlliklərini öyrənmək, özündən əvvəlki vücudnamə mətnləri ilə əla­qədə araşdırmaq lazımdır.


  1. Yüklə 1,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə