Dədə Qorqud ● 2015


Rəhimova Ə. Yaran suvar (Bahar bayramı), Bakı, Adiloglu, 2006, 140 s



Yüklə 1,39 Mb.
səhifə8/17
tarix23.10.2017
ölçüsü1,39 Mb.
#6407
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

2. Rəhimova Ə. Yaran suvar (Bahar bayramı), Bakı, Adiloglu, 2006, 140 s.


3. Əfruz Rəhimovanın Qusar bölgəsindən topladığı folklor örnəkləri (Tərtib edə­ni: Sahibə Sədnikqızı). Azərbaycan – Elmi iş (aylıq beynəlxalq elmi-nəzəri jurnal) N 01 (38). Xüsusi buraxılış. Bakı, 2015, 122 s.

4.Xəlil A. Türk xalqlarının yaz bayramları və Novruz. Bakı, Elm və təhsil, 2013, 150s.

5. Kərimova S. Qusar, qusarlılar. Ensiklopedik toplu. Bakı, Ziya, 2011, 703 s.

6. Məmmədli N. Novruz bayramı – milli-mənəvi dəyərlərin əbədiyaşarlıq rəm­zidir. Bakı xəbər, 2011, 4-6 mart, səh.12


7. Məmmədov N. Novruz bayramı. Azərbaycan, 2001-16 mart, səh. 4

Çapa tövsiyə edən: fil.ü.e.d., prof. Kamran Əliyev

Xuraman KƏRİMOVA

AMEA Folklor İnstitutunun böyük elmi işçisi

e-mail: kerimova.xuraman@rambler.ru
AZƏRBAYCAN FOLKLORUNDA UŞAQ

YARADICILIĞI VƏ İFAÇILIĞI
Xülasə

Uşaqlara həsr olunmuş xalq yaradıcılığı nümunələrinə uşaq folkloru deyilir. Xalq pedaqo­qikasının tərkib hissəsi olan bu şifahi ədəbiyyat nümunələri onların fiziki, zehni, əqli inkişafında, estetik zövqünün formalaşmasında böyük rol oynayır.

Məqalədə Azərbaycan folklorunun tərkib hissələrindən biri olan uşaq folklorundan, bu sa­hədə uşaqların yaradıcılığı və ifaçılığından bəhs olunur. Müəllifinə görə iki qismə ayrılan, yəni bö­yük­lər və uşaqlar tərəfindən yaradılan bu nümunələrin ikinci qisminin yaranma və ifa özəl­lik­lə­ri araşdırılır.

Açar sözlər: uşaq, folklor, yaradıcılıq, ifa, söyləyici, nümunə, oyun, sanama, düzgü

CHILD CREATIVITY AND PERFORMANCE IN AZERBAIJANI FOLKLORE
Summary

Samples of folk art about children are called childlore. These samples are part of folk pedagogy and they affect physical, mental, intellectual development and aesthetic pleasure of children greatly.

This article is about childlore, creation of samples by children and their performances, which is a part of Azerbaijani folklore. According to author samples are divided into two parts: created by adults and created by children. Features of creating and performing of these samples, which are created by children, are researched in this article.

Key words: child, folklore, creation, performance, narrator, sample, game
ДЕТСКОЕ ПРОИЗВЕДЕНИЕ И ИСПОЛНЕНИЕ В АЗЕРБАЙДЖАНСКОМ ФОЛЬКЛОРЕ
Резюме

Детским фольклором называется образцы народного творчества посвященные дет­ям. Являясь составной частью народной педагогики, устные литературные образцы, иг­ра­ют большую роль в формировании эстетического вкуса у детей, влияют на их физи­чес­кую, умственную а также на развитие мышления.

В статье говорится о детском фольклоре, который является одной из составляющих частей Азербайджанского фольклора, а также в этой сфере о детском творчестве и испол­ни­тельстве. По разделению автора на две составные части т.е взрослых и детей, созданные ими образцы среди которых исследуется их вторая часть: возникновение и испол­ни­тель­ские особенности.

Ключевые слова: детский, фольклор, творчество, исполнительство, сказитель, об­ра­зец, игра, санама, дюзгю.
Məsələnin qoyuluşu: Bəllidir ki, uşaq folkloru bir çox bölgələrdən topla­nıb tədqiq olunmuşdur. Bu nümunələrin toplanıb elmi cəhətdən araşdırıl­ma­sı həm folklorşünaslıq, həm də xalq pedaqoqikasının yaşadılması baxımından önəm­­li məsələdir. Uşaq folkorunda epik, lirik və dramatik növlərin ilkin izləri möv­cuddur.

İşin məqsədi: Məqalədə uşaq folklorunun yaranma və ifa prosesi tədqiq edilmişdir. Məqsədimiz uşaq təfəkkürünün formalaşmasında bu ədəbi nümu­nələrinin xüsusi çəkisi və rolu olduğunu göstərməkdir.
Sağlam mühitdə dünyaya gələn hər bir uşaq adətən öz yaxınları tərəfindən ilk olaraq folklor janrlarının ifası ilə qarşılanır. Ana, ata, nənə, baba və digər doğmaları alqış, xeyir-dua, layla, əzizləmə, nazlama kimi janrlardan istifadə ilə yeni həyatın başlanmasını qeyd edir və yeni doğulmuşla ünsiy­yətlərini elə bu tərzdə də davam etdirirlər.

Uşaqlara həsr olunmuş xalq yaradıcılığı nümunələrinə uşaq folkloru deyi­lir. Xalq pedaqoqikasının tərkib hissəsi olan bu şifahi ədəbiyyat nümunələri onla­rın fiziki, zehni, əqli, estetik və s. cəhətdən formalaşmasında böyük rol oynayır. “Uşaq folkloru dedikdə, hər şeydən əvvəl, şifahi xalq yaradıcılığının bö­yük­lər və uşaqlar tərəfindən yaradılan elə nümunələri nəzərdə tutulur ki, uşaq­ların məişətini, oyunlarını, əyləncəsini, istirahətini, məşğuliyyətlərini, istək­lərini, arzularını ifadə etsin və əhatə etdiyi mövzuları, ideyaları, forması, məzmunu, üslubu, hətta sözlərin seçilib-düzülməsi, ifadə tərzi körpələrin zövqünə, biliyinə, dünya baxışına, yaş səviyyəsinə, psixikasına uyğunlaşdırılsın” (8, 9).

Adətən uşaq folkloru deyəndə layla, nazlama, tapmaca, yanıltmac və s. dü­şü­nülür. Müxtəlif zamanlarda nəşr olunmuş folklor toplularında da “Uşaq fol­klo­ru” başlığı altında əsasən bu janrların verildiyini görürük. Azərbaycan fol­kloru an­tologiyasının II – İraq-türkman (2), III – Göyçə (3), VIII – Ağbaba (4), X – İrə­van çuxuru (1) başlığı altında nağıllar, uşaq oyunları, düzgülər, acıtmalar, çaş­dır­malar, sanamalar, laylalar, nazlamalar – əzizləmələr, yanıltmaclar və s. veril­mişdir. Bir sıra folklor toplularında isə uşaqlara aid şifahi ədəbiyyat nümu­nə­ləri ümumi sırada verilmiş, xüsusi qruplaşdırma aparılmamışdır. Folklor nəşr­lə­rinin çoxunda uşaq folkloru deyəndə əsasən böyüklərin kiçik yaşlıları ovut­maq, əylən­dirmək, ətraf aləmlə tanış etmək və s. məqsədilə söylədikləri əsərlər nə­­zər­də tutulur. Uşaqlara söylənən bu mətnlərin əksər hissəsi adətən yaşlı nəslin nüma­yən­dələri tərəfindən düzülüb-qoşulur, yaradılır. Bu baxımdan həmin nümu­nələri iki qrupa ayırmaq olar:


  1. Həyatın ilkin çağlarında uşaqlara söylənən folklor janrları: laylalar, nazlamalar;

  2. Uşaqların özlərinin dinləməyə, oxumağa, ifa etməyə çalışdığı folklor janrları: nağıl, sanama, yanıltmac, tapmaca və s. (7, 34).

Birinci mərhələdə mətnin yaradıcısı da, ifaçısı da yaşlı nəslin nümayəndəsidir. Qarşı tərəf, yəni uşaq yalnız dinləyicidir. İkinci mərhələdə isə artıq nitq və təfəkkürün, qismən də olsa, formalaşması uşaq ifaçılığına meydan açır: böyükləri yamsılamalar ifaçılığın ilkin əlamətləri kimi özünü göstərir.

Uşaq folkloru nümunələrinin içərisində uşaq təfəkkürünün məhsulu olan ör­nəklər də az deyil. Həyatlarının passiv dövrlərində gün ərzində yaşlı nəslin nü­ma­yəndələrinin söylədiyi folklor nümunələrindən bol-bol bəhrələnən körpələr nitq inkişafının ilkin mərhələlərindən özləri də ifaçılığa başlayırlar:



Hop-hop,

Gül top.

Topu atım tut.

Yaxud:


Bir, iki,

Bizimki.


Üç, dört,

Qapını ört.

Beş, altı,

Başaltı.


Yeddi, səkgiz,

Firəngiz.

Dokquz, on,

Qırmızı don.



Burada ardıcıl və düzgün saymaq bacarığından, bir də qafiyədən yeni uşaq şeiri yaranmışdır.

Daha çox oyun zamanı özünü göstərən bu ifalarda onların düşüncə tərzinə xas fantaziyalarını görməmək mümkün deyil. Fantaziya uşaq şəxsiyyətinin normal inkişafının mühüm şərtidir, onun yaradıcılıq imkanlarının sərbəst üzə çıxması üçün zəruridir (10, 371).

Bir çox oyunlar və bu oyun prosesində və ya bir-biri ilə ünsiyyət zamanı şə­ra­itə uyğun söyləmələri – məsələn, tüstünü qovmaq; oyunu yarımçıq tərk edə­ni ifşa etmək; itmiş bir əşyanı tapmaq və s. üçün söylənən mətnləri, çox gü­man ki, uşaqlar özləri uydurmuş, zaman-zaman təkmilləşdirmişlər. Oyunun zəruri ele­menti – “gu­ya” sözünün köməyi ilə yaradılan təxəyyül situasiyası uşa­ğın malik olduğu tə­səv­vürlər ehtiyatının məntiq qaydaları və həqiqətə uyğunluq tə­ləb­­ləri ilə məhdudlaş­dı­rıl­madan sərbəst olaraq dəyişdirilməsindən ibarətdir (10, 370). P.Əfəndiyevin fikri ilə razılaşaraq bu baxımdan uşaq folklorunu iki qismə ayıra bilərik: “böyüklərin uşaqlar üçün yaratdığı nümunələr və uşaqların öz yaradıcılığı” (6, 301).

Müəlliflərin yaş fərqi mətnlərin məzmunlarında da özünü göstərir. Yaşlı nəs­lin nümayəndələrinin uşaqlar üçün yaratdıqları əsərlərdə professionallıq du­yu­lur: həmin əsərlərdə məharətlə işlədilmiş məcazlar, məzmunun mükəmməl­liyi, gələcəklə bağlı arzular və s. əks olunur. Məsələn:

Layla dedim, yatasan,

Qızılgülə batasan.

Qızılgülün işində

Şirin yuxu tapasan.

Yaxud:

Güçüm, təpərim,



Düşmən çəpərim.

* * *


Gülüm, gül dənəm,

Mənim bir dənəm (9, 377).

Başqa bir misala nəzər salaq:

Ay Allah, bundan beş dənə ver,

Göydə uçan quşdara ver.

Qarımış, qocalmışdara ver,

Evdə qalmışdara ver (3, 686).

Uşaqlar hələ məcazları dərk etmək iqtidarında olmadıqlarından (yanaşı yol gedərkən valideynin “ayağının altına bax” fikrinə “axı yol gedirəm, indi ayağımın altına necə baxım” demələri də buna sübutdur ki, onlar eşitdiklərini həqiqi mənada qavrayırlar), elə buna görə də onların ifa etdikləri əsərlərdə məca­zi mənalı söz və ifadələr də yox dərəcəsindədir.

F.Bayat folklor mətnini söyləmə texnikasına, bacarığına, sənətkarlıq dərə­cə­sinə, estetik zövqünə görə söyləyiciləri iki qismə – usta və həvəskar qisminə bölür (5, 45). Bu baxımdan həmişə ikinci qismə daxil olan uşaqlar bəzən qarşı tərəf olmadan da eşitdiyi sanamanı, düzgünü, cırnatma və s.-ni zümzümə forma­sın­­da özünəməxsus ritmlə – musiqi ilə söyləyirlər.

Böyüklərin uşaqlar üçün yaratdıqlarından fərqli olaraq, uşaqların yaradı­cı­lı­ğı daha real, sadə, aydın, mətnaltı mənası üzdə olan, alliterasiya və assonansla zən­gin mətnlərdən ibarət olur. Məsələn:

Fatma xala sazanda,

Aşı bilirər qazanda.

Özü yeyər nimçədə,

Qonağa verər çömçədə.

Maraqlı faktdır ki, istər yaşlı nəslin nümayəndələrinin uşaqlar üçün düzüb-qoşduqları, istərsə də uşaqların özlərinin yaradıcılıqları əksər hallarda nəzm for­ma­sındadır. Bunun da öz səbəbləri var: nəzmlə olan mətni yadda saxlamaq asan olur, o, həmişə yaddaşda hazır formadadır. Ritm, ahəng, qafiyə − bütün bunlar yad­da­saxlamaya xidmət edir. Hətta mənasını anlamadıqda, fikirləri əlaqə­lən­dirməyi ba­carmadıqda belə, qafiyələnən sözlərdən biri digərini xatılamağa şərait yaradır.

Folklorun özəlliklərindən biri də söyləyicini dinləyənin, yəni qarşı tərəfin olmasıdır. Həyatının ilkin dövrlərində passiv dinləyici olan uşaqlar dilaçmadan sonra fəallaşır, mətnləri təkrarlamağa çalışır, bu ünsiyyətə qoşulur. “...Folklor söyləyənlə dinləyənin arasında, bir növ, dialoqdur, münasibətdir, informasiya alış-verişidir” (5, 41). Uşağın nağıl dinləməsi və söyləməsi də maraqlı bir pro-se­s­dir. Təkrar-təkrar dinlədiyi nağılda bir cümlənin yerini dəyişik söyləməyə belə “icazə” verməyən balacalar dərhal söyləyicinin ifasına müdaxilə edir, mətni yadında qalan əvvəlki ardıcıllığına, formasına qaytardır. O, tələbkar bir dinlə­yicidir və söyləyici ilə dialoqda güzəştə getməyən tərəfdir.

Uşaq mənəviyyatının gündəlik bədii tərtibatını təşkil edən, estetik zövqünü cilalayan, mənəvi tələbatını ödəyən bu nümunələr məzmunca müxtəlif qruplara bölünür. Maraqlıdır ki, bəzən çox da dərin məzmuna malik olmayan, asan qavranılan və yadda qalan bu mətnlərin hər birinin xüsusi söylənmə məqamı var – onlar müxtəlif situasiyalarda özünəməxsus iş görür. Yoldaşları ilə oynamağa başlayan uşaq, demək olar ki, artıq “cəmiyyət”ə qoşulur və bu “cəmiyyət”də bir-biri ilə dil tapmağı, yola getməyi öyrənir. Onların yaradıcılığı da daha çox bu oyunlarda özünü göstərir. Məsələn, yalan danışmağı bağışlamayan uşaqlar onu əxlaqi qüsur hesab edir və öz aralarında yalan danışanı aşağıdakı kimi ifşa edirlər:

Yalançı bəndə,

Gəlmə bu kəndə.

Dərini soyallar,

Samana qatallar.

Çox sadə, oynaq ritmli, zəngin qafiyəli bu kiçicik şeirdə bir ədalət məhkə­mə­­si qurulmuşdur və qərar belədir: yalançı kənddən qovulmalı və bir də bu yerə dö­nərsə, dərisinə saman qatılmalıdır. Cəzalandırmaq, işgəncə vermək məfhum­la­rı­­nın sinonimi olan “dərisinə saman təpmək” kimi obrazlı xalq ifadəsindən isti­fa­də edilməklə mükəmməl poetik-didaktik bir əsər yaradılmışdır.

Uşaq folkloru janrları özünəməxsus poetik formaya və bədii məzmuna ma­lik­dir. Heca sayı az olan bu əsərlərdə çox vaxt ritm məzmunu üstələyir, oynaq­lıq, səs çevikliyi əsas əlamət kimi fəallıq göstərir. Bu, hələ təfəkkürü tam forma­laş­­mamış uşağın estetik zövqündə ritmin önəmli olmasından irəli gəlir. Söyləmə zamanı o, məzmundan çox musiqini gözləyir, ona diqqət yetirir. Hətta nəsr cüm­lə­lərini müəyyən ritmlə, eyni sözləri təkrar etməklə şeir yaradır, öz poetik zöv­qü­­nü təmin edir. Bütün bunlar yaddasaxlama və mexaniki şəkildə yadasalma işi­nə xidmət edir. Aşağıdakı nümunəyə diqqət edək:

Şeytan, tap,

Tap, tap.

Yoxsa balalaruun başın kəsərəm.

Şeytan, tap,

Tap, tap.

Yoxsa balalaruun başın kəsərəm...1

Uşaq itmiş bir şeyi axtararkən bu “tilsim” vasitəsilə öz mifik dünyagö­rü­şündə şər qüvvəni ram etmək üçün ona hədə-qorxu gəlir və məqsədinə çatana qədər bu mətni təkrar-təkrar söyləyir. Bu təkrar söyləmələr əslində qafiyəsi olma­yan bir mətndən oynaq ritmli bir şeir yaratmış olur. Uşaq böyüklərin söylə­diyi hədis və s.-dən tandıdığı şeytanı pis əməllər sahibi, hamıya pislik etməyə çalışan bir varlıq olaraq təsəvvür edir. Uşaq təxəyyülündə “tilsiməsalma” elə də çətin bir iş deyil. Onlar yeri gəldikcə bu priyomlardan (dava-dalaş olmadan) məha­rət­lə istifadə edirlər. Məsələn, oyun prosesində rəqibini uğursuzluğa düçar etmək üçün yerə X (iks) işarəsi çəkərək təkrar-təkrar söyləyir:

Əlin, qolun bağlamışam,

Dərin quyuya sallamışam.

Əlin, qolun bağlamışam,

Dərin quyuya sallamışam...

Böyüklərdən eşitdikləri nağılların bir çoxundan nağıl qəhrəmanının əl-qolu­nun bağlanaraq dərin quyuya sallanması mənzərəsi ilə uşaqlar artıq tanış­dır­lar. “Mə­likməmməd” nağılında növbə ilə qardaşların üçünü də deyilən formada quyuya sallayırlar. Onlardan ikisi buna dözmür, “yandım, ipi çəkin” deyir və yarı yoldan ge­ri qayıdırlar. Üçüncü qardaş, yəni Məlikməmməd isə odun istisinə axıra qədər dö­zür, qaranlıq dünyaya düşür, gedib div yaşayan yerə çatır və s. Uşağın dinlədiyi “Yu­sif və Züleyxa” əfsanəsi, “Məlikməmməd” və digər nağıllardan dərin quyular haqqında müəyyən təsəvvürü var. Onun aləmində cə­hən­nəm istisi, qaranlıq dünya, qorxulu div – bütün bunlar dərin quyunun içindədir. Uşaq yaddaşında özünə yer elə­miş bu epizodlardan məqamı çatanda istifadə edir. Çox güman ki, nümunə göstər­diyimiz söyləmədə uşaq həmin dözülməz quyuya sallama səhnəsini gözü önünə gətirmiş və qarşı tərəfə də bunu arzulamışdır ki, oyunda uğur qazana bilməsin.

Əvvəlki mətndə əgər şər qüvvə – şeytan xeyir iş görməyə cəlb edilirdisə, ikinci “tilsiməsalma”dan rəqibin uğurunun, müvəffəqiyyətinin qarşısını almaq üçün istifadə edilir. Bunların ikisi də çox kiçik mətnlərdir, lakin ifa prosesində təkrar-təkrar söylənməklə həcmi böyüyür. Birincidə (şeytana müraciətdə) ritm ifa zamanı yaradılırdısa, ikinci mətndə elə yazıda da (səsləndirmə olmadan da) qafiyəni, ritmi görmək mümkündür: əlin – qolun; bağlamışam – sallamışam.

Uşaq oyunları – onların fikirlərində qurub-yaratdıqları xəyallarının hal-hazırda yalnız oyunlarda gerçəkləşdirə bildikləri modelləridir. Uşaqlar bu “ger­çək” fəaliyyətləri zamanı güzəştə, yalana, saxtakarlığa yol verilməsinə razı ol­mur, ədalət hissini mükəmməl şəkildə qoruyurlar. Oyunu yarımçıq tərk etmək digər iştirakçılara xəyanət deməkdir. Bu xəyanətə biganə qalmayan tərəf müqa­bilinin dilindən qaçanın ünvanına söylənən nümunəyə diqqət yetirək:

Oyunnan qaçan oyulsun,

Soğan kimi soyulsun.

Bu şeirdə meydandan qaçmaq, yarımçıqlıq, namərdlik ifşa edilir, rəqibə acılıq rəmzi olan soğan kimi soyulmaq (soğan soyula-soyula yoxa çıxır) arzu edilir. Bu daha çox qarğışı xatırladır.

Digər bir misala nəzər salaq. Ətraflarında burula-burula havaya yayılan tonqal tüstüsü oyun zamanı uşaqlara çox mane olur. Xüsusən payızın sonu, yazın əvvəllərində (bağların təmizlənməsi ilə əlaqədar) rast gəlinən tonqal tüstüsünü, acını qovmaq, rahat nəfəsalmaya maneəni aradan qaldırmaq üçün oxuyurlar:

Tüsdü baba, o yana get, o yana get,

Qatıx çalan o yandadı, o yana get.

Həmin mətnin başqa bir variantı belədir:

Tüsdü baba, get qatığuu yi, gəl.

Uşaq təxəyyülündə tüstü ilə qatığın hansı oxşarlığı, eyniyyəti olduğunu demək çətindir. Lakin hamımızın içindən keçib gəldiyimiz bir uşaq dünyamız var, yaddaşımızda həmin mətnləri bugünümüzə daşısaq da, onun hansı düşüncəmizin məhsulu olduğu, bir çox “niyə”lərin cavabı o dünyamızda qalıb. Bəlkə, tüstünün rəngi qatığa bənzədilib, bəlkə də, burula-burula getməsi qatıq çalma – qarışdırma prosesi ilə müqayisə edilib. Lakin tərəddüd etmədən deyə biləcəyimiz bir fikir var: bu, uşaq təfəkkürünün şedevrləridir.

Daha çox oyun konfliktləri əks olunmuş bu mətnlərdə heç bir əlbəyaxa savaş yoxdur, həmin işi söz görür. Küsən iki uşaq kiçik – çəçələ barmaqlarını bir-birinə keçirib çəkməklə xüsusi ritual icra edir və bununla da aralarındakı dostluq münasibətlərinə xitam verir, “sərhəd”lərin bağlanmasını aşağıdakı şeirlə bildirirlər:

Xançal, pıçax, kəs, küs,

Yüz il mənnən küs.

Gəl gedəh bizə,

Çay qoyum sənə.

Dindirmə məni,

Boğaram səni.

Göründüyü kimi, həyatlarının ilk günlərindən laylalarla uyuyub, nazla­ma­lar­la sevinib-gülən, sanamalar, düzgülərlə dil açan, folklor söyləyicisi olan uşaq­lar nitq və təfəkkürün müəyyən formalaşma mərhələsindən sonra həm də folklor ya­radıcılarına çevrilir, hiss və duyğularını bədii şəkildə ifadə edirlər.



İşin elmi nəticəsi: Uşaqlar folklor daşıyıcısı, ifaçısı və eyni zamanda folklor yaradıcılarıdır. Onlar Azərbaycan folklorunun yaranması və yaşaması pro­se­sində fəal iştirak edirlər.

İşin elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq uşaqların folklorun lirik janr­la­rında daşıyıcı, ötürücü rolundan söz açılmış, onların həyat və düşüncə tərzinə gö­rə yaratdığı mətnlərdən nümunələr verilmişdir.

ƏDƏBİYYAT


  1. Azərbaycan folkloru antologiyası, X c (İrəvan çuxuru). – Bakı: “Səda”, 2004. – 471 s.

  2. Azərbaycan folkloru antologiyası, II c (İraq-türkman). – Bakı: “Nurlan”, 2009. – 436 s.

  3. Azərbaycan folkloru antologiyası, III c (Göyçə). – Bakı: “Nurlan”, 2009. -663 s.

  4. Azərbaycan folkloru antologiyası, VIII c (Ağbaba). – Bakı: “Səda”, 2003. – 475 s.

  5. Bayat F. Folklor dərsləri. – Bakı: Elm və təhsil, 2012. – 424 s.

  6. Əfəndiyev P. Azərbaycan folklorşünaslığının problemləri. – Bakı, 2003. – 371 s.

  7. II Beynəlxalq türk xalqları ədəbiyyatı konqresi. Materiallar, 11-13 oktyabr, 2012. – Bakı, 2013.

  8. Qarabağ: folklor da bir tarixdir, VII c. – Bakı: Elm və təhsil, 2013. – 465 s.

  9. Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. – Bakı: Elm və təhsil, 2013. – 540 s.

  10. Ümumi psixologiya / A.B.Petrovskinin redaktorluğu ilə. – Bakı: Maarif, 1982. – 495 s.

  11. Mənbəyi qeyd olunmayan folklor nümunələri şəxsi arxivimizdəndir.



Çapa tövsiyə edən: fil.ü.f.d. Nail Qurbanov

Səadət BAYRAMOVA

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun kiçik elmi işçisi

e-mail: seadet_ bayramova@mail.ru
Y.V.ÇƏMƏNZƏMİNLİ VƏ AZƏRBAYCAN NAĞILLARI
Xülasə

Y.V.Çəmənzəminli Azərbaycan ədəbiyyatı tarixində yazıçı və folklorşünas kimi mühüm yer tutur. O, bir folklorşünas kimi nağılların toplanması və tədqiqi sahəsində gərəkli işlərə imza atmaqla kifayətlənməmişdir. Bədii yaradıcılığında nağıl motivlərinə, rəngarəngliklə müşahidə olunan nağıl formullarına müraciət etmişdir. Onun əsərlərində nağıla müraciətin səbəbləri, məqsəd və mahiyyəti bütün tərəfləri ilə görünür.



Açar sözlər: Y.V.Çəmənzəminli, folklor, nağıl, ədəbiyyat, folklorşünas
Y.V. CHAMANZAMINLY AND AZERBAIJAN TALES
Summary

Y.V.Chamanzaminly takes an important place in the history of Azerbaijan literature as a writer and a specialist in folk-lore. As a specialist in folk-lore he is not satisfied only with the gathering tales and their investigation. In his literature activity he applied to the tale motives and tale formulas environed by many – colouredness. In his works the motives of his applying to the tale, aim and main point are shown with all sides.



Key words: Y.V. Chamanzaminly, folk-lore, tale, literature, specialist, in folk-lore
Ю.В.ЧЕМЕНЗЕМИНЛИ И АЗЕРБАЙДЖАНСКИЕ СКАЗКИ
Резюме

Ю.В.Чеменземинли занимает важное место в истории азербайджанской литературы и фольклористики. Его вклад в отечественную культуру как фольклориста заключается не только в собрании и исследовании сказок. В своем художественном творчестве он также обращался к сказочным мотивам и формулам, отличающимся большим разнообразием. Его произведения позволяют с ясностью проследить причины, цели и суть обращения писателя к сказкам.



Ключевые слова: Ю.В.Чеменземенли, рассказы, азербайджанские сказки, мотивы сказок

İşin məqsədi: Y.V.Çəmənzəminlinin yaradıcılığında nağıla müraciətin for­ma və üsullarını müəyyənləşdirmək, folklorşünas kimi araşdırmalarında nağı­lın yerini və funksiyasını aydınlaşdırmaqdır.
XX əsrin birinci yarısında nağıl mövzusuna müraciət edən sənətkarlar sıra­sında daha çox diqqəti cəlb edənlərdən biri Y.V.Çəmənzəminlidir. Xalqın zəngin ədəbiyyatı həm tədqiqatçı, həm də yazıçı kimi həmişə onun marağında olmuşdur. Hər iki istiqamətdə də gərəkli işlərə imza atmışdır. Çünki görkəmli ədi­bin xalq ya­radıcılığınən toplanması, nəşri və tədqiqi sahəsində gördükləri həm də bədii ya­ra­dı­cılığına təsirini göstərirdi. Bütün bunlara ümumi şəkildə diq­qət yetirdikdə o da aydınlaşır ki, Y.V.Çəmənzəminli yaradıcılığının mahiyyə­tində xalqın zən­gin yara­dı­cılığı dayanır. “O, hərtərəfli biliyə malik məşhur yazıçı və alim olmuş­dur. Y.V.Çə­mənzəminli Azərbaycan xalqının adət-ənənələrini, məişət tərzini, tarixini, ədə­biy­yatını, folklorunu dərindən bilirdi... Xalq ədəbiy­ya­tına dair bir sı­ra elmi mə­qalələrin müəllifidir. Bu məqalələrdə Azərbaycan xalqının keçmiş ta­ri­xi, inkişafı, forma və məzmun xüsusiyyətləri dərindən tədqiq olunur... Ədib bir sıra məqalə­lə­rində Azər­baycan nağılları barədə danışır. Bu janrın xalqın keçmişi, dünyagörüşü və folklorun başqa janrları ilə əlaqələrindən bəhs edir” (7, 55). Göründüyü kimi, Y.V.Çə­mən­zə­minli bir folklorşünas olaraq Azərbaycan fol­klor­şünaslığının tarixinə adını yazmış­dır. Xalq ədəbiyyatının ayrı-ayrı prob­lem­ləri ilə bağlı yazdığı mə­qa­lələr, apardığı tədqiqatlar bunun göstəricisidir. “Azər­baycan ədəbiyyatına bir nə­zər”, “Azərbaycan nağıllarının əhvali-ruhiyyəsi”, “Nağıllarımızı necə toplamalı”, “Nağıllarımız barə­sində bir-ki söz”, Xalq ədəbiyyatında bəzi təmayüllər”, “Xalq ədəbiyyatının təhlili”, “Vəsfi-hal”, “Ağı”, “Folkolr yolunda”, “Azərbaycanda zər­düştlük adətləri” kimi əsərləri görkəmli ədibin folorşünas fəaliyyətinin hadisəsidir. Bu məqalələrlə o, adını folklor­şünaslığımızın tarixinə yazmışdı. Y.V.Çəmən­zəmin­linin yaradıcılığında na­ğıl­­lar­la bağlı məsələyə gəldikdə, ilk əvvəl onu deməliyik ki, nağıllar və nağıl möv­zusu onun düşüncəsinin mühüm bir hissəsini məşğul etmişdir. Görkəmli ədib bu istiqamətdə maraqlı məqamlara toxunaraq bir məsələni vur­ğu­layır: “Üsu­la gəldikdə nağıl ədəbiyyatının müəyyən üsulu var. Onları gözəl edən və süs­ləndirən müəyyən dil, tərkib və cümlələrdir. Xalq ədəbiyyatı ilə maraq­lanan­lar bu nöqtəni unudurlarsa, çəkdikləri zəhmət hədər olar. Xüsusən cümlələr və dil na­ğılda da əhəmiyyətli yer tutur. “Bir çox nağılların “Biri var imiş, biri yox imiş, al­lah var imiş, bəndəsi yox imiş” deyə başlandığını hır kəs bilir, qur­tar­dıqda o yedi ye­rə keşdi, sən də ye dövrə keç” deyirlər. Gözəl gördükdə “yemə-iç­mə xətti-xalına, gül camalına tamaşa et”, yol getdikdə “az getdi, üz getdi, dərə-tə­pə düz getdi” kimi cümlələr nağılın zinəti hesab edilir” (6, 280-281). Məhz klassiklərimiz də bu “zi­nəti”, gözəlliyi görüb bundan əsərlərində bolluqla bəh­rə­lənməyə çalışmışlar. Bun­lar­dan təkcə forma kimi deyil, həm də ifadəlilik ha­di­səsi kimi yararlanmışlar. Nağıl onlar üçün dövrün, mühitin problemlərini ifadə üçün bir mənbəyə çevrilir. Y.V.Çə­mənzəminlinin “Qızlar bulağı”, “Qayınananın oyunları”, “Fokusnik”dən”, “Xanın qəzəbi” və s əsər­lərinin mahiyyətində nağıl motivləri durur. Məsələn, “Fokus­nik”­dən adlı hekayəsinin başlanğıcında “Şərq nağılı” ifadəsi qeyd olunur. Kifayət qədər tipik bir hekayədir. Hekayədə çətinkiklə yaşayan Yaqub adlı şəxs təsvir olunur. Arvadı ona məsləhət görür ki, get bazara şəhərə gələn qonaqların falına bax. Yaqub isə halal, əyri işləri bacarmayan bir şəxsdi. Bu onun bütün hərəkətlərində nəzərə çarpır. “Bir müddətdən sonra belə bir şaiyə yayılır ki, qüdrətli bir müdrik meydanda tək oturub.

Bu xəbəri eşitcək bir tacir onun yanına gəldi və dedi: “Qüdrətli şeyx, mən öz eşşəyimi itirmişəm. Onun yerini mənə desən səni mükafatlandıracağam”.

Bədbəxt Yaqub bu an yerə girmək istədi və bunun üçün fikrində öz arvadını günahlandırdı: “Axı o məni niyə bura gəndərdi. Mən cavab verməliyəm. İndi nə cavab verim”?

Ancaq sonra özünü ələ alıb dedi:

- Get qəbristanlığa. Ey qəmli insan!

İş elə gətirir ki, təsadüfən eşşək qəbristanlıqda olur və tacir onu tapır. Tacir sevinir və qayıdıb Yaquba beş gümüş pul verir”. (4, 354). Bundan sonra Yaqub bir başqa hadisə ilə - qızıl pul kisəsini itirmiş tacirlə qarşılaşır. Və Yaqubun şöhrəti sultana qədər çatır. Onun daş-qaşlarını oğurlayanın tapılması üşün Yaquba müraciət olunur. Yaqub burada da məsələni həll edir. Bütün bunlar yazıçı tərəfindən cəmiyyətin ağrılı problemləri kimi yazıya gətirilir. Bu hadisənin müxtəlif şəkildə təqdimatları XIX əsrdə və ondan sonrakı yüzillikdə də davan edir. Yazıçı bununla bir tərəfdən cəmiyyətdəki ağır vəziyyəti təsvir edib insanların yaşamaq çətinliyini verirsə, digər tərəfdən cəmiyyətin mədəni səviyyəsinin aşağı olmasını, savadsızlığını, cahilliyini göstərirr. Çünki hekayədə verilən Yaqub obrazı kifayət qədər təmiz mənəviyyatlı bir adamdı. Onu bu yola dolanma çətinliyi, düşdüyü yolun ağırlığı təhrik edir. Yaqubun həyat yoldaşında hansısa xarakter qüsuru tapmaq olar. Hekayədə də onun mühiti bilməsi və ona uyğunlaşması sezilir. “Biz ikimiz də ac ola-ola sən niyə işsiz oturmusan... Get meydana. İndi orada bazar var. Şəhərə gələn qonaqların falına bax” fikrində də görünür. Yazıçı bununla cəmiyyətdəki qüsuru, çatışmamazlıqları verir və bunların hamısını cəmiyyətin həyat səviyyəsinin aşağılığı ilə əlaqələndirir. Maariflənmə işinin bir problem kimi aparılmasının gərəkliyini söyləyir. “Qaynananın oyunları” hekayəsində” isə cəmiyyətin problemlərinin tamamilə bir başqa tərəfi, ailə münasibətləri müstəvisində təhlil olunur. Hürizadın şəxsində kifayət qədər problemli, çətin bir adamın obrazını yaradır. Yazıçı burada da nağıl təhkiyəsinə üstünlük verir. Hekayənin başlanğıcında da bu görünür. “Mənim sizə nağıl edəcəyim qaynana olduqca məşhurdur – bunu tanımayan yoxdur; xeyirə-şərə yarar, bazarda növbələrdə dolaşar, tramvaya minmək lazım gəlsə, pilləkəni yarım saat avara qoyar və özünü içəri soxduqdan sonra da bir saat döyüşər” (4, 271). Y.V.Çəmənzəminlinin hekayələrinin biri “Məlik Məhəmməd” adlanır. Demək olar bütün tərəfləri ilə nağıl konstruksiyasında işlənmişdir. Daha doğrusu, bir sıra əlavələr nəzərə alınmazsa elə demək olardı ki, “Məlikməmməd” nağılının özüdür. Və onu da deyək ki, Y.V.Çəmənzəminli nağıllarla bağlı apardığı toplama və araşdırma işlərinin mühüm bir hissəsi nağıllarımızla bağlıdır. Onun yuxarıda xatırlatdığımız nağıllarla bağlı məqalələrində də bunu görürük. Onu da əlavə edək ki, elə araşdırmalarında yer alan “Məlikməmməd” nağılının toplayıcısı da odur. Bu da məhz həmin nağılın əsasında yazılmış hekayədir.

Hekayədə maraqlı bir başlama məqamı, cəmiyyətin ağrılarını ifadə etmək xüsusiyyəti nəzərə çarpır. Orada deyilir: “Qış gecəsi idi, külək evlərin bacasına düşüb vıyıldayırdı. Böyük bir həyətin kənarında bir uçuq daxmanın pəncərəsi şaqqılladıqca, içəridə uşaqlar nənələrinin qucağına sıçrayıb, qorxa-qorxa: “Ay nənə, deyəsən həyətdən şıqqıltı gəlir, vallah oğruya oxşayır”. Nənə balalarının göz yaşlarını silib deyirdi:

- Qoxmayın balalarım, bizə oğru gəlməz - gəlsə də bizim nəyimizi apa­racaq? Hamı bilir ki, dədəniz bir tikə çörək dalınca düşüb, il uzunu çöllərdə olur, heç külfəti də yadına düşmür... Qorxmayın, başınızı dizimin üstünə qoyun, görün sizə necə nağıllar deyəcəyəm.



Uşaqlar nənələrinin nağıl söyləməsini o qədər sevirdilər ki, “nağıl” adı gə­ləndə şıqqıltı qorxusu ürəklərindən bilmərrə çıxdı. Onlardan biri başını nənəsinin dizi üstə qoyub uzandı; biri o biri tərəfdən çiyninə söykəndi və balacası da qabaq­dan ocağın kənarına ayağını uzadıb, gözlərini nənəsinin üzünə dikdi. Ana uşaq­ların göz yaşlarını silə-silə başladı” (4, 79). Bu mətn o dövrdəki insanların ağır vəziyyəti, bir qarın çörək üçün hansı çıtinliklərdən keçməsi haqqında tam təsəvvür yaradır. Yuxarıda qeyd etdiyimiz kimi, XX əsr Azərbaycanın ictimai, siyasi, mədəni həyatında problemlərin ağırlığı və gərginliyi ilə müşahidə olunur. Onun həlli yolunun ağırlığı isə daha çox ziyalı mühitinin üzərinə düşürdü. Ona görə də onların böyük bir qismi problemin həllini məhz maariflənmədə, insanların mədəni səviyyəsini qaldırmada görür­dülər. Məhz bu səbəbdən də bu yazılarda, nağıllara, nağıl motivlərinə mü­ra­ciətdə bir sıra istiqamətlər görünürdü:

  1. Siyasi mühitin özbaşnalıqlarını təqdim etmək;

  2. İctimai mühit haqqında dolğun təsəvvür yaratmaq;

  3. Xalqın maariflənməsi məsələsini bir problem kimi qaldırmaq;

  4. Təhsili, elmi bütün problemlərin həlli anlamında yeganə çıxış yolu kimi görmək;

  5. İctimai mühitin mədəni səviyyəsinin yüksəldilməsinin ən uğurlu vasitə­si kimi qəbul etmək;

  6. Bədii ifadə vasitəsi kimi ən uğurlu yol hesab etmək və s.

Bütün bunlar keçən əsrin əvvəllərində yaşayıb yaradan sənətkarların yara­dı­cılığında bir xətt kimi müşahidə olunur. Buradan da aydınlaşır ki, “bu yazı­çıların məqsədi, məfkurə istiqaməti, fəaliyyət sahəsi, hətta mövzu dairəsi eyni idi. Bunların çoxu zəmanəsinin ziyalı ailəsindən çıxmış ədiblər idilər. Bu ədiblərin ən əsas fəaliyyət sahəsi və meydanı məktəb idi. Özlərinin keçdiyi təlim-tərbi­yə­dən fərqli olaraq bu yazıçılar “üsuli-cədid” məktəbinin, yeni qayda ilə təhsil və tərbiyənin qızğın tərəfdarı idilər. Bu yolda əllərindən gələni əsirgəmirdilər” (3, 233). Məhz ona görə də onların bütün düşüncəsi, təsəvvürləri problemlərin həlli anlamında maariflənməyə hesablanmışdı. Romantiklərdən fərqli olaraq hadisə­lə­rin həllini real həyatla bağlayırdılar. Bu istiqamətdə də de­mək olar bütün işlərni qurmağa çalışırdılar. Onu da əlavə edək ki, onlarda möv­cud vəziyyətlə bağlı in­qi­labi çağırışlar da yox idi. Ancaq və ancaq maariflənmə, təhsil, məktəb yolu ilə hadisələrin həllini tədrici prosesdə, reallıq müstəvisində görürdülər. Y.V.Çəmən­zəminlinin “Məlik Məhəmməd” hekayəsi də sırf bu müs­təvidə insan xarakter­lə­rini təqdim etməyə, ağlın, kamalın oynadığı rolu qiy­mət­lən­dirməyə yönəliklidi. Ona görə də yazıçı belə bir üslubu özü üçün bir yol, vasitə seçmişdir. Və bu səbəbdən də əsər kifayət qədər uğurlu və təsirli alın­mışdır. Müəllif qayəsi və məqsədinin aydınlaşması üçün əsərin sonluğunda ma­raq­lı bir məqam var. “Nağıl qurtarmışdı, uşaqlardan biri balaca əllərini sinəsinə qoyub, nənəsinin dizi üstə yuxulamışdı; balacası ocağın qırağında mürgü döyür­dü. Bircə böyük uşaq şəhadət barmağı ağzında, gözlərini nənəsinin üzündən çək­mir­di.

Şiddətli külək yenə pəncərəni şaqqıldadırdı” (4, 88). Burada bütünlükdə mühitin mənzərəsi özünün əksini tapır. Məlum olduğu kimi, nağıl xalq yara­dı­cı­lı­ğının ən zəngin, həm də həyatı kifayət qədər aydınlıqla ifadə edə biləcək for­ma­larındandır. Onun dil sadəliyi, aydın və səlisliyi özlüyündə tərbiyənin bir for­ması idi. Yazıçılar da bu formadan istifadə etməklə əsərlərinə bir təsirlilik, oxu­naq­lıq gətirirdilər. Və Y.V.Çəmənzəminli də məhz yaradıcılığında digər müasir­ləri kimi nağıl formullarından son dərəcədə ustalıqla istifadə etməklə öz yazıçı ideallarını, məqsədini ifadə edirdi. Çünki nağıllardakı bu sadəlik və aydınlıq həm mühiti ifadə etmək, narazılıqlarını çatdırmaq, həm də tərbiyəvi təsiri güc­lən­dirmək üçün lazım idi. Onlar kompleks şəkildə bütün mühitə hesablanırdı. Yuxarıdakı haqqında danış­dığımız hekayədə də bu bir istiqamət kimi görünür. Yazıçı maraqlı tərzdə təsvirini verməyə çalışdığı hadisələrin gedişinə, nəinki, na­ğıl motivlərini, bütün­lükdə nağılı yerləşdirir və bununla da qarşıya qoymuş ol­duğu məqsədə nail olur. Demək olar, Azərbaycan xalq nağılı “Məlikməmməd” yeni bir formada yazıçı təhkiyyəsində ədə­biyyata gətirilir və bütünlükdə yazılı ədə­biyyat faktına çevrilir. Y.V.Çəmən­zə­minlinin zəngin yaradıcılığında bütün bunlar bir problem kimi tədqiq olunma zərurətində görünür və daha ciddi araş­dırmaları aktuallaşdırır.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə