Corc oruell



Yüklə 351,76 Kb.
səhifə6/7
tarix15.03.2018
ölçüsü351,76 Kb.
#31577
1   2   3   4   5   6   7

Foksvudla bütün əlaqələr kəsildi. Pilkinqtona təhqiramiz məktub göndərildi. Göyərçinlərə bundan sönra Pinçfild üzərindən uçmamaq və "Frederikə ölüm!" şüarını "Pilkinqtona olüm!" şüarı ilə əvəz etmək tapşırıldı. Eyni zamanda Napoleon heyvanları inandırdı ki, guya Frederikin təhriki ilə Heyvanıstan üzərinə yürüş haqqındakı şaiyələr tamamilə əsassızdır, onun öz fermasındakı heyvanları incitməsi ilə bağlı əhvalatlar isə həddindən artıq şişirdilmişdir. Bu şaiyələri Snoubolla əlaltılarının yaydıqları daha ağlabatandır. Digər tərəfdən, Snoubollun nəinki Pinçfilddə gizlənməsi, ümumiyyətlə, ayağının yerli-dibli bu torpağa dəyməməsi faktı öz təsdiqini tapmışdır. Deyildiyinə görə o, böyük cah-cəlal içərisində Foksvudda yaşayır. Və həqiqətən də bütün bu müddət ərzində Pilkinqtondan böyük maddi yardım almışdır.

Napoleonun bicliyi donuzları vəcdə gətirmişdi. O, üzdə özünü Pilkinqtonun dostu kimi göstərərək Frederiki materialın hər kub metrinin qiymətini on iki funta qaldırmağa məcbur etmişdi. Lakin Çığırğanın da dediyi kimi, Napoleonun hüdudsuz müdrikliyi onun heç kimə, hətta Frederikə də inanmamasında idi. Frederik material almaq üçün "çek" adlanan hansısa bir kağız parçası ödəmək istəyirmiş. Guya sonra bu kağızda yazılan məbləğə bankdan pul götürmək mümkündür. Lakin Napoleonun başını belə şeylərlə aldatmaq olmaz! O, Frederikdən pulu beşfuntluq əskinaslarla nəqd ödəməyi tələb edib. Həm də pul ağac materialı aparılmamışdan əvvəl ödənməlidir. Frederik artıq bu tələbi yerinə yetirib. Onun verdiyi pul dəyirmana avadanlıq almaq üçün kifayət edir.

Bu arada satlıq mal fermadan ildırım sürəti ilə yoxa çıxdı. Materiallar daşınıb qurtaran gün Frederikdən alınan əskinaslara tamaşa etmək məqsədi ilə anbarda heyvanların yeni ümumi toplantısı çağırıldı. Iki ordenini də yaxasına taxan Napoleon sifətində özündən razı bir təbəssümlə anbarın baş tərəfindəki hündür yerdə, saman doldurulmuş döşəyin üstündə oturmuşdu. Onun qarşısında fermanın mətbəxindən götürülmüş çini boşqabda səliqə ilə çinlənmiş əskinaslar vardı. Heyvanlar sıra ilə boşqabın qabağından keçir və gözlərini zilləyib pullara baxırdılar. Bokser özünü saxlaya bilməyib burnunu boşqaba uzatdı. Onun nəfəsindən əskinaslar xışıltı ilə tərpəndilər.

Üç gün sonra dəhşətli səs-küy qopdu. Rəngi ağarmış Uimper velosipeddə sürətlə həyətə daxil olub başı alovlu ferma binasına girdi. Bir an keçməmiş Napoleonun iqamətgahından bağırtı eşidildi. Hadisə haqqında xəbər fermanın altını üstünə çevirdi. Sən demə əskinaslar saxta imiş. Belə çıxırdı ki, Frederik materiala müftə yiyələnib!

Napoleon dərhal heyvanları topladı və qorxunc səsi ilə Frederikə ölüm hökmü çıxardığını elan etdi. Ələ keçən kimi bu yaramazın diri-diri qazanda qaynadılacağını bildirdi. Belə xəyanətdən sonra ən pis hadisələrin də mümkün olması barəsində xəbərdarlıq etdi. Frederiklə adamları çoxdan gözlənilən hücumlarını hər an həyata keçirə bilərdilər. Dərhal fermanın giriş-çıxışlarında qarovullar yerləşdirildi. Dörd göyərçin xüsusi vasitəçilik missiyası xahişi ilə Foksvuda göndərildi. Məktubda tezliklə Pilkinqtonla xoş münasibətlərinin bərpa ediləcəyinə ümid ifadə olunurdu.

Hücum ertəsi gün başlandı. Novbətçi Frederiklə adamlarının artıq beş laylı darvazanın qarşısında olması xəbərini gətirəndə səhər yeməyi yeyilirdi. Heyvanlar cəsatərlə düşmənin qarşısına çıxdılar. Lakin bu dəfə "Pəyə döyüşündə"ki kimi asan qələbə qazanmaq mümkün olmadı. Onları təxminən yarısı tüfənglə silahlanmış on beş insan qarşıladı və dərhal da təxminən əlli yardlıq məsafədən atəş açmağa başladılar. Heyvanlar dəhşətli patıltı səslərinə və güllə vıyıltılarına tab gətirə bilmirdilər, ona gorə də Napoleonla Bokserin ruhlandırıcı çağırışlarına baxmayaraq tezliklə geri çəkilməyə başladılar. Çoxu artıq yaralanmışdı. Nəhayət qaçıb ferma binasında özlərinə sığınacaq tapdılar və qorxu içərisində gözlərini divardakı dəlmə-deşiklərə yapışdırdılar. Dəyirman da daxil olmaqla bütün otlaq yerləri düşmənin əlinə keçmişdi. Bu dəqiqələrdə hətta Napoleon da özünü itirmişdi. O, səssizcə bir küncdən o biri küncə addımlayır, yuxarı dikəlmiş irtməyi əsəbiliklə titrəyirdi. Kədər dolu baxışlar Foksvuda zillənmişdi. Əgər Pilkinqtonla adamları köməyə gəlsəydilər bu günkü günü qələbə ilə başa vurmaq olardı. Elə bu vaxt dünən Pilkinqtonun fermasına göndərilən dörd göyərçin geri qayıtdı. Onlardan biri dimdiyində Pilkinqtondan məktub gətirmişdi. Kağız parçasında etinasızcasına "Sizə bu da azdır!" sözləri qaralanmışdı.

Frederiklə adamları isə artıq dəyirmana çatmışdılar. Heyvanlar qorxu içərisində onlara baxırdılar. Ətrafa ümidsiz pıçıltılar yayılırdı. Adamlardan ikisi ling və çəkic gətirib bünövrə tərəfdən dəyirmanın divarını uçurmağa başladılar.

-Faydası yoxdur!-deyə Napoleon qışqırdı. -Biz elə divar tikməmişik ki, onu linglə uçurmaq olsun. Bir həftəyə də uçura bilməzlər. Cəsarətli olun, yoldaşlar!

Bencamin divarın yanındakı adamları diqqətlə müşahidə edirdi. Bu iki nəfər ling və çəkiclə dəyirmanın bünövrəsində oyuq açırdılar. Bencamin ümidsizlə başını yellədi.

-Mən elə belə də düşünürdüm!-dedi. -Görürsünüz nə edirlər? Indi oyuğa partlayıcı maddə qoyacaqlar.

Heyvanlar vahimə içərisində gözləyirdilər. Sığınacaqdan çıxmaq qorxulu idi. Bir neçə dəqiqədən sonra müxtəlif istiqamətlərə qaçan insanlar göründü. Ardınca qulaqbatırıcı gurultu səsi eşidildi. Göyərçinlər havaya milləndilər. Napoleondan başqa bütün heyvanlar üzüqoylu döşəməyə sərələnib üzlərini gizlətdilər. Onlar başlarını qaldıranda az öncə dəyirmanın olduğu yerdə böyük qara tüstü topası vardı. Tədricən külək tüstü dumanını qovub dağıtdı. Dəyirman yox olmuşdu!

Bu mənzərə heyvanların cəsarətini özlərinə qaytardı. Insanların bu yaramazlığı və rəzilliyi bir an əvvəl hiss etdikləri qorxu və ümidsizlik hissinin öz yerini amansız qəzəbə verməsinə səbəb oldu. Hər tərəfdən dəhşətli intiqam çağırışları eşidildi. Heyvanlar heç bir əmr gözləmədən irəli atıldılar, düşmənin üstünə yürüdülər. Həmin anlarda onlar mismar kimi bədənlərinə batan güllələrin ağrısını da hiss etmirdilər. Amansız, dəhşətli döyüş başlanmışdı. Insanlar aramsız atəş açırdılar. Heyvanların lap yaxına gəldiyini görəndə isə dəyənəklərini və ağır təpiklərini işə salırdılar. Bir inək, üç qaz və iki qoyun öldürüldü. Demək olar ki, hamı yaralanmışdı. Hətta döyüş əməliyyatına arxadan rəhbərlik edən Napoleon da düşmən gülləsindən irtməyinin ucunu itirməli olmuşdu. Amma insanlar da canlarını asan qurtarmamışdılar. Onlardan üçünün başı Bokserin təpiyi ilə əzilmişdi, birinin qarnı inək buynuzu ilə deşilmişdi, bəzilərnin şalvarı isə Cessi və Blyübelin dişləri ilə parça-parça edilmişdi. Napoleonun şəxsi mühafizə dəstəsindən olan doqquz köpək onun tapşıırığı əsasında hasarların dibi ilə irəliləyib qəflətən düşmənin arxasında peyda olanda və qəzəbli hürüşlərlə üstlərinə atılanda insanlar lap vahiməyə düşdülər. Onlar mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını anladılar. Frederikin "Nə qədər gec deyil, qaçın, canınızı qurtarın!"-bağırtısı insanları hərəkətə gətirdi. Canının hayına qalan qorxaq düşmən doyüş meydanından qaçdı. Heyvanlar onları tarlanın qurtaracağına qədər qovdular və özlərini vaxtında hasarın o biri tərəfinə ata bilməyənlərə sonuncu zərbələri endirdilər.

Heyvanlar qalib gəlmişdilər. Ancaq heydən düşmüşdülər, al qan içində idilər. Onlar asta addımlarla fermaya döndülər. Həlak olmuş dostlarının ot üzərindəki cəsədlərini görəndə göz yaşlarını saxlaya bilmədilər. Sonra kədərli sükut içərisində bir neçə saat əvvəl dəyirmanın ucaldığı yerdə toplaşdılar. Bəli, dəyirman yox idi, zəhmətlərinin son bəhrəsi də puç olub getmişdi. Hətta bünövrənin də bir hissəsi dağıdılmışdı. Daha keçən dəfəki kimi dəyirmanın bərpasında hazır daşlardan istifadə edə bilməyəcəkdilər. Daşlar yoxa çıxmışdı. Dəhşətli partlayış onları parça-parça etmiş və yüz yardlıq məsafəyə səpələmişdi. Elə bil dəyirman heç yerli-dibli olmamışdı.

Heyvanlar fermaya qayıdanda nədənsə döyüş zamanı gözə dəyməyən Çığırğan qabaqlarına çıxdı. O, quyruğunu nəşə ilə oynadırdı, sifəti sevincdən parıldayırdı. Heyvanlar ferma binasının yanında təntənəli yaylım atəşlərinin açıldığını eşitdilər.

-Bu nə atəşfəşanlıqdır? -deyə Bokser soruşdu.

-Qələbəmizi bayram edirik! - Çığırğan cavab verdi.

-Hansı qələbəmizi?-deyə Bokser soruşdu. Onun yalı qan içində idi. Nalının birini itirmişdi, dırnağı parçalanmışdı. Sağrısında bir neçə qəlpə qalmışdı.

-Necə hansı qələbəmizi, yoldaş? Məgər düşməni öz ərazilərimizdən- Heyvanıstanın müqəddəs torpaqlarından qovub çıxarmamışıqmı?

-Amma insanlar dəyirmanı dağıdıblar. Biz onu iki ilə tikmişdik!

-Nə olsun? Biz yenisini tikəcəyik. Istəsək, lap on dənə yeni dəyirman tikərik. Yoldaş, siz qələbəmizin böyüklüyünü qiymətləndirə bilmirsiniz. Düşmən üzərində dayandığımız bütün bu əraziləri tutmuşdu. Indi isə yoldaş Napoleonun müdrik rəhbərliyi sayəsində biz hər yeri son qarışına qədər geri qaytarmışıq.

-Biz yalnız öz ərazilərimizi azad etmişik, - deyə Bokser dilləndi.

-Hər halda qalib gəlmişik!

Heyvanlar həyətə keçdilər. Bədənindəki qəlpələr Bokseri bərk incidirdi. O, dəyirmanın bünövrədən başlayaraq yenidən bərpası ilə bağlı qarşıda çox çətin işlər dayandığını yaxşı başa düşürdü. Fikrində haradan, necə başlayacağını götür-qoy edirdi. Və həyatında ilk dəfə fikirləşirdi ki, artıq on bir yaşı var, qüvvətli əzələləri bir zamanlar olduğu kimi möhkəm və davamlı deyil.

Lakin heyvanlar havada yellənən yaşıl bayrağı görəndə, tüfəngdən açılan yeddi yaylım salam atəşini eşidəndə və Napoleonun təbrik nitqini dinləyəndə hər şeyə rəğmən böyük qələbə qazandıqlarına inandılar. Döyüşdə həlak olmuş heyvanların təntənəli dəfn mərasimi keçirildi. Bokserlə Klover lafeti əvəz edən arabaya qoşulmuşdular. Napoleon özü şəxsən mərasimin önündə gedirdi. Qələbəni bayram etməyə iki gün ayrılmışdı. Nitqlər söylənir, mahnılar oxunur, tüfəngdən aramsız atəş açılırdı. Xüsusi şirinlik kimi hər heyvana bir alma, hər quşa iki unsiya dən, hər itə üç biskvit verildi. Döyüşün "Dəyirman müharibəsi" adlanacağı elan olundu. Napoleon özünün imzaladığı əmr əsasında yeni "Yaşıl bayraq" ordeni ilə təltif edildi. Qələbə sevinci içərisində saxta əskinaslarla bağlı xoşagəlməz əhvalat çox tezliklə unuduldu.

Bundan bir neçə gün sonra isə donuzlar fermanın anbarında saxlanan viskini tapdılar. Bura təzə köçəndə viski nədənsə gözlərinə sataşmamışdı. Həmin gecə ferma binasından aramsız mahnı sədaları eşidilirdi. Ən təəccüblüsü ara-sıra "Ingiltərə heyvanları" mahnısının da səslənməsi idi. Təxminən axşam saat onun yarısında isə başına mister Consun silindrini qoymuş Napoleon arxa qapıdan çıxdı, həyətdə çaparaq dövrə vurub təzədən içəri girdi. Ertəsi gün fermaya dərin sükut çökmüşdü. Donuzlardan heç biri gözə dəymirdi. Nəhayət, saat doqquzda Çığırğan göründü. O, yavaş-yavaş yeriyirdi. Əhvalı pis idi. Gözləri şişmişdi, həmişə dik duran quyruğu yana sallanmışdı. Bütün görkəmindən xəstə olduğu sezilirdi. Çığırğan hamını çağırıb onlara kədərli xəbər çatdırmalı olduğunu elan etdi: Yoldaş Napoleon olür!


Fermanı ağlaşma səsi bürüdü. Binanın qapıları önünə saman tökdülər. Heyvanlar dırnaqlarının ucunda gəzir, göz yaşı içərisində bir-birlərindən Rəhbər ölərsə sonrakı aqibətlərinin necə olacağını soruşurdular. Şaiyə dolaşırdı ki, Snouboll Napoleonun yeməyinə zəhər qatmağa müvəffəq olub. Saat on birdə Çığırğan yeni məlumatla heyvanların qarşısına çıxdı. Bu dünyanı tərk edərkən yoldaş Napoleon alkoqollu içki içənlərin ölüm cəzasına məhkum olunmaları ilə bağlı son iradəsini bildirmişdi.

Lakin axşama yaxın Napoleonun vəziyyəti bir qədər düzəldi. Ertəsi gün səhər isə Çığırğan yoldaş Napoleonun səhhətinin getdikcə yaxşılaşması barəsində məlumat verdi. Elə həmin axşam Napoleon artıq vəzifəsinin başında idi. Bir gün sonra isəxəbər yayıldı ki, o, Uimperi pivə istehsalı barəsində ədəbiyyat gətirmək məqsədi ilə Uillinqtona ezam etmişdir. Bir həftə sonra Napoleon bağın arxasında vaxtı ilə təqaüd yaşına çatmış heyvanlara otlaq yeri kimi ayrılan çəmənliyin şumlanmasını əmr etdi. Heyvanlar otun daha sıx bitməsi üçün çəmənliyə yenidən toxum səpiləcəyini danışırdılar. Lakin tezliklə Napoleonun ora arpa əkilməsi ilə bağlı göstəriş verdiyi məlum oldu.

Təxminən elə eyni vaxtda izahı çox çətin başa düşülən qəribə hadisə baş verdi. Gecə saat on iki radələrində həyətdə bərk gurultu səsi eşidildi. Heyvanlar dərhal tövlələrindən bayıra çıxdılar. Aylı gecə idi. Anbarın arxa divarının dibində, Yeddi Prinsipin yazıldığı yerdə ortadan parçalanmış nərdivan görünürdü. Nərdivanın yanında isə hələ də özünə gələ bilməyən Çığırğan eşələnirdi. Bir az aralıda fanar, fırça və ağzı üstə aşmış ağ rənglə dolu vedrə vardı. Köpəklər dərhal Çığırğanı əhatəyə alıb ferma binasına apardılar. Mənalı tərzdə başını bulayan, bütün görkəmi ilə hər şeyi başa düşdüyünü, lakin danışmaq istəmədiyini nümayiş etdirən Bencamindən başqa heyvanlardan heç biri burada nə baş verdiyini təsəvvürünə də gətirmirdi.

Lakin bir neçə gün sonra Yeddi Prinsipi elə-belə, özü üçün oxuyan Müriel burada heyvanların düzgün xatırlamadıqları başqa bir prinsipin də olduğunu aşkara çıxarmışdı. Onlar indiyə qədər Beşinci Prinsipdə "Heyvanlar spirtli içkilər içmirlər" yazıldığını düşünürdülər. Əslində buradakı iki sözü diqqətdən qaçırmışdılar. Prinsip belə idi: "Heyvanlar QƏDƏRINDƏN ARTIQ spirtli içkilər içmirlər".
IX F Ə S İ L
Bokserin parçalanmış dırnağının sağalması uzun çəkdi. Qələbənin bayram edilməsi başa çatan kimi heyvanlar dəyirmanın bərpasına başladılar. Bokser isə əlavə bir gün də itirməyə razı olmadı. Yarasının onu incitdiyini kimsənin bilməməsi Bokser üçün bir şərəf məsələsinə çevrilmişdi. Lakin axşam Kloverə yaralanmış dırnağının bərk ağrıdığını demişdi. Klover onun ayağına ağzında gövşəyib əzdiyi otlardan məlhəm qoymuşdu. Həm özü, həm də Bencamin xahiş etmişdilər ki, özünü çox üzüb əldən salmasın. Klover "Atların ciyəri əbədilik deyil!" -sözləri ilə dostunun başına ağıl qoymağa çalışmışdı. Lakin Bokser onu dinləmək istəməmişdi, indi həyatda yalnız bir amalla - təqaüdə çıxana qədər dəyirmanın tikilib başa çatdırıldığını görmək amalı ilə yaşadığını bildirmişdi.

Heyvanıstan qanunvericiliyi yeni yaranmağa başlayanda atlar və donuzlar üçün təqaüd vaxtı 12, inəklər üçün 14, itlər üçün 9, qoyunlar üçün 7, toyuqlar və qazlar üçün isə 5 yaş həddində hesablanmışdı. Təqaüdlərin miqdarı isə daha sonra müəyyən edilməli idi. Doğrudur, hələ heç bir heyvan təqaüdə çıxmamışdı. Ancaq son vaxtlar bu məsələ barəsində çox tez-tez danışırdılar. Artıq bağın arxasındakı çəmənliyə arpa səpildiyindən indi də böyük otlaq yerinin bir hissəsinin çəpərlənəcəyi və təqaüdçü heyvanlara orada lazımi şərait yaradılacağı haqqında şaiyələr gəzirdi. Deyirdilər ki, atların təqaüdü gündə beş funt arpa olacaq, qışda əlavə on beş funt ot və yerkökü, bayram günlərində isə hətta alma veriləcək. Bokserin on iki yaşı gələn il yayın sonunda tamam olacaqdı.

Həyat isə getdikcə çətinləşirdi. Qış keçən ilki kimi sərt keçdi. Yem ötən ildəkindən də az oldu. Köpəklərlə donuzlardan başqa digər heyvanların ərzaq payı azaldılmlşdı. Çığırğan hamının yeməyinin bərabərləşdirilməsinin animalizm prinsiplərinə zidd olduğunu bildirirdi. O, heyvanlara asanlıqla sübut edirdi ki, ƏSLINDƏ onların yemək payı az deyil. Əlbəttə, dəyişiklik olmalıdır. Zaman keçdikcə, yemək normalarının nizamlanması (Çığırğan həmişə "nizamlanma" deyir, heç vaxt "azaldılma" sözünü dilinə gətirmirdi) zərurəti yarana bilər. Lakin Consun vaxtı ilə müqayisədə böyük inkişaf əldə olunub. O, cır səsi ilə tələsik oxuduğu rəqəmlərlə heyvanları inandırırdı ki, indi Consun dövrü ilə müqayisədə onların daha çox taxılı, samanı və şəkər çuğunduru var, heyvanlar əvvəlkindən az işləyirlər, içməli suyun keyfiyyəti yaxşılaşıb, orta ömür uzanıb, azyaşlıların ölümü kəskin azalıb, tövlələrdəki ot və saman ehtiyatı əvvəlkindən qat-qat çoxdur, mozalanlardan daha az əziyyət çəkirlər və s. Heyvanlar onun sözünə inanırdılar. Əslində artıq Cons da, Consla bağlı bütün xatirələr də onların yaddaşından demək olar ki, silinmişdi. Başa düşürdülər ki, həyatları çətinlik və məhrumiyyətlərlə doludur, tez-tez aclıqdan və soyuqdan əziyyət çəkirlər, yuxu üçün ayrılan saatlardan başqa günün bütün vaxtını işləyirlər. Amma şübhə yoxdur ki, əvvəllər bundan da pis olub. Həm də əvvəllər heyvanlar kölə vəziyyətində idilər, indi isə azaddırlar. "Fərq də elə bundadır!"-deyə Çığırğan hər dəfə vurğulayırdı.

Yemək tələb edən ağızlar isə bir ucdan çoxalırdı. Payızda dord ana donuz demək olar ki, eyni vaxtda balaladı və otuz bir yeni çoşka dünyaya gəldi. Körpə donuzların hamısının rəngi ala-bula idi. Fermada yeganə toxumluq donuz Napoleon olduğundan çoşkaların atalarının kimliyini uzun-uzadı araşdırmağa ehtiyac yox idi. Kərpic və taxta materialı tapılan kimi ferma həyətinin bağında məktəb tikiləcəyi elan olundu. Hələlik isə çoşkalar mətbəxdə, Napoleonun şəxsi nəzarəti altında saxlanırdılar. Oynamağa bağa çıxır, ancaq yaşıdları olan balaca heyvanlara o qədər də qaynayıb-qovuşmurdular. Elə bu vaxtlar öz-özünə yeni bir qayda da meydana çıxdı: yolda-çığırda donuzlarla başqa heyvanlar rastlaşanda ikincilər kənara çəkilib donuza yol verməli idilər. Bundan əlavə, tutduqları mövqedən asılı olmayaraq bütün donuzlar bazar günləri quyruqlarına yaşıl lent bağlamaq hüququ qazanmışdılar.

İl ferma üçün uğurlu oldu. Amma pul əvvəlki kimi yenə də çatışmırdı. Məktəb binası üçün kərpic, çınqıl və əhəng alındı. Indi isə dəyirmana avadanlıq almaqdan ötrü pul yığmaq lazım idi. Bundan başqa, evi işıqlandırmağa şam və kerosin, Napoleonun süfrəsinə şəkər (Napoleon kökəldiklərini bəhanə edərək digər donuzlara şəkər verilməsini qadağan etmişdi) , eləcə də iş alətləri, mıx, kəndir, kömür, naqil, tənəkə dəmir, itlər üçün biskvit və s. alınmalı idi. Bir taya ot və kartof məhsulunun bir hissəsi satışa çıxarıldı. Yumurta satışı ilə bağlı müqaviləyə də dəyişiklik edildi və fermanın hər həftə bazara altı yüz yumurta göndərəcəyi elan olundu. Beləliklə, toyuqlar heç olmazsa, saylarını eyni səviyyədə saxlamaq üçün kifayət qədər cücə çıxarmaq imkanını əldən verdilər.

Dekabrdakı ərzaq payı ixtisarının ardınca fevralda da yeni ixtisarlar oldu. Kerosinə qənaət etmək üçün tövlələrdəki lampalar sondürüldü. Lakin bu məhrumiyyətlərin donuzlara, deyəsən, heç bir dəxli yox idi. Onlar günü-gündən daha da kökəlirdilər. Fevral günlərindən birində günorta çağı mətbəxin arxasındakı balaca tikilidən - Consun vaxtından istifadəsiz qalan otaqdan ətrafa naməlum, ilıq və doyurucu bir iy yayıldı. Kimsə bunun qovrulmuş arpa iyi olduğunu dedi. Heyvanlar iyi acgözlüklə sinələrinə çəkdilər və fikirləşdilər ki, yəqin arpanı onların şam yeməyinə qarışdırmaq üçün qovururlar. Ancaq həmin gün isti yemək üzü görən olmadı.

Növbəti bazar günü isə bundan sonra bütün arpa ehtiyatının yalnız donuzlara sərf ediləcəyi bildirildi. Artıq bağın arxasındakı sahəyə arpa səpilmişdi. Sonra başqa bir yenilik yayıldı: bundan sonra gündə hər donuza bir pint, Napoleona isə bir qallon pivə veriləcək. Napoleonun pivə payı bir qayda olaraq "Kroun Derbi" servizinin qazançasında gətirilirdi.
Lakin taleyin çox acılarını unutduran bir təsəlli vardı: heyvanlar indi əvvəlkindən qat-qat ləyaqətli yaşadıqlarını başa düşürdülər. Nə qədər mahnılar oxunur, nitqlər dinlənilir, nümayişlər keçirilirdi! Napoleon həftədə bir dəfə Kortəbii Nümayişlər adlı tədbirin keçirilməsini əmr etmişdi. Tədbirdən məqsəd Heyvanıstanın mübarizələrini, zəfərlərini təbliğ və tərənnüm etmək idi. Təyin olunmuş saatlarda heyvanlar iş yerlərini tərk etməli və qabaqda donuzlar, arxalarınca atlar, inəklər, qoyunlar, ev quşları və s. olmaqla hərbi addımlarla fermanın ətrafında dövrə vurmalı idilər. Nümayiş zamanı köpəklər cinahlarda olurdu, hamıdan qabaqda isə Napoleonun qara xoruzu addımlayırdı. Bokserlə Klover həmişə üzərində buynuz və dırnaq şəkli, habelə "Yaşasın yoldaş Napoleon!" şüarı olan yaşıl bayrağı aparırdılar. Ardınca Napoleonun şəninə yazılmış şeirlər oxunur, Çığırğanın fermada məhsul istehsalının durmadan artması, habelə keçmişin məhrumiyyətləri ilə bu günkü azad həyatın müqayisəsi üzərində qurulmuş nitqləri dinlənilirdi. Daha sonra tüfəngdən yaylım atəşi açılırdı. Kortəbii Nümayişlərə ən həvəslə qatılanlar qoyunlar idi. Əgər kimsə boş yerə vaxt itirmələrindən və soyuqda donmalarından şikayətlənsə (köpəklər və donuzlar yaxınlıqda olmayanda bir neçə heyvan dilini dinc qoymurdu) onlar dərhal qulaqbatırıcı "Iki ayaq pisdir, dörd ayaq yaxşıdır!"-mələrtiləri ilə şikayətlərin eşidilməsinə imkan vermirdilər. Əslində bayram şənliklərindən ləzzət alan heyvanlar da az deyildi. Onların fikrincə, arada-bərədə nə baş versə də, belə nümayişlər heyvanların öz başlarının ağası olduqlarının və öz mənfəətləri üçün çalışdıqlarının əsl göstəricisi idi. Ona görə də nümayişçi dəstələr düzüləndə, mahnılar səslənəndə, Çığırğan rəqəmləri elan edəndə, tüfəngdən yaylım atəşləri açılanda, bayraqlar havada dalğalananda və xoruz ucadan banlayanda onlar qarınlarının çoxdan bəri boş olduğunu unudurdular.

Apreldə Heyvanıstan respublika elan olundu və prezident seçmək zərurəti yarandı. Təbii ki, yalnız bir namizəd - Napoleon vardı və o, yekdilliklə seçildi. Eyni gündə Snoubollun Consla əlaqələrinin təfərrüatlarını açıqlayan yeni sənədlər aşkara çıxarıldı. Onun nəinki əvvəllər güman edildiyi kimi "Pəyə doyüşü" zamanı strategiya pərdəsi altında məğlubiyyət planı cızdığı, hətta açıq şəkildə Consun tərəfində vuruşduğu bəlli oldu. Sən demə, adamları döyüşə aparan və "Yaşasın Insanlıq!" şüarı ilə onları ruhlandıram da bir başqası deyil, məhz Snouboll imiş! Bəzi heyvanların dumanlı şəkildə xatırladıqları Napoleonun kürəyindəki dişlək yeri də Snoubolun əməli imiş!

Yayın ortalarında bir neçə illik fasilədən sonra əl qarğası Moses qəflətən fermada peyda oldu. O, heç dəyişməmişdi, əvvəlki kimi işdən yayınır, Noğul dağı haqqında köhnə nağılını təkrarlayırdı. Budaqların birində yerini rahatlayıb qara qanadlarını çırpa-çırpa saatlarla onu dinləməyə razı olan hər heyvana eyni şeylər danışırdı. "Yoldaşlar, orada, yuxarıda, - deyə uzun dimdiyi ilə göyə işarə edirdi, - başınızın üstündəki qara buludların o tərəfində əsl xoşbəxtlik ölkəsi - Noğul dağı yerləşir. Biz, zavallı heyvanlar, yer üzündəki əzab-əziyyətlərdən sonra orada dinclik və rahatlıq tapacağıq". Moses səmaya millənərək Noğul dağında olduğunu, geniş yonca zəmilərini, üstündə peçenye və qənd bitən kolları gözü ilə gördüyünü iddia edirdi. Heyvanların çoxu Mosesin sözlərinə həvəslə inanırdı. Belələri düşünürdülər ki, həyatımız sonsuz zəhmət, əzab-əziyyət, aclıq və soyuq içərisində keçir. Amma həmişə bu cür davam edə bilməz. Yəqin, haradasa daha yaxşı və ədalətli dünya mövcuddur. Eyni zamanda donuzların Mosesə münasibəti hamı üçün anlaşılmaz idi. Onlar Mosesin Noğul dağı ilə bağlı söhbətlərinin başdan-başa yalan və uydurma olduğunu deyirdilər. Amma yenə də əl qarğasına kefi istəyəndə gəlib fermada qalmağa, hətta gündə dörddə bir pint pivə içməyə icazə verirdilər.

Dırnağı sağalandan sonra Bokser əvvəlkindən də çox işləyirdi. Doğrudur, həmin il bütün heyvanlar qul kimi çalışmışdılar. Fermadakı gündəlik işlər və dəyirmanın bərpası ilə yanaşı mart ayından balaca donuzlar üçün məktəb binasının tikintisinə də başlanmışdı. Ac qarına saatlarla davam edən üzücü işə tab gətirmək olmurdu. Amma Bokser heç vaxt ruhdan düşmürdü. Sözlərindən və hərəkətlərindən yorulduğu, gücdən düşdüyü sezilmirdi. Sadəcə, görünüşü dəyişmişdi. Tükü əvvəlkitək parlamırdı, möhkəm əzələləri sanki boşalmışdı. Heyvanlar deyirdilər ki, təzə ot çıxan kimi Bokser də dirçələcək. Bahar gəldi, lakin Bokser daha əvvəlki vəziyyətinə qayıda bilmədi. O, karxanadan sürüyüb apardığı iri daş parçasının ağırlığına tab gətirmək üçün bütün əzələlərini gərəndə kənardan baxanlara elə gəlirdi ki, Bokseri ayaq üstə saxlayan yalnız böyük iradi qüvvədir. Belə dəqiqələrdə onun dodaqları "Mən daha çox işləyəcəyəm!"-sozlərini demək üçün irəli uzanır, amma səsini çıxarmağa gücü çatmırdı. Bencaminlə Klover ona sağlamlığının qayğısına qalmaqla bağlı yenə xəbərdarlıq etmişdilər. Bokser isə əhəmiyyət verməmişdi. On iki yaşının tamam olmağına az qalırdı. Lakin dəyirmanın bərpası üçün kifayət qədər daş gətirmədən təqaüdə çıxmaq haqqında düşünmürdü.

Yay axşamlarının birində fermaya Bokserə nə isə olduğu barədə şaiyə yayıldı. O, təkbaşına iri daş parçasını tikintiyə aparmağa getmişdi. Şaiyə doğru çıxdı. Bir neçə dəqiqə sonra iki göyərçin bəd xəbərlə geri döndü: "Bokser yıxılıb böyrü üstə qalıb, ayağa qalxa bilmir".

Heyvanların çoxu dəyirmanın tikildiyi təpəyə tərəf qaçdı. Bokser boynu irəli uzanmış halda daşların arasına yıxılmışdı. Hətta başını qaldırmağa da heyi yox idi. Gözləri şüşə kimi hərəkətsiz qalmışdı, böyürləri tərləmişdi. Ağzının kənarlarından nazik şırımla qan axırdı. Klover onun yanında dizi üstə çökdü.


Yüklə 351,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə