Corc oruell



Yüklə 351,76 Kb.
səhifə3/7
tarix15.03.2018
ölçüsü351,76 Kb.
#31577
1   2   3   4   5   6   7

Oktyabrın əvvəllərində, zəmilərin biçilib tayaya vurulduğu, taxılın bir hissəsinin doyüldüyü işli-güclü günlərin birində havada dövrə vuran bir dəstə göyərçin çox həyəcanlı halda Heyvanıstan ərazisinə qondu. Öz əlaltıları ilə birlikdə Cons, eləcə də Foksvud və Pinçfild fermalarından onlara qoşulmuş bir yığın adam artıq malikanənin beşlaylı darvazasından içəri keçmişdilər və əsas yolla düz ferma binasının üstünə gəlirdilər. Consdan başqa hamısının əlində dəyənək vardı. Hamıdan qabaqda addımlayan keçmiş ferma sahibi isə tüfənglə silahlanmışdı. Onların fermanı geri qaytarmaq üçün gəldiklərinə şübhə ola bilməzdi.

Heyvanlar bu hücumu çoxdan gözləyirdilər. Odur ki, vaxtında lazımi hazırlıq işi görülmüşdü. Yuli Sezarın apardığı müharibələr haqqında fermanın ambarından tapdığı köhnə kitabı diqqətlə öyrənən Snouboll müdafiənin təşkilini öz üzərinə götürmüşdü. Əmrlər ildırım sürəti ilə verilirdi. Iki dəqiqədən sonra artıq hər bir heyvan əvvəlcədən ayrılmış mövqedə idi.

Insanlar ferma tikililərinə çatanda Snouboll ilk zərbəni endirdi. Sayları otuz beşə çatan göyərçinlərin hamısı eyni vaxtda adamların üzərində o tərəf-bu tərəfə uçuşur, onların başlarına nəcis tökürdülər.
İnsanlar əl-qol hərəkətləri ilə göyərçinləri qovmağa çalışan zaman hasarın arxasında pusquya yatmış qazlar irəli atılaraq onların baldırlarını amansızlıqla dişləməyə başladılar. Lakin bu sadəcə hücuma keçənlərin sıralarını pozmaq və diqqəti yayındırmaq üçün düşünülmüş yüngül manevr idi. Təbii ki, adamlar əllərindəki dəyənəklərlə qazları asanlıqla qovub pərən-pərən saldılar. Bu zaman Snouboll ikinci cinahı döyüş meydadına çıxardı. Müriel, Bencamin, habelə Snoubollun özünün rəhbərliyi ilə bütün qoyunlar irəli atılaraq insanları mühasirəyə aldılar. Onlar başları ilə hər tərəfdən düşmənlərə kəllə atırdılar, Bencamin isə adamların ətrafında dövrə vurur və şıllaq zərbəsi endirməyə çalışırdı. Lakin yenə də insanlar əllərindəki dəyənəklər və altı nallı çəkmələrlə sərt müqavimət göstərirdilər. Qəflətən Cnouboll ciyiltili bir səs çıxardı. Bu, geri çəkilmək işarəsi idi. Bir an içərisində heyvanlar mütəşəkkilliklə çəkilib darvazadan həyətə girdilər.

Insanların zəfər çığırtıları ətrafı bürüdü. Hər şey düşündükləri kimi olmuşdu: düşmən qabaqlarından qaçmışdı. Onlar nizamsız halda heyvanları təqib etməyə başladılar. Snoubolla da elə bu lazım idi. Basqınçılar həyətə girəndə pəyənin yanında pusquda durmuş üç at, üç inək və donuzların qalanları irəli atılıb insanların geri qayıtmaq yolunu kəsdilər. Snouboll hücum komandası verdi, özü isə birbaşa Consun üzərinə atıldı. Cons onun yaxınlaşdığını görüb tüfəngini qaldırdı, atəş açdı. Snoubollun kürəyini yalayaraq keçən və arxasınca qanlı şərid buraxan güllə yaxınlıqdakı qoyunların birini yerindəcə öldürdü. Lakin atəş səsi Snoubollu qorxutmadı, o, bədəninin bütün ağırlığı ilə özünü Consun ayaqlarına çırpdı. Müvazinətini itirən Cons peyin yığınının üstünə yıxıldı, tüfəngi əlindən yerə düşdü. Düşmənlərin canına ən çox qorxu salan isə Bokser idi. O, qızmış ayğır kimi şahə qalxaraq yaxın gələni nallı ayaqları ilə vurub yerə sərirdi. Ondan ilk zərbəni yeyən və huşsuz halda palçığın içərisində yıxılıb qalan foksvudlu mehtər oldu. Bir neçə nəfər bunu görüb əllərindəki dəyənəkləri tulladılar və arxalarına baxmadan qaçmağa başladılar. Insanlar vahiməyə düşdülər. Heyvanlar isə onları bütün həyət boyunca təqib edir, buynuzlayır, şıllaqlayır, dişləyir, itələyirdilər. Fermada bacardığı şəkildə insandan öz intiqamını almağa can atmayan bir heyvan da qalmamışdı. Hətta sakitcə özünü damda günə verən pişik də qəflətən naxırçılardan birinin çiyninə atılıb caynaqlarını onun ətinə elə ilişdirdi ki, zavallı gücü gəldikcə çığırmağa başladı. Ozlərini çətinliklə açıq qapıya çatdıran insanlar böyük yola çıxmaq üşün bir-birlərini itələyirdilər, qaçıb qurtarmağı qənimət sayırdılar. Heyvanların üstünə hücumdan heç beş dəqiqə keçməmişdi. Lakin indi hamısı az öncə fermaya gəldikləri yolla biabırçı şəkildə geri qaçırdılar. Qazlar isə insanların dallarınca dabanqırma gəlir, arada fürsət tapıb baldırlarını dişləyirdilər.

Bir nəfərdən başqa hamı qaçıb canını qurtarmışdı. Həyətin arxa tərəfində Bokser dırnaqlarnı işə salıb üzüquylu düşmüş mehtəri ehtiyatla arxası üstə çevirməyə çalışırdı. Lakin o, tərpənmirdi.

-Ölüb! - deyə Bokser kədərlə dilləndi. - Mən belə olmasını istəmirdim. Ayaqlarımdakı dəmir nallar tamam yadımdan çıxmışdı. Ancaq kim mənim həqiqətən də bu insanı öldürmək istəmədiyimə inanacaq?

-Sentimentallığı bir kənara burax, yoldaş!-deyə yarasından hələ də qan axan Snouboll qışqırdı. -Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır!

-Mən heç kəsin, hətta insanın da ölümünə bais olmaq istəməzdim,-deyə Bokser bir də təkrar etdi. Onun gözləri yaşla dolmuşdu.

-Bəs Molli haradadır?-deyə kimsə soruşdu.

Molli doğrudan da yoxa çıxmışdı. Bir anlığa fermada boyük həyəcan yaşandı: insanların Mollini vurub şikəst etmələrindən, yaxud əsir götürmələrindən ehtiyatlanırdılar. Lakin az keçməmiş Mollinin tövlədə olduğu bilindi. O, başını axurun içərisindəki ota soxub qorxusundan titrəyirdi. Tüfəng səsi eşidilən kimi qaçıb özünü bura salmışdı. Heyvanlar bu mənzərəyə tamaşa edib təzədən həyətə qayıdanda Bokserin zərbəsindən huşunu itirən mehtər də özünə gəlib aradan çıxmışdı.

Yalnız bu zaman heyvanlarda dəhşətli bir sevinc hissi peyda oldu. Hər kəs qışqırtısı ilə qarşısındakının səsini batırmağa çalışaraq özünün döyüş meydanındakı rəşadətindən danışırdı. Dərhal kortəbii qələbə bayramı başlandı. Təntənəli şəkildə bayraq qaldırıldı, təkrar-təkrar "Ingiltərə heyvanları" mahnısı oxundu. Sonra həlak olmuş qoyunun təntənəli dəfn mərasimi keçirildi, məzarı üzərində xanıməli kolu əkildi. Snouboll təzə məzar önündə kiçik nitq söylədi. Lazım gələn anda bütün heyvanların öz həyatlarını Heyvanıstan yolunda qurban verməyə hazır olmalarının zəruriliyini vurğuladı.

Heyvanlar yekdilliklə "Birinci dərəcəli qəhrəman heyvan" ordeninin təsisi haqqında qərar qəbul etdilər. Ilk ordenlərlə Snouboll və Bokser təltif olundu. Orden dedikləri, əslində, uzun müddətdən bəri anbarların birində saxlanan, əvvəllər bayram günləri və yarmarkalar zamanı heyvanları bəzəmək üçün istifadə olunan yuvarlaq bürünc medalyondu. Eyni gündə "Ikinci dərəcəli qəhrəman heyvan" mükafatı da təsis olundu. Döyüş zamanı həlak olmuş qoyun ölümündən sonra həmin mükafata layiq görüldü.

Döyüşün necə adlandırılması ətrafında uzun-uzadı müzakirələr aparıldı. Nəticədə "Pəyə döyüşü" adı üzərində dayandılar. Çünki qələbəni təmin edən pusqu məhz mal pəyəsinin yaxınlığında qurulmuşdu. Mister Cönsun tüfəngi palçığın içərisindən tapıldı. Fermada müəyyən patron ehtiyatının olduğu məlum idi. Tüfəngi bundan sonra bayraq dirəyinin dibində saxlamaq, artilleriyanı əvəz edən silah kimi ondan ildə iki dəfə - oktyabr ayının 12-də,"Pəyə döyüşü"nün və yayın ortasında- Üsyan gününün ildönümləri zamanı yaylım-salam atəşləri açmaq qərara alındı.
V F Ə S İ L
Qiş yaxınlaşdıqca Molli daha qaşqabaqlı görünürdü. Səhərlər işə gecikir, hər dəfə də yatıb yuxuya qaldığını bəhanə gətirib üzrxahlıq eləyirdi. Iştahı daş dəlsə də həmişə bədənindəki xəyali ağrılardan şikayətlənirdi. Müxtəlif bəhanələrlə iş-gücünü atıb golməçənin yanına qaçır, gözlərini zilləyib səfeh-səfeh sudakı əksinə tamaşa edirdi. Lakin ortalıqda məsələnin heyvanların düşündüklərindən daha ciddi olması haqqında şaiyələr dolaşırdı. Bir dəfə quyruğunu nazla oynadan Molli ağzındakı otu gövşəyə-gövşəyə həyətdə özü üçün cövlan eləyəndə Klover ona yaxınlaşdı.

-Molli, səninlə ciddi bir məsələ haqqında danışmaq istəyirəm, - dedi. - Bu gün səhər sənin Heyvanıstanı Foksvuddan ayıran hasardan o yana baxdığını gördüm. Hasarın o biri tərəfində mister Pilkinqtonun adamlarından biri dayanmışdı. Doğrudur, kifayət qədər uzaqda idim. Ancaq əminəm ki, gozlərim məni aldatmır. Gördüm ki, həmin adam sənə nə isə deyir. Sən də ona burnunu sığallamağa imkan verirdin. Bütün bunlar nə deməkdir, Molli?

-Elə şey yoxdur. Mən orada olmamışam. Bunlar hamısı yalandır!-deyə Molli dırnaqları ilə yerdən torpaq parçaları qopararaq fınxırdı.

-Molli! Gozümün içinə düz bax! Namusuna and içə bilərsənmi ki, həmin adam sənin burnunu qaşımayıb?

-Belə şey olmayıb!-deyə Molli baxışlarını Kloverin gözlərindən yayındıraraq təkrar etdi. Bir an sonra isə başını çevirib dördnala çəmənliyə tərəf götürüldü.

Klover dərin fikrə getdi. Heç kəsə bir söz söyləmədən Mollinin tövləsinə yollandı. Onun axurunun dibinə döşənmiş samanı dırnaqları ilə eşələməyə başladı. Lap küncdə, samanın altında kiçik kəllə qənd və müxtəlif rəngli alabəzək lentlər gizlədilmişdi.

Üç gün sonra Molli yoxa çıxdı. Bir neçə həftə onun harada olduğu bilinmədi. Sonra göyərçinlər Mollinin Uillinqdonda görünməsi xəbərini gətirdilər. O, qara-qırmızı rəngli faytona qoşulmuş halda meyxananın qabağında dayanıbmış. Sifətdən meyxanaçıya oxşayan, əyninə qısa dama-dama şalvar və uzunboğaz çəkmə geymiş kök, qırmızısifət kişi onu qaşovlayırmış. Mollinin belinə təzə çul salınıbmış, alnına isə qırmızı lent bağlanıbmış. Göyərçinlərin dediyinə görə, çox özündən razı və məmnun görkəmi varmış. Bu söhbətdən sonra bir daha Mollidən danışan olmadı.

Yanvarda pis havalar başlandı. Torpaq donub dəmirə döndü, daha çöldə bir iş görmək mümkün deyildi. Indi görüşlərin çoxu böyük ambarda keçirilirdi. Donuzlar növbəti mövsüm üçün görüləcək işlərin planlaşdırılması ilə məşğul idilər. Heyvanıstanın siyasəti ilə bağlı bütün vacib qərarların digər heyvanlarla müqayisədə fermanın ən ağıllı sakinləri sayılan donuzların səlahiyyətinə verilməsinə baxmayaraq, onların irəli sürdükləri təkliflər böyük səs çoxluğu ilə təsdiqlənməli idi. Snoubolla Napoleon arasında bu məsələ ətrafında mübahisə başlanmasaydı, həmin qayda hələlik özünü tam şəkildə doğruldurdu. Lakin son vaxtlar onlar əllərinə razılaşmamaq üçün kiçik bir imkan düşən kimi narazılıqlarını bildirirdilər. Əgər biri hansısa tarlada arpa əkməyin sərfəli olduğunu deyirdisə, o biri dərhal qətiyyətlə həmin ərazinin yulaf əkini üçün ayrılması tələbini irəli sürürdü. Əgər biri hansısa tarlada şəkər çuğunduru yetişdirməyi məqsədəuyğun sayırdısa, o biri dərhal burada şəkər çuğundurundan başqa istənilən bitkinin yetişdirilməsinin mümkün olduğunu sübuta yetirməyə başlayırdı. Hər birinin öz tərəfdarları vardı və onların mübahisələri tərəfdarlar arasında daha qızğın şəkil alırdı. Məşvərət şurasının toplantılarında Snouboll qeyri-adi natiqlik qabiliyyəti ilə əksəriyyəti öz tərəfinə çəkirdisə, Napoleon daha çox kuluarlarda öz xəttini uğurla həyata keçirirdi. Qoyunlar arasında onun xüsusilə böyük nüfuzu vardı. Məşvərət şurası zamanı qoyunlar həm içəridə, həm də çöldə "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə mələşirdilər. Nəticədə, çox vaxt iclası yarımçıq dayandırmaq lazım gəlirdi. "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!" şüarının ən çox Snoubollun nitqlərinin kəskin məqamlarında daha ucadan və inadla səsləndirildiyi də diqqətdən yayınmamışdı. Snouboll fermanın anbarında atılıb qalmış "Fermer və heyvandar" jurnalının bir neçə köhnə sayını diqqətlə öyrənmişdi. Son zamanlar fermada çox şeyi yenidən qurmaq və bir sıra ciddi dəyişikliklər həyata keçirməklə bağlı böyük planlar üzərində işləyirdi. O, drenaj şəbəkəsi, silos emalı, gübrələrdən istifadə haqqında əsl mütəxəssis kimi danışırdı. Çox mürəkkəb bir sxem hazırlamışdı. Bu sxemə əsasən heyvanlar hər gün peyinlərini birbaşa tarlanın əvvəlcədən müəyyən edilmiş müxtəlif yerlərində boşaldır və bununla da daşıma problemi öz həllini tapırdı. Napoleon sxemlərlə məşğul olmur, Snoubollu isə heç bir iş görməməkdə ittiham edirdi. Hiss olunurdu ki, Napoleon öz saatını gözləyir. Lakin yel dəyirmanı məsələsi ortaya atılanda onların əvvəlki qarşıdurmalarının heç birinin indiki qədər kəskin olmadığı aşkara çıxdı.

Geniş otlaq yerində, ferma tikililərindən bir az aralıda kiçik təpə vardı. Kiçik olsa da, fermanın ən hündür yeri sayılırdı. Süxurların tədqiqindən sonra Snouboll buranın yel dəyirmanı tikmək üçün ən münasib yer olduğunu bildirdi. Dəyirmanın pərləri dinamonu hərəkətə gətirməli və fermanı elektriklə təmin etməli idi. Bu, tövlələri işıqlandırmağa, qışda isə qızdırmağa imkan yaradacaqdı. Üstəlik elektrik mişarını, ot doğrayanı və çuğundurqarışdıran maşınları işlətmək, hətta inəkləri mexaniki üsulla sağmaq mümkün olacaqdı. Heyvanlar ömürləri boyu belə şey eşitməmişdilər (ferma dədə-baba qaydası ilə idarə edildiyindən, orada yalnız ən bəsit texnikadan istifadə olunurdu), ona görə də Snoubollun dediklərinə heyrətlə qulaq asırdılar. O isə təəccüblənmiş heyvanların gözləri qarşısında fantastik maşınların cazibədar lövhələrini canlandırırdı. Gələcəkdə heyvanların əvəzinə bütün işləri bu maşınlar görəcəkdi. Ferma sakinləri isə çəmənlikdə gəzib-dolaşacaq, vaxtlarını söhbət etmək və kitab oxumaqla keçirəcəkdilər.

Bir neçə həftədən sonra Snouboll yeldəyirmanı ilə bağlı layihəsini hazırlayıb başa çatdırdı. Texniki təfərrüatlar mister Consa məxsus "Ev üçün min faydalı şey", "Hər kəs bənna ola bilər" və "Ibtidai elektrik kursu" kitablarından götürülmüşdü. Snouboll layihə üzərində ferma binasının çardağında işləyirdi. Buradan bir vaxtlar inkubator kimi istifadə olunmuşdu. Hamar taxta döşəmə sxemlərin çəkilməsi üçün çox əlverişli idi. Snouboll bəzən saatlarla çardaqda qapanıb qalırdı. O, arada bir lazımlı səhifələrinin üzərinə xırda daşlar qoyduğu kitaba baxır, təbaşir parçasını dırnaqları arasında tutaraq biri-birinin ardınca müxtəlif çızıqlar və xətlər çəkir, hərdən kənarda dayanıb işinə tamaşa edir və sevincindən xoruldayırdı. Tədricən onun layihəsi bir xeyli dirsəkli val, dişli çarx və s. ibarət mürəkkəb bir mexanizmə çevrildi. Bu mürəkkəb mexanizmin planı artıq bütün döşəməni tutmuşdu. Snoubollun layihəsi qalan heyvanlar üçün tamamilə anlaşılmaz, eyni zamanda da çox heyrətamiz bir mənzərə idi. Fermanın bütün sakinləri gündə azı bir dəfə Snoubollun sxemlərinə tamaşa edirdilər. Hətta toyuqlar və qazlar da təbaşirlə çəkilmiş xətləri ayaqlamamağa çalışaraq layıhəyə baxmağa gəlirdilər. Yalnız Napoleon maraq göstərmirdi. O, əvvəldən yeldəyirmanı ideyasının əleyhinə olduğunu bildirmişdi. Lakin bir gün gözlənilmədən Napoleon da planla tanış olmağa gəldi. Ağır-ağır sxemin ətrafında gəzib-dolaşdı, hər detalı diqqətlə nəzərdən keçirdi, iki dəfə xoruldadı və kənara çəkilib gözlərini qıyaraq nifrətlə baxdı. Sonra isə qəfildən dal ayağını qaldırıb çertyojun üstünə işədi və heç bir söz demədən çıxıb getdi.

Yeldəyirmanı məsələsi fermada dərin fikir ayrılığı yaratmışdı. Snouboll dəyirman tikintisinin çətin olacağını inkar etmirdi. Divarları hörmək üçün daş gətirilməli idi, sonra pərləri quraşdırmaq, naqil və dinamo tapmaq lazım idi. (Onları haradan və necə tapacağı haqqında Snouboll bir soz demirdi). Lakin bütün işlərin bir il ərzində başa çatdırılmasının vacibliyini bildirirdi. Ondan sonra hər şey elə asan olacaqdı ki, heyvanlara həftədə yalnız üç gün işləmək kifayət edəcəkdi. Napoleon isə mübahisə edib deyirdi ki, indi əsas məsələ məhsul istehsalını artırmaqdır. Əgər heyvanlar vaxtlarını boş yerə dəyirman tikintisinə sərf etsələr acından öləcəklər. Heyvanlar iki yerə bölümnüşdülər. Bir qismi "Snoubolla və üç günlük iş həftəsinə səs verin!", digərləri isə "Napoleona və dolu axurlara səs verin!" şüarı ilə çıxış edirdilər. Dəstələrin heç birinə qoşulmayan yeganə heyvan Bencamin idi. O, nə məhsul bolluğu yaradılacağına, nə də dəyirmanın heyvanların əməyini yüngülləşdirəcəyinə inanırdı. Deyirdi ki, dəyirman oldu-olmadı, həyat öz axarı ilə davam edəcək. Yəni vəziyyət get-gedə daha da korlanacaq.

Dəyirmanla bağlı mübahisələrlə yanaşı fermanın müdafiəsi məsələsi də gündəlikdə dayanırdı. Hamı başa düşürdü ki, insanlar "Pəyə döyüşündə" məğlub olsalar da, fermanı ələ keçirmək və mister Consun hakimiyyətini bərpa etmək üçün yeni, daha qətiyyətli təşəbbüs göstərmək fikrindən daşınmayıblar. Bunun üçün kifayət qədər səbəb vardı. Artıq insanların məğlubiyyət xəbəri hər tərəfə yayılmış və qonşu fermalardakı heyvanların müqavimət həvəsini artırmışdı. Həmişəki kimi bu məsələdə də Snoubolla Napoleon arasında fikir ayrılığı yarandı. Napoleonun fikrincə heyvanlar odlu silah tapmalı və ondan istifadə qaydalarını öyrənməli idilər. Snouboll isə deyirdi ki, onlar havaya daha çox göyərçin qaldırmalı və qonşu fermalardakı heyvanlar arasında üsyan fikrini yaymalıdırlar. Biri deyirdi ki, özlərini müdafiə etməyi öyrənməsələr məğlub olacaqlar, o biri iddia edirdi ki, hər yerdə heyvanların üsyanı başlansa, müdafiəyə ümumiyyətlə ehtiyac qalmayacaq. Ferma sakinləri əvvəlcə Napoleona, sonra Snoubolla qulaq asırdılar, lakin hansının haqlı olduğunu heç cür anlaya bilmirdilər. Qulaq asdıqları anda kim danışırdısa, onun fikri ilə razılaşdıqlarını başa düşürdülər.


Nəhayət, Snoubollun planını tam başa çardırdığı gün gəlib çatdı. Novbəti bazar günü Məşvərət şurasının yığıncaqda dəyirmanın tikintisinə başlayıb-başlamamaq məsələsi səsverməyə çıxarıldı. Heyvanlar boyük anbara toplaşdıqdan sonra Snouboll ayağa qalxdı, mane olmağa çalışan qoyunların mələrtilərinə əhəmiyyət vermədən dəyirman tikilməsinin zəruriliyini əsaslandıran dəlillərini ortaya qoydu. Sonra Napoleon cavab vermək üçün ayağa qalxdı, qətiyyətlə bildirdi ki, dəyirman tikintisi cəfəng işdir, heç kəsə bu məsələnin lehinə səs verməyi məsləhət görmür. Sözünü qurtaran kimi yerində oturdu. Çıxışı heç yarım dəqiqə çəkmədi. Deyəsən, danışığının necə təsir bağışlaması da onu maraqlandırmırdı. Snouboll sıçrayıb yerindən qalxdı, yenidən mələşməyə başlayan qoyunlara təpinib dəyirman ideyasının müdafiəsi ilə bağlı ehtiraslı bir nitq söylədi. Indiyə qədər heyvanların rəğbəti tərəflər arasında demək olar ki, yarı bölünmüşdü. Ancaq Snoubollun natiqlik məharəti vəziyyəti bir an içərisində dəyişdi. Snouboll heyvanları alçaldan fiziki əməyin ağır şərtləri aradan qaldırıldıqdan sonra Heyvanıstanın qısa müddət ərzində necə dəyişəcəyini birbaşa hədəfə dəyən sözlərlə təsvir etdi. Indi onun təxəyyülü saman döğrayan və çuğundur sıxan maşınlardan çox qabağa getmişdi. Snouboll ehtiraslı nitqi ilə heyvanların gözləri qarşısında qeyri-adi mənzərələr canlandıraraq deyirdi ki, elektrik enerjisi toxum səpən və ot biçən, taxıl döyən və dərz bağlayan maşınları işlədəcək, elektrikin köməyi ilə torpaq şumlanacaq və malalanacaq, hər tövlədə işıq yanacaq, isti və soyuq su olacaq, isitmə sistemi işləyəcək. O, nitqini başa çatdıranda səsvermənin nəticəsi artıq heç kimdə şübhə doğurmurdu.Lakin elə həmin anda Napoleon ayağa qalxdı, Snoubolla sınayıcı nəzərlərlə çəp-çəp baxıb o ana qədər keç kəsin eşitmədiyi qəribə bir səs çıxardı.

Bayırdan qəzəbli it hürüşməsi eşidildi. Boyunlarına xalta bağlanmış, sinələrindən mis lövhəciklər asılmış doqquz nəhəng köpək sürətlə anbara soxuldu. Onlar birbaşa Snoubollun üstünə atıldılar. Snouboll tam zamanında yerindən sıçrayıb canını itlərin dişindən qurtara bildi. Bir an keçməmiş o, ozünü ambarın qapısına atdı, itlər də dalınca sıçradılar. Təəccüblənmiş və qorxudan dilləri tutulmuş heyvanlar qapı önünə toplaşıb baş verənləri izləyirdilər. Snouboll var gücü ilə tarladan böyük yola tərəf qaçırdı. Aydın məsələdir ki, o ancaq donuz kimi qaça bilirdi. Arxadan dabanqırma gələn köpəklər Snoubollu haqlamaqda idilər. Birdən ayağı sürüşdü və hamı onun artıq ələ keçdiyini düşündü. Amma Snouboll son anda özünü düzəldib əvvəlkindən də bərk qaçmağa başladı. Köpəklər yenə onu haqladılar. Onlardan biri sivri dişlərini Snoubollun quyruğuna uzatdı. Snouboll zamanında quyruğunu köpəyin ağzından xilas edib var gücü ilə irəli atıldı. Indi onu köpəklərdən yarım addımlıq məsafə ayırırdı. Son anda Snouboll özünü hasardakı deşikdən bayıra ata bildi və bir daha onu gorən olmadı.

Qorxmuş heyvanlar sakitcə anbara doluşdular. Az keçməmiş köpəklər də geri qayıtdılar. Əvvəlcə heç kəs onların haradan peyda olduqlarını təsəvvürünə gətirə bimirdi. Lakin tezliklə hər şey aydın oldu. Onlar bir zaman Napoleonun analarından aldığı və tərbiyəsi ilə özünün məşğul olduğu küçüklər idi. Düzdür, hələ böyüyürdülər, lakin artıq canavara bənzəyən heybətli itlərə çevrilmişdilər. Onlar Napoleonu dovrəyə aldılar. Bir vaxtlar digər itlərin mister Consun qarşısında quyruq buladıqları kimi köpəklərin də indi eyni hərəkəti Napoleonun qarşısında etmələri heç kəsin diqqətindən yayınmadı.

Napoleon köpəklərin əhatəsində vaxtı ilə Mayorun öz nitqini soylədiyi döşəmədən azacıq hündür olan səkiyə qalxdı. Bu gündən etibarən Məşvərət şurasının bazar günü iclaslarının keçirilməyəcəyini elan etdi. Bildirdi ki, belə toplantılara ehtiyac yoxdur, bu, sadəcə boş yerə vaxt itirməkdir. Gələcəkdə fermanın işləri ilə bağlı bütün məsələlər onun rəhbərliyi altında donuzlardan ibarət xüsusi komissiya tərəfindən həll ediləcək. Komissiya əlahiddə şəkildə toplanacaq və qəbul olunmuş qərarlar barəsində heyvanlara sonra məlumat veriləcək. Fermanın bütün sakinləri əvvəllər olduğu kimi yenə də hər bazar günləri səhər bayraq qaldırılması və "Ingiltərə heyvanları" mahnısının oxunması mərasimində iştirak edəcək, ardınca da həftəlik tapşırıqlarını alacaqlar. Lakin bu zamn heç bir müzakirə aparılmayacaq.

Snoubollun qovulmasının yaratdığı sarsıntıya baxmayaraq heyvanlar toplantıların ləğvi xəbərini məyusluqla qarşıladılar. Əgər fikirlərini yaxşı əsaslandıra bilsəydilər, bəziləri hətta etiraz etməyə də hazır idilər. Iş o yerə çatmışdı ki, Bokser də əməlli-başlı həyəcanlanmışdı. O, qulaqlarını şəklədi, bir neçə dəfə yalını silkələdi, fikirlərini nizama salmağa çalışdı. Amma sonda deməyə lazımlı sözlər tapa bilmədi. Donuzlardan bəzilərinin yaxşı danışmaq qabiliyyəti vardı. Birinci sırada oturmuş dörd gənc donuz ciyiltili səslə etirazlarını bildirdilər. Onların dördü də eyni anda sıçrayıb ayağa qalxdılar və xorla danışmağa başladılar. Lakin Napoleonu dövrəyə alıb oturmuş köpəklər onların üstünə astadan mırıldayan kimi donuzlar səslərini kəsib yerlərində oturdular. Qoyunlar təxminən on beş dəqiqə ərzində var səsləri ilə "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir", - deyə mələdilər. Bununla da müzakirələr açmaq niyyətinin qarşısı alındı.

Sonra Çığırğan yeni qaydaları izah etmək üçün heyvanların yanına göndərildi.

-Yoldaşlar!-deyə o, çığırırdı.- Inanıram ki, hər bir heyvan yoldaş Napoleonun öz üzərinə əlavə məsuliyyət götürməklə nə qədər böyük fədakarlıq etdiyini layiqincə qiymətləndirməyi bacaracaq. Yoldaşlar, elə düşümnəyin ki, rəhbərlik etmək - kef çəkməkdir. Əksinə, bu çox böyük və ağır məsuliyyətdir. Bütün heyvanların bərabərliyi ideyasına yoldaş Napoleon kimi ürəkdən inanan başqa lider yoxdur. Əlbəttə, əgər qərarları siz qəbul etsəydiniz o, özünü daha xoşbəxt sayardı. Lakin bəzən siz səhv addım ata bilərsiniz. Bəs onda necə olardı, yoldaşlar? Təsəvvürünüzə gətirin ki, siz dəyirman xəyalplovu ilə meydana atılan Snoubollun, indi cinayətkardan o qədər də fərqlənmədiyi aşkara çıxan Snoubollun arxasınca getmək barəsində qərar qəbul etmisiniz...

-O, "Pəyə döyüşündə" cəsarətlə vuruşurdu!-deyə kimsə dilləndi.

-Cəsarət hələ hər şey demək deyil!- Çığırğan etiraz etdi.-Sədaqət və itaət-ən vacib olanlar bunlardır. "Pəyə döyüşünə" gəldikdə isə inanıram ki, bir vaxt gələcək, Snoubollun bu döyüşdəki rolunun həddindən artıq şişirdildiyi ortaya çıxacaq. Intizam, yoldaşlar, dəmir intizam-bu gün ən vacib məsələ budur! Bir yanlış addım kifayətdir ki, düşmənlər yenidən üstümüzə ayaq açsınlar. Inanıram ki, yoldaşlar, siz heç biriniz Consun geri qayıtmasını istəmirsiniz!

Həmişəki kimi bu dəfə də Consla bağlı dəlil hamını susdurdu. Heyvanların heç biri onun qayıtmasını istəmirdi. Əgər bazar günü müzakirələri Consun dönüşü ilə nəticələnəcəkdisə, onda bu müzakirələr dərhal dayandırılmalı idi! Hər şeyi götür-qoy etməyə vaxt tapmış Bokser hamının fikrini bildirərək dedi: "Əgər yoldaş Napoleon belə deyirsə, deməli belə olmalıdır". Bundan sonra o, özünün "Mən daha çox işləyəcəyəm!" şüarına "Napoleon həmişə haqlıdır!" şüarını da əlavə etdi.

Artıq havanın şaxı sınmışdı, yaz şumu başlanmışdı. Snoubollun dəyirman layihəsi üzərində işlədiyi çardaq otağının qapısı o vaxtdan bağlı saxlanırdı. Heyvanlara layihənin pozulduğu xəbəri çatdırılmışdı. Indi hər bazar günü səhər saat onda hamı ambara toplaşır, həftə ərzində görüləcək işlərlə bağlı tapşırıqlar alırdı. Qoca Mayorun yalnız kəllə sümükləri salamat qalan başı məzardan çıxarılmış, tüfəngin arxasında, bayraq dirəyinin dibindəki kötüyün üstünə qoyulmuşdu. Bayrağa ehtiram bildirəndən sonra heyvanlar anbara girməmişdən əvvəl növbə ilə qoca Mayorun kəllə sümüyü önündən keçməli və ona təzim etməli idilər. Indi heyvanlar anbarda əvvəllər olduğu kimi hamısı bir yerdə oturmurdular. Napoleon, Çığırğan və gözəl şerlər, mahnılar müəllifi kimi tanınan Minimus adlı istedadlı donuz anbarın yuxarı başında, nisbətən yüksək yerdə otururdular. Doqquz köpək yarımdairə şəklində dayanaraq onları qabaq sıralardakı donuzlardan ayırırdı. Qalan heyvanlar üzlərini Napoleonun əyləşdiyi hündür yerə tərəf çevirərək anbardakı boş yerlərini tuturdular. Napoleon hərbi komanda verirmiş kimi kobud səslə öz tapşırıqlarını oxuyur, axırda isə "Ingiltərə heyvanları" yalnız bir dəfə ifa olunduqdan sonra hamı dağılışırdı.


Yüklə 351,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə